MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
04 iyun 2020 | 06:06   
Paylaşın:        
İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısının müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Görüşdə Azərbaycan ilə BQXK arasında əlaqələrin tarixindən danışıldı. Bildirildi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənmiş, yeni müstəviyə qədəm qoymuşdur. Söhbət zamanı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlanması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qorunması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparıldı. 
Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycana təcavüzü, əzəli torpaqlarımızın zəbt olunması nəticəsində 1 milyondan çox soydaşımızın məcburi köçkün olmasını, Ermənistanın apardığı təcavüzkar siyasətin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə zidd olmasını qonaqların diqqətə çatdırdı. Bununla yanaşı, vitse-spiker 2014-cü ildə Azərbaycanın tarixi torpağı olan Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsassız olaraq tutulması, hazırda qondarma rejim tərəfindən həbsdə saxlanması, onlarla qeyri-insani rəftar olunması barədə narahatçılığını da dilə gətirdi. 
Söhbət zamanı qonaqlara itkin düşmüş şəxslərlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər, Milli Məclisdə hazırlanan qanun layihələri barədə məlumat verildi, bu sahələrdə birgə əməkdaşlığın əhəmiyyətindən danışıldı.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU