D?nya azərbaycanlılarının həmrəyliyi g?n? m?nasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin M?raciətinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Dünya azərbaycanlılarının həmrəyliyi

günü münasibəti ilə Azərbaycan Respublikası

Milli Məclisinin Müraciətinin

təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

 

Bakı şəhəri, 30 dekabr 2004-cü il

N 820-IIQR

 

 

DÜNYA AZƏRBAYCANLILARININ

HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

M Ü R A C İ Ə T İ

 

Əziz soydaşlarımız!

Hörmətli həmvətənlərimiz!

Azərbaycanın yeni dövrünün salnaməsinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olan 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli amallarımızın gerçəkləşdirilməsi yolunda ən vacib vəzifə kimi irəli sürür. Dövlət müstəqilliyinin 14-cü ilini yaşayan Azərbaycan Respublikası tarix baxımından çox qısa bir zaman kəsiyində qərinələrə bərabər yol keçmişdir. Bu yolun əsas göstəriciləri siyasi və dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması kimi səciyyələndirilə bilər. Heç şübhəsiz ki, bütün bu uğurlar Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə və Avropa ailəsinə inteqrasiya olunmasında, Cənubi Qafqaz bölgəsində və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində əvəzsiz rol oynayır.

1991-ci ildə Sovetlər İttifaqının süqutundan sonra Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsi, xalqımızın milli azadlıq arzusunun gerçəkləşməsi, XX yüzilliyin əvvəllərində itirilmiş istiqlaliyyətin bərpa edilməsi xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə, eləcə də bir-biri ilə əlaqələrini möhkəmləndirmək və dünya azərbaycanlıları arasında həmrəyliyə nail olmaq zərurətini yetişdirdi. Bu tarixi zərurəti heyrətamiz müdrikliklə üzə çıxaran ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə on üç il əvvəl 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc və istinad nöqtəsi kimi dəyərləndirilməlidir. Ulu öndərimizin rəhbərliyi və təşkilatçılığı ilə 2001-ci ilin noyabr ayında Bakıda dünya azərbaycanlılarının I qurultayının keçirilməsi, habelə Prezident fərmanı ilə xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun yaradılması həm milli həmrəyliyə və yekdilliyə nail olmağa, itirilmiş əlaqələrin bərpa edilməsinə, həm də milli şüurda əqidə birliyinin kök salmasına, qan yaddaşının oyanmasına rəvac verdi.

Zaman ən dürüst tərəzi, həqiqətlərə işıq salan məhək daşıdır. Vətən və millət qarşısında altmış illik misilsiz xidmətləri sayəsində xalqımızın qəlbində özünə möhtəşəm abidə ucaltmış Heydər Əliyevsiz keçən hər gün, hər ay onun ideya və əməllərinin əbədiyaşar olduğunu dönə-dönə təsdiq edir. Eyni zamanda, ümummilli liderimizin müəyyənləşdirdiyi uzaqgörən siyasi xəttin və sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyinin şahidi oluruq. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, ümumi daxili məhsulun artımı davam edir, əhalinin güzəranının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin iştirak etdiyi nəhəng transmilli iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi davam etdirilir. Əhalinin rifah halının yüksəldilməsinə, gənclərin sağlamlığının qorunmasına böyük qayğı göstərilir. Bir sözlə, Heydər Əliyev tərəfindən təməli qoyulmuş bütün taleyüklü işlər eyni əzm və qətiyyətlə irəliyə aparılır.

Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması, coğrafi-siyasi əhəmiyyətinin yüksəlməsi Yer kürəsinin hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Müstəqil dövlətimizin uğurlarını özününkü hesab edən xaricdəki soydaşlarımız, təbii ki, ana Vətənin problemlərini də özünün ağrısı-acısı kimi qəbul edir.

Bu mənada Azərbaycanın Qarabağ dərdi hamımızın göynəyən yeridir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Respublikası tərəfindən işğal edilməsi, bir milyondan çox soydaşımızın yurd-yuvasından didərgin düşməsi, dözülməz şəraitdə, sıxıntı içərisində qaçqınlıq həyatı yaşaması barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan həmvətənlərimizin daha da təşkilatlanmasını və bu yöndə səylərini birləşdirməsini arzulayırıq. Yalnız bu halda illərdən bəri səbirsizliklə gözlədiyimiz Qələbə gününü yaxınlaşdıra bilərik. İnanmaq istərdik ki, dünya azərbaycanlıları bütün mümkün vasitələrdən istifadə edərək, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi naminə öz səylərini artıracaq, müqəddəs haqq işimizin uğurla başa çatmasına öz layiqli töhfələrini verəcəklər. Dövlətimizin inkişafı yolunda qurulmuş bu maneənin aradan qaldırılmasında Avropanın, Amerikanın, Asiyanın və digər qitələrin müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin milli təəssübkeşliyindən çox şey asılıdır.

Əziz soydaşlarımız və həmvətənlərimiz!

Ümidvarıq ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyası ətrafında bundan sonra daha sıx birləşəcək, milli birlik, həmrəylik amallarına sadiq olduğunuzu əməli işlərinizlə nümayiş etdirəcəksiniz. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza isə xoşbəxt gələcək, nurlu sabahlar arzulayırıq.

 

Hörmətlə,

 

Azərbaycan Respublikasının Milli Məclisi

 

 

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2004-cü il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU