Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU


Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
KONSTİTUSİYA  QANUNU

I  fəsil
İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN (OMBUDSMANIN)
FƏALİYYƏTİNİN VƏ TƏYİN EDİLMƏSİNİN ƏSASLARI

 

Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin fəa­liy­yətinin əsasları*

1.1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə mü­vəkkili vəzifəsi (bundan sonra «Müvəkkil» adlandırı­la­caq) Azərbaycan Respublikası Konstitusiyasında və Azər­baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa­vilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərə­fin­dən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.

1.2. Müvəkkil «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müda­fiə­sini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını tə­min edən digər dövlət orqanlarının səlahiyyətlərini məh­dudlaşdırmır və əvəz etmir.

1.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbay­can Respublikası Milli Məclisinin deputatlarının və Azər­baycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanıl­ması Müvəkkilin səlahiyyətlərinə aid deyil.

1.7. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq veril­məsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.

1.8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məcli­sinə insan hüquq və azadlıqlarının təmin edilməsi məq­sə­dilə qanunların qəbul edilməsinə və ya yenidən baxıl­ma­sına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respub­likasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.

1.9. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sə­nəd­lə­rin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərar­larının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquq­larının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

1.10. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçu­luq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.

 

Maddə 2. Müvəkkilin seçilməsi

2.1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respub­likasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.

2.2. Azərbaycan Respublikasının Milli Məclisi Müvək­kilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbay­can Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.


Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər

3.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquq­larının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi key­fiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər.

3.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiy­yə­ti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məş­ğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məh­kum olunmuş şəxs Müvəkkil ola bilməz.

3.3. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.

3.4. Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müd­dətində onun statusuna uyğun olmayan fəaliyyəti dayan­dırmalıdır.

3.5. Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: «Azərbay­can Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzi­fəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirə­cəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qa­nunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».


Maddə 4. Müvəkkilin səlahiyyət müddəti*

4.1. Müvəkkil 7 il müddətinə seçilir.

4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

 

Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları

5.1. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Res­pub­likası Konstitusiyasına və qanunlarına tabedir.

5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:

5.2.1. dəyişilməzliyi;

5.2.2. toxunulmazlığı;

5.2.3. hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;

5.2.4. maddi və sosial təminatlar.

5.3. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Mü­vəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaş­dırmır.


Maddə 6. Müvəkkilin toxunulmazlığı

6.1. Müvəkkil səlahiyyət müddəti ərzində toxunul­mazdır.

6.2. Müvəkkil səlahiyyət müddəti ərzində, cinayət ba­şın­da yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barə­sin­də məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Res­publikası Baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.

6.3. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azər­baycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.

6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mən­zi­linə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.

6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliy­yətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövr­də törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

7.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respub­li­kası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Res­pub­likası Prezidentinin təqdimatı əsasında Azərbaycan Res­publikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

7.1.1. Müvəkkilə aid tələblər pozulduqda;

7.1.2. Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliy­yə­tini tamamilə itirdikdə.

7.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səla­hiyyətlərinə vaxtından əvvəl xitam verir:

7.2.1. Müvəkkil vəfat etdikdə;

7.2.2. Müvəkkil barəsində məhkəmənin qanuni qüv­və­yə minmiş ittiham hökmü olduqda;

7.2.3. Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

7.3. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam ve­­rildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müd­­­dətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müd­dətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
 

II  fəsil
İNSAN  HÜQUQLARININ  POZULMASINA  DAİR ŞİKAYƏTLƏRƏ  BAXILMASI VƏ MILLI PREVENTIV MEXANIZMIN FUNKSIYALARININ HƏYATA KEÇIRILMƏSI*

 

Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası

8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşları­nın, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq) insan hü­quqlarının pozulmasına dair şikayətlərinə baxır.

8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

8.3. Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.

8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxana­larında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmə­dən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.

 

Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu

9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əri­zə­çinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ün­vanı göstərilmədikdə, müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstə­rilən hallar istisna olmaqla, baxılmır.

9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.

9.4. Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

9.5. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində mə­lumatları gizli saxlamalıdır.

 

Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi

10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər:

10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;

10.1.2. şikayətə baxılmasından imtina edilsin.

10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsas­landırılmış cavab verir.

 

Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar

11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

11.1.1. bu Qanunun 8.4-cü maddəsinin tələbləri po­zulduqda;

11.1.2. şikayət Müvəkkilin səlahiyyətlərinə aid ol­ma­dıqda;

11.1.3. bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

 

Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılma qaydası milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası*

12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı ba­rə­sində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.

12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin aşa­ğıdakı hüquqları vardır:

12.2.1.  İstənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;

12.2.2. dövlət hakimiyyəti və yerli özünüidarə orqan­larından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və ma­te­rialları 10 gün müddətində almaq;

12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.

12.2.4. cinayət, mülki və inzibati işlərə dair qanuni qüv­vəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin baş­lanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;

12.2.5. şikayətin araşdırılması zamanı vəzifəli şəxs­lər­dən yazılı arayışlar almaq;

12.2.6. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);

12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;

12.2.7.  dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.

12.3. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.

12.4. Araşdırma zamanı şikayətdə qeyd olunmayan di­gər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiy­yət­lərinə aid olduqda, onun tərəfindən aparılır, onun səla­hiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiy­yətli dövlət orqanlarına göndərilir.

12.5. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda, müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.

 

Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri

13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:

13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda, Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);

13.2.2. cinayət əlamətləri aşkar edildikdə, müvafiq or­qan­lara cinayət işinin başlanması barədə müraciət etmək;

13.2.3. əlavə kassasiya qaydasında şikayət etmək hü­ququna malik olan subyektlərə müraciət etmək;

13.2.4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam mə­suliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara tək­liflər vermək;

13.2.5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

13.2.6. insan hüquqlarının pozulması xüsusi ictimai əhə­miyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətində olan təsir imkanları kifayət etmədikdə, Azər­baycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;

13.2.7. dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozul­muş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

13.2.8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

 

Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri*

13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.

13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

13-1.2.1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;

13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

13-1.2.3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.

13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması;

13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;

13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;

13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;

13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.

13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.

13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

 

Maddə 14. Müvəkkilin illik məruzəsi

14.1. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.

14.2. İllik məruzədə insan hüquqlarını pozan, Müvə­k­kilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.

14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.

14.4. İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkə­məsinə, Azərbaycan Respublikasınin Ali Məhkə­məsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.

14.5. Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.

 

Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli sax­laması

15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum ol­muş dövlət sirri təşkil edən məlumatların mühafizəsi «Döv­lət sirri haqqında» Azərbaycan Respublikası Qanu­nuna müvafiq surətdə həyata keçirilir.

15.2. Şikayətdə əks etdirilmiş halların Müvəkkil tərəfin­dən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razı­lığı olmadan yol verilmir.

 

III  fəsil
Müvəkkilin  fəaliyyətinin  təşkili  və təminatları

 

Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları

16.1. Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır.*

16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.

16.3. Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.

16.4. Müvəkkilə Azərbaycan Respublikası qanunverici­liyi ilə müəyyən olunmuş qaydada məzuniyyət verilir.

16.5. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

16.7. Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.

 

Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri**

17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.

17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respub­likasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.

17.3. Aparat və regional mərkəzlər Müvəkkil tərəfindən təsdiq olunan «Azər­baycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.

17.4. Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən edilir.

 

Maddə 18. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquq və vəzifələri*

18.1. Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini Müvəkkil işə gö­türür və işdən azad edir.

18.2. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzi­fələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Res­pub­­likasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

 

Maddə 18-1. Milli preventiv qrup**

18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin olunur. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.

18-1.2. Milli preventiv qrupun aşağıdakı hüquqları vardır:

18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;

18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.

18-1.3. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.

 

Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələş­dirilməsi*

19.1. Müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti Azər­baycan Respublikasının Dövlət büdcəsi hesabına maliyyə­ləşdirilir.

19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

 

Maddə 20. Müvəkkilin fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət**

Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Heydər Əlİyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2001-ci il.

          № 246 - IIKQ.



* 1.1-ci maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmiş, 1.2-ci, 1.3-cü və 1.4-cü maddələr yenə də həmin Konstitusiya Qanunu ilə əlavə olunmuşdur.

* 4.2-ci və 4.3-cü maddələrin bu redaksiyası Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 912-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* II fəsilin adının bu redaksiyası Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* 12-ci maddənin adının, 12.2-ci, 12.2.1-ci və 12.7-ci maddələrin  bu redaksiyası Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmiş, 12.3-cü maddə yenə də həmin Konstitusiya Qanunu ilə əlavə olunmuş, 12.2.1-ci və 12.2.7-ci maddələrin redaksiyası Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 201-VKQD №-li Konstitusiya Qanunu ilə dəyişdirilmişdir.

 

* 13-1-ci maddə Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №-li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

* 16.1-ci maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1011-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

** 17-ci maddənin adının, 17.1-ci, 17.3-cü və 17.4-cü maddələrin bu redaksiyası Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr  tarixli 128-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* 18-ci maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr  tarixli 128-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

**  18-1-ci maddə Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №li Konstitusiya Qanunu ilə əlavə edilmiş, 18-1.2.1-ci və 18-1.2.2-ci maddələrin redaksiyası Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 201-VKQD №li Konstitusiya Qanunu ilə dəyişdirilmişdir.

*19-cu maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr  tarixli 128-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

** 20-ci maddə Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD №li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

 

DOC formatda yüklə

PDF formatda yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU