AZƏRBAYCAN-QIRĞIZISTAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Sədrin görüşləri
18 dekabr 2019 | 10:12   
Paylaşın:        

Dekabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA-nın) 9-cu plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) Sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Milli Məclisin Spikeri ümidvar olduğunu bildirdi ki, Qırğızıstan nümayəndə heyətinin ölkəmizə səfəri parlamentlərarası dialoqun daha da genişlənməsinə öz töhfəsini verəcək. Sədr TÜRKPA-nın tədbirləri  çərçivəsində qonaqla görüşünü xatırlayaraq, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Bildirildi ki, hər iki ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Biz iqtisadi, o cümlədən  həyatın digər sahələrində də əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik.
Spiker Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti plenar iclası barədə öz fikirlərini açıqlayaraq ötən illər ərzində bu qurumun mötəbər beynəlxalq təşkilata çevrilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirdi. Bildirildi ki, TÜRKPA təkcə ona üzv ölkələr üçün deyil, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Təşkilat türk xalqlarını maraqlandıran məsələlərin müzakirəsi və qarşıya qoyulan məqsədlərə çatmaq üçün  gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir. Biz qurumun sıralarına yeni üzv ölkələrin qəbul olunacağına inanırıq.
Spiker Qırğızıstan nümayəndə heyətinə təşkilatın Bakıda keçiriləcək sessiyasının işində uğurlar arzuladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Dastanbek Cumabekov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi barədə aparılan müzakirəni yüksək dəyərləndirdi. Qonaq dedi ki, müstəqil Azərbaycanın Milli Məclisində keçirilən bu görüş parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.
Dastanbek Cumabekov TÜRKPA çərçivəsində görülən işləri yüksək qiymətləndirərək qurumun  növbəti sessiyasının Türk Birliyi üçün uğurlu olacağına inamını ifadə etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU