Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb

Sədrin səfərləri
01 sentyabr 2026 | 21:27   

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri xanım Xalida Bufedeç ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova həmkarını bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki dost ölkə arasında münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri bundan sonra da inkişaf etdirmək üçün yaxşı imkanlar var. Söhbətdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.

Fikir mübadiləsi zamanı parlamentlərimiz arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, həm parlament sədrləri səviyyəsində, həm də deputatlar arasında qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Söhbət zamanı parlament dostluq qruplarının fəaliyyətinin də bu əlaqələrin  dərinləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.

Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə etmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə də fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU