İORDANİYA İLƏ ƏLAQƏLƏR MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
03 oktyabr 2014 | 03:10   
Paylaşın:        

Oktyabrın 3-də Milli Məclisin Azərbaycan – İordaniya  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qrupunun  rəhbəri Nəriman Əliyev     İordaniya  Parlamenti  Nümayəndələr  Palatasının ölkəmizlə  dostluq  qrupunun  rəhbəri  Hazem Qaşunla  görüşdü.
Nəriman Əliyev xalqlarımız arasında tarixən  mövcud olan mədəni və mənəvi bağlardan  danışdı. Qeyd  olundu ki, Azərbaycan  hökuməti  hər  zaman  İordaniya ilə əlaqələrin inkişafına  xüsusi önəm verir. Deputat bu  münasibətlərin inkişafında  dövlət  başçılarının böyük  rolu  olduğunu  vurğuladı. Parlamentlərarası  münasibətlərin  gələcək inkişaf  perspektivlərinə  toxunan işçi  qrupun  rəhbəri qeyd  etdi ki, indiyədək  ölkələrimiz  arasında  40-dan  artıq  sənəd  imzalanıb. O, hər  iki ölkənin  nümayəndə  heyətlərinin İslam Əməkdaşlığı  Təşkilatında uğurlu fəaliyyətindən  söz  açdı. Qonağa  Ermənistan – Azərbaycan Dağlıq  Qarabağ  münaqişəsinin mövcud  durumu  barədə  məlumat  verən  Nəriman Əliyev  bu problemin törətdiyi fəsadlardan söz  açdı.  Bildirildi ki, 20  faiz  torpağımız  erməni  silahlı  qüvvələrinin  işğalı  altındadır. Azərbaycan regionun təhlükəsizliyini  təhdid  altında  saxlayan  bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinə  tərəfdardır.
Səmimi  görüş  üçün minnətdarlığını bildirən İordaniya  Parlamenti  Nümayəndələr  Palatasının  Azərbaycanla  dostluq  qrupunun  rəhbəri  cənab  Hazem Qaşun qarşıdan  gələn  müqəddəs  Qurban  Bayramı  münasibətilə Azərbaycan  xalqını  təbrik etdi. O da öz  növbəsində  İordaniya  hökumətinin Azərbaycanla  münasibətlərin inkişafında maraqlı olduğunu dilə  gətirdi. Qeyd olundu ki, xalqlarımız arasındakı qardaşlığın təməli çox möhkəmdir. İordaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Sonra Hazem Qaşun iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini  qeyd  etdi.  
Dördüncü  Bakı Humanitar  Forumunda  iştirak etmək  üçün  ölkəmizə gələn qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışının böyük  maraqla  qarşılandığını, Dağlıq Qarabağ probleminin  tezliklə öz ədalətli həllini tapacağına  ümidvar  olduğunu  vurğuladı.
Görüşdə  Azərbaycan-İordaniya  əlaqələrinin inkişaf  perspektivləri barədə fikir  mübadiləsi  aparıldı.

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU