Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Tədbirlər
29 oktyabr 2025 | 13:56   

Oktyabrın 29-da Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransının iştirakçıları  Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisinin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani,  Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, eləcə də digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Beynəlxalq Parlament Konfransının iştirakçıları tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU