ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
14 mart 2016 | 06:03   
Paylaşın:        
Martın 14-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri İsa Həbibbəyli bildirdi ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun tərkibinin təsdiq edilməsi barədə məsələ daxil  edilmişdir.
 Komitə sədri diqqətə çatdırdı ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və hökumətin 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlərlə tənzimlənir. “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi isə bütünlüklə məktəbəqədər təhsilə həsr olunub. Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar öz əksini tapıb. 
İsa Həbibbəyli bildirdi ki, qanun layihəsinin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Layihə hazırlanarkən məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazanın qurulması kimi məsələlər öz əksini tapmalıdır.
Sonra çıxış edən komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev, deputatlar Sona Əliyeva, Asim Mollazadə, Kamilə Əliyeva, Musa Qasımlı, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Təhsil Nazirliyinin, Bakı şəhər İcra hakimiyyətinin və digər müvafiq qurumların nümayəndələri qanun layihəsinin hazırlanmasına dair qeyd və təkliflərini bildirdilər.  
 
Sonda komitə üzvlərindən və mütəxəssislərdən ibarət işçi qrupun tərkibi təsdiq edildi. Qrup 1 ay müddətində qanun layihəsinin ilkin variantını hazırlayıb komitəyə təqdim edəcəkdir.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU