NƏBİZADƏ Kamran Telman oğlu
Constituency: 107 saylı Qazax
1971-ci il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirmişdir. İngilis dilini bilir.
1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatının İqtisadiyyat şöbəsində referent, «Bəhrə» elm-istehsalat ticarət firmasında baş iqtisadçı işləmiş, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsinin mühəndisi, aparıcı mütəxəssisi, şöbə müdirinin müavini, 1997–2004-cü illərdə «Lukoil Marine İnternational LTD» şirkətinin vitse-prezidenti, Azərbaycan baş nümayəndəliyinin müdiri, 2004–2006-cı illərdə «NVF-Consulting Co İnc» şirkəti direktorunun müavini, 2006-cı ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin baş məsləhətçisi, Dövlət və beynəlxalq proqramların icrasına nəzarət şöbəsi müdirinin müavini vəzifələrində çalışmış, 2006–2007- ci illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində idarə rəisinin müavini, 2007–2015-ci illərdə «NKH» MMC-nin Direktorlar Şurasının sədri olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini, Gənclər və idman komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Avstriya, Böyük Britaniya, Çexiya, Gürcüstan, İsveçrə, Latviya, Mərakeş, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent