MİLLİ MƏCLİSİN İCLASINDA

29/06/20
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.
Spiker diqqətə çatdırdı ki, birinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Sədr bildirdi ki, son vaxtlar ölkəmizdə Koronavirus (Covid-19) infeksiyasına tutulanların sayında xeyli artım baş vermişdir. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də, Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlamışdır. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub. 
Spiker qeyd etdi ki, qanun layihəsində yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun olaraq layihə bir oxunuşda qəbul ediləcək. 
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim etdi. Bildirildi ki, qanun layihəsi Məcəllənin 211.1, 211.2 və 211.3-cü maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarının artırılmasını nəzərdə tutur.
Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar. Ölkəmizdə koronovirus infeksiyasi ilə mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan danışdılar. Karantin rejiminə riayət edilməsinin vacibliyini vurğuladılar. 
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təqdim edildi. Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov layihə barədə məlumat verərək bildirdi ki, dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin  yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılması, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılması, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsi və məlumatların alınması təklif olunur. Habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Daha sonra  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənədi təqdim etdi.  Bildirildi  ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır. Bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Qeyd  edildi ki,  bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin üzvü  Nizami Səfərov İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər haqqında (üçüncü oxunuş)  məlumat  verdi. Komitə üzvü  qeyd  etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında”  qanuna  əsasən,  telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq  mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək  cərimələrin  məbləğini və inzibati  məsuliyyət  növlərini özündə ehtiva  edir. 
Sənəd üçüncü oxunuşda qəbul olundu.  
Bildirildi ki, növbəti üç məsələ ölkə Prezidenti tərəfindən bir məktubda daxil edilib. Deputat Nizami Səfərov həmin məsələləri - Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə  təklif edilən  dəyişiklikləri  (üçüncü  oxunuş) şərh etdi.  O, bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin  Probasiya xidmətinin  daha geniş  tətbiqi məqsədi ilə aparılır. Belə ki, barəsində ictimai cəza  və inzibati tənbeh  qərarı çıxarılmış  şəxslər də  elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən  ictimai  işlərə  məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin  yerinə  yetirildiyi yerlərdə elektron  nəzarət  vasitəsini  gəzdirmək və  həmin  vasitənin  işlək  vəziyyətdə  saxlanılması  üçün  ona  xidmət etmək  vəzifəsi  qoyulur.  
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihələrlə bağlı fikirlərini açıqladı, təkliflərini verdi.
Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
İclasda İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin  sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub.  
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Qeyd edildi ki, gündəliyin növbəti iki məsələsi uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. 
Bildirildi ki, 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunla "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər edilərək inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələr adlandırılmış, bununla əlaqədar bu məhkəmələrin baxdığı işlər sırasından iqtisadi mübahisələrə dair işlər çıxarılmış, eləcə də kommersiya məhkəmələri yaradılmış və birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxılması bu məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir.
Layihə "İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
 Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi.  
Qeyd edildi ki, tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun bu sahədə yoxlamaların aparılması məsələlərini ehtiva edir. 
Təklif olunan qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara qeyd olunan qanunun 26-cı maddəsinin (məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi) tətbiqinə hüquqi əsaslar yaradır. Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir. 
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra İqtisadi  siyasət, sənaye və sahibkarlıq  komitəsinin  sədri Tahir Mirkişili bir zərfdə daxil olmuş növbəti dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş)  məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra,  elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Daha sonra ölkə Prezidenti tərəfindən bir məktubda daxil olmuş  növbəti üç məsələyə baxıldı. Milli Məclis  Sədrinin müavini, İctimai  birliklər  və dini qurumlar komitəsinin  sədri Fəzail İbrahimli  qanun layihələri barədə məlumat verdi.
Bildirildi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və  “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır. 
Deputatlar Razi Nurullayev, Aqil Abbas, Vüqar Bayramov, Siyavuş Novruzov, Novruzəli Aslanov qanun layihələri ilə bağlı  fikirlərini açıqladılar. 
Hər üç qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi