MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
03 oktyabr 2014 | 03:10   
Paylaşın:        

Oktyabrın 3-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Qırğızıstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Kanıbek İmanalıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu Forumda çox mühüm və faydalı məsələlər müzakirə olunur. Qonaqların diqqətinə çatdırıldı ki, Azərbaycan Qırğızıstanla münasibətlərinin inkişafına böyük önəm verir. Bu münasibətlərin inkişafı üçün isə zəngin potensial var. Ölkələrimiz TürkPA çərçivəsində yaxından əməkdaşlıq edirlər. Ziyafət Əsgərov 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilən zaman Qırğızıstanın ölkəmizə verdiyi dəstəyi xüsusi qeyd etdi. Bildirdi ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü dövründə qarşısına qoyduğu məqsədlərə nail ola bildi.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu əlaqələrin inkişafında parlamentlərarası işçi qruplarının  üzərinə mühüm vəzifələr düşür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Ziyafət Əsgərov diqqətə çatdırdı ki, BMT-nin bu münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir. Söhbət zamanı müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin pozulmasından narahatlıq ifadə edildi.
Səmimi görüş üçün minnətdarlıq edən Qırğızıstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Kanıbek İmanalıyev IV Bakı Beynəlxalq Humanitar Forumunu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirdi. İki ölkənin münasibətlərindən danışan qonaq qeyd etdi ki, Qırğızıstanda 40 mindən çox Azərbaycan diaspor nümayəndəsi yaşayır və fəaliyyət göstərir. Onlar ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak etməklə Qırğızıstanın inkişafına öz töhfələrini verirlər.  Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU