Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU


Azərbaycan  Respublikasında insan hüquq  və  azadlıqlarının
həyata  keçirilməsinin  tənzimlənməsi  haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
KONSTİTUSİYA  QANUNU

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasın­da insan hüquq və azadlıqlarının həyata keçirilməsini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haq­qında» Kon­­vensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.


Maddə 1. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri

1.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanla­rı, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və və­təndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azər­baycan Respublikası Konstitusiyasında və bu Kon­sti­tusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərə­cədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hə­rə­kətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.


Maddə 2. Məhdudlaşdırılması qadağan olunan insan  hüquqları

 Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqauyğun aparılması nəticə­sin­də baş verən ölüm halları istisna olmaqla), 28-ci maddə­sinin I hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla bilməz və onla­ra dair qeyd-şərtlər müəyyən edilə bilməz.


Maddə 3. Qanun əsasında insan hüquqlarının və  azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər

3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilələrdə nəzərdə tutulmuş insan hüquqları və azad­lıqları yalnız qanunla məhdudlaşdırıla bilər.

3.2. İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir.

3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.

3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məh­dudiyyətlər Azərbaycan Respublikasının Konstitusi­ya­sında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məq­sədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci mad­­dəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, in­san hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

3.6. Azərbaycan Respublikasının Konstitusiyasında gös­tərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstəri­lən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azad­lıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissə­sində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Kon­stitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nü­fuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Kon­sti­tu­siyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər han­sı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mə­nə­viy­yatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qo­runması məqsədi ilə məhdudlaşdırıla bilər.


Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər

4.1. Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərq­li qaydada heç kəs tutula, həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:

4.1.1. şəxsin səlahiyyətli məhkəmə tərəfindən məh­kum olunduqdan sonra azadlıqdan məhrum edilməsi;

4.1.2. şəxsin məhkəmənin qanuni qərarına əməl etmə­mə­yə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdə­liyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi;

4.1.3. şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və ya­xud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qar­şısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkə­mə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;

4.1.4. yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəza­rət məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması;

4.1.5. yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması;

4.1.6. şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını al­maq məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, ya­xud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edil­məsi.

4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.

4.3. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə tə­xirə salmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.

4.4. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkə­mə­yə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qə­dər azad edilə bilər.

4.5. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.

4.6. Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz.


Maddə 5. Şəxsin insan hüquqlarını və azadlıq­la­rını pozan qanunvericilik, icra və məh­kəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Kon­sti­tusiya Məhkəməsinə şikayət vermək  hüququ

Hər kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azər­baycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti or­qan­larının normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada Azər­baycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər.


Maddə 6. Məhkəmələrin Konstitusiya Məhkə­mə­sinə  müraciət etmək hüququ

Azərbaycan Respublikasının qanunları ilə müəyyən edil­miş qaydada məhkəmələr insan hüquqlarının və azad­lıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azər­baycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Kon­stitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2002-ci il.
                   № 404-IIKQ.

DOC formatda yüklə

PDF formatda yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU