Milli Məclisin sədri Sahibə Qafarova Kamerun Respublikasının Baş naziri ilə görüşüb

Sədrin səfərləri
01 sentyabr 2026 | 22:16   

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində  sentyabrın 1-də Kamerun Respublikasının Baş naziri Jozef Dion Nqyutla görüşüb.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyətinə və gələcək inkişafına dair müzakirələr aparılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir. Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə görülmüş işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında bir sıra sahələrdə, həmçinin parlamentlər arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU