Mərakeşli deputatlarla görüşdə

Tədbirlər
30 iyun 2025 | 16:07   

İyunun 30-da Milli Məclisin  Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa ölkələrimiz arasında münasibətlərdən söz açıb, Azərbaycan və Mərakeş  ali rəhbərlərinin səyləri ilə bu dostluğun və əməkdaşlığın daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Komitə sədri parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Mərakeş Krallığı Parlamentinin nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının tematik parlament qrupu sədrinin müavini Hasan Umribt Azərbaycanla Mərakeşin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərini yüksək dəyərləndirib. Beynəlxalq arenada parlament diplomatiyasının artan nüfuzunu qeyd edən qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İlham Məmmədov və  Pərvanə Vəliyeva, Mərakeş Parlamentinin nümayəndə heyətinin üzvü Fatima Yasin çıxış ediblər, Azərbaycan ilə Mərakeşin həm ikitərəfli formatda, həm parlamentlər səviyyəsində, həm də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə elm, təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU