Litva Seyminin deputatları Xocalı soyqırımını pisləyiblər

26 fevral 2021 | 18:27   
Paylaşın:        

Xəbər verildiyi kimi, fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında videokonfrans formatında görüşü keçirilib. Görüşdə Xocalı qoyqırımının 29-cu ildönümü münasibəti ilə fikir mübadiləsi aparılıb. Litva Seyminin rəsmi veb-saytında həmin görüş barədə ətraflı məlumat verilib.

Məlumatda bildirilir ki, 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı Xocalının dinc əhalisi xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb.

Litva parlamentinin üzvləri Azərbaycan xalqının tarixində baş vermiş bu qanlı və amansız hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndiriblər. Qeyd edilib ki, litvalı müəlliflər  bu faciəyə həsr olunmuş “Sonsuz dəhliz” adlı sənədli film hazırlayıblar. Filmdə Xocalıda törədilmiş qətliamın dəhşətli epizodları təsvir olunur.

Litva Seyminin Azərbaycanla dostluq qrupunun rəhbəri Kazis Starkyaviçius  Xocalı soyqırımını pislədiklərini və bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini, Azərbaycan xalqının yanında olduqlarını vurğulayıb. Qeyd edilib ki, Xocalı qurbanlarının xatirəsi Litvanın Bakıdakı səfirliyində də anılacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU