KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
04 may 2012 | 05:05   
Paylaşın:        

Mayın 4-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu ilə Elm və təhsil komitələrinin birgə iclası keçirildi.
İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi. Əvvəlcə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, bu qanun əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edəcək, onların sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalının qarşısını alacaq.
Sonra Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev sənəd barədə məlumat verərək, layihənin birinci oxunuş müzakirəsi zamanı deputatların və mütəxəssislərin bir sıra rəy və təkliflərinin işçi qrup tərəfindən nəzərə alındığını bildirdi.
Müzakirələr zamanı Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev sənədi müsbət qiymətləndirdi. O, layihədə əsas anlayışlarla yanaşı, mülki hüquqi müdafiəni təmin edən prosedurlar, sübutlar, informasiya hüququ, müəlliflik hüququ, əlaqəli hüquqlar və digər məsələlərlə bağlı müddəaların öz əksini tapdığını dedi.
Daha sonra “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd ATƏT-in Bakı ofisinin və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təkminləşdirilərək üçüncü oxunuşa təqdim edilib. Qanun IV fəsl, 50 maddədən ibarətdir. Sənəddə şəxslərin tutulması üçün əsaslar, həbs, müvəqqəti saxlanma yerləri, haupvaxtlar, istintaq təcridxanaları, buradakı rejim, Daxili intizam qaydaları və s. barədə müddəalar var.
 Qanunda həmçinin həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti: şəxsi təhlükəsizliyi, onların yazışmaları, müdafiəçi ilə əlaqələri, yemək və tibbi təminatı, təkliflərinin, ərizə və şikayətlərinin göndərilməsi və s. hüquqları geniş şəkildə gösdərilmişdir. Sənədə həmçinin qadınların və yetkinlik yaşına çatmayan şəxslərin saxlanılması ilə baxlı xüsusi maddələr də salınıb.
Sənədin müzakirəsində iştirak edən ATƏT-in Bakı ofisinin Qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Matrines təqdim olunan layihəni yüksək qiymətləndirərək, onun beynəlxalq sdandartlara uyğun olduğunu xüsusi qeyd etdi.
Məsələ ətrafında çıxış edən millət vəkilləri sənədi insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlardan biri kimi dəyərləndirdilər.
Sonda hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU