MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
25 noyabr 2019 | 05:11   
Paylaşın:        

Noyabrın 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası  əlaqələr  komitəsinin  sədri, AŞPA-dakı  nümayəndə  heyətinin rəhbəri  Səməd  Seyidov Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Serjan Abdıkərimovla  görüşdü.
Səməd  Seyidov qonağı yeni təyinatı münasibəti ilə təbrik etdi, ona  ölkəmizdəki fəaliyyətində uğurlar arzuladı. Parlamentin və rəhbərlik etdiyi komitənin işi barədə ətraflı məlumat verən komitə sədri Azərbaycanla Qazaxıstan arasında olan  isti  və səmimi  münasibətlərdən  də geniş söhbət  açdı, beynəlxalq  qurumlarda qardaş ölkənin nümayəndələri ilə görüşlərindən  danışdı.
Səmimi görüş üçün minnətdarlığını bildirən Serjan Abdıkərimov ölkələrimiz  arasında  iqtisadi  münasibətlərin daha  da inkişaf etdirilməsi üçün yaxşı zəmin olduğunu qeyd  etdi.  Hazırkı iqtisadi, humanitar və mədəni münasibətlərimizi yüksək dəyərləndirən səfir Azərbaycanda  fəaliyyət  göstərdiyi  dönəmdə  münasibətlərimizin  daha da  genişlənməsi  üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. 
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə  toxunuldu.
Görüşdə  Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sahibə Qafarova və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.  

***
Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr komitəsinin  sədri, AŞPA-dakı  nümayəndə  heyətinin rəhbəri  Səməd  Seyidov ölkəmizdə səfərdə olan Fransa  Parlamentinin deputatı Karolin  Janvienin başçılıq  etdiyi  nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Səməd Seyidov  Fransanın  AŞPA-dakı yüksək səviyyəli  təmsilçiliyindən söhbət  açdı. O, Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın parlamentdəki fəaliyyəti dönəmində Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi  qrupuna  rəhbərlik etdiyini, o zamandan bu ölkə ilə çox  gözəl  münasibətlərin yarandığını vurğuladı. Qeyd  edildi ki, bu gün Fransa-Azərbaycan əlaqələri yüksələn xəttlə inkişaf edir. Ölkəmizdə hazırda  fransızdilli orta məktəb və universitet  fəaliyyət göstərir.
 Fransa  parlamentinin deputatı Karolin  Janvie  səmimi görüş üçün təşəkkür  etdi. O, Azərbaycana  Avropa  Komissiyasının Tərəfdaşlıq Proqramı üzrə  gəldiklərini, bu səfərin Şərq  Tərəfdaşlığı  və Avropa qonşuluq  siyasəti  çərçivəsində hazırlanacaq  hesabata görə tanışlıq məqsədi daşıdığını  dilə gətirdi.  Azərbaycanın zəngin tarixinə, Bakının qədim arxitekturasına heyran qaldıqlarını vurğuladı.  Qonaq ölkəmizin sürətlə inkişaf etdiyini, Azərbaycan hökumətinin  öz vətəndaşlarının sosial vəziyyətinə  çox  diqqət  ayırdığından məmnun qaldıqlarını  vurğuladı.
Söhbətdə millət vəkilləri qonaqları maraqlandıran suallara ətraflı cavablar  verdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU