RÜSTƏMXANLI Sabir Xudu oğlu
Constituency: 72 saylı Yardımlı – Masallı seçki dairəsi
1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 30-dan çox kitabın müəllifidir, onlardan 10-u xarici ölkələrdə çap edilmişdir. Rus və fars dillərini bilir. 1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, xüsusi müxbir, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin
sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışmışdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və Siyasi komitənin üzvüdür.
Evlidir,4 övladı var.
Party association: Civic Solidarity Party