Ziyafət ƏSGƏROV: “Azərbaycan-Vyetnam əlaqələrinin inkişafi üçün böyük potensial var.”

XƏBƏRLƏR
09 oktyabr 2014 | 05:10   
Paylaşın:        

Oktyabrın 9-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin dərin kökləri var. Hələ sovet hakimiyyəti dövründə Azərbaycanla Vyetnam neft-qaz sənayesi sahəsində əməkdaşlıq edirdi. Hazırkı müstəqillik dövründə əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensial var. Belə ki, bu ilin mayında  Prezident İlham Əliyevin Vyetnama səfəri zaman imzalanmış sənədlər, o cümlədən Vyetnamla ARDNŞ arasında əməkdaşlığa dair Memorandum hərtərəfli əməkdaşlıq üçün yaxşı hüquqi zəmin yaradıb. Qonaqların nəzərinə çatdırıldı ki, Milli Məclisdə Vyetnamla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir.
Görüşdə Vyetnam Milli Assambleyasının Daimi komitəsinin üzvü, Hüquq komitəsinin sədri, nümayəndə heyətinin başçısı Fan Trung Li Azərbaycana səfərdən məmnunluqlarını bildirdi. Vaxtilə Bakıda ali təhsil aldığını qeyd edərək paytaxtın çox dəyişdiyini, inkişaf etdiyini vurğuladı. Azərbaycanın bu gün də Vyetnama göstərdiyi köməkdən razılıqla söz açdı. Xüsusilə neft-qaz hasilatı sahəsində, ölkəsi üçün kadr hazırlığı sahəsində Azərbaycanın mühüm rol oynadığını minnətdarlıqla qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinin hər iki tərəf üçün sərfəli olacağını dedi.
Vyetnam nümayəndə heyətinin başçısı Milli Assambleyanın və başçılıq etdiyi Hüquq komitəsinin qanun yaradıcılığı fəaliyyətindən də söz açdı. Azərbaycanda səfərdə olmuş Milli Assambleya rəhbərliyinin dəvətini Milli Məclisin rəhbərliyinə çatdırdı. Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını dedi.
Söhbət zamanı Milli Məclis Sədrinin birinci müavini qonaqlara məlumat verdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən ən qüdrətli ölkədir. Vyetnamla əlaqələrə mühüm əhəmiyyət veririk, əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar var. Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açdı və Vyetnamı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-də, digər beynəlxalq təşkilatlarda aparılan müzakirələr zamanı ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırdı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU