Azərbaycan Respublikası Milli Məclisinin NATO-nun Baş katibi Yaap De Hup Skefferə Müraciətinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin

NATO-nun Baş katibi Yaap De Hup Skefferə

Müraciətinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin NATO-nun Baş katibi Yaap De Hup Skefferə Müraciəti təsdiq edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

№ 754-IIQR

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

NATO-nun BAŞ KATİBİ YAAP DE HUP SKEFFERƏ

MÜRACİƏTİ

 

Hörmətli cənab Baş katib!

Son on ildən artıq bir müddətdə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan Respublikası dünya birliyinin dəyərli üzvünə çevrilmiş, bir sıra nüfuzlu beynəlxalq qurumların tam hüquqlu üzvü olmuşdur. Azərbaycanın bu qurumlarla, o cümlədən Avropanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirdiyi NATO ilə əməkdaşlığı ildən-ilə daha da genişlənir. Hazırda bizim ölkəmiz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçısı olub bu təşkilatın himayəsi altında həyata keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirir. Azərbaycanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilməsi ölkəmizin bu sahədə göstərdiyi səylərə verilən qiymətdir. Son illər NATO-nun baş katibləri Xavyer Solana, Corc Robertson və digər yüksək vəzifəli şəxslər Azərbaycanda olmuş, burada bir sıra rəsmi görüşlər keçirmiş, danışıqlar aparmışlar. Təşkilatın Bakıya gələn təmsilçiləri Milli Məclisdə olmuş, parlamentin üzvləri qarşısında çıxış etmişlər. Bütün bu görüşlərdə, danışıqlarda və çıxışlarda NATO-nun Azərbaycana, Azərbaycanın isə NATO-ya qarşılıqlı marağı ifadə edilmiş, addım-addım irəliyə aparılan iş birliyini daha da dərinləşdirmək arzusu bəyan edilmişdir.

Hörmətli cənab Baş katib!

Bildiyiniz kimi, 1988-ci ildən Dağlıq Qarabağı Azərbaycandan zorla qoparıb Ermənistana birləşdirmək niyyəti ilə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindəki ata-baba yurdlarından didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni silahlı dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Xocalı şəhərinə hücum edərək, orada yaşayan azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Mühasirədən çıxıb qaçmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirmişlər. Ən çox kütləvi qırğın ermənilərin yaşadığı Naxçıvanik kəndi yaxınlığında Ağdam rayonu ərazisinə keçən yolda baş vermişdir. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin qaçqın düşərək çadır şəhərciklərində ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan Ermənistan Respublikasının təcavüzünün nəticələrinin dinc yolla aradan qaldırılmasını istəyir. Artıq on ildən çoxdur ki, Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs rejimi hökm sürür. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr nizamasalmanın hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir. Təəssüf ki, işğalçı Ermənistan Respublikası BMT-nin həmin qətnamələrini yerinə yetirməkdən indiyədək imtina edir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ probleminin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında, o cümlədən dövlətlərin ərazi bütövlüyünə riayət olunması şərti ilə ədalətli şəkildə nizama salınması prinsipinə sadiqdir və bu istiqamətdə aparılan sülh danışıqlarında fəal iştirak edir. Ümid edirik ki, beynəlxalq vasitəçilərin göstərdikləri səylər öz nəticəsini verəcək və Cənubi Qafqazın bu qaynar nöqtəsində ədalətli sülh bərqərar olacaqdır.

Belə bir məqamda NATO-nun bu il sentyabrın 14-26-da Azərbaycanda keçiriləcək "Best efforts-2004" hərbi təlimlərinə işğalçı Ermənistan ordusu zabitlərinin dəvət edilməsi barədə NATO rəhbərliyinin qərarı Azərbaycanda heç də birmənalı qarşılanmamışdır. Tamamilə aydındır ki, hansı nəticələr doğura biləcəyi axıradək götür-qoy edilməmiş bu qərar bölgədə onsuz da gərgin olan vəziyyəti son dərəcə kəskinləşdirə bilər. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri bu qərarı bizim dövlətimizin mənafelərinə, yumşaq desək, qətiyyən uyğun olmayan, Azərbaycan Respublikası vətəndaşlarının heysiyyətinə toxunan bir addım kimi qiymətləndirərək qəti etiraz səslərini ucaldırlar. Həm də erməni zabitlərinin Bakıya gəlməsinə qarşı yönələn etirazlar sırf etnik mülahizələrə əsaslanmır. Təkcə bunu söyləmək kifayətdir ki, hazırda ölkəmizin paytaxtında erməni milliyyətli 20 mindən çox insan yaşayır. Bu etirazlar Azərbaycan torpaqlarını qəsb etmiş, onun sakinlərini olmazın müsibətlərə düçar etmiş işğalçı Ermənistan ordusu zabitlərinin işğala məruz qalmış Azərbaycanın paytaxtına gəlməsinə qarşı yönəlmişdir.

Azərbaycan xalqı tərəfindən seçilmiş nümayəndəli orqanın - Azərbaycan Respublikası Milli Məclisinin üzvləri olan biz, millət vəkilləri, ölkəmizdə keçiriləcək hərbi təlimlərdə erməni zabitlərinin iştirakına qətiyyətlə etiraz edirik. Ümidvar olduğumuzu bildiririk ki, NATO-Azərbaycan əməkdaşlığına xələl gətirə biləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması məqsədi ilə aparılan danışıqları zərbə altında qoya biləcək bu düşünülməmiş qərar ləğv ediləcəkdir.

 

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2004-cü il sentyabrın 10-da keçirilmiş iclasında qəbul edilmişdir.)

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU