Türkiyə və Şimali Kipr parlament nümayəndə heyətləri Fəxri xiyabanı, Zəfər parkını və Türk şəhidliyini ziyarət ediblər

Tədbirlər
10 aprel 2026 | 15:10   

Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyəti  və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin Azərbaycanla dostluq qruplarının üzvləri aprelin 10-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə əklil qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Sonra nümayəndə heyətləri 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətlərini  Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputat Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU