HACIYEV Asəf Hacı oğlu
Constituency: 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika Cəmiyyətinin, Beynəlxalq Statistika İnstitutunun, Üçüncü Dünya Elmlər Akademiyasının, Monqolustan Milli Elmlər Akademiyasının üzvü və Çinin Çenqdu Universitetinin fəxri professorudur. Elm və texnika sahəsində Lenin komsomolu mükafatı laureatıdır. 3 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunun baş elmi işçisi olmuşdur. 1990-cı ildən həmin institutun laboratoriya rəhbəri işləmiş, 1984-cü ildə İsveçdə Stokholm Kral Texniki Universitetinin, 1992-ci ildə Almaniyada Münhen Universitetinin, 1993–1996-cı illərdə Türkiyədə Boğaziçi Universitetinin professoru vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan MEA-nın Kibernetika İnstitutunun laboratoriya rəhbəri və Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan–Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İspaniya, Kanada, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavinidir.
Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party