AZƏRBAYCAN–TÜRKİYƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNDA ONLAYN VİDEOKONFRANS KEÇİRİLDİ

XƏBƏRLƏR
10 iyun 2020 | 05:06   
Paylaşın:        
İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçirdilər.
Videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə  ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik  Əhliman Əmiraslanov açdı. Öncə Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın salamlarını Türkiyənin millət vəkillərinə çatdırdı. Bildirdi ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.
Sonra Əhliman Əmiraslanov hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verdi. Pandemiya elan olunduğu gündən Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və çox geniş miqyaslı tədbirlər görülməyə başlandı. Bunun nəticəsində bu gün Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır.
 İşçi qrupun rəhbəri məlumat verdi ki, hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların imkanları son dərəcə genişdir. Azərbaycanda COVID-19-a yoluxmuş bütün xəstələr dövlət hesabına stasionarda müalicə alırlar. Eyni zamanda pandemiya dövründə digər ölkələrdən gətirilən soydaşlarımız dövlət hesabına, geniş imkanları olan otellərdə karantinə alınır, həkim nəzarətində saxlanılır. 
Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Qalır insanların karantin rejiminə riayət etməsi. Əminik ki, görülən tədbirlər müsbət nəticəsini verəcək, yollar açılacaq və biz bir-birimizlə əyani surətdə görüşə biləcəyik.
Videokonfransda  Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açdı. TBMM-in Sədri cənab Mustafa Şentopun Azərbaycan parlamentinin Sədri xanım Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirdi. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyə və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğuladı.
Şamil Ayrım Türkiyədə COVID-19-la aparılan mübarizə barədə məlumat verdi. Parlamentlərarası əlaqələrimizn daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi ki, yubiley günümdə Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmağım sevincimi ikiqat artırdı.  
Sonra videokonfransda fikir mübadiləsi aparıldı. 
Milli Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov,  Arzu Nağıyev, Ramil Həsən ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən bəhs etdilər. Qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışdılar. 
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur, Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndirdilər. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafından bəhs etdilər. 
Söhbət zamanı Azərbaycanın və Ulu öndər Heydər Əliyevin böyük dostu olan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad olundu. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi vurğulandı.  
COVID-19 pandemiyasının tezliklə bitməsi, əlaqələrin adi ahənginə qayıtması və bütün bəşəriyyətin bu bəladan xilas olması  arzulandı.
Videokonfransı yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, dövlət başçılarımız bizim qarşımızda böyük vəzifələr qoyub. Əlaqələrimiz çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir. 
Videokonfransda TBMM-in millət vəkilləri, Azərbaycanla dostluq qrupunun üzvləri İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da iştirak edirdilər.

Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU