14.03.2006 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU № 11

Mill Məclisin  iclas  salonu.
14  mart  2006-cı il.  Saat 12.

Mill Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Abbas Abbasov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Əvəz Ələkbərov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Əliövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Samir Şərifov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Etibar Pirverdiyev, "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri .
İsmayıl Həsənov, Azərbaycan Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi.
Namiq Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
 Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı haqqında.

İclasda qəbul edilmişdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                      O. ƏSƏDOV
 


MİLLİ  MƏCLİSİN  İCLASI

14  mart  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 95
Yetərsay 83

Hörmətli cənab Baş nazir və hökumət üzvləri! Hörmətli deputatlar! Xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ötən il dövlətimizə və xalqımıza yeni böyük uğurlar gətirmişdir. Ulu öndərimiz Heydər Əliyevin səyləri ilə on il bundan əvvəl yaradılmış inkişaf dinamikası nəinki qorunub saxlanılmış, həm də misilsiz vüsət almışdır.
Ölkə iqtisadiyyatının inkişafını səciyyələndirən əsas göstərici –ümumi daxili məhsul ötən il 26,4 faiz artmışdır. İqtisadi artım sürətinə görə Azərbaycan dünyanın bütün ölkələrini geridə qoymuşdur.
Hər bir ölkənin iqtisadi və siyasi qüdrəti onun dövlət büdcəsi ilə müəyyən olunur. Məlum olduğu kimi, 2005-ci ilin dövlət büdcəsi əvvəlki ilə nisbətən 40 faiz artmışdı. Bu ilin büdcə gəlirləri isə təqribən 2 dəfə artmış və 3,4 milyard yeni Azərbaycan manatına, yaxud 3,7 milyard ABŞ dollarına çatmışdır. Dövlət büdcəsinin xərcləri 4 milyard ABŞ dollarına yaxınlaşmışdır. Əminəm ki, gələn ilin dövlət büdcəsinin artım sürəti də bundan az olmayacaqdır.
Ölkəmizdə geniş miqyaslı islahatların davam etdirilməsi sayəsində çoxlu yeni müəssisə fəaliyyətə başlamış, iş yerləri açılmışdır. Ümumiyyətlə, son iki il yarım ərzində 346 mindən çox yeni iş yeri yaradılmışdır. Bunların 173 mini daimi iş yeridir.
İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifahına da müsbət təsir göstərmişdir. Adambaşına düşən pul gəlirləri 25 faizdən çox artaraq ayda orta hesabla 392 min manata çatmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Ölkəmizin iştirak etdiyi nəhəng iqtisadi layihələr reallığa çevrilmişdir.
Hörmətli deputatlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Nazirlər Kabineti mühüm rol oynayır. Son dövrdə Nazirlər Kabinetinin fəaliyyətində səmərəlik, çeviklik artmış, icra intizamı möhkəmlənmiş, idarəetmə mexanizmi təkmilləşmişdir. Cənab Prezidentin sərəncamları əsasında kadr və struktur dəyişiklikləri aparılmış, bəzi nazirliklər ləğv edilmiş, yeniləri yaradılmışdır. Dövlət rəhbərliyi tərəfindən qəbul olunan sosial-iqtisadi qərarların yerinə yetirilməsi sahəsində Nazirlər Kabinetinin funksiyaları genişləndirilmişdir.
Bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikasının Nazirlər Kabineti öz fəaliyyəti haqqında parlamentə hesabat verir. Bu gün Nazirlər Kabineti üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə ilk hesabatını təqdim edir.
Yəqin ki, cənab Baş nazirin məruzəsində, digər çıxışlarda Nazirlər Kabinetinin ötən bir ildəki fəaliyyətinə dair millət vəkillərinə konkret faktlar və rəqəmlər əsasında ətraflı məlumat veriləcəkdir. Ona görə də mən sosial-iqtisadi inkişaf göstəriciləri barədə təfsilata varmadan yalnız mühüm saydığım bəzi məqamları vurğulamaq istəyirəm.
Hər şeydən əvvəl bir məsələ haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Hər il bu vaxt Nazirlər Kabinetinin hesabatı Milli Məclisin deputatlarına paylanır. Təyin olunan gün hökumətin üzvləri Milli Məclisə dəvət olunurlar. Nazirlər Kabinetinin fəaliyyəti haqqında məruzə dinlənilir. Sonra çıxışlar başlanır. Təkliflər irəli sürülür, tövsiyələr səslənir. Kimsə Nazirlər Kabinetinin fəaliyyətini tərifləyir, kimsə qazanılan nailiyyətləri görmək istəmir, öz çıxışını yalnız qərəzli tənqid üzərində qurur. Nazirlər deputatların suallarını dinləyib cavab verirlər. Bununla da müzakirə bitir. Səslənən fikirlər elə bu salonda da qalır. Məlum olmur ki, təklif və tövsiyələr üzərində hansı iş aparılır, bunlar Nazirlər Kabinetinin fəaliyyətində necə nəzərə alınır, ümumiyyətlə, nəzərə alınırmı?
Uzağa getməyək, elə keçən il burada Nazirlər Kabinetinin hesabatı müzakirə olunarkən onun işini təkmilləşdirmək barədə xeyli təklif və tövsiyə irəli sürülmüşdü. Lakin indi bizə təqdim edilmiş hesabatdan görünmür ki, həmin təklif və tövsiyələrin Nazirlər Kabinetinin fəaliyyətinə hansı təsiri olub. Bunlara necə reaksiya verilib.
Mənim fikrimcə, Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi prosedurunda müəyyən dəyişikliklər edilməsi zəruridir. Əvvəla, hesabatda bəzi yanaşmalara yenidən baxılmalıdır. Məsələn, elə bu hesabatda Nazirlər Kabinetinin fəaliyyətində qarşıya çıxan problemlərdən bir kəlmə də bəhs edilmir. İşin gələcək istiqamətləri barəsində təkliflər yoxdur və sair.
Hesabatın parlamentdə müzakirəsi də formal xarakter daşımamalı və konstruktiv təməl üzərində qurulmalıdır. Hər şeydən əvvəl çıxışlar biryönlü olmamalıdır. Yəni biz Nazirlər Kabinetinin fəaliyyətində müsbət keyfiyyətləri də, çatışmayan cəhətləri də görüb üzə çıxarmağı bacarmalıyıq. Hər hansı bir problemi qaldırırıqsa, onun həlli yollarını göstərməyə də çalışmalıyıq.
Millət vəkilləri arasında savadlı və təcrübəli iqtisadçılar, hüquqşünaslar, təsərrüfatçılar, idarəetmə sahəsində mütəxəssislər vardır. Deputatların burada söylədikləri təkliflər ümumiləşdirilməli, sistemləşdirilməli və Nazirlər Kabinetinin fəaliyyətinin təşkili zamanı nəzərə alınmalıdır. Müzakirələr zamanı söylənilən mülahizələrdən işi təkmilləşdirmək üçün istifadə edilməli və növbəti hesabatda Milli Məclisə bu barədə məlumat verilməlidir. Fikrimcə, bundan sonra Nazirlər Kabinetinin hesabatının bir bölməsi parlamentdə əvvəlki müzakirələrin yekunlarına həsr olunmalıdır.
Hamımızın məqsədi Azərbaycanı inkişaf etdirməkdir. Nazirlər Kabinetinin hesabatının parlamentdə müzakirəsi nəticə etibarı ilə onun fəaliyyətinin daha səmərəli qurulmasına xidmət etməlidir. Bu müzakirələrdə biz Nazirlər Kabinetinin qarşısına çıxan maneələrin aradan qaldırılması üçün Milli Məclisin qanunvericilik sahəsində həyata keçirməli olduğu tədbirlər barəsində təklifləri də dinləmək istərdik. Qanunvericilik bazasında mövcud olan boşluqlar və bunların aradan qaldırılması haqqında Nazirlər Kabinetinin mülahizələri parlamentin fəaliyyətinə kömək edərdi. Nazirlər Kabineti ilə Milli Məclis arasında bu cür iş birliyi hakimiyyətin müxtəlif qolları arasında qarşılıqlı məsuliyyəti gücləndirərdi.
Hörmətli deputatlar! Ümidvaram ki, Milli Məclisdə bu gün aparacağımız müzakirələr səmərəli olacaq və Nazirlər Kabinetinin işinin daha da təkmilləşməsinə yardım edəcəkdir. Mən deputatları Nazirlər Kabinetinin hesabatının müzakirəsində fəal iştirak etməyə çağırıram. Əlbəttə, bayaq söylədiyim kimi, burada lüzumsuz tərifə də ehtiyac yoxdur, çünki görülmüş işlər, qazanılmış nailiyyətlər göz qabağındadır. Şübhəsiz, tənqid də səslənməlidir, amma bu tənqid qərəzçilikdən uzaq olmalıdır. Çıxışlarda yalnız konstruktiv təklif və tövsiyələrin irəli sürülməsi ümumi işin xeyrinə olardı.
Hesabatın təqdim olunması üçün söz Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə verilir.
A. Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çıxışımın əvvəlində icazə verin, sizi üçüncü çağırış Milli Məclisin deputatı seçilməyinizlə əlaqədar təbrik edim, qanunvericilik fəaliyyətinizdə sizə böyük uğurlar arzulayım!
Respublikamızın iqtisadi və sosial inkişafında son onillikdə əldə olunmuş nailiyyətlər müəllifi ümummilli liderimiz Heydər Əliyev olan iqtisadi siyasətin düzgünlüyünə əyani sübutdur. Bu dövr ərzində dərin siyasi, iqtisadi və sosial böhrandan çıxmaq mümkün olmuş, ictimai, siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin dinamik artımı, köklü institusional islahatların aparılması və dünya iqtisadi sisteminə inteqrasiya təmin olunmuşdur.
Bir çox beynəlxalq maliyyə və bank təşkilatlarının etirafına görə, hazırda keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələr arasında Azərbaycan ən dinamik inkişaf edənlərin sırasındadır. Heydər Əliyevin strateji siyasətinin layihəsinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi və sosial inkişafı keyfiyyətcə yeni səviyyədə müvəffəqiyyətlə davam etdirilir. Müasir mərhələdə ölkənin gələcək inkişafı konkret strateji məqsədlərlə xarakterizə olunur.
Yaxın illər üçün qarşıya qoyulmuş taleyüklü vəzifələr ölkənin sürətli sosial-iqtisadi inkişafını, qeyri-neft sektorunun, regionların, sosial sahənin, infrastrukturun inkişafını, habelə enerji təhlükəsizliyini, müdafiə qabiliyyətini, yoxsulluğun səviyyəsinin azaldılmasını, işsizlik probleminin həllini və dünya iqtisadiyyatında layiqli yerin tutulmasını təmin etməkdir. Bu vəzifələrin ardıcıllıqla və sistemli şəkildə həyata keçirilməsini təmin etmək üçün məqsədli proqramlar, qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edilmiş və həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadi islahatların uğurla davam etdirilməsi nəticəsində ötən ildə də ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində böyük nailiyyətlər əldə edilmişdir. Ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin müntəzəm iclaslarında xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunması qarşıda duran mühüm vəzifələrin uğurla həllində önəmli rol oynamışdur.
Bütövlükdə iqtisadiyyatın vəziyyətini xarakterizə edən ümumi daxili məhsulun real artımı 2004-cü ilə nisbətən 26,4 faiz olmuş və 59, 4 trilyon manata çatmışdır. Bu artım dünya ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Son illərin yüksək artım sürətini nəzərə alsaq, axırıncı beş ildə ümumi daxili məhsulun həcmi təqribən 2 dəfə artmışdır.
Adambaşına 7,2 milyon manatlıq və ya 1518 ABŞ dolları, yaxud 2004-cü ildəkindən 25,1 faiz çox əlavə dəyər yaradılmışdır. Bu göstəriciyə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında 2004-cü ildəki 8-ci yerdən 2005-ci ildə 4-cü yerə qalxmışdır.
2005-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 100,5 faiz icra olunmuş və 2004-cü ilə nisbətən 38,8 faiz artmışdır. Büdcə gəlirlərinin 69,5 faizini Vergilər Nazirliyinin, 18,3 faizini Dövlət Gömrük Komitəsinin, 7,3 faizini Dövlət Neft Fondunun transferi təşkil etmişdir.
Dövlət büdcəsinin xərcləri 42,6 faiz artaraq 10,7 trilyon manat olmuşdur. Sosial yönümlü xərclərin maliyyələşdirilməsinə 5 trilyon 670 milyard manat vəsait yönəldilmişdir ki, bu da 2004-cü illə müqayisədə 34 faiz çoxdur.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, həmişə olduğu kimi, ötən ildə də xüsusi diqqət yetirilmişdir. Dövlət büdcəsindən bu sahəyə 1 trilyon 440 milyard manat və ya 2004-cü ilə nisbətən 65,4 faiz çox vəsait yönəldilmiş və ordunun maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə zəruri olan bütün resurslar ayrılmışdır. Dövlət sərhədlərinin möhkəmləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür.
Hesabat dövrünün sonunda bank sisteminin kredit qoyuluşlarının ümumi daxili məhsula nisbəti ilin əvvəli ilə müqayisədə 8,3 faizdən 12,1 faizə yüksəlmişdir. 2006-cı il yanvarın 1-nə maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə 7,2 trilyon manat məbləğində kredit verilmişdir ki, bu da 2005-ci ilin əvvəlinə olan göstəricidən 45,6 faiz çox olmuş, o cümlədən uzunmüddətli kreditlər 83 faiz artmışdır.
Valyuta ehtiyatlarının həcmi 9,7 faiz artaraq 1 milyard dollara yaxınlaşmış və 2005-ci il yanvarın 1-nə olan səviyyədən 125 milyon dollar çox olmuşdur.
Ötən il Dövlət Neft Fondunun vəsaitinin ümumi miqdarı 44,8 faiz artaraq 1 milyard 400 milyon dollar təşkil etmişdir. Ümumilikdə isə respublikanın valyuta ehtiyatları il ərzində 29,8 faiz artaraq 2006-cı il yanvarın 1-nə 2 milyard 394 milyon dollara çatmışdır. Cari ilin əvvəlində xarici borcun həcmi 1 milyard 650 milyon dollar olmuşdur ki, bu da ümumi daxili məhsulun həcminin 12,8 faizinə bərabərdir. 2004-cü ildə bu göstərici 18,6 faiz olmuşdur.
Göründüyü kimi, ölkənin valyuta ehtiyatlarının həcmi xarici borcu 744 milyon dollar və ya 45 faizi üstələyir ki, bu da Azərbaycanın ödəmə qabiliyyətinin ilbəil artmasına əyani sübutdur.
Ötən il dövlət idarəetmə sistemində islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, bir neçə yeni nazirlik, dövlət komitəsi və təşkilat yaradılmışdır.
İl ərzində bir çox olduqca vacib məsələlər də gündəlikdə olmuşdur. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyəti, əhalinin mənzil problemlərinin həllinə yönəldilmiş İpoteka Fondu, istilik təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması üçün “Azəristilik təchizat” Səhmdar Cəmiyyəti təşkil edilmişdir.
Ölkənin bölgələrini elektrik enerjisi ilə tam təmin etmək məqsədi ilə modul tipli elektrik stansiyalarının tikintisinə başlanılmış, müasir magistral və şəhərlərarası avtomobil yollarının tikintisi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasının qaz təchizatı sistemi bərpa olunmuşdur.
Milli valyutanın denominasiyasının uğurla keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan hüquqi və texniki hazırlıq işləri görülmüşdür.
2005-ci ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 2 dəfə artırılaraq 200 milyard manat təşkil etmiş, 2200-dən artıq sahibkarlıq subyektinə güzəştli kredit kimi verilmişdir. Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 2463 müəssisə və obyekt özəlləşdirilmiş, 10-u səhmdar cəmiyyətinə çevrilmişdir.
Respublika iqtisadiyyatının istehsal və xidmət sahələrində də dinamik inkişaf müşahidə olunmuşdur. Sənayedə məhsul istehsalı 2004-cü illə müqayisədə 33,5 faiz artmışdır. İstehsalın həcmi neft hasilatında 42,9 faiz, neft emalında 14,2, elektroenergetikada 5,3, metallurgiyada 52,6, yüngül sənayedə 61, tikinti materialları istehsalında 18,8 faiz artmışdır. 22,2 milyon ton neft və 5,7 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da 2004-cü ildəkindən müvafiq olaraq 42,9 faiz və 14,7 faiz çox olmuşdur.
Kənd təsərrüfatında 2 milyon 127 min ton taxıl, 1 milyon 83 min ton kartof, bir milyon 490 min ton tərəvəz və bostan məhsulları, 626 min ton meyvə, 197 min ton pambıq, 263 min ton ət, 1 milyon 250 min ton süd istehsal olunmuşdur. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalı 7,5 faiz artmışdır.
Ötən il bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 13,5 faiz artaraq 27,3 trilyon manat və ya 5 milyard 800 milyon dollar təşkil etmişdir. İstifadə olunmuş kapital qoyuluşunun ümumi həcmində daxili mənbələr hesabına ayrılmış vəsaitlər 41,6 faiz artaraq 9,1 trilyon manat olmuşdur.
Son 5 ildə 81 mindən çox şagird üçün yerli ümumtəhsil məktəbləri istifadəyə verilmişdir. Təkcə 2005-ci ildə 37 mindən artıq yerlik, 164 yeni məktəb binası tikilmiş, 396 məktəb əsaslı, 1430 məktəb isə cari təmir edilmişdir. Yeni məktəblərin tikintisi 2004-cü illə müqayisədə 1,8 dəfə artmışdır.
2001-2005-ci illərdə 5,3 milyon kvadratmetr, o cümlədən 2005-ci ildə 1,4 milyon kvadratmetr yaşayış evləri tikilmişdir. Bu, 2001-ci illə müqayisədə 2,5 dəfə, 2004-cü illə müqayisədə isə 12,8 faiz çoxdur. Bunlarla yanaşı, xeyli istehsal və sosial təyinatlı obyektlər də tikilib istifadəyə verilmişdir.
 2005-ci ildə nəqliyyatın bütün növləri ilə 128 milyon ton yük və 1 milyard nəfər sərnişin daşınmış, yük daşınması 9,2 faiz, sərnişin daşınması isə 4,8 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmi 36 faiz artaraq 2,2 trilyon manat təşkil etmişdir.
2005-ci ildə əhaliyə 27,9 trilyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əmtəə dövriyyəsi 13,2 faiz, pullu xidmətlərin həcmi isə 26,1 faiz artmışdır. Ötən il ölkənin hər bir sakini 2,8 milyon manatlıq və ya 2004-cü illə müqayisədə 22,6 faiz çox müxtəlif istehlak malları almışdır.
Azərbaycan dünyanın 135 ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Xarici ticarət dövriyyəsi 8,5 milyard dollar məbləğinə çataraq 19,9 faiz artmışdır. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 147 milyon dollar təşkil etmişdir.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin əvvəlindən tədricən artmağa başladı və ilin ortalarına inflyasiyanın səviyyəsi 14 faizə qədər yüksəlmişdi. Bu prosesin qarşısını almaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı verdiyi fərmanda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində orta illik inflyasiyanın səviyyəsini 9,6 faizə qədər endirmək mümkün olmuşdur.
Əhalinin həyat səviyyəsinin yüksəlməsini xarakterizə edən göstəricilərdən biri olan nominal pul gəlirlərinin adambaşına düşən məbləği 2004-cü illə müqayisədə 25,7 faiz artaraq orta hesabla ayda 392 min manat olmuşdur. Beləliklə, əhalinin pul gəlirlərinin artım sürəti inflyasiyanın səviyyəsini 2,6 dəfə üstələmişdir. Ölkə üzrə orta aylıq əmək haqqı 21,9 faiz artaraq 590 min manata çatmış, dekabr ayında isə 633 min manat təşkil etmiş, minimum əmək haqqının məbləği isə 150 min manata çatdırılmışdır.
Əhalinin banklardakı əmanətləri 22,7 faiz artaraq 2,5 trilyon manata çatmışdır. Qeyd etmək lazımdır ki, milli valyuta ilə əmanətlərin xüsusi çəkisi 2004-cü ildəki 7,5 faizdən 11 faizə qədər artmışdır.
2003-cü ilin oktyabr ayından bu günə qədər ölkədə, əsas etibarı ilə regionlarda 346 min, o cümlədən 173 min daimi iş yerləri açılmışdır. Təkcə 2005-ci ildə yeni açılmış iş yerlərinin sayı 169 min, o cümlədən daimi iş yerləri 709 mindən çox olmuşdur. Hesabat ilində orta aylıq pensiyanın məbləği 150 min manata çatdırılır ki, bu da 2004-cü ilin səviyyəsindən 20,2 faiz çoxdur.
Aparılan tədqiqatlar göstərir ki, 2005-ci ildə həyata keçirilmiş yuxarıda göstərilən və digər tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 29 faizədək azalmışdır.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli 2005-ci ildə də hökumətin fəaliyyətində prioritet yer tutmuşdur. Belə ki, onların yaşayış şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, 706 milyard manat vəsait yönəldilmiş, o cümlədən dövlət büdcəsindən 377 milyard manat və ya 2004-cü illə müqayisədə 30,5 faiz çox vəsait ayrılmışdır. Məcburi köçkünlərin çadır düşərgələrindən tikilib istifadəyə verilmiş yeni, müasir tipli qəsəbələrə köçürülməsi işləri davam etdirilmişdir.
Qeyd etdiyim uğurlarla yanaşı, həllini tam tapmamış problemlər də mövcuddur. Biz onların həlli yolları ilə bağlı qarşıda duran vəzifələri bilirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Nazirlər Kabineti bu vəzifələri həll etmək əzmindədir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirədə çıxış etmək istəyənlər çoxdur. Artıq 20 nəfər yazılıb, 5 nəfər də siyahıya düşüb. Təklif var ki, müzakirələrdə çıxış üçün 5 dəqiqə verək. Müzakirə bir gün olacaqdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda səsə qoyuruq. Kim çıxışlar üçün 5 dəqiqə verilməsinə tərəfdardırsa, xahiş edirəm, səs versin.

Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 83
Əleyhinə 10
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi. Reqlament 5 dəqiqədir. Çıxış üçün söz Cəmil Həsənliyə verilir.
C. Həsənli. Təşəkkür edirəm, Oqtay müəllim. Mən çıxışların 5 dəqiqəyə endirilməsinə öz etirazımı bildirirəm. Əhəmiyyətsiz məsələlər barədə 10 dəqiqə danışırıq, ildə bir dəfə hökumətin hesabatı olur. İclas bir gün yox, iki gün olsun. Bununla nə olacaq? Qoy deputatlar öz sözlərini desinlər.
Sədrlik edən. Cəmil müəllim, onda gərək, Konstitusiyada dəyişiklik edək ki, hesabat bir gün yox, iki gün olsun. Konstitusiyaya görə bir gün olmalıdır. Mən istəyirəm, bütün deputatlar çıxış etsinlər. Bu məsələ təsdiq olunub. Xahiş eləyirəm, çıxışınızı eləyin.
C. Həsənli. Təşəkkür edirəm. Əlbəttə, biz hökumətin verdiyi hesabatla tanış olmuşuq. 2005-ci il ərzində müəyyən işlər görülübdür. İstər iqtisadiyyatın inkişafı, istərsə də sosial-siyasi həyatın tənzimlənməsi baxımından müəyyən addımlar atılıbdır. Bunlar hökumətin müsbət işi kimi qeyd edilə bilər. Bizə 5 dəqiqə vaxt verildiyinə görə, çatışmayan məsələlərdən deyək ki, bəlkə hökumətin işinə yardımçı olduq.
Oqtay müəllim, birinci növbədə mən prosedur barədə fikrimi demək istəyirəm. Niyə hökumətin bir hissəsi hesabat verir, digər hissəsi hesabat vermir? Azərbaycanda iki hökumət var, ya bir hökumət? Niyə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi haqqında məsələlər hesabata daxil edilmir? Bu, yanlış praktikadır və mən arzu eləyirəm ki, biz bu yanlış praktikaya son qoyaq. Adını çəkdiyim nazirliklər bəyəm burada oturan nazirlərdən yuxarı səviyyədədir, ya hökumətə tabe deyirdirlər? Buna bir aydınlıq gətirilməlidir. Hökumət tam şəkildə hesabat verməlidir.
Bu gün bizim qəbul elədiyimiz hesabat yarımçıq hesabatdır. Baş nazir və burada təmsil olunan hökumət üzvləri desinlər ki, Dağlıq Qarabağ probleminin və erməni təcavüzünün həll edilməsi istiqamətində hökumətimiz 2005-ci ildə hansı işləri görüb, hansı addımları atıb? Bildiyimə görə, ümumiyyətlə, Nazirlər Kabineti bütövlükdə yaxasını bu məsələdən kənara çəkib. Elə bil ki, Nazirlər Kabineti bu dövlətin, xalqın hakimiyyəti deyil, Azərbaycan Respublikasına olan təcavüzün, ümumiyyətlə, Nazirlər Kabinetinə dəxli yoxdur. Bu məsələdə də, istərdim, aydınlıq olsun, çünki həmin məsələ hesabatda öz əksini tapmayıb.
Burada ümumi daxili məhsulun artmasından söhbət getdi. Əlbəttə, bu, mütərəqqi haldır və mən də bunu alqışlayıram. Amma ölkədə hər hansı bir inkişaf əhalinin maddi rifah halının yaxşılaşmasında öz əksini tapmalıdır. Burada deyilir ki, orta əmək haqqı 633 min manatdır. Bu çox yaxşı. Əgər yardımlar olmasa, ali məktəbdə çalışan professorların əmək haqqı 500 min manatdır. Əgər ölkədə professorun, elmlər doktorunun maaşı orta göstəricidən aşağıdırsa, onda bu orta göstərici əhalinin hansı kateqoriyasına şamil olunur və həmin kateqoriyalar hansılardır?
Qiymətlərin artması məsələsi hökumətin qarşısında duran ciddi problemlərdən biridir. Bu istiqamətlərdə təəssüflər olsun ki, 2005-ci ili biz uğurlu hesab edə bilmərik. 2005-ci ildə qazın qiymətinin 4-5 dəfə, yanacağın qiymətinin artması bütövlükdə bazarın artmasına gətirib çıxardı. Bu gün ilin sonuncu çərşənbəsidir. Cənab hökumət üzvləri, hamı bayram keçirmək istəyir. Xahiş edirəm, əhalinin aztəminatlı hissəsinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fövqəladə, təxirəsalınmaz addımlar atılsın, çünki bizim artırdığımız pensiyaların və əmək haqlarının minimum hədləri qiymət artımından çox aşağı qalır. Qəndin kiloqramı 5000, şəkər tozu 3500 manata çıxır. Bu bazarla əhalinin bayram keçirmək, minimum yaşayışını təmin etmək imkanları yoxdur.
Elm, təhsil, mədəniyyət, arxiv işçilərinin vəziyyəti barədə bir neçə söz demək istəyirəm. Baxmayaraq ki, Rusiyada ümumi daxili məhsul 26 faiz artmayıb, amma bu gün Rusiyada 10 min rubl elmlər doktoruna ancaq doktorluq diplomuna görə verirlər. Elmlər namizədi diplomuna görə 7500 rubl pul verirlər. Hökumət zəhmət çəkib izah eləsin ki, ümumi daxili məhsul bu qədər artdığı halda niyə bizim ölkədə bunlar minimum həddədir?
Ölkədə 2005-ci ildə hansı kitabxana və kitab mağazası açılıb? Bu qədər tikinti gedir. Kitab pasajı bu gün cır-cındır mağazasına çevrilib. Ölkənin səviyyəsi onun kitab dükanları, kitabxanaları ilə ölçülür. Belə bir şəraitdə yeni tikinti obyektlərindən bu istiqamətdə təyinatı üzrə ayırmalar olmasını vacib hesab edirəm. Bir-iki kəlmə də...
Sədrlik edən. Mən Sizin bir suala cavab verə bilərəm. Həmişə sual qaldırılır ki, nəyə görə güc nazirlikləri burada iştirak etmirlər? Bir dəfə bu barədə söhbət elədik. Biz müharibə vəziyyətindəyik. Bu hesabatlarda güc nazirliklərinin iştirak eləməsi, danışması lazım olarsa, qapalı iclas keçirərik, dəvət eləyərik, suallara cavab verərlər. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli nazirlər, hörmətli Milli Məclisin deputatları! Mən də hökumətin hesabatını qənaətbəxş hesab edirəm və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Ümumilikdə göstərilən hesabat ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda qoyduğu iqtisadi siyasətin və Prezidentimiz İlham Əliyevin bu siyasətin uğurla aparmasının bariz nümunəsidir. Ölkədə gedən iqtisadi, sosial inkişaf bilavasitə bunun təzahürüdür. Bu baxımdan da 2005-ci ili Azərbaycanın həyatında uğurlu il hesab etmək olar. Azərbaycanın istər sosial-iqtisadi inkişafı, istər əhalinin pul gəlirlərinin artması, istərsə də ayrı-ayrı sahələrdə, regionlarda inkişaf göstərir ki, büdcəmizin artması və sair - bu proses gələcəkdə də davam edəcəkdir.
Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Burada Nazirlər Kabinetinin, hökumətin hesabatı verildi. Amma baxanda görürsən ki, hökumətin hesabatı ancaq bir, yəni iqtisadiyyat istiqamətlidir. Təbii ki, hökumət iqtisadiyyatla məşğul olur. Amma iqtisadiyyatla yanaşı, digər məsələlər də var ki, hesabatda öz əksini tapmır. Bizə təqdim olunan hesabatda ayrı-ayrı sahələr göstərilir və bu sahələrin əksəriyyəti Azərbaycanın iqtisadiyyatı ilə bağlı sahələrdir. Mənə elə gəlir ki, bu hesabatın strukturu dəyişilməlidir.
İkinci məsələyə toxunmaq istəyirəm. Hətta bəyənmədiyiniz sosializm dövründə hər bir nöqsan da, inkişaf xətti də göstərilirdi. Bizim hesabatda birmənalı şəkildədir. Hansı nazirlik yaxşı çalışıb, yaxşı işləyib? Nazirlik var ki, dövlət büdcəsini 105 faiz yerinə yetirib. Bu, qeyd olunmalıdır. Hansı yerinə yetirməyibsə, bu da qeyd olunmalıdır. Müqayisə aparılmalıdır. Yaxud hansı strukturda bu dövr ərzində nöqsanlar olub? Məgər nöqsan olmayıb? Bunlar Nazirlər Kabinetinin hesabatında öz əksini tapmalıdır. Milli Məclisin deputatları dəfələrlə keçmiş iqtisadi inkişaf naziri, səhiyyə naziri haqqında nöqsanları qeyd edirdilər, Nazirlər Kabineti heç bir ölçü götürmürdü. Nəticəsi göz qabağındadır. Hər il müzakirə olunan məsələyə ciddi şəkildə yanaşırlar. Deputatların verdikləri təkliflərin və hər hansı strukturun müqayisəli təhlili aparılsa, bu cür hallar da gələcəkdə baş verməz. Hesab edirəm ki, Nazirlər Kabineti öz gələcək fəaliyyətində bu məsələyə baxmalıdır.
İkinci tərəfdən, mən eşitmədim və hesabatda yazılmayıb ki, Nazirlər Kabinetinin, hökumətin ayrı-ayrı strukturlarına ərizə və şikayətlərlə nə qədər vətəndaş müraciət eləyib, onların neçəsinə baxılıb, nə qədəri həll olunub, nə qədəri həll olunmayıb? Bu, vətəndaşların hüquqlarının qorunması ilə bağlı məsələdir. Mən hesab edirəm ki, bu məsələ də hesabatda əks olunmalıdır. Ümumilikdə, hesabatda xeyli məsələlər nəzərdə tutulmalıdır ki, bunlar da tək iqtisadiyyatda yox, idarəetmə sisteminin təkmilləşməsi, bu sistemdə şəffaflığın yaranması üçün böyük imkanlar yarada bilər. Gələcəkdə mən belə başa düşürəm ki, bu strukturlar nəzərə alınmalıdırlar.
Hüquq mühafizə orqanlarının fəaliyyəti ilə əlaqədar hesabatda müəyyən bəndlər var. Amma, cənab Sədr, Siz qeyd elədiniz ki, nəyə görə onlar burada iştirak etmirlər.
Ümumilikdə, mən hesab edirəm ki, biz regionların sosial-iqtisadi inkişafı ilə bağlı da burada geniş məlumatlar dinləməliyik. Cənab Prezidentin rəhbərliyi ilə yerlərdə geniş işlər aparılır. Ayrı-ayrı strukturların inkişafı ilə məşğuldurlar. İndiyə qədər biz hökumətdən eşitməmişik ki, Azərbaycanda energetika problemi nə vaxt həll olunacaq? Hər il deyirlər ki, yaxşı olacaq, nə vaxt qurtaracaq bu məsələ? Nə vaxt bizim vətəndaşlar 24 saat rahat enerji ilə təmin olunacaqlar? Bu məsələ ilə bağlı plan olmalıdır. Həmin plan əsasında işlər aparılmalıdır. Planda təqdim olunmalıdır ki, illər ərzində neçə faiz artacaq və gələcəkdə hansı istiqamətdə fəaliyyət davam edəcək? Bu yaxınlarda cənab Prezident Qarabağ zonasına səfər etmişdi. Mənim xoşuma gələn cəhət ondan ibarət oldu ki, orada müəyyən rəhbərlər əvvəllər bütün problemləri gizlədir və bir söz demirdilər, indi onlar problemi gizlətmir, əksinə, daha qabarıq şəkildə Prezidentin nəzərinə çatdırırdılar ki...
Sədrlik edən. Xahiş edirəm, hamınız reqlamentə riayət edin. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Ölkənin qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən artıq bir neçə ildir ki, Nazirlər Kabinetinin Milli Məclis qarşısında illik hesabatı dinlənilir. Bu, Azərbaycanın dövlət idarəçiliyində aparılmış hüquqi islahatların nəticəsi olaraq həyata keçirilir. Nazirlər Kabinetinin yüksək səviyyədə hazırlanmış və Milli Məclisin müzakirəsinə təqdim edilmiş hesabatından da görünür və hamımıza məlumdur ki, son illər ölkə iqtisadiyyatı çox dinamik inkişaf edir, sosial sahədə uğurlu nailiyyətlər əldə olunub.
2005-ci il ölkəmizin həyatında həm siyasi, həm də iqtisadi baxımdan çox əlamətdar olmuşdur. Belə ki, çox vacib siyasi tədbir olan parlamentə seçkilər, həm də regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının ikinci ili üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Burada xüsusilə qeyd edilməlidir ki, keçən il dövlət büdcəsində nəzərdə tutulan investisiyaların 75 faizi regionların inkişafına yönəldilmişdir. Son iki ildə çoxsaylı istehsal və sosial müəssisələr yaradılmış, 346 mindən çox iş yerləri açılmışdır. 2004-cü ilin uğurlu yekunu 2005-ci ildə də davam etdirilmişdir. Bu bir daha ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi kursun düzgünlüyü və möhkəmliyindən xəbər verir. Bu tərəqqi siyasətinin ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən daha inamla və yeni rakursda davam etdirilməsi həmin siyasətin uzaqgörənliyini göstərir.
Dövlət başçısı cənab İlham Əliyevin ölkənin yaxın gələcəyi üçün sosial-iqtisadi inkişafı ilə bağlı strateji məqsədlər içərisində regionların inkişafı ilə yanaşı, sənaye siyasətinin önə çəkilməsi, bu kontekstdə qeyri-neft sektorunun sürətlə inkişafına mühüm əhəmiyyət verməsi xüsusilə qeyd edilməlidir. Bu iki qlobal xarakterli vəzifənin icrası respublika qarşısında duran işsizlik probleminin həllinə, Azərbaycanın sənayesinin bərpasına təkan verəcək. Yüksək artım tempinə malik 2004-cü illə müqayisədə 2005-ci ildə ümumi daxili məhsulun 26,4 faiz artması, sənayedə bu artımın 33 faiz təşkil etməsi, sənaye məhsulunun 70 faizə qədərinin özəl sektorda istehsal olunması hökumətin səmərəli və qənaətbəxş işinin nəticəsidir.
Hesabatdan göründüyü kimi, 2005-ci ildə respublika üzrə “Bayva” və “Barmek” şirkətləri tərəfindən “Azərenerjiyə” ödənişlərin həcmi 45,4 faiz təşkil etmişdir. Mən keçən il hökumətin hesabatında müzakirə zamanı bu sektordakı vəziyyətə toxunaraq qeyd etmişdim ki, hökumət elektrik enerjisi kompleksinə lazımi qədər özəl investisiya cəlb etmək məqsədi ilə paylayıcı şəbəkələri idarəetməyə vermişdir. Lakin bu o demək deyildir ki, şəbəkəni idarəetməyə götürən şirkətlər öz bildikləri kimi işləməli, hökumət onların işinə qarışmamalı, heç bir şey tələb etməməlidir. Onu da vurğulamışdım ki, hökumətin ikitərəfli sazişindən irəli gələn hüquq və səlahiyyətlərdən istifadə edib, həmin şirkətlərdən saziş şərtlərindən irəli gələn qaydada fəaliyyət göstərmələrini tələb etmə, onların işinə müəyyən çərçivədə nəzarət etmək hüququ vardır. Hökumət bu halda yalnız imzaladığı sazişin icrasına nəzarət edir. Mənim dediklərim öz təsdiqini tapdı. Hökumət düzgün olaraq “Bayva” və “Barmek” şirkətlərinin fəaliyyətini sazişin tələbləri çərçivəsində təftiş etdi, çox düzgün olaraq “Bayva”nın fəaliyyətini dayandırdı, “Barmek” şirkətinin işi isə araşdırılmağa başlanılıb.
Hörmətli millət vəkilləri, çıxışımın əvvəlinə qayıdaraq bir daha qeyd etmək istərdim ki, hökumətin 2005-ci ildəki qənaətbəxş işi möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına əsasən nail olmasına səbəb olmuşdur. Bütün bunlara görə hörmətli Baş nazirə və hökumət üzvlərinə bir daha təşəkkür edir, onların qarşıdan gələn Novruz bayramını təbrik edir, 2006-cı il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsində uğurlar arzulayıram. Hörmətli cənab Sədr, hesab edirəm ki, müəyyən müzakirədən sonra hökumətin hesabatını qənaətbəxş hesab edib səs vermək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, millət vəkilləri! Mən çıxışımın önündə ilk növbədə olaraq qarşıdan gələn Bahar bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, hər birinizin ailəsinə xoşbəxtlik, səadət dolu günlər arzulayıram.
Bizə təqdim edilmiş hesabatla ətraflı tanışlıqdan sonra belə bir həqiqət ortaya qoyulur ki, vaxtı ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar özünün önəmli nəticələrini verməkdədir. Etiraf olunmalıdır ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Ölkənin iqtisadi inkişafı dinamik xarakter daşıyır, əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, yoxsulluq səviyyəsi sürətlə aşağı düşməkdədir. Eyni zamanda, ölkədə maliyyə sabitliyi hökm sürür, yeni müəssisələr açılır, işsizlik aradan qaldırılır və sair. Bütün bunlar göz önündədir. Real həyatı ifadə edən konkret faktlara söykənən bütün uğurların qazanılmasında, heç şübhəsiz ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin imzalamış olduğu fərmanlar və proqramların, onun sistemli xarakter daşıyan regionlara səfərlərinin, keçirmiş olduğu görüşlərin, müşavirələrdə söyləmiş olduğu fikirlərin, irəli sürdüyü təkliflərinin, vermiş olduğu tövsiyələr, onun bu və ya digər sahə ilə bağlı atmış olduğu operativ və konkret addımların, heç şübhəsiz, böyük yeri, rolu və əhəmiyyəti var.
Etiraf olunmalıdır ki, doğrudan da, Azərbaycanın bütün sahələrində inkişaf artıq ənənə xarakteri daşıyır. Bu inkişafda, heç şübhəsiz ki, hökumətin və hər bir hökumət üzvünün rolu vardır. Mən seçilmiş olduğum Salyan seçki dairəsi ilə bağlı seçicilərin mənim qarşımda qaldırdıqları məsələləri ayrı-ayrı nazirlərə çatdırdıqda etiraf etməliyəm ki, onların müsbət cavablarının və operativ addımlarının şahidi olmuşam. Bu baxımdan, yeri gəlmişkən, mən həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, həm Nəqliyyat Nazirliyinə, həm Təhsil Nazirliyinə, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinə, “Azəriqaz” və “Azərenerji”, “Azərsu” səhmdar cəmiyyətlərinə, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə öz təşəkkürümü bildirirəm ki, onlar qaldırılmış məsələlərə dərhal müsbət reaksiyalarını veriblər. Mən ümidvaram ki, digər nazirliklər qarşısında bu məsələlər qaldırılarsa, onlar da müsbət addımlarını atacaq, reaksiyalarını verəcəklər.
Bu gün etiraf olunmalıdır ki, artıq ölkə Prezidentinin yeniləşmiş komandası yeni əhval-ruhiyyə ilə zamanın ruhuna uyğun olaraq işləyir, Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Bunlar etiraf olunmalıdır. Lakin bununla bərabər çox təəssüf edirsən və düşünürsən ki, bu komandanın ruhuna, fəlsəfəsinə və mahiyyətinə uyğun gəlməyən bəzi adamlar da var. Onlar bu gün rayonlarda ayrı-ayrı icra başçıları kimi fəaliyyət göstərirlər. Dekorativ ağaclar əkirlər və yaxud müəyyən abadlıq işləri aparırlar. Bunu çox böyük minnətlə əhaliyə sırımağa çalışırlar. Konkret rayonlarda insanlara kölə kimi yanaşır, hətta onları təhqir etməkdən belə çəkinmirlər. Özlərinin yüz günlüyünü qeyd edirlər, bağışlayın, ola bilsin, bu, Məclisin əhval-ruhiyyəsində deyil, hətta ölən itlərinin istintaqını təşkil edirlər. Belələri də var. Çox təəssüf edirik. Lakin yaxşı haldır ki, bunlar azdır, çox deyil.
Mən bəzi məqamlar üzərində dayanmaq istərdim, lakin görürəm, vaxtımız məhduddur. Mən çox istərdim ki, nazirlər regionlarda mütəmadi görüşlər keçirsin və rayonlarda qaldırılan məsələlərə müsbət münasibətlərini yerindəcə bildirsinlər. Bu, düşünürəm ki, müsbət təsir eləyə bilər. Salyanda bu yaxınlarda kənd təsərrüfatı nazirinin iştirakı ilə keçirilən belə görüşdə bir sıra məsələlər yerindəcə həll olundu. Ölkənin Prezidenti əgər regionlara səfər edirsə, nazirlər də regionlara səfər etməli və yerlərdə insanların qaldırmış olduqları məsələlərə münasibətlərini bildirməlidirlər. Mən sonda bütün millət vəkillərini hesabata müsbət rəy verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Mən söylədim ki, 5 nəfər deputatın adı siyahıya düşməyib. Onlara da növbə ilə söz verəcəyik. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Respublikasında təməli ulu öndərimiz tərəfindən qoyulmuş iqtisadi, sosial strategiya bu gün də uğurla davam etdirilir. Bu strategiyanın həyata keçirilməsi respublikamızı dərin iqtisadi, siyasi, sosial böhrandan çıxarmış, ölkəmizdə makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin yaşayış, həyat səviyyəsi ardıcıl olaraq inkişaf etmiş, respublikamız inkişaf tempinə görə dünyada liderlik səviyyəsində duran dövlətlər sırasına çıxmışdır. Bu fakt vətənimizin hər bir övladını qürurlandırır, sevindirir və işləməyə, yaratmağa olan həvəsini gündən-günə artırır.
Hörmətli Baş nazir Artur Rasizadənin verdiyi hesabatda qeyd olunduğu kimi, cənab Prezidentimiz İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafına 2004-2008-ci illər üzrə respublikanın sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bir daha təkan verilir. O, bununla bir çox qlobal, respublikamızda həyat üçün zərurət təşkil edən vəzifələrin təmin olunmasını qarşıya əsas vəzifə və məqsəd kimi qoymuş oldu. Bunlardan respublikamızda suveren, sosial- iqtisadi inkişafa nail olmaq, sənaye sahələrini inkişaf etdirmək, qeyri-neft sektorunun inkişafı, sosial sferanın inkişafı, yoxsulluğun səviyyəsinin azaldılması, regionların inkişafı, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi və sairi göstərmək olar.
Hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsəd və vəzifələr sözlə yox, dövləti idarəetmənin prinsiplərinə uyğun müvafiq qanuni, tənzimləyici sənədlərin, proqramların qəbul olunması şəklində düşünülmüş ardıcıl fəaliyyətlə həyata keçirilir. İlin yekun göstəriciləri və cənab Prezidentin regionlara səfərləri, yeni iş yerlərinin açılması və bu proseslərdə vətəndaşların söylədikləri fikirlər həmin məqsədlərin mütəmadi, ardıcıl, uğurla həyata keçirildiyini bir daha sübut edir.
Respublikamızda ildən-ilə artan iqtisadi nailiyyətlər 2005-ci ildə də iqtisadiyyatın əsas nəticəsində özünü büruzə vermişdir. Ümumi daxili məhsulun 2004-cü ilə nisbətən müqayisədə 26,4 faiz artması və onun məbləğinin 59,4 trilyon manata, yəni 12,6 milyard dollara çatması çox əhəmiyyətli iqtisadi nəticədir. Yoxsulluğun azaldılması istiqamətində aparılan işlərin nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 40,2 faizdən 29,3 faizə qədər azalmışdır.
Regionlarda 2003-cü ilin oktyabrından sonra 346 min yeni iş yerləri açılmış, bu, 2005-ci ildə 169 min təşkil etmişdir. 2005-ci ildə sosial sahə üzrə, o cümlədən təhsilin, mədəniyyətin müasir tələblərə uyğun olaraq inkişafına, bu sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və sair istiqamətlərdə müəyyən işlər görülmüşdür. 2003-2007-ci illər üzrə yeni məktəblərin tikintisi, müasir tədris, texniki avadanlıqlarla təmin üzrə Dövlət Proqramına əsasən xeyli işlər görüldüyünü göstərdi. Ali təhsil istiqamətində təhsil sisteminin Avropaya inteqrasiyası davam edir. Elm sahəsində Milli Elmlər Akademiyasına ildən-ilə maliyyə vəsaiti artırılmış, 2004-cü illə müqayisədə 30 milyon manat artıq vəsait verilmişdir. Mədəniyyət üzrə işçilərin əmək haqqı 2 dəfə artmışdır. Bir daha hesabatdan göründüyü kimi, respublikamız dinamik, sosial-iqtisadi inkişaf yolundadır. Biz bu hesabatı müsbət qiymətləndirməklə bərabər onun cari ildə də uğurla davam etdirilməsinə öz dəstəyimizi verəcəyik. Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndirir, gələcək işlərində də müvəffəqiyyət arzulayıram.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Nazirlər Kabinetinin parlamentdə hesabatı çox mühüm bir dövlətçilik ənənəsidir. Hörmətli Oqtay müəllimin qeyd etdiyi kimi, bu, hər bir hakimiyyət qolunun öz funksiyalarının məsuliyyətli qaydada yerinə yetirilməsinin bir nümunəsidir. Eyni zamanda, vətəndaşların seçkili orqanlar, yəni millət vəkilləri vasitəsilə hökumətin idarə olunmasına, ümumiyyətlə, özünüidarəyə cəlb olunması deməkdir.
Nazirlər Kabinetinin fəaliyyəti, heç şübhəsiz, çevik, operativ olmalı, günün tələblərinə son dərəcə sürətlə uyğunlaşmalıdır. Qərarlar adekvat olmalıdır. Öncədən qeyd eləyim ki, hörmətli Baş nazir Artur müəllimin mən bir neçə dəfə qəbulunda olmuşam, görüşmüşəm, son dərəcə səmimi bir insandır. Hər hansı bir məsələyə can yanğısı ilə yanaşmağı bacaran bir insandır. Lakin Nazirlər Kabineti bütövlükdə Artur müəllimin səmimiyyətinə, can yanğısına, o cümlədən Nazirlər Kabinetinə tabe olan strukturlar da həmin parametrlərə uyğun işləməlidirlər.
Əlbəttə, biz Qərb ölkələrindən nümunələr gətirməyi çox sevirik. Lakin mən istərdim ki, MDB ölkələrindən, ən azı Rusiyadan nümunə götürək. Orada sonuncu Baş nazir Fradkov tez-tez hökumət komandasını toplayır, cari və ya perspektiv məsələlərlə bağlı müzakirələr aparır. Əgər belə olsaydı, mən düşünürəm ki, 2005-ci ildə qarşılaşdığımız bir sıra problemləri biz yaşamazdıq. Burada qeyd olunduğu kimi, sabiq iqtisadi inkişaf naziri bir günün içində özəlləşdirmədə öz payını bu nisbətdə eləyərək, fərdi özəlləşdirmə ilə məşğul olaraq dövlətin ələ alınmasında böyük imkanlar qazanmazdı. Nazirlər Kabinetinin ardıcıl müşavirələri, toplantıları olsa idi, bunlar baş verməzdi. Prezidentli respublikalarda, unitar quruluşlu dövlətlərdə ikinci şəxs, yəni Baş nazir nisbətən sakit, ikinci planda qalmalı olan bir insan kimi də nəzərdən keçirilə bilər. Bəlkə bu fikirlərin də yeri var. Lakin mən düşünürəm ki, mütəmadi müşavirələrin, toplantıların keçirilməsi dediyim vəziyyətə mane olmur. Əgər belə olsa idi, Elton müəllimin qeyd etdiyi kimi, hökumətin müvafiq strukturları Azərbaycanın enerji strukturlarını özəlləşdirərək müxtəlif paylayıcı elektrik şəbəkəsi tərəfindən işlədilməsinə və bu sıradan çox ciddi cinayətlərə yol verməzdilər.
İndi hamı “Barmek”lə bağlı məsələlərin sonunu gözləyir. Ölkənin birinci şəxsi bu məsələyə çox kəskin reaksiya verməli idi ki, sonradan hökumətin müvafiq qurumları addımlar atsınlar? Axı, dəfələrlə vətəndaşlar, o cümlədən parlament üzvləri səviyyəsində enerji sektorunda özəlləşdirmənin çox ciddi qüsurlarının olması qeyd edilirdi. Yeri gəlmişkən, zamanında bu məsələnin həvalə olunmasına müxalifət mediasında Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəlin Azərbaycan rəhbərliyi ilə münasibəti kontekstində yanaşan Azərbaycan hakimiyyətini tənqid eləyənlər indi “Barmek”in müdafiəsinə qalxıblar. Mən, doğrusu, bu adamlardan soruşmaq istəyirəm. Onlar enerji haqları talanan Azərbaycan vətəndaşının tərəfindədirlər, yoxsa baxmayaraq ki, məhkəmə adından qərar verilməyib, amma mən deyərdim ki, cinayətkar bir qurumun?
Bu yerdə xatırlayıram ki, “Saka Korkmaz” Azərbaycandan 3 milyon dollar vəsaitini aldı. Amma Azərbaycan o yerdə düşünmədi ki, Türkiyənin rəsmi dairələri Azərbaycanla münasibətlərini korlamaq istəyirlər. Ona görə də kimsə düşünməsin ki, Azərbaycanda enerji sektorunu hansısa digər bir quruma vermək istəyirlər. Konkret tələb olunur. Bu bir dərs olmalıdır. Günü sabah “Barmek”in fəaliyyəti ilə bağlı ciddi addımlar atılmalı və bütünlükdə enerji sektorunda yeni özəlləşdirmə tenderi elan olunmalıdır. Bu, digər xarici qurumlara da dərs olar.
Cənab Sədr, mən görürəm ki, vaxtım yekunlaşmaq üzrədir. Mənim burada heç kimə tərif demək fikrim yoxdur. Hörmətli Əli Həsənovu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini də çox səriştəli bir insan kimi tanıyıram. Amma dediyim problem tribunaya gələsi problem olub. Qaçqınlar və məcburi köçkünlərlə bağlı mən bir kütləvi addım atmağın tərəfdarı deyiləm ki, onlar yerləşdiyi yerdən çıxarılsın. Lakin qaçqın və məcburi köşkün adı ilə vətəndaşların evləri kütləvi qaydada ələ keçirilməkdədir. Qaçqın şəhərciyində olan evlər kirayəyə verilir. Onlar orada yaşamırlar. Dövlət bundan ötrümü milyonlarla xərc çəkir? Təəssüf, vaxtım başa çatdı.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hökumət nümayəndələri və media mənsubları! Qısa müddət ərzində mən də bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Doğrudan da, cəmiyyətimizdəki inkişaf göz qabağındadır. İnkişafın bir göstəricisi elə bu gün parlamentdə də nümayiş etdirilir, yəni bizim parlament təcrübəmizdə birinci dəfədir ki, spiker də daxil olmaqla iqtidar nümayəndələri hökumətin hesabatına tənqidi münasibət bildirirlər. Hesab edirəm ki, bu, ümumi işin xeyrinədir və çox düzgündür. Buradakı tənqidi fikirlər də heç də qərəz üçün deyilmir, mövcud problemləri aradan qaldırmağa xidmət edir.
Mən, Oqtay müəllim, təklif edərdim ki, Konstitusiyada nəzərdə tutulmasa da, dövlət siyasətinin əsas istiqamətləri ilə bağlı Azərbaycan Respublikası Prezidentindən xahiş edək və əgər bizim təklifimizi qəbul edərsə, dəvət edək, ildə bir dəfə parlament qarşısında məruzə ilə çıxış etsin. Bu, parlamentlə Prezident arasında əlaqənin də göstəricisi olar. Prezidentin seçiləndən-seçilənə parlamentdə çıxış etməsi, fikrimcə, doğru deyil.
Keçən il ərzində ölkədə məktəb, yaşayış evlərinin, Naxçıvanda qaz kəmərinin, qaçqınlar üçün evlərin tikilməsi çox müsbət bir hal kimi qiymətləndirilməlidir. Bunu bizim vətəndaşlarımız da, o cümlədən müxalifət də görür. Məndən öncə çıxış edənlər də bildirdilər ki, hesabatda güc strukturlarının və Xarici İşlər Nazirliyinin fəaliyyəti nəzərdə tutulmayıb. Oqtay müəllim güc strukturları ilə bağlı bəyan etdi ki, biz müharibə vəziyyətindəyik. Bu da əsas verib ki, uzun illər Müdafiə Nazirliyi ictimai nəzarətdən, parlament nəzarətindən kənarda qalır. Çox yaxşı olardı ki, yaxın vaxtlarda biz qapalı iclasda Müdafiə Nazirliyi ilə bağlı məsələni müzakirəyə çıxaraq.
Bundan başqa, bəs niyə Xarici İşlər Nazirliyi hesabat vermir? Şəxsən mən hökumət üzvlərindən bu gün soruşmaq istərdim. Azərbaycan böyük bir müharibə təhlükəsi ilə üz-üzə qala bilər. Allah eləsin bu baş verməsin. Amma qonşu İran Respublikasında, yəni bizim ərazilərimizin cənubunda, bu gün İranın ərazisindəki, Cənubi Azərbaycanda 30 milyon soydaşımız yaşayır. Dövlət rəsmiləri, həm də liderlərimiz bəyan ediblər ki, Azərbaycan dövləti bütün azərbaycanlıların dövlətidir, iki gündən sonra da dünya azərbaycanlılarının qurultayını keçirəcəyik. Sabah oradan qaçqın axını baş verərsə, Azərbaycan bunun qarşısını necə ala biləcək, bunun öhdəsindən necə gələ biləcək? Hökumət bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatı ilə, dünyanın super dövlətləri ilə danışıqlar aparırmı? Bu barədə çox istərdim ki, bizə bir məlumat verilsin.
Mən bir neçə məsələyə də münasibət bildirmək istəyirəm. Bizim xarici banklarda çoxlu Azərbaycan vəsaiti saxlanıldığı, iş adamlarımızın isə kreditə çox böyük ehtiyacı olduğu halda banklardan kredit almaq mümkün olmur. Kredit alanda da bilirsiniz ki, orada neqativ hallar mümkündür. Verilən kreditin bir hissəsi də mənimsənilir. Bunu da bizim hamımız bilirik. Keçən il 2200-dən artıq iş adamına cəmi 20 min dollar məbləğində kredit verilib. 20 min dollara da iş yeri açmaq mümkün deyil. Bunu, gəlin, hamımız etiraf edək. Onlar pulu məişət problemlərinin həlli üçün götürürlər ki, sonra uzun müddət həmin pulu yavaş-yavaş qaytarsınlar. Biz istəyirik, doğrudan da, çoxlu sayda iş yerləri açaq və bizim vətəndaşlarımız gedib Moskvada faciə ilə üzləşməsinlər. Mən onu da qeyd etməliyəm ki, məhz hökumətin fəaliyyəti təqdir olunmalıdır, Azərbaycan Respublikası Prezidenti də və oraya göndərilən nazirlər də Rusiya hökumətinin 10 gün ərzində planlaşdırıb dünyasını dəyişmiş insanların Azərbaycana göndərilməsini nəzərdə tutmuşdu, ancaq 2 gün müddətində Azərbaycana gətirildi. Bu da qeyd olunmalıdır.
Amma iş adamlarına biz bu kreditləri versəydik, Azərbaycanda iş yerləri açılsaydı, heç bizim insanlarımız gedib başqa ölkələrdə qul kimi işləməzdilər. Niyə Neft Fondunun vəsaitinin bir hissəsi bizim öz banklarımızda yerləşdirilmir? Azərbaycan Respublikası Prezidenti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq edib. Bizim İqtisadi İnkişaf Nazirliyinin qarşısında konkret müddət qoyub ki, 2005-ci ilin sonuna qədər regionların investisiya xəritəsini hazırlasın. Amma hesabatda bu barədə heç nə deyilmir. Belə bir xəritə hazırlanıb, ya hazırlanmayıb? Fərhad Əliyevlə bağlı məsələ aydındır, o tutulub, amma hər halda orada müavinlər qalıb, struktur olaraq İqtisadi İnkişaf Nazirliyi yerində durur.
Mən bir mühüm məsələyə də toxunmaq istərdim. Bu da ipoteka ilə bağlı məsələdir. Bizdə orta aylıq əmək haqqı 633 min manatdır, amma ipoteka götürmək üçün 700 dollar tələb olunur. Bu ona gətirib çıxaracaq ki, dövlət məmurlarından heç kəs ipoteka ilə öz mənzil şəraitini yaxşılaşdıra bilməyəcək. Bu da...
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, Siz məsələ qaldırdınız ki, cənab Prezident burada çıxış etsin. Bu, Konstitusiyaya ziddir. Konstitusiyaya dəyişiklik etmək üçün referendum keçirmək lazımdır. İkinci, cənab Prezident hər həftə cəmiyyət qarşısında hesabat verir. Bizim hər birimiz bir rayondan deputat seçilmişik, həmin hesabatlarda deputatlar da iştirak edirlər. Mən buna lüzum da görmürəm, heç mənası da yoxdur. Digər suallara da, yəqin, hökumət üzvləri cavab verərlər. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri, möhtərəm hökumət nümayəndələri! Mən ilk növbədə reqlamentin 5 dəqiqəyə endirilməsinə, Oqtay müəllim, etiraz edirəm. Hesab edirəm ki, hökumətin illik fəaliyyətinə millət vəkili 5 dəqiqə ərzində heç bir münasibət bildirə bilməz. Bu, sadəcə olaraq, işarə qoymaqdır ki, biz hökumətin hesabatını Milli Məclisdə müzakirə etdik. Amma çalışacağam, bu 5 dəqiqə ərzində öz fikirlərimi deyim.
Hökumətin təqdim etdiyi hesabatda quru rəqəmlərdən və sanki heç bir problem yox imiş, hər şey inkişafa doğru gedir kimi göstərməkdən başqa bir şey yoxdur. Hökumət göstərməyib ki, nəyə görə keçənilkinə nisbətən bu il qiymət bu qədər artıb? Bunun səbəbləri, qarşısının alınması üçün nə etdiklərini, hansı sahələrdə problemlərin olduğunu hökumət qeyd etməyib. Hökumət qeyd etməyib ki, nəyə görə Bakı şəhərinin mərkəzində belə əhalini qazla, su və elektrik enerjisi ilə təchiz edə bilmir? Hökumət kənd təsərrüfatı sahəsində, təhsildə, səhiyyədə, nəqliyyatda, tikintidə, xarici investisiya sahəsində olan problemlərlə bağlı çox təəssüflər olsun ki, hesabatda heç bir məsələ qoymayıb. Mən çalışacağam, bunların bir neçəsinə qısa da olsa, öz münasibətimi bildirim.
İlk növbədə kənd təsərrüfatı məhsullarının, yəni Azərbaycanın ixracat siyasətinin yenidən qurulması ilə bağlı münasibətini bildirib. Hesabatdan görünür ki, Azərbaycanın ixrac strukturunun 77 faizə qədərini neft və neft məhsulları təşkil edir. Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycanı biz xammal ölkəsinə çevirmişik. Hesab edirik ki, Azərbaycan aqrar ölkə funksiyasını tamamilə itirir. Biz yalnız Bakıda və Bakı ətrafında olan neft sektoruna güvənməliyik. Amma Azərbaycan illər uzunu aqrar ölkə olub və aqrar ölkə kimi fəaliyyət göstərir. Sadəcə olaraq, pambıqçılıqda, tütünçülükdə və digər sahələrdə süni lisenziyalaşdırma, xaricə çıxarmaq üçün xüsusi rüşvət sistemini həyata keçirmək üçün qoyulan şərtlər pambıqçılığın, tütünçülüyün və digər sahələrin inkişafına yol açmır. Pambığı əkən adam onu xaricə sata bilmir. Məcburən mövcud zavodların birinə satmalıdır. Bundan başqa yolu yoxdur, o da təbii, illərlə onun pulunu almaq məsələsinə görə maraqlı olmur.
Bu yaxınlarda, martın 9-da Siyəzən rayonunun Eynibulaq kəndindən ANS telekanalından bir veriliş verirdilər. Əmək təlimi müəllimi kimya dərsi keçirdi. Təhsil Nazirliyinin və hökumətin hesabatında birmənalı göstərilməli idi ki, bu gün ucqar dağ kəndlərində, rayonlarımızda yerli gənc mütəxəssislərin gedib işləyə bilməsi üçün dövlət hansı siyasəti yeritməlidir. Bu gün, doğrudan da, təhsil alan gənclərin böyük əksəriyyəti Bakıdan kənara çıxmır, regiona qayıtmaq istəmirlər. Biz Azərbaycan əhalisini Bakıda toplayırıq. Dövlət güzəştli şərtlərlə həmin insanların yerinə qayıtmasını təmin etməlidir. Orada çalışan müəllimlərin, səhiyyə işçilərinin maaşlarını digər bölgələrə nisbətən daha yüksək etməlidir ki, maraq olsun və həmin insanlar gedib orada işləyə bilsinlər.
Bu gün Azərbaycanda, xüsusilə Bakı şəhərində tikinti işlərinin yüksək səviyyədə getməsi ilə bağlı hesabatda bəzi rəqəmlər var. Hesabatda “BakuSteel Company” tərəfindən armatur istehsalı ilə də bağlı bir rəqəm yazılıb. Mən çox istərdim, hökumət nümayəndələri və əlaqədar təşkilatlar araşdırsınlar ki, adı gedən şirkət istehsal etdiyi armaturun nə qədərini xammaldan, nə qədərini də təkrar metaldan istehsal edib. Mütəxəssislər, yəqin bilirlər ki, 95 faiz yeni materialdan, 5 faiz isə qarışıqdan olmalıdır. Qoy araşdırsınlar ki, həmin şirkətdə nə qədər təkrar metaldan istifadə olunur? Bakıda tikilən evlərdə işlədilən armaturların zəlzələyə və yaxud da hər hansı bir təbii fəlakətə nə qədər dözümlüdür?
Bakı Şəhər Nəqliyyat Departamentində son dövrlərdə baş verən hadisələrlə bağlı mətbuatda kifayət qədər məlumat gedir, sürücülərin tətili və qiymətlərin qalxması və sair. Niyə araşdırılmır ki, Bakı Şəhər Nəqliyyat Departamenti hər marşrut üçün 3 aylıq lisenziya və yaxud da aylıq xidmət kartları üçün nə qədər rüşvət alır? Niyə araşdırılmır ki, Bakı şəhərində tikilən hər binanın bir bloku üçün 150 min dollar rüşvət alınır? Nazirlər Kabineti də, digər səlahiyyətli qurumlar da daha çox bunlardan danışmalı və bu problemlərin aradan qaldırılması üçün çalışmalıdırlar. Bakı şəhərində tikilən evlərin heç birinin təhlükəsizliyi təmin olunmayıb. Bəşir Səfəroğlu küçəsindən başlamış aşağıya doğru düz Neftçilər prospektinə kimi, Allah eləməmiş, yanğın hadisəsi baş versə, bir yanğınsöndürən o binanın iki tərəfinə, üç tərəfinə daxil ola bilməyəcək. Yalnız bir hissədən nə isə edə biləcək, o biri tərəfə qarışa bilməyəcək. Bütün bunların hamısı üçün hökumət kifayət qədər çıxış yollarını...
Sədrlik edən. Çox sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Cənab Sədr, hörmətli deputatlar və hökumət üzvləri! Bildirirəm ki, hər il Nazirlər Kabinetinin ötən il görülmüş işlərinin nəticələri Milli Məclisdə müzakirə olunur. Bu ənənə ilə bağlı hökumətin hər bir üzvü qarşısında qoyulmuş vəzifələrin icrasının keyfiyyətcə dəyişikliyinə şərait yaradılır və onların məsuliyyətini artırır. Bu strateji xətt ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş miqyaslı iqtisadi və sosial islahatlar uğurla davam edir, Azərbaycan Respublikasının zəngin, qüdrətli dövlət olmasına inam yaranır.
Hörmətli həmkarlar, bu gün biz hökumətin nümayəndələri ilə birlikdə Baş nazirin 2005-ci ildə iqtisadi və sosial sahədə görülmüş işlərin hesabatını dinlədik. Təqdim olunmuş hesabatda və çıxışdan göründüyü kimi, hökumət 2005-ci ildə iqtisadi və sosial sferanın bütün sahələrində əsaslı islahatlar həyata keçirilməsini qarşısında məqsəd qoymuş və bir çox hallarda buna nail olmuşdur. Ölkə iqtisadiyyatında əldə olunmuş nailiyyətlər öz təsdiqini əmək haqlarının artmasında göstərmişdir. Belə ki, əhalinin xeyli hissəsini təşkil edən büdcə təşkilatı işçilərinin əmək haqlarının artırılmasına xüsusi diqqət yetirilmişdir.
Həyata keçirilən başlıca istiqamətlərdən biri də maliyyə, vergi və bank sektorunda aparılan islahatlardır. Mən iqtisadiyyatın mühüm tərkib hissəsi olan dövlət büdcəsinin tərkibi və icrası məsələlərini xüsusi qeyd etmək istəyirəm. Hesabat ilində Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri və onun müvafiq olaraq xərcləri kəskin surətdə artmışdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası qanunlarının müddəalarına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2005-ci il üçün dövlət büdcəsi haqqında” Qanun vaxtında Milli Məclis tərəfindən təsdiq olunmuşdur. 2005-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri 2004-cü ilə nisbətən müvafiq olaraq 36,3 və 142,5 faiz çox olmuşdur. Əvvəlki illərlə müqayisədə gəlirlərin və xərclərin məbləğinin fərqli artması maliyyə resurslarının idarə edilməsində məsuliyyəti daha da artırır. Dövlət büdcəsinin xərcləri 2005-ci il büdcəsinin 18 faizini təşkil etmişdir. Bununla da 2004-cü ilə nisbətən 0,4 faiz artmışdır. Qanunun vaxtında və keyfiyyətli hazırlanması onun icrası prosesində çətinliklərin qarşısını alıb.
İqtisadi siyasətin doğru, düzgün istiqamətdə aparılması ilə bağlı münasibətimi bildirmək istəyirəm. Azərbaycan Respublikasının maliyyə, nəqliyyat, iqtisadi inkişaf nazirliklərinin və digər aidiyyəti nazirliklərin bu sahədə gördükləri işləri yüksək qiymətləndirirəm. Mən 2005-ci ildə Nazirlər Kabinetinin fəaliyyətini qənaətbəxş hesab edirəm və həmkarlarımı, ümumilikdə, hökumətin fəaliyyətini müsbət qiymətləndirməyə çağırıram.
Cənab Sədr, mən bir məsələni də burada aidiyyəti üzrə nazirliklərin iştirak etməsindən istifadə edərək bildirmək istəyirəm. Seçildiyim Masallı rayonunda çayçılığı bərpa etmək lazımdır. 15 tona yaxın çay istehsal edən dövlətin iqtisadiyyatını qaldıran Masallı rayon zəhmətkeşləri bu barədə dəfələrlə yüksək səviyyədə Milli Məclisə və aidiyyəti təşkilatlara müraciət ediblər. Amma bu günə kimi nəticəsiz qalıb. Burada işsizlər ordusu yaranır. Rayonda iqtisadiyyatın artması üçün geniş imkan var. Masallı torpağı çayın əkilib becərilməsi üçün yararlıdır. Düzdür, vaxtı ilə icra başçısı 1991-ci ildə tamamilə bunu məhv etdi. Bu gün Milli Məclisin Sədri kimi Sizdən də xahiş edirəm, Baş nazirə Siz də deyəsiniz...
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Hörmətli millət vəkilləri! Böyük öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bütün sahələrdə aparılmış iqtisadi islahatlar, xüsusilə sosial-iqtisadi sahədəki inkişaf bu gün ölkədə öz bəhrəsini verir. Bu gün burada hökumətin verdiyi hesabatdan bir daha aydın görünür ki, cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasət nəticəsində ölkədə bütün sahələrdə 2005-ci ildə böyük uğurlar qazanılmışdır. Bu da əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşmasına aparır. Mən həmkarlarımı Nazirlər Kabinetinin 2005-ci il hesabatına səs verməyə çağırıram.
Əlbəttə, bu gün Azərbaycan əhalisinin yarısından çoxu kənd təsərrüfatı ilə məşğul olur. Mən ona görə xüsusilə kənd təsərrüfatının üzərində dayanmaq istəyirəm. Ötən il kənd təsərrüfatında çox böyük uğurlar qazanılıb. Ancaq bununla bərabər imkanlar var ki, kənd təsərrüfatı çox böyük uğurlar qazansın, məhsul istehsalı daha da artırılsın. Xüsusilə taxılçılıq sahəsi ilə bağlı bir məsələyə toxunmaq istərdim. Keçən il respublikada 2,1 milyon ton taxıl istehsal olunub, ancaq bu, son hədd deyil. Bu gün imkanlar var ki, taxılın istehsalı artırılsın. Bunun üçün hökumətin üzvləri də, kənd təsərrüfatı naziri də xüsusi tədbirlər planı, proqram hazırlamalıdır. Taxıl biçilən vaxt taxıl alverçiləri onu 300-400 manata alırlar. Ancaq bu gün Azərbaycanda bir butulka su 1500-2000 min manatdır. Necə ola bilər ki, bir kiloqram taxıl 400 manat, bir litr su 1500-2000 min manatdır? Bunu hökumət üzvləri fikirləşməlidirlər. Taxıl götürülməlidir və bir neçə aydan sonra taxıl kombinatlarına satmaqla kəndliyə bir kiloqram üçün 600-700 manat pul verilərsə, daha böyük imkanlar yaranar, taxıl istehsalı daha da artar.
Cənab Prezidentin göstərişi ilə Kənd Təsərrüfatı Nazirliyində xüsusi xidmət sahələri yaradılmışdır. Ona toxunmaq istəyirəm. Orada yaradılan bir neçə xidmət sahəsi çox böyük işlər görüb, mən bunu bilirəm. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrokimyəvi maddələrlə, texnika ilə təmin etməlidir. Hesabatdan göründüyü kimi, 23 milyard manatlıq aqrokimyəvi maddələr - 25,2 min ton azot, fosfor və kalium alınmışdır. Düzdür, fosforla kalium gecikib, ona görə ki, bunlar şum altına verilməlidir. Azot kəndlilərə vacib lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin, biznesmenlərin də gətirdikləri gübrə kəndliyə 170-180 dollara satılır. Buna diqqəti artırmaq lazımdır. Orada bəzi məsələlər var, onları açıqlamaq istəmirəm. Ancaq Kənd Təsərrüfatı Nazirliyi buna diqqəti artırsın.
Keçən il bilirik ki, dizel yanacağının qiyməti qalxdı, 1800 manat oldu. Bu gün televiziyadan, mətbuatdan, hər yerdən aydın olur, kəndlilər gözləyirlər ki, dizel yanacağının qiymətinin yarı faizi üçün kompensasiya ödəniləcək. Bu günə qədər bunlar ödənilməyib. Vaxt keçir, artıq qarğıdalı, yonca əkildi. 15 gündən sonra pambıq, qeyri bitkilərin əkini olacaq. Bunlara da diqqəti artırmaq lazımdır. Çünki vaxt keçir. Əgər veriləcəksə, konkret verilsin, verilməyəcəksə, camaata elan edin ki, bu sahədə heç bir kompensasiya verilməyəcək, camaat öz işini görsün.
Mən istəyirəm, bir neçə kəlmə də seçildiyim ərazi haqqında deyim. Xüsusilə burada meliorasiya və irriqasiya sahəsində görülən işlər barədə deyirəm. Əhməd müəllim həmişə regionlarda, rayonlarda olur. Bunun nəticəsində Saatlı, Sabirabad, Kürdəmir rayonlarında çox böyük işlər görür. Bu rayonların şoran torpaqları olduğu üçün xüsusilə qeyd etmək istəyirəm ki, həmin zona diqqətdə saxlanmalıdır. Kürdəmirdə bu gün taxıl, pamdıq əkir və 12-15 sentner məhsul götürürlər. XXI əsrdə 12-15 sentner məhsul götürmək acınacaqlı haldır. Mən xahiş edirəm, bu məsələyə diqqəti artırsınlar. Bəlkə Kürdəmirə investisiya qoyulsun, orada meliorasiya, irriqasiya işləri aparılsın. Keçən il hörmətli Baş nazirin, eyni zamanda, bizim Sədrimiz Oqtay müəllimin köməkliyi ilə Saatlı rayonunda su təchizatı sahəsində çox böyük işlər görüldü. Mən bunu qeyd etmək istəyirəm. Ancaq Saatlı rayonunda camaat kanaldan su içir. Bu məsələyə diqqəti artırmalıyıq. Biz bu günlərdə Asiya İnkişaf Bankının ayırdığı kreditlərə baxdıq. Göyçay, Naxçıvan və qeyri rayonların orada adları çəkildi. Xahiş edirəm, Saatlı rayonunun su təchizatına çox diqqət yetirilsin, çünki orada vəziyyət çox ağırdır. Saatlı rayonu respublikada ən çökək nöqtədədir. Dəniz səviyyəsindən 28-30 metr aşağıdır, qrunt suları çox üzdədir. Xahiş edirəm, hörmətli Baş nazir, bunu diqqətdə saxlasınlar ki, Saatlı rayonunda kanalizasiya sisteminin qurulması vacib məsələdir. Mən həmkarlarımın hamısına hesabata müsbət qiymət...
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun. Mən də Azərbaycan hökumətinin 2005-ci ildəki fəaliyyəti ilə əlaqədar Milli Məclisə təqdim etdiyi hesabatla bağlı fikirlərimi söyləyərkən onu demək istəyirəm ki, dünyada ən asan iş tənqid etməkdir. Ancaq etiraf etmək, görünür, bəzi hallarda tənqiddən çətin olur. Etiraf olunmalı isə odur ki, Azərbaycanın iqtisadiyyatı bu gün dünyada ən yüksək templər, dinamika nümayiş etdirən iqtisadiyyata çevrilibdir. Hesab edirəm ki, Azərbaycanın dünyada yüksək göstəricilər nümayiş etdirməsi ilə əlaqədar sahələr və faktlar tapmaqda o qədər də çox nümunələr yoxdur. Ancaq sevindirici haldır ki, Azərbaycan 2005-ci ilin iqtisadi göstəricilərinə görə dünyanın ən yüksək sürətlə inkişaf edən, yüksək dinamikası, iqtisadiyyatı olan ölkəsinə çevrilmişdir.
Əlbəttə, bu faktların arxasında təkcə iqtisadiyyatın ayrı-ayrı sahələrinin yüksəlişi yox, eyni zamanda, insanların güzəranının yaxşılaşması dayanır. Əmək haqlarının, pensiyaların artması, infrastrukturun yaxşılaşması ilə əlaqədar görülən işlər, regionlarda insanların həm yaşayışının, həm də istehsal sferalarının yaxşılaşdırılması ilə əlaqədar hörmətli Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən proqramları və sairləri ümumiləşdirərək hesab edirəm ki, indi biz Azərbaycanda çox yüksək sürətli iqtisadi inkişaf modeli haqqında danışa bilərik. Ona görə ki, ümumi daxili məhsulun 12-14 faiz artımını təmin edən ölkələrdə həmin ölkələrin iqtisadi möcüzəsi haqqında danışırlarsa, ümumi daxili məhsulu 26 faizdən yuxarı olan Azərbaycanda ikiqat iqtisadi möcüzə haqqında danışmağa bizim hər cür əsasımız vardır. İnsanların rifahının yaxşılaşdırılması, o cümlədən də təhsilin, səhiyyənin inkişaf etdirilməsi ilə əlaqədar hökumətin proqramını mən xüsusi qeyd etmək istəyirəm. Bir il ərzində 100-dən çox məktəbin tikilməsi, 300-dən yuxarı təhsil ocağının təmir edilməsi çox təqdirəlayiq faktdır və bunu qeyd etmək lazımdır.
İnkişafın hüdudu yoxdur. Nə qədər yüksək göstərici əldə etsən də, nümayiş etdirsən də, istənilən halda yenə də problemlər mövcud olur, yenə də daha yüksək inkişaf haqqında düşünməli olursan. Bu nöqteyi-nəzərdən mən də hökumətin gələcək fəaliyyətində, düşüncəmə görə, nəzərə alınmalı bəzi məqamlarla bağlı fikirlərimi səsləndirmək istərdim. Bizim inkişafımız çox yüksəkdir və eyni zamanda, Azərbaycanın dövlət büdcəsinin ümumi daxili məhsulumuzun 17,3 faizini təşkil etdiyi faktını da mən göz önünə çəkmək istəyirəm. Hesab edirəm ki, gələcəkdə dövlət büdcəmiz başqa ölkələrdə olduğu kimi daxili məhsulun daha yüksək faizini təşkil edəcək. Mən özəl sektorun ümumi daxili məhsulda payının 76 faizə bərabər olduğu faktından çıxış edərək büdcənin formalaşmasında, vergilərin toplanmasında özəl sektorun təxminən 50 faiz göstərici nümayiş etdirməsini də çox əhəmiyyətli faktlardan biri hesab edirəm.
Bir-iki tövsiyə də səsləndirmək istəyirəm. Əlbəttə, burada səsləndirildi, mən də həmin fikirlərə qoşuluram ki, Azərbaycan hökumətinin çox səmərəli fəaliyyətinin səmərəsini daha da artıra biləcək bir amil də var. Hökumətin fəaliyyətində şəffaflığın və aşkarlığın artırılmasına ciddi ehtiyac duyulur. Burada dəfələrlə bildirildi ki, Azərbaycanda orta əmək haqqı çox yüksəkdir, indiki reallıqlar səviyyəsinə - 633 min manata çatıbdır. Bu kontekstdə bir sıra sahə, o cümlədən təhsil işçilərinin, səhiyyə işçilərinin əmək haqqının orta əmək haqqından xeyli aşağı olması hökumətin gələcək fəaliyyətində diqqətdə saxlanılan məsələlərdən biri olmalıdır.
İkinci çox ciddi, düşüncəmə görə, narahatlıq yarada biləcək məsələlərdən minimum pensiyalarının aşağı həddə olmasıdır. Hesab edirəm ki, hökumət gələcək fəaliyyətində, növbəti illərdə pensiyaların artırılmasına və orta əmək haqqı qədər olmasa da, ona yaxın səviyyəyə çatdırılmasına önəm verməlidir. Hesab edirəm ki, Azərbaycan hökumətinin 2005-ci ildəki fəaliyyəti kifayət qədər səmərəli olubdur.
Sədrlik edən. Çox sağ olun. İmamverdi İsmayılov.
İ. İsmayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri! Konstitusiyanın verdiyi hüquqi imkanlar çərçivəsində biz, millət vəkilləri artıq neçənci dəfədir ki, burada Nazirlər Kabinetinin hesabatını dinləyirik. Milli Məclisdə müzakirələr zamanı Azərbaycan hökumətinin fəaliyyəti ilə bağlı obyektiv fikirlər, irad və təkliflər çox səslənib. Bununla yanaşı, etiraf edək ki, daha çox şəxsi maraqlardan irəli gələn ayrı-ayrı hökumət strukturlarına qarşı yönələn subyektiv mülahizələri də az eşitməmişik.
Ancaq indi, yeri gəlmişkən, cənab Sədr, mən ilk növbədə Sizə təşəkkürümü bildirmək istəyirəm ki, Siz bu ənənəni müsbət mənada dəyişdiniz. Hamını şəxsi maraqlardan kənar konstruktiv müzakirələrə dəvət etdiniz. Bu, tamamilə düzgün istiqamətdir. Hökumətin hesabatı ilə bağlı apardığımız müzakirələr Azərbaycanın rifahına xidmət edirsə, burada hansı şəxsi məqsəddən söhbət gedə bilər? Ona görə mən də deputat həmkarlarımdan məsələlərə obyektiv yanaşmanı gözləyirəm.
Azərbaycanın əsil intibah meyilləri göz önündədir. Təhsilimiz və elmimiz inkişaf edir, ölkəmiz bu gün nəhəng tikinti meydanını xatırladır. Ölkə üzrə tikililər gözə görünür. Dünya standartlarına uyğun yollar çəkilir. Təkcə Bakı-Quba yolu boyunca təpələrin boynundan gecələr boyunbağı kimi sallanmış işıqlı lampaları görəndə necə sevinməmək olar? İnfrastruktur yeniləşir, regionlarımız inkişaf edir, şəhərlərimiz, kəndlərimiz abadlaşır, işıqlanır. İqtisadi inkişaf tempinə görə regionda lider olan Azərbaycan artıq elə bir inkişafa çatıb ki, hökumət indi hətta növbəti 2-3 ilin proqnozları üzərində çalışır. Həmin həqiqətlərin bu günlərdə, cənab Prezidentin Yaponiyaya səfəri zamanı dünyanın ən nüfuzlu ölkələrindən birinin hökumət rəhbərinin dilindən səslənməsi, əlbəttə, qəlbimizdə qürur hissi oyadır. Əslinə qalsa, burada heç bir möcüzə axtarmamalıyıq, çünki vətəndaşlarımızın Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursuna verdikləri dəstək xalq – Prezident birliyinin məntiqi nəticəsidir.
Çox təəssüf ki, xaricdə bəzi “dostlarımız”, daxildə də müxalifət dediyimiz bir qrup istəməyən var. Müxalifətə yazıqlar olsun ki, Azərbaycanın bu cür davamlı intensiv inkişafı onların inkarçılığını, qısqanclığını daha da şiddətləndirir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin uğurları ilə barışmaq, öz məğlubiyyətinizi etiraf etmək lazımdır. Seçkilərdə uduzub növbəti dəfə parçalanandan sonra yenə də özlərinə maraqlı məşğuliyyət tapırlar, ölkə ərazisində quş qripi axtarmaqla məşğuldurlar. Yoxsa güman edirlər ki, dünyanı bu şübhəli bəlaya salan Azərbaycan iqtidarıdır?
Gözlənildiyi kimi, Azərbaycanda heç bir inqilab baş vermədi, hörmətli Pənah bəy. Sual olunur, onda bəs niyə soruşmursunuz ki, Azərbaycanda inqilab nə üçün baş vermədi? Nədən MDB məkanında dolaşan məxməri inqilablar zənciri Azərbaycanda qırıldı? Çünki Azərbaycan xalqı özü seçdiyi və sevdiyi Prezidentinin sabitlik, inkişaf siyasətinə dəstək verdi. Xalq - Prezident bu gün Azərbaycanın ən müqəddəs həqiqətidir. Biz bunun üçün öyünməməliyik? Məgər bu həqiqəti hər yerdə demək üçün fikirləşmək lazımdır? Ölkədə əmək haqları, təqaüdlər bir neçə dəfə artır, regionlarda həyat dirçəlir, çadır şəhərcikləri ləğv edilir. Bütün qaçqın şəhərciklərinin açılışında cənab Prezident iştirak edir.
Çox təəssüf edirəm ki, qaçqınlarımızın məskunlaşması ilə bağlı bəzi çıxışlarda qısqanclıq hissləri gördüm. Hörmətli Zahid Orucov, əgər sənin qaçqınların evləri tutub məskunlaşması ilə bağlı faktların varsa, səhər zəhmətkeşləri yerləşdirmək üçün mənə müraciət edin. Qaçqınların boşaltdıqları evlərdə həmin adamları yerləşdirmək imkanı tapa bilərik. Amma xahiş edirəm, elə mövzuları siyasi alver mənbəyinə çevirməyəsiniz.
İnanırıq ki, yeni yaranan dövlət strukturları da idarəetmədə daha çevikliyi təmin edəcəkdir. Cənab Sədr, mən bir məsələni də qaldırmaq istəyirəm. Bizim hər il özlərindən asılı olmayaraq iş yerlərini itirmiş qaçqınların büdcədən maliyyələşən orta əmək haqlarının verilməsində müəyyən əngəllər yaradılır. Bu və ya digər səbəblər üzündən həmişə ləngidilir, müəyyən uzatmalara yol verilir. Güman edirəm ki, bu il həmin məsələ obyektiv həllini tezliklə tapacaqdır. Əfsuslar olsun ki, son proseslər bəzi hökumət üzvlərinin də müxalifət dəyirmanına su tökdüyünü üzə çıxardı. Onlardan bir neçəsinin taleyini biz gördük. Vaxtı ilə mənim yanımda oturan deputat həmkarım Hacı Madər... Fərhad Əliyev kimiləri səhv mövqe tutanda çoxları nə olacağını gözləyirdilər. Halbuki biz belələrinə yol verməməliyik və düşünürəm ki, haqq yolundan sapınmağa meyilli digər məmurlar da məlum hadisələrdən ibrət dərsi ala bilməlidirlər. Məmurlar gərək həmişə nəzərə alsınlar ki, onları bu vəzifəyə xalqın sevdiyi və öz xalqını sevən Prezidentimiz təyin edir. Dövlətçiliyimizin simvolu olan cənab Prezidentin etimadını doğrultmaq, xalqa xidmət göstərmək hər birimizin vəzifəsinə çevrilməlidir. Çıxışımın sonunda Nazirlər Kabinetinin bir illik fəaliyyəti ilə bağlı hesabatını qənaətbəxş sayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Mən də hökumətin hesabatını qənaətbəxş hesab edirəm və ona səs verəcəyəm. Son illər ölkə başçısı cənab İlham Əliyev iqtisadi sahədə əsaslı islahatların aparılması, idarəetmə orqanlarında sürətli mexanizmlərin işə salınması, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində çoxşaxəli fəaliyyət proqramını uğurla həyata keçirir. Onun gerçəkləşdirdiyi sosial-iqtisadi proqramda məhz yuxarıda göstərilən istiqamətlər prioritet təşkil edir.
Bununla yanaşı, etiraf edilməlidir ki, mövcud vəziyyətdə Prezidentin apardığı sosial-iqtisadi proqramın səmərəli nəticə verməsi üçün daha çox icra hakimiyyəti funksiyasını həyata keçirən dövlət məmurlarının çevik, demokratik və qanunauyğun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Lakin müşahidələr göstərir ki, bəzi məmurlar onlara göstərilən etimad və ümidləri doğrultmur, öz fəaliyyətlərini qanunun aliliyi prinsipi üzərində qurmurlar. Şübhəsiz ki, ötən il parlament seçkiləri ərəfəsində bir qrup məmur, yuxarıda göstərildiyi kimi, üzərilərinə düşən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verdikləri üçün sıradan çıxarıldı. Prezident çıxışlarında məmurların vətəndaşlara diqqət və qayğı göstərmələrinin, onların problemlərinin həll edilməsinin vacibliyini dönə-dönə vurğulayır. Onun müəyyənləşdirdiyi kursa sayğısız yanaşanlara xəbərdarlıq edir. Əlbəttə, məmur üzərinə düşən vəzifəni vicdan və məsuliyyətlə operativ surətdə yerinə yetirməlidir. Heç kimə sirr deyil ki, ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi, əhalinin hakimiyyətə inamının artması məmurların işi və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu baxımdan bəzi məmurların vətəndaşlara sayğısız yanaşmaları, onların problemlərinin həllinə yetərincə diqqət ayırmamaları məhz dövlətçiliyə vurulan zərbə kimi başa düşülür.
2005-ci ilin statistik məlumatlarına görə ötən il vətəndaşlardan yalnız Prezident Aparatına 89 min 977 müraciət daxil olmuşdur. Təbii ki, bu rəqəm məmur - vətəndaş münasibətlərinin aşağı səviyyədə olmasının, əhalinin yerlərdə və paytaxtda bürokratik maneələrdən bezərək Prezidentə üz tutmalarının göstəricisidir. Təəssüfləndirici məqamlardan biri də budur ki, vətəndaşların çoxu öz problemlərini həll etmək üçün paytaxta üz tutur. Yerli məmurlar onların problemlərinə diqqət və qayğı ilə yanaşsalar vətəndaşın ən adi məişət problemlərindən ötrü paytaxta üz tutmasına ehtiyac qalmaz. Bu məqamda nəzərə alaq ki, ölkə başçısı əhalinin problemlərini şəxsən dinləmək, onları yerindəcə həll etmək üçün tez-tez bölgələrə səfər edir. Mən bütün nazirlərə də məsləhət görərdim ki, Prezident kimi onlar da bütün rayonlarda olsun və öz gözləri ilə həmin vəziyyəti görsünlər.
Hörmətli həmkarlar, dözülməz haldır ki, bəzi məmurlar nəinki vətəndaşların, hətta millət vəkillərinin müraciətlərinə etinasız yanaşırlar. Seçicilərin problemləri ilə bağlı təklif və xahişlər aylarla cavabsız buraxılır. Məsələ burasındadır ki, dövlət orqanlarının qəbul otaqlarının önündə yaradılmış süni maneələri nəinki sadə vətəndaşlar aşa bilir, bunu heç yüksək səlahiyyətlərə malik millət vəkilləri də bacarmırlar.
Millət vəkili kimi mənim də ünvanıma seçicilərimdən xeyli sayda şikayətlər daxil olur.
Məktəblərin dağılması, yolların bərbad halda olması, işıqların olmaması, səhiyyə sahəsində olan problemlər barədə bizə çoxlu müraciətlər gəlir. Digər problemlər də mövcuddur. Bu problemlər rayonun illik hesabatında da öz əksini tapmışdır. Seçicilərimizin dərdlərinə, problemlərinə həssaslıqla yanaşır, onları həll etməyə çalışırıq. Bunun üçün daim məmurlarla təmasda oluruq. Lakin bəzi nazir və yüksək çinli məmurlar deputat sorğusuna cavab vermək istəmirlər. Vəzifə sahibləri xalqın təmsil etdiyi, etimad göstərdiyi şəxslərin səsini belə eşitmək istəmirlərsə, onda onların sadə vətəndaşlara hansı münasibət bəslədiyi göz önündə canlanır? Əlbəttə, buna tezliklə son qoyulmalı, vətəndaşların icra və qanunvericilik orqanlarından narazılığına şərait yaradan bəzi məmurlar özlərində məsuliyyət hiss etməlidirlər.
Mən belələrinin timsalında yalnız biri haqqında danışmaq istərdim. “Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov. Hörmətli Sədr, mən Cəlilabadda görüş keçirən zaman hörmətli Prezidentimiz Lənkəranda idi. Orada bir neçə nəfər ayağa qalxdı ki, biz “Azəriqaz”a mal vermişik, bununla əlaqədar şikayətimiz var. Hara yazırıq, qəbul eləmirlər. Məhkəmə qərar verib, Ali Məhkəmə qərar çıxarıb. Bilmirəm, ədliyyə naziri buradadır? Həmin məsul vəzifəli şəxs, hansı bir nazir haqqında məhkəmə qərar çıxarıbsa, niyə onları cinayət məsuliyyətinə cəlb eləmirlər? Hökm çıxarılan məmur haqqında ədliyyə naziri hansı tədbir, görür? Xahiş edirəm, buna da diqqət yetirmək lazımdır. Mən onları Prezidentin görüşünə getməyə qoymadım, dedim, mən bu məsələni özüm həll eləyərəm. Ərizəni aldım, gəldim buraya, zəng eləyirəm, xanım cavab verir.
Sədrlik edən. Aydın müəllim, aydın oldu. Bu məsələləri ayrıca araşdırarıq. Arif müəllim danışacaq.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Hörmətli deputatlar, hörmətli qonaqlar! Büdcə haqqında çox danışmaq olar. Həqiqətən, bizə təqdim olunan hesabat çox dolğun, böyükdür. Həddindən artıq çox rəqəm var. Mən istəyirəm, bu hesabatı keçən hesabatlarla müqayisə etmək nöqteyi-nəzərindən bir-iki kəlmə deyim. Bizim bu hesabatımız digər hesabatlardan, 2003-cü, 2004-cü illərin hesabatlarından keyfiyyətcə çox fərqlənir. 2005-ci ildə elə məsələlər həll olunubdur ki, onu nəinki 10 il bundan qabaq, heç 3-5 il bundan qabaq da həll etmək mümkün deyildi. Keyfiyyətcə yeni problemlər deyərkən mən ilk növbədə nəzərdə tuturam ki, bu il birinci dəfə olaraq lizinq məsələsi ilə əlaqədar çox böyük vəsait ayrılıbdır. Kənd təsərrüfatına müəyyən qədər gübrə verilibdir. Qaçqınların problemləri həll olunur. Azərbaycanın tarixində ilk dəfədir ki, belə böyük sayda məktəb tikilibdir. Əhalinin əmanətlərinin qaytarılması problemi artıq reallaşmağa başlayıbdır. 10 ildən çoxdur, biz bu haqda danışırıq. Ancaq belə bir imkan yalnız bu il yaranıb. Bunun hamısı, şübhəsiz, Nazirlər Kabinetinin səmərəli fəaliyyətinin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyev siyasətinin davamı nəticəsində əldə olunur.
Mən vaxtın azlığından istifadə edərək yalnız bir-iki problem ətrafında fikrimi demək istərdim. Birinci və əsas məsələ kimi Nazirlər Kabinetinin işində, yəqin ki, daha çox xərcləmək yox, qənaət etmək problemləri gərək ön plana çıxarılsın. Mən nəyi nəzərdə tuturam? Biz üstün istiqamətlər, prioritet sahələrin inkişafı, qeyri-neft sektorunun inkişafı haqqında çox danışırıq. Bu sahədə, düzdür, işlər görülür, ancaq daha intensiv görülməlidir. Bu, eyni zamanda, büdcəmizə də böyük köməklik ola bilərdi. Misal üçün, importu əvəz etmək proqramımız olsaydı, Azərbaycan bu işdə çox qazana bilərdi. Misal üçün, keçən il yalnız tütün və tütün məmulatlarına və buğda importuna 200 milyon dollardan çox vəsait sərf olunubdur. Ancaq iş burasındadır ki, Azərbaycan - həmişə tütün və tütün məmulatları ixrac edən bir ölkə indi bu məsələlərə külli miqdarda vəsait sərf eləyir. Dediyim kimi, kənd təsərrüfatına müəyyən köməklik göstərilib, ancaq bu işə daha çox diqqət yetirilməlidir.
Digər vacib bir məsələ də var. Burada çox danışıldı ki, Azərbaycan nə vaxt elektrik enerjisi və qazla təmin olunacaqdır? Elə başa düşürəm ki, biz belə münasibət bəsləsək? heç vaxt olmayacaq. Hal-hazırda elektroenergetika sahəsində hər adama generatoru olan elektrikə görə biz bir çox ölkələrdən irəlidəyik. Ancaq buna baxmayaraq əhaliyə elektrik çatmır. Düzdür, burada indi müəyyən səhvlərə də yol verilib. Mən “Barmek”i, “Bayva”nı və digər məsələləri, İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinin fəaliyyətini nəzərdə tuturam və sair. Ancaq ədalət naminə deməliyik ki, bu dəqiqə elektrik xəttinin istifadəsi ilə əlaqədar başa düşülməyən bir vəziyyət yaranıbdır. Necə ola bilər ki, Azərbaycanda elektrik haqqının yığılması cəmi 20-30 faiz həcmindədir? Qaz yığımı 17-18 faiz səviyyəsindədir. Əlbəttə, bu, əsasən, Nazirlər Kabinetinin fəaliyyətidir. Ancaq biz də bir deputat kimi gərək bu məsələ ilə əlaqədar ictimai rəy yaradaq. Burada indi 90 deputat var. Mən istərdim ki, onlardan bir-ikisi desin ki, qaz yığımı necə aparılır? Yəqin ki, bunu heç kəs deyə bilməz. Desə də, təxmini olar.
Sədrlik edən. Arif müəllim, çox sağ olun. Vaxt bitdi. Biz dedik ki, heç kimə əlavə vaxt vermirik. Nazim Məmmədov.
N. Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Möhtərəm Prezident cənab İlham Əliyevin yanvarın sonunda Nazirlər Kabinetinin geniş iclasını keçirdiyi zaman ilin yekununa həsr olunmuş məlumatlardan biz məlumatlıyıq. Həmin tədbirlərlə əlaqədar mən də öz müsbət fikrimi mətbuatda və televiziyada çıxış edərək bildirmişəm və bu haqda demişəm. Ümumiyyətlə, millət vəkillərini hesabatın qəbul olunmasına səs verməyə çağırıram.
Ölkəmizdə makroiqtisadi göstəricilərin, ümumi daxili məhsulun artım tempi, investisiyaların 13,5 faiz artırılması və bu artımda daxili investisiyaların 1,9 milyard dollara yaxın olması və büdcə proqnozlarının yerinə yetirilməsi, bütün bunlar müsbət hallardır. Bu müsbət hallarla yanaşı, mənim diqqətimi çəkən hesabatda bəzi sualları nəzərinizə çatdırmağı özümə borc bilirəm. Büdcə daxilolmalarında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təxminən üzərinə düşən faizi 0,2 faizdir. Bu göstərici çox aşağıdır, təqribən 3 milyon 300 min dollar pul təşkil edir. Həqiqətən də, aparılan struktur dəyişiklikləri, nazirliklərin bölünməsi, ayrı-ayrı komitələrin səhmdar cəmiyyətə çevrilməsi nəticəsində ümid edirəm ki, ölkə başçısının tələb etdiyi şəffaflıq burada da təmin olunacaq. Həmin dövlət komitəsinin dövlət büdcəsinə verdiyi yığımlar daha da artırılacaq.
Hörmətli millət vəkillərinin diqqətini hesabatın 13-cü səhifəsində aşağıdan üçüncü abzasda bir məqama çəkmək istəyirəm. Orada deyilir ki, özəlləşdirmə nəticəsində “10 səhmdar cəmiyyətinə çerilmişdir”. Ancaq 51-ci səhifədə, qiymətli kağızlara aid hissədə isə “dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 23 səhmdar cəmiyyətindən” söhbət gedir. Burada yanlışlıq var? 13 səhmdar cəmiyyət niyə buraya salınmayıb? Yəqin ki, müvafiq dövlət komitəsinin sədri məlumat verər.
Mən hesabatın 53-cü səhifəsində “Milli Depozit Mərkəzinin işində ildən-ilə pozitiv dinamika müşahidə olunmaqdadır” cümləsini çox ehtiyatla yazılmış cümlə hesab edirəm. Həqiqətən də, ümumi səhmlərin 0,2 faizinin alğı-satqı obyekti olması onu göstərir ki, insanlarımızın, əhalimizin bu sahədə maariflənməsi gecikir. Ümumiyyətlə, bu dinamika daha da güclü olmalıdır. Hesab edirəm ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, səhmdar cəmiyyətinin səhmdarları adi insanlardır. Adi vətəndaşlar müəyyən obyektiv və subyektiv səbəblərdən bu bazarda iştirak etmirlər. Bu səbəblərdən bir qismi, doğrudan da, səhmdar cəmiyyətlərin idarəetmə orqanlarının səriştəsizliyindən, bir də insanların, ümumiyyətlə, bu sahəyə fikir verməməlarindən irəli gəlir.
Hesabatın II fəslində göstərilən institusional tədbirləri çox mühüm amillərdən hesab edirəm. Ümid edirəm ki, bu struktur dəyişiklikləri iqtisadiyyatımızın gücləndirilməsinə xidmət eləyəcək və möhtərəm cənab Prezidentin tələb etdiyi kimi, büdcə xərclərinin şəffaflığına xidmət edən amillərdən biri olacaq.
Fürsətdən istifadə eləyib demək istəyirəm ki, hörmətli millət vəkillərinin əksəriyyəti regionlardan seçiliblər. Həm sərhəd, həm də dağ rayonlarında əhali payız və qış aylarında fövqəladə şəraitdə yaşayır. Hörmətli fövqəladə hallar nazirinin burada olmasından istifadə edərək ümid edirəm ki...
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri! Bu gün, həqiqətən də, ciddi bir məsələni müzakirə eləyirik. Mən müzakirədə fikirlərimi söyləməzdən öncə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Dünən parlamentin beş millət vəkili bir əsasnamə qəbul eləyərək qeyri-rəsmi də olsa, parlamentin müxalifət qrupunu yaradıblar. Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Aynur Camalqızı və mən. Biz bundan sonrakı fəaliyyətimizdə çalışacağıq ki, bir çox məsələlər üzrə ümumi qaydada qəbul olunmuş fikirlərimizi sizin diqqətinizə çatdıraq.
Hesabatla bağlı mən nəyi qeyd etmək istəyirəm? Birinci növbədə mən düşünürəm ki, həqiqətən də, burada bəzi millət vəkilləri nə ayrı-ayrı strukturlar barədə qərəzli mövqe ifadə eləməlidirlər, nə də bugünkü hesabatı müxalifətin hesabatı kimi qiymətləndirib ona qiymət verməlidirlər. Burada ölkənin rifahı üçün faydalı fikirlər səslənməlidir ki, biz bununla gələcəyimiz üçün faydalı, xeyirli qərarlar qəbul eləyə bilək.
Mən birinci növbədə hesabatın formasına münasibət bildirmək istəyirəm. Çox arzu edərdim ki, hörmətli Artur müəllim də, elə Nazirlər Kabinetinin rəhbərliyi də bunu nəzərə alsın. Ümumiyyətlə, bu həcmdə hesabata, əslində, çox ciddi gərək yoxdur. İkinci tərəfdən hesabata diqqət eləsəniz, görərsiniz ki, təqribən 6 abzas ötən 2004-cü ilin hesabatında olduğu kimi eyni ilə burada saxlanmışdır. Bu, yeni hesabatdırmı, yoxsa köhnə hesabatın üzərində işlənmiş yeni variantdırmı? Ona görə də bu cür detallara diqqət etmək olduqca vacibdir. Digər tərəfdən hesabatda məlumatlar ötən illə müqayisədə qeyd olunur. Mən 2004-cü ilin hesabatı ilə bunu müqayisəli şəkildə araşdırdım. Vaxt azdır deyə, rəqəmlər üzərində müzakirə açmağa imkanım çatmayacaq deyə, bu məsələyə toxunuram. Ötən ilin hesabatında sənaye sahələrinin inkişafı, enerji təhlükəsizliyi, iqtisadiyyatın infrastrukturunun inkişafı, sosial sferanın inkişafı, müdafiə qabiliyyətinin möhkəmlənməsi kimi məsələlər sanki Prezident tərəfindən qoyulmayıbdır. Yəni ötən il bunlar nəzərdə tutulmayıb, bu ilin fərqi ondan ibarətdir ki, bu beş prioritet sahədə ölkə başçısı tərəfindən Nazirlər Kabinetinin, cəmiyyətin qarşısında bu vəzifələrin qoyulması nəzərə alınıb və hesabatda göstərilibdir. Belə yanlışlıqlara yol vermək doğru deyil. Daha ciddi sənəd hazırlanması vacibdir.
Burada bir çox sahələrə toxunuldu. Mən qısaca hesab edirəm ki, ölkənin inkişafını tikintinin sayı ilə müəyyən eləmirlər. Ölkənin inkişafını ümumi daxili məhsulun sürətli artımı ilə də müəyyən eləmirlər. Adambaşına düşən illik gəlirlərin və yoxsulluğun, inflyasiyanın səviyyəsi ilə müəyyən eləyirlər. Azərbaycanda tikinti sektorunun yüksək səviyyədə inkişaf elədiyini çox fəxrlə deyirik. Amma ən böyük nöqsanlar da bu sahədədir. Əmək müqavilələrinin bağlanmaması, fəhlələrin böyük əksəriyyətinin müqaviləsiz çalışması gələcəkdə bu yükün dövlətin üzərinə köçürüləcəyini, pensiya alarkən dövlət hesabına sosial müavinətlər sahəsində böyük bir yük yaradacağını indidən düşünməliyik.
Digər bir məsələ tikintidən gələn gəlirin dövlət büdcəsində olduqca aşağı həddə olmasıdır. Ümumi daxili məhsulun formalaşmasında özəl sektorun payı 76 faizdir. Deməli, 24 faiz dövlətin payıdır. Amma diqqət eləsəniz, heç bir iqtisadi qərarın verilməsində özəl sektorun əhəmiyyətli rolu yoxdur. Əsas bu göstərici öndə olmalıdır ki, özəl sektor iqtisadi qərarların alınmasına təsir göstərə bilsin.
Azərbaycanda iki sahəyə xüsusi diqqət yetirilməlidir. Təhsil və səhiyyə sahəsinə. Təsəvvür eləyin ki, Azərbaycanda biz 120 milyon dollarlıq dərmanı və 120 milyon dollarlıq tibbi texnikanı xaricdən idxal eləyirik. Hətta asan üsulla hazırlanması mümkün olan bizim kimya sənayesinin buna imkanları olduğuna baxmayraq, 8 milyon dollarlıq şpris alırıq.
Bu kimi məsələləri artıq Nazirlər Kabineti nəzərə almalıdır. Gələcəkdə Azərbaycanda bunların istehsalına başlanması vacibdir. Bir çox məsələlərə vaxt çatmadığı üçün mən münasibət bildirə bilmirəm. Həqiqətən də, mən hesab edirəm ki, bizim qiymətləndirməmiz...
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, hörmətli Sədr! Hörmətli millət vəkilləri və dəvət olunan hökumət üzvləri! Bu gün məndən əvvəl çıxış edən natiqlər sözün əsl mənasında, hesabatda həm yaxşı cəhətləri, həm də mövcud nöqsanların bir qismini qeyd etdilər. Lakin bu məsələlərə yanaşarkən, hesab edirəm, biz dönüb bir geriyə baxmalıyıq. Əgər 10 il bundan əvvəlki dövr ilə müqayisə eləsək, görərik ki, bizim maliyyə sistemimiz, büdcə sistemimiz, ümumi daxili məhsulun artımı, vergilərin və gömrüyün yığılması, bank sistemində əldə olunan dünyanın sivil ənənələri indi artıq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, qəbul edilir, vaxtı ilə isə bunlar tənqidə məruz qalırdı.
Bu nailiyyətlər, sözün əsl mənasında, yaşadığımız dövrün çərçivəsinə sığmayan bir nailiyyətlərdir. Biz bunu qiymətləndirməliyik. Lakin qüsurlar da vardır. Burada qüsurlar barədə də fikirlər söylənildi. Mən həmin qüsurların bir qisminə toxunmaq istəyirəm. Mənim fikrim belədir ki, hesabatda bir çox göstəricilər nisbi rəqəmlərlə verilmişdir. İqtisadçılar yaxşı bilirlər ki, nisbi rəqəmlə verilən göstərici mütləq rəqəmlə verilən göstərici qədər fikri aydınlaşdırmır. Yaxşı olar ki, bu göstəricilərin bir qismi həm faiz ifadəsi ilə, həm də mütləq rəqəmlərlə verilsin. Bu da bəzən mətbuatda ayrı-ayrı jurnalistlər, iqtisadçılar tərəfindən yanlış fikirlərin meydana gəlməsinə səbəb olur. Misal üçün, ümumi daxili məhsulun artımı var. Amma, eyni zamanda, orada görünür ki, kənd təsərrüfatı məhsullarının artım tempi ötən illərdəkinə nisbətən bir-iki faiz azalmışdır. Guya belə görsənir. Amma, əslində, nisbi rəqəmdə verildiyinə görə belədir. Sənaye məhsullarının artım tempi o qədər yüksək olmuşdur ki, xüsusi çəkidə digər artımları müəyyən qədər kölgədə qoymuşdur. Bu, təbiidir, çünki sənaye bizim iqtisadiyyatımızın aparıcı sahəsidir. Yaxşı olardı ki, bu göstəricilər nisbi rəqəmlərlə yanaşı, mütləq rəqəmlərlə də veriləydi və onda bilinərdi, əgər ötən ildə 12 faiz olubsa, kənd təsərrüfatı məhsullarının artımı bu il 10 faiz görünürsə, bu heç də mütləq mənada azalma deyil, artım var. Amma xüsusi çəkidə azalma kimi görünür. Bu mənada hesabatda gələcəkdə belə yanaşmalar nəzərə alınmalıdır.
Digər tərəfdən, burada kənd təsərrüfatı, kənd təsərrüfatı istehsalçılarının istehsal etdikləri məhsulların tədarükü ilə əlaqədar fikirlər deyildi. Məndən əvvəl Əli Əhmədov bunu dedi. Mən bunu yaxşı qarşılayıram. Artıq kənd təsərrüfatı məhsullarının tədarükünə qayğıların göstərilməsinə ehtiyac vardır. Bu çox vacibdir. Biz bunu nəzərə almalıyıq ki, istehsalçılar bir-birindən xəbərsiz məhsul istehsal edirlər. Bu və ya digər məhsul üzrə bolluq olduğuna görə gələcəkdə onun istehsalından geri çəkilirlər.
Burada deyildi ki, parlamentlə, yəni deputat korpusu ilə müvafiq icra hakimiyyətləri arasında əlaqələrdə soyuqluq var. “Deputat statusu haqqında” Qanunumuz var. Bu qanunu bütün ziyalılar, məmurlarımız bilirlər. Mən özüm şəxsən məsələlərlə bağlı müraciət etdikdə belə hallara təsadüf etməmişəm. Onun həllinə qayğı göstərildiyini müşahidə eləmişəm, şahid olmuşam. Amma əgər belə hallar varsa, bizim qəbul elədiyimiz qanunlara uyğun olmayan bir yanaşmadır. Gələcəkdə də belə hallara yol verilməsinə imkan verməməliyik. Ümumiyyətlə, hörmətli Sədr, hörmətli deputatlar, mən hesabatı məqbul, məqsədəuyğun, qənaətləndirici hesab edirəm. Deputat həmkarlarımı bu hesabatın qəbul olunmasına səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Saat 4-ə qədər fasilə elan edirəm.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələri davam eləyirik. Eldar İbrahimov.
E. İbrahimov. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! Bəri başdan demək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasət tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə yönəldilmiş, hərtərəfli düşünülmüş, son dərəcə dəqiq və çox düzgün siyasət kimi özünü təsdiq eləyir. Möhkəm təməl üzərində qurulmuş siyasət 2004-cü ildə olduğu kimi, 2005-ci ildə də hörmətli Prezidentimiz möhtərəm cənab İlham Əliyevin gündəlik qayğısı və rəhbərliyi altında davam etdirilir. Belə ki, iqtisadiyyatın vəziyyətini xarakterizə edən əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun 2004-cü ilə nisbətən 26,4 faiz artaraq 59,4 trilyon manata çatması dediklərimə əyani sübutdur. Belə bir artım səviyyəsi dünyanın heç bir ölkəsində müşahidə olunmamışdır. Adambaşına 7,2 milyon və ya 1518 ABŞ dolları, yaxud 2004-cü ildəkindən 25,1 faiz çox məhsul istehsal olunmuşdur. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri içərisində 2004-cü ildə 8-ci yerdən 2005-ci ildə 4-cü yerə qalxmışdır.
Hesabat dövründə 27,3 trilyon manat və ya 6 milyard dollar məbləğində investisiya qoyulmuşdur ki, bu da 2004-cü illə müqayisədə 13,5 faiz çoxdur. 2005-ci il dövlət büdcəsinin icrası da uğurlu olmuşdur. 2005-ci ildə büdcənin mədaxili 10,3 trilyon manat təşkil etmiş, proqnoz 100,5 faiz icra edilmişdir. Bu isə o deməkdir ki, 2004-cü ilə nisbətən büdcənin mədaxili 38,8 faiz çox olmuşdur. Büdcənin məxarici isə keçən il əvvəlki ilə nisbətən 42,6 faiz artmışdır. Əldə edilən artımlar ölkəmizdə yoxsulluq səviyyəsini 2004-cü ildəki 40,2 faizdən 29,3 faizədək azaltmağa imkan vermişdir.
Hesabat dövründə sahibkarlığın inkişafına diqqət bir daha artırılmışdır. 2005-ci ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış 200 milyard manat tam istifadə edilmişdir ki, bu da 2004-cü ildəkindən 107,5 milyard manat çoxdur. Bu da 2204 sahibkarlıq subyektinə güzəştli kredit ayrılmasına imkan vermişdir. Keçən il ölkə iqtisadiyyatının mühüm sahəsi olan pul-kredit siyasətində də uğurlu addımlar atılmışdır. Yeni Azərbaycan manatının 2006-cı ildə dövriyyəyə buraxılması ilə əlaqədar görülən işlər, şübhə etmirik ki, milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə xidmət edəcəkdir. Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında qaz təminatının bərpası və 2005-ci ilin sonuna qədər 12 min abunəçinin mənzilinə təbii qazın verilməsi xüsusi yer tutur.
Ölkə üzrə ümumi daxili məhsulun artımında kənd təsərrüfatının da müəyyən payı vardır. Məhsul istehsalının 9,2 faizi bu sahədə əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və kənd yerlərində aqrotexservis xidmətinin yaxşılaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-ci ildə büdcədən ayrılmış 100 milyard manat vəsait və digər mənbələr hesabına xeyli miqdarda kənd təsərrüfatı texnikası alınıb kənd əməkçilərinin xidmətinə verilmişdir.
Hesabat ilində dövlət meliorasiya və su təsərrüfatı, bitki mühafizəsi və karantini, baytarlıq sahələrində də əsaslı dəyişikliklər baş vermiş, torpaqların yaxşılaşdırılması və su ilə təmin edilməsi, bitki və heyvan sağlamlığının qorunması üçün konkret işlər görülmüşdür. Əldə edilən yüksək nailiyyətlərlə yanaşı, aqrar bölmənin dinamik inkişafını təmin etmək üçün respublika hökumətinin diqqətini aşağıdakı məsələlərə yönəltmək istəyirəm.
Birinci, heyvandarlıq məhsullarının artımı, əsasən, mal-qaranın baş sayının durmadan çoxalması sayəsində əldə edilir. Bu isə hər hektar örüş və otlaqlara düşən mal-qaranın normadan artıq olmasına və nəticədə həmin sahələrin eroziyaya uğramasına səbəb olur. Belə torpaqların bərpası külli miqdarda vəsait tələb etdiyindən yaxşı olar ki, mal-qaranın maksimal sayı müəyyən edilsin və məhsul istehsalının artımı baş sayı hesabına yox, məhsuldarlığın yüksəldilməsi hesabına əldə edilsin. Damazlıq və toxumçuluq təsərrüfatlarına dövlət yardımı və qayğısı göstərilməli, bu yardımın kənd təsərrüfatlarının prioritet istiqamətlərinə yönəldilməsi üçün konkret tədbirlər görülməlidir.
İkinci, hazırda 562 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şoranlaşmaya və 545 min hektarın eroziyaya uğramasını nəzərə alaraq həmin torpaqların eroziyasının qarşısının alınması və meliorasiya tədbirləri aparılaraq dövriyyəyə cəlb edilməsinə diqqət artırılmalı, bu sahəyə lazımi miqdarda vəsait ayrılmalıdır. Bütün bunları göstərməklə, hesab edirəm ki, 2005-ci ildə görülən işlərdə və əldə edilən iqtisadi və sosial inkişafda hörmətli Baş nazirin...
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, biz bir neçə gün öncə Nazirlər Kabinetinin hesabatını əldə etmişdik. Güman edirəm, ən konstruktiv yol ondan ibarət idi ki, biz Nazirlər Kabinetinin hesabatını əldə etdikdən sonra nəzərdə tutduğumuz bir çox məsələləri yazılı surətdə Nazirlər Kabinetinə və yaxud uyğun strukturlara ünvanlayaq. Amma bu gün yəqin ki, çalışıb bir neçə məsələ ilə bağlı təkliflərimizi Nazirlər Kabinetinin və digər millət vəkillərinin nəzərinə çatdırsaq, şübhəsiz, ölkənin iqtisadi həyatına müəyyən töhfəmizi vermiş olardıq.
Çıxışlarda səslənən fikirlərə xüsusi diqqət yönəltmək istəyirdim. Bu gün ali məktəb müəllimlərinin, namizədlik və doktorluq işi artıq sona yetmiş insanların maddi vəziyyəti ilə bağlı bir çox narahatlıqlar var. Aydın məsələdir ki, “Alim öldü, aləm öldü” misalı bu gün Azərbaycan, bütün dünya üçün də çox aktual məsələdir. Amma nəzərdə saxlamaq lazımdır ki, bu gün biz alimlərimizlə dövlətin arasında olan münasibətləri hələ aydınlaşdıra bilməmişik. Söhbət nədən gedir? Bir neçə il bundan qabaq, yəni Azərbaycan müstəqillik əldə etməmişdən öncə vahid mərkəzdən, vahid ideologiya ilə və vahid büdcədən idarə olunan bir elm, ali məktəb və professura var idi. Bu gün artıq hər kəsə məlumdur ki, ölkədə müxtəlif xarakterli siyasi cərəyanlar və eyni zamanda da, dövlət mülkiyyətindən əlavə özəl sektor fəaliyyət göstərir. Bu gün alimlərin bütün problemlərini dövlət büdcəsi hesabına həll etmək ideyası, güman edirəm ki, heç də yerinə düşmür. Hər birimiz Avropa ilə, Qərblə çox sıx əlaqədə əməkdaşlıq edirik. Hər birimiz yaxşı bilirik ki, bu gün inkişaf etmiş ölkələrdə elmin inkişafı ilə bağlı məsələlər, əsasən, həmin elmin inkişafında maraqlı olan böyük firmalar və fondlar hesabına çox güclü surətdə maliyyələşdirilir.
Bu gün dövlət hesabına alimlik dərəcəsi, ali təhsil almış kadrlardan özəl sektor çox uğurla istifadə edir. Amma gəlin baxaq görək, özəl sektor bu gün elmin, təhsilin inkişafına və yaxud aspirantların, doktorantların yetişdirilməsinə nə qədər mənfəət və töhfə verir? Azərbaycanda inkişaf etmiş həm xarici, həm də transmilli şirkətlərin azərbaycanlı kadrlara olan maraqları məgər bir və ya 5 ilə məhdudlaşacaqmı? Şübhəsiz, bu belə deyil. Çox istərdim ki, bu gün Azərbaycanda bizim alimlərimizin gələcəyinə elmimizin idarə olunması ilə bağlı özəl sektoru nəzərə almaqla belə bir proqramın hazırlanmasına çalışaq.
İkinci, hamımız çox böyük bir hadisənin astanasındayıq. Dünya azərbaycanlılarının II qurultayı böyük bir hadisədir. Azərbaycançılıq ideyası ümummilli liderimiz Heydər Əliyevin bizə qoyduğu ən böyük irslərdən biridir. Amma çox böyük təəssüflə demək istəyirəm ki, bu gün bizim ingilis, fransız, alman və digər dillərdə çap olunmuş çox nəfis tərtibatlı “Azərbaycan tarixi” kitabına ehtiyacımız var. Bu gün Xarici İşlər Nazirliyinin maliyyəsi, büdcəsi və insan kapitalı hesabına əldə etdiyimiz nəticələr, şübhəsiz ki, kiçik deyil. Mən hesab edirəm ki, Xarici İşlər Nazirliyinə buna görə “çox sağ ol” demək, amma onlara çox böyük kömək eləmək lazımdır. Çünki bu iş təkcə Xarici İşlər Nazirliyi ilə bağlı məsələ deyildir.
Üçüncü, bir fikri də demək istəyirəm. Bu da Azərbaycan Respublikası regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı ilə bağlıdır. Bu proqram bütün millət vəkilləri, sahə nazirlikləri üçün əsas proqramlardan biridir. İqtisadiyyatla məşğul olan insanlar bunu yaxşı bilirlər. 1994-cü ildə Harvardda Aneli Saksiyanın “Regionların üstünlüyü” əsəri çox maraqlı şəkildə təqdim olunmuşdur. Bu gün konkret olaraq misal demək istəyirəm. Texniki Universitetdə maşınqayırma, radiotexnika, digər sahələrlə bağlı məsələlərin Şamaxıda yaradılmış avtomobil zavodunun yanında olması çox aktual idi. Bu həm elmi cəhətdən Harvardda aparılmış istiqamətlərə, həm də bizim gördüyümüz işlərə uyğun gəlir. Mən demək istəyirəm ki, bu gün Texniki Universitet...
Sədrlik edən. Çox sağ olun, Gülər xanım. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar, hamınızı salamlayıram. Nazirlər Kabinetinin hesabatı, hesab edirəm ki, parlamentdə müzakirə edilən bir məsələ olmalıdır. Ona görə də bu məsələ hərtərəfli müzakirə edilib, qiymətləndirilib. Həm müsbət meyillər, həm mənfi meyillər, həm də çatışmazlıqlar qeyd olunmalı və konstruktiv təkliflər irəli sürülməlidir. Bu istiqamətdə bir sənəd hazırlamışdıq. Təbii, 5 dəqiqə ərzində bunu tam çatdırmaq mümkün deyildi. Həmin sənədi biz rəhbərliyə və Nazirlər Kabinetinə sizin vasitənizlə çatdırarıq. Amma bəzi məqamları qeyd eləmək, hesab edirəm ki, vacibdir. İlk növbədə müsbət xarakter daşıyan məqamları qeyd eləmək istərdim.
Birinci, neft gəlirlərinin sürətli artımı Azərbaycanda çox qeyri-adi bir artıma gətirib çıxarıb. Bu isə öz növbəsində digər sosial göstəricilərə, büdcənin artmasına, büdcədən ayrılan sosial xarakterli vəsaitlərin, valyuta ehtiyatlarının artmasına təsir göstərib. Bir sıra ciddi maraqlı, vacib müsbət meyillər yaranıb. Bunların bəzilərini qeyd edirəm.
Ən ciddi məsələ ondan ibarətdir ki, Azərbaycanın valyuta ehtiyatları onun borcundan 1,5 dəfə çoxdur və ödəniş balansında müsbət meyillər yaranmağa başlayıb. 2005-ci il sosial sahədə, belə demək mümkünsə, regionlarda da bir sıra işlərin görülməsinə təkan verir. 2005-ci ili həm də məktəb tikintisi ili adlandırmaq olar. Əvvəlki illərlə müqayisədə xeyli dərəcədə bu istiqamətdə işlər görülür.
Bu hesabata baxanda və hesabatı dinləyəndə məndə bir təəssürat yarandı. Hesabat nədir, məlumat nədir? Əgər yalnız müsbət cəhətlər qeyd edilirsə, bu məlumatdır. Yerinə yetirilən və ya yerinə yetirilməyən məsələlər ortaya qoyulursa, onda hesabatdır. Amma Nazirlər Kabinetinin yerinə yetirmədiyi məsələlər barəsində heç nə danışılmadı.
Vaxt az olduğuna görə bir məsələni qeyd eləsəm, kifayətdir. Azərbaycan üçün üç ciddi məsələdən biri qarşılıqlı borclar məsələsidir. Müəssisə və təşkilatların qarşılıqlı borcları fantastik səviyyəyə çatıb. Bu istiqamətdə çox ciddi məsələləri, məsələn, makroiqtisadi səviyyədə gedən proseslərdə ümumi daxili məhsulun strukturundakı dəyişiklikləri qeyd etmək olar. Əgər ümumi daxili məhsulun strukturunda neftin payı 31-dən 41-ə çatıb, sonra 75-ə çatacaqsa, hesab edirəm, əgər hökumət bunu müsbət meyl kimi qiymətləndirirsə, metodoloji cəhətdən səhvdir. Bu istiqamətdə xeyli məqamlar var ki, bunları mütləq qeyd etməliyik.
Tikinti ilə bağlı xeyli məsələlərə toxunuldu. Bütün maddələr üzrə tikinti planları yerinə yetirilib. Amma xəstəxana, poliklinika, uşaq bağçaları sahəsində geriləmə var. Hesab edirəm ki, yerlərdə sosial infrastruktura diqqətin artırılması nöqteyi-nəzərindən çox ciddi işlər görülməsinə ehtiyac var.
Digər tərəfdən, vacib məqamların qeyd edilməsi istiqamətində parlamentin Sədrinin giriş çıxışında qeyd elədiyi məqamlar Nazirlər Kabinetinin fəaliyyətində nəzərə alınmalıdır. Burada səslənən təkliflər ümumiləşdirilib. Ona görə də yaxşı olardı ki, Nazirlər Kabineti öz hesabatında məhz keçən il qaldırılan təkliflərin, maraqlı məqamların necə yerinə yetirilməsi barədə burada məlumat verəydi. Nazirlər Kabinetinin saytı bütün Azərbaycan xalqı üçün açıq olmalıdır, çünki yüzlərlə, beş yüzlərlə qərarlar qəbul edilir. Amma müəyyən özəl sektorlar həmin qərarları götürür və sonra da satırlar. Beləliklə də, bunlar kommersiya obyektinə çevrilir. Amma bütün əhali bilməlidir ki, Nazirlər Kabineti hansı qərarları qəbul edib. Bu da həddən artıq mühüm xarakter daşıyan məsələlərdir.
Konkret ciddi xarakterli məsələlər var. Vaxt yoxdur. Yalnız birini qeyd etmək istəyirəm. Azərbaycanda bu gün ciddi artım gedir. Məsələn, Çində artımda 0,8 faiz fərq olub, onlar narahat olmağa başlayıblar ki, müəyyən məqamlarda müəyyən problemlər əmələ gəlir. Amma biz proqnozlaşdırdığımızdan qat-qat yüksək artım olub. Bu artımın hansı əlavə problemlərə gətirib çıxaracağı, yaxud neftdən kənar artımın necə olacağı barədə məlumat vermirik. Əgər 26 faizdən yuxarı artımdan söhbət gedirsə, neft amilini kənara atıb tək ümumi daxili məhsul yox, milli məhsul nöqteyi-nəzərindən həmin artımın 10 faiz olduğunu ortaya qoymalıyıq. Digər tərəfdən isə bu kontekstdə hesablamalar aparmalıyıq ki, gələcəkdə makroiqtisadi tarazlıq olsun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hörmətli üzvləri! Bizə təqdim olunan hesabatda ötən müddət ərzində Nazirlər Kabinetinin fəaliyyəti geniş və ətraflı şəkildə işıqlandırılıb. Məndən əvvəl çıxış edən natiqlər sosial-iqtisadi sahədə əldə etdiyimiz uğurların ayrı-ayrı məqamlarını qeyd ediblər, o cümlədən hörmətli Baş nazirin məruzəsində də biz bu məqamları geniş şəkildə eşidə bildik. Hər bir hökumətin fəaliyyətinə qiymət verilərkən bir sual ortada olur. Hökumət öz fəaliyyəti ilə ölkənin iqtisadi inkişafına, irəli getməsinə təkan verib, ya verməyib? Dünyada hökumətlərin istefaya getməsinin kökündə və digər məsələlərdə də ən ciddi suallardan biri budur.
Hesabatdan göründüyü kimi, Azərbaycan hökuməti ötən il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafında irəliləyişə nail olub. Əlbəttə, bu irəliləyiş birdən-birə baş verməyib. Bu irəliləyişin əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb və bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hökumətin iqtisadi sahədə əldə etdiyi uğurları göstəricilərdən görmək mümkündür və əsas iqtisadi göstəricilər ümumi daxili məhsuldur, sənaye məhsulu istehsalıdır, əhalinin pul gəlirlərinin real artımıdır və sair. Bunları görməmək mümkün deyil. Kimlərsə bunu görmürlərsə və qərəzli mövqedən çıxış edirlərsə, hesab edirəm ki, onlar inkişafı ya istəmirlər, ya da inkişafın dinamikasını anlamırlar. Əlbəttə, müsbət meyillər, inkişaf vardır. Ancaq bununla belə bizim strateji məqsədimiz vardır ki, biz bu strateji məqsədimizi həyata keçirməliyik və Azərbaycanın iqtisadi inkişafı yalnız rifah artırmaq deyil. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllinə təkan verən hadisədir. Çünki Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər istər-istəməz düşmən üzərində mənəvi, siyasi, iqtisadi üstünlüyə gətirib çıxarır. Bizim hərbi büdcəmizin artımı ilə düşmən düşərgəsindəki narahatlığın artması bizim dediklərimizi bir daha təsdiq edir.
Bu gün iqtisadi sahədə strategiya müəyyən edilib. Regionların sosial-iqtisadi inkişaf proqramı ona görə müəyyən edilib ki, biz regionların sosial-iqtisadi inkişafına nail olmaqla bir neçə məsələni həll etmiş oluruq. Ən başlıcası, daxili miqrasiyanın qarşısını almış oluruq. Amma regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinə mane olan amillər var. Bunun üçün davamlı enerji təminatı həyata keçirilməlidir. Amma təəssüf ki, bu sahədə hələlik istənilən nəticə əldə edilməyib. Bunun üçün, əlbəttə, çox əlverişli, iqtisadi, həm də təbii imkanlarımız var. Məsələn, Gəncəbasar bölgəsində Şəmkir çayı üzərində su bəndinin tikilməsi təklifi var idi. Prezident həmin təklifə dəstək verib, bu da iqtisadi inkişaf proqramında öz əksini tapıb. Mən hörmətli Baş nazirdən, müvafiq nazirliklərdən də xahiş edirəm ki, bu proqramın həyata keçirilməsinə təkan versinlər. Çünki onun həyata keçirilməsi ilə biz orada həm kiçik bir elektrik stansiyası yarada, həm də ərazidə olan böyük sahələri su ilə təmin edə bilərik. Bir neçə məsələni həll edə bilərik. Yəni başqa regionlarda da bu cür təbii şəraitdən istifadə edərək biz yerlərdə enerji təminatını həyata keçirə bilərik. Bununla da həmin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını tam ardıcıl həyata keçirmək olar. Bunlar bir neçə məsələni özündə əks etdirir. Hesab edirəm ki. hökumət gələcək fəaliyyətində bunu nəzərə almalıdır.
Əlbəttə, bu gün burada büdcəni müzakirə etmirik, biz hökumətin fəaliyyətinə qiymət verməliyik. Mən hesab edirəm ki, hökumətin fəaliyyəti qənaətbəxşdir, bütün deputatları da hökumətin fəaliyyətinə müsbət qiymət verməyə çağırıram.
Bir məsələyə aid də fikir söyləmək istəyirəm. Burada fikirlər səsləndi ki, Nazirlər Kabinetinin hesabatında hansı məsələlər olmalıdır və sair. Mən hesab edirəm ki, Nazirlər Kabinetinin fəaliyyəti və təqdim olunan hesabat Azərbaycan Respublikası Konstitusiyasının 114-cü və 119-cu maddələrinə uyğun tərtib edilib. Yəni Nazirlər Kabinetinin statusuna və funksiyalarına, vəzifələrinə aid tərtib edilir. Ona görə də Nazirlər Kabinetinin hesabatından başqa məqamları tələb eləmək hesab edirəm ki, Konstitusiyanın müddəaları ilə üst-üstə düşməzdi. Diqqətinizə görə təşəkkür edirəm. Hökumətə fəaliyyətində uğurlar diləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əkrəm Əylisli.
Ə. Əylisli. Mən bir neçə məqam üzərində dayanmaq istəyirəm. Mənə elə gəlir ki, bu məsələlərin həlli vaxt gözləmir. Həmin məsələlər bizim qanı axan, ağrısını hər an hiss elədiyimiz məsələlərdir. Mənə elə gəlir ki, bunlara Nazirlər Kabinetinin hesabatında xüsusi diqqət yetirilməli idi. Həmin məsələlər bizim dövlətin, hökumətin avtoritetinə, bu avtoritetin güclənməsinə, hörmətinin daha çox olmasına bilavasitə dəlalət edir.
Burada bir məsələni dedilər. Mən də bunu hökmən demək istəyirəm. Çünki özüm uzun müddət rayon şəraitində yaşamışam və buradakı insanların, xüsusən işıq məsələsində nələr çəkdiyini özüm müşahidə eləmişəm, öz həyatımda görmüşəm. İşıq məsələsi bilavasitə təkcə iqtisadi yox, çox ciddi bir ictimai-siyasi amilə çevrilir. İnsanlar parlamentin iclasına qulaq asır və hökumətin gördüyü işlər haqqında məlumat alırlar, birdən işıq sönür. Onların hakimiyyətin fəaliyyətindən aldıqları bütün müsbət emosiya həmin andaca silinib gedir. Buna görə mən fikirləşirəm ki, burada dəqiq vaxt qoyulmalıdır. Azərbaycan məmləkətində bu işıq problemi nə vaxt həll olunacaq? Bu məsələni uzatdıqca biz dövlətimizin avtoritetinə qarşı insanlarda şübhəli məqamları artırmış oluruq.
İkinci qanı axan məsələ, hesab edirəm ki, insanların əyalətlərimizdən, rayonlarımızdan çox böyük axınla şəhərlərə axışmasıdır. Əvvəla, bu, şəhərlərimiz üçün böyük, qorxunc problemlər yaradır. Bu öz yerində. İkincisi də kənd əhalisini kəndlilikdən çıxarır. Bir kəndli ki gözləyir, birinci qar yerə düşməmiş özünü Bakıya versin, o nə inək, nə toyuq saxlaya, nə də təsərrüfatla ciddi məşğul ola bilər. Bu adam artıq kəndlilikdən çıxır. Mənə elə gəlir ki, Nazirlər Kabinetinin gələcək fəaliyyətində belə məsələlər xüsusilə qabarıq şəkildə qoyulmalıdır. Balaca, Ordubad qismində olan şəhərlərimiz tamamilə şəhər sifətini itirib, kənd sifətində də deyil. Məsələn, Ordubadı iki müəssisə saxlayırdı. Müəssisələrin biri ipək kombinatı, biri də konserv zavodu idi, indi heç biri yoxdur. Nəticədə o qədər bikar adam əmələ gəlib. Rayonların çoxunda, yəqin, belədir. İcra Aparatı, onun ətrafında da notariusdan tutmuş bir neçə idarə işləyir və sair. Qalan insanların gözü onlara baxır və insanların daxilində nifrət yaranır ki, onların iş yeri var, bizimki yoxdur. Külli miqdarda bikar adam hər yerdə doludur. Mən istərdim ki, Nazirlər Kabineti özünün gələcək fəaliyyətində bu məsələyə də diqqət versin. Mənə elə gəlir ki, məsələlərin hamısı həddən ziyadə açıqdır. Yəni mətbuat da hər gün yaralı yerlərdən deyir. Mətbuat yaralarımızın qaysağını açıq qoyur və bu qaysağı açılmış yaralarımızın sağalması üçün gündəlik iş lazımdır. O məsələlər ki zaman-zaman qalır, onların bu gün qarşısı alınmasa, gələcəkdə cəmiyyət üçün daha böyük problemlər yarada bilər. Bunları dedim, qulaq asdığınıza görə çox sağ olun.
Sədrlik edən. Hörmətli deputatlar, mənə elə gəlir, arada hökumət nümayəndələrinə, nazirlərə də söz verməliyik ki, bəzi məqamlara aydınlıq gətirsinlər. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayevə söz verilir.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputatlarımız! Bəzi suallarla bağlı mən məlumatlar vermək istərdim. Amma bütün sualların detallarını yığıb, onları cəmləşdirib ümumi bir şəkildə cavab verməyə çalışacağam. Burada bəzi deputatların sualları qiymətlərin artımı ilə bağlı idi. Keçənilki inflyasiya ilə bağlı rəqəmlər hamıya məlum idi. Bu ilin rəqəmlərini diqqətinizə çatdırmaq istəyirəm. 2006-cı ilin yanvar-fevral ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 5,7 faiz artmışdır. Bunun da səbəbləri var. Mən bəzi deputatların fikri ilə razı deyiləm ki, hökumət heç bir şəkildə bu işlə məşğul olmur və səbəblərini araşdırmır. Bizim gündəlik işimizdir və işimizdə məhz bu səbəbləri araşdırırıq və hər hansı bir məlumatı əldə etdiyimiz vaxt qiymətlərin artımının səbəbini öyrənirik.
Bu günlərdə daha çox şəkərin qiyməti qalxmışdır. Ümumiyyətlə, bəzi malların qiymətlərinin qalxması bilavasitə Azərbaycanda istehsal olmayan malların qiymətinin dünya bazarında qalxması ilə bağlıdır. Biz, İqtisadi İnkişaf Nazirliyi olaraq, bu haqda Nazirlər Kabinetinə məlumat hazırlamışıq, şəkərlə bağlı fikirlərimizi demişik. Dünya bazarında qiymətlərin artmasının əsas səbəbi Braziliyanın, ən çox şəkər istehsal eləyən dövlətin daxili bazarında olan dəyişikliklərdir. Neftin qiymətinin qalxması ilə əlaqədar orada yanacağın qiyməti yüksəlib. Ona görə onlar şəkər istehsal etmək yerinə, həmin bitkidən daha çox yanacaq istehsal etməyə başlayıblar, ona görə bir az şəkər qıtlığı əmələ gəlib, qiymət yuxarı qalxmışdır. Bu qiymət nə hökumət tərəfindən tənzimlənən qiymətlər siyahısına daxildir, nə də biz buna hər hansı təzyiq göstərə bilərik. Amma başqa ölkələrlə, o cümlədən özü şəkər istehsal eləyən Rusiya ilə müqayisədə, Azərbaycanda qiymətlər daha aşağıdır.
Bundan başqa, qiymətlərin qalxmasının digər səbəbləri də var. Obyektiv səbəblərdən biri - quş qripinin yayılması nəticəsində toyuq ətinə olan tələbatın azalması və eyni şəkildə mal və qoyun ətindən hazırlanmış ərzaq mallarına tələbatın artması qiymətlərin artmasına gətirib çıxarır. Başqa obyektiv səbəblər də var. Məsələn, yeni iş yerlərinin yaradılması və gəlirlərin artması da obyektiv olaraq inflyasiyanın artmasına təsir göstərir. Qiymətlərin artımının qarşısının alınması məqsədi ilə hökumət və Milli Bank tərəfindən müvafiq büdcə-vergi, sahibkarlığın inkişafı, antiinhisar, özəlləşdirmə siyasəti həyata keçirilir. Məqsədimiz isə 2006-cı ildə inflyasiyanı birrəqəmli səviyyədə saxlamaqdan ibarətdir.
Başqa bir çox suallar oldu. Sahibkarlığa Kömək Milli Fondundan hər sahibkara təxminən 20 min ABŞ dolları məbləğində kredit verilməsi Qüdrət Həsənquliyev tərəfindən qaldırılan məsələdir. Mən, sadəcə, bir-iki məlumat vermək istəyirəm. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2005-ci ildə 2204 sahibkarlıq subyektinə 182 milyard manatlıq kredit verilmişdir. Lakin ümumi məbləği layihənin sayına bölməklə orta rəqəm çıxarmaq, ümumiyyətlə, düzgün deyil. Belə ki, qaydalara görə bu gün həmin fonddan 5 növ kredit verilib. Bunlar kiçik həcmli kreditlərdir. Ən kiçiyi min dollara qədər olan mikrokreditlərdir. Ondan sonra kiçik həcmli kreditlər, min dollardan 10 min dollara qədərdir. Orta həcmli kreditlər 10 min dollardan 30 min dollara qədərdir. Böyük həcmli kreditlər 30 mindən 100 minə qədərdir və iri həcmli kreditlər 100 min dollardan 1 milyon dollara qədərdir. Ümumi məbləği layihələrin sayına bölməyin düzgün olmamasının nümunəsini gətirmək istəyirəm. Bütün növ kredit portfelində mikrokreditlərin xüsusi çəkisi 2,8, kiçik kreditlərin xüsusi çəkisi 4,8, böyük kreditlərin xüsusi çəkisi isə 53,2 faiz təşkil eləyib. Belə hesablamaq düzgün olmazdı. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin kreditlərin verilməsi hesabına 17 min yeni iş yeri yaradılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş investisiya xəritəsinin hazırlanması təklifi də Qüdrət Həsənquliyev tərəfindən qaldırılıb. Bəli, bu məsələ çox vacibdir. İnvestisiya xəritəsi Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin köməkliyi ilə ilkin variantda hazırlanmışdır. Son zamanlar ölkə başçısı tərəfindən təsdiq edilmiş yeni proqramlar əsasında bu xəritələrdə hazırda dəyişikliklər edilir.
İqbal Ağazadə tərəfindən təklif oldu ki, ölkənin ixracatında qeyri- neft sektorunun xüsusi çəkisinin artırılmasına diqqət yetirilməlidir. Nəzərinizə çatdırmaq istərdim ki, qeyri-neft sahələrinin inkişaf etdirilməsi, eləcə də qeyri-neft məhsullarının ixracının artırılması dövlətin sosial-iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bunu biz dönə-dönə deyirik. 2005-ci ildə 2004-cü illə müqayisədə xam neftin ixracının həcminin 54 faiz artdığı halda onun ümumi ixracda xüsusi çəkisi 82 faizdən 76 faizə qədər aşağı enmişdir. Bu rəqəmlər artıq hər şeyi göstərir.
İdxalı əvəz edən istehsalın inkişaf proqramının hazırlanması məsələsi Arif müəllim Rəhimzadə tərəfindən qaldırılmışdır. Yoxsulluğun azaldılması və iqtisadi inkişaf regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və digər dövlət proqramlarında əsas vəzifələrdən biri kimi göstərilmişdir. Bununla əlaqədar olaraq son illərdə idxalın strukturunda müsbət dəyişikliklər baş vermişdir. Belə ki, idxalda ərzaq məhsullarının xüsusi çəkisi azalmış, investisiya mallarının xüsusi çəkisi isə artmışdır. Bu gün istehlak etdiyimiz ərzaq məhsullarının böyük qismi artıq yerli müəssisələrdə istehsal edilir. Möhtərəm Prezidentimizin regionlara səfəri zamanı biz hamımız görürük ki, yeni istehsal yerləri - yeni zavodlar, konserv zavodları, kənd təsərrüfatı məhsullarının emalı zavodları açılır. Bunlar hamısı bizim istehlak səbətimizə daxil olub. Təbii ki, bunlar istehsal edildikcə idxal etdiyimiz həmin malların sayı gündən-günə azalır. Biz indi yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının hazırlanması mərhələsindəyik. Bu işdə istehsalın inkişaf proqramlarının hazırlanmasına böyük diqqət yetirilir. Həmin proqramda bu məsələlər öz yerini tapacaq.
Dizel yanacağının qiymətinin 50 faizinin fermerlərə kompensasiya kimi verilməsi haqda sual Gülhüseyn Əhmədov tərəfindən qaldırılmışdır. Məlum olduğu kimi, aqrar sektorun inkişafı hökumət üçün prioritet məsələlərdən biridir. Biz hesab eləyirik ki, aqrar sektor Azərbaycanın, ümumiyyətlə, ikinci ən vacib sektoruna çevrilməlidir. Bu diqqəti sübut eləyən amillərdən biri ondan ibarətdir ki, bu sahə 2008-ci ilədək torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir. Bununla yanaşı, dövlət büdcəsi hesabına verilən güzəştli kreditlərin təxminən 56 faizi kənd təsərrüfatı sahəsinə yönəldilmişdir. Eyni zamanda, təsisçisi İqtisadi İnkişaf Nazirliyi olan “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin artıq aqrar sektoruna, kənd təsərrüfatımıza göstərdiyi dəstək hamıya məlumdur. Bu sistemdə bəzi təkmilləşdirmə işləri aparılmalıdır. Ancaq bu gün artıq gördüyü işlər tərəfimizdən müsbət qiymətləndirilir. Biz belə stimullaşdırıcı tədbirlərə tərəfdarıq. Yanacağın qiymətinin 50 faizini kompensasiya etmək başqa ölkələrin iqtisadiyyatında görünməyən bir işdir. Belə bir təcrübə aqrar sektoru inkişaf etmiş ölkələrdə belə yoxdur. Ona görə hesab eləyirik ki, belə subsidiyalardan biz istifadə eləməməliyik. Əksinə, normal şərait yaradılmalı və aqrar sektor inkişaf etdirilməlidir. Hələlik bu qədər. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Ulu öndərimiz Heydər Əliyev ardıcıl iqtisadi islahatların təməlini qoymaqla Azərbaycanın dünya iqtisadi sistemində layiqli yerini tutmasına şərait yaratdı. Şübhəsiz ki, XXI əsrdə də Azərbaycanı Heydər Əliyevin ideyaları idarə edəcəkdir.
Respublikanın Prezidenti cənab İlham Əliyev 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında” Fərmanı imzaladı. Proqramın qəbul edilməsindən az sonra ölkə daxilində nəzərəçarpacaq canlanma baş verdi. İnsanların əhval-ruhiyyəsi yüksəldi, gələcəyə inam artdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ona görə qəbul edildi ki, 2004-cü ilin əvvəlinə Azərbaycan dövlət büdcəsinin gəlirlərində regionların payı cəmi 15 faiz təşkil edirdi. Əyalətə yönələn birbaşa investisiyaların həcmi isə güclə 20 faizə çatırdı. Aydın olurdu ki, mərkəzləşmiş dövlət yardımı olmasa, regionlarda işləməyən müəssisələrin bərpası, sosial və kommunal sahələrin, iş yerlərinin yaradılması, sosial sahələrin yeniləşməsi, sahibkarlığın inkişafı üçün normal şəraitin yaradılması və xarici investorların cəlb olunması kimi mühüm problemlərin həlli mümkün olmayacaqdır. İndi ölkə iqtisadiyyatı üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının nə dərəcədə effektli olması göz qabağındadır.
İnkişaf etmiş dünya ölkələri ilə biznes forumlarının keçirilməsi xarici iş adamlarının Azərbaycan rayonlarının iqtisadi potensialı ilə yerlərdə tanış olaraq özlərinə maraqlı sahələri seçə bilmələrinə şərait yaratdı. Proqramın yerinə yetirilməsinə həsr olunmuş konfransların keçirilməsi icra strukturlarında çalışan insanların məsuliyyətini artırır, ictimaiyyət qarşısında hesabat kimi səslənir və ölkə vətəndaşlarının dövlətə, gələcəyə inamını daha da gücləndirir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, xüsusilə regionların inkişafının yeni mərhələsində cənab Prezidentin regionlara səfəri yerlərdə vəziyyətə müsbət təsirini göstərir. İnsanlar həyatın bütün sahələrində Prezidentimizin apardığı siyasətin müsbət nəticələrini şəxsi həyatlarında hiss edirlər. Təəssüf ki, bu müsbət təcrübədən bəzi dövlət məmurları bəhrələnmirlər. Onların bəzisi nəinki yerlərdə az olur, hətta vətəndaşları qəbul edib onların problemlərini həll etməyi özlərinə rəva bilmirlər.
Azərbaycan çox böyük ölkə olmadığı üçün hər bir məmur haqqında ictimai rəy formalaşıb. Formalaşan rəyin nəticələrinin 2005-ci ildə əyani şahidi olduq. Səhiyyə Nazirliyində olan özbaşınalıq, əhaliyə saxta dərmanların satılması, pullu xidmət adı ilə insanların soyulması və korrupsiya hamıya məlum idi. Lakin məsələyə münasibəti heç kim bildirmirdi. Bu gün də Nazirlər Kabinetinin 2005-ci ildə fəaliyyəti haqqında hesabatında bu haqda heç nə göstərilməyib. Buraxılan nöqsanlar hesabatda təhlil olunmalı idi. Eləcə də bu sözləri İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəhbərliyi barədə də demək mümkündür. Hər bir hesabat ilində əldə olunan müsbət nəticələrlə bərabər buraxılan nöqsanlar barədə də qeyd olunmalı, gələcək işlərimizdə maneələr aradan qaldırılmalıdır.
Diqqətinizi təhsil sahəsi üzrə hesabata da cəlb etmək istəyirəm. Əgər Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən böyük işlər hesabata salınmasaydı, onda təhsil sahəsində nəinki 2005-ci ildə, hətta 10 il müddətində görülən işlərin nə qədər bəsit olduğunu aydın görərdiniz. Ölkənin və xalqın gələcəyi olan təhsil sahəsində işlər... Dediklərimizi dəlillərlə əsaslandırmaq vaxt limiti baxımından mümkün olmadığı üçün gələcək müzakirələrə saxlayıram.
Bütövlükdə Nazirlər Kabinetinin 2005-ci ildə fəaliyyəti haqqında hesabata müsbət qiymət verərək onun qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Hamıya məlumdur ki, Azərbaycan dövlətinin bu gün apardığı iqtisadi-sosial siyasəti ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu yol ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və əldə edilən nəticələr göz qabağındadır.
Hər bir dövlətin iqtisadi qüdrəti bir çox iqtisadi amillərlə ölçülür. Bunlardan biri də adambaşına düşən ümumi daxili məhsuldur. Görülən işlər nəticəsində 2004-cü ilə nisbətən adambaşına düşən ümumi daxili məhsul 26,4 faiz artmışdır. Bu da 59,4 trilyon manata çatmışdır. Dollarla müqayisə etsək, 12,6 milyard dollara çatmışdır. Adambaşına 7,2 milyon manat düşür və ya Amerika dolları ilə müqayisə etsək, 1518 Amerika dollarına çatır. Bu yaxınlarda ölkə Prezidenti Yaponiyada olarkən Yaponiyanın Baş naziri Azərbaycanda ümumi daxili məhsulun artımını dəfələrlə qeyd etdi və bunu çox yüksək qiymətləndirdi. Əfsuslar olsun ki, üzdə özünü müxalifət sayan bəzi iqtisadçılar Azərbaycanda aparılan bu yüksək iqtisadi göstəricilərə və iqtisadi-sosial siyasətə düzgün qiymət vermir və görülən işlərə ləkə gətirirlər.
Misal olaraq qeyd etmək istəyirəm ki, 2004-cü ilə nisbətən adambaşına 25,1 faiz çox məhsul istehsal olunmuşdur. Bu göstəriciyə görə MDB ölkələri arasında Azərbaycan 2004-cü ildə 8-ci yerdə idi, artıq 2005-ci ildə 4-cü yerə qalxmışdır.
Fərəhli haldır ki, ümumi daxili məhsul artımının əsas hissəsi - 76 faizi qeyri-dövlət sektorunun payına düşür. Burada dəfələrlə hörmətli millət vəkilləri çıxışlarında qeyd edirlər ki, biz regionları inkişaf etdirməyə və daxili miqrasiyanın qarşısını almağa çalışmalıyıq. Bu məqsədlə ölkə Prezidentinin sərəncamı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı imzalanmışdır. Maraqlı hallardan biri odur ki, 2005-ci ildə dövlət investisiya xərclərinin təxminən 75 faizi regionlara xərclənmişdir. Bu müddət ərzində 10 rayonda 160 emal müəssisəsi, 300-dən çox tikinti təşkilatı, 200-dən yuxarı kənd təsərrüfatı müəssisəsi, 900-ə yaxın xidmət sahəsi yaradılmışdır. Ümumiyyətlə, ölkə Prezidenti tərəfindən aparılan iqtisadi-sosial siyasət davamlı inkişaf edir. Ölkə Prezidenti Prezident seçkiləri dövründə qeyd etmişdir ki, yaxın gələcəkdə bu müddət ərzində 600 min yeni iş yeri yaradılacaqdır. Ölkə Prezidenti verdiyi sözə sadiqdir, buna əməl edir və bunun nəticəsidir ki, yaxın zamanda 346 min yeni iş yeri yaradılmışdır. Bunun da 173 mini daimi iş yerləridir.
Ölkə Prezidenti regionlara səfəri zamanı qeyd etmişdir ki, çalışacaq Azərbaycanda heç bir yoxsul insan olmasın. Bu yöndə görülən işlər qənaətbəxşdir. Bu onu göstərir ki, yoxsulluğun aradan qaldırılması üçün dövlət proqramı yerinə yetirilir və 2004-cü ildən 2005-ci ilə nisbətən yoxsulluq artıq 29 faiz aşağı düşüb. İkinci əsas göstəricidən biri adambaşına düşən pul gəlirləridir. Bu onu göstərir ki, 2004-cü ilə nisbətən adambaşına düşən pul gəlirləri 27 faiz artıb və 39 milyon manata çatmışdır. Azərbaycanda aparılan iqtisadi islahatlar artıq öz nəticəsini verib. Adambaşına düşən orta əmək haqqı artıq 137 dollara çatıbdır və bu davam edir. Mən əminəm ki, yaxın gələcəkdə, 2006-2007-ci illərdə orta əmək haqqı 200 dollar civarında olacaqdır. Nazirlər Kabinetinin bugünkü hesabatı aydın göstərir ki, yaxın vaxtlarda buna nail olacağıq. Azərbaycanda pensiya islahatları aparılır və bu pensiya islahatları öz müsbət nəticəsini verib.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov.
A. Abbasov. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hörmətli hökumət üzvləri! Mən vaxtınızı çox almayacağam, bir-iki məqama toxunmaq istəyirəm. Burada bəzi deputat dostlarım danışanda mən elə bildim ki, biz Amerika Senatında oturmuşuq və bekarçılıqdan İraqa bomba atan Amerika hökumətinin, yəni hər işi düz gedən bir ölkənin hesabatını dinləyirik. Azərbaycan çətin bir vəziyyətdə yaşayan bir dövlətdir. 20 faiz torpağı işğal olunmuş, bir milyon əhalisi qaçqın olan dövlətdir və müharibə şəraitində yaşayır. Belə dövlətin hökumətindən hər şeyi yüksək dərəcədə tələb eləmək bir qədər düz deyil. Bunları nəzərə almır mənim bəzi deputat dostlarım. Hökumət çox iş görüb.
Bir də qeyd edim ki, hökumət gördüyü işlərin hesabatını verir, görmədiyi işlərin hesabatını vermir. Yəni bu hesabat əsasında gördüyü işlərdir. Burada ən sərt nöqsanı Siyavuş müəllim dedi. Deyilən nöqsanları, yəqin ki, hökumət nəzərdən keçirəcək və Nazirlər Kabineti öz müşavirələrində həmin məsələlərə diqqəti artıracaq.
Bir məsələyə də toxunum. Burada işıqdan, hər şeydən danışılır. Məsələnin başqa bir tərəfi də var. Mən də kənddə yaşayıram. İşıq yoxdur. Amma işığın pulunu verirlərmi? Bununla bir maraqlanan yoxdur. İşığın pulunu vermiriksə, heç kəs bizə işıq verməyəcək. Ən birinci bunu yerinə yetirmək üçün və yaxşı olar ki, hökumət “Azərenerji”yə kömək eləsin. Rayonlarda sayğac məsələsini həll eləsinlər. Hansı rayonda sayğac qoyulubsa, orada 24 saat işıq var, çünki insanlar pulu ödəmək məcburiyyətindədir. Bu mənada “Azərenerji”yə kömək eləsək, onda həmin pulları hesaba qaytarmaq olar və problem də həll olunar.
Əsas sözüm odur ki, hökumət işləyib. Azərbaycanın bütün sahələrində inkişaf gedir. Ən çox ağrılı yerimiz məktəb tikintisidir. Təkcə mənim Ağcabədi rayonumda ötən il Heydər Əliyev Fondu və hökumət yeddidən çox məktəb tikib və nə qədər məktəbdə də təmir işləri aparıb. Bu il də yeddiyə qədər yeni məktəbin tikintisi nəzərdə tutulub. Yəni Azərbaycanda 164 məktəb tikilib. İş gedir. Eləcə də təhislimizin başqa sahələrində, mədəniyyət sahəsində də, iqtisadiyyatımızdakı artımı da əlimizdəki hesabatdan görürük. Hökumətin işini qənaətbəxş hesab eləmək olar və burada deyilən iradları da hökumət qəbul eləməlidir. Kimsə burada qərəzlə irad deməz. O iradları da öz iclaslarında müzakirə eləməlidirlər və o, iradlardan nəticə çıxarıb işlərini daha yaxşı görə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də çalışacağam deyilənləri təkrar etməyim və zatən 5 dəqiqə ərzində böyük bir fikir də söyləmək çətindir. Ancaq qısa olaraq bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm. Hər şeydən öncə onu deməliyəm ki, həqiqətən də, bu gün Azərbaycanda iqtisadi-sosial sahədə gedən islahatlar təqdirəlayiqdir. Azərbaycanın bütün sahələrində gedən inkişaf qeyd olunmalıdır. Bunu ən azı ədalət naminə qeyd etməliyik. Həm də o baxımdan qeyd olunmalıdır ki, bizim hökumət, nazirlərimiz daha da ruhlansınlar və bu islahatları daha yaxşı həyata keçirsinlər. Eyni zamanda problemlər də qeyd olunmalıdır ki, həmin problemlər yaxın zamanlarda aradan qaldırılsın. Ümumən mən bir neçə məsələni, qeyd etdiyim kimi, burada qaldırmaq istəyirəm.
Bu gün, ümumiyyətlə, iqtisadi göstəricilərimizin ən böyük üstünlüyü odur ki, Azərbaycanda yoxsulluq səviyyəsi 2001-ci ildən 49 faizdən təxminən 29 faizə qədər enməkdədir, təxminən 19-20 faiz fərq edir. Lakin bununla yanaşı, bir sıra maliyyə institutları bu göstəriciyə sanki şübhə ilə yanaşırlar. Konkret olaraq deyim ki, keçən ay Avropa Bankının və Asiya İnkişaf Bankının da hesabatı dinlənildi. Orada Azərbaycan Şərqi Avropanın, Mərkəzi Asiyanın ən yoxsul 7 ölkəsi sırasına aid edildi. Düzdür, belə hesabatlar hazırlayanlar çoxdur. Həmin hesabat mənim diqqətimi ona görə çəkdi ki, bu, beynəlxalq institutdur və Azərbaycan onunla əməkdaşlıq edir. Mən çox istərdim ki, bu sahəyə də müəyyən mənada aydınlıq gətirilsin, çünki ictimai rəyə də təsir edir.
İkinci toxunacağım məqam büdcəyə ümumi nəzarət haqqındadır. Hesablama Palatası bu nəzarəti həyata keçirsə də, biz ictimai nəzarəti də ön plana çəkməliyik. Elə etməliyik ki, doğrudan da, bu gün hökumətin büdcə sərflərinə ictimai nəzarət də olsun və müəyyən mexanizmlər hazırlansın. Belə beynəlxalq təcrübə də var. Hesab edirəm ki, biz həmin məsələni hökumət ilə müzakirə edib vətəndaş cəmiyyəti institutlarını bu sahəyə cəlb edə bilərik.
İpoteka haqqında qeyd olundu. Hesab edirəm ki, həqiqətən də, bu gün ipotekanın bugünkü şərtləri Azərbaycan gəncinin imkanına uyğun deyildir. Burada qeyd olunduğu kimi, 700 dollar civarında maaşın olması, bundan başqa, 12 faizə qədər ödəmələr edilməsi və nəhayət, 30 faiz illik ödənişin həyata keçirilməsi etiraf edək ki, bu gün o qədər də asan deyildir. Mən bir statistikanı nəzərinizə çatdırım. Əlibayramlıdan mənə edilən 109 müraciət arasında yalnız bir nəfərin imkanı var ki, həmin şərtlərə tab gətirsin. Bu azaldılmalı, ən azı 6-7 faiz olmalıdır ki, insanlarımız bundan istifadə etsinlər.
Daha sonra bir məsələyə də toxunmaq istəyirəm. Dövlət özəlləşdirmə çekləri ilə bağlı camaatda da müəyyən narazılıqlar var. Dövlət özəlləşdirmə çeklərinin bir qrupunun taleyi hələ bəlli deyildir. Əgər bu gün, doğrudan da, həmin çeklərin işləkliyi aşağı düşübsə, gərək onda hökumət də bununla bağlı təkliflər versin və ehtiyac varsa, qanun qəbul olunsun və həmin özəlləşdirmə çeklərinin sahiblərinə müəyyən kompensasiya ödənilsin.
Növbəti toxunmaq istədiyim məsələ Çernobıl əlilləri ilə bağlıdır. Aprel ayında bu hadisədən 20 il ötür. Bununla bağlı müəyyən müraciətlər daxil olub. 7 minə yaxın Çernobıl əlilinin 3 min övladı dünyaya gəlibdir ki, onların sosial reabilitasiyasında çox böyük problemlər var. Bilirsiniz ki, onlar anadan xəstə olurlar. Bu gün Azərbaycanda bir mərkəz yaradılmalıdır. Hökumətin nəzərinə çatdırmaq istərdim ki, bu da aktual problemlər sırasındadır. Bunu da gərək diqqətə alalar.
Qeyri-hökumət təşkilatları ilə bağlı biz artıq bir neçə dəfə təkliflər irəli sürmüşük ki, qeyri-hökumət təşkilatları dövlət büdcəsindən maliyyələşdirilsin. Bu gün artıq bilirsiniz ki, siyasi partiyaların da maliyyələşdirilməsi gündəmdədir. Mən fürsətdən istifadə edib hökumətin üzvlərinə təklif edərdim ki, gələn ilin növbəti büdcəsində qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi diqqətə alınsın. Doğrudan da, bu gün qeyri-hökumət təşkilatları fəaliyyətləri ilə sosial-iqtisadi baxımdan ölkəyə çox böyük xeyir gətirə bilərlər, onların dövlət tərəfdən maliyyələşdirməyə, həqiqətən də, ehtiyacları var. Bu, dövlət münasibətlərinə də müsbət təsir göstərər.
Əlibayramlı ilə bağlı mən həmin şəhərin deputatı olaraq bunları deməyi özümə borc bilirəm. Apardığım müşahidələrə əsasən, Əlibayramlıya ayrılan dövlət büdcəsi eyni göstəriciyə malik olan digər şəhərlərdən çox aşağıdır. Baxmayaraq ki, sənaye şəhəridir. Orada da işsizlik kifayət qədərdir. Ona görə də gələn ildə mən çox istərdim ki, bu fərq aradan qaldırılsın.
Sədrlik edən. Çox sağ olun. Söz verilir Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Ələkbərova.
Ə. Ələkbərov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Fikrimcə, ötən il çox uğurlu bir maliyyə ili kimi yadda qala bilər. Bunun əsasını ulu öndərimiz Heydər Əliyev qoymuşdu və keçən il ərzində bütün situasiyalar möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ustalıqla, çox gözəl idarə olunmuş, Nazirlər Kabinetinin işi yaxşı təşkil olunmuş və bugünkü göstəricilər əminliklə bunu deməyə imkan verir ki, çoxlu uğurlar əldə olunmuşdur. Keçən il ən ciddi fikir ondan ibarət olmuşdur ki, qeyri-neft sektorunun inkişafı baş versin. Biz lazımınca bu nəticələri almaq əzmindəyik. Bu proses bir ilin işi deyil, ardıcıl hər il davam edəcəkdir. Bəzi sahələrdə vergilərin azaldılması məsələsi qoyulmuşdur, kənd təsərrüfatında onun vaxtını cənab Prezident 5 il uzatmışdır. Dövlət büdcəsi vasitəsi ilə çox vacib bir alət kimi, qeyri-neft sektorunun inkişafına biz ciddi yardımlar etmişik və bu il həmin proses davam edəcəkdir.
Bununla yanaşı, ordu quruculuğu ölkədə çox vacib prioritet xətlərdən biri olmuşdur. Enerji istehsalının artımı, yolların yenidən qurulması və tikintisi, kiçik və orta sahibkarlığa dəstək, kənd təsərrüfatı istehsalının stimullaşdırılması, ünvanlı sosial müdafiə sisteminin qurulması hökumətin yadından çıxmamış, bununla bağlı ardıcıl addımlar atılmışdır. Biz ümumi daxili məhsulun artım tempinə görə dünyada birinci yerdəyik. Bəzi millət vəkilləri tərəfindən deyildi ki, göstəricilər adambaşına deyilsə daha yaxşıdır. Bir neçə il qabaq, yadınızdadırsa, adambaşına 470-475 dollar daxili məhsul haqqında Milli Məclisdə söhbət gedirdi. Bu il 2000 dollar olacaq. Bu, görülən işlərin nəticəsidir. Heç bir ölkədə, dünyanın heç bir məkanında belə göstəricilər yoxdur. Dövlət büdcəsinin gəlirləri və xərcləri 40 faiz artır. 2006-cı ildə bu rəqəmlər bütün proseslər, ehtiyat mənbələri nəzərə alınmaqla 67-70 faizə çatdırılıb. Əlbəttə, bunların əsasında insanların yaşayış səviyyəsi yüksəlir. Kasıbçılıq aşağı düşür.
İnvestisiya keçən il 80 faiz artıb. Yəqin ki, belə rəqəmlərə hörmətli millət vəkilləri İnternet səhifələrində heç bir ölkələrin təcrübəsində rast gəlməyəcəklər. 2006-cı ildə büdcədən təkcə investisiya 611 milyon manat olacaqdır. Bu nə deməkdir, hörmətli millət vəkilləri? 4-5 il əvvəl bizim dövlət büdcəsinin həcmi bu qədər idi. Çox böyük ümidlə, həvəslə demək olar ki, bizim dövlət büdcəmiz artıq inkişaf büdcəsidir. Sosial yönlü xərclər artır və ildən-ilə cənab Prezident bu sahəyə çox ciddi fikir verir. Keçən il cənab Prezident tərəfindən 56 fərman və sərəncam bilavasitə sosial problemlərin həlli ilə bağlı imzalanmışdır. Əmək haqlarının, müavinətlərin, fərdi təqaüdlərin, pensiyaların artımı və digər məsələlər ilə bağlı ilin hər həftəsində cənab Prezident fərman imzalayıb. İnsanlara sosial qayğı onun yadından çıxmayıb. Bu proses keçən ilin axırında, yadınızdadır, onunla nəticələndi ki, hökumət minimum əmək haqqının artırılmasına getdi. Minimum əmək haqqı 30 yeni Azərbaycan manatına çatmışdır. Bu il də həmin məsələ gündəmdədir. Minimum əmək haqqının 33 faiz artımı gözlənilir. Bu, təqribən büdcədən maliyyələşən təşkilatlarda çalışan 630-640 min Azərbaycan vətəndaşına şamil olunacaqdır.
Büdcə təşkilatları üzərində cari nəzarət ilə bağlı hörmətli millət vəkilləri öz narahatlıqlarını bildirdilər. Bizim də gündəlik qayğımızdır. Problemlər böyükdür. Əlbəttə, büdcənin xərcləri artdıqca, oradan mənfi mənada yararlanma ehtimalı da çoxalır. Ona görə cənab Prezidentin tapşırığı ilə xüsusi bir proqram hazırlamışıq. Yaxın günlərdə Prezident fərmanı ilə həmin proqram imzalanacaq. Söhbət ondan gedir ki, dövlət maliyyə nəzarəti haqqında yeni qanun olmalıdır. Orada müvafiq dövlət qurumlarının məsuliyyəti artırılsın. Regionlarda maliyyə nəzarəti ilə bağlı dövlət qurumları yaradılsın. Bu məsələlərlə bağlı koordinasiya işləri yaxşı təşkil olunsun. Həm də müvafiq normativ sənədlər bazası daha da təkmilləşdirilsin. Bu imkan verəcək ki, həmin nəzarət işlərini biz artıraq.
Əhalinin, bilirsiniz, çoxdan gözü yolda idi. Möhtərəm cənab Prezidentin xüsusi fərmanı oldu ki, Azərbaycanda əmanətlərin qaytarılması işlərinə hazırlıq görülsün. Artıq inventarizasiya başa çatıb. Dövlət komissiyası hörmətli Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə bu məsələlərə baxıb və Prezident Aparatına təqdim edib, yaxın günlərdə əmanətlərlə bağlı qanun layihəsi parlamentdə sizin müzakirənizə təqdim olunacaq. Hörmətli millət vəkilləri, təqribən 8 il ərzində əmanətlərin qaytarılması nəzərdə tutulub. Bu, MDB məkanında olduqca yaxşı göstəricidir. Bəzi ölkələrdə 20, bəzi ölkələrdə 50 il vaxt müəyyən etmişdilər. Amma Azərbaycanın maliyyə resursları və bu resurslardan effektli istifadə etmək bizə imkan verir ki, bunu 8 il ərzində cəmi 2 milyon nəfərə çox sivil surətdə qaytaraq. Problemlər olacaq. Bununla bağlı xüsusi mexanizm, qaydalar hazırlanıb və yəqin ki, hökumət komissiyası qaranlıq məqamların açılması üçün əllərindən gələni edəcəkdir. Demək istəyirəm ki, işlərimiz uğurla gedir.
Artıq bu ilin 2 ayında da büdcə göstəriciləri yüksəkdir. Büdcə xərcləri 2 ayda 85 faiz artıb. Bu olduqca böyük göstəricidir. Əlbəttə, sual ola bilər ki, birdən-birə bunlar hara getdi? Əmək haqqına, digər məsələlərə. Bunlar, əsasən, investisiya ilə bağlıdır və modul tipli elektrostansiyaların tikintisinə təkcə bu ilin büdcəsində 310 milyon avro məbləğində vəsait nəzərdə tutulub. Yəni enerji ilə bağlı problemlər hökumətin diqqətindədir və bu il həmin proseslərin hamısı tənzimlənəcək.
Bəzi deputatlar sual qoydular ki, inflyasiya yüksəkdir, əhalinin real pul gəlirləri aşağıdır, inflyasiyaya yem ola bilər. Biz qətiyyən belə düşünmürük. Hesab edirik ki, real pul gəlirləri 22-27 faiz artırsa, inflyasiya 5,4 faiz təşkil etmişdirsə, bu məhz insanların sosial qayğısının həll olunmasına gətirib çıxarır. Bu il də həmin proses davam edəcək. Ümumiyyətlə, biz hesab edirik ki, problemlər çoxdur. Millət vəkillərinin bəziləri hökumətin hesabatını məlumat adları da dedilər. Amma onun faydası yoxdur, nəticə kaş insanların güzəranının daha yaxşı olmasına gətirib çıxarsın. Məqsədimiz budur ki, problemlərin hamısını çözək, həm büdcə prosesində, həm digər məsələləri həll edərkən, problemlərin hamısı həll olunsun.
Artıq 2007-ci il dövlət büdcəsinin layihəsi üzərində iş başlanmışdır. İlkin rəqəmlər məlumdur. Bütün vacib məqamları, ehtiyat mənbələrini, həm özəlləşdirməni, həm burada səsləndiyi kimi, tikinti sahəsində vergidən yayınma hallarını, həm də digər sahələri nəzərdən keçirərək demək olar ki, 2007-ci ildə dövlət büdcəsinin gəlir və xərclərində 30-40 faiz artım mümkündür. Bu artımlar yenə də bu il olduğu kimi, bilavasitə dövlətin inkişafı, xalqımızın güzəranının yaxşılaşdırılması üçün sərf olunacaq.
İndi isə icazə verin, bəzi millət vəkillərinin konkret suallarına çox qısa cavab verim, vaxtınızı çox almayım. Qiymətlərlə bağlı hörmətli millət vəkili Cəmil Həsənli sual verdi. Qiymətləri saxlamaq mümkün deyil. Bir çox səbəblər bizdən asılı deyil və ölkədə maliyyə resursları 40 faiz artırsa, deməli, inflyasiya olmalıdır. Tələb və təklif arasındakı münasibət onu tənzimləyir. Əlbəttə, qabaqlayıcı tədbirlər görülməlidir ki, yuxarı olmasına imkan yaratmayaq. Mənə elə gəlir ki, möhtərəm cənab Prezidentin keçən il may ayında imzaladığı “Antiinflyasiya tədbirləri haqqında” Fərman öz gücünü bu gün də saxlayır. Həm qiymətli kağızlar bazarının inkişafı, həm də digər məsələlərin sivil surətdə həlli onu deməyə imkan verir ki, qiymətlər ciddi surətdə artmayacaq, yəni müəyyən birrəqəmli çərçivədə olacaq.
Elm, mədəniyyət sahəsində çalışan insanların əmək haqlarının artımı ilə bağlı hörmətli Cəmil Həsənlinin sözlərinə cavab vermək istəyirəm ki, onların əmək haqları artımı 30 faizdən yuxarı olacaqdır. Əlbəttə, bir il ərzində əmək haqqını 3-4 dəfə artırmaq mümkün deyil. Biz belə yol seçmişik, həm inflyasiyanı cilovlayaraq, həm də bu tədbirləri hər il ardıcıl olaraq həyata keçirərək elə eləyək ki, həm vətəndaşların güzəranı, həm də müəyyən proqramlar çərçivəsində maliyyələşmə yaxşı olsun, həm də qarşıda gələn illərdə makroiqtisadi mühiti qoruyub saxlayaq.
Burada bir neçə millət vəkili enerji problemlərini qaldırdı. Hökumət bu problemləri bilir və ödəməmələr probleminin əsası da məhz bundadır. Qaz, işıq pulunun yığılmamasını, burada obyektiv, subyektiv səbəblərin olmasını da gündəmə gətirməliyik. Bu tariflər bizdə çox aşağıdır. Qonşu ölkələrdə qiymətlər bizdən 3-4 dəfə artıqdır, amma yığım əmsalı 90 faizdən yuxarıdır. Deməli, ölkədə bununla bağlı mübarizə tədbirləri yetərli deyil, hamımız, həm parlament, həm hökumət, həm icra başçıları, həm bütün vətəndaşlar bununla bağlı mübarizəyə qalxmalıdırlar. Başqa cür biz bu sahədə dolayı subsidiyaları ləğv edə bilmərik. Əgər bu subsidiyaları ləğv etsək, 1 milyard dollar həcmində əlavə resurs sivil surətdə cəlb edib, həm həmin sahələrdə ünvanlı sosial yardımları həyata keçirə, həm də büdcənin imkanlarını artıra bilərik. Bu bizim çox ağrılı, ciddi məsələmizdir.
Hörmətli millət vəkili İqbal Ağazadə bir neçə məsələyə toxundu. Kənd təsərrüfatında, səhiyyədə, tikinti sahəsində, nəqliyyat sahəsində, təhsildə problemlərin dərinliyi, kəskin olması və islahatların zəif getməsi məsələsini gündəmə qoydu. Mənə elə gəlir ki, bu yanaşma düzgün deyil. İslahatlar gedir. Bu sahələrdə problemlər var. Hər il dövlət büdcəsi zərfində həmin sahələrdə inkişaf proqramları tərtib olunur. Bu sahələrin inkişafları üzrə hökumət öz işlərini görür, büdcə çərçivəsində həmin sahələrin maliyyələşdirilməsinə külli miqdarda vəsait ayrılır. Mənə elə gəlir ki, qarşımızda duran ən ciddi məsələ effektliliyi artırmalıyıq. Bu işlərdə elə etməliyik ki, büdcə vəsaitləri daha ciddi sərf olunsun. Yəqin ki, həm təhsil, həm səhiyyə, həm kənd təsərrüfatı yenə də hökumətin prioritet sahəsi kimi qalacaqdır.
Hörmətli millət vəkili Əli Əhmədov dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisinin az olmasından giley etdi. Mən Əli müəllimin bu fikrini dəstəkləyirəm. Bununla bağlı çoxlu işlər gedir. Əgər biz onu da qeyd eləsək ki, vergidən sizin qəbul etdiyiniz qanunlar çərçivəsində azadolmalar da var, onda demək olar, ümumdaxili məhsulun tərkibində vergi və gömrük şəklində daxilolmaların xüsusi çəkisi 30 faizdən yuxarı olacaq. Əlbəttə, bu bizi qane etmir. Ehtiyat mənbələri aşkar edilir və həm 2006-cı il dövlət büdcəsinin dürüstləşməsi, həm də 2007-ci ilin dövlət büdcəsinin tərtibi zamanı bu məsələlərə diqqət yetiriləcək. Bizim fikrimiz budur ki, sivil inkişaf etmiş ölkələr səviyyəsinə qalxaq. Əlbəttə, həmin rəqəmlər çox yüksəkdir, 45-46 faizdir. Amma yəqin ki, 2-3 ilə bunu etmək mümkün deyil. Gərək vətəndaşlarımız arasında maarifləndirmə problemi də daim gündəmdə olsun və bu prosesləri biz həll edək.
Burada hörmətli Əli Əhmədov səhiyyə işçilərinin əmək haqlarının digər sahələrdən aşağı olması barədə məsələ qoydu. Bəli, hörmətli Əli müəllim, bu məsələ cənab Prezidentin diqqətində idi, yanvarın 1-dən təhsil işçilərinin əmək haqları 30 faiz həcmində artdı. Minimum əmək haqqı artarkən əlavə yenə 33 faiz artım olacaq. Bu, təhsildə olan proseslərin müsbət həllinə gətirib çıxaracaq.
Hörmətli deputat Aydın Həsənov burada məmur özbaşınalıqlarından şikayətlər etdi. Mən hörmətli Aydın müəllimi tanımıram, Aydın müəllimlə çalışaram görüşməyə, şəxsən mənə müraciət olmayıb. Yaxşı olardı, belə məmurların adlarını, soyadlarını açıqlayaq. Bunu hamıya şamil etmək olmaz. Sizə təqdim olunan hesabatda göstərilən rəqəmlərin arasında məmurların təri, onların əməlləri durur.
Hörmətli Arif Rəhimzadə burada qənaət problemlərini qoydu. Arif müəllimin fikirləri tamamilə doğrudur. Hökumət bu barədə fikirləşir. Həm imkanları səfərbər edərək büdcənin imkanlarını artıraq, həm də effektli istifadə məsələləri gündəmdə olacaq.
Hörmətli Nazim Məmmədov özəlləşdirmə, icarə haqqı və büdcənin şəffaflığı ilə bağlı narazılığını bildirdi. Mənə elə gəlir ki, bu bizim gündəlik işimizdir, proses gedəcək. Əvvəlki illərə nisbətən bu sahədə artımlar böyükdür. Amma ehtiyat mənbələri də çoxdur, biz bunun üzərində ciddi iş qururuq.
Hörmətli deputat Fazil Mustafayev burada çox ciddi məsələ qoydu ki, hesabatda gərək çoxlu problemlər qoyula idi. Mənə elə gəlir ki, bu problemlərin hamısını qoysaq, hesabatın həcmi çox böyük olardı və digər millət vəkili olduqca doğru buyurdu ki, bunlar hamısı Konstitusiya ilə təsbit olunur. Nazirlər Kabinetinə verilən hüquqlar çərçivəsində həmin sənədlər hazırlanır. Hökumətin üzvləri, o cümlədən maliyyə naziri kimi, bu problemlərin içindəyik, sayırıq ki, problemlərin həll olunması yolunu hökumət üzvlərinin hamısı bilir. Tikintidə vergidən yayınma halları barədə mübarizənin sivil yollarını axtarıb, Vergilər Nazirliyi ilə müəyyən normativ sənədlərin hazırlanmasına nail olmuşuq, bu gün həmin sahədə ciddi işlər gedir. Təhsil, səhiyyə, mədəniyyət sahəsi hökumətin diqqətindədir və hesab edirəm ki, bu il və gələn il bu sahələrdə maddi-texniki bazanın artmasına nail olacağıq.
Hörmətli deputat Gülər Əhmədova elmin inkişafı problemi üzərində geniş dayanmaq istədi. Mənə elə gəlir ki, çox vacib məsələdir, biz elmimizi necə görürük, elmdə hansı struktur dəyişikliklər ola bilər? Maliyyələşdirmə problemində hansı məsələləri qabağa çəkməliyik? Biz bunların həlli üzərində hər an dayanmağa hazırıq. Hörmətli elm işçilərini, alimləri bu barədə öz fikirlərini deməyə və problemləri çözməyə çağırırıq.
Hörmətli deputat Əli Məsimli bir neçə məsələ qoydu. Həmin məsələlərlə bağlı yerinə yetirilməyən problemlərin ön plana çəkilməsini dedi. Mən bu suala cavab verdim. Hökumət bu problemləri görür və büdcə çərçivəsində mənə elə gəlir ki, yüzdən çox problemlər var. Bunların üzərində biz 2006-cı il dürüstləşmələrində və 2007-ci il büdcəsində işləyəcəyik. Ümumi daxili məhsulun artım tempi, burada qeyri-neft sektorunun az inkişafı, ödəməmələr problemini hörmətli Əli müəllim qoydu. Qısaca olaraq demək istəyirəm ki, ümumi daxili məhsulun tərkibində neftin payının çox olması pis göstərici deyil. Bu uzun zəhmətin nəticəsidir. Bunun əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Sadəcə olaraq, qarşımızda duran ən vacib məsələ ondan ibarətdir ki, qeyri-neft sektorunu neftdən gələn gəlirlər hesabına inkişaf etdirək. Qeyri-neft sektorunun 12 faiz artımı bu gün mənə elə gəlir ki, az deyil. Artıq büdcə daxilolmalarında da bu özünü göstərir. Mənə elə gəlir ki, ümumi daxili məhsulun tərkibində neftin payı daim belə artımla getməyəcək. Çoxlu sərmayələr qoyulur, o cümlədən dövlət investisiya şirkətinin yaradılacağı nəzərdə tutulur. Aqrolizinq, kiçik və orta sahibkarlığa kömək və digər məsələlər qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq. Bu da bir neçə ilə öz nəticəsini göstərəcək. Hesab edirik ki, burada hökumətin yanaşması çox aydındır.
Hörmətli deputat Azay Quliyev burada büdcə üzərində ictimai nəzarət və digər problemlərlə bağlı məsələlər qoydu. Mənə elə gəlir ki, biz bu praktikanı tətbiq etməliyik. Büdcə layihəsi işlənərkən qeyri-dövlət təşkilatları ilə görüşlər keçirməliyik. Onların müəyyən fikirlərini öyrənməliyik, əgər həmin fikirlər, təkliflər içərisində sağlam, real fikirlər varsa, əlbəttə, büdcə çərçivəsində onları nəzərə almağa hazırıq. Çernobıl əlilləri ilə bağlı mərkəzin yaradılması və onlara qayğı ilə bağlı məsələlərə diqqətlə yanaşarıq, araşdırarıq. Mənə elə gəlir ki, hörmətli millət vəkilləri, hökumət bir neçə ildir bu hesabatda qeyd olunan irad və təklifləri, o cümlədən mən bir-bir qeyd edirik. Bu çıxışların hamısının qeyd olunduğu stenoqramı da götürüb qarşıdakı fəaliyyətimizdə nəzərə alacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əvəz müəllim, ətraflı cavab verdiniz. Amma bir xahişim var, çıxışlar bir az qısa olsun, çıxış etmək istəyənlər çoxdur. Cavablar konkret olsun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Bizə təqdim olunan Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti barədə hesabat da, Baş nazirin məruzəsi də, məruzə ətrafında çıxışlar da göstərdi ki, Azərbaycan hökuməti 2005-ci ili uğurla başa vurub. Hökumətin fəaliyyəti uğurlu olub və bu uğurlar da, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin hazırladığı Azərbaycanın uzunmüddətli sosial-iqtisadi strategiyasının uğurlu şəkildə Prezidentimiz tərəfindən həyata keçirilməsi ilə bağlıdır. Uğurlarla yanaşı, mən, eyni zamanda, sosial bloka aid bir neçə problemi söyləmək istəyirəm. Səhiyyə ilə bağlı məni narahat eləyən məsələlər var, onları diqqətə çəkmək istəyirəm. 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən “Azərbaycanda səhiyyə islahatlarının hazırlanması” Proqramı təsdiq olundu. Lakin ötən müddət ərzində hökumət hesabatında heç vaxt göstərməyib ki, həmin proqramın taleyi necə oldu? Həmin vaxtdan bəri səhiyyədə hansı islahatlar həyata keçirilib və səhiyyədəki problemlər necə həll olunub? Səhiyyədə bu günləri çoxlu müalicə, müəssisə, mütəxəssis, dərman təchizatı problemləri var və eyni zamanda, burada dəfələrlə səsləndiyi kimi, tibb işçilərinin maaş azlığı problemi var.
Hörmətli Əvəz Ələkbərov burada deyir ki, 30 faiz artırırıq. Əvəz müəllim, az faiz artırmaqla heç bir şeyə nail olmaq mümkün deyil. Səhiyyə işçiləri, həkimlər dünyada ən hörmətli peşə sahibləridir və bütün dünyada ən yüksək maaş alan insanlardırlar. Əmək haqqını 30 faiz artırmaqla heç bir şeyə nail olmaq olmur, inflyasiya bunu üstələyir. Bu məsələlər birdəfəlik, köklü şəkildə həllini tapmalıdır. Hesab edirəm, səhiyyədə islahatlar getməlidir, bələdiyyə səhiyyəsi sistemi yaradılmalıdır. Özəl səhiyyə sistemi genişlənməlidir və dövlət səhiyyəsinin isə payı azalmalıdır. Dövlət səhiyyəsində çalışan insanların da sayı azalmalıdır ki, onların maaşı da, təchizatı da həyata keçirilə bilsin.
Eyni zamanda, tibbi sığorta ilə bağlı məni narahat eləyən məsələlər vardır. Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun neçə ildir qəbul olunub, işləmir. Bu il onun işə düşməsi üçün perspektivlər vardır. Amma mən çox narahatam ki, bu proses uzun müddət gedəcəkdir. İnsanların sağlamlığı bütün cəmiyyətdə ən önəmli məsələdir. Uşaqların, əlillərin, xüsusilə müharibə əlillərinin tibbi sığortaya cəlb olunması mühüm məsələdir. Mən xahiş edirəm ki, bu məsələlər də öz əksini tapsın.
Təhsillə bağlı. Bəli, təhsildə son iki ildə çoxlu işlər görülüb, uğurlu fəaliyyət vardır, ötən il 164 yeni məktəbin tikilməsi, təchiz olunması və bir çox məktəblərin təmir olunması yaxşı haldır. Ancaq eyni zamanda bu sahədə də işlər kompleks aparılmalıdır. Mən hörmətli təhsil nazirinin burada olmasından istifadə edərək, ondan və hörmətli Baş nazirdən xahiş edərdim, nəzərə alsınlar ki, Gəncə şəhərindəki bütün orta məktəblər və uşaq bağçalarının heç biri mərkəzləşdirilmiş qaydada istilik almır. Gəncə boyda şəhərdə, Azərbaycanın ikinci şəhəridir, məktəblər ya elektrik qızdırıcıları ilə, ya da odun peçləri ilə qızdırılır. Xahiş edirəm ki, heç olmasa, gələn qışa həmin məktəblərin bir hissəsinin mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunması həyata keçirilsin.
Sosial müdafiə ilə bağlı. Bəli, Azərbaycan əhalisinin sosial müdafiəsi ildən-ilə güclənir, həyat səviyyəsi yaxşılaşır, yoxsulluq səviyyəsi aşağı düşür. Ancaq məndən öncə danışan natiqlərin dediyi kimi, orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasında çox kəskin fərq var və bu nisbət təxminən 4,2 dəfədir. Bu da ölkədə sosial stabilliyin möhkəmlənməsinə əngəl törədən bir amildir. Eyni zamanda, orta aylıq əmək haqqı ilə orta aylıq pensiyalar arasındakı nisbət də 4,2 dəfədir və bu çox kəskin bir fərqdir. Hökumət bu fərqin də aradan qaldırılması üçün minimum əmək haqqının nisbətini azaltmaq, eyni zamanda pensiyaların orta aylıq əmək haqqına yaxınlaşdırılması məsələsinə öz töhfəsini verməlidir.
Eyni zamanda, aqrar sahə ilə bağlı. Mən konkret olaraq demək istəyirəm ki, Sahibkarlığa Kömək Milli Fondu kifayət qədər yaxşı işlər görür. Ancaq mən təklif edirəm ki, həmin kreditlər dağ rayonlarına, dağ kəndlərinə verilsin. Həmin kreditlər sərhəd bölgələrində yaşayan insanlara verilsin ki, orada biz məskunlaşmanı yaxşılaşdıra bilək. Ümumiyyətlə, mən hesabatı məqbul hesab edirəm. Hesabatın qəbul olunmasına səs verəcəyəm. Deputat həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir və hökumət üzvləri! Əvvəla, qeyd edim ki, bu gün vacib məsələnin, hesabatın müzakirəsi zamanı gündəliyin bu qaydada verilməsi və hörmətli Sədrimiz tərəfindən Milli Məclisin Daxili Nizamnaməsinin 11-ci bəndinin pozulmasına çox təəssüf edirəm. Bu məsələ çox vacib bir məsələdir və lazım gələrsə, dəyişiklik eləmək lazımdır, əgər bir gün yetmirsə, bu məsələnin müzakirəsi iki gün davam eləsin. Çıxışlara qulaq asandan, Baş naziri və digər nazirləri dinlədikdən və ondan öncə də bu hesabatı oxuduqdan sonra, belə fikir yaranır ki, Azərbaycan çiçəklənir, heç bir problem yoxdur. Burada çox təəssüflər olsun ki, millət vəkillərinin bir çoxları bəy tərifi deməklə məşğuldurlar, nəinki problemi qaldırıb onların həlli yollarını araşdırmaqla.
Deyirsiniz ki, Azərbaycan ümumdaxili məhsulun artım tempinə görə dünyada öncül, birinci yerdədir. Sözümüz yoxdur. Heç xəbəriniz varmı ki, ikinci yerdə hansı ölkə gəlir? İkinci yerdə İraqdır -19,2 faizlə. Belə çıxır ki, dünyada ən inkişaf etmiş ölkə Azərbaycan və İraqdır, hər iki ölkədə artımın mənbəyini neft təşkil edir. Ona görə də bu artıma görə hökumətə yox, neftə minnətdar olmalıyıq. Belə olsa idi, daha insanın inkişaf indeksini, texnoloji nailiyyətlər əmsalını və sosial-iqtisadi tərəqqini müəyyənləşdirən digər əmsallara ehtiyac qalmazdı, BMT Katibliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu ekspertləri tərəfindən konsensus yolu ilə qəbul edilən, minilliyin inkişaf məqsədləri istiqamətində tərəqqini ölçən 8 məqsəd, 18 hədəf və 48 göstərici hazırlanıb, milli hökumətlərə təqdim olunmazdı. Bu əmsallar sosial-iqtisadi tərəqqiyə çıxış imkanlarını müəyyənləşdirdiyindən ölkənin iqtisadi inkişafının keyfiyyət tərəflərini xarakterizə edir. Təəssüflər olsun ki, hesabatda bu əmsallar üzrə ölkənin vəziyyəti qiymətləndirilməyib və bununla bağlı heç nə deyilmədi. Yalnız sovet statistikasının nailiyyətləri kimi, ümumi daxili məhsulun, sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, xarici ticarətin artımı qeyd olunub. Bu göstəricilər isə daha çox kəmiyyət yükü daşıyır. Mən həmin göstəricilərin iqtisadi inkişafda rolunu inkar etmək fikrində deyiləm. Amma yaxşı olardı ki, bununla yanaşı, iqtisadiyyatdakı keyfiyyət dəyişikliklərinə qiymət verilsin.
Təəssüflər olsun ki, vaxt azlığından bir çox rəqəmləri diqqətinizə çatdıra bilmirik. Onların əksəriyyətini, yəqin ki, Katibliyə təqdim edəcəyik, amma bəzi məsələləri xatırlatmaq istəyirəm. Soruşmaq istərdim, nəyə görə bu hesabatda inflyasiyadan heç nə yazılmayıb? Məgər ölkədə qiymət artımı baş vermirmi? Gecə yatır, səhər durursan ki, qiymətlər bahalaşır. Son bir il ərzində minimum əmək haqqı və orta aylıq əmək haqqı 25 faiz artıb. Əvvəla, bunun işləməyənlərə heç bir aidiyyəti yoxdur. Ölkə əhalisinin də yarısı işsizdir.
İkincisi, son bir ildə əhaliyə satılan qazın qiyməti 6,5 dəfə, şəkərin qiyməti 2,5 dəfə, suyun qiyməti 2 dəfə, dizel yanacağının qiyməti 2 dəfə, ətin qiyməti orta hesabla 1,5 dəfə artıb. Bundan niyə danışmırsınız? Hanı sizin inflyasiyanın qarşısının alınması ilə bağlı proqramlarınız?
Yerdən. (Eşidilmir.)
A. Səmədov. Vaxtım tamam olmayıb, 4 dəqiqə keçib, bir dəqiqə var. Azərbaycan elə bil ki, iqtisadi həbsxanadır. Gündə bir sahibkar tutulur, əmlakı əlindən alınır, mülkiyyət hüququ pozulur. Kim qorumalıdır onların hüquqlarını? Ədalətli məhkəməmi? Son digər hesabatlarda da, Amerika Birləşmiş Ştatları Departamentinin hesabatında da Azərbaycanın İqtisad Məhkəməsi ən korrupsiyalaşmış məhkəmə kimi qeyd olundu. Artıq sahibkarların nisbətən azad olanları öz kapitallarını ölkədən çıxarıb, Qazaxıstana, Rusiyaya gedirlər. Bu nə vaxta kimi davam edəcək? Deyirsiniz ki, ötən il sahibkarlara 182 milyard manatlıq kredit ayrılıb və onun hesabına 16 min 500 iş yeri yaradılıb. Bir iş yeri 2300 dollara başa gəlib. Bəs onlar gedəndən sonra iş yerlərini kim yaradacaq? Təəssüflər olsun ki, vaxtımız çox azdır, biz Müsavat deputat qrupu olaraq problemlərin qayğısını...
Sədrlik edən. Siz çox şey tələb edə bilərsiniz. Bunlar Sizin subyektiv fikirlərinizdir, xahiş edirəm, şüarlarla danışmayaq. Bəxtiyar Əliyev.
B. Əliyev. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! “Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2005-ci ildə fəaliyyəti haqqında” Hesabat barədə çox geniş danışıldı. Hökumət üzvlərinin bəziləri burada qaldırı lan məsələlərə cavab verdilər, aydınlıq gətirdilər. Mən hesab edirəm ki, 2005-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında duran vəzifələri çox uğurla həll etmişdir. Əlbəttə, iş olan yerdə problem olar, çətinliklər aşkar edilər. Təsadüfi deyil ki, Azərbaycan kimi bir ölkədə qarşıda duran bu qədər böyük vəzifələri qısa bir müddətdə - 1995-2005-ci il keçid dövründə həll etmək olduqca çətin məsələ idi, çünki 20 faiz ərazi işğal edilib, 1 milyondan artıq insan məcburi köçkün və qaçqın vəziyyətindədir. Əlbəttə, bu rəqəm, ola bilər ki, çox quru səslənir. Amma 1 milyondan artıq insan bü tün varidatını, hər şeyini, o cümlədən iş yerini, sağlamlığını itirib və sairə.
Bütün bunları bərpa etmək, kompensasiya etmək müstəqilliyini təzəcə qazanmış, müharibə vəziyyətində yaşayan bir ölkə üçün olduqca çətin bir məsələ idi. Əgər nəzərə alsaq ki, 1990-cı illərin sonundan başlayaraq beynəlxalq humanitar təşkilatlar Azərbaycanda qaçqın və məcburi köçkünlərə yardımı dayandırmağa başladılar və bütün bu işləri görmək yalnız gənc Azərbaycan dövlətinin üzərinə düşdü, onda yəqin ki, mənzərəni daha aydın təsəvvür edə bilərik. Şübhəsiz, bütün sahələrdə çox böyük uğurlar əldə edilibdir və 2004-2008-ci illər üçün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, respublikanın sosial- iqtisadi inkişafının sürətləndirilməsi və sair məsələlərlə bağlı ölkə Prezidentinin məlum sərəncam və fərmanları hökumət qarşısında konkret vəzifələr qoymuş və həmin vəzifələr ardıcıl surətdə həll edilmişdir.
Ölkə Prezidentinin bölgələrə mütəmadi səfərləri və hər bir səfərin nəticəsi olaraq həmin regionların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi dövlət proqramlarının hazırlanması və ölkə Prezidenti tərəfindən təsdiq edilməsi də regionların iqtisadi inkişafına diqqətin artırılması və məhz regionların inkişaf etdirilməsi ilə ölkə iqtisadiyyatının neft faktorundan asılılığının azaldılmasına xidmət edən bir siyasətdir. Makroiqtisadi vəziyyət çox yaxşıdır. Amma bu, mikroiqtisadi göstəricilərə də öz təsirini göstərməyə bilməz. Hesab edirəm ki, 2005-ci ildə ümumi daxili məhsulun strukturunda baş verən ciddi dəyişikliklər buna dəlalət edir. Kiçik və orta biznesin inkişaf etdirilməsi ölkə iqtisadiyyatının uğurlu siyasətidir.
Mən diqqəti bir fakta yönəltmək istəyirəm. 2001-ci illə müqayisədə hökumətin hesabatında göstərildiyi kimi, 2005-ci ildə yoxsulluğun həddi 29 faizə endirilmişdir. Əlbəttə, bu çox ciddi bir göstəricidir. Mən hesab edirəm ki, bu, hökumətin, Azərbaycan dövlətinin qazandığı uğurlardan biridir. Yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çox yüksək səviyyədə həyata keçirilir.
Ölkə Prezidenti bəyan etdiyi kimi, o, bütün Azərbaycan vətəndaşlarının Prezidentidir və 2006-cı ildə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bu gün çadır şəhərciklərinin əvəzinə məhz Azərbaycan dövlətinin büdcəsi hesabına yeni, gözəl qəsəbələr, məktəblər və infrastruktur yaradılır. Qaçqınlara göstərilən bu diqqət və qayğıya görə mən məcburi köçkünlərin deputatı kimi, hökumətə və ilk növbədə cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm.
Amma burada bir problem var. Problem də ondan ibarətdir ki, bəzən ölkə Prezidentinin sərəncamına baxmayaraq, köçkünləri məskunlaşdığı yerlərdən məcburi qaydada çıxarırlar. Xahiş edərdim ki, hökumət bu məsələyə bir qədər diqqəti artırsın.
Bir məsələni də qeyd etmək istəyirəm. Ölkə Prezidentinin təsdiq etdiyi təhsil sahəsindəki islahatlar uğurla həyata keçirilir. Bu sahədə görüləcək işlər çoxdur. Ölkənin ən ağrılı məsələlərindən biri də uğurla həll edilir. Hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatını qənaətbəxş qiymətləndirmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elman Rüstəmov.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Bütövlükdə mən 2005-ci ili iqtisadi quruculuq tariximizdə əlamətdar və müvəffəqiyyətli illərdən biri kimi qiymətləndirirəm. Bu il möhtərəm Prezidentimiz tərəfindən özünün seçki platformasında irəli sürülən yeni iqtisadi inkişaf doktrinasının, cəsarətli sosial-iqtisadi doktrinasının reallaşmasının həlledici illərindən biri kimi iqtisadi tariximizdə yadda qalacaqdır. Bu il məhz Azərbaycanın son bir neçə ildə yüksək ikirəqəmli inkişaf tempindən daha yüksək, ağlabatmaz inkişaf tempinə keçdiyi bir dövrdür. Millət vəkillərinin çıxışlarında hökumətin fəaliyyəti olduqca konstruktiv qiymətləndirildi. Burada əldə olunmuş nəticələrə müsbət qiymət verildi və bir sıra istisnalar olmaqla konstruktiv təkliflər də irəli sürüldü. Amma istisna məhz əsas qanun olduğunu göstərir.
2005-ci ilin nəticələrinə ölkənin iqtisadi inkişaf tempinə keçdiyi və bunun bizə verdiyi sosial-iqtisadi, əhəmiyyətli nəticələr, o cümlədən də sıçrayışlı, unikal inkişafın törətdiyi bir sıra problemlər kontekstində yanaşmaq lazımdır. 26 faizə qədər iqtisadi artım tempi. 2005-ci ildə MDB-də orta artım tempi 7 faiz olub. Təxminən 4 dəfə üstələyir. Ölkədə əmək haqqı üzrə nominal gəlirlər 27 faiz artıb. Təbii ki, müəyyən problemlər yaranıb.
Ölkəyə gətirilən maşınların həcmi, 100 nəfər adambaşına düşən maşınların sayı kəskin artır. Biz bilirik ki, bu, şəhər təsərrüfatında müəyyən problemlər yaradır. Həmin problemlərin həlli üçün cənab Prezident tərəfindən əlahiddə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ötən il hökumətin və Milli Bankın rastlaşdığı ən mühüm problemlərdən biri inflyasiya problemi oldu. Görülmüş tədbirlər, ilk növbədə cənab Prezidentin verdiyi konstruktiv proqram xarakterli fərmanın realizasiyası nəticəsində biz bu problemin öhdəsindən gələ bildik. Bu problemin həlli də, yaranması da dediyim kontekstdə mümkün olub, heç bir ölkədə gəlirlər birdən 27 faiz artırılmır. Dövlət büdcəsinin xərcləri keçən il 2,6 faiz artıb, bu isə 10,7 trilyon manat deməkdir. Geniş miqyaslı sosial proqramlar həyata keçirilir. Təbii ki, bu il öz növbəsində məcmu tələbin artmasına gətirib çıxarır. İqtisadiyyatın hər bir hissəsi belə mütəhərrik deyil. İqtisadiyyatda müəyyən inyeksiya, ətalət var, yəni təklifin formalaşmasında da müəyyən inyeksiya var. İqtisadiyyat buna reaksiya verə bilmir və müəyyən dövr tələb və təklif arasında uyğunsuzluq yaranır.
Özlüyündə qeyri-neft sektorunda 8,5 faizlik artım tempi, o cümlədən kənd təsərrüfatının 7 faizdən yuxarı artım tempi olduqca yaxşı göstəricilərdir, yaxşı nəticələrdir. Amma nisbi baxanda, yəni ümumi iqtisadi temp kontekstində əhalinin tələbatının, iqtisadi tələbatın artdığı bir kontekstdə burada geridə qalma var. Bu, tələblə təklif arasında uyğunsuzluqlar yaradır.
Ölkədə əhəmiyyətli dərəcədə inflyasiya idxalı var. Bu amili xüsusi qeyd etmək istəyirəm. Bəli, biz neftin qiymətlərinin artımından bəhrələnirik və ölkə əhəmiyyətli dərəcədə gəlir əldə edir. Lakin bütün dünya neft istehsal etmir. Dünyanın əksər ölkələri neft istehlakçılarıdırlar. Neft qiymətlərinin, enerji daşıyıcılarının qiymətlərinin qalxması gətirib ona çıxarır ki, onlar tərəfindən istehsal olunan digər məhsulların qiyməti qalxır. Məsələn, 2005-ci ildə ölkədə sənayenin topdansatış qiymətləri 18 faiz artıbdır. Bilavasitə xərclərə təsir edən amillərdir və təbii ki, istehsalçılar, o cümlədən də xalq istehlakı malları istehsal edən sahələr bu qiymət artımını nəzərə almalıdırlar və nəticədə ölkədə müəyyən dərəcədə fərq inflyasiyası baş verir. Lakin hökumət tərəfindən qarşıya qoyulan əsas məsələ ondan ibarət oldu ki, ölkədə 26 faiz nominal gəlirin artdığı bir şəraitdə birrəqəmli inflyasiyaya və nəticədə əhalinin real gəlirlərinin ikirəqəmli artmasına nail olmaq.
Digər mühüm bir məsələyə ipoteka ilə əlaqədar toxunuldu. Yeni bir mexanizmdir, sovet sisteminin 70 il həll edə bilmədiyi məsələyə bu gün Azərbaycan hökuməti, Azərbaycan dövləti artıq yeni bir kontekstdə, yəni sivil dünyanın yanaşdığı, həll etdiyi bir kontekstdə yanaşmaq istəyir və belə bir mexanizm yaradılır. Amerika Birləşmiş Ştatlarında əhalinin mənzil probleminin 75 faizi ipoteka yolu ilə həll olunur. Artıq iki həftədən çox bir müddətdir bu proses başlayıb. Populist təkliflər, populist çıxışlar başlayır ki, məsələ düzgün qoyulmayıb, bu elitar bir ipotekadır. Bu düzgün fikirlər deyil. Gəlin baxaq, görək bu mexanizm özünü necə göstərəcəkdir? Azərbaycan başqa MDB ölkələrində başlanan start şərtlərdən daha əlverişli şərtlərlə bir mexanizm təklif edir. Görək, bu nə nəticələr verəcəkdir? Həmin nəticələrdən asılı olaraq, təbii ki, dövlət ipoteka siyasətində korreksiya edəcəkdir. Kommersiya ipotekası ilə sosial ipoteka da qarışdırılır. Bildiyiniz kimi, cənab Prezident tapşırıq verib ki, ipoteka mexanizmində güzəşt ediləcək əhali qrupları müəyyənləşdirilməlidir. İpotekanın şərtləri onlar üçün daha yüngül olacaqdır, güzəştli olacaqdır. Bu gün hökumət, əlaqədar qurumlar bunun üzərində işləyirlər və biz müvafiq təkliflərimizi cənab Prezidentə təqdim edəcəyik.
Hesab edirəm ki, burada səslənən “2005-ci ildə heç bir tərəqqi olmayıb, heç bir problem həll olunmayıb” kimi fikirlər həqiqətdən çox uzaq fikirlərdir. 2005-ci il çox yaradıcı illərdən biri olub, xalqımızın, iqtisadiyyatımızın tarixində olduqca əhəmiyyətli nəticələrə nail olmuşuq. Bunun nəticəsində artıq 2006-cı il üçün geniş, daha miqyaslı proqram irəli sürülmüşdür. Proqrama artıq uğurla start verilibdir, yəni hökumətin 2005-ci ildəki hesabatı dinlənilərkən hökmən bu uğurlu startı da qeyd etməliyik. 2 ayın nəticələri göstərir ki, bu proqram miqyaslı, hətta özümüzün də ehtiyatla yanaşdığımız proqram real bir proqramdır və olduqca müvəffəqiyyətlə həyata keçirilir. Bu ilin əsas tezisi yenə də sabitlikdə inkişaf proqramının həyata keçirilməsidir. Bir tərəfdən, ölkədə artan imkanlardan istifadə edərək yığılıb qalmış, həllini gözləyən çox geniş problemləri həll etməyə çalışırıq. Təbii ki, bu, müəyyən maliyyə riskləri ilə, bəzi neqativ hallarla əlaqədardır. Digər tərəfdən isə, bizim əsas məqsədlərimizdən biri makroiqtisadi sabitliyi qoruyub saxlamaq, ilk növbədə inflyasiyanın sabitliyinin, hökumətin elan etdiyi kimi, birrəqəmli səviyyədə qorunub saxlanmasına çalışmaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Misir Mərdanov.
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli həmkarlar! Fikrimcə, 2005-ci il Azərbaycan xalqının tarixində yadda qalan bir il olacaqdır. Mən burada bütün məqamları qeyd etmək fikrindən uzaq olaraq bir neçə məqamı qeyd etmək istəyirəm. 2005-ci ildə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bugünkü Prezidentimiz hörmətli İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2005-ci ildə ölkəmizdə parlament seçkiləri keçirilibdir və bugünkü müzakirələrə diqqətlə qulaq asaraq, parlament üzvlərinin çıxışlarını dinləyərək mən bir daha əmin oldum ki, bu parlamentdə çox dəyərli insanlar təmsil olunublar və bütün problemlər barədə fikirlərini bildirdilər. Mən təhsil sistemi ilə bağlı burada qaldırılan bir neçə məsələyə münasibətimi bildirmək istərdim.
Bir neçə sual oldu və Milli Məclis üzvləri tərəfindən müəyyən araşdırılma aparılması lazım bilindi. Mən ümumi bir fikir də bildirmək istəyirəm. Son bir neçə il ərzində Azərbaycanda iqtisadi inkişaf nəticəsində əvvəlki illərdən fərqli olaraq, bütün problemlər elmi surətdə əsaslandırılmış dövlət proqramları əsasında həyata keçirilir. Hazırda Təhsil Nazirliyində 9 belə proqram həyata keçirilir və bu problemlərin əksəriyyəti hörmətli millət vəkillərinin də əvvəlki illər qaldırdıqları bir neçə məsələnin həllinə yönəldilib. Məsələn, 2005-ci ildə Azərbaycanda 1 milyon 600 min orta məktəb şagirdi yeni pulsuz dərsliklərlə təmin olunub.
İkinci, əvvəllər həm parlament səviyyəsində, həm digər səviyyələrdə latın qrafikasına keçməklə bağlı təhsil müəssisələrində yeni əlifba ilə yeni oxu vəsaitinin olmaması çox narahatlıq törədirdi. Hökumətimizin, hörmətli Prezidentin imzaladığı sərəncamlara əsasən, bu problem həll olunub və artıq hansı məktəbin kitabxanasına getsəniz, oxumaq üçün kifayət qədər əlavə materiallar vardır. Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Mən gördüm, burada müxtəlif rəqəmlər səsləndi, bəlkə də məlumatlar dəqiq deyil və yaxud kimdəsə yoxdur. 2005-ci il Azərbaycan xalqının tarixində yeganə ildir ki, bu il 328 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Hörmətli millət vəkillərinə bildirmək istəyirəm ki, bu məktəblərin 132-si Heydər Əliyev Fondunun hesabına tikilibdir. Dövlətin hesabına məktəb tikmək məsələsi isə Nazirlər Kabinetinin qərarı ilə hər məktəb və yeri göstərilməklə həyata keçirilir. Ötən il ərzində digər layihələr, məsələn, orta məktəblərin kompüterləşməsi proqramı həyata keçirilibdir. Keçən il biz Bakı və Sumqayıt şəhərinin 218 məktəbinə 6 minə yaxın müasir kompüter və digər avadanlıqlar almışıq. Ən vacib cəhət ondan ibarətdir ki, bu proqram 2006-cı ildə də davam edəcək və onun əhatə dairəsi 3 dəfə artacaqdır.
Digər bir proqram çox ağrılı problemimizlə bağlıdır. Ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatı proqramıdır. 2005-ci ildə biz bu proqramı həyata keçirməyə başladıq. Həmin proqram 4 inventar üzrə həyata keçirilir: şagirdlər üçün parta, yazı taxtası, müəllimlər üçün stol və stul. Biz keçən il ayrı-ayrı məktəblərə ən yüksək keyfiyyətli 17500 parta verə bildik. 2006-cı ildə bu iş 3 dəfə artacaqdır.
Burada hörmətli deputatlardan biri orta məktəblərdə müəllim çatışmazlığı ilə bağlı dedi. Azərbaycan hökuməti bu problemlə bağlı 5 illik proqram təsdiq edibdir. Biz etiraf edirik ki, bu sahədə çox ciddi problemlər var. Azərbaycanın ümumtəhsil məktəblərində bu gün 7 minə qədər müəllim çatışmazlığı var. Ancaq bir proqrama əsasən, 5 il ərzində bu məsələni həll edəcəyik. 2005-ci ildə Azərbaycanın orta məktəblərinə 3 minə yaxın müəllim göndərilib. Onlardan minə yaxını məhz bu proqram əsasında həyata keçirilibdir.
Məktəb tikintisinə qayıtmaq istəyirəm. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin və bu məsələnin birbaşa cənab Prezidentin nəzarətində olması nəticəsində Azərbaycanda məktəb tikintisi 2006 və 2007-ci illərdə daha geniş miqyasda davam etdiriləcəkdir. Əgər 2005-ci ildə 328 yeni məktəb, məktəblərin yanında korpuslar tikilmişdirsə, 2006-cı ildə bu say əvvəlkindən xeyli artacaqdır. Azərbaycanın təhsil sistemində bu problemləri həll etməyə çalışırıq. Əlbəttə, bununla mən demək istəmirəm ki, təhsil sahəsində bütün problemlər öz həllini tapıbdır. Bu sahə çox geniş sahədir, problemlərimiz çoxdur. Məsələn, uşaq bağçaları, peşə məktəbləri ilə, ali təhsillə bağlı proqramlar hazırlanıb və təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunubdur.
Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə həyata keçirilən tədbirlər, ölkənin iqtisadi inkişafı və ölkədə kifayət qədər maliyyə vəsaitinin olması nəticəsində ötən il və 2006-cı ildə təhsil sahəsinə çox böyük vəsaitlər qoyulmuşdur. Əvəz müəllimin dediyi kimi, bizim indi əsas vəzifəmiz həmin vəsaitdən səmərəli istifadə etməkdən ibarət olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Cənab Baş nazirin hesabatında biz 2005-ci ilin yekunları ilə yaxından tanış olduq. Cənab Oqtay müəllim də öz qısa çıxışında Azərbaycan hökumətinin 2004-cü illə 2005-ci ilin yekunları barədə xeyli məlumat verdi və qeyd etdi ki, 2004-cü ildə qaldırılmış məsələlər 2005-ci ilin hesabatında öz əksini tapmalı idi. Mən bununla tamamilə razıyam. Ümumi daxili məhsulun 26 faiz artması, ölkədə investisiya qoyuluşunun artması, ölkədə valyuta ehtiyatlarının borcu üstələməsi və ölkə büdcəsinin 3 il bundan qabaq 600 milyon dollar, indi isə 4 milyard dollara çatması müsbət hallardır və bunu qiymətləndirmək lazımdır. Bu müsbət hadisələr Azərbaycanda bir sıra sosial yönümlü layihələrin, yəni yoxsulluğun aradan qaldırılması, regionların iqtisadi inkişafı, pensiya ilə əlaqədar bir sıra qərarların verilməsi, indi maliyyə nazirinin verdiyi məlumata görə, əmanətlərin qaytarılmasının tezləşdirilməsi və sairə müsbət qiymətləndirilə bilər. Bununla əlaqədar mən bir sıra məsələlər barədə fikrimi bildirmək və təkliflərimi vermək istəyirəm.
Birincisi, Azərbaycan hökuməti ilə Milli Bankın apardığı pul-kredit siyasətinin əsas istiqamətləri ilə əlaqədardır. 1992-ci ildə Bank və bank fəaliyyəti haqqında qanun ləğv edildikdə orada pul-kredit siyasətinin əsas istiqamətləri Milli Məclis tərəfindən təqdim edilirdi. Büdcə təqdim olunanda, həm də büdcəyə nəzarət ediləndə həmin pul-kredit siyasətinin əsas istiqamətləri müzakirə edilir. Təəssüflər olsun ki, 1992-ci ildə qəbul olunan qanunlardan həmin maddə tamamilə çıxarılıb və bu da Azərbaycanda hökumətin və Milli Bankın apardığı pul-kredit siyasətində bir sıra nöqsanlar yaradıb. Son hadisələr, əlavə dəyər vergisi ilə 100 milyon dolların nağd şəkildə banklardan çıxarılması buna əyani sübutdur.
Kreditlərin verilməsinin, əsasən, Bakı şəhərində cəmlənməsi, regionlarda kreditin verilməsinə maneələr yaradılması, regionlarda bankların filiallarının aktivlərinin artırılması məsələsi qoyulmayıb. Mən hesab edirəm ki, pul-kredit siyasətinin əsas istiqamətləri, cənab Sədr, Sizdən də xahiş edirəm, cənab Prezidentdən xahiş edəsiniz, pul-kredit siyasətinin əsas istiqamətləri Milli Məclisə təqdim edilsin və büdcəyə baxılanda həmin pul-kredit siyasətinin əsas istiqamətlərinə baxılsın.
İkinci əsas məsələ haqqında burada Əli bəy qeyd etdi. Ümumi daxili məhsulun strukturunun 80 faizə yaxın hissəsini neft və neft məhsulları təşkil edir. Bu çox acınacaqlı haldır. Müstəqil bir dövlət üçün bu, qorxulu hadisədir. Hesab edirəm ki, qeyri-neft sektoruna, xüsusilə də Azərbaycan sənayesinin inkişafına xüsusi diqqət yetirilməlidir. Azərbaycan sənayesinin strategiyası işlənib hazırlanmalıdır. Son 10 ildə Azərbaycanda faktik olaraq 2-3 yeni müəssisə yaradılıb. Bunlar “Baku-Steel Company” şirkətidir, biri sement zavodudur və 1-2 xırda müəssisələrdir. Bu müəssisələrin özləri inhisarçı müəssisələrdir, istədikləri vaxt qiymətləri saxlayırdılar, istədikləri vaxt qaldırırlar. Hətta “BakuSteel Company” şirkətinin işləməsi üçün Azərbaycanda artıq nə dəmir yolları qalıb, nə borular qalıb və sair. Hazırda aldığımız məlumata görə, bir sıra zavodların saxlanılması, onun avadanlıqlarının dağıdılıb həmin zavoda verilməsi üçün hazırlıq görülür. Bunlar acınacaqlı hallardır. Mən təklif edərdim ki, Azərbaycan hökuməti lazım olarsa, Azərbaycanın 20-30 illik sənaye strategiyasını işləyib hazırlasın və bu barədə ciddi fikirləşsin. Biz də bu işlərdə bir daha iştirak etməyə hazırıq.
Digər əsas məsələ. Yadınıza gəlirsə, iki gün bundan qabaq burada bələdiyyələrə inzibati nəzarətlə əlaqədar Ədliyyə Nazirliyinin məlumatını dinlədik. Mən Ədliyyə Nazirliyinə təşəkkür edirəm ki, 30 nəfərlə bu boyda iş görür. Amma fikir verdinizsə, orada 15-20-yə yaxın deputat çıxış etdi. Bu çıxışlarda əsas məsələ də bələdiyyələrin işi ilə yox, torpaqla əlaqədar oldu. Yəni Azərbaycanda torpaq islahatı faktik olaraq çox pis aparılır. Regionlarda torpaqla əlaqədar şikayətlər həddən artıq çoxdur. Mən cənab Baş nazirdən xahiş edərdim ki, məhkəmələrə bir sorğu versin. Ali Məhkəmədən cavab alsın, görək bu gün məhkəmələrdə torpaqla əlaqədar nə qədər məhkəmə işlərinə baxılır? Qardaş qardaşla, bacı qardaşla, ata oğulla və sair...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hələ 10 nəfər çıxışa yazılıb, 6 nəfərin adı siyahıda var. Növbədənkənar heç kimə söz verməyəcəyəm. Vaxtımız sona çatır.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hesab edirəm ki, bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatı çox səmərəli keçdi. Bu müzakirələrdə deyilən təklif və fikirləri Nazirlər Kabineti gələcəkdə yəqin ki, qəbul edəcək. Lazım olsa, Nazirlər Kabineti ilə Milli Məclis arasında işçi qrupu da yaratmaq olar. Bu məsələlərin gələn ilin hesabatında öz əksini tapması üçün lazımi işləri görməliyik.
Mən çıxışımın əvvəlində söylədim ki, obyektiv, qərəzsiz çıxışlar edək. Təəssüf ki, bəzi həmkarlarımızın çıxışlarına qərəzli çıxışdan başqa ad vermək olmaz. Bu qədər görülən işin qabağında, nazirliklərin yüzlərlə, minlərlə işi qarşısında bir müsbət cəhət görməmək, yalnız mənfi görmək məndə təəssüf doğurur.
Mən də hesab edirəm ki, Nazirlər Kabinetinin işi təqdirəlayiqdir. Sizin təkliflərlə razıyam ki, Nazirlər Kabinetinin hesabatı nəzərə alınmalıdır. Kim bu təkliflə razıdır, xahiş edirəm, münasibətini bildirsin.

Səsvermənin nəticələri (saat 17.58 dəq.)
Lehinə 85
Əleyhinə 10
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Səmərəli işə görə hamınıza təşəkkür edirəm.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU