ƏMİRASLANOV Əhliman Tapdıq oğlu
Constituency: 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsi
1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. SSRİ Dövlət mükafatı laureatıdır, SSRİ TEA-nın akademik Petrov adına mükafatına və akademik Bloxin adına qızıl medalına, Polşa TEA-nın Albert Şvaytzer mükafatına və Böyük qızıl medalına, Rusiyanın «Millətin intellekti» beynəlxalq mükafatına, «Akademik Mustafa Topçubaşov» fəxri döş nişanına layiq görülmüşdür. AMEA-nın Biologiya və tibb elmləri bölməsinin akademik-katibidir. Ümumdünya Onkoloqlar, Ortoped-Travmotoloqlar Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvüdür. 500-dən çox elmi əsərin, 18 monoqrafiyanın, 31 dərsliyin və dərs vəsaitinin müəllifidir. 16 ixtirası və səmərələşdirici təklifi vardır. 48 nəfər elmlər və fəlsəfə doktoru hazırlamışdır. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1971-ci ildən Bakı Şəhər Klinik Onkologiya Xəstəxanasında həkim-ordinator, cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1977-ci ildən Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin kiçik elmi işçisi, baş elmi işçisi, böyük elmi işçisi, professoru vəzifələrində çalışmışdır. 1992–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuşdur. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, həmin universitetin Onkoloji Klinikasının direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Niderland, Rusiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Assambleyanın komissiya sədridir.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party