ƏYLİSLİ Əkrəm Nəcəf oğlu
Constituency: 7 saylı Ordubad - Culfa seçki dairəsi
1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Xalq yazıçısı, əməkdar incəsənət xadimidir. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. Müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir. Pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulmuş, publisistik məqalələri geniş ictimai rəy doğurmuşdur. Dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Rus dilini bilir.
1962-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmişdir. 1964-cü ildən «Kommunist» qəzetinin ədəbi işçisi, 1965-ci ildən Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşı, 1968-ci ildən «Gənclik» nəşriyyatının baş redaktoru olmuşdur. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasının ssenariçisi, 1971-ci ildən «Mozalan»satirik kinojurnalının baş redaktoru, 1973-cü ildən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru, 1978–1983-cü illərdə «Azərbaycan » jurnalının baş redaktoru,
1988–1989-cu illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, 1992–2003-cü illərdə «Yazıçı» nəşriyyatının direktoru
vəzifələrində çalışmışdır. Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-İspaniya, Azərbaycan-Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: Independent