AŞPA-NIN SEÇKİÖNCƏSİ MİSSİYASI MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
23 yanvar 2020 | 04:01   
Paylaşın:        
Yanvarın 23-də Milli Məclis Sədrinin müavini Bahar Muradova fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün AŞPA-da yaradılmış xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Bahar Muradova ölkəmizin Avropa Şurası ilə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi, ümumi dəyərləri bölüşdüyümüzü diqqətə çatdırdı. Vitse-spiker AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün xüsusi komitə yaratmasının ölkəmizdə alqışlandığını qeyd etdi. Bildirdi ki, qarşıdakı parlament seçkiləri və onun AŞPA tərəfindən müşahidə olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İntensiv qarşılıqlı səfərlər, bu səfərlər zamanı aparılmış müzakirələrin nəticəsi ölkəmizə dair hazırlanacaq məruzədə öz əksini tapacaqdır.     
Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan məruzəçi Stefan Şennak ölkəmizin quruma üzvlüyünün 19 ilinin tamam olması münasibətilə təbriklərini çatdırdı. O, əmin olduğunu bildirdi ki, Azərbaycanda parlament seçkiləri də ədalət prinsipləri əsasında keçiriləcək.
Söhbət zamanı qonaqların qarşıdakı parlament seçkilərinə dair sualları cavablandırıldı, seçkiöncəsi siyasi vəziyyətə dair bir sıra məsələlərə aydınlıq gətirildi.
Görüşdə Milli Məclisin deputatları Sahibə Qafarova, Sevinc Fətəliyeva, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU