QIRĞIZISTAN BAŞ PROKURORLUĞUNUN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
05 noyabr 2019 | 04:11   
Paylaşın:        

Noyabrın 5-də  Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq  siyasəti  və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Qırğızıstan Baş Prokurorunun müavini Cəmilə Camanbayevanın başçılıq etdiyi   nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları  səmimi salamlayan  Ziyafət Əsgərov bildirdi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət  başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan sistemli tədbirlər görülüb, mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılıb. Avropa Şurasının “Korrupsiyaya görə cinayət-hüquqi məsuliyyət haqqında” və “Korrupsiyaya görə mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar və digər mühüm normativ hüquqi aktlar qəbul edilib.
Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verdi.
Qırğızıstan Baş Prokurorunun müavini Cəmilə Camanbayeva göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və Azərbaycanın prokurorluq və məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. İki  qardaş  ölkə arasında  bu sahədə sıx əlaqələrin olmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Qonaq Azərbaycana  bu səfərin  təcrübə mübadiləsi baxımından çox faydalı olacağına və iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə geniş fikir mübadiləsi aparıldı.
Görüşdə millət vəkilləri Çingiz Qənizadə, Hikmət Məmmədov, Aydın Mirzəzadə və digər  rəsmi şəxslər iştirak edirdilər.


 
Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU