AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
21 oktyabr 2019 | 04:10   
Paylaşın:        
Oktyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının üzvü, Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya üzrə federal naziri xanım  Fehmida Mirzənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində Pakistan Azərbaycana çox kömək etmişdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar, hərbi-texniki əlaqələr çox yüksək səviyyədədir.  
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynamış, bir sıra vacib sənədlər imzalanmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığın daha da güclənməsində maraqlıyıq. 
Ziyafət Əsgərov Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycana  verdiyi daimi dəstəyə, həmçinin Xocalı soyqırımı ilə bağlı Pakistan Milli Assambleyasında qəbul olunmuş qətnamələrə  görə təşəkkürünü bildirdi.
Ölkəsinin Azərbaycanla sıx tarixi köklərlə bağlı olduğunu deyən xanım Fehmida Mirzə Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrinin oxşarlığından danışdı. Qonaq bu münaqişələrin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu bildirdi. Söhbət zamanı bu münaqişələrin həlli üçün əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, idman sahəsində əməkdaşlıq, Pakistanın istehsal etdiyi idman məhsullarının Azərbaycanda tanıdılması  və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr  üzrə işçi qrupunun üzvü Eldar İbrahimov və digər rəsmi şəxslər iştirak edirdilər.


Milli Məclisin
   Mətbuat xidməti      


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU