Beynəlxalq parlament təşkilatlarına və dünya ölkələrinin parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Beynəlxalq parlament təşkilatlarına və dünya

ölkələrinin parlamentlərinə Azərbaycan

Respublikası Milli Məclisinin Müraciətinin

təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Beynəlxalq parlament təşkilatlarına və dünya ölkələrinin parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

 

Bakı şəhəri, 22 iyun 2004-cü il

№ 704-IIQR

 

 

BEYNƏLXALQ PARLAMENT TƏŞKİLATLARINA

VƏ DÜNYA ÖLKƏLƏRİNİN PARLAMENTLƏRİNƏ

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

M Ü R A C İ Ə T İ

 

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin dağlıq hissəsində qondarma "Dağlıq Qarabağ respublikasının" yerli özünüidarə orqanlarına bu ilin avqust ayında "seçkilər" keçirilməsi planları ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bildirməyi zəruri sayır.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsində xarici müdaxiləçilərin köməyi ilə qurulmuş, dünyanın heç bir dövləti tərəfindən tanınmamış oyuncaq rejimin hər hansı hakimiyyət orqanlarına "seçkilər" keçirilməsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına zidd olub heç bir hüquqi qüvvəyə malik deyildir və heç bir hüquqi nəticə doğura bilməz. Qarabağın dağlıq hissəsindən qovulmuş 50 min azərbaycanlının adi vətəndaş hüquqlarını kobudcasına pozan bu siyasi təxribat əməli erməni separatçılarının Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması, bölgədə əmin-amanlıq yaradılması səylərinə mane olmaq istədiklərini göstərir.

Adı çəkilən qondarma "seçkilərin" keçirilməsi planları Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin, yəni Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğal edilməsinin və bu torpaqlardan 1 milyona yaxın azərbaycanlının qovulmasının təsbit edilməsi üçün göstərilən daha bir uğursuz cəhddir.

Məlum olduğu kimi, 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikası ərazisində demokratik şəraitdə bələdiyyə seçkiləri keçirilmiş, müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq yerli özünüidarə orqanları formalaşdırılmışdı. O vaxt Qarabağın dağlıq hissəsində erməni separatçıları özlərini bu seçki prosesindən kənarda saxlamışdılar. Bu ilin dekabr ayında ölkəmizdə yeni bələdiyyə seçkiləri keçiriləcəkdir. Erməni separatçıları bu dəfə də növbəti "seçki" oyunbazlığı ilə Azərbaycanın hüquq məkanına qayıtmaq istəmədiklərini nümayiş etdirirlər. Ümumiyyətlə, Qarabağın dağlıq hissəsində qanuni hakimiyyət orqanları, o cümlədən seçkili nümayəndəli orqanlar yalnız Ermənistan Respublikasının Azərbaycana təcavüzünün nəticələri aradan qaldırıldıqdan, Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən, azərbaycanlı qaçqınlar və köçkünlər doğma yerlərinə qaytarıldıqdan sonra yaradıla bilər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsinin quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yerli özünüidarə orqanlarına qanunsuz "seçkilərin" keçirilməsi ilə bağlı siyasi oyunbazlıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması məqsədi ilə aparılan sülh danışıqlarının gedişinə mənfi təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu bir daha təsdiq edərək, erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları çətinləşdirən əməllərdən çəkinməyə çağırır.

Beynəlxalq birlik Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulmasına etinasız qalmamalıdır. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatını, Parlamentlərarası İttifaqı, ATƏT-in Parlament Assambleyasını, Avropa Şurasının Parlament Assambleyasını, Qara dəniz Əməkdaşlığı Parlament Məclisini, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasını, İslam Konfransı Təşkilatının Parlament Məclisini, Avropa Parlamentini və Şimali Atlantika Parlament Assambleyasını, digər beynəlxalq təşkilatları, dünya ölkələrinin parlamentlərini və hökumətlərini Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində qanunsuz "seçkilər" keçirilməsi planları ilə əlaqədar qəti mövqeyini ifadə etməyə və Azərbaycanın haqq işini dəstəkləməyə çağırır.

 

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2004-cü il 22 iyun tarixli iclasında qəbul edilmişdir.)

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU