MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA “2016-CI İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ” MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
07 oktyabr 2015 | 05:10   
Paylaşın:        

Oktyabrın 7-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iştirakı ilə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi. 
İclası  açan Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev layihənin hazırlanması və əsas strukturları barədə məlumat  verdi. Bildirildi ki, sənəd 7 cilddən və 1700 səhifədən ibarətdir: “Büdcə layihəsi 2015-ci ildə dünyada baş verən qlobal iqtisadi, geosiyasi proseslərin Azərbaycan iqtisadiyyatına hazırkı və gələcək təsirləri nəzərə alınmaqla hazırlanıb. Buna görə də ölkə iqtisadiyyatında elə də ciddi kataklizmlər gözlənilmir. Bu ehtimal sıfıra bərabərdir”.
Komitə  sədrinin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub: “Bununla belə, dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı ciddi bir təsiri gözlənilmir. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif layihələrin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması mühüm irəliləyişlərin olacağından xəbər verir. Odur ki, iqtisadiyyatın və əhalinin həyat səviyyəsi növbəti ildə də inkişafda olacaq”.
Sonra Maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim etdi. Nazir əvvəlcə cari ilin makroiqtisadi göstəricilərinə toxundu. Bildirdi ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici məqam təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin aşağı düşməsidir. Son dövrlərdə neft qiymətinin 60 faiz aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub. İkinci təsiredici məqam isə qonşu dövlətlərin valyutalarının kəskin ucuzlaşması ilə bağlıdır. Nəticədə Azərbaycan məhsullarının dəyəri artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin xüsusi tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi müşahidə olunur”. Nazirin fikrincə, neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir: “Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Sosial iqtisadi inkişaf proqnozlarının ÜDM artımının əvvəlki proqnozundan 1,1 faiz az, yəni 3,3 faiz olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6 faiz, qeyri-neft sektorunda 5,9 faiz artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,80 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1 faiz azdır. Cari ilin xərclərinin icrası isə 84 faiz səviyyəsində gözlənilir. Bu, təsdiq olunmuş proqnozdan 16 faiz azdır”.
Natiq qeyd etdi ki, dünyadakı əlverişsiz iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb: “Növbəti il üçün  həm pessimist, həm də optimist variantlar mövcuddur. Bunun üçün də alternativ büdcə sistemi hazırlanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa, yaxud, 60 dollar və yuxarı olarsa, ona uyğun büdcə sistemi işə düşəcək. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülmüşdür. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq”.
2016-cı ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindən danışan maliyyə naziri qeyd etdi ki, dünya iqtisadiyyatındakı qeyri-münbit şəraitə baxmayaraq, qeyri-neft sektoru üzrə gəlirlər artacaq. Bundan başqa, Dövlət Neft Fondundan büdcəyə olan transfertlər azalacaq. Onun sözlərinə görə artıq 2 ildir ki, bu işlərə başlanılıb.
Samir Şərifov çıxışını bitirdikdən sonra deputatlar 2016-cı il dövlət büdcəsi layihəsi barədə onları maraqlandıran suallar səsləndirdilər. Ümumi suallardan sonra müzakirələr başladı. Çıxış edən deputatların hər biri müəyyən təkliflər verməklə yanaşı, gələn ilin dövlət büdcəsi layihəsinin təkmil hazırlandığını bildirdilər. Qeyd olundu ki, sənəddə beynəlxalq iqtisadi amillərlə bağlı gözlənilən təsirlər çox ustalıqla nəzərə alınmışdır.
Daha sonra maliyyə naziri Samir Şərifov ona ünvanlanan sualları cavabladı. Vurğuladı ki, iqtisadi sahədə müəyyən xarici təsirlər olsa da, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə yaradılmış qüdrətli iqtisadi potensial imkan verir ki, biz istənilən problemin qarşısını alaq: “Neftin kəskin ucuzlaşması şəraitində bizim iqtisadi potensialımızı, kredit götürmə qabiliyyətimizi qiymətləndirən beynəlxalq kredit reytinq agentlikləri bu il də ölkəmizə iki dəfə reytinq qiymətləri verərək onu təsdiqləyib. Bu qiymətləndirmədə hər hansı bir dəyişiklik olmayıb. Yəni biz həmin investisiya səviyyəli kredit səviyyəmizi qorumuşuq. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə lazımi tədbirləri görəcəyik”.
Sonda “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU