VİDEOKONFRANSDA ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNDU

XƏBƏRLƏR
10 iyul 2020 | 01:07   
Paylaşın:        
İyulun 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Konqresinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirdi. Videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və digər rəsmi şəxslər iştirak edirdilər. 
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ilk dəfə rəhbər seçildiyini bildirən Jalə Əliyeva öncə Meksika Senatının üzvlərinə Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın salamlarını çatdırdı. Qeyd etdi ki, məhz dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın I vitse-prezidenti xanım Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də xanım Sahibə Qafarova sədr seçilib. Dünya siyasətində qadınların artan rolu Meksika parlamentinin hər iki palatasının – Senatın və Deputatlar Palatasının sədrlərinin də qadın olmasında özünü parlaq nümayiş etdirir.
Ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışan işçi qrupun rəhbəri parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır.
Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini minnətdarlıqla vurğulayan Jalə Əliyeva Azərbaycanın haqq işini və ədalətli mövqeyini dəstəklədiklərinə görə Meksika parlamentarlarına minnətdarlıq bildirdi.
Sonra videokonfransda Meksika-Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio pandemiya şəraitində onlayn görüşün təşkilinə görə təşəkkür etdi. VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnun qaldığını söylədi. Azərbaycan mədəniyyətinə heyranlığını bildirdi. Ölkələrimiz arasında elm, texnologiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, vulkanologiya, turizm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdi. Milli Məclislə əməkdaşlığın möhkəmlənməsi istiqamətində bütün imkanlardan istifadə edəcəklərini bildirdi. Parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib saydı. 
Söhbət zamanı Azərbaycan-Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulandı. 
Görüşdə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov xalqlarımız arasında dostluq və ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar. 
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edildi. COVID-19 pandemiyasının tezliklə bitməsi, bəşəriyyətin bu bəladan xilas olması  və parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin baş tutması arzulandı.
Sonda videokonfransda ölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı dövrdən etibarən Meksika-Azərbaycan münasibətlərinin inkişaf templərini, iqtisadi əlaqələri, ticarət dövriyyəsini və s. əks etdirən slaydlar nümayiş olundu. 

Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi 















Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU