Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı təsdiq edilsin.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri M.Ələsgərov

Bakı şəhəri, 6 may 2005-ci il

N 907-IIQR

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

Bu il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 13 ili tamam olur. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini yaşadığı yerlərdən qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni millətçiləri Azərbaycanın bu bölgəsinin tam etnik təmizlənməsini başa çatdırmışlar.

Azərbaycanın müstəqil Qarabağ xanlığının paytaxtı kimi Şuşanın əsasını azərbaycanlıların qədim yaşayış məskəninin yerində xanlığın hakimi, görkəmli dövlət xadimi Pənahəli xan Cavanşir 1756-cı ildə qoymuşdur. O vaxtdan bu şəhər Azərbaycanın ictimai-iqtisadi və mədəni-siyasi həyatında son dərəcə mühüm rol oynamışdır. Şuşa Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi olaraq Azərbaycanın böyük şəxsiyyətlərindən - dahi şair Molla Pənah Vaqifi, görkəmli şair Xurşudbanu Natəvanı, Azərbaycan realist nəsrinin banilərindən Əbdürrəhim bəy Haqverdiyevi, Azərbaycan teatrının banilərindən dramaturq və publisist Nəcəf bəy Vəzirovu, Şərqdə ilk operanın banisi dahi bəstəkar Üzeyir Hacıbəyovu, dünya miqyaslı opera müğənnisi Bülbülü, Azərbaycan baletinin banisi Əfrasiyab Bədəlbəylini, xalqımızın bir çox digər nurlu simalarını dünya mədəniyyəti tarixinə bəxş etmişdir.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yer üzündən silinmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Bir çox ailələr bütünlüklə məhv edilmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Xocalı şəhərində və azərbaycanlıların digər yaşayış məntəqələrində törədilmiş qanlı cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktlarının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktları həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Yanan şəhər və kəndlərdən qaçıb canını qurtarmaq istəyən insanlara aman verilməmiş, uşaqlar və qadınlar, xüsusən hamilə qadınlar vəhşicəsinə qətlə yetirilmişlər. Azərbaycanın işğal edilmiş digər şəhər və kəndlərinin sakinləri soyqırımından yalnız yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hücumu ərəfəsində tərk etmələri sayəsində xilas ola bilmişlər.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı hesablamaq və konkret rəqəmlərlə ifadə etmək mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin ağır qaçqınlıq taleyi yaşamasına baxmayaraq, Azərbaycan dövləti Ermənistan Respublikasının təcavüzünün nəticələrinin sülh yolu ilə aradan qaldırılmasına çalışır. Artıq on bir ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs rejimi mövcuddur.

Məlum olduğu kimi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə beynəlxalq səylər 1992-ci ilin mayında ATƏT-in Minsk qrupunun yaradılması və gələcək sülh konfransının mandatının müəyyən edilməsi ilə başlanmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir.

1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmişdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyası hazırda Minsk qrupunun həmsədrləridir.

1996-cı ildə ATƏT-in Lissabon sammitində münaqişənin nizama salınması prinsiplərinin, yəni Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün təsdiq edilməsi, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması prinsiplərinin Ermənistandan başqa, təşkilatın üzvü olan bütün dövlətlər tərəfindən bəyənilməsi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda irəliyə doğru mühüm addım olmuşdur.

ATƏT-in 1999-cu ildə keçirilmiş İstanbul sammiti Avropa dövlətlərinin üçüncü minilliyə sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində qədəm qoymaq istədiklərini, ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini qorumaq, insan hüquqlarını müdafiə etmək, demokratiyanı genişləndirmək əzmində olduqlarını nümayiş etdirmişdir.

2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə dinlənilmiş və AŞPA-nın münaqişəyə dair mövqeyini əks etdirən qətnamə və problemin həlli istiqamətində təşkilatın həyata keçirə biləcəyi tədbirlərə dair Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarəti altında olması və həmin ərazilərdə etnik təmizləmə aparılması faktları öz əksini tapmışdır. Digər tərəfdən, Avropa Şurasının üzvü olan dövlət tərəfindən xarici ərazilərin işğalının həmin dövlətin təşkilat qarşısında götürdüyü öhdəlikləri ciddi surətdə pozduğu bəyan edilmiş, güc vasitəsi ilə ilhaq cəhdi rədd olunmuş, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad olunmuş, silahlı qüvvələrin işğal olunmuş bütün ərazilərdən çıxarılması zərurəti göstərilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.

Ermənistan Respublikasının ölkəmizə qarşı işğalçılıq müharibəsinin vurduğu yaraları sağaltmaq, müstəqil dövlətini yaşadıb inkişaf etdirmək üçün Azərbaycan xalqına sülh lazımdır. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsi, ATƏT-in prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması, işğalçı qoşunların ölkəmizin ərazisindən çıxarılması, dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa edilməsi, qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması Ermənistanla Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaratmağa, erməni və Azərbaycan xalqlarının normal qonşuluq münasibətlərini bərpa etməyə imkan verərdi. 15 ildən çoxdur davam edən münaqişə, təbii ki, bölgədə demokratik inkişaf prosesini ləngidir və təkcə Azərbaycana və Ermənistana deyil, həm də bütün Cənubi Qafqaza mənfi təsir göstərir. Münaqişənin həlli məsələsində ölkəmizin tutduğu mövqe tamamilə ədalətli olub hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanır.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.

Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, öz ərazisində xarici hərbi bazalar yerləşdirməsi, ordusunu ən müasir dağıdıcı hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez, son vaxtlar isə, demək olar, hər gün pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır.

Beynəlxalq qurumların vasitəçiliyi ilə sülh danışıqlarının aparıldığı bütün bu illər ərzində işğalçı dövlətin rəhbərliyinin davranışı və bəyanatları nizamasalma prosesini ləngitməyə və mürəkkəbləşdirməyə yönəldilmişdir. Bu yaxınlarda ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə apardığı yoxlama nəticəsində müəyyən edilmişdir ki, həmin ərazilərdə 15 mindən çox erməni qeyri-qanuni məskunlaşdırılmışdır.

Eyni zamanda, işğal edilmiş ərazidə yaradılmış separatçı-terrorçu rejimə qanuni don geyindirməyə cəhdlər göstərilir, oyuncaq qurumun "hakimiyyət orqanlarına" vaxtaşırı "seçkilər" keçirilir. Təcavüzkarın həyasızlığı o həddə çatıb ki, "Dağlıq Qarabağ respublikasının prezidenti" adlı vəzifə təsis edib onu leqallaşdırmağa çalışır.

Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər ərazilərdə qanunsuz əməliyyatlar keçirilir. Burada xüsusən silah və insan alveri aparılması, radioaktiv tullantıların basdırılması, təbii sərvətlərin vəhşicəsinə talanması, narkotik bitkilərin becərilməsi, emalı və nəqli, habelə narkotik vasitələrin istehsalından əldə edilən gəlir hesabına terrorçu dəstələrin və qanunsuz silahlı birləşmələrin hazırlanması ciddi narahatlıq doğurur. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon indi müxtəlif beynəlxalq terror təşkilatlarının fəaliyyət zonasına çevrilmişdir.

On beş ildən çoxdur ki, Azərbaycan erməni terrorizminin hədəfinə çevrilmişdir. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Terrorun obyektləri Azərbaycan şəhərlərinin və kəndlərinin dinc sakinləri, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri, ictimai infrastruktur olmuşdur. Yollarda, dəmiryol və dəniz vağzallarında, hava limanlarında, metro stansiyalarında, avtobuslarda və digər ictimai nəqliyyat vasitələrində çoxsaylı təxribatlar törədilmişdir. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, on minlərlə adam yaralanmışdır. Azərbaycan dövlətinə və xalqına çox böyük maddi və mənəvi ziyan vurulmuşdur.

Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə soyqırımına məruz qaldıqları, "incidilmiş, məzlum və cəfakeş xalq" olduqları barədə uydurmaların beynəlxalq miqyasda qəbul olunmasına cəhd göstərirlər. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri və hökumətləri, bəzən də beynəlxalq təşkilatlar bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq "erməni soyqırımı" əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.

Tarixdə heç bir "erməni soyqırımının" baş vermədiyini elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən Qərb alimlərinin özləri çoxdan sübuta yetirmişlər. "Erməni soyqırımı" haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, tədqiqatçıların, o cümlədən erməni alimlərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni alimlərinin sağlam elmi polemikadan imtina etməsi də "erməni soyqırımı" əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir.

Əslində isə XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri "böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı zamanı Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirilmişdir. Beləcə, milyonlarla günahsız insan erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuşdur. Hazırda bizim ölkəmizdə 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistana qatılmış, Ermənistan ərazisində qalan yüz minlərlə azərbaycanlıya heç bir muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin yaradılmış, Cənubi Qafqazda XX əsrin sonlarında baş verəcək və indiyədək davam edən yeni faciələrin əsası qoyulmuşdur.

Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, türk və Azərbaycan xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alimlərinin" səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Ötən əsrin 80-ci illərinin sonlarında yaranmış şəraitdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün əvvəlcə Ermənistan Respublikası ərazisinin əzəli sakinləri olan yüz minlərlə azərbaycanlının zorakı deportasiyasını başa çatdırmış, sonra isə ölkəmizə qarşı açıq silahlı təcavüzə başlamışlar. Beləliklə, nifrət ideologiyasından güc alan işğalçılıq və soyqırımı siyasəti nəticə etibarilə Cənubi Qafqazda bugünkü vəziyyətə gətirib çıxarmışdır.

Ermənistan dövlətinin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək, həqiqi niyyətlərini heç də gizlətmir. 1989-cu ildən başlayaraq Ermənistan parlamenti Ermənistanın və Dağlıq Qarabağın "birləşməsi" haqqında bir sıra qanunsuz aktlar qəbul etmişdir. Ermənistan hökumətinin fəaliyyət proqramlarına Dağlıq Qarabağla bağlı militarist əhval-ruhiyyəli müddəalar daxil edilir, Ermənistan rəhbərləri Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağı barədə məsuliyyətsiz bəyanatlar verirlər.

Dağlıq Qarabağ probleminin həllinə mane olan amillərdən biri də Ermənistan cəmiyyətində zorakılıq xofunun hökm sürməsi, yad fikirlərə, o cümlədən Ermənistan - Azərbaycan münaqişəsi barəsində rəsmi mövqedən fərqlənən baxışlara dözümsüzlük əhval-ruhiyyəsinin mövcud olmasıdır. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistanda müasir dünya tarixində rast gəlinməyən, hətta qatı irticaçı rejimlərin hakimiyyətdə olduğu ölkələrdə belə baş verməyən hadisə - silahlı şəxslərin parlamentin iclas salonuna daxil olaraq parlamentin və hökumətin bir sıra rəhbər vəzifəli şəxslərini güllələməsi çox mətləblərdən xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının tövsiyə və qərarları əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu bir daha təsdiq edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərindən tələb edir ki, özgə torpaqlarını qəsb etmiş təcavüzkara təsir göstərsinlər, münaqişənin həlli variantlarını hazırlayarkən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən bunların arasında təməl rolunu oynayan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini rəhbər tutsunlar.

Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları çətinləşdirən, nizamasalmadan sonrakı mərhələdə bölgədə həyata keçiriləcək bərpa işlərini mürəkkəbləşdirən əməllərdən çəkinməyə çağırır.

Beynəlxalq birlik Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulmasına etinasız qalmamalı, təcavüzkarı öz adı ilə çağırmalı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqın və köçkünlərin doğma yurdlarına qaytarılmasına kömək göstərməlidir. Azərbaycan Respublikasının Milli Məclisi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məsələnin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində müzakirəsini zəruri sayaraq və tələb edərək, Parlamentlərarası İttifaqı, ATƏT-in Parlament Assambleyasını, Avropa Şurasının Parlament Assambleyasını, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisini, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasını, İslam Konfransı Təşkilatının Parlament Məclisini, Avropa Parlamentini və NATO Parlament Assambleyasını, digər beynəlxalq təşkilatları, dünya ölkələrinin parlamentlərini və hökumətlərini Azərbaycanın haqq işini dəstəkləməyə, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə əsasən sülh yolu ilə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına kömək göstərməyə çağırır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2005-ci il 6 may tarixli iclasında qəbul edilmişdir.)

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU