Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU


Azərbaycan Respublikasının
Milli Məclisinin Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə etimad məsələsinin
həll edilməsi hüququnun əlavə
təminatları haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
KONSTİTUSİYA  QANUNU

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikası Kon­sti­tusiyasının 95-ci maddəsinin birinci hissəsinin 14-cü bən­dində əks etdirilmiş Azərbaycan Respublikası Milli Məc­lisinin Azərbaycan Respublikasının Nazirlər Kabi­ne­tinə etimad məsələsinin həll edilməsi hüququnun həyata keçirilməsi üçün əlavə təminatların yaradılması məqsədi ilə qəbul edilir.


Maddə 1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin Azərbaycan Respublikası­nın Milli Məclisi qarşısında hesabatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Ka­binetinin fəaliyyəti haqqında hesabat verir.


Maddə 2. Azərbaycan Respublikasının Nazirlər Ka­binetinə Azərbaycan Respub­likası­nın Milli Məclisi tərəfindən sorğu gön­dərilməsi

2.1. Azərbaycan Respublikasının Milli Məclisi Azər­baycan Respublikasının Nazirlər Kabinetinə onun səla­hiy­yətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət edə bilər.

2.2. Azərbaycan Respublikası Milli Məclisinin sor­ğu­suna cavab Azərbaycan Respublikasının Nazirlər Ka­bi­ne­tini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec ol­mayaraq təqdim edilir.


Maddə 3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin üzvlərinə Azərbaycan Res­pub­likası Milli Məclisinin deputatları­nın sorğuları

Azərbaycan Respublikası Milli Məclisinin deputatla­rı­nın sorğularına cavab vermək üçün Azərbaycan Respub­likası Nazirlər Kabinetinin iş qaydaları ilə müəyyən edil­miş hallarda Azərbaycan Respublikası Nazirlər Kabine­ti­nin üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər.
 

Maddə 4. Azərbaycan Respublikası Milli Məclisi­nin Azərbaycan Respublikası Nazirlər Kabinetinə etimad məsələsinin həll edil­məsi hüququnun məhdudlaşdırılması

4.1. Azərbaycan Respublikasının Milli Məclisi tərəfin­dən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi Azərbaycan Respublikası Pre­zidentinin və ya Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri gününə 6 aydan az qaldıqda müzakirəyə çıxarıla bilməz.

4.2. Azərbaycan Respublikasının Milli Məclisi tərə­fin­dən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi eyni məsələyə dair birinci mü­zakirədən yalnız 6 ay keçdikdən sonra təkrarən yenidən müzakirəyə çıxarıla bilər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2002-ci il.
                   № 405-II KQ.

DOC formatda yüklə

PDF formatda yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU