SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
23 may 2014 | 06:05   
Paylaşın:        

 Mayın 23-də Milli Məclisin Sosial siyasət komitəsinin  növbəti iclası  keçirildi.   İclasda əvvəlcə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun icrası ilə bağlı dinləmələr aparıldı.
   Komitə sədri Hadi Rəcəbli  bildirdi  ki, vaxtaşırı  cəmiyyətdə maraq  doğuran xüsusi qanunlara, o cümlədən sözügedən sənədə dəyişikliklər edilməsi zərurəti yaranır. Bu baxımdan belə müzakirələrin aparılması çox  əhəmiyyətlidir. O, qeyd  etdi ki, 2003-cü ilin dekabrında sənəd parlamentdə qəbul ediləndə ölkədə şəkərli diabet xəstələrinin sayı 30 min nəfər idisə, hal-hazırda  rəsmi statistikaya  görə bu cür xəstələrin sayı 206 min nəfərdir. Təkcə cari ilin ilk 5 ayı ərzində belə xəstələrin sayı  10 min nəfər artıb. Hadi Rəcəbli dövlət tərəfindən  şəkərli diabet xəstəliyinin müalicə  və profilaktikasına  göstərilən qayğı və böyük diqqətə görə  ölkə  rəhbərliyinə minnətdarlığını ifadə etdi. 
 İclasda  iştirak edən mütəxəssislər, respublika Endokrinoloji Mərkəzinin və QHT-lərin nümayəndələri bildirdilər ki, MDB məkanında ilk dəfə Azərbaycanda şəkərli diabet xəstələri ilə bağlı  Dövlət Proqramı və qanun qəbul edilib. Bu  cür  xəstələrə müalicə  üçün ötən il qanda şəkərin miqdarını müəyyən edən 420 mindən artıq test çubuğu və 464 mindən artıq  qlükometr aparatı pulsuz paylanıb. Qeyd olundu ki, rəsmi qeydiyyatdan keçən şəkərli diabet xəstələri pusuz olaraq dərmanlarla təmin olunurlar. Çıxışlarda xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə əhali arasında ciddi maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi diqqətə  çatdırıldı.
 İclasda deputatlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişikliklərin edilməsi  barədə  məsələni də müzakirə  etdilər. Sənədə edilən  dəyişikliyə  əsasən  sığortaçı sığorta  ödənişini qanunla  müəyyən edilən müddətə ödəmədikdə hər geçikdirilmiş  gün üçün sığorta  ödənişinin  0,1  faizi  həcmində cərimə ödəməlidir. 
Qanun layihəsi  yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

  Milli  Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU