Valeh ƏLƏSGƏROV: “AZƏRBAYCANIN ABŞ-la ƏMƏKDAŞLIĞI YÜKSƏK SƏVİYYƏDƏDİR”

XƏBƏRLƏR
09 oktyabr 2014 | 05:10   
Paylaşın:        

Oktyabrın 3-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ABŞ-ın Los-Anceles şəhərinin sabiq meri Antonio Ramon Viyarayqosanla  görüşdü.
Qonağı səmimi salamlayan vitse-spiker Azərbaycanla  ABŞ  arasında  mövcud  əməkdaşlığın  yüksək  səviyyədə olduğunu  dedi.  Bildirildi ki, ölkələrimiz Amerika ilə enerji sahəsində əməkdaşlığın  inkişafına, xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi prosesinə xüsusi önəm verir. Azərbaycan iqtisadi cəhətdən regionun aparıcı dövlətidir. Ölkə iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. Bu bölgədə elə bir qlobal layihə yoxdur ki, Azərbaycanın orada iştirakı olmasın. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin reallaşdırılmasında ABŞ-ın böyük dəstəyi olduğunu deyən Valeh Ələsgərov bir milyon barrel ötürücülük qabiliyyəti olan bu kəmərin 2006-cı ildən fəaliyyətə başladığını vurğuladı. Qeyd olundu ki, artıq bu kəmər Qazaxıstanın və Türkmənistanın da neftini nəql edir.
Milli Məclis  Sədrinin müavini daha  sonra bildirdi ki,  ötən ayın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyuldu ki, bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağını bir  daha bəyan etmiş oldu. Valeh Ələsgərov Azərbaycanın  təşəbbüskarı  və  fəal  iştirakçısı olduğu TAP və TANAP  layihələrindən, gələn il  istifadəyə  veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi prosesindən söhbət  açdı.
Valeh Ələsgərov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar  dövlətin bu problemin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri sənədlərə məhəl qoymaması barədə  də qonağa ətraflı məlumat verdi.
IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuna  görə təşəkkürünü bildirən ABŞ-ın Los-Anceles şəhərinin sabiq meri Antonio Roman Viyarayqosa xəritədə kiçik olmasına baxmayaraq Azərbaycanın böyük ölkələrin həyata keçirə bilmədiyi layihələri reallaşdırdığını dedi.  Qeyd olundu ki, bu gün Azərbaycan Avropaya neft ixracatında mühüm rol oynayır. Forumda müzakirə olunan məsələlərin dünyanı düşündürən aktual problemlər olduğunu deyən qonaq Azərbaycanın mövqeyini, ölkə Prezidentinin  tədbirdəki çıxışını yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf perspektivləri, beynəlxalq  terrorizmlə mübarizə, narkoticarətin qarşısının alınması və digər  məsələlər  barədə geniş fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU