FAN TRUNG Lİ: “Azərbaycan mənim üçün çox doğma bir yerdir”

XƏBƏRLƏR
09 oktyabr 2014 | 06:10   
Paylaşın:        

Oktyabrın 9-da Milli Məclisin Azərbaycan-Vyetnam  parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupu üzvlərinin Vyetnam Milli  Assambleyasının daimi komitəsinin üzvü, Vyetnam parlamentinin Hüquq komitəsinin  sədri  Fan Trung Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.
 Qonaqları  salamlayan    işçi  qrupun  rəhbəri, millət  vəkili Novruzəli Aslanov  qeyd  etdi ki, Azərbaycan və Vyetnam  xalqları arasında daim  səmimi  bir  dostluq  mövcud olub,   ikitərəfli əməkdaşlıq  dinamik şəkildə inkişaf  edir. Ölkələrimiz  arasında indiyədək 6  vacib sənəd  imzalanıb, 10-a yaxın əhəmiyyətli sənəd isə imzalanmağa hazırlanır.  Münasibətlərimizin  inkişafında  dövlət  başçılarımızın  rolunu vurğulayan işçi qrupun rəhbəri qonaqlara  parlamentin  fəaliyyəti, qəbul edilən  yeni qanun layihələri haqqında da ətraflı məlumat verdi. Bildirildi ki, öz müstəqilliyinə yenidən qovuşduqdan sonra Azərbaycan hüquqi və demokratik inkişaf yolu seçib. Bu gün ölkəmizdə təkcə iqtisadi sahədə deyil, həmçinin insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində böyük irəliləyişlərə nail olunub. 
 Vyetnamlı  qonaqlara  Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin yaranması  və mövcud  durumu  haqqında  danışan  Novruzəli Aslanov  bildirdi ki,  bu problem  Azərbaycanın sürətli  inkişafını əngəlləməklə bərabər  regionun  təhlükəsizliyini də  təhdid  altında  saxlayır. O,  bir  milyondan  artıq  soydaşımızın öz doğma yurd-yuvasından didərgin salındığını, Ermənistan  dövlətinin  münaqişənin  həlli  prosesinə  təsir  göstərəcək  beynəlxalq  təşkilatların  qəbul  etdikləri  sənədlərə  əhəmiyyət  vermədiyini  dilə gətirdi.
Fan Trung Li səmimi görüşə görə minnətdarlıq edərək bildirdi ki,  Azərbaycan onun  üçün çox  doğma  bir məkandır. O, ali  təhsilini Bakı Dövlət Universitetində hüquq  sahəsi  üzrə  aldığını, burda  öyrəndiklərinin ona  həyatda çox  gərəkli olduğunu  dedi. Ölkəmizin son  illərdə həddindən  artıq  gözəlləşdiyini qeyd  edən  qonaq Odlar Yurdu Azərbaycanla  daim  qürur  duyduğunu vurğuladı. Daha  sonra o,  belə bir  fikir ifadə etdi ki, Azərbaycan və Vyetnam xalqları öz müstəqilliklərini çox gərgin siyasi mübarizələrdən sonra əldə ediblər. Sonra qonaq öz ölkəsinin qanunvericilik sistemi barədə də ətraflı məlumat verdi.
Görüşdə hər iki ölkənin parlament nümayəndə heyətlərinin səfərlərinin daha  da intensivləşməsinin vacibliyi  qeyd  olundu,  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barəsində  fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU