HÜSEYNOV Rafael Baba oğlu
Constituency: 58 saylı Hacıqabul - Kurdəmir seçki dairəsi
1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 9 monoqrafiyanın, 6 dərsliyin və dərs vəsaitinin, 400 elmi araşdırmanın, 600-dən çox publisistik məqalənin, 5 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 2000-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir. İngilis, rus, fars, ərəb, tacik dillərini bilir.
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan MEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
Bitərəfdir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavinidir. Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Bosniya-Herseqovina, İspaniya, İsveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Party association: Independent