02.12.2005 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI İCLASININ
PROTOKOLU № 1
Mill Məclisin iclas salonu.
2 dekabr 2005-ci il. Saat 12.
Mill Məclisin ən qocaman deputatı
M. Ələsgərov sədrlik etmişdir
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Preziden¬ti¬nin İcra Aparatının rəhbəri.
Yusif Hümbətov, Azərbaycan Respublikası Prezi¬den¬ti¬nin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Svetlana Qasımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi sədrinin seçilməsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “O.S. Əsədovun Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Üçüncü çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin birinci iclasında
sədrlik edən M.ƏLƏSGƏROV
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI İCLASININ
PROTOKOLU № 2
Mill Məclisin iclas salonu.
2 dekabr 2005-ci il. Saat 12.
Mill Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri.
Yusif Hümbətov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Svetlana Qasımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin seçilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları sədrlərinin seçilməsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Z.A.Əsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “B.Ə.Muradovanın Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları sədrlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
2 dekabr 2005-ci il. Saat 12.
S. Mirzəyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Möhtərəm cənab Prezident, hörmətli deputatlar, xanımlar və cənablar! Müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezidentimiz Zati-aliləri İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə keçirilmiş demokratik, azad, ədalətli və şəffaf parlament seçkiləri nəticəsində üçüncü çağırış Milli Məclis bu gün ilk iclasına başlayır.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni çağırış Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Murtuz Ələsgərova nəsib olub.
Hörmətli Murtuz müəllim, xahiş edirəm, iclasa başlayasınız.
Azərbaycan Respublikası Mill Məclisinin
ən qocaman deputatı
M.Ələsgərov sədrlik edir
Sədrlik edən. Üçüncü çağırış Milli Məclisin ilk iclasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himn səslənir.)
Sədrlik edən. Möhtərəm cənab Prezident! Sizi üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasında deputatlar adından ürəkdən salamlayıram! (Alqışlar.)
Hörmətli deputatlar, xalqın böyük etimadını qazanaraq üçüncü çağırış Milli Məclisə seçilməyiniz münasibəti ilə sizi təbrik edirəm, sizin hamınıza böyük uğurlar, can sağlığı arzulayıram! (Alqışlar.)
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalıdır, Hesablayıcı komissiya və Milli Məclisin sədri seçilməlidir.
İcazənizlə, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilmiş deputatların siyahısını oxuyuram. 1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu, 2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu, 3 saylı Babək-Kəngərli seçki dairəsi – Möhbalıyev Səttar Suliddin oğlu, 4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu, 5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu, 6 saylı Culfa-Babək seçki dairəsi – Hacıyev İsmayıl Muxtar oğlu, 7 saylı Ordubad-Culfa seçki dairəsi – Naibov-Əylisli Əkrəm Nəcəf oğlu, 8 saylı Binəqədi birinci seçki dairəsi – Səmədov Arzu Həbib oğlu, 10 saylı Binəqədi üçüncü seçki dairəsi – Musayev Madər Ələsgər oğlu, 11 saylı Qaradağ seçki dairəsi – Ələsgərov Murtuz Nəcəf oğlu, 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi – Zabelin Mixail Yuryeviç, 13 saylı Əzizbəyov birinci seçki dairəsi – Əliyev Rauf Asif oğlu, 14 saylı Əzizbəyov ikinci seçki dairəsi – Əliyeva Mehriban Arif qızı, 15 saylı Yasamal birinci seçki dairəsi – Əhmədova Gülər Mikayıl qızı, 16 saylı Yasamal ikinci seçki dairəsi – Məhərrəmov Abel Məmmədəli oğlu, 17 saylı Yasamal üçüncü seçki dairəsi – Hacıyeva Lalə Şövkət qızı, 18 saylı Nərimanov – Nizami seçki dairəsi – Həsənli Cəmil Poladxan oğlu, 19 saylı Nərimanov birinci seçki dairəsi – Əhmədov Əli Cavad oğlu, 20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu, 21 saylı Nəsimi birinci seçki dairəsi – Quliyev Ülvi Zahid oğlu, 22 saylı Nəsimi ikinci seçki dairəsi – Mollazadə Asim Nazim oğlu, 23 saylı Nəsimi – Səbail seçki dairəsi – Səmədzadə Ziyad Əliabbas oğlu, 24 saylı Nizami birinci seçki dairəsi – Abdullayev Rövnəq İbrahim oğlu, 25 saylı Nizami ikinci seçki dairəsi – Abdullayev Hüseyn Abbas oğlu, 26 saylı Sabunçu birinci seçki dairəsi – Mustafayev Fazil Qəzənfər oğlu, 27 saylı Sabunçu ikinci seçki dairəsi – Zeynalov Fərrux Məmmədnəbi oğlu, 28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu, 29 saylı Səbail seçki dairəsi- Muradov Fuad Rauf oğlu, 30 saylı Suraxanı birinci seçki dairəsi – Məmmədxanov Anar Camali oğlu, 32 saylı Suraxanı üçüncü seçki dairəsi – Abıyev Ağacan Qulam oğlu, 33 saylı Xətai birinci seçki dairəsi – Mirələmov Hüseynbala Fazil oğlu, 34 saylı Xətai ikinci seçki dairəsi – Nəsibli Nəsib Loğman oğlu, 35 saylı Xətai üçüncü seçki dairəsi – Ağazadə İqbal Fehruz oğlu, 36 saylı Xətai dördüncü seçki dairəsi- Seyidov Səməd İsmayıl oğlu, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Abbasov Aydın Abbas oğlu, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Məmmədov Vidadi Yunis oğlu, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa
oğlu, 41 saylı Sumqayıt birinci seçki dairəsi – İsrafilov İkram İsrail oğlu, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi – İsgəndərov Nizami Zaman oğlu, 45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu, 46 saylı Əli Bayramlı seçki dairəsi – Quliyev Azay Əjdər oğlu, 47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu, 48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu, 49 saylı Yevlax – Mingəçevir seçki dairəsi – Hüseynov Əli Məhəmməd oğlu, 50 saylı Qobustan – Xızı – Quba seçki dairəsi – Xanlarova Zeynəb Yəhya qızı, 51 saylı Qusar seçki dairəsi – Günəşov Xəlilbəy Günəş oğlu, 52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid Qazməmməd oğlu, 53 saylı Quba – Qusar seçki dairəsi – Abramov Yevda Sasunoviç, 54 saylı Dəvəçi – Siyəzən seçki dairəsi – Süleymanov Tahir Süleyman oğlu, 55 saylı Xaçmaz şəhər seçki dairəsi – Abbasova Lalə Gülbaba qızı, 56 saylı Xaçmaz kənd seçki dairəsi – Xudiyev Nizami Mənaf oğlu, 57 saylı Kürdəmir seçki dairəsi – Qəribov Fərhad Həsən oğlu, 58 saylı Hacıqabul – Kürdəmir seçki dairəsi – Hüseynov Rafael Baba oğlu, 59 saylı Salyan seçki dairəsi – Abdullayev Əkrəm Kamal oğlu, 60 saylı Salyan – Neftçala seçki dairəsi – Ağamalı Fəzail Rəhim oğlu, 61 saylı Neftçala seçki dairəsi – Rəhimzadə Arif Qafar oğlu, 62 saylı Saatlı seçki dairəsi – Əliyev Cəlal Əlirza oğlu, 63 saylı Sabirabad birinci seçki dairəsi – Hüseyn Pənah Çodar oğlu, 64 saylı Sabirabad ikinci seçki dairəsi -Xəlilov Rüstəm Gülabba oğlu, 65 saylı Saatlı – Sabirabad – Kürdəmir seçki dairəsi – Əhmədov Gülhüseyn Əliəhməd oğlu, 66 saylı Biləsuvar seçki dairəsi – Kazımlı Xanhüseyn Hüseynağa oğlu, 67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Aydın Xanhüseyn oğlu, 68 saylı Cəlilabad kənd seçki dairəsi – Kazımov Mirkazım Məhəmməd oğlu, 70 saylı Masallı şəhər seçki dairəsi – Abıyev Əhəd Mikayıl oğlu, 71 saylı Masallı kənd seçki dairəsi – Axundova Elmira Hüseyn qızı, 72 saylı Yardımlı – Masallı seçki dairəsi – Rüstəmxanlı Sabir Xudu oğlu, 73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu, 74 saylı Lənkəran kənd seçki dairəsi – Rəcəbli Hadi Musa oğlu, 75 saylı Lənkəran – Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu, 76 saylı Lənkəran – Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu, 77 saylı Astara seçki dairəsi – Əliyev Vasif İzzət oğlu, 78 saylı Lerik – Lənkəran seçki dairəsi – Qənbərov Miri Əhəd oğlu, 79 saylı İmişli seçki dairəsi – Əkbərli İltizam Nizam oğlu, 80 saylı İmişli – Beyləqan seçki dairəsi – Əhmədov Əhəd Abbas oğlu, 81 saylı Beyləqan seçki dairəsi – Məmmədov Səfər Musa oğlu, 82 saylı Ağcabədi seçki dairəsi- Rzayev Tahir Musa oğlu, 83 saylı Ağcabədi – Ağdam seçki dairəsi- Abbasov Aqil Məhəmməd oğlu, 84 saylı Füzuli seçki dairəsi- Muradova Bahar Əvəz qızı, 85 saylı Şamaxı seçki dairəsi – İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu, 86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruzəli Davud oğlu, 87 saylı Ağsu – İsmayıllı seçki dairəsi – Cavadov Ərəstun Nurəddin oğlu, 88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu, 89 saylı Göyçay – Ağdaş seçki dairəsi – Hacıyev Şəmsəddin Hümmət oğlu, 90 saylı Ağdaş seçki dairəsi – Əsədullayev Çingiz Rauf oğlu, 91 saylı Ucar seçki dairəsi – Məmmədov Elton Arzuman oğlu, 92 saylı Zərdab – Ucar seçki dairəsi – Əliyeva Jalə Fazil qızı, 93 saylı Bərdə şəhər seçki dairəsi- Orucov Zahid Məhərrəm oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi- Baxşəliyeva Gövhər Baxşəli qızı, 95 saylı Tərtər seçki dairəsi – Quliyeva Aynur Camal qızı, 96 saylı Goranboy – Naftalan seçki dairəsi – Hacıyeva Gültəkin Yunis qızı, 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu, 98 saylı Şəmkir şəhər seçki dairəsi – Əmiraslanov Azər Kamal oğlu, 99 saylı Şəmkir kənd seçki dairəsi – Həsənova Məlahət İbrahim qızı, 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsi – Qurbanlı Mübariz Qəhrəman oğlu, 101 saylı Xanlar – Daşkəsən seçki dairəsi – Rzayev Rövşən Şükür oğlu, 102 saylı Samux – Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu, 104 saylı Gədəbəy – Tovuz seçki dairəsi – Məmmədov Nazim Hüseyn oğlu, 105 saylı Tovuz seçki dairəsi- Paşayeva Qənirə Ələsgər qızı, 107 saylı Qazax seçki dairəsi – Vəkilov Vaqif Səməd oğlu, 108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu, 109 saylı Balakən seçki dairəsi – Aslanova Rəbiyyət Nurullah qızı, 111 saylı Zaqatala – Balakən seçki dairəsi – Xəlilov Dünyamin Zakir oğlu, 112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu, 113 saylı Şəki şəhər seçki dairəsi – Məsimli Əli Əhməd oğlu, 114 saylı Şəki kənd birinci seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu, 115 saylı Şəki kənd ikinci seçki dairəsi – Şükürov Məjlum Şükür oğlu, 116 saylı Qəbələ seçki dairəsi – Heydərov Fəttah Səməd oğlu, 117 saylı Oğuz – Qəbələ seçki dairəsi – Qurbanov Eyvaz Daşdəmir oğlu, 118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi – Şahverdiyev Astan Nuşrəvan oğlu, 121 saylı Laçın seçki dairəsi – Hətəmov Sevindik Hacağa oğlu, 122 saylı Xankəndi seçki dairəsi – Məmmədova Həvva İsa qızı, 123 saylı Kəlbəcər seçki dairəsi – Qurbanov Cavid Qənbər oğlu, 124 saylı Şuşa – Füzuli – Xocalı – Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu. Bu qədər.
Mənə məlumat vermədiniz, iclasda Milli Məclisin deputatlarından neçə nəfəri iştirak edir?
S. Mirzəyev. 104 nəfər iştirak edir.
Sədrlik edən. 115 seçilmiş deputatdan 104 nəfəri iştirak edir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasında çıxış etmək üçün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri möhtərəm cənab İlham Əliyevə söz verilir. (Alqışlar.)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli xanımlar və cənablar!
Hörmətli millət vəkilləri!
Bu gün üçüncü çağırış Milli Məclis öz işinə başlayır və bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm.
Dünən Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdi. Beləliklə, Milli Məclisə seçilmiş deputatlar öz fəaliyyətinə başlayırlar. Bütövlükdə parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında çox böyük rolu var. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilib və bizə imkan verəcək ki, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycanda siyasi proseslər daha da sürətlə aparılsın, ölkədə demokratik islahatlar davam etdirilsin və bütövlükdə Azərbaycan demokratik dövlətə çevrilsin.
Mən bu gün bu kürsüdən ikinci çağırış Milli Məclisin fəaliyyətinə toxunmaq istərdim. 2000-ci ildə seçilmiş Milli Məclis və onun millət vəkilləri çox böyük işlər görmüş, səmərəli işləmişlər. Son 5 il ərzində Azərbaycanda çoxlu qanun qəbul edilmişdir ki, bu da ölkəmizin hərtərəfli inkişafı üçün gözəl qanunvericilik bazasını yaratdı. Hesab edirəm ki, qəbul edilmiş qanunlar ölkəmizin inkişafında bundan sonra da mühüm rol oynayacaq və bütövlükdə Azərbaycanda çox geniş qanunvericilik bazası yaradılacaqdır.
İnkişaf etmiş ölkələrdə, parlamentarizmin böyük ənənələri olan ölkələrdə qanunvericilik bazası da çox genişdir. Ancaq Azərbaycanda vəziyyət fərqli idi. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayanda bizim qanunlarımız yox idi. Konstitusiyamız 1995-ci ildə qəbul edilmiş və ondan sonra qanunvericilik prosesi geniş vüsət almışdır. Azərbaycanda yeni qanunların qəbul edilməsi məsələsi çox böyük əhəmiyyət kəsb edirdi. Çünki hər bir ölkənin həyatında əsas rolu qanunlar oynayır. Biz Azərbaycanda hüquqi dövlət qururuq və ona görə də qanunun aliliyi hər şeydən üstün olmalıdır. Bu baxımdan ikinci çağırış Milli Məclisin fəaliyyəti müsbət olmuşdur. Milli Məclisin komissiyaları çox səmərəli işləmişdir. Parlamentin rəhbərliyi, spiker Murtuz Ələsgərov və onun müavinləri çox böyük işlər görmüşlər. Mən buna görə onlara minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, son 5 il ərzində Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara da qoşuldu. Bu bizim dünya birliyinə, Avropa strukturlarına inteqrasiya siyasətimizin tərkib hissəsidir. Son 5 il ərzində Azərbaycanda qəbul edilmiş yeni mütərəqqi qanunlar ölkəmizin demokratik inkişafına güclü təkan verdi və biz bu gün bunun bəhrəsini görürük.
Bu gün isə üçüncü çağırış Milli Məclis öz işinə başlayır. Mən ümid edirəm ki, siz Azərbaycanda yaranmaqda olan müasir parlamentarizmin ənənələrini davam etdirəcəksiniz.
2005-ci ilin parlament seçkiləri ölkə həyatında çox mühüm bir proses və hadisə idi. Bir neçə ay ərzində Azərbaycanda parlament seçkilərinə hazırlıq dövrü ərzində ölkədə gedən siyasi proseslər daha da sürətlənmiş, ölkə demokratik inkişaf baxımından daha da möhkəmlənmişdir. Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün hər şey edilmişdir və nəticə etibarilə açıq, ədalətli, şəffaf şəkildə parlament seçkiləri keçirilmiş və yeni deputatlar mandat əldə etmişlər. Bu ərəfədə həm müvafiq sərəncamlar imzalandı, həm də seçki kampaniyasının aparılmasında çoxlu yenilik oldu. Bəzi istisnalar olmaq şərti ilə sərbəst toplaşma azadlığı təmin edilmiş, Azərbaycanın bütün yerlərində namizədlər seçicilərlə əlaqə saxlamış, öz görüşlərini keçirmişlər. Bəzi hallarda isə qəsdən törədilmiş hadisələr nəticəsində buna imkan olmadı.
2000 namizədin qeydiyyatdan keçməsi də özlüyündə parlament seçkilərinə əhali tərəfindən böyük inamın təzahürü idi. Bu inam olmasaydı, heç vaxt 2000 adam bu yarışa girməzdi. Media qurumları seçki kampaniyasında çox fəal iştirak etmişlər. Bu da yenilikdir. Deyə bilərəm ki, biz hətta bu baxımdan inkişaf etmiş ölkələri geridə qoyduq. Çünki inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində özəl telekanallar seçki kampaniyasında iştirak etmirlər. Onlar yalnız reklam vaxtından istifadə edib bu və ya digər namizədlərə öz efir vaxtını verirlər. Azərbaycanda isə bütün özəl kanallar parlament təşviqatında fəal rol oynamışlar. Başqa yeniliklər də oldu. İlk dəfə Azərbaycanda “exit-poll” keçirildi. Ondan sonra, barmaqların mürəkkəblə işarələnməsi məsələsi həllini tapdı.
Bir sözlə, bütün tədbirlər görüldü ki, Azərbaycanda şəffaf seçkilər keçirilsin, seçki saxtakarlığına imkan olmasın, əgər hansısa hallarda bu saxtakarlıq olarsa, onu gizlətmək mümkünsüz olsun. Nəticələr də bunu təsdiq etdi. O dairələrdə ki qanun pozuntuları olub, qanunsuz müdaxilələr, yaxud saxtakarlıq olub, bildiyiniz kimi, orada nəticələr ya dəyişdirilib, ya da ləğv edilibdir. Nəticələr 10 dairədə ləğv edilib, 2 dairədə son nəticələr dəyişdirilibdir. Bütövlükdə 12 dairədə seçkilərin keçirilməsində problemlər yaranmışdır. Məhz bizim tərəfimizdən qəbul edilmiş sərəncamlar, verilmiş göstərişlər, atılmış addımlar imkan yaratdı ki, bu qanun pozuntularının aşkarlanması mümkün olsun. Bütövlükdə seçki kampaniyası çox uğurlu keçdi. Hesab edirəm ki, hər bir namizəd sərbəst şəkildə öz platformasını, fikirlərini seçicilərə çatdıra bilmişdir.
Seçkilərin nəticələri Azərbaycanda hökm sürən ab-havanın təzahürüdür. Mən şəxsən şübhə etmirdim ki, seçkilərdə Azərbaycan dövlətçiliyinə xidmət edən, Azərbaycanı istəyən, sevən vətənpərvər insanlar, öz biliyi, fəaliyyəti ilə hörmət qazanmış insanlar üstünlük əldə edəcəklər. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqı öz seçimini edibdir. Bu gün xalqla iqtidar arasında olan bu birlik, bu inam bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Parlament seçkiləri bunu bir daha təsdiqlədi. Mən çox sevinirəm ki, parlamentdə təmsil olunan deputatlar açıq, ədalətli mübarizədə qələbə qazandılar və əlbəttə, bu, parlamentin legitimliyinə də öz böyük töhfəsini vermiş oldu.
Bildiyiniz kimi, Azərbaycanda parlament seçkiləri böyük maraq doğurmuşdur. Müxtəlif xarici təşkilatlar buraya çoxlu müşahidəçi göndərmişdilər. Bir neçə ölkənin nümayəndələri parlament seçkilərini yaxından izləmişlər. Bu da təbiidir. Çünki Azərbaycan Avropa, Avroatlantik strukturlarına sürətlə inteqrasiya edir. Azərbaycanda bütün meyarlar gərək yüksək səviyyəyə cavab versin. Belə olan halda, əlbəttə, parlament seçkilərinin ədalətli, şəffaf keçirilməsi həm bizim maraqlarımıza cavab verirdi, həm də bizimlə əməkdaşlıq edən beynəlxalq təşkilatların, tərəfdaşlarımızın marağında idi.
Bildiyiniz kimi, müxtəlif beynəlxalq təşkilatlar və onların müşahidəçiləri burada işləmiş və rəylər təqdim etmişlər. Bu rəylər öyrənilir, təhlil edilir, harada ki ədalətli irad varsa, o irad, təbii ki, qəbul edilir və nəticə çıxarılır. Narada ki ədalətsiz yanaşma, yaxud da irad varsa, hansısa səhv məlumat əsasında yaranmış yanlış fikir varsa, əlbəttə, biz bunu qəbul edə bilmərik. Harada qərəzli irad varsa, biz bunu bütövlükdə rədd edirik. Çünki biz ədalətin tərəfdarıyıq. Parlament seçkilərinin şəffaf, ədalətli keçirilməsi üçün hər şey edilibdir. Biz öz niyyətimizi açıq şəkildə ortaya qoyduq və axıra, sona qədər sübut etdik ki, biz buna sadiqik.
Amma o da faktdır ki, Azərbaycan son illər ərzində çox sürətlə inkişaf edən bir ölkədir. Azərbaycanın regionda və dünyada önəmi artmaqdadır. Bizim siyasi çəkimiz artmaqdadır. İqtisadi potensialımız güclənir, bizim coğrafi-siyasi önəmimiz sürətlə artır. Təbii sərvətlərlə zəngin olan, çox mühüm yerdə yerləşən, dünyəvi ölkəyə, Avropa, Avroatlantik strukturlarına inteqrasiya yolu seçmiş ölkəyə, əlbəttə, böyük maraq var və bəzi hallarda müxtəlif siyasi hadisələr bəzi dairələr tərəfindən başqa məqsədlər üçün də istifadə olunur. Heç kəs üçün sirr deyil, belə hallar olmuşdur, biz də onun şahidiyik ki, seçkilərə mənfi yanaşan bəzi dairələr bunu siyasi motivlərlə etmişlər. Bu bir növ siyasi təzyiqin əlaməti idi. Bunu hamımız bilirik, gərək buna da hazır olaq. Bu var, sabah da olacaqdır. Biz buna hazır olmalıyıq. Mən də buna hazıram.
Yenə də deyirəm ki, biz əməkdaşlığın tərəfdarıyıq. Biz qarşılıqlı hörmət və ehtiram, bərabərlik əsasında qurulmuş münasibətlərin tərəfdarıyıq. Biz öz siyasətimizi, o cümlədən xarici siyasətimizi açıq və aydın bəyan etmişik. Mən iki il bundan əvvəl Prezident vəzifəsinə seçilən zaman bu siyasəti bəyan etdim və indi bu siyasət davam etdirilir. Təbii ki, Azərbaycan kimi cəlbedici ölkə, belə cazibədar ölkə bütün bu sadaladığım amilləri nəzərə almaq şərti ilə, şübhəsiz ki, müxtəlif maraqların toqquşması yerinə çevrilə bilər. Biz buna imkan verməməliyik və mən dəfələrlə bunu demişəm. Azərbaycan rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə, Azərbaycanın milli maraqları təmin olunmalıdır. Mən Azərbaycanın milli maraqlarının təmin olunmasında əlimdən gələni əsirgəmirəm. Biz hamımız, o cümlədən deputat korpusu bu məsələyə qulluq etməliyik. Ən əsası Azərbaycanın milli maraqları, Azərbaycan xalqının inkişafı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsidir. Onsuz da biz bu gün bölgədə liderlik mövqelərinə sahibik. Bu gün Azərbaycanın iştirakı olmadan, razılığı olmadan, siyasi iradəsi olmadan bölgədə heç bir – nə siyasi, nə iqtisadi, nə də başqa layihə reallaşdırıla, yaxud hadisə baş verə bilməz. Getdikcə bizim çəkimiz, önəmimiz artacaqdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınmasından sonra, Azərbaycandan keçən müxtəlif enerji və nəqliyyat dəhlizləri fəaliyyətə başlayandan sonra bizim önəmimiz qat-qat artacaqdır. Azərbaycan artıq regional müstəvidən çıxıb dünya miqyasında çox önəmli rol oynayan ölkəyə çevriləcək və çevrilməlidir. Bizim məqsədimiz məhz bundan ibarətdir. Bütün görülən tədbirlər, atılan addımlar, iqtisadi, siyasi islahatlar, Azərbaycanın hərtərəfli inkişafı, demokratiyanın inkişafı məhz bu məqsədi daşıyır.
Mən tam əminəm ki, əgər biz Azərbaycanda güclü iqtisadi və siyasi potensial yaratmaq istəyiriksə, Azərbaycanda həm iqtisadi, həm də siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Biz bilirik, bəzi ölkələrdə belə fikir var ki, öncə gərək iqtisadiyyat möhkəmlənsin, güclü iqtisadi baza formalaşsın, ondan sonra demokratikləşmə proseslərinə daha da böyük təkan verilə bilər, yaxud bu istiqamətdə hansısa daha da cəsarətli addımlar atıla bilər. Mən bu fikrə şərik deyiləm. Mən düşünürəm ki, bu iki proses paralel şəkildə getməlidir. Əgər Azərbaycanda demokratiya tam şəkildə bərqərar olunmasa, azad cəmiyyət yaranmasa, bizim iqtisadi uğurumuzun heç bir əhəmiyyəti olmayacaqdır. Əgər ictimai nəzarət yoxdursa, əgər azadlıq yoxdursa və ölkə demokratik deyilsə, uğurlarımız nə qədər olursa-olsun, bizim təbii sərvətlərimiz olsun, yaxud neft kəmərlərimiz olsun, büdcəmiz artsın – bunun heç bir əhəmiyyəti olmayacaqdır.
Biz bəzi neft hasil edən ölkələrin təcrübəsini öyrənmişik və görürük ki, harada uğur var, harada vəziyyət yaxşı deyil. Bunu görmək, bunu müqayisə etmək və işləri bu istiqamətdə aparmaq lazımdır. Mənim siyasətim bundan ibarətdir və bu günə qədər atılmış bütün addımlar məhz bu məqsədi daşıyır: güclü iqtisadiyyat yaratmaq, iqtisadi potensialı möhkəmləndirmək, cəsarətli iqtisadi islahatlar aparmaq və eyni zamanda, Azərbaycanda demokratik prosesləri sürətləndirmək.
Bu istiqamətdə parlament seçkilərinin çox böyük əhəmiyyəti vardır. Əlbəttə, başqa addımlar da atılır. Parlament seçkiləri ərəfəsində görülmüş işlər, yeni Seçki Məcəlləsinə edilmiş dəyişikliklər və başqa yeniliklər artıq bir səviyyə yaratdı. Bundan sonra Azərbaycan artıq bu səviyyədən aşağı enməyəcəkdir. Bundan sonra daha böyük addımlarla irəliləyəcək, daha mütəşəkkil qaydada seçkilər keçiriləcək və mən əminəm ki, bu seçkilərdə bizi narahat edən qanun pozuntuları aradan qaldırılacaqdır.
İndiki seçkilərdə Prezidentin göstərişlərinə əməl etməyən insanlar cəzalandırıldılar və bu proses davam edəcəkdir. Hamı bilməlidir ki, əgər mən bəyan edirəmsə, – bunu bir dəfə, iki dəfə yox, rayonlarda olduğum zaman bütün görüşlərdə, burada keçirdiyim toplantılarda vurğulamışdım, – gərək heç kəs müdaxilə etməsin, yerli icra orqanları seçki prosesinə müdaxilə etməsinlər. Seçkilər şəffaf keçirilməlidir. Heç bir namizədə problem yaradılmamalıdır. Hamı eyni, bərabər hüquqa malik olmalıdır. Amma məni eşitməyən, göstərişlərimə əməl etməyən məmurları mən cəzalandırdım. Artıq bəziləri həbs olunub, bəziləri işdən çıxarılıb və bu proses davam edəcəkdir.
Bu seçkilərə media tərəfindən böyük diqqət göstərilmişdir. Yəqin, bu da təbiidir. Xüsusilə xarici telekanallar və qəzetlər, digər informasiya agentlikləri bu seçkilərə böyük maraq göstərirdilər. Yəqin, siz də o yazıları, məlumatları izləmisiniz. Seçkilərə hələ bir neçə ay qalmış müxtəlif fərziyyələr irəli sürülürdü ki, görəsən, Azərbaycanda növbəti inqilab olacaq, yoxsa yox. Bəziləri yazırdı ki, olacaq, bəziləri yazırdı ki, olmayacaqdır. Mən bu barədə öz fikrimi dəfələrlə, hələ bir neçə ay bundan əvvəl, seçki kampaniyası başlayan gün ifadə etmişəm. Bu gün həyat göstərir ki, mən haqlıyam. Çünki inqilabı, yaxud da çevrilişi şərtləndirən amillər var. Ümumiyyətlə, bu hadisəyə inqilabmı, çevrilişmi demək də, əlbəttə, hər bir insanın, yaxud təşkilatın yanaşmasından asılıdır. Əgər buna müsbət hal kimi baxırlarsa, deyirlər ki, bu, inqilabdır. Əgər bunu qəbul etmirlərsə, deyirlər ki, bu, çevrilişdir. Başqa ölkələrdə, postsovet ölkələrində baş vermiş hadisələrə qiyməti, yəqin ki, o ölkələrdə yaşayan xalqlar verəcəklər. Ona görə mən bu məsələyə toxunmaq istəməzdim. Amma Azərbaycana gəldikdə, əlbəttə ki, burada çevriliş etmək üçün müəyyən amillər lazım idi və onlar da Azərbaycanda yoxdur.
İlk növbədə, Azərbaycanda iqtidarla xalq arasında uçurum olmalıydı. Bizdə əksinə, xalqla iqtidar arasında birlik, inam var. Biz bunu gündəlik fəaliyyətimizlə daha da möhkəmləndiririk. Digər tərəfdən, çevriliş etmək üçün güclü müxalifət lazımdır və cəsarətli müxalifət lideri lazımdır. Azərbaycan, nə o var, nə də bu. Bundan başqa, bunu etmək üçün təkcə müxalifətin güclü olması kifayət etməz. Güclü ictimai bir fikir də olmalıdır. İctimai, yaxud da sosial sifariş olmalıdır. Bu, Azərbaycanda bütövlükdə yoxdur və mövcud deyildir. Azərbaycan ictimaiyyəti bunu dəstəkləmir. Parlament seçkiləri, onun nəticələri və seçkilərdən sonra baş vermiş hadisələr bunu bir daha təsdiqləyir. Əksinə, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur. Mən deyə bilmərəm ki, Azərbaycanda siyasi həmrəylik var. Yox. Əfsuslar olsun ki, biz hələ o səviyyəyə çatmamışıq, gərək siyasi mədəniyyət o səviyyəyə çatsın ki, siyasi partiyalar, yaxud siyasi mübarizə aparan tərəflər bu mübarizəni sivil qaydada aparsınlar. Ancaq Azərbaycanda vətəndaş həmrəyliyi var. Azərbaycan iqtidarının apardığı siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Ona görə Azərbaycanda çevrilişi təmin edə biləcək heç bir amil yox idi. Ancaq buna baxmayaraq, biz bilirik ki, media mənsubları bəzi hallarda sensasiya axtarışındadırlar. Bilirəm, bura gəlmiş çoxlu xarici jurnalistlər bir az məyus oldular ki, Azərbaycanda bu hadisəni görmədilər. Ancaq mən dedim, onlara deyin ki, üzr istəyirik, əgər bu hadisələri görmək istəyirlərsə, getsinlər, bunu öz ölkələrində görsünlər. (Alqışlar.) Bu kimin üçünsə, tutaq ki, bir sensasiyadır, yaxud hadisədir, bizim üçün isə bu bizim həyatımızdır, müqəddəratımızdır. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş çox möhkəm qorunur və saxlanılır.
Bilirəm ki, seçkilərdən sonra müxalifətin bəzi mitinq cəhdləri də böyük maraq doğururdu və bəzi jurnalistlər artıq başlıqları da hazırlamışdılar ki, sabah öz qəzetlərində, yaxud telekanallarında çevriliş haqqında məlumat verəcəklər. Ancaq Azərbaycan xalqı bir daha göstərdi ki, o, kimin tərəfindədir və seçkilər bunu bir daha sübut etdi. Bəziləri, müxtəlif ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlar hesab edirdilər ki, bu seçkilərdən sonra Azərbaycan iqtidarı və onun Prezidenti zəifləyəcək və belə olan halda Azərbaycanda hansısa işləri görmək daha da asan olacaqdır. İqtidar yaralı, zəif olacaq və bunun nəticəsində burada müəyyən maraqlar təmin ediləcəkdir. Amma həyat göstərdi ki, Azərbaycan iqtidarı bu seçkilərdən sonra daha da möhkəmləndi. (Alqışlar.)
Bir də, bilirsiniz ki, 10 ay ərzində iqtisadiyyatı 23 faiz artan ölkələrdə, adətən, çevrilişlər baş vermir. Bizim uğurlu iqtisadi, sosial siyasətimiz xalq tərəfindən bəyənilir və dəstəklənir. Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşübdür. Keçən il təxminən 9 faiz aşağı düşübdür. Artıq mənə verilmiş ilkin məlumatlara görə bu il də kəskin şəkildə aşağı düşəcəkdir. 300 mindən artıq yeni iş yerlərinin yaradılması, iqtisadi islahatlar, sənaye istehsalının 30 faiz artması heç bir ölkədə yoxdur. On ayda ümumi daxili məhsulun 23 faiz artması heç bir ölkədə yoxdur. Maaşlar qalxır, tələbələrin təqaüdləri qalxdı, müxtəlif kateqoriyalı insanların maaşları qalxır. Bu proses davam edəcəkdir. Bizim büdcəmiz 67 faiz artıb, 4 milyard dollara gəlib çatıbdır. İki il bundan əvvəl 1 milyard dollar səviyyəsində idi. İnvestisiya xərclərimiz artır, geniş abadlıq, quruculuq işləri aparılır. Rayonlar abadlaşır, ən ucqar kəndlərə yollar salınır, su, neft kəmərləri çəkilir, elektrik stansiyaları, məktəblər, xəstəxanalar tikilir. Bunu görməmək mümkün deyildir. Bunu biz də görürük, insanlar da görürlər.
Mənim məqsədim ondan ibarətdir ki, bu gözəl makroiqtisadi göstəriciləri biz insanların gündəlik həyatının normasına çevirək. Çünki adi vətəndaşı ümumi daxili məhsul və onun yüksəlməsi o qədər də maraqlandırmır. Bəlkə də bilmir bu nədir. Onun real həyatı, güzəranı onu maraqlandırır. Biz bunu təmin etməliyik. Ancaq bunu mərkəzdən etmək mümkün deyil. Biz bütün qərarları burada qəbul edirik. Maliyyə nizam-intizamını möhkəmləndiririk. Büdcə gəlirlərini artırırıq. Azərbaycanda iqtisadi islahatların aparılması üçün lazımi qərarlar qəbul edirik. Ancaq əgər yerlərdə rüşvətxor məmurlar buna imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz. Ona görə mənim tərəfimdən son müddət ərzində bir çox rayonlarda icra hakimiyyətinin başçıları dəyişdirildi və indi onların, mənim təyin etdiyim insanların tam əksəriyyəti yaxşı işləyir.
Mən yenə də parlamentdə bu demokratik inkişaf prosesinə, ictimai nəzarət məsələsinə qayıdıram. İctimai nəzarət olmalıdır, o cümlədən parlament tərəfindən ki, büdcə xərclərindən necə istifadə olunur. 4 milyard dollar son hədd deyildir. Biz bilirik ki, bu, gələcəkdə 5 milyard dollara çatacaq, ondan sonra daha böyük olacaqdır. Xərclər artdıqca, nəzarət də güclənməlidir. Bu, mütləq və mütləq olmalıdır. Çünki hər bir vətəndaş bunu öz gündəlik həyatında hiss etməlidir. Mən şübhə etmirəm ki, qarşıda qoyulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir. Son iki ilin təcrübəsi bunu əyani şəkildə göstərir. Nəyi demişiksə, onu da etmişik. Bilirdik ki, nəyi edə bilməyəcəyik, onu deməmişik. Onu sonra deyəcəyik. Nə vaxt ki, buna zəmin yaranacaqdır. Heç vaxt heç bir populist vədlə çıxış etməmişik. Bəzi müxalifət nümayəndələrindən fərqli olaraq, deməmişik ki, biz hər bir vətəndaşa 200 dollar pul verəcəyik. Çünki biz öz insanlarımıza, vətəndaşlarımıza hörmətlə yanaşırıq.
Biz bilirik ki, Azərbaycan xalqının çox böyük intellektual potensialı var. Azərbaycan xalqı dünyada gedən prosesləri çox yaxşı bilir. Əgər onlara deyirlərsə ki, hər bir vətəndaşa 200 dollar pul verəcəyik, sadəcə, onlar bunu təhqir kimi qəbul edirlər ki, görün, Azərbaycan xalqı haqqında nə fikirdədirlər. Əgər onlar hakimiyyətə gəlsələr, Azərbaycan xalqı ilə necə rəftar edəcəklər? Biz bunu 1990-cı illərin əvvəllərində görmüşük. Azərbaycan xalqı da bunu görübdür, yaxşı xatırlayır və Azərbaycanı bərbad vəziyyətə salan, ölkəni talayan, Azərbaycanda vətəndaş müharibəsini başlayan, Azərbaycanı uçuruma sürükləyən qüvvələrə Azərbaycan siyasətində heç vaxt yer olmayacaqdır. Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcəkdir. (Alqışlar.)
Bir-iki kəlmə xarici siyasət haqqında demək istəyirəm. Çünki parlamentin funksiyası həm də parlamentlərarası əlaqələri möhkəmləndirməkdən ibarətdir. Bizim artıq müxtəlif beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlığımız var. Mən hesab edirəm ki, parlament bu məsələyə böyük diqqət göstərməlidir. Mən də, yəqin, siz də xarici səfərlərdə bunun şahidi oluruq ki, Azərbaycan haqqında məlumat kifayət qədər deyildir. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinin o qədər də xəbəri yoxdur. Ona görə hər bir nümayəndə heyətinin səfəri həm də bu məqsədi daşımalıdır. Təsadüfi deyil ki, son iki il ərzində bir sıra xarici ölkələrdə Azərbaycanın səfirlikləri açılıbdır. Bu, o məqsədi daşıyır. Yəni bir tərəfdən, diplomatiyamız daha fəal, çevik olsun, digər tərəfdən, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırılsın. Ona görə parlamentin də bu istiqamətdə böyük addımları olmalıdır. Bütövlükdə parlamentin bu sahədə fəaliyyəti təqdirəlayiqdir və daha da güclənməlidir.
Azərbaycanın xarici siyasəti dəyişməz olaraq qalır. Biz öz siyasətimizi ilk növbədə, Azərbaycan xalqının maraqları üzərində qururuq və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Biz bütün dostlarımızla, tərəfdaşlarımızla yaxşı münasibətlərin olmasını istəyirik. Mən çox məmnunam ki, qonşularımızla münasibətlərimiz çox yüksək səviyyədədir və gündən-günə güclənir. Bu, çox vacibdir. Çünki biz burada, bu bölgədə yaşayırıq. Əlbəttə, qonşularla yaxşı münasibətlərin qurulması ölkədə və bölgədə sabitliyin, əməkdaşlığın əsaslarını möhkəmləndirir. Digər tərəfdən, Azərbaycan regional müstəvidə çox fəal iştirak edir və mübaliğəsiz demək olar ki, artıq regionda lider dövlətə çevrilib və öz mövqelərini möhkəmləndiribdir.
Bizim Avroatlantik strukturları ilə əməkdaşlığımız çox səmərəli və müsbətdir. Bu istiqamətə böyük diqqət göstərilir və xarici siyasətimizin bu istiqaməti növbəti illərdə daha da güclənməlidir. Avropa İttifaqı ilə əlaqələr yüksək səviyyədədir. Azərbaycan beş ildir Avropa Şurasının üzvüdür və Avropa Şurası ilə çox gözəl əməkdaşlıq edir. Onu da demək istəyirəm ki, yeni seçilmiş deputatlar da bilsinlər, Avropa Şurası yalnız Azərbaycan üzrə məruzəçilərdən ibarət deyil. Bunu da bilin. (Alqışlar.)
Avropa Şurası o təşkilatdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edibdir. Bax, o qətnamədə Ermənistanı işğalçı dövlət kimi ifşa edibdir. İlk dəfə olaraq yazılmışdır ki, Ermənistan! Yazılmamışdır ki, hansısa erməni qüvvələri, yaxud ermənilər. Yazılmışdır ki, Avropa Şurasının bir ölkəsi Avropa Şurasının digər ölkəsinə qarşı təcavüz edibdir. Bu təcavüz nəticəsində 20 faiz torpaq işğal altına düşüb, 1 milyondan artıq qaçqın-köçkün yaranıbdır. Ona görə biz bu istiqaməti gərək yaxından təqib edək və Avropa Şurası ilə əməkdaşlığımızı daha da möhkəmləndirək.
İslam Konfransı Təşkilatı ilə bizim çox gözəl əməkdaşlığımız var. İslam Konfransı Təşkilatı o təşkilatdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair öz qərarlarını dəfələrlə ortaya qoymuşdur. Bütövlükdə islam dünyası ilə bizim münasibətlərimiz daha da fəal olmalıdır. İslam həmrəyliyi prinsipləri daha da geniş tədbiq olunmalıdır. Şübhəsiz ki, bu təşkilatlarla bizim əməkdaşlığımız prioritet xarakter daşıyır.
Azərbaycan MDB çərçivəsində fəaliyyət göstərir və öz fəaliyyətini davam etdirəcəkdir. Mən MDB-nin zirvə görüşlərində iştirak edirəm. O görüşlər imkanlar yaradır ki, MDB ölkələrinin dövlət başçıları ilə ikitərəfli formatda müzakirələr aparılsın. Nüfuzu artmaqda olan GUAM təşkilatında Azərbaycan fəal rol oynayır. Hamımız yaxşı bilirik ki, GUAM-ın yaranmasında Azərbaycanın və onun lideri Heydər Əliyevin ən böyük rolu olmuşdur. Bu gün bu təşkilat, necə deyərlər, yeni bir müstəviyə qədəm qoyur. Təşkilatın yeni perspektivləri açılır və əlbəttə, Azərbaycanın bu təşkilatda iştirakı təşkilatın daha da güclənməsinə xidmət göstərir.
Əlbəttə, bizim üçün ən ağrılı, ən problemli olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bildiyiniz kimi, danışıqlar aparılır. Prezidentlər, xarici işlər nazirləri görüşürlər. Müsbət hal ondan ibarətdir ki, artıq danışıqlar Praqa prosesi çərçivəsində aparılır. Praqa prosesi də hamımız bilirik ki, mərhələli həll deməkdir. Bu həmişə bizim mövqeyimiz olubdur. Həmişə demişik ki, Dağlıq Qarabağ problemi yalnız mərhələli həll əsasında öz həllini tapa bilər. Bu gün bu istiqamətdə işlər aparılır, müxtəlif variantlar müzakirə olunur.
Deyə bilərəm ki, Minsk qrupunun fəaliyyəti son zamanlar daha da gözəgörünən olubdur. Bu da təqdirəlayiq bir haldır. Minsk qrupunun fəaliyyəti onu göstərir ki, həqiqətən, indi Minsk qrupunun və onun həmsədrlərinin marağı var ki, bu məsələ öz həllini tapsın. Ancaq istəyirəm, indi burada öz mövqeyimi bir daha bildirim. Bunu həm Minsk qrupuna, həm də Ermənistan rəhbərliyinə və bu məsələ ilə məşğul olan bütün başqa tərəflərə demişəm, bu gün də deyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Başqa heç bir variant müzakirə olunmur, başqa heç bir variant nəzərdən keçirilmir. Bu bizim prinsipial mövqeyimizdir.
Mən çox müsbət hal kimi qiymətləndirirəm ki, artıq bu tezis münaqişənin həlli ilə məşğul olan tərəflərdə də öz çəkisini artırır. Bu bizim prinsipial mövqeyimizdir. Bu o həddir ki, bu həddən o tərəfə biz heç vaxt heç bir güzəştə gedə bilmərik. Bəzi hallarda deyirlər ki, qarşılıqlı güzəştlər olmalıdır. Mən sual verirəm, bizim nəyimiz var ki, onu ermənilərə güzəştə gedək? Bizim torpaqlarımız işğal altındadır, bizim soydaşlarımız qaçqın-köçkün vəziyyətində yaşayırlar. Bizim Ermənistana məxsus nəyimiz var ki, onlara qaytaraq? Ona görə qarşılıqlı güzəştlər deyəndə, gərək bilək, biz nəyi nəzərdə tuturuq. Azərbaycan tərəfindən indiki şəraitdə, Azərbaycanın gücləndiyi bir dövrdə, hərbi büdcəmiz 600 milyon dollar səviyyəsinə qalxdığı bir dövrdə, – bu da son hədd deyil, – bölgədə liderlik mövqelərini möhkəmləndirdiyi bir dövrdə on ildən artıq danışıqların aparılması da böyük güzəştdir. Bunu hamı bilməlidir. (Alqışlar.)
Bizim səbrimiz tükənməz deyil. Biz öz sülh siyasətimizi bəyan etmişik. Bizim bu danışıqlarda qalmağımız da onu göstərir ki, məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu gün bir daha deyirəm, hələ ki sülh prosesinin potensialı tükənməyibdir. Ona görə biz gərək bundan istifadə edək. Amma nə vaxta qədər?! On ildən artıqdır, atəşkəs rejimində yaşayırıq. On ildən artıqdır, danışıqlar gedir və heç bir nəticə yoxdur. İndi biz diplomatik uğurlardan danışsaq, onların hələlik heç bir əhəmiyyəti yoxdur. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı artıq bu məsələ ilə bağlı ciddi məşğul olur və gündəliyə məsələ salınıbdır. ATƏT-in faktaraşdırıcı missiyası bizim xahişimizlə və təkidimizlə bölgəyə, işğal olunmuş torpaqlara öz nümayəndələrini göndərmişdir. Orada ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Avropa Şurası tərəfindən çox müsbət qətnamə qəbul edilmişdir. Bütün bunlar bizim diplomatik uğurlarımızdır. Ancaq məsələ öz həllini tapmırsa, bunların heç bir əhəmiyyəti yoxdur. Biz çalışırıq və çalışacağıq ki, bütün imkanlardan istifadə edib məsələni sülh yolu ilə həll edək. Ancaq eyni zamanda, biz güclü olmalıyıq. Güclü olan dövlət hər şeyə qadirdir. Biz iqtisadi potensialımızı gücləndirməliyik, büdcəmizi artırmalıyıq, siyasi çəkimizi artırmalıyıq və Azərbaycan güclü dövlət olandan sonra istənilən məsələni asanlıqla həll edə bilər.
Əziz dostlar!
Hörmətli deputatlar!
Mən sizin vaxtınızı çox almaq istəmirəm. Düzdür, mən bura üçün bir az darıxmışam. (Alqışlar.) İki ildir ki, buradan ayrılmışam. Amma onu da bilirsiniz ki, mənim həyatımın səkkiz ili deputat kimi bu binada keçibdir. Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir. (Alqışlar.) Burada əyləşənlərin bir çoxu ilə biz birlikdə işləmişik, çalışmışıq və bu gün də işləyirik. Baxmayaraq ki, mən artıq başqa vəzifədəyəm, amma bizim əlaqələrimiz davam edir. Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır. Mən bu gün bu kürsüdən çıxış edərkən, əlbəttə, o illəri də xatırlayıram, öz fəaliyyətimi xatırlayıram. Bir daha deyə bilərəm ki, müstəqil Azərbaycan Respublikasının millət vəkili, Milli Məclisin deputatı olmaq böyük şərəf və məsuliyyətdir. Mən sizə arzu edirəm ki, bu şərəfli missiyanızı uğurla icra edəsiniz, səmərəli işləyəsiniz və doğma vətənimizin çiçəklənməsi üçün öz töhfənizi verəsiniz. Sağ olun, sizə uğurlar arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Möhtərəm cənab Prezident!
İcazə verin, çox dərin və məzmunlu çıxışınıza görə Sizə öz adımdan, Milli Məclisin deputatları adından minnətdarlığımı bildirim. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin bu çıxışınızda qaldırılan məsələlər, müddəalar üçüncü çağırış Milli Məclisin iclaslarında daim rəhbər göstəriş kimi nəzərə alınacaqdır.
İndi isə gündəliyin ikinci məsələsinə keçirik. Növbəti məsələ Hesablayıcı komissiyanın seçilməsidir. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Hesablayıcı komissiyanın tərkibinə namizədləri ilk iclasa sədrlik edən göstərir. Ona görə də mən Hesablayıcı komissiyanın tərkibinə aşağıdakı deputatların seçilməsini təklif edirəm: Məlahət Həsənova, Zahid Orucov, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mixail Zabelin, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev. Nizamnaməyə görə, komissiyanın tərkibi ya bütövlükdə, ya da ayrı-ayrı səsə qoyula bilər. Nə təklif edirsiniz?
Yerdən. Bütövlükdə səsə qoyulsun.
Sədrlik edən. Təklif var ki, bütövlükdə səsə qoyulsun. Xahiş olunur, bu təklifə səs verəsiniz.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
94 səslə qəbul edildi, sağ olun.
Xahiş edirəm, Hesablayıcı komissiyanın üzvləri kənardakı otağa keçib komissiyanın sədrini və katibini seçsinlər.
İndi isə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının əsas məsələsinə, yəni Milli Məclis Sədrinin seçilməsi məsələsinə keçirik. Milli Məclisin Daxili Nizamnaməsinin 31-ci maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Azı 10 deputat tərəfdar çıxdığı halda, namizədlərin adları səsvermə bülleteninə daxil olunur. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Milli Məclisin ən qocaman deputatı və parlament seçkilərində ən çox deputat mandatı qazanmış Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi mən bu gün sizin qarşınızda Milli Məclisin Sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyini irəli sürürəm. (Alqışlar.) Hesab edirəm ki, bu vəzifəyə Oqtay Əsədov tamamilə layiqdir. Siz onu tanıyırsınız, ikinci çağırış Milli Məclisin deputatı olmuşdur. Ona görə də mən bu təklifi verirəm.
Mən 9 ildən artıqdır ki, Milli Məclisə sədrlik edirəm. İndi bu kürsüyə artıq qocaman bir deputat kimi qalxdım. Cavan deputat kimi gəlmişdim, indi isə qocaman deputat kimi gedirəm. (Alqışlar.)
Cənab Prezident dedi, bütün fəaliyyətim boyu gördüyüm işlər haqqında mən sizə dəfələrlə hesabat vermişəm. Qısaca olaraq demək istəyirəm ki, bütün gördüyüm işlər, həyata keçirdiyimiz tədbirlər sizinlə bir yerdə olub və mən həmişə Milli Məclisin hər bir deputatı ilə bilavasitə məsləhətləşmişəm. Çalışmışam ki, Milli Məclisin işi möhtərəm Prezidentimiz İlham Əliyevin tələb etdiyi səviyyəyə qaldırılsın.
Siz bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının sıralarında olmağımla fəxr edirəm. Mən uzun illər Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşlarından olmuşam. Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı müstəqil dövlət kimi görmək arzusu ilə yaşayırdı və fəxr edirəm ki, indi onun layiqli davamçısı, müdrik Prezidentimiz cənab İlham Əliyev bu yolda öz fəaliyyətini ləyaqətlə davam etdirir. (Alqışlar.) Hesab edirəm ki, mənim təklifimi qəbul edəcəksiniz. Mən bir qocaman deputat kimi ən layiqli adamı Milli Məclisin sədrliyinə namizəd göstərdim və güman edirəm ki, siz o namizədə öz səsinizi verəcəksiniz.
Yenə də deyirəm, mən 9 il sizin gözünüz qabağında işləmişəm və hər il gördüyüm işlər haqqında sizə hesabat vermişəm. İndi isə yaşımla bağlı istirahət eləmək istəyirəm. Eyni zamanda, sizinlə birlikdə Milli Məclisdə olacaq, deputat kimi fəaliyyət göstərəcəyəm. Möhtərəm Prezidentimiz, mən buna görə partiyanın sədri kimi Sizə, bütün deputat həmkarlarıma öz dərin minnətdarlığımı bildirirəm. (Alqışlar.)
Əgər başqa təklif yoxdursa, deməli, Milli Məclisin Sədri vəzifəsinə yalnız bir nəfərin – deputat Oqtay Əsədovun namizədliyi göstərilir. Mən istərdim ki, Oqtay Əsədov öz fikrini bildirsin. Buyurun.
O. Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə namizəd.
Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar, xanımlar və cənablar!
İcazə verin, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə namizədliyimi irəli sürmüş deputat həmkarlarıma öz səmimi minnətdarlığımı bildirim. Hamınızı əmin edirəm ki, əgər Milli Məclis mənə etimad göstərərsə, bu şərəfli vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qabaqcıl dünya dövlətləri sırasına çıxarılması üçün görülən işlərə var gücümlə kömək göstərəcək və buna çalışacağam.
Azərbaycanın inkişafının indiki mərhələsində parlamentin üzərinə çox böyük və məsul vəzifələr düşür. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Milli Məclisdə bütün başqa tədbirlərlə yanaşı, çevik idarəçilik mexanizminin tətbiq edilməsi də zəruridir.
Parlamentimiz öz işini daha da təkmilləşdirərək demokratik dünya dövlətlərinin qanunvericilik orqanları səviyyəsinə yüksəlməlidir. Əmin ola bilərsiniz ki, mənə etimad göstərəcəyiniz təqdirdə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttinin parlament səviyyəsində həyata keçirilməsi mənim başlıca məqsədim olacaqdır. Bu vəzifəni yerinə yetirmək üçün əlimdən gələni, bütün bacarığımı, biliyimi sərf eləyəcəyəm.
Diqqətinizə görə təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. İndi isə güman edirəm ki, Hesablayıcı komissiya öz işinə başlaya bilər. Deputat Məlahət Həsənovaya söz verilir. O, səsvermənin qaydaları haqqında sizə məlumat verəcəkdir. Məlahət xanım, tribunaya buyurun, səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verin, sonra səs verməyə başlayaq.
M. Həsənova, Milli Məclisin Hesablayıcı komissiyasının sədri.
Hörmətli cənab Prezident, icazə verin, mən də üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilmiş millət vəkillərini təbrik edim, Azərbaycan dövlətinin tərəqqisi naminə onlara uğurlar arzulayım.
Hörmətli deputatlar, Hesablayıcı komissiya seçildikdən sonra özünün birinci iclasını keçirmişdir. İclasda deputat Məlahət Həsənova komissiyanın sədri, deputat Zahid Orucov komissiyanın katibi seçilmişdir.
İndi isə icazə verin, Milli Məclisin Sədri vəzifəsinə seçkilər üçün gizli səsvermənin qaydalarını nəzərinizə çatdırım. Hesablayıcı komissiya belə qərara gəldi ki, səsvermə bu zalda keçirilsin. Bülletenlər hazırlanana qədər, xahiş edirik ki, burada kabinə hazırlansın və yanında ağzı surğuclanmış qutu qoyulsun. Mən sizin ad və soyadınızı oxuduqca hər biriniz Zahid Oruca yaxınlaşırsınız və siyahıya öz imzanızı atırsınız. Sonra Rafael Hüseynovdan bülletenləri götürüb kabinəyə keçirsiniz və onları surğuclanmış qutuya salırsınız. Nəzərinizə çatdırmaq istəyirəm ki, bülletendə ancaq əleyhinə səs verdiyiniz namizədin üstündən xətt çəkirsiniz. Sizdən xahiş edirəm ki, bülletenlər paylanana və siyahı oxunana qədər burada olun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, sizi siyahı üzrə səsverməyə çağıracaqlar. Ona görə təklif edirəm, yerinizdə oturun və siyahı üzrə gəlin, səs verin. Sonra Məlahət xanım səsvermənin yekunları haqqında məlumat verəcəkdir. Açıq səsvermə nəzərdə tutulmayıb.
İndi isə xahiş edirəm, irəli sürdüyüm namizəd haqqında çıxışlara başlayaq. Söz demək istəyənlər vardır, xahiş edirəm, 3 dəqiqə reqlament müəyyən edilsin. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab sədr. Möhtərəm cənab Prezident, hörmətli Murtuz müəllim, hörmətli xanımlar və cənablar! İcazə versəydiniz, mən öncə, cənab Prezidentə Yeni Azərbaycan Partiyasından seçilmiş bütün namizədlərə mənəvi dəstək verdiyi üçün öz dərin təşəkkürümü bildirərdim. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz – Yeni Azərbaycan Partiyasından seçilən hər bir deputat sizin bu gün etdiyiniz çıxışla bağlı konkret, əməli işlər görməyə çalışacağıq. Bir daha Sizə mənəvi dəstəyinizə görə təşəkkür edirik və inşallah, gələcək işlərinizdə biz də Sizə dəstək ola biləcəyik.
Şübhə yoxdur ki, üçüncü çağırış Milli Məclisin ilk iclasında seçəcəyimiz spiker, belə demək mümkünsə, bundan sonra düz beş il bizimlə bərabər həm işləyəcək, həm də əməkdaşlıq edəcəkdir. Mən Oqtay müəllimi keçən 5 il ərzində yaxşı tanıdığım üçün onunla bağlı bir neçə söz demək istəyirəm. Bu sözlər konkret olaraq ondan ibarətdir ki, cənab Əsədov, doğrudan da, çox ziyalı və insanlarla münasibətində çox nəzakətli bir insandır. Şübhə yoxdur ki, siyasətlə məşğul olmaq istəyən hər bir insan üçün bu, vacib keyfiyyətlərdən biridir. Aydın məsələdir ki, cənab Oqtay Əsədovun bu gün spiker kimi fəaliyyət göstərməsi gələcəkdə Azərbaycan iqtisadiyyatı və Azərbaycan qanunvericiliyi ilə bağlı görüləcək işlərə çox böyük fayda verəcəkdir. Şübhə yoxdur ki, cənab Oqtay Əsədov bu uğurlar üçün nəzərdə tutulmuş ən gözəl namizəddir.
Son olaraq bir məsələni də qeyd etmək istərdim. Bu gün Azərbaycanın beynəlxalq imici onun siyasətini aparan simalarla çox bağlıdır. Mən çox şadam ki, bu gün Azərbaycanın simalarından sayılan, Azərbaycanın atributlarından sayılan hörmətli cənab Prezidentimizdən sonra, cənab spikerimiz yeni və gənc Azərbaycanın layiqli simalarından birinə çevrilir. Cənab Oqtay Əsədovu bir daha təbrik etmək və üzümüzə gələn 5 ildə görəcəyimiz bütün işlərdə ona müvəffəqiyyət arzulamaq istərdim. Azərbaycanın dünyaya inteqrasiyası yolunda və Azərbaycanda yeni qanunvericilik aktlarının hazırlanması yolunda ən böyük işləri görməkdə ona yardımçı olaq. Bir daha cənab Oqtay Əsədovu təbrik edir və ona uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Möhtərəm cənab Prezident, hörmətli sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Mən də Murtuz müəllimin irəli sürdüyü təkliflə tam razıyam və onun dediklərinə şərikəm. Cənab Prezidentin verdiyi qiymətə görə, ikinci çağırış Milli Məclisin fəaliyyəti dövründə Murtuz müəllim və Milli Məclis çox fəal çalışıbdır. Mən əminəm ki, üçüncü çağırış Milli Məclisin deputatları da fəal çalışacaqlar və müstəqil dövlətimizin möhkəmlənməsi üçün hüquqi bazanın yaradılmasına öz töhfələrini verəcəklər.
Oqtay müəllimi biz çox yaxşı tanıyırıq. Mən Oqtay müəllimi ikinci çağırış deputat fəaliyyətindən əvvəl tanıyıram. O, bütün sahələrdə öz üzərinə düşən vəzifəni yüksək tələbkarlıqla, məsuliyyətlə icra edibdir. Oqtay müəllim yüksək mədəniyyətə və intellektə malik səmimi insan və ziyalıdır. O hər bir işi insani və peşə keyfiyyətləri ilə məqamında, düzgün, obyektiv araşdırmaq, ona münasibət bildirmək və tədbirlər görmək istiqamətində heç vaxt öz səyini əsirgəməyibdir. Mən belə bir yüksək hazırlığa malik kamil insanın və gözəl kadrın Milli Məclisin Sədri vəzifəsinə namizədliyinin irəli sürülməsini dəstəkləyirəm. Əminəm ki, Oqtay Əsədov Milli Məclisin Sədri kimi Milli Məclisin qarşısında qoyulan bütün vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün çox səmərəli fəaliyyət göstərəcəkdir. Ona görə deputat həmkarlarımdan xahiş edirəm ki, Oqtay Əsədovun namizədliyinə səs versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E. Məmmədov. Möhtərəm cənab Prezident, hörmətli sədr! Mən deputat yoldaşımız, hörmətli cənab Oqtay Əsədovun namizədliyini müdafiə edirəm və irəli sürdüyünüz təklifi bəyənirəm. Hesab edirəm ki, Oqtay müəllim ona göstərilən etimadı doğruldacaq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsində yüksək səviyyədə fəaliyyət göstərəcək və ölkəmizin daxili və xarici siyasətini uğurla həyata keçirməkdə möhtərəm cənab Prezidentimizə yaxından kömək edəcəkdir. Mən Oqtay müəllimə uğurlar arzulayıram və deputat yoldaşlarımı Oqtay Əsədovun namizədliyini müdafiə etməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun. Möhtərəm cənab Prezident, hörmətli həmkarlarım! Mən də sizin hamınızı bu yüksək şərəfə, xalqın etimadına layiq görülməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Vətənimiz Azərbaycan naminə deputatlıq fəaliyyətində, millət vəkili kimi şərəfli fəaliyyətdə hamınıza uğurlar arzulayıram. Mən nə üçün Oqtay Əsədov haqqında fikir söyləmək, onun namizədliyini dəstəkləmək istəyirəm? Mənə elə gəlir ki, Milli Məclisdə elə bir insan tapılmaz ki, o, Oqtay müəllimi sevməsin, ona dərin hörmət bəsləməsin. Bəs Oqtay Əsədovu deputatlara belə sevdirən xüsusiyyət nədir? İlk növbədə, onun sadəliyi, səmimiliyi və təvazökarlığı. Hər birimiz razılaşarıq ki, kamilliyin ən yüksək zirvəsi elə sadəlikdir, səmimiyyətdir. Mətbuatda da, kuluarlarda da Milli Məclisin rəhbəri postuna çox insanın adı hallanırdı. Bəlkə də Oqtay müəllim yeganə adam idi ki, onun barəsində heç bir söz-söhbət olmamışdı. Çünki bu ondan irəli gəlir ki, Oqtay müəllim, ümumiyyətlə, ambisiyasız adamdır. Mən bilirəm ki, YAP-ın rəhbərliyinin bu qərarı onun üçün də, yəqin ki, sürpriz olub. Ancaq Oqtay Əsədov ambisiyasız, sadə və təvazökar bir insan olmaqla yanaşı, öz işinə peşəkarcasına yanaşan bir şəxsiyyətdir.
Oqtay müəllim haqqında burada çıxış etməyə, onun namizədliyini dəstəkləməyə məni bəlkə də, daha çox vadar edən bir səbəb də onun bir şəxsi keyfiyyətidir. Bir misal var, deyirlər ki, ot kökü üstə bitər. Siz bilirsiniz ki, Oqtay müəllimin atası Sabir Əsədov çox görkəmli bir ziyalı, Vətən sevgisini, Vətən ağrısını qəlbində yaşadan bir insan olub. Onun Ermənistandan didərgin düşmüş bacı və qardaşlarımız haqqında xeyli sayda kitabı var. Həmin o vətənpərvərlik irsən Oqtay müəllimə keçib.
Mənim millət vəkili seçildiyim Goranboy rayonunda məskunlaşmış Ermənistandan didərgin düşmüş qaçqınlara Oqtay müəllimin rəhbərliyi altında “Azərsu” Səhmdar Cəmiyyəti nə qədər qayğı göstərib. Oqtay müəllim onların qayğılarını öz qəlbində yaşadır, onların problemlərinin həllinə səylə çalışır. Biz dəfələrlə Goranboyda olmuşuq, qaçqınlarla görüşmüşük. Mən bunun əyani şahidi olmuşam. Mən inanıram ki, Oqtay müəllim bu yüksək etimada layiq görüləcək, mənim hörmətli həmkarlarım onun namizədliyini dəstəkləyəcəklər. Əminəm ki, Milli Məclisin spikeri kimi yüksək bir posta sahib olduqdan sonra da Oqtay müəllimin fəaliyyətinin əsas qayəsi atasından ona miras qalmış xətt olacaqdır, Azərbaycanın ədalətli mövqeyini Milli Məclisin fəaliyyətini səfərbər etməklə dəstəkləmək olacaqdır.
Möhtərəm cənab Prezidentimizin çıxışı bizim qarşımızda bir çox vəzifə qoydu. Bu, proqram xarakterli bir çıxış idi. Söhbət köklü sosial, iqtisadi, hüquqi islahatlardan gedir. Bu, çox məzmunlu bir çıxış idi. Mən Prezidentin çıxışına diqqətlə qulaq asdım. Oqtay müəllim, mən əminəm ki, millət vəkilləri Sizi böyük sevinclə dəstəkləyəcəklər.
Mən istərdim ki, Siz spiker seçiləndən sonra ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, hüquqi islahatların qanunvericilik bazasının təkmilləşməsi sahəsində Milli Məclisin fəaliyyətini daha səmərəli edəsiniz, təşkilati işləri daha cəsarətlə həyata keçirəsiniz. Eyni zamanda, islahat proqramlarının həyata keçirilməsi üçün hüquqi əsasların işlənib hazırlanmasında Milli Məclisin rolunu artırasınız, Milli Məclisin beynəlxalq fəaliyyətinin intensivləşməsi üçün əlinizdən gələni edəsiniz. Bunun üçün qanunların hazırlanması prosesinə xidmət edən mexanizmlər yaradılmalıdır. Bunun üçün Milli Məclisin deputat korpusunun fəaliyyətinin güclənməsinə xidmət edən institutlar, – ilk növbədə ekspertlər institutu yaradılmalıdır. Bunlar, təbii ki, sonrakı məsələlərdir. Hələlik isə mən Sizə uğurlar, uğurlar və yenə də uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Möhtərəm cənab Prezident, hörmətli sədr, hörmətli həmkarlarım! Bu gün Azərbaycanda həyatımızın bütün sahələrində yeniliklər gedir, bütövlükdə dövlət quruculuğu keyfiyyətcə yeni bir mərhələyə daxil olur. Təsadüfi deyil ki, bu yeniliklər nəticəsində parlamentin də tərkibi əsaslı surətdə dəyişmişdir və hesab edirəm ki, keyfiyyətcə çox uğurlu bir parlament seçilmişdir.
Cənab Prezident, Siz öz çıxışınızda çox mühüm məqamlara toxundunuz. Azərbaycanın demokratik inkişafı, siyasi həyatı və siyasətdə siyasi mədəniyyətlə bağlı çox dəyərli fikirlər söylədiniz. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri, elə Murtuz müəllim özü bu yeni siyasi mədəniyyəti nümayiş etdirdi. Ölkəmizin həyatı, bütövlükdə cəmiyyətimiz üçün yeni bir siyasi əxlaq normaları göstərildi.
Mən həmkarlarımızın fikirlərinə qoşuluram. Oqtay Əsədovun namizədliyini dəstəkləyirəm. Oqtay müəllim Yeni Azərbaycan Partiyasının üzvü kimi Azərbaycanın dövlətçilik prinsiplərinə daim sadiqlik nümayiş etdirmiş bir insandır. O çalışdığı və rəhbərlik etdiyi sahələrdə və eyni zamanda, parlamentdəki fəaliyyətində peşəkarlıq nümayiş etdirmişdir. Əminəm ki, cənab Oqtay Əsədovun namizədliyi bizim tərəfimizdən dəstəklənəcəkdir. Hesab edirəm ki, qarşımızda duran ən mühüm vəzifə ölkəmizdə həyata keçirilən islahatların parlament, qanunvericilik yolu ilə dəstəklənməsindən ibarətdir. Xahiş edirəm, cənab Oqtay Əsədovun namizədliyini dəstəkləyəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Fəzail Ağamalı.
F. Ağamalı. Möhtərəm cənab Prezident, hörmətli millət vəkilləri! Mən, hər şeydən öncə, 6 noyabr 2005-ci ildə Azərbaycanda demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsində son dərəcə böyük qətiyyət göstərən və bütün namizədlər üçün bərabər, eyni imkanlar yaratmaqda səyini, iradəsini ortalığa qoyan cənab Prezident İlham Əliyevə təmsil etdiyim partiyanın adından öz səmimi təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Qeyd etmək istəyirəm ki, 2005-ci il 6 noyabr parlament seçkiləri Azərbaycanın bütün həyatında – iqtisadi, siyasi, mənəvi və digər sahələrdə yeni imkanlar açdı. Mən tamamilə əminəm ki, bu parlament seçkiləri Azərbaycana həm xaricdə, həm də daxildə böyük imic, böyük nüfuz gətirəcəkdir. Bir daha cənab Prezident, Sizə öz dərin təşəkkürümü bildirirəm və burada parlamentin fəaliyyətinə vermiş olduğunuz qiymətə görə də Sizə öz minnətdarlığımı bildirirəm. Keçən çağırışlarda da mən bu parlamentin sıralarında olmuş bir insanam, buna görə çox sağ olun. Sizi əmin etmək istəyirəm ki, istər “köhnə qvardiya”, istərsə də bizim sıralarımıza qoşulan yeni parlament üzvləri məhz Sizin siyasi xəttinizə sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin möhkəmlənməsində öz səlahiyyətləri çərçivəsində bundan sonra da fəaliyyətlərini gücləndirəcəklər. Siz buna əmin ola bilərsiniz.
Eyni zamanda, mən Milli Məclisə seçilmiş millət vəkillərini də səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, bütün millət vəkilləri siyasi baxışından asılı olmayaraq millətimizin tərəqqisi üçün, dövlətimizin güclənməsi üçün əlindən gələni əsirgəməyəcəklər və parlamentlə Prezident arasında yüksək münasibətlərin qurulmasında öz imkanlarını ortaya qoyacaqlar.
Mən Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədrliyinə irəli sürmüş olduğu namizədi – Oqtay Əsədovun namizədliyini müdafiə edirəm və düşünürəm ki, Yeni Azərbaycan Partiyasının seçimi doğru və düzgündür. Burada Oqtay Əsədovla bağlı müəyyən fikirlər söylənildi. Mən də o fikirlərin tərəfdarıyam. Oqtay Əsədov alicənab, yüksək intellektli insandır, kifayət qədər idarəçilik qabiliyyətini özündə ifadə edir. Eyni zamanda, Oqtay Əsədov problem yaradan insan deyil. O həmişə çalışır ki, problemi sadə bir üsulla həll etsin. Mən ümidvaram ki, o, Milli Məclisin Sədri kimi, Milli Məclisdə baxışların toqquşduğu anda da son dərəcə təmkinli hərəkət edəcək və Milli Məclisi yüksək səviyyədə idarə edəcəkdir. Mən bütün millət vəkillərini Oqtay Əsədova səs verməyə dəvət edirəm və ümidvaram ki, o, səs alacaqdır. Oqtay Əsədov səs aldıqdan sonra növbəti iclaslarımızda öz təkliflərimizi verəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Möhtərəm cənab Prezident, hörmətli Murtuz müəllim, hörmətli millət vəkilləri! Mən, əvvəla, bütün demokratikliyi ilə yanaşı, kifayət qədər ağır keçmiş seçkilərdə hər bir namizədə normal ictimai-siyasi şərait yaratdığına görə cənab Prezidentə təşəkkür edirəm. Həmin şərait olmasa idi, təbii ki, biz nə qədər böyük qabiliyyət nümayiş etdirsək də, şübhəsiz, bizim üçün çox çətin olardı.
Milli Məclisin Sədri bizim üçün çox ciddi bir vəzifədir. Hər bir millət vəkili öz sədrini səviyyəli, mədəniyyətli, təmkinli görmək istəyir. Bu xüsusiyyətlərin hamısı Oqtay Əsədovda var. Oqtay Əsədov professionallıqla yanaşı, – burada söylənildi, – çox səmimi və çox da təmkinli bir insandır. Deputat, millət vəkili səviyyəsində təmkinli olmaq, bəlkə, o qədər də vacib deyil, amma sədr səviyyəsində bu, xüsusilə vacibdir. Biz bir də məhz bu cəhətlərə görə Oqtay Əsədovun namizədliyini ürəklə müdafiə edirik.
Oqtay Əsədov 5 il bizim “məhəllədə” olub. Yəni biz bu dairədə oturmuşuq, söhbətlərimizi bir yerdə etmişik. Yəni belə demək olarsa, bizim “məhəlləlimizdir”.
İkinci, təbii ki, ciddiliklə yanaşı, – əlbəttə, bu ciddilik bizim üçün şərtdir, – bir cəhət də bizim üçün çox rahat olacaqdır. Mən bayaq fikir verdim, Oqtay müəllim elə zahirən bir az Murtuz müəllimə oxşayır. Yəni üzümüz, gözümüz öyrəşibdir, ciddi problem olmayacaqdır. Mən böyük məmnuniyyətlə Oqtay Əsədovun namizədliyini müdafiə edirəm və əminəm ki, o, həqiqətən, özünün sədaqəti ilə bizim dövlətçiliyimizin yeni yaranmış ənənələrini davam etdirəcək, müdafiə edəcək və Murtuz müəllimdən sonra bizim çox gözəl bir sədrimiz olacaqdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Hesablayıcı komissiya gizli səsvermə üçün hazırdır. Ancaq iki nəfərə – Əli Əhmədova və Rəbiyyət Aslanovaya söz vermək istəyirəm. Əli müəllim, buyurun.
Ə. Əhmədov. Möhtərəm Prezident, hörmətli millət vəkilləri! Azərbaycanda noyabr ayının 6-da keçirilən parlament seçkiləri ölkəmizdə Heydər Əliyevin siyasətinə Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının inamını, hörmət və ehtiramını növbəti dəfə aydın şəkildə biruzə verdi. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının uğur qazanması, ən çox deputat mandatına layiq görülməsi, hesab edirəm ki, həm bu hörmət və ehtiramın nəticəsidir, həm də hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu siyasətin bəhrələrinin, nəticələrinin insanlarımız tərəfindən yüksək qiymətləndirilməsidir. Parlament seçkilərində çoxluq qazanan Üeni Azərbaycan Partiyası, təbii ki, öz sıralarından ən layiqli insanı Milli Məclisin Sədrliyinə namizəd olaraq irəli sürür. Burada Oqtay Əsədovun namizədliyinin irəli sürülməsi ilə bağlı kifayət qədər arqumentlər səsləndirildi və hesab edirəm ki, Nizami Cəfərovun fikirləri bunu daha da güclü etdi.
Yeni Azərbaycan Partiyası Oqtay Əsədovun namizədliyini irəli sürərkən əsas etibarı ilə ondan çıxış edir ki, Oqtay Əsədov kifayət qədər geniş idarəçilik təcrübəsinə malikdir. Oqtay Əsədovun cəmiyyətdə, insanlar içərisində böyük hörməti var. Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Buna görə də biz bu seçimin düzgün olduğu qənaətindəyik.
Düşünürəm ki, yalnız Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar deyil, digər millət vəkilləri də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi dəstəkləyəcəklər. Millət vəkilləri əmin ola bilərlər ki, Oqtay Əsədovun malik olduğu keyfiyyətlər Azərbaycanda on il ərzində qazanılmış parlament ənənələrinin daha da inkişaf etməsinə, parlamentin daha səmərəli şəkildə fəaliyyət göstərməsinə xidmət edəcəkdir. Güman edirəm ki, növbəti beş ildə Azərbaycan parlamenti Azərbaycanın ictimai-siyasi həyatının mərkəzinə çevriləcəkdir. Buna görə də mən bütün millət vəkillərini Oqtay Əsədovun namizədliyini dəstəkləməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Sağ olun. Möhtərəm Prezident, hörmətli sədr, hörmətli millət vəkilləri! Noyabrın 6-da Azərbaycan xalqı böyük bir tarix yaşadı. Demokratik inkişaf yolunu seçmiş Azərbaycan bu gün də böyük bir sınaqdan keçir. Demokratiya sınaqdır və hər dəfə xalq demokratik prinsiplərə sadiqliyini, bax, bu sınaqlardan üzüağ çıxması ilə sübut edir. Mən bu sınaqdan üzüağ çıxmış Azərbaycan xalqına, onun Prezidentinə öz minnətdarlığımı bildirirəm və xalqımı bu seçim münasibəti ilə təbrik edirəm.
Azərbaycan parlamentarizminin tarixində yeni bir dövr başlanır. Bu dövr əvvəlki dövrdən fərqlənir. Lakin nə ilə? Məsələ bundadır ki, yeni, üçüncü çağırış rarlament Milli Məclisin yaratdığı ənənələrin üzərində formalaşacaq, onun üzərində inkişaf edəcək, ümummilli tərəqqiyə məhz bu ənənələri davam etdirməklə gedəcəkdir. Yeni parlamentin üzərinə böyük məsuliyyət düşür. Dünya dəyişir və yeni dövrün yeni çağırışları olacaqdır. Bizdə bu çağırışa cavab vermək qətiyyəti olmalıdır. Bu gün parlamentə seçilən insanlar başa düşürlər ki, hadisələri obyektiv, çevik qiymətləndirmək bacarığı və möhtərəm Prezidentimizə yardımçı, dayaq olmaq istəyi olmalıdır. Yalnız bu halda Azərbaycanın tərəqqisi haqqında danışa bilərik.
Bu gün biz vacib bir məsələni müzakirə edirik. Bu, spikerin seçilməsi ilə bağlıdır. Bu, təkcə spikerin seçilməsi deyil, həm də bizim həmin insana münasibətimizdir. Bu həm də dövlətçiliyə münasibətimizdir. Bizim bu seçimimizdən çox şey asılıdır. Oqtay Əsədovun namizədliyi hər birimizin ürəyindəndir. İlk növbədə, milli dövlətçiliyə sadiqlik əsas prinsip olmalıdır. Ulu öndərimiz həmişə deyərdi ki, bu torpağa, bu millətə sadiqlik, milli mənafeləri hər şeydən uca tutmaq insanı, fərdi şəxsiyyətə çevirir. Mənə elə gəlir ki, biz Oqtay Əsədovun şəxsiyyətində bütün bu keyfiyyətləri görürük və mən inanıram ki, həm özünə, həm də ətrafdakılara kifayət qədər tələbkar olan bu insan Azərbaycan parlamentarizminin inkişafına öz töhfəsini verəcəkdir. Birlikdə, bir-birimizə və Prezidentimizə dayaq olaraq, Azərbaycanın sabahı üçün ən gözəl qanunları yazaraq, Azərbaycanı dünyada ali qanunlara məxsus bir dövlətə çevirəcəyik. Mən bütün həmkarlarımı Oqtay Əsədova səs verməyə və gələcəkdə ona dayaq olmağa çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Bununla da çıxışları yekunlaşdırırıq. Hər şey hazırdır, səsverməyə başlamaq olar. Məlahət xanım əlifba sırası ilə deputatları dəvət edəcək, onlar da səs verib, yerlərində əyləşəcəklər. Buyurun, Məlahət xanım.
M. Həsənova. Hörmətli deputatlar, icazə verin, sizi siyahı üzrə səsverməyə dəvət edim. Abbasov Aqil Məhəmməd oğlu, Abbasov Aydın Abbas oğlu, Abbasova Lalə Gülbaba qızı, Abdullayev Əkrəm Kamal oğlu, Abdullayev Hüseyn Abbas oğlu, Abdullayev Rövnəq İbrahim oğlu, Abıyev Ağacan Qulam oğlu, Abıyev Əhəd Mikayıl oğlu, Abramov Yevda Sasunoviç, Ağamalı Fəzail Rəhim oğlu, Ağazadə İqbal Fehruz oğlu, Axundova Elmira Hüseyn qızı, Aslanov Novruzəli Davud oğlu, Aslanova Rəbiyyət Nurullah qızı, Baxşəliyeva Gövhər Baxşəli qızı, Cavadov Ərəstun Nurəddin oğlu, Cəfərov Nizami Qulu oğlu, Əhmədov Əhəd Abbas oğlu, Əhmədov Əli Cavad oğlu, Əhmədov Gülhüseyn Əliəhməd oğlu, Əhmədov Vahid Qazməmməd oğlu, Əhmədova Gülər Mikayıl qızı, Əkbərli İltizam Nizam oğlu, Ələsgərov Murtuz Nəcəf oğlu, Ələsgərov Valeh Feyruz oğlu, Əliyev Adil Abış oğlu, Əliyev Bəxtiyar Həmzə oğlu, Əliyev Cəlal Əlirza oğlu, Əliyev Rauf Asif oğlu, Əliyev Vasif İzzət oğlu, Əliyeva Jalə Fazil qızı, Əliyeva Mehriban Arif qızı, Əmiraslanov Azər Kamal oğlu, Əsədov Oqtay Sabir oğlu, Əsədullayev Çingiz Rauf oğlu, Əsgərov Ziyafət Abbas oğlu, Günəşov Xəlilbəy Günəş oğlu, Hacıyev İsmayıl Muxtar oğlu, Hacıyev Sabir Kamal oğlu, Hacıyev Şəmsəddin Hümmət oğlu, Hacıyeva Gültəkin Yunis qızı, Hacıyeva Lalə Şövkət qızı, Heydərov Fəttah Səməd oğlu, Həbibbəyli İsa Əkbər oğlu, Həsənquliyev Qüdrət Müzəffər oğlu, Həsənli Cəmil Poladxan oğlu, Həsənov Aydın Xanhüseyn oğlu, Həsənova Məlahət İbrahim qızı, Hətəmov Sevindik Hacıağa oğlu, Hüseyn Pənah Çodar oğlu, Hüseynov Əli Məhəmməd oğlu, Hüseynov Rafael Baba oğlu, Xanlarova Zeynəb Yəhya qızı, Xəlilov Dünyamin Zakir oğlu, Xəlilov Rüstəm Gülabba oğlu, Xudiyev Nizami Mənaf oğlu, İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu, İbrahimov Eldar Rza oğlu, İsgəndərov Nizami Zaman oğlu, İsmayılov İmamverdi İbiş oğlu, İsrafilov İkram İsrail oğlu, Kazımlı Xanhüseyn Hüseynağa oğlu, Kazımov Mirkazım Məhəmməd oğlu, Kərimli Azər Şəmşid oğlu, Qənbərov Miri Əhəd oğlu, Qəribov Fərhad Həsən oğlu, Quliyev Azay Əjdər oğlu, Quliyev Eldar Allahyar oğlu, Quliyev Musa İsa oğlu, Quliyev Rüfət Atakişi oğlu, Quliyev Ülvi Zahid oğlu, Quliyeva Aynur Camal qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu, Qurbanov Cavid Qənbər oğlu, Qurbanov Eyvaz Daşdəmir oğlu, Mahmudov Yaqub Mikayıl oğlu, Məhərrəmov Abel Məmmədəli oğlu, Məmmədxanov Anar Camali oğlu, Məmmədov Elman Camal oğlu, Məmmədov Elton Arzuman oğlu, Məmmədov İlham Kazım oğlu, Məmmədov Nazim Hüseyn oğlu, Məmmədov Səfər Musa oğlu, Məmmədov Vidadi Yunis oğlu, Məmmədova Həvva İsa qızı, Məsimli Əli Əhməd oğlu, Mirələmov Hüseynbala Fazil oğlu, Mirzəzadə Aydın Böyükkişi oğlu, Mollazadə Asim Nazim oğlu, Möhbalıyev Səttar Suliddin oğlu, Muradov Fuad Rauf oğlu, Muradova Bahar Əvəz qızı, Musayev Madər Ələsgər oğlu, Mustafayev Fazil Qəzənfər oğlu, Naibov-Əylisli Əkrəm Nəcəf oğlu, Nəsibli Nəsib Loğman oğlu, Novruzov Siyavuş Dünyamalı oğlu, Orucov Zahid Məhərrəm oğlu, Paşayeva Qənirə Ələsgər qızı, Paşazadə Cavanşir Hümmət oğlu, Rəcəbli Hadi Musa oğlu, Rəhimzadə Arif Qafar oğlu, Rüstəmxanlı Sabir Xudu oğlu, Rzayev Tahir Musa oğlu, Rzayev Rövşən Şükür oğlu, Seyidov Səməd İsmayıl oğlu, Səmədov Arzu Həbib oğlu, Səmədzadə Ziyad Əliabbas oğlu, Süleymanov Tahir Süleyman oğlu, Şahverdiyev Astan Nuşrəvan oğlu, Şükürov Məjlum Şükür oğlu, Talıbov Vasif Yusif oğlu, Vəkilov Vaqif Səməd oğlu, Zabelin Mixail Yuryeviç, Zeynalov Fərrux Məmmədnəbi oğlu. Hörmətli deputatlar, adı səslənməyən deputat oldumu? Yoxdur.
Sədrlik edən. Siz özünüz də səs verin. 10-15 dəqiqəyə Hesablayıcı komissiya öz işini yekunlaşdırıb bizə məlumat verəcək. Məlahət xanım, nəticələri elan etməyə nə qədər vaxt lazımdır?
M. Həsənova. 10 dəqiqə.
Sədrlik edən. 10 dəqiqə? Buyurun.
(Hesablayıcı komissiyanın üzvləri bülletenləri sayırlar.)
Sədrlik edən. Səsvermənin nəticələri hazırdır. Səsvermənin nəticələrini elan eləmək üçün Hesablayıcı komissiyanın sədri Məlahət Həsənovaya söz verilir. Buyurun.
M. Həsənova. Möhtərəm cənab Prezident, hörmətli sədr! İcazə verin, sizi Hesablayıcı komissiyanın səsvermənin nəticələri üzrə protokolu ilə tanış edim.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi üzrə gizli səsvermənin nəticələri haqqında Hesablayıcı komissiyanın protokolu. Bakı şəhəri, 2 dekabr 2005-ci il.
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının bu günə sayı siyahı üzrə 115 nəfərdir. Gizli səsvermədə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının sayı 106 nəfərdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi üzrə gizli səsvermədə iştirak edən deputatlara verilmiş bülletenlərin sayı 106 olmuşdur. İstifadə edilməmiş bülleten yoxdur. Seçki qutusu açıldıqdan sonra aşkar edilmiş bülletenlərin sayı 106-dır, etibarsız bülleten yoxdur. Etibarlı bülletenlərin sayı 106-dır. Gizli səsvermənin nəticəsi olaraq, deputat həmkarımız Oqtay Sabir oğlu Əsədovun 105 nəfər lehinə, 1 nəfər əleyhinə səs vermişdir.
Beləliklə, deputat Oqtay Sabir oğlu Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilmişdir. İcazə verin, təbrik edək. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım, əyləşin. Gəlin, Oqtay müəllimi bütün deputatların adından səmimi qəlbdən təbrik edək! (Alqışlar.) Oqtay müəllim, xahiş edirəm, yerinizi tutun.
İlham Əliyev. Mən istəyirəm ki, biz Murtuz müəllimə bir daha öz təşəkkürümüzü bildirək. Murtuz müəllim çox görkəmli siyasətçi, hüquqşünas, Yeni Azərbaycan Partiyasını yaradanlardan biridir. Uzun illər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Murtuz müəllim bütün bu illər ərzində Azərbaycan dövlətçiliyinə xidmət etmişdir. Parlamentə 9 il ərzində çox böyük məharətlə rəhbərlik etmişdir. Həmişə öz mövqeyini ortaya qoymuşdur. Əlbəttə, parlament qanunvericilik orqanıdır. Ancaq eyni zamanda, siyasi mübarizə meydanıdır və bu siyasi mübarizədə Murtuz müəllim həmişə birmənalı mövqedə idi. Onun fəaliyyəti nəticəsində son illər ərzində parlament çox böyük qanunlar qəbul etmişdir. İki mindən çox qanun qəbul olunmuşdur. Biz müxtəlif konvensiyalara qoşulmuşuq.
Bu gün Azərbaycanda yeni bir siyasi mədəniyyətin, yeni bir ənənənin təməli də qoyuldu. Murtuz müəllim özü yeni spikerin namizədliyini irəli sürdü və bu gün Oqtay Əsədov spiker seçildi. Mən xahiş edirəm, biz hamımız Murtuz müəllimi bir daha təbrik edək! (Alqışlar.)
O, deputat kimi öz fəaliyyətini davam etdirəcək və bizimlə birlikdə səmərəli işləyəcəkdir. Sizə can sağlığı, uğurlar arzulayıram! Sağ olun! (Alqışlar.)
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Mənə etimad göstərib Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə səmimi qəlbdən sizə minnətdarlığımı bildirirəm. Mən parlament çoxluğunu təşkil edən, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edib möhkəmlənən bu partiyanın sıralarında olmağımla fəxr edirəm. Son 5 ildə sizinlə bərabər mən də bu partiyanın siyasi xəttinin Milli Məclisdə həyata keçməsi üçün var qüvvəmi sərf etmişəm, bundan sonra da əlimdən gələni edəcəyəm. Ölkəmizin qanunvericilik orqanı öz fəaliyyətini daha da təkmilləşdirəcək, möhtərəm Prezidentimizin arzuladığı kimi, qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə yüksələcəkdir.
Hörmətli deputatlar, 2005-ci ildə keçirilmiş parlament seçkiləri ölkəmizin demokratik inkişafında mühüm bir mərhələ oldu. Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsinin reallığa çevrilməsini məmnunluqla qarşılamışdır. Ölkəmizdə bərqərar olan demokratik mühitdə keçirilmiş seçkilər nəticəsində xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər. Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar. Bu fakt Prezident İlham Əliyev başda olmaqla partiyamızın xalq qarşısında çox böyük nüfuza malik olduğunu nümayiş etdirmişdir.
Parlament seçkiləri demokratiyanın təntənəsinə çevrilmiş, ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası yolunda irəliyə doğru mühüm addım olmuşdur. Azərbaycan parlamentində xalqımızın seçdiyi insanlar təmsil olunmuşlar. Bu parlament qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlməyə tamamilə qadirdir.
Beləliklə, üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır. Bu münasibətlə icazə verin, mən də üçüncü çağırış Milli Məclisə seçilmiş bütün deputatları ürəkdən təbrik edim və onlara öz işlərində böyük uğurlar arzulayım!
Yeri gəlmişkən, bir məsələnin üzərində dayanmaq istəyirəm. Azərbaycanda olduğu kimi, dünyanın bütün başqa ölkələrində də seçkilər keçirilir. Hər yerdə qalib gələnlər də, məğlubiyyətin acısını dadanlar da olur. Amma az-az ölkələr ola bilər ki, orada seçkidə uduzan qüvvələr öz məğlubiyyətini Azərbaycanın dağıdıcı radikal müxalifəti kimi bu qədər həsəd və qısqanclıq hissləri ilə qarşılasınlar. Xalq arasında dayağı olmayan bu qüvvələr indi də seçkinin nəticəsini şübhə altına almaq istəyirlər. Azərbaycan iqtidarının fəaliyyətinə qara yaxmaq, müxtəlif beynəlxalq təşkilatlara üz tutmaq istəyirlər. Amma onların bütün bu səyləri əbəsdir. Azərbaycanda siyasi radikalizm və ekstremizm dövrünə çoxdan son qoyulmuşdur. Heç bir qüvvə böyük əzm, iradə və uzaqgörənlik, ağır zəhmət hesabına yaradılmış ictimai-siyasi sabitliyi pozmağa, bir vaxtlar baş verdiyi kimi, cürbəcür çirkin üsullardan istifadə edərək küçələrdən hakimiyyətə gəlməyə qadir deyildir. Heç kəs Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.
Hörmətli deputatlar, ikinci çağırış Milli Məclis artıq tarixə çevrilmişdir. Ötən dövrdə parlament səmərəli işləmişdir. Milli Məclisin 311 iclası keçirilmiş, ümumən 1042 akt, o cümlədən 909 qanun və 133 qərar qəbul edilmişdir. Görülmüş işləri qeyd etməklə yanaşı, mən ölkəmizin qanunvericilik orqanı qarşısında dayanan vəzifələr haqqında öz mülahizələrimi söyləmək istəyirəm.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin işə başlaması ölkəmiz üçün əlamətdar bir dövrə təsadüf edir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində mühüm coğrafi-siyasi mövqe tutan, demokratik, hüquqi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən gənc, müstəqil, suveren bir dövlətdir. Əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. Bunları xalqımız da, dünya ictimaiyyəti də layiqincə qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada analoqu olmayan bir sürətlə inkişaf edir. Ümumi daxili məhsul və dövlət büdcəsinin mədaxili ildən-ilə çoxalır. Bildiyiniz kimi, bu ilin büdcəsi 2 milyard 200 milyon yeni Azərbaycan manatı idi. Gələn ilin büdcəsi 3,5 milyard yeni Azərbaycan manatıdır. Dövlətimizin gəlirlərinin durmadan artması Azərbaycanın demokratik cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilməsini, xalqımızın rifah halının daha da yüksəlməsini təmin edəcəkdir.
Üçüncü çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının yaradılmasını təşkil etməkdir. Azərbaycanda dövlət hakimiyyətinin bir şaxəsi olan Milli Məclis özünün bütün fəaliyyəti ilə Prezidentin daxili və xarici siyasətini bundan sonra da fəal surətdə dəstəkləyəcəkdir. Ölkədə uğurla davam etdirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilməli və təkmilləşdirilməlidir. Parlamentin bütün fəaliyyəti Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyytatı prinsiplərinin bərqərar edilməsinə kömək göstərilməsinə yönəldiləcəkdir. Milli Məclis qanun yaradıcılığında və qanunvericilik fəaliyyətində qabaqcıl dünya təcrübələrindən, Avropa parlamentlərinin ənənələrindən bəhrələnməlidir.
Qanunvericilik hakimiyyəti səlahiyyətlərini həyata keçirərkən parlament Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanmalı, öz fəaliyyətində demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsiplərini genişləndirməlidir. Qanun yaradıcılığı prosesində Milli Məclis Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, mərkəzi və yerli dövlət orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlamalıdır.
Parlamentdə qanun layihələrinin qəbulu zamanı beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmalıdır. Qanunvericilik prosesinin səmərəliyini artırmaq üçün Avropa dəyərləri milli dəyərlərimizlə üzvü şəkildə birləşdirilməlidir. Milli Məclis iqtisadiyyatda köklü dəyişikliklər aparılmasını, ölkəyə xarici sərmayələrin cəlb edilməsini, dövlətimizin neft strategiyasının həyata keçirilməsini, aqrar islahatların qanunvericilik bazasının möhkəmləndirilməsini, ordu quruculuğunun, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsini, əhalinin sosial müdafiəsini, qaçqınlara və məcburi köçkünlərə qayğı göstərilməsini, ətraf mühitin mühafizəsini, qanunun aliliyinin təmin olunmasını, milli dəyərlərimizin qorunmasını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını, mədəniyyətin, elm və təhsilin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamalıdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT-nin, Avropa Şurasının insan hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalarına qoşulmuşdur. Zənnimcə, yeni parlamentin qarşısında duran ən vacib vəzifələrdən biri də insan hüquqlarını və azadlıqlarını təmin edən beynəlxalq hüquq normalarını milli qanunvericiliyə daxil etməkdən ibarət olmalıdır. Parlament ölkəmizdə qətiyyətlə həyata keçirilən iqtisadi islahatların ardıcıl surətdə davam etdirilməsinə, özəlləşdirmənin genişləndirilməsinə, aqrar bölmədə ərzaq müstəqilliyinin möhkəmləndirilməsinə yönəldilən qanunların qəbul edilməsinə xüsusi diqqət verməlidir. Qüvvədə olan qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün zəruri aktları hazırlayıb qəbul etməlidir.
Milli Məclis ən böyük dərdimiz olan Qağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyünün qorunması şərti ilə dinc yolla nizama salınması üçün möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasəti bundan sonra da fəal surətdə dəstəkləməli, Ermənistanın işğalı nəticəsində yurdundan didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin, eləcə də əhalinin aztəminatlı təbəqələrinin, xalqın güzəranının yaxşılaşdırılmasını, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsini təmin edən qanunvericilik aktlarını qəbul etməlidir. Dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir.
Parlament ölkədə müvəffəqiyyətlə həyata keçirilən hüquqi islahatların başa çatdırılmasına, ölkəmizin inkişafının təmin olunmasına yönəldilən yeni qanunlar qəbul etməlidir. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi sahəsində Milli Məclisin üzərinə məsuliyyət düşür. Ölkənin ali qanunvericilik orqanı Parlamentlərarası İttifaq, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, MDB Parlamentlərarası Assambleyası, İslam Konfransı Təşkilatı, NATO Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq qurumlarla əlaqələri daha da genişləndirməlidir. Bir sözlə, görüləcək işlərimiz çoxdur.
Möhtərəm cənab Prezident!
Ötən dövrdə parlamentin fəaliyyətində Sizin qayğı və diqqətinizi həmişə hiss etmişik. Siz Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququnuza əsaslanaraq Avropa standartlarına uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermisiniz. Azərbaycan parlamentində qanun yaradıcılığı və qanunvericilik işinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi üçün həyata keçirdiyiniz tədbirləri xalqımız minnətdarlıq hissi ilə qarşılayır. Sizi əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi dövlətimizin və xalqımızın ehtiyacları və tələbatı üzərində quracaq, Milli Məclisin dünyanın inkişaf etmiş parlamentləri səviyyəsinə yüksəlməsinə çalışacağam.
Hörmətli deputatlar, əminəm ki, sizinlə birlikdə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan Respublikası parlamentinin üzvü adını şərəflə qoruyacağıq. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Milli Məclisin Sədri seçildikdən sonra Azərbaycan Respublikasının yeni çağırış Milli Məclisinin birinci iclası bitmiş hesab olunur. Lakin bilirsiniz ki, parlament seçkilərindən bir aya yaxın vaxt keçmişdir. Azərbaycan xalqı, ölkə vətəndaşları üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin işə başlamasını səbirsizliklə gözləyirlər. Ona görə də təklif edirəm, tənəffüs etmədən Milli Məclisin növbəti iclasını keçirək. Sədrin müavinlərini və daimi komissiyaların sədrlərini seçək. Etiraz etmirsiniz ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bu təklifi səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsinə görə, Milli Məclis Sədrinin müavinləri deputatlar sırasından açıq səsvermə yolu ilə seçilirlər. Milli Məclis sədrinin birinci müavini vəzifəsinə namizədi ilk növbədə, Milli Məclisin Sədri irəli sürür. Öz namizədliyinə etiraz müzakirəsiz, səsvermə keçirilmədən qəbul olunur.
Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Başqa təklif var? Yoxdur. Onda, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.36 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 1
İştirak edir 103
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Ziyafət Əsgərovu təbrik edirik! (Alqışlar.)
Ziyafət müəllim, çıxış eləmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ehtiyac yoxdur? Onda gündəliyin növbəti məsələsinə keçək.
Növbəti məsələ Milli Məclis Sədrinin müavininin seçilməsidir. Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin müavini vəzifəsinə deputat Bahar Muradovanın namizədliyini təklif edirəm. Başqa təklif var? Yoxdur. Onda xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bahar xanımı təbrik edək! (Alqışlar.)
Növbəti məsələ Milli Məclis Sədrinin digər müavininin seçilməsidir. Hörmətli deputatlar, bilirsiniz ki, builki parlament seçkilərində 41 nəfər bitərəf deputat mandatı almışdır. Fikrimcə, Milli Məclis Sədrinin müavinlərdən biri bitərəfləri təmsil etsə, doğru olar. Bu gün səhər bitərəf deputatlar öz yığıncağını keçirmiş və qərara gəlmişlər ki, Milli Məclis Sədrinin müavini vəzifəsinə deputat Valeh Ələsgərovun namizədliyini irəli sürsünlər. Mən bu təklifi dəstəkləyirəm və Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin müavini vəzifəsinə deputat Valeh Ələsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.40 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 1
İştirak edir 105
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Valeh Ələsgərovu təbrik edək! (Alqışlar.)
Növbəti məsələ Milli Məclisin daimi komissiya sədrlərinin seçilməsidir. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, Milli Məclis 11 daimi komissiya yaradır: Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası, İqtisadi siyasət daimi komissiyası, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası, Aqrar siyasət daimi komissiyası, Sosial siyasət daimi komissiyası, Regional məsələlər daimi komissiyası, Elm və təhsil məsələləri daimi komissiyası, Mədəniyyət məsələləri daimi komissiyası, İnsan hüquqları daimi komissiyası, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası.
İndi biz komissiya sədrlərini təsdiq eləməliyik. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri vəzifəsinə deputat Əli Hüseynovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Qəbul olundu, sağ olun. Deputat Əli Hüseynov, Sizi təbrik edirik! (Alqışlar.)
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsinə deputat Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Ziyafət müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən müavinləri təbrik edirəm və mənim çıxışım komissiya sədrlərinin seçilməsinin nəticəsinə də təsir eləməyəcək. Amma Ziyafət Əsgərov bu gün birinci müavin seçilir. Birinci müavinin, bilirsiniz ki, kifayət qədər işi var. Eyni zamanda, son dərəcə ağır və məsuliyyətli komissiya ona tapşırılır. Mənə elə gəlir ki, Milli Məclisdə kifayət qədər peşəkar, səriştəli adam var. Bu mənim təklifimdir, amma artıq səsvermə qurtardı. Hər halda yaxşı olardı ki, digər komissiya sədrləri seçiləndə bu, nəzərə alınsın.
Yeri gəlmişkən, hörmətli Sədr, bu Sizin səlahiyyətinizdir. Ölkədə vətəndaş həmrəyliyi qaçılmazdır və bunun ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyəti var. Bitərəflər var, müxalifət partiyaları var. Artıq müavinlər seçilib. Amma çox yaxşı olardı ki, komissiya sədrləri seçilərkən, – xüsusən elə komissiyalar ki, onlar siyasətlə məşğul deyil, ölkənin digər mühüm sahələrini əhatə edirlər, – digər müxalifət partiyaları nəzərə alınsın. Biz ölkədəki vətəndaş qarşıdurmasının qarşısını almaq, vətəndaş həmrəyliyini inkişaf etdirmək üçün bu işi ilk növbədə, Milli Məclisdən başlamalıyıq. Ona görə çox istərdim ki, yeni Milli Məclis bunu nəzərə alsın.
Sizi də elə bəri başdan, Sədr seçilməyiniz münasibətilə təbrik edirəm. Murtuz müəllimə də can sağlığı, uzun ömür arzulayıram. Müxalifətə münasibətdə Murtuz müəllimin ürəyi təmiz idi, bir yandan hirslənirdi, o biri yandan da bağışlayırdı. Ümumiyyətlə, çox arzu edərdim ki, Siz Milli Məclisin Sədri kimi, bundan sonrakı iclaslarda müxalifətə həmişə demokratik və qanunlara uyğun münasibət nümayiş etdirəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Biz konstruktiv müxalifətə həmişə çox gözəl münasibət bəsləyəcəyik və çalışacağıq ki, münasibətləri bir az da genişləndirək. Ziyafət müəllimin komissiya sədri seçilməsinə gəldikdə isə deməliyəm ki, biz keçən çağırış da Milli Məclisin deputatı olmuşuq. Bilirik ki, Ziyafət müəllim bu işin öhdəsindən çox böyük məharətlə gəlib. Ona görə belə məsləhətləşdik ki, Ziyafət müəllim bu işi yenə də davam elətdirsin.
İcazə verin, iclası davam etdirək. Deputat Ziyad Səmədzadə bitərəflərin nümayəndəsi kimi Iqtisadi siyasət daimi komissiyasının sədri vəzifəsinə təklif olunur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Ziyad müəllim, Sizi təbrik edirik! (Alqışlar.) Ziyad müəllim bizim bitərəf deputatlarımızdandır. Tanınmış alimimizdir, akademikdir.
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri vəzifəsinə deputat Valeh Ələsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 105
Nəticə: qəbul edildi
Valeh müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
Aqrar siyasət daimi komissiyasının sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 2
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Eldar müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
Sosial siyasət daimi komissiyasının sədri vəzifəsinə deputat Hadi Rəcəblinin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 2
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Təbrik edirik! (Alqışlar.)
Regional məsələlər daimi komissiyasının sədri vəzifəsinə deputat Arif Rəhimzadənin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Arif müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
Elm və təhsil məsələləri daimi komissiyasının sədri vəzifəsinə deputat Şəmsəddin Hacıyevin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Təbrik edirik! (Alqışlar.)
Mədəniyyət məsələləri daimi komissiyasının sədri vəzifəsinə deputat Nizami Cəfərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Nizami müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
İnsan hüquqları daimi komissiyasının sədri vəzifəsinə deputat Rəbiyyət Aslanovanın namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Rəbiyyət xanım, Sizi təbrik edirik! (Alqışlar.)
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri vəzifəsinə deputat Səməd Seyidovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Səməd müəllim, Sizi təbrik edirik! (Alqışlar.)
Seçilmiş bütün daimi komissiya sədrlərini ürəkdən təbrik edirəm! Xahiş edirəm, komissiya ilə bağlı sənədləri, təklifləri Milli Məclisin Aparatına təqdim etsinlər.
Bununla da üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iş günü başa çatmış hesab olunur.
İcazə verin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə üçüncü çağırış Milli Məclisin birinci iclasında iştirak elədiyinə görə bir daha sizin adınızdan dərin minnətdarlığımızı bildirək! (Alqışlar.) Sağ olun.