Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub

Sədrin görüşləri
07 aprel 2026 | 18:38   

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 7-də qurumlararası əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun, dostluq və qardaşlıq əsasında inkişaf etdiyi qeyd olunub. Həmçinin, strateji müttəfiqlik xarakteri daşıyan dövlətlərarası münasibətlərdən bəhs edilərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin xüsusi rolu vurğulanıb.

Söhbətdə iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərə diqqət yönəldilərək, parlamentarilər, o cümlədən İşçi qrupları arasında səmərəli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə olunub. Həmçinin, Azərbaycan və Türkiyə parlamentlərinin müxtəlif parlament əməkdaşlıq platformalarındakı birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu platformalar regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verirlər.

İki qardaş ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıqdan söz açan Spiker Sahibə Qafarova 2021-ci ildə hər iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, çoxtərəfli əməkdaşlıq çərçivəsində yaradılmış Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının fəaliyyətini yüksək qiymətləndirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əlaqələrin ölkə başçılarının müəyyən etdiyi ikitərəfli əməkdaşlıq gündəliyinə uyğun inkişaf etdiyini və bütün istiqamətləri əhatə etdiyini bildirib. 

Dünyada və regionda cərəyan edən proseslərə toxunan qonaq Türkiyə və Azərbaycan liderlərinin rolundan bəhs edərək, onların həm xalqları və dövlətləri üçün, həm də beynəlxalq sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunmasında etibarlı lider və vasitəçi rolunu vurğulayıb.

Görüşdə qonağa Azərbaycan Respublikası Milli Məclisi ilə Baş Prokurorluq arasındakı səmərəli əməkdaşlıq barədə də məlumat verilib. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU