KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
01 oktyabr 2014 | 09:10   
Paylaşın:        

Sentyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə iclası keçirildi. İclası açan  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli  bildirdi ki, yığıncaqda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər müzakirə olunacaq.
İclasda  “Qeyri hökümət təşkilatları (ictimai  birliklər  və fondlar) haqqında”, ”Qrant haqqında” qanun layihələrinə, Miqrasiya Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələlər  müzakirə  edildi. Əli Hüseynli qanun layihələrinə ediləcək dəyişiklikləri ətraflı şərh  etdi.  Qeyd  olundu ki, son dövrlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılır. Həyatın ən müxtəlif sahələrində şəffaflığın artırılması məqsədilə bir sıra layihələr  həyata  keçirilir.  Bu cür tədbirlərin reallaşmasında QHT-lərin böyük rolu var. Komitə sədri “Qeyri hökümət təşkilatları haqqında” və ”Qrant haqqında” qanun layihələrinə ediləcək dəyişikləri  şəffaflığın təmin olunması istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi. Layihəyə əsasən qeyri-hökümət təşkilatı, eləcə də xarici dövlətlərin QHT nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni verən şəxslər barədə məlumatları müvafiq orqana təqdim edir. Barəsində məlumat təqdim edilməyən ianələr üzrə bank əməliyyatları aparıla bilməz.
Qanun layihələrini dəstəkləyən millət vəkilləri bildirdilər ki, bu dəyişiklik mühüm əhəmiyyət daşıyır. Qanun qrantların verilməsində şəffaflığın artırılması ilə yanaşı həm də bu işin  təkmilləşdirilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq.
Ətraflı müzakirələrdən sonra hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU