Azərbaycanla Sudan arasında təhsil sahəsində əməkdaşlıq üçün yaxşı potensial var

XƏBƏRLƏR
03 oktyabr 2014 | 11:10   
Paylaşın:        

Oktyabrın 2-də Milli Məclisin elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Sudan Milli Assambleyasının xarici əlaqələr komitəsinin sədri Məhəmməd Yusif Abdullah ilə görüşdülər.
Azərbaycanın son 10 ildə bütün sahələrdə əldə etdiyi nailiyyətlər haqqında qonağa ətraflı məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iki dost ölkə arasındakı əlaqələrdən də söhbət açdı.
Azərbaycanın təhsil sistemi haqqında danışan Ş.Hacıyev bildirdi ki, ölkəmizdə Avropa standartlarına uyğunlaşdırılmış müasir təhsil sistemi mövcuddur. O, Azərbaycanla Sudan arasında təhsil sahəsində əməkdaşlıq üçün yaxşı potensial olduğunu diqqətə çatdırdı. Komitə sədri  dost ölkə olan Sudanın beynəlxalq təşkilatlarda Azərbaycanı hər zaman dəstəkləməsinə görə təşəkkürünü bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin komitə sədri Sudanın bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini vurğuladı. O, Sudan parlamentində Xocalı soyqırımının tanınmasını bunun ən bariz nümunəsi kimi dəyərləndirdi.
Söhbət zamanı qonağa Azərbaycanın neft strategiyası, ölkəmizdə neft sənayesinin tarixi barədə də ətraflı məlumat verildi.
Sudan Milli Assambleyasının xarici əlaqələr komitəsinin sədri Məhəmməd Yusif Abdullah ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Qonaq Sudanda da böyük neft-qaz yataqları olduğunu və Azərbaycanın neft hasilatı sahəsindəki təcrübəsinə ehtiyac duyduqlarını diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU