GEORGİ TSERETELİ: “ATƏT PA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK MARAQ GÖSTƏRİR”

Sədrin görüşləri
30 yanvar 2020 | 04:01   
Paylaşın:        

Yanvarın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Tsereteli ilə görüşdü.
Sədr qonağı səmimi salamlayaraq ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində keçiriləcək görüşlər ölkəmizlə ATƏT PA arasında münasibətlərin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Qeyd edildi ki,   Georgi Tseretelinin ATƏT PA-ya sədrliyi dövründə müstəqil Azərbaycanla bu qurum arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Qonağın ədalətli mövqeyi, proseslərə obyektiv baxışı sayəsində təşkilatın qurumları ilə əlaqələrimiz normal məcrada inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qurumda qaldırılmış təşəbbüslər Parlament Assambleyasında dəstəklənmişdir. Biz gələcəkdə də qurumda  fəaliyyətimizi bu istiqamətdə davam etdirmək niyyətindəyik.
Qonağın növbədənkənar parlament seçkiləri ərəfəsində ölkəmizə səfər etdiyini vurğulayan Sədr qurum rəhbərliyinin ölkə əhəmiyyətli  bu prosesə diqqətini yüksək qiymətləndirdi. Bildirildi ki, ATƏT PA-nın xətti ilə qarşıdakı növbədənkənar parlament seçkilərini 70-dən çox müşahidəçi izləyəcəkdir. Ümumiyyətlə, qarşıdakı seçkiləri izləmək üçün 50 mindən artıq müşahidəçi qeydiyyata alınıb. Onlardan 429-u beynəlxalq müşahidəçilərdir.
Spiker dedi ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki praktikası və qanunvericilik təkmilləşdirilib. Əminik ki, 9 fevral seçkilərində seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edərək seçdikləri namizədə səs verəcəklər.
Söhbətdə Sədr qonağın təmsil etdiyi təşkilatın bu siyasi prosesə obyektiv qiymət verəcəyinə inamını söylədi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, Milli Məclisin rəhbərliyi ilə artıq mütəmadi xarakter halını almış bu təmaslar münasibətlərimizin inkişaf dinamikasının göstəricidir. ATƏT PA Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan bizim üçün çox önəmli ölkədir.  Qonaq Azərbaycan nümayəndə heyətinin təşkilatın işində fəaliyyətindən razı qaldığını vurğulayaraq gələcəkdə də bu fəaliyyətin yüksək səviyyədə davam etdiriləcəyinə əmin olduğunu dedi.
Georgi Tsereteli 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı öz fikirlərini bölüşdü. Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU