Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

Sədrin səfərləri
30 iyul 2026 | 15:11   

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Afrika ölkələrinin və dünyanın digər regionlarından olan ölkələrin Əddis-Əbəbədəki səfirləri ilə görüşüb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri bildirib ki, müasir dövrdə çoxtərəfliliyin gücləndirilməsi onun yeni qlobal reallıqlara uyğunlaşdırılmasını tələb edir. Onun sözlərinə görə, parlamentlər bu prosesin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməlidir. Məhz parlamentlər vətəndaşların gözləntilərini dövlət siyasətinə çevirən, şəffaflığı, inklüzivliyi və ictimai etimadı möhkəmləndirən əsas təsisatlardır. Buna görə də təmsilçi parlamentarizm davamlı inkişafın ən möhkəm təməllərindən biri hesab olunur. Bu baxımdan, parlamentlər arasında təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsi çoxtərəfliliyin möhkəmləndirilməsi və ümumi inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Spiker çıxışında dəyişən dünyada Afrikanın rolu, parlament diplomatiyasının əhəmiyyəti, dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaqın (PAİ) fəaliyyəti, onun gələcəyi, Afrika Gündəliyi - 2063 barədə fikirlərini bölüşüb.

Spiker PAİ-nin fəaliyyətindən danışaraq bildirib ki, bu təşkilat dünya parlamentlərini bir araya gətirən ən qədim çoxtərəfli siyasi platforma kimi dialoqun, demokratiyanın və parlamentlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Görüşdə PAİ-nin regional parlament təşkilatları ilə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti, regional baxışların qlobal parlament gündəliyinə inteqrasiyası, qlobal öhdəliklərin regional səviyyədə daha səmərəli həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Afrika ölkələrinin beynəlxalq parlament təşkilatlarında iştirakı, Afrikanın inkişafı və dünyada yeri, Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində əldə etdiyi nailiyyətlər, Bakıda keçirilmiş COP29-un nəticələri və digər mövzularda fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU