VYETNAM NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
09 oktyabr 2014 | 06:10   
Paylaşın:        

Oktyabrın 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin sədri Fan Trung Linin başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirildi.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları salamlayaraq, Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycanla Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətləri və müasir dövrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar barədə fikirlərini açıqladı.
Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin may ayında  Vyetnama səfərinin və orada ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə keçirdiyi görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. O, vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını vurğuladı.
Əli Hüseynli Milli Məclisin fəaliyyəti, parlamentdə hazırlanan qanunlar barədə məlumat verdi. Bildirildi ki, müstəqillik illərində ölkəmizdə bir çox sahələri əhatə edən vacib qanunlar qəbul olunub. Hüquqi, xüsusilə insan haqlarının təmin edilməsi ilə bağlı islahatlar uğurla həyata keçirilir.
Vyetnam nümayəndə heyətinin rəhbəri Fan Trung Li bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq üçün uğurlu olacağına inamını ifadə etdi. O, vaxtilə Azərbaycanda təhsil aldığını bildirərək, ölkəmizdə  gördüyü müsbət dəyişiklikləri, quruculuq işlərini, əldə olunan nailiyyətləri yüksək dəyərləndirdi. Qonaq təmsil etdiyi ölkənin iqtisadiyyatında neft-qaz sənayesinin aparıcı rol oynadığını söyləyərək, bu sahədə böyük təcrübəsi olan Azərbaycanla faydalı əməkdaşlıq etmək niyyətində olduqlarını söylədi.
Vyetnam Milli Assambleyasının fəaliyyəti barədə məlumat verən qonaq  Azərbaycan Milli Məclisi ilə qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi aparmaq istəyini söylədi. Sonra Vyetnamda 2013-cü ildə qəbul olunmuş Konstitusiya barədə danışdı. Bildirildi ki, yeni Konstitusiyada ölkənin gələcək inkişafı, o cümlədən hüquqi dövlət quruculuğu, insan hüquqları, yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər geniş  əks olunmuşdur.
Söhbət zamanı siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Rafael Cəbrayılov, Rövşən Rzayev, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU