KAZIMLI Xanhüseyn Hüseynağa oğlu
Constituency: 66 saylı Biləsuvar seçki dairəsi
1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl qələm» və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli
Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət kafedrasının müdiridir.
Azərbaycan Sosial Rifah Partiyasının sədridir.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 5 övladı var.
Party association: Party of Social Prosperity of Azerbaijan