03.04.2009 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  109

Mill Məclisin  iclas  salonu.
3  aprel  2009-cu  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:
 
M. Seyidov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı.

* * *

N. Məhərrəmov, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri.

* * *

H. Əlixanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini.
O. Kərimov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarə rəisinin müavini.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                O. ƏSƏDOV


 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

3  aprel  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.03 dəq.)
İştirak edir 96
Yetərsay  83

Çox sağ olun, yetərsay var. Gündəlik hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.03 dəq.)

Lehinə  92
Əleyhinə  2
Bitərəf 0
Səs verməd 2
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mənim qaldıracağım məsələ barədə Milli Məclisdə söhbət olub. Hörmətli cənab Sədr, bu məsələnin ilk təşəbbüsçülərindən və tərəfdarlarından biri də Siz olmusunuz. Mənim deyəcəyim məsələ Azərbaycanda siqaret çəkmənin məhdudlaşdırılması haqqında qanunun zəruriliyi ilə bağlıdır. Düşünürəm ki, siqaretin və onun tərkibindəki nikotinin nə olduğu barədə danışmaq artıqdır. Bunu hələ məktəbə getməyən uşaq da, orta məktəb şagirdi də, institut tələbəsi də, professor da bilir. Amma təəssüf ki, professor da, institut tələbəsi də siqaret çəkir. Orta məktəbdə də bu pis vərdiş yayılıb. Dünyanın bir çox ölkələrində siqaret çəkmənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunub və qüvvəyə minib. MDB ölkələrinin böyük əksəriyyətində artıq belə bir qanun qəbul olunub. Qardaş Türkiyədə də bu qanun qəbul olunub və qüvvəyə minib.
Hörmətli cənab Sədr, Sosial siyasət daimi komissiyası tərəfindən qanun layihəsi hazırlanıb və əlaqədar nazirliklərə göndərilib. Səhiyyə, Ədliyyə, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin qanun layihəsi ilə bağlı müsbət rəyləri vardır. Layihə mənim tərəfimdən baxılmaq üçün hörmətli Səfa Mirzəyevə verilib. Məsləhət olsaydı, bu məsələni yaz sessiyasının gündəliyinə salardıq və qəbul edərdik. Çox böyük deyil, cəmi 7-8 maddədən ibarət gərəkli bir qanundur. Bu qanunun qəbul olunması üçün siyasi iradə, siyasi qərar lazımdır. Bu siyasi qərar da, düşünürəm ki, Sizin tərəfinizdən veriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bilirsiniz ki, biz bunun üzərində çoxdan işləyirik. Bir neçə millət vəkili hətta qanun layihəsi təqdim edib. Bu sahədə iş gedir. Hesab edirəm, düzgün təklifdir. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli millət vəkilləri, təkrarçılıq olsa da, problemin aktuallığını nəzərə alıb bu məsələni bir daha gündəmə gətirmək istəyirəm. Yaxın günlərdə 31 mart – Azərbaycanlıların soyqırımı gününü qeyd elədik. Çox təəssüf ki, biz 31 mart və Xocalı soyqırımını daha çox onların ildönümü ərəfəsində xatırlayırıq, gündəmə gətiririk. Amma yaxşı olardı ki, konkret, müsbət nəticə əldə olunana qədər daimi fəaliyyət göstərək və bu məsələni beynəlxalq təşkilatların da bir sıra dövlətlərin də gündəmində saxlayaq.
Bu məqsədlə çox yaxşı olardı ki, Azərbaycanda soyqırımı qurbanlarının xatirəsinə bir abidə ucaldılsın və muzey yaradılsın. Mən çox təəssüf edirəm ki, bu günlərdə media mənsubları məsələ ilə bağlı mədəniyyət nazirinə müraciət edəndə, o bildirdi ki, hələ bizə yaxşı bir layihə təqdim olunmayıb. Əgər problem məhz layihənin təqdimatı ilə bağlıdırsa, bu məsələ ilə bağlı aidiyyəti orqanlar – Rəssamlar İttifaqı, Memarlar İttifaqı var, onlara müraciət eləmək olar.
Bu baxımdan, hörmətli Sədr, çox istərdim ki, Milli Məclis olaraq bu məsələyə müdaxilə edək və yaxın vaxtlarda, heç olmasa, bu ilin sonuna Azərbaycanda soyqırımı qurbanlarının xatirəsinə bir muzey yaradılsın və abidə ucaldılsın. Bu çox vacibdir, çünki ölkəmizə tez-tez xarici diplomatlar gəlirlər. Əksər vaxt biz onun şahidi oluruq ki, onlar Azərbaycanın, konkret olaraq Dağlıq Qarabağın problemindən, erməni-azərbaycanlı münaqişəsində kimin haqlı, kimin haqsız olmasından xəbərsizdirlər. Bu yaxınlarda Azərbaycana gələn xarici bir diplomat jurnalistlərlə söhbətində dedi ki, mən Şəhidlər Xiyabanına ona görə əklil qoymadım ki, tərəf olmaq istəmirəm. Əgər xarici diplomat Azərbaycanı haqlı, ədalətli tərəf saymırsa, deməli, bizim gördüyümüz iş hələ də səmərəli deyil. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bir qrup millət vəkili, o cümlədən 20-yə yaxın mətbuat işçisi Qubada olmuşuq, tədbirlərdə iştirak etmişik. Biz son vaxtlar tapılmış, 600 nəfərin ermənilər tərəfindən qətlə yetirildiyi məzarlıqda da olmuşuq, müəyyən söhbətlər aparmışıq. Oqtay müəllim, Siz özünüz də Avropa Şurasının nümayəndə heyəti ilə birlikdə orada olmusunuz. Orada vəziyyət həddən artıq ağırdır. Həm yağış suları, həm də yuxarı evlərdən gələn sular faktiki olaraq həmin məzarlığın dağılmasına səbəb olur.
Bu məsələni bir neçə dəfə burada mən özüm qaldırmışam. Maliyyə problemi var. Oradakı evlərin köçürülməsinə, yolun çəkilməsinə, mən deyərdim ki, böyük ehtiyac var. Rayon icra hakimiyyətinin başçısı bir evi köçürüb, amma beşə yaxın ev hələ də qalıb. Deyərdim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçisi Qəhrəman müəllim orada fədakarlıq göstərir, faktiki olaraq o məzarlığı qoruyub saxlayır. Mən Sizə, mətbuat vasitəsi ilə cənab Baş nazirə, cənab Prezidentə müraciət edirəm ki, 600 nəfərin ruhu bizi bağışlamaz. Heç olmasa, 3-4 milyon manat maliyyə yardımı ayırılsın ki, biz orada muzey tikib, istifadəyə verək. Qubaya gələn xarici nümayəndə heyətlərinin hamısı faktiki olaraq həmin məzarlığı ziyarət edir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son günlər Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı çox ciddi söhbətlər gedir və tərəflər ümidli bəyanatlar verirlər. Hesab edirlər ki, yaxın zamanlarda Ermənistan-Azərbaycan münaqişəsi bu və ya digər şəkildə həll olunacaq. Türkiyə–Ermənistan sərhədinin açılması ilə bağlı istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında çoxsaylı təhlillər, yazılar dərc olunur. Amma əfsuslar olsun ki, biz bu məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik. Məncə, biz Ermənistan–Azərbaycan münaqişəsinin həlli yollarını, müasir durumla bağlı təklif olunan variantları, onun Azərbaycan cəmiyyətinə xeyrini və ziyanını Milli Məclisin qapalı toplantısında müzakirə etməliyik. Heç olmasa, millət vəkilləri Ermənistan–Azərbaycan münaqişəsinin bugünkü vəziyyəti barədə kifayət qədər bilgi əldə edə bilərlər.
İkinci, hesab edirəm ki, Ermənistan–Azərbaycan münaqişəsi fonunda Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsi 1991-ci ildən bu günə qədər formalaşmış bir siyasətin yeni müstəviyə keçirilməsidir. Bununla bağlı Azərbaycan tərəfi Türkiyədən kifayət qədər ciddi məlumatlar almır.
Türkiyə ictimaiyyətinin mövqeyi bu gün hakimiyyətdə olan AKP iqtidarının siyasəti ilə müəyyənləşmir. Türkiyənin daxilində ayrı-ayrı vətəndaş təsisatları, o cümlədən siyasi partiyalar bu məsələlərdən kifayət qədər narahatdırlar. Ona görə hesab edirəm, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Türkiyəyə səfər etməli, siyasi partiyalarla, millət vəkilləri ilə, ictimaiyyətin nümayəndələri ilə, kütləvi informasiya vasitələri ilə çoxtərəfli görüşlər keçirməlidir. Bunun mahiyyəti – sərhədlərin açılmasının xeyri və ziyanı, formalaşan ümumi siyasətin içərisində Azərbaycana dəyəcək ziyanlar və sair birmənalı şəkildə Türkiyə ictimaiyyətinin nəzərinə çatdırılmalıdır. Mən hesab edirəm ki, biz bu mövqeyi ortaya qoymadıqca Türkiyədə ayrı-ayrı partiyaların, vətəndaş təsisatlarının Azərbaycanın xeyrinə formalaşan fikirləri də yavaş-yavaş arxa plana keçəcək. Çünki onlar faktiki olaraq Azərbaycan tərəfinin bu məsələdə israrlı mövqeyinin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində dəstək görmürlər. Buna görə də xahiş edərdim ki, çox qısa zamanda Türkiyəyə gedəcək nümayəndə heyəti müəyyənləşsin və o heyət dediyim təsisatların hamısı ilə görüşsün. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən sizin nəzərinizə çatdırım ki, bu yaxınlarda elə bu məsələ ilə bağlı Türkiyə parlamentindən bizim qadın deputatlara dəvət gəlib. Bu yaxınlarda səfərlər başlayacaq. İkinci, Milli Məclisdə təmsil olunan partiyaların rəhbərləri artıq danışıqlar aparırlar. Bu yaxınlarda biləcəyik, Türkiyə parlamentində təmsil olunan bütün partiyaların üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana dəvət olunub. Burada konfrans keçiriləcək. Hesab edirəm ki, bu da siz deyən məsələlərdən biridir.
Sərhədlərin açılmasının Azərbaycanın xeyrinə, yaxud ziyanına olması məsələsinə gəldikdə, hərdən televiziyada bəzi politoloqlar bunu Azərbaycanın qələbəsi kimi təqdim edirlər. Amma mən parlament sədri kimi şəxsi fikrimi deyirəm – sərhədlərin açılması heç vaxt Azərbaycanın xeyrinə ola bilməz. Ona görə bu istiqamətdə işləməli, fəaliyyətimizi bir az da gücləndirməliyik. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri! Mən iki məsələyə diqqət çəkmək istəyirəm. Birinci məsələ 18 mart tarixində respublikamızda keçirilən referendumda bu və ya digər müşahidəçilərin ciddi qanun pozuntuları ilə bağlı tərtib etdikləri aktların MSK-da baxılaraq yerlərə araşdırılması üçün göndərilməsində yaranan ciddi narahatlıqlarla bağlıdır. Bu narahatlıq ondan ibarətdir ki, yerlərdə həmin müşahidəçilərə polis və prokurorluq tərəfindən təzyiqlər olur, onlar qohum-əqrəbalarının işdən çıxarılması ilə hədələnirlər. Mən xahiş edirəm ki, aidiyyəti orqanlar bu məsələnin yerlərdə qanuna müvafiq şəkildə araşdırılmasını təmin etsinlər.
İkinci məsələ. Bir neçə dəfə bu tribunadan Sumqayıt vətəndaşlarının istək və arzularını, problemlərini desək də, onlar həllini tapmır, əksinə, daha da ağırlaşmaq istiqamətində davam edir. Son bir həftədə Sumqayıtdakı “Azəralüminium” ASC və “Azərboru” ASC işçilərini ödənişsiz uzunmüddətli məzuniyyətə göndərib. Dünən hər iki müəssisənin qarşısında ciddi bir narahatlıq var idi. İnsanlar bunun səbəbləri və taleləri barədə sorğular verəndə rəhbərlik tərəfindən məsələyə aydınlıq gətirilmir. O insanlar son üç ayda əmək haqlarını da almayıblar. Üç ay əmək haqqı almayan insanları indi də müddətsiz, ödənişsiz məzuniyyətə göndərməyin nəticəsinin nə olacağı, düşünürəm ki, hər kəsə aydındır. Hökumət bu istiqamətdə ciddi tədbirlər görməlidir.
Hörmətli Məcid müəllimin burada iştirak etməsindən  istifadə edib deyirəm ki, “Azərikimya” Dövlət Şirkətinin işçiləri də 3 aydır əmək haqqını ala bilmirlər. 10 minə yaxın insan evinə çörək apara bilmir. Bu ailələrin hərbi xidmətdə olanları, oxuyanları, körpələri var. 30-35 il bu müəssisələrdə çalışan insanlar bu gün çarəsiz qalıblar. Bilirik ki, o insanları ödənişsiz məzuniyyətə göndərmək, müəssisənin bağlanması böhranla bağlıdır. Ancaq dövlət bu insanların qayğısına qalmalıdır, onların minimum yaşayışına təminat verməlidir. Mən fürsətdən istifadə edib bütün...
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu gün bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Dünən Azərbaycanın 3 partiyası – mənim təmsil etdiyim Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Təkamül Partiyası Milli Məclisə müraciət ünvanlayıblar. Müraciət artıq Milli Məclisin Aparatına təqdim olunub. Amerika Birləşmiş Ştatlarında hər iki partiyadan olan 70 konqresmen ABŞ Prezidentinə və ABŞ Konqresinə müraciət ediblər ki, erməni soyqırımını tanısın. Biz hesab edirik ki, ümumiyyətlə, Amerika Birləşmiş Ştatları bu məsələni müzakirəyə çıxarmamışdan öncə öz tarixinə nəzər salmalı, əvvəlcə yerli aborigenlərə, hindulara qarşı apardığı soyqırımı siyasətini pisləməli və ona hüquqi-siyasi qiymət verməlidir.
Bundan başqa, 1945-ci ildə hətta iddia elədiyi “soyqırımı”ndan xeyli sonra baş vermiş tarixi fakta da hüquqi-siyasi qiymət verməlidir. 1945-ci ildə insanlıq əleyhinə ən ağır bir cinayət törədərək Amerika Birləşmiş Ştatları Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Özü də dinc insanlara qarşı bəşəri bir cinayət törədilib. Xirosimada 140 min, Naqasakidə 74 min insan qətlə yetirilib. Bu günə qədər də bu bəşəri cinayətdən insanlar əziyyət çəkirlər. Hələ də ölənlər, şikəst doğulanlar var.
Mən bilirəm ki, bu gün Türkiyədə hakimiyyətdə olan AKP iqtidarı Ermənistanla Azərbaycana xəyanət sayıla biləcək qardaşlaşma siyasəti aparır. Yanlış siyasət aparır. Bu bizim Azərbaycan xalqına böyük bir psixoloji zərbə olub və narahatlıq yaradıb. Amma bütün bunlara baxmayaraq, Türkiyə bizə qardaş respublikadır və əminəm ki, Anadolu türkləri AKP-nin yürütdüyü bu siyasətə vaxtında öz sözlərini deyəcəklər.
Təklif edirəm, biz Naqasaki və Xirosimada bəşəriyyət əleyhinə törədilmiş cinayəti pisləyək ki, bütün dünya bundan ibrət dərsi çıxarsın. Həm Yaponiya parlamentinə, həm Türkiyə parlamentinə, həm də ABŞ Konqresinin özünə müraciət edək ki, ilk öncə bu bəşəri cinayəti müzakirə eləsinlər, buna münasibət bildirsinlər. Yalnız bundan sonra onların mənəvi haqqı ola bilər ki, tarixin bu və ya digər dönəmində baş vermiş hadisələrə hüquqi-siyasi qiymət verə bilsinlər. Ona görə Oqtay müəllim, mən xahiş edirəm ki, Sizə ünvanladığımız bu müraciəti Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasına tapşırasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, dünən cənab Prezident referendumdan irəli gələn məsələlərlə, qanunların, bəzi strukturların təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Burada Milli Məclisin də üzərinə çox böyük vəzifələr düşür. Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi üçün biz komissiyalarda bunları işləyib hazırlayaq və dərhal qəbul edək.
Bir də burada bir məsələyə toxunuldu. İstər bəzi mətbuat orqanları, istərsə də ayrı-ayrı təşkilatlar tərəfindən referendum haqqında xoşagəlməz fikirlər söylənilir. Bu prosesin üzərinə qara yaxmaq istəyirlər, bu məsələ ilə bağlı olmayan müxtəlif xarici ölkələrə və beynəlxalq təşkilatlara məktublar göndərirlər. Bunların heç birinin əlində fundamental əsas yoxdur. Referendumla bağlı keçirilən tədbirlər, görüşlər bunu bir daha sübut edir. Təkcə Yeni Azərbaycan Təşviqat Qrupu tərəfindən 1500-dən artıq görüş keçirilmişdir. Bütövlükdə müxalifət isə cəmi 4 görüş keçirib. Hər bir işin nəticəsi müşahidənin əsasında bəlli olmalıdır. Müxalifət partiyalarının hamısının birgə cəmi 250 nəfərə yaxın müşahidəçisi olubdur. Onlar 5300-dən artıq olan məntəqənin cəmi 5 faizindən aşağısında müşahidə aparıblar. Özü də necə müşahidə aparıblar? Bir adam dörd-beş məntəqəyə təhkim olunmaqla bu prosesi həyata keçirib. Müşahidə aparmadan bəyanat yaymaq, müraciət göndərmək, doğrudan da, qanunaziddir. Bu, prosesə xələl gətirməkdən başqa bir şey deyil.
Dedilər ki, müşahidəçilərə təzyiqlər var. Qəti şəkildə deyirəm ki, belə bir məsələ yoxdur. Əgər pozuntular baş veribsə, Mərkəzi Seçki Komissiyası bununla bağlı qanuna uyğun şəkildə araşdırmalar aparır. Bu referendum bir daha göstərdi ki, Azərbaycan xalqı həmrəydir, Azərbaycan xalqı birdir. Azərbaycanda güclü dövlətin olması üçün bütün insanlar səfərbər oldular, referendumda aktiv şəkildə iştirak etdilər və referenduma çıxarılan məsələləri yüksək səs çoxluğu ilə qəbul etdilər. Mən hesab edirəm ki, bundan sonra bu haqda hər hansı bir fikir söyləmək yersizdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən də o fikirlə tamamilə razıyam ki, artıq referendum haqqında danışmaq vaxtı keçib. Referendumda Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Referendum hər bir dövlətin, xalqın öz daxili məsələsidir. Buna baxmayaraq, bizim qapılarımız xarici ölkələrdən gələn müşahidəçilərin üzünə açıq idi. Müxtəlif ölkələri, Avropa Şurası Parlament Assambleyasını və digər beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər öz sözlərini dedilər, seçkilərin yüksək səviyyədə keçirilməsindən danışdılar. İndi bunu hər dəfə təkrarlamaqla biz burada nəyə nail olmaq istəyirik, başa düşmürəm. Zahid Oruc buyursun.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən birinci növbədə Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı burada səslənən fikirlərin bir cəhətinə toxunmaq istəyirəm. Bizim narahatçılıqlarımız təkcə ondan ibarət deyil ki, bu münasibətlər Ermənistanı indiki ağır iqtisadi böhrandan çıxaracaq və onun gələcəkdə təcavüzkarlığına yeni imkanlar açacaq və sair. Bunun üzərində çox dayanmaq olardı. Amma mənim üçün bu, bir çoğrafi sərhəddən daha çox, fikir, təfəkkür, psixoloji sərhəddir. Bu sərhəd yüz illər ərzində Ermənistanın düşmənçilik siyasəti nəticəsində yaranıbdır. İndi birdən-birə bu sərhədi götürürük, düşüncələrdə də türk dünyasında erməni obrazını dostlaşdırırıq, qardaşlaşdırırıq. Ermənistan–Türkiyə münasibətlərinin qardaşlığından Azərbaycan bir çox hallarda tarixdə də ziyan çəkib. Mən istəyirdim, sadəcə, bunu diqqətə alaq.
Eyni zamanda, cənab Sədr, açıq deyim, bu məsələdə az-çox Sizin mövqeyinizi, çox kəskin münasibətinizi bilməkdəyik. Mən çox istərdim, Türkiyə parlamentinin rəhbəri Sizin dəvətinizlə Azərbaycana gəlsin və onlar gerçək olaraq türk dünyasının hansı maraqlarına zərbə dəyəcəyini anlasınlar.
Cənab Sədr, bayram tətilində olduğumuz dövrdə Avropa Şurasında Azərbaycan üzrə siyasi məhbus məsələləri ilə bağlı məruzəçi təyin olundu. Mən bu hadisəyə parlamentin etiraz səsini qaldırmasını istəyərdim. Hesab edirəm ki, bu məsələyə nöqtə qoyulmuşdur. Təzədən yeni bir səhifə açmaq, bunu QHT sektorunun müraciəti əsasında həyata keçirmək Azərbaycanı aşağılamaqdır. Əgər Avropa Şurasında belə bir mövqe formalaşıbsa ki, Azərbaycanda məhkəmə sisteminin funksiyasını bütövlükdə öz üzərlərinə götürsünlər, onda nədən bizdən müstəqil ədliyyə sistemi, müstəqil məhkəmə sistemi yaratmağı tələb edirlər? Onda bizim üçün Kreml ilə Avropa Şurasındakı konkret şəxslərin heç bir fərqi olmur.
Digər tərəfdən, Ermənistanda seçkilərdən bir ay sonra fövqəladə vəziyyət rejimi tətbiq olunur. Bütün informasiya resursları qapadılır, insanlar qətlə yetirilir, siyasi partiyaların fəaliyyəti dayandırılır və onların yüzlərcə üzvü həbs olunur. Bundan ötrü onlara indi son olaraq müəyyən tələblər irəli sürüblər, amma məruzəçi təyin olunmayıb. Bunun özü açıq şəkildə biabırçılıqdır.
Mən bizim məhkəmələrin ideal olduğunu söyləmirəm, amma məsələ ondadır ki, məhkəmə səhvinin aradan qaldırılmasının yolu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətdir. Bu ondan ötrü də yaradılıbdır. Mən hesab edirəm ki, biz öhdəliklər məsələsinə baxmalıyıq. Cənab Sədr, biz 2001-ci ildə Avropa Şurasına daxil olarkən götürdüyümüz bütün öhdəlikləryi yerinə yetirmişik. Qoy Avropa Şurasının rəhbərliyi Azərbaycana gəlsin, bütün bu məsələlər birdəfəlik qapadılsın. Biz cəmi bir məsələni – Alternativ xidmət haqqında qanunu qəbul eləməliyik. Bundan sonra həmin səhifə qapadılmalıdır, yeni səhifə, yəni yol xəritəsi qəbul olunmalıdır. Yoxsa bu, sonsuzluğa qədər bizim üzərimizdə bir təzyiq alətinə çevriləcəkdir. Cənab Sədr, qısa olaraq, bir məsələni də burada qeyd eləmək istəyirəm. Parlament müstəqil hakimiyyət qoludur. Biz ATƏT-in Minsk qrupunda təmsil olunan nümayəndələrin hansı rütbə daşıdıqlarına etiraz eləməliyik.
Sədrlik edən. Deməli, Zahid Oruc dedi, biz bu ikili standartları bir az öyrənməliyik. Avropa Şurasında deyirlər ki, ermənilər yazıq xalqdır, seçkilərdən sonra onlara kömək eləmək lazımdır, Azərbaycan isə inkişaf edir.
Azərbaycanı o biri ölkələrlə eyniləşdirmək üçün belə bir ikili standartı tətbiq edirlər. On məruzəçi təyin eləsələr də, dəxli yoxdur. Gəlib baxsınlar, Azərbaycanda vəziyyət necədir. Elə Milli Məclis iki il dalbadal altı amnistiya qəbul edib. Minlərcə insan azadlığa buraxılıb. Bu məsələlər bizi narahat eləmir, o Avropa Şurasının öz ixtiyarındadır. 10 məruzəçi göndərsin, bundan narahat olmaq lazım deyil. Özü də məruzəçi siyasi məhbus məsələsinə deyil, 2007-ci ildən sonrakı vəziyyətə baxmaq istəyir. Gəlib baxsınlar. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Təşəkkür edirəm. Tətil müddətində seçicilərlə görüş zamanı mən Qarabağ məsələsi ətrafındakı vəziyyətə Azərbaycan cəmiyyətinin həssaslığının və diqqətinin artmasını müşahidə elədim. Bir çox tövsiyələr verdilər. Hesab edirəm ki, artıq Azərbaycanın bu məsələdə qəti mövqe ortaya qoymasının və bütün vasitələrdən, o cümlədən silahlı qüvvələrdən istifadə etməklə işğal olunmuş bütün ərazilərin, ilk növbədə 7 rayonun azad edilməsi işinə başlamağın vaxtı gəlib çatıb. Yerlərdən bizə deyilən ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti, – o cümlədən mən bura müxalifəti də aid edirəm, – belə bir mövqe olacaqsa və addımlar atılacaqsa, Azərbaycan dövlətinə tam dəstək verəcək. Hesab edirəm, bundan sonra bir sıra dövlətlərdən, o cümlədən bizə dost və müttəfiq olan dövlətlərdən də bu məsələdə qəti mövqe ortaya qoymalarını bizim tələb etməyə hüquqi, mənəvi, siyasi haqqımız olacaqdır.
İkinci deyəcəyim məsələ siyasi məruzəçinin təyin edilməsi ilə bağlıdır. Hesab edirəm, bu, Azərbaycan hökumətinin çox bərbad siyasətinin nəticəsi idi. Eynulla Fətullayevin, Qənimət Zahidin, Mirzə Sakitin həbsdə saxlanılması belə bir məntiqi sonluğu ortalığa qoyurdu. Beynəlxalq təşkilatların məsələyə ikili standartlardan yanaşması hamımıza məlumdur. Amma bu barədə danışmaq əvəzinə real addımlar atmaq və siyasi məhbusları, konkret adını çəkdiyim şəxsləri dərhal azad eləmək lazımdır. Bu məsələdə dövlətin ən yüksək vəzifəli şəxslərinin və şəxsin dirəniş göstərməsi, “jurnalistlərlə haqq-hesab çəkilməsi” kimi sözlərin hətta Milli Məclisdə də səsləndirilməsi yolverilməzdir.
Burada referendum barədə danışıldı. Bilirsiniz, yenə çox təəssüflə qeyd edirik ki, 1993-cü ildən sonra ən passiv bir səsverməni müşahidə elədik və nəticədə də Azərbaycan müxalifətini təmsil edən 20 siyasi partiya referendumun nəticələrini tanımamaq barədə mövqe ortaya qoydu. Təkrar edirəm, bu da çox ciddi bir təəssüf doğuran bir hadisə kimi ortadadır.
Hörmətli Sədr, bu gün ən mühüm məsələlərdən biri işsizliklə bağlıdır. Bu, Azərbaycanın ən böyük bəlasına, probleminə çevrilməkdədir. Belə bir vəziyyətdə hökumətin yerlərə məktublar göndərərək qeyri-rəsmi şəkildə əlavə ixtisarlar tələb eləməsi vəziyyəti daha da ağırlaşdırır. Təcili olaraq əmək və əhalinin sosial müdafiəsi naziri bura dəvət olunmalı, bu məsələ barədə proqram ortaya qoyulmalıdır. Milli Məclisin bu işə çox ciddi müdaxiləsinə ehtiyac vardır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil müəllim, artıq yekunlaşdırırıq. Sözünüz varsa, gələn iclasa qalsın.
Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Anlaşma memorandumunun məqsədi Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında texniki yardıma xidmət edir. Banklarla bağlı ehtiyatlı nəzarət üzrə tənzimləmə qayda və təlimatlarını gücləndirmək, makroiqtisadi maliyyə idarəetmə siyasəti və Milli Bankın tədqiqat, proqnozlaşdırma və modelləşdirmə imkanlarını artırmaq, ehtiyatlı nəzarət imkanını və monetar idarəetmə sistemini təkmilləşdirmək üçün kadr potensialını və informasiyanın idarə edilməsi sistemini gücləndirmək məqsədi daşıyan bu memorandum, heç şübhəsiz ki, Azərbaycanın mərkəzi bankının fəaliyyətinin təkmilləşməsinə xidmət edəcəkdir. Qeyd edilən bu məqsədlərə nail olmaq üçün ABŞ tərəfi bu layihə çərçivəsində ayırdığı 3 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitinə əlavə olaraq 1 milyon ABŞ dolları və Milli Bank isə 750 min ABŞ dolları ayrılmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 18 sentyabr tarixli sərəncamı ilə verilən səlahiyyətlərə əsasən anlaşma memorandumu 2008-ci ilin 25 noyabrında imzalanmışdır. Anlaşma memorandumu iki maddədən ibarətdir. Birinci maddədə tərəflərin yuxarıda qeyd etdiyimiz məqsədlərə çatmaq üçün üzərlərinə götürdüyü öhdəlikdən bəhs edilir. İkinci maddə isə ümumi müddəaları özündə əks etdirir. Bu anlaşma memorandumu, heç şübhəsiz, Azərbaycanda bank sisteminin daha da təkmilləşməsinə xidmət edəcəkdir. Ona görə də İqtisadi siyasət daimi komissiyası millət vəkillərindən bu memoranduma müsbət münasibət bildirmələrini xahiş edir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Bu sənədlə əlaqədar mənim hörmətli Ziyad Səmədzadəyə bir neçə sualım var. Bu anlaşma memorandumuna əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Milli Banka maliyyə məlumatının toplanması, maliyyə proqnozu, maliyyə sabitliyinin təhlili kimi sahələrdə texniki və təlim yardımı göstərəcəkdir. Əvvəla, dünyada gedən proseslərdən sonra şəxsən mən ABŞ tərəfindən verilən proqnozlara və yardımlara şübhə ilə yanaşardım, çünki düzgün proqnoz verə bilsəydilər, öz maliyyə qurumlarına verərdilər, belə dəhşətli maliyyə böhranı ilə rastlaşmazdılar. Bizim hökumətimiz daim deyir ki, dünyada tüğyan edən maliyyə böhranı Azərbaycana təsir etmədi, çünki biz daha çevik, daha ağıllı tərpəndik. Belə olan halda onlar yox, biz onların maliyyə qurumlarını öyrətməliyik, biz onlara təlim keçməliyik. Bağışlayın, Amerika dolları can verir, ABŞ-ın maliyyə sistemi, demək olar ki, dağılmaq üzrədir. İndi bizim maliyyə sistemimizə girişirlər.
Sonra, memorandumda yazılıb ki, ABŞ bu məqsədlə 1 milyon, biz isə 750 min ABŞ dolları ayıracağıq. Bilmək istərdim ki, bu 1 milyon dollar hansı şərtlərlə verilir? Onlar bizə bu pulu təmənnasız yardım kimi verirlər, yoxsa bizim hökumətimiz bu vəsaiti haçansa qaytarmalı olacaq?
Oqtay müəllim, əsas iradım isə ondan ibarətdir ki, bu sənədin təsdiq edilmək üçün Milli Məclisə təqdim edilməsi xeyli gecikmiş bir addımdır. Fikir verin, memorandumun icrası artıq başlanmışdır. Yəni memorandum 2008-ci ilin 25 noyabrında imzalanıb, 31 dekabrda Milli Bankın maliyyə vəsaitlərinin birinci hissəsi artıq yerləşdirilib. 2009-cu ilin 31 martında ABŞ-ın 1 milyon məbləğində iştirak payı hesaba köçürülməli idi. Yəni artıq memorandumun icrasına başlanıb. Nəyə görə sənəd bizə belə gec təqdim olunub? Biz onu elə keçən ilin dekabrında təsdiq edə bilərdik. Axı bu, açıq şəkildə Milli Məclisə hörmətsizlikdir. Yəni bu o deməkdir ki, biz artıq bu sənədlə iş görürük, vəsaitlər alırıq, sizin təsdiqiniz formal xarakter daşıyır. Əslində, biz bu sənədi heç təsdiq də edə bilmərik, çünki bu bizim qərarımızla keçirilən referenduma ziddir. Bilirsiniz ki, ümumxalq referendumunun nəticələri artıq təsdiq olunub, indi “Milli Bank” anlayışı “Mərkəzi Bank” anlayışı ilə əvəz olunub. Bu memorandumda isə hər yerdə əsas tərəfdaş kimi Milli Bank göstərilir. Görürsünüzmü, gecikmiş sənədlər bəzən bizi gülünc vəziyyətə salır. Biz öz qərarımıza zidd getməliyik və artıq Mərkəzi Bank kimi fəaliyyət göstərən qurumu köhnə adı ilə təsdiq etməliyik. Ona görə də müəlliflərdən xahiş olunmalıdır ki, sənədlərini referenduma uyğun təzələsinlər. Bundan sonra memorandumun təsdiqi hüquqi cəhətdən qüsursuz olar. Çox sağ olun.
Sədrlik edən. Yəqin, Ziyad müəllim Sizin sualınıza cavab verəcək, ancaq mən nəzərinizə çatdırım ki, memoranduma qol çəkilibsə də, bu hələ işləmir. Ümumiyyətlə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bu krediti 35 ilə 0,7 faizlə və 10 il güzəştlə verir. Dünyada belə kredit yoxdur. Ona görə də heç bir dövlət belə kreditdən imtina eləməz.
Amerika Birləşmiş Ştatlarının maliyyə vəziyyəti ilə bağlı danışdınız və dediniz ki, biz onları öyrətməliyik. Bu bir az düzgün yanaşma deyil. Böhran hər yerdə ola bilər. Amerika Birləşmiş Ştatlarının çox güclü iqtisadiyyatı var. Onların belə iqtisadiyyatı olmasa idi, Beynəlxalq İnkişaf Agentliyi də olmazdı.
O ki qaldı Milli Bankın Mərkəzi Bank olmasına, biz dünən komissiya iclasında da bunu dedik. Ziyad müəllim də orada dedi ki, bu ad dəyişilməli idi, nəyə görə dəyişdirməmisiniz? Bu suallara, yəqin ki, Ziyad müəllim cavab verər. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən deyərdim ki, hörmətli cənab Sədr, əsasən, bu suallara savab verdi. Ancaq mən Elmira xanımın bir fikri ilə razıyam ki, Azərbaycan bundan sonra beynəlxalq maliyyə təşkilatları ilə münasibətlərini daha da təkmilləşdirmək istiqamətində konkret addımlar nəzərdə tutur. Təkcə o faktı demək istərdim ki, artıq biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımızı ancaq tövsiyə xarakterli məsələlər üzərində qururuq. Onlara qulaq asırıq, ancaq onlardan borc almırıq. Eyni zamanda, digər maliyyə qurumları, beynəlxalq təşkilatlarla da münasibətlərimizi Azərbaycanın iqtisadi, maliyyə imkanlarının güclənməsi, Azərbaycanın müstəqil iqtisadi siyasət aparması baxımından təkmilləşdiririk. Mən o fikirlə tam razıyam ki, biz bundan sonra da beynəlxalq maliyyə təşkilatları ilə ilk növbədə kifayət qədər maliyyə imkanları olan və müstəqil siyasət aparan bir dövlət kimi danışmalıyıq. Bu istiqamətdə cənab Prezidentin konkret tapşırıqları var.
Dediniz ki, memorandumun vaxtı keçib. Mən Milli Bankın rəhbərliyi ilə bu məsələ ilə əlaqədar danışdım. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi uzun illərdir Azərbaycanda çox səmərəli fəaliyyət göstərib. Mən deməzdim ki, onun bütün layihələri bu gün uğurlu nəticələr verir, ancaq cənab Prezident də Nazirlər Kabinetinin yekun iclasında qeyd etdi ki, bu gün Milli Bankın apardığı siyasət ölkənin milli maraqlarına cavab verir. Pul-kredit siyasəti, valyuta məzənnəsinin qorunub saxlanılması, ümumiyyətlə, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Milli Bankın çox düzgün mövqeyi var. Bu mövqeyi də cənab Prezident yüksək qiymətləndirdi.
Hesab edirəm ki, belə bir anlaşma Milli Bankın gücünün artmasına imkan verəcək. Amma Elmira xanımın bir fikri ilə razılaşıram ki, biz gələcəkdə bu məsələlərə daha diqqətlə yanaşmalıyıq. O ki qaldı Mərkəzi Bank məsələsinə, təbii ki, referendum martın 18-də keçirilib. Siz də dünən tapşırıq verdiniz, bizim bu qanunda bilavasitə düzəliş etməyə ixtiyarımız yoxdur. Belə gəlib. Ancaq bu gün biz referendumun nəticələrinə uyğun olaraq “Milli Bank”ı “Mərkəzi Bank” sözləri ilə əvəz edə bilərik və bu barədə artıq icra strukturları ilə danışıqlar aparılıb. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bir məsələni də deyim ki, Elmira xanım, bu struktur dəyişikliklərinə köməklik o demək deyil ki, Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan Milli Bankına dərs verəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, bunlar kəşfiyyat deyil. Bu, Beynəlxalq İnkişaf Agentliyidir. İçəridən dağıtmaq üçün 3 milyonla iş görmürlər. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.43 dəq.)

Lehinə  101
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İkiqat vergitutma ölkələr arasında iqtisadi münasibətlərin inkişafına, şəxslərin, kapitalın və texnologiyaların axınına mənfi təsir edən ciddi amillərdən biridir. Biz bu barədə Milli Məclisə kifayət qədər məlumat vermişik. Bildiyiniz kimi, Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında mövcud olan iqtisadi münasibətlər son illər ərzində daha da genişlənir. Konvensiyanın əsas məqsədi də Azərbaycan Respublikasının və Yunanıstan Respublikasının hüquqi və fiziki şəxslərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasıdır.
Sazişin digər məqsədi Yunanıstanın Azərbaycanda və ya əksinə Azərbaycanın Yunanıstanda fəaliyyət göstərən və fəaliyyət göstərmək istəyən vergi ödəyiciləri üçün vergitutmanın ümumi prinsiplərinin dəyişməzliyi təminatının verilməsidir. Başqa bir məqsəd isə vergidən yayınma hallarının qarşısının alınması üçün Azərbaycan və Yunanıstanın vergi orqanları arasında səmərəli informasiya mübadiləsinin aparılmasının hüquqi əsaslarının yaradılmasıdır. Bu konvensiya olmadan belə mübadiləni aparmaq mümkün deyildi.
Konvensiyanın digər üstünlükləri də var. Azərbaycan Respublikasında və Yunanıstan Respublikasında mövcud vergilər barədə məlumatlar verilib. Ümumiyyətlə, belə bir qanunun qəbul edilməsi bütövlükdə yuxarıda sadaladığım məqsədlərin uğurla həyata keçirilməsinə təminat verəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.46 dəq.)

Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu Sazişin bağlanmasında məqsəd hər iki dövlətin müvafiq əraziləri arasında və kənarda müntəzəm hava əlaqəsi yaratmaqdır. Sazişin müsbət cəhətlərindən biri də daşınma hüquqlarının verilməsidir. Belə ki, razılığa gələn tərəf beynəlxalq hava daşımalarını yerinə yetirmək üçün digər tərəfə aşağıdakı hüquqları verir: yerə enmədən onun ərazisi üzərindən uçub keçmək, qeyri-kommersiya məqsədləri ilə həmin ərazidə enmək. Bu hüquqlar hər iki tərəf üçün Sazişə Əlavədə müəyyən edilmiş marşrutlar üzrə beynəlxalq hava daşımalarını yerinə yetirmək məqsədini sadələşdirir.
Onu da qeyd etməliyik ki, bu Sazişdə Yunanıstan Respublikasının vətəndaşlarına istinadlar Avropa İttifaqının üzvü olan dövlətlərin vətəndaşlarına istinad kimi başa düşülür. Sazişdə Yunanıstan Respublikasının aviasiya şirkətinə və ya aviasiya şirkətlərinə istinadlar Yunanıstan Respublikasının təyin etdiyi aviaşirkətə və ya aviaşirkətlərə istinad kimi nəzərdə tutulur. Habelə Azərbaycan Respublikasının aviaşirkətinə və ya aviaşirkətlərinə istinadlar Azərbaycan Respublikasının təyin etdiyi aviaşirkətə və ya aviaşirkətlərə istinad kimi başa düşülməlidir.
Sazişin strukturu 21 maddə və 2 əlavədən ibarətdir. 1-ci maddədə bu Sazişin məqsədlərinə təsir edən terminlər və digər məsələlər araşdırılır. Saziş əsasında bir tərəfin verdiyi və ya etibarlı hesab etdiyi yararlıq sertifikatlarını, səlahiyyətlik sertifikatlarını və ya lisenziyaları qüvvədə olduğu müddət ərzində digər tərəf də etibarlı hesab edəcəkdir. Ümumiyyətlə, bu cür sazişlər bütövlükdə Azərbaycanın iqtisadi, siyasi, ictimai, ticari əlaqələrinin inkişafına, eyni zamanda, ölkələr arasında münasibətlərin inkişafına xidmət etdiyi üçün millət vəkillərindən xahiş edərdim ki, bu Sazişə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.49 dəq.)

Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədədir. Söz verilir Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayevə.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada Mülki Məcəllənin 1119.2-ci maddəsinə dəyişiklik edilir. Təklif olunur ki, “vergi müfəttişliyi” anlayışı götürülsün və “müvafiq icra hakimiyyəti orqanı” ilə əvəz edilsin. Dəyişiklik hüquqi-texniki baxımdan çox vacibdir. Xahiş edərdim, bu dəyişikliyi dəstəkləyin. Diqqətinizi görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən iki dəqiqə əhalinin əmək gəlirləri ilə və onlara dəymiş zərərlə bağlı məsələyə toxunulduğuna görə söz aldım. Cari məsələlər müzakirə olunarkən, çox təəssüf ki, bu məsələyə vaxt qalmadığı üçün az vaxt ayırmağa məcbur oldum. Məsələ bundadır ki, mən seçicilərim qarşısında Milli Məclisdə bu məsələni qaldırmağa söz vermişəm. Ona görə xahiş edirəm, mənə dəqiqə yarım imkan verəsiniz. Əhalinin, xüsusən, işləyən əhalinin vəziyyətində müşahidə olunan hallar həm də qanunvericilik məsələləri ilə, o cümlədən Mülki Məcəllə ilə və Əmək Məcəlləsi ilə bağlıdır.
Mən çox xahiş edirəm, Milli Məclisin müvafiq komitələri son dövrdə bir sıra müddəaların aktuallığının artması ilə bağlı yalnız icra hakimiyyəti orqanının göndərdiyi qanunvericilik təşəbbüsləri ilə kifayətlənməsinlər. Bizim müvafiq şöbələr və müvafiq komissiyalar, onların ekspert qrupları bu məsələyə diqqəti artırsın və bizə qanunlar təqdim etsinlər.
Nəyə görə mən bu məsələyə toxunuram? Hörmətli Milli Məclis üzvləri, 2009-cu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda işsiz statusu almış təxminən 44 min şəxs vardır. Lakin digər göstəricilərə görə müxtəlif adlar altında işsizlik statusu almamış, amma işsiz olan təxminən 250-300 min nəfər barədə də məlumatlar gedir. Mənim seçildiyim Sabirabad rayonunda təxminən 600 işsiz olması haqqında rəsmi məlumatlar gedir. Amma mən bir daha sizin diqqətinizə çatdırıram ki, təkcə keçən il ən azı bir neçə min əhali işsiz qalmışdır. Konkret olaraq, “Qafqaz Holdinq” deyilən bir şirkətdə işçinin məcburi qaydada, təkrar edirəm, məcburi qaydada məzuniyyətə göndərilməsi halları çoxalmışdır. Bir daha təkrar edirəm, məndə konkret ərizələr var. Əmək Müfəttişliyinə, Həmkarlar İttifaqları Konfederasiyasına hətta bu barədə müraciət etmişəm. Amma bu ərizələr azalmaq əvəzinə artmaqdadır.
Mənə belə gəlir ki, son dövrlərdə bütün deputatlara belə müraciətlər gəlməkdədir. Şübhəsiz, burada obyektiv problemlər, dünyadakı iqtisadi problemlər, maliyyə böhranı ilə bağlı yaranan məsələlər vardır. Amma bir daha təkrar edirəm, məsələn, Türkiyədə böhranla əlaqədar işsiz qalan əhaliyə müəyyən dövr üçün verilən maaşın 50 faizini dövlət öz üzərinə götürdü. Bu yaxınlarda Nazirlər Kabinetinin müvafiq qərarı oldu. Bir sıra başqa ölkələrdə də böhran vəziyyətində bu cür sosial tədbirlər həyata keçirilir.
Bilirsiniz ki, bizim qəbul etmədiyimiz, amma qüvvəyə minmiş referenduma görə Konstitusiyaya sosialyönlü iqtisadi siyasət yeridilməsi müddəası daxil edilmişdir. Mənə elə gəlir ki, orada mütərəqqi olan bir neçə əlavə və dəyişikliklərdən biri də bundan ibarətdir. Milli Məclis özü nümunə göstərməlidir və sosialyönlü iqtisadi siyasətin qanunvericilik əsaslarını, qanunvericilik bazasını, qanunvericilik təminatını işləyib hazırlamaq istiqamətində addımlar atmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz hazırda baxdığımız əlavə və dəyişikliklərlə bağlı bir məsələni də nəzərə çatdırmaq istərdim. Mən bayaq bunu Rövşən müəllimə də dedim. Amma istərdim ki, cənab Sədr də bu məsələni nəzərə alsın.
Mənə müraciət edən insanlar arasında 2000-ci ilə qədər hakim işləmiş insanların ailələri, həyat yoldaşları var. Bizim qəbul etdiyimiz qanunlara görə məhkəmə orqanlarında işləmiş, 2000-ci ilə qədər fəaliyyət göstərmiş, daha sonra dünyasını dəyişmiş, yaxud bu və ya digər səbəbdən əmək fəaliyyətini dəyişib, təqaüdə çıxmış insanlar vəfat etdikdən sonra onların təqaüdlərini ailə üzvləri, daha doğrusu, həyat yoldaşları ala bilərlər. Belə bir situasiya yaranıb ki, əgər məhkəmədə ümumi şöbənin müdiri dünyasını dəyişərsə, onun təqaüdünü həyat yoldaşı ala bilər. Əgər bu adam hakim işləmişsə, həyat yoldaşı onun təqaüdünü ala bilməyəcək. Mən istərdim ki, biz bu dəyişiklik barədə də düşünək. Doğrudan da, burada bir boşluq yaranmışdır. Xahiş edərdim ki, komissiyalarda bu məsələnin müzakirəsinə nail olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.55 dəq.)

Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu 1998-ci iyunun 12-də qəbul etdilmişdir. Müzakirə etdiyimiz “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi 25 bənddən ibarətdir. Burada 67 dəyişiklik və əlavə nəzərdə tutulur.
1994-cü ildən bu günə kimi 15600-dən artıq əmtəə nişanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınmışdır. Qeydiyyata alınan əmtəə nişanlarından 3500 ədədi milli, qalan 12,1 min ədədi isə xarici hüquqi və fiziki şəxslərə məxsus olmuşdur. Bununla yanaşı, Madrid sazişi çərçivəsində 29 minə yaxın əmtəə nişanının beynəlxalq qeydiyyatı Azərbaycanda tanınıb və həmin əmtəə nişanları üzrə hüquqlar bu Qanun vasitəsilə tənzimlənir.
Qeyd etmək istərdik ki, “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikasının Qanunu, əsasən, səmərəli işləyir. Təbii ki, on ildən artıq müddətdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni norma və standartları yaranmışdır. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə apardığı danışıqlar prosesi ilə əlaqədar bu sənədin də təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan qanun layihəsi hazırlanarkən TRİPS Sazişinin müddəalarının layihədə əksini tapmasına səy göstərilmişdir.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər aşağıdakı maddələri əhatə edir. Bu dəyişikliklərdən 21-i redaksiya xarakterlidir. Bəzi maddələr yeni redaksiyada verilir, həmçinin yeni hissələrin, abzasların və cümlələrin əlavə edilməsi nəzərdə tutulur. Layihədə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 30-a yaxın maddəsinə müvafiq dəyişikliklərin və əlavələrin edilməsi təklif olunur.
1-ci maddədə “coğrafi göstərici” anlayışı yeni redaksiyada verilmişdir. 14-cü maddə də yeni redaksiya təklif olunur. 25-ci maddənin ikinci və üçüncü hissələri isə yeni təkliflər və əlavələrlə zənginləşdirilmişdir. Mən yenə təkrar edirəm, bütövlükdə Qanunda ediləcək dəyişikliklər Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ticarət aspektlərində “Əqli mülkiyyət hüququ haqqında” Sazişin tələblərinə uyğun olacaqdır. Bu da Azərbaycanda rəqabətə davamlı məhsullar istehsalının artırılmasında mühüm rol oynayacaqdır. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əmtəə nişanları tarixən mövcud olmuş və hazırkı dövrdə də öz mövcudluğunu qorumaqdadır. Əmtəə nişanlarından istifadə olunmasının əsas məqsədlərindən biri hər hansı bir sahibkarın mal və xidmətlərini digərlərindən fərqləndirməkdir. Qanunun 1-ci maddəsində “əmtəə nişanları” anlayışı geniş şəkildə verilmişdir.
Qanuna dəyişiklik etmək üçün irəli sürülmüş ikinci təklifdən başlamaq istərdim. Əvvəlki redaksiyada 5-ci maddənin ikinci hissəsində qeyd olunmuş cümləni olduğu kimi nəzərinizə çatdırıram: “Bu Qanun qüvvəyə minənədək yuxarıda göstərilən nişanlar qeydə alınmışdırsa, onların qeydiyyatı ləğv olunur”. İndi isə bu cümlənin maddədən çıxarılması irəli sürülür. Nəzərinizə çatdırmaq istəyirəm ki, 5-ci maddədə sadalanan nişanlar tamamilə əmtəə nişanı anlayışına uyğun gəlməyən, həmçinin istifadəsi və qeydiyyatı haqsız rəqabətə, habelə istehlakçıların, istehsalçıların hüquqlarının pozulmasına səbəb olan nişanlardır. Əvvəlki redaksiyadakı cümlə Qanun qüvvəyə minənə qədər qeydiyyata alınmış əmtəə nişanlarının qeydiyyatının ləğv olunmasını nəzərdə tutduğu üçün yeni təkliflərin qəbul olunmasının əleyhinəyəm. 5-ci maddənin sonuncu cümləsində göstərilir ki, bu maddənin birinci hissəsinin “q” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Bu üç cümlədən belə çıxır ki, 5-ci maddənin digər bəndlərində göstərilən nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağan deyil. Ümumiyyətlə, mən bu maddənin çıxarılmasının tərəfdarıyam. 5-ci maddədə qeyd olunan nişanların istifadəsi yolverilməz olmalıdır.
Digər məsələ 30-cu maddə ilə bağlıdır. Bu maddədə deyilir ki, əmtəə nişanının və coğrafi göstəricinin qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il, habelə maraqlı şəxsin onlardan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya komissiyası qeydiyyata xitam verə bilər. 30-cu maddə ilə bağlı qeyd etdiyim bənddəki “maraqlı şəxs” anlayışına diqqətinizi yönəltmək istəyirəm. Belə ki, təklif olunan variantda “maraqlı şəxs” ifadəsinin “istənilən şəxs” ifadəsi ilə əvəz edilməsi təklif edilir. Əgər hər hansı şəxs hər hansı əmtəə nişanının istifadə olunmaması barədə ərizə verirsə, həmin şəxs artıq hüquqi baxımdan maraqlı şəxs hesab edilir. Ona görə də bu ifadələrin dəyişdirilməməsini təklif edərdim.
Sonrakı məsələ 30-cu maddədə ərizəyə baxılması müddəti ilə bağlıdır. Əvvəlki maddələrdə, məsələn, 15-ci maddədə iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda Apellyasiya komissiyasına etiraz verir və bu etiraza 2 ay ərzində baxılır. Ancaq 30-cu maddədə bu müddət 2 aydan 3 aya qədər uzadılır. Səbəb nədir? Bu maddə ilə bağlı üçüncü məsələ ondan ibarətdir ki, əvvəlki maddələrdə “Apellyasiya komissiyası” sözü “Apellyasiya şurası” sözü ilə əvəz edilir. Belə çıxır ki, Apelyasiya komissiyası ilə Apellyasiya şurası ayrı-ayrı orqanlardır.
Bu maddə ilə bağlı digər məsələ ondan ibarətdir ki, yeni təklifə əsasən əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür. Ümumiyyətlə, hüquqi baxımdan hər bir halda sübut etmək iddia tərəfinin üzərinə düşür. Ancaq bu müddətdə tamamilə zidd bir müddəa nəzərdə tutulub.
Qanun layihəsinin 34-cü maddəsində hüquqların pozulmasına görə sanksiyalardan bəhs edilir. Bu maddənin 4-cü bəndində 10 min manatdan 50 min manata qədər məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istərdim ki, əmtəə nişanlarının qanunsuz istifadə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsində cərimələr nəzərdə tutulmuşdur. Bu Qanunun 4-cü bəndində göstərilən müvafiq hissənin məhz İnzibati Xətalar Məcəlləsinə daxil edilməsini daha münasib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çox hörmətli həmkarımız Tahir Süleymanov çıxışında vacib məqamlara toxundu. Mən də “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm.
Qanun layihəsinin 21-ci maddəsində göstərilir ki, əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Həmçinin coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə də 10 il qüvvədə olur. Eyni zamanda, 30-cu maddədə qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyata xitam verilməsinin əsasları göstərilir. Qeyd olunur ki, əmtəə nişanı qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il ərzində istifadə olunmadıqda qeydiyyata xitam verilə bilər.
Mən qeydiyyata xitam verilməsi ilə bağlı bu maddəyə dəyişiklik edilməsini təklif edirəm. Hesab edirəm ki, əmtəə nişanının sahibi həmin nişandan 5 il ərzində üzrsüz səbəbdən istifadə etmədikdə qeydiyyata xitam verilə bilər. Çünki elə hallar ola bilər ki, əmtəə nişanının sahibi həmin nişandan özündən asılı olmayan səbəblərdən istifadə edə bilməsin. Məsələn, fors-major halları baş verə bilər, dövlət orqanlarının qərarı ilə müəyyən fəaliyyət sahəsində fasilə yarana bilər. Bu səbəbdən əmtəə nişanının istifadə olunması çətinləşə bilər. Bu halda həmin əmtəə nişanından və coğrafi göstəricidən istifadə olunmamasının səbəbləri nəzərə alınmadan xitam verilərsə, sahibinin maraqları və hüquqları pozulmuş olar. Ona görə də qanun layihəsinin 3-cu maddəsindəki “5 il ərzində” sözlərindən sonra “üzrsüz səbəbdən məhkəmənin qərarı ilə” sözlərinin artırılmasını təklif edirəm.
Mənim ikinci təklifim isə burada “domen” ifadəsi ilə əlaqədardır. Məncə, bu ifadənin açılışına ehtiyac vardır. Təklif edirəm ki, “domen” anlayışı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, yəni “Əsas anlayışlar” maddəsinə daxil edilsin və ona daşıdığı məna verilsin. Məsələn, həmin maddədə “əmtəə nişanı”nın, “coğrafi göstərici”nin izahı verilib. Qoy “domen” sözünə də qanunvericilik səviyyəsində məna verilsin. Qanunla işləyən insanlar da bu mənanı rəhbər tutub işləsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Miryaqub Seyidov, buyurun.
M. Seyidov, Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Millət vəkili Ziyad müəllim “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəalarına toxundu və onun əhəmiyyətini diqqətə çatdırdı. Təkrarçılıq olsa da, mən də sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əmtəə nişanı, həqiqətən də, ticarət dövriyyəsində, eləcə də xidmət sahəsində çox lazımlıdır. Bu Qanunda sahibkarların hüquqlarını tənzimləmək üçün lazımi müddəaların əksini tapması vacibdir.
Əmtəə nişanı və coğrafi göstəricilər sahəsində Azərbaycan Respublikası iki beynəlxalq sazişə qoşulmuşdur. Bunun birincisi “Beynəlxalq əmtəə nişanlarının qeydiyyatına dair” Madrid sazişidir. Bu sazişə və protokola Azərbaycan Respublikası qoşulub. Həmin saziş və protokol çərçivəsində də beynəlxalq sahədə əlaqələri həyata keçirir. Alınan dəqiq informasiyaya görə əmtəə nişanlarının kontrafakt sahədə istifadə olunması iki il ərzində 200 milyard dollardan artıq ziyan vurmuşdur. Bu rəqəm Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru tərəfindən səslənən rəqəmdir. Hətta bu, rəsmi qurumlar tərəfindən müəyyən edilən rəqəmdir. Ona görə də bir daha sizin diqqətinizə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun vacibliyini çatdırmaq istəyirik.
Hörmətli millət vəkillərinin suallarına gəlincə, 5-ci maddənin ikinci hissəsinin çıxarılması o demək deyil ki, biz əmtəə nişanının ekspertizası zamanı şərtlər nəzərə alınmadan mühafizə sənədinin verilməsinə səy göstərək. Əksinə, biz daha təkmil ekspertiza apararaq onu TRİPS Sazişinin müddəalarına uyğunlaşdırmağın vacibliyini qeyd etmişdik.
30-cu maddə ilə bağlı iki millət vəkilinin sualı oldu. Təbii ki, mühafizə sənədini verən orqan, tutaq ki, bizim komitə tərəfindən mühafizə sənədi verilirsə, 5 il müddətində ondan istifadə olunmursa, biz onun vaxtından əvvəl qüvvədən düşməsinə xitam verə bilərik. Bunu kim işləyirsə, hər hansı bir məhsul istehsal edirsə, eyni zamanda, həmin addan istifadə etmək istəyirsə, onda Apellyasiya şurasına müraciət edir və Apellyasiya şurası bunun üzrlü və ya üzrsüz səbəblərdən irəli gəldiyini müəyyənləşdirir. Yəni şura bunu dərhal ləğv etmir. Sadəcə, təhlil edir və bunun nədən irəli gəldiyini dəqiqləşdirir. Tutaq ki, su istehsalında əmtəə nişanına hər hansı şəxsin marağını müəyyənləşdirir.
Nə üçün biz 5 il müddət qoymuşuq? Ola bilsin ki, bu müddət ərzində müəyyən səbəblərdən əmtəə nişanından istifadə olunmur. Yaxud istehsal sahəsinə təzə başladığı üçün öz sahəsini əhatə edə bilmir. Nə üçün Apellyasiya şurasında bu məsələyə 3 ay ərzində baxılır? Biz sahibkarların tələblərini, xahişini nəzərə almışıq. Çünki 2 ay ərzində onlar sənədləri toplaya bilmirlər. Ona görə də biz müddəti bir az da uzatmışıq ki, bir daha düşünsünlər, bir daha ətraflı məlumat versinlər, bir daha üzrsüz səbəbdən olmadığını dəlillərilə sübut etsinlər. Hətta Dövlət Gömrük Komitəsindən də sənədlər yığılmalıdır. Bu sənədlərin yığılması müddətini müəyyən qədər uzatmaq fikrində olmuşuq.
Apellyasiya şurası və ya Apellyasiya komissiyası məsələsini hörmətli millət vəkilləri diqqətə çatdırdılar. Komissiyanın müəyyən qədər məhdud olduğunu nəzərə alaraq biz bu gündən, yəni siz bu dəyişiklikləri qəbul etdiyiniz tarixdən başlayaraq həmin qurumu Apellyasiya şurası kimi formalaşdırmağı fikirləşirik. Buraya həm sahibkarları, həm də kənardan patent sahəsini bilən mütəxəssisləri dəvət etmək niyyətindəyik. Təşəkkür edirəm ki, bu Qanuna siz çox diqqətlə yanaşmısınız. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinin qəbuluna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.14 dəq.)

Lehinə  102
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Nizami Cəfərov.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Siz yaxşı bilirsiniz ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bizim ölkəmizdə çox zəngin teleradio şəbəkəsi əmələ gəlib və ictimai fikrin, mədəni, intellektual düşüncənin inkişafına uyğun olaraq çox sürətlə inkişaf edir. Bu gün Azərbaycanda respublika səviyyəli 8 televiziya kanalı, regional səviyyəli 14 televiziya kanalı və 11 radio fəaliyyət göstərir ki, bu da kifayət qədər geniş bir şəbəkə deməkdir.
Bizim “Televiziya və radio yayımı haqqında” Qanunumuz fəaliyyət göstərir və xüsusi qeyd etmək istəyirəm ki, bu qanun layihəsinin hazırlanma prosesi də lazımi səviyyədə olub. Bu Qanun bizim kifayət qədər normal işləyən qanunlarımızdan biridir. Təbii ki, zaman keçdikcə bir sıra məsələlərə dəqiqlik gətirməyə ehtiyac duyulur. İstər-istəməz biz də bu dəyişiklikləri həyata keçirməliyik.
“Televiziya və radio yayımı haqqında” Qanuna 8 dəyişiklik nəzərdə tutulur. Həmin dəyişikliklərdən biri “Özəl yayımçı” adlanan 10-cu maddəyə aiddir. Biz bura belə bir bənd əlavə edirik: “Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur”. 10-cu maddəyə edilən dəyişiklik bundan ibarətdir.
O biri dəyişikliklər “Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri” adlanan 11-ci maddəyə əlavə olunur. Bu dəyişikliklər nədən ibarətdir? 11.4.4-cü maddədə göstərilir: “bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda məhkəmə qarşısında iddia qaldırır”. Biz bura əlavə edirik: “inzibati tənbeh tədbirləri tətbiq edilir və (və ya) məhkəmə qarşısında iddia qaldırır”. Yəni dövlət orqanına inzibati tənbeh tədbirləri tətbiq etməyə icazə verilir. Sonrakı dəyişiklik 11.4.6-cı bəndin artırılması ilə bağlıdır: “zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün xarici televiziyalara, yaxud radio kanallarına icazə verilir”. Bu da dövlət orqanı tərəfindən verilir. Bilirsiniz ki, Azərbaycan bu gün dünyaya inteqrasiya olunur və istər-istəməz Azərbaycan beynəlxalq səviyyəli maraqların dairəsindədir. Buna görə də Azərbaycanda birbaşa xarici teleradio kanallarının yayımları üçün imkanlar açılır və bu da dəyişiklikdə nəzərdə tutulur.
4-cü və 5-ci dəyişikliklər 23-cü maddə ilə bağlıdır. Burada dəyişikliyin birincisi ondan ibarətdir ki, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər. İndi həmin müddəada belə bir dəyişiklik olub ki, yayımçı xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozursa, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətdə müvəqqəti dayandırıla bilər. Bu, müxtəlif səbəblərlə bağlıdır. Çünki Azərbaycanda bu gün ciddi ictimai-siyasi proseslər gedir, Azərbaycan beynəlxalq hadisələrin üzvüdür və müəyyən qədər müharibə şəraitindədir. İstər-istəməz müəyyən nəzarətə ehtiyac var və proqramlara bu şəkildə nəzarətə ehtiyac duyulur. Həmin maddəyə daha bir əlavə olunur. Yəni yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qalırsa, bu halda da müvafiq dövlət orqanı inzibati və yaxud hüquqi tədbir həyata keçirə bilər.
6-cı dəyişiklik daha çox bizim ictimai mühitdə mübahisələr törədir. Amma biz güman edirik ki, bu mübahisələrə xüsusi ehtiyac yoxdur. Ona görə ki, həm Avropa Şurasının tələbləri var, həm də Avropa Şurasına daxil olan ölkələrin televiziya təcrübəsi və teleradio yayımı haqqında qanunvericiliyi var və biz də ona uyğunlaşmağa çalışırıq. Digər tərəfdən, teleradio yayımı mədəniyyəti var. Çünki teleradio şirkətləri, xüsusilə özəl televiziyalar müəyyən qədər reklam gəlirlərinin, teleticarət gəlirlərinin artmasında maraqlıdırsa, digər tərəfdən, tamaşaçının, dinləyicinin də maraqları təmin olunmalıdır. Köhnə redaksiyada nəzərdə tutulmuşdu ki, reklam və teleticarətin ümumi həcmi bir gün və yaxud sutka ərzində yayılan verilişlərin ümumi həcminin 20 faizindən çox ola bilməz. Yəni müddətin 20 faizindən çox ola bilməz. Həmin prinsip saxlanılır, amma həmin 20 faiz hər bir saata aid edilir. Yəni reklamın və teleticarətin ümumi həcmi 1 saatda 12 dəqiqədən çox ola bilməz .
Təbii ki, biz yaxşı bilirik ki, bizim bir sıra televiziyalarımız, radiolarımız müəyyən sponsorlarla ümumi şəkildə və yaxud hər hansı bir şəkildə müqavilələr imzalayıblar. Həmin müqavilələrin vaxtı ilin sonuna qədərdir. Əlbəttə, bu müqavilələr həyata keçiriləcəkdir. Çünki bu Qanunun tələbləri imkan verəcək ki, tədricən bu məsələ həll olunsun. Əlbəttə, birdən-birə tətbiq olunarsa, bizim teleradio yayım təcrübəmiz üçün müəyyən problemlər çıxa bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu Qanuna olan dəyişikliklər artıq xeyli müddətdir verilib və bizim özəl teleradio rəhbərlərimiz də bu işdən xəbərdardırlar. Bu məsələ onların professional maraqları daxilində olduğuna görə bütün bunları nəzərə alıblar.
7-ci əlavə belə səslənir ki, yayımçı ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər. Təcrübədən irəli gələrək bu müddəa irəli sürülübdür. Çünki bizim bir sıra televiziyalarımız müəyyən vaxtlarda eyni bir tezlikdə bir neçə proqram yayımlayıblar. Əlbəttə, buna icazə verilmir.
Nəhayət, 8-ci dəyişiklik ondan ibarətdir ki, “Yayımçıların müəlliflik hüququ” adlanan 39-cu maddədə əgər bu Qanunun tələbləri pozulmuşsa və buna uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən müəyyən tənbeh tədbiri görülübsə, bu tədbirlərin məzmunu həmin televiziya kanalında mütləq məlumat şəklində verilməlidir. Bu, əlbəttə, özünün televiziya kanalı formasında gedibdir. Biz buraya radionu da əlavə edirik. Yəni özünün həm televiziya, həm də radio kanalında bu məlumatı yayımlamağa borcludur. Bu dəyişikliklər həm bizim cəmiyyətimizin maraqlarını, həm də teleradio yayım mədəniyyətini nəzərə alır. Üstəlik bizdə radio və televiziya təsərrüfatının kifayət qədər inkişaf etdiyini nəzərə alır.
Hörmətli Oqtay müəllim, mənim deyəcəyim bu qədər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də buradadır. Əgər müəyyən məsələ çıxarsa, o da bu işlərlə bilavasitə məşğuldur və təbii ki, o da müəyyən suallara cavab verə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nuşirəvan müəllim də buradadır. İndi millət vəkilləri müzakirələrə başlasınlar. Suallar olsa, söz verərik. Mübariz Qurbanlı buyursun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Elektron kütləvi informasiya vasitələrinin ictimaiyyət arasında nə qədər mühüm rol oynadığı hamıya bəllidir. Azərbaycanda da son illərdə televiziya və radionun inkişafı istiqamətində çox ciddi addımlar atılıbdır. Bu gün Azərbaycanda çoxsaylı özəl televiziya kanallarının və radio verilişlərinin olması hakimiyyətin, dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini göstərir. Ümumiyyətlə, mən hesab edirəm ki, bunlar zəruri dəyişikliklərdir və zamanın tələbinə uyğundur. Çünki biz bu yöndə müəyyən təcrübə toplayırıq. Həmin təcrübəyə uyğun olaraq vaxtaşırı Qanuna bu və ya digər düzəlişlərin edilməsi zərurəti yaranır. Televiziyanın cəmiyyətdəki rolunu nəzərə alaraq mən bu dəyişikliklərə səs verəcəyəm və həmkarlarımı da bu dəyişikliklərə səs verməyə çağırıram.
Ümumiyyətlə, son dövrlərdə biz görürük ki, Azərbaycan cəmiyyətində müəyyən verilişlər barədə mətbuatda təkliflər səslənir, fikirlər ortadadır. Bu yaxınlarda millət vəkilləri də televiziya verilişləri ilə bağlı bir məktub tərtib etmiş və ictimaiyyətin diqqətinə çatdırmışlar. Milli Televiziya və Radio Şurası bu yöndə müəyyən ciddi addımlar atmaqdadır. Ayrı-ayrı özəl telekanalların verilişlərinə nəzarət edilir. Təbii ki, bu nəzarət onların proqramına nəzarət deyil, sadəcə, qanun çərçivəsində fəaliyyətinə nəzarətdir.
Qeyd etmək istərdim ki, dünyanın əksər ölkələrində televiziyalar üzərində ictimai nəzarət mövcuddur. Və bu belə də olmalıdır.
Ən qabaqcıl ölkələrin televiziya verilişlərində dilin saflığının qorunmasına xüsusi nəzarət edilməkdədir. Çox təəssüf ki, Azərbaycanın özəl telekanallarında buna əməl edilmir. İctimai televiziyanı və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini istisna kimi qeyd edirəm. Çünki bunlarda Qanunun tələbləri daim gözlənilir. Ədalət naminə demək lazımdır ki, onlar həm reklam haqqında tələbləri, həm də Azərbaycan dilinin tələblərini yerinə yetirirlər. Amma özəl telekanallarda bəzən elə aparıcılar verilişlər aparırlar ki, onların dil qüsurları vardır və Azərbaycan dilini təhrif edirlər. Gələcəkdə bunları da nəzərə almaq lazımdır. Məsələn, Böyük Britaniyada televiziyalarda ingilis dilinin qəbul olunmuş normasından kənara çıxılarsa, bu və ya digər ləhcələrlə verilişlər verilərsə, mütləq həmin verilişlər dayandırılır, buna imkan verilmir. Çünki dilin saflığını qorumaq üçün qəbul olunmuş qaydalara hamı əməl etməlidir. Bunu gələcəkdə mütləq nəzərə almaq lazımdır. Milli Televiziya və Radio Şurası da bu yöndə müəyyən addımlar atmalıdır.
Ümumi götürdükdə, qeyd etdiyim kimi, bu dəyişikliklər Azərbaycan teleməkanının və radio yayımının daha da təkmilləşməsinə xidmət edən dəyişikliklərdir. Ancaq mənim burada bir sualım olacaqdır. Bu, 10-cu maddənin beşinci hissəsi ilə bağlıdır. Buraya özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində dəyişikliklə əlaqədar bir norma daxil olubdur. Əgər dəyişiklik baş verərsə, müvafiq dövlət orqanına dəyişikliklər barədə məlumat verilir və iki ay müddətində rəy verildikdən sonra dəyişiklik edilir. Özəl teleradio yayımçısı pay sahibliyi ilə bağlı bu və ya digər dəyişiklik edə bilər. Həmin müddətin iki ay olması hansı prinsipə söykənib və nəyə görə məhz iki ay? İstərdim ki, hörmətli Nizami müəllim buna aydınlıq gətirsin.
Reklamla bağlı məsələnin də tamamilə tərəfdarıyam. Bizim televiziyalar indi sutka ərzində verilişlər verirlər və bu 20 faiz bir az yayğındır. İndi bunu saat çərçivəsində məhdudlaşdırmaq tamamilə məntiqlidir. Çünki biz tamaşaçının marağını nəzərə almalıyıq. Bu və ya digər verilişlərin arasında uzun-uzadı reklamların verilməsi yorucudur. Bu da tamaşaçının marağı ilə üst-üstə düşmür. Ümumilikdə, yenə qeyd edirəm ki, bu dəyişikliklər zəruridir. Bu dəyişikliklərin zəruriliyini nəzərə alaraq mən bu dəyişikliklərə tərəfdaram və buna səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən qısaca bəzi məsələlərə toxunmaq istəyirəm. Sözün doğrusu, mənim qənaətimə görə Azərbaycanda televiziya üzərində siyasi inhisar və nəzarət mövcud olduğu üçün bu Qanuna edilmiş əlavə və düzəlişlər o qədər də aktuallıq kəsb etmir. Amma hər halda televiziya kanalları mövcuddur və onların fəaliyyəti tənzimlənməlidir. Ona görə də onların fəaliyyətinin məhdudlaşdırılması barədə həm Nizami müəllimə, həm də Milli Televiziya və Radio Şurasının sədrinə sual verirəm. Çünki burada bir neçə düzəliş edilmişdir. 23-cü maddəyə edilən əlavədə göstərilir ki, yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə xitam verilə bilər. Yəni belə bir imkan əlavə edilmişdir. Bundan əlavə, bütövlükdə kanalın yayımının və yaxud ayrıca bir proqramın bir gündən bir həftəyədək müvəqqəti dayandırılması müddətinin bir aya qədər uzadılması məhdudlaşdırıcı bir qaydadır. Düzdür, Nizami müəllim bunun üzərində dayandı və dedi ki, biz müharibə şəraitindəyik və hansısa başqa problemlər var. Sözün doğrusu, bu o qədər də inandırıcı görünmədi. Yəqin ki, Milli Televiziya və Radio Şurasının nümayəndəsi bu məsələyə aydınlıq gətirər.
Ümumiyyətlə, bizdə bir qaydadır ki, əvvəlcə daimi komissiyanın nümayəndəsi izahat verir. Halbuki bizim Daxili Nizamnaməmizə görə birbaşa nəzərdə tutulmuşdur ki, qanunvericilik təşəbbüsü hüququndan istifadə edən və yaxud onun nümayəndəsi birinci çıxış etsin. Ondan sonra komissiyanın sədri çıxış etməlidir. Yaxşı olar ki, bir çox məsələlərə qanunvericilik təşəbbüsü hüququndan istifadə edən və yaxud onun nümayəndəsi aydınlıq gətirsin. Ona görə də mən bu iki müddəanın əlavə edilməsini geriyə doğru addım hesab edirəm və bir məsələyə də aydınlıq gətirilməsini istərdim.
Qanuna 11.4.6-cı maddə əlavə olunur və qeyd olunur ki, zəruri hallarda xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verilir. Mən belə başa düşürəm ki, bir sıra hallarda tədbirlərin həmin kanalda birbaşa işıqlandırılması nəzərdə tutulur. Sözün doğrusu, burada bir qeyri-müəyyənlik var. Onsuz da bütün telekanallar peyk vasitəsi ilə yayımlana bilər. Amma burada qeyd edildiyi kimi, idman yarışlarının və başqa ictimai əhəmiyyət kəsb edən tədbirlərin birbaşa yayımı üçün icazədən söhbət gedir. Şübhəsiz, müəyyən mütərəqqi beynəlxalq teleradio əlaqələri baxımından bir dəyişiklik ola bilər. Amma buna aydınlıq gətirilməlidir. Hər halda, ola bilsin, burada müəyyən redaksiya dəyişiklikləri edilib.
Bütövlükdə hesab edirəm ki, bizdə bu Qanun yeni redaksiyada hazırlanmalıdır və bir nömrəli problem televiziya və radio kanallarının qeydə alınmasının sadələşdirilməsindən ibarətdir. Bizim Müsavat deputat qrupu tərəfindən müvafiq qərar və dəyişikliklər hazırlanır. Yəqin ki, yaxın iki ay ərzində Milli Məclisin müvafiq daimi komitəsinə təqdim ediləcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yəqin, təqdim edəndə birinci özünüz danışacaqsınız, sonra komitə? Qənirə Paşayeva buyursun.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu Qanunun bir çox maddələri televiziyaların fəaliyyətində ciddi problemlər yaratmayacaq. Bəzi maddələr isə vətəndaşların mövqelərini müdafiə cəhətdəndir. Məsələn, 10.5-ci maddədə möhtəkirliyə yer yoxdur. Orada deyilir ki, özəl teleradio yayımçısının təsisçiliyində və ya pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.
Əslində, bizdə mövcud variantda aydın şəkildə göstərilib ki, kimlər özəl teleradio yayımının təsisçisi ola bilməzlər. Bunlar ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, həmçinin fəaliyyət qabiliyyətsizliyi və yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslərdir, siyasi partiyalardır, dini qurumlardır. Yəni bizim mövcud Qanunda bu məsələlər əksini tapır. Sadəcə, indi bu maddənin əlavə olunması bəlkə də televiziyalara kömək edə bilər. Çünki televiziyalar təsisçilikdə və pay sahibliyində hər hansı bir dəyişiklik edəndə bu barədə məlumatsız olduqlarını bəhanə gətirə bilərdilər və sabah daha ciddi problemlər ortaya çıxardı. Amma indi onlar məlumat verəcəklər və rəy verdiyinə görə məsuliyyəti dövlət orqanı daşıyacaq. Sabah heç bir şey deyə bilməzlər. Çünki onlar yoxlayacaqlar ki, həmin şəxs bu məsələlərlə əlaqəli şəxsdir, yaxud deyil. Yəni artıq dövlət orqanının rəyindən sonra bu proses gedəcək. Amma bu prosesdən sonra məsələ üzə çıxdıqda televiziya və radioları daha ciddi problemlər gözləyə bilər. Bu baxımdan mən hesab edirəm ki, bu, televiziya və radiolar üçün problem yaradan bir məqam deyil.
İkinci dəyişiklik 11-ci maddə ilə bağlıdır. Bu maddədə də bir məsələ var. Həmin maddə nədən ibarətdir? Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri, həmçinin müvafiq dövlət orqanının bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədi ilə görəcəyi işlər qeyd olunur. Funksiyalardan biri bu dövlət orqanı tərəfindən teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirməkdir. Əlavə olunmuş dəyişiklikdə problem yoxdur. Çünki əvvəlki Qanunumuzun həmin maddəsində yazılıb ki, bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda məhkəmə qarşısında iddia qaldırılır. Amma əlavə olunan dəyişiklikdə, sadəcə, qeyd olunur ki, bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edilir və ya məhkəmə qarşısında iddia qaldırılır. Əslində, bu pis bir məsələ deyil. Çünki hər şeydən ötrü televiziyaların məhkəməyə verilməsi cəmiyyətdə müsbət qarşılanmır. Hər bir məsələyə görə televiziyaları məhkəməyə vermək, məhkəmə çəkişmələri yaratmaq beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanmır. Amma burada imkan verilir ki, bu nəzarəti həyata keçirən orqan özü inzibati tənbeh tədbirlərini həyata keçirə bilsin. Yəni məhkəmədən öncə bu problemlərin həlli istiqamətində addımlar atıla bilər.
Mən Mübariz müəllimlə razıyam ki, 10.5-ci maddədə iki ay müddətində rəy verilməsi məsələsi bir az daha qısa bir vaxta endirilsin. Olmazmı? Yəni iki ay ərzində yox, bir az daha qısa vaxt olsun. Buna Nuşirəvan müəllim aydınlıq gətirsə, çox yaxşı olardı. Bəlkə onu daha da qısaltmaq olar. Yaxud 23-cü maddədə xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi vurğulanır. Əvvəlki maddədə, sadəcə, pozuntulara xitam verilməsindən söhbət gedirdi. Yəni xüsusi razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilərdi. Məsələn, elə məsələlər var ki, onlar xüsusi proqramların problemidir. Yəni hansısa proqramda problemlər yaranıb. Yəni bu proqramda Qanunun maddələri pozulub. Nəyə görə bir proqrama görə xüsusi razılığa (lisenziyaya) xitam verilə bilər, yaxud məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla bilər? Bu məsələ əvvəlki variantda yox idi. Amma indi əlavə olunur ki, hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə dayandırıla bilər. Yəni bütövlükdə televiziyanın xüsusi razılığına (lisenziyasına) xitam verilməsinə deyil, hansısa proqramın məhkəmənin qərarı ilə dayandırılması məsələsinə baxıla bilər. Mənə elə gəlir, bu da müsbətə doğru addımdır. Çünki hansısa bir proqramdan ötrü bütün televiziyanın lisenziyasının dayandırılması məsələsinə baxılması doğru deyil. Bunu elə proqramların dayandırılması ilə məhdudlaşdırmaq olar. Hesab edirəm ki, bu məsələlər müzakirə mövzusu deyil. Guya televiziyalara bunun zərəri dəyə bilər.
Burada ictimai maraqları da nəzərə almalıyıq. İctimai maraqlar da reklamla bağlıdır. Reklamla bağlı biz Nuşirəvan müəllimlə danışdıq. Mən çox təəssüf edirəm ki, bu məsələnin müzakirəsində biz iştirak etmirik. Çünki çox önəmli bir məsələ bu Qanunda öz əksini tapmalıdır. Söhbət sosial reklamdan və roliklərdən gedir. Bu çox önəmli məsələdir. Mən bu dəyişikliyin tərəfdarıyam. Amma biz sosial reklam və roliklər məsələsini bu reklamlardan ayırmalıyıq. Yəni söhbət nədən gedir? Teleticarətdən, hansısa məhsulların reklamından deyil, ictimai əhəmiyyət kəsb edən, əhalimiz üçün maarifləndirmə və ictimai əhəmiyyət kəsb edən məsələlərin reklamlarından söhbət gedir. Biz sosial reklamları və rolikləri ayırmalıyıq.
Məncə, Nuşirəvan müəllim də bununla razılaşar ki, bu gün dünyada sosial reklamlara və roliklərə çox ciddi şəkildə önəm verilir. Çünki bütün dünyada, həmçinin Azərbaycanda da televiziya əsas təsir vasitəsidir. İnsanlar, xüsusilə gənclər gününün böyük bir hissəsini televiziya qarşısında keçirirlər. Sosial roliklər vasitəsilə maarifləndirmə, təbliğat işi apara bilərik. Bu, dünyada da geniş yayılıb. Amma bu iş bizdə zəifdir. Nəyə görə? Birincisi, pul ödəməlisiniz. Qazanc yox, ictimai maraq kəsb edən məsələ olsa da, bunun üçün vəsait ödənilməlidir. Çünki bizdə bunun çərçivələri hələ ayrılmayıb.
Düşünürük ki, bir çox sosial məsələlər bu gün cəmiyyəti narahat edir. Bunlar narkomaniyanın yayılması, QİÇS xəstəliyinin yayılması, vərəm xəstəliyi, irsi qan xəstəlikləri, talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı məsələlərdir. Siqaretin və narkomaniyanın zərərli təsirləri, su ehtiyatlarının qorunması, getdikcə millətin başına bəla olan hepatit C-nin yayılması ilə bağlı əhalinin maarifləndirilməsi, yaşıllıqların məhv edilməsi, erkən nikahlarla bağlı məsələlər də vacibdir. Bunların televiziyalarda sosial roliklər vasitəsilə təbliği dünyada da yayılmış bir məsələdir. Bizdə də buna ehtiyac var. Ona görə də mən xahiş edirəm, bu məsələyə baxılsın.
Ümumiyyətlə, sosial reklamların pulsuz verilməsi məsələsini həll edək ki, televiziyalarımızdan asılı olmasın. Müvafiq icra hakimiyyəti orqanı, məsələn, Milli Televiziya və Radio Şurası müəyyən edir ki, bu, sosial reklamdır, rolikdir və o, efirə pulsuz verilməlidir. Burada möhtəkirliyin qarşısını almaq olar. Hər kəs bir rolik, reklam gətirə bilməz. Göstərə bilərik ki, sosial reklamın və roliklərin sifarişçisi dövlət qurumlarıdır. Məsələn, səhiyyə ilə bağlı Səhiyyə Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər nazirliklər həmin quruma sosial reklam və roliklər göndərə bilərlər. Qurum müəyyənləşdirir ki, burada ticarət məqsədi yoxdur, bu, əhalinin maarifləndirilməsinə, ictimai marağa söykənir. Sonra televiziyalara göndərilir və müəyyən qrafiklərlə müəyyənləşdirilir ki, gün ərzində nə qədər yerləşdirilə bilər. Bizim buna getməyimiz çox vacibdir. Çünki televiziyalarımızda bu gün sosial reklam və rolikləri çox nadir hallarda görürük. Qurumlar deyir ki, sosial reklamın yerləşdirilməsində problemlər var.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin müavin
V. Ələsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Jalə xanım, buyurun.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlarım! “Televiziya və radio yayımı haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər müvafiq şuranın və televiziyanın işinin təkmilləşdirilməsi, televiziya və radio yayımları arasındakı münasibətlərin tənzimlənməsi baxımından, əlbəttə ki, çox aktual, həm də əhəmiyyətlidir. Mən bu layihəyə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə dəvət edirəm.
Birbaşa televiziya və radio yayımları ilə əlaqədar olan bəzi fikirlərimi nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Onun təmizliyinin saxlanması, müxtəlif mədəni dəblərin, təzyiqlərin axınından qorunması və gələcək nəsillərə tam, saf bir şəkildə ötürülməsi hamımızın borcudur. Azərbaycan xalqının müstəsna keyfiyyətlərindən biri, həm də birincisi odur ki, onun dilinə, dininə münasibəti, mədəniyyəti əsrlərdən bəri dəyişilməz olaraq qalmışdır. Xalqımız öz milliliyini daim qoruyubdur. Bir əsrə yaxın müddətdə azərbaycanlılar rus mədəniyyətinin təsiri altında qalsalar da, fəxrlə deyə bilərik ki, öz milli kimliyinə, tarixi köklərinə sadiqliyini itirmədilər.
Bu gün də dilin qorunması uğrunda atılan hər bir addım, görülən hər bir tədbir, əlbəttə ki, alqışa layiqdir. Bu yaxınlarda teleradio şurası tərəfindən Azərbaycan televiziyası və radiosunda bütün proqramların və verilişlərin yalnız Azərbaycanın dövlət dilində olması, xarici dildə yayımların qadağan edilməsi ilə əlaqədar irəli sürülən məsələ, mən deyərdim ki, qeyrətli bir addımdır. Şəxsən mənim nəzərimdə, Konstitusiyada göstərildiyi kimi, yalnız bayraq, himn, gerb deyil, eyni zamanda, dil də müqəddəs bir rəmzdir. Mən meydana çıxan bir problem, yəni türkcə yayımların qadağası ilə bağlı fikrimi nəzərə çatdırmaq istəyirəm. Bu gün türk dili bizim üçün xarici dil anlamına gəlmir.
Burada hörmətli həmkarlarıma maraqlı bir faktı, öz ixtisasım barədə məlumatı bildirmək istəyirəm. Mən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsini bitirmişəm. Türk dili və ədəbiyyatı müəllimi, həm də tərcüməçisiyəm. Onu da deyim ki, müxtəlif təsisatlara təqdim etdiyim avtobioqrafik məlumatlarda bildiyim xarici dil qrafasının qarşısına yazdığım “türk dili” kəlməsinə görə mənə çox zaman irad tutulub, bunun xarici dil olmadığı deyilib və həmin söz oradan çıxarılıb.
Bu bir həqiqətdir ki, bizim türk dilini xarici dil kimi qəbul etməməyimiz, əslində, doğrudur. On üç il tərcümə sənəti ilə məşğul olan bir adam kimi onu demək istəyirəm ki, əksər dillərdə olduğu kimi, Türkiyə türkcəsinin də məişət kəlmələri ilə sənəd terminləri arasında çox böyük fərq var. Bəli, Türkiyədə ana dilində hazırlanan sənədlərdə istifadə olunan sözlər çox fərqlidir və onların köklü tərcüməyə ehtiyacı var. Məişət dili haqqında isə bunu deyə bilmərik. İndi deyirik ki, televiziya ilə yayımlanan türk filmləri də Azərbaycan dilinə tərcümə edilsin. Bu filmlər, əslində, bir qayda olaraq, məişəti xarakterizə edən sənət əsərləridir. Belə çıxır ki, “Ben hayatımdan memnunam” deyərkən, tərcüməçi də bunu “Mən həyatımdan məmnunam” kimi təqdim edəcək. Yaxud da ki, “kahr olası dünya” ifadəsi də “qəhr olası dünya” kimi deyiləcək. Mən hələ dublyaj edənlərin qeyri-peşəkar səsini, süni ədalarını demirəm. Bu, əlbəttə, bir absurddur.
Dövlət dilimizə hörmət ediriksə, tərcümə qaçılmazdır. Bunu da bir daha vurğulamaq istəyirəm ki, çıxışımda səsləndirdiyim təzadlı fikirlər, əslində, deyilən məsələ ətrafında cəmiyyətin müxtəlif təbəqələrində gedən təzadlı polemikaları əks etdirir. Mən komissiya iclasında səsləndirdiyim bir təklifi bugünkü geniş iclasda da səsləndirmək istəyirəm. Televiziya yayımlarında “subtitr” deyilən anlayış var. Yəni veriliş türkcə yayımlana, kadrların altında isə Azərbaycan dilində yazılı tərcümə gedə bilər. Bununla biz həm “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə riayət, həm dilimizə hörmət etmiş, həm də bu mövzu ətrafında gedən mübahisələrə birdəfəlik son qoymuş oluruq.
Çıxışımın sonunda Nuşrəvan müəllimin iclasımızda olmasından istifadə edərək həmin sualımı ona da vermək istəyirəm. Mən komissiya iclasında da buna bənzər təklifimi irəli sürmüşdüm. Nuşrəvan müəllim məsələyə baxılacağını və cavab veriləcəyini demişdi. İndi həmin sualıma cavab verilərsə, çox məmnun olardım. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, irəli sürülmüş təkliflər yerindədir və bizim tərəfimizdən qəbul olunacaq. Məsələ ondadır ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə teleradiolar bütövlükdə cəmiyyət həyatında çox böyük rol oynamağa başlayıblar. Şübhəsiz ki, bundan sonra hər bir ölkə düşünməyə başladı ki, o özünün televiziya və radio siyasətini tamamilə yenidən müəyyənləşdirsin, nəticə etibarilə televiziyaların millətin həyatında və dövlət quruculuğunda oynadığı rol yerində olsun.
Haqlı olaraq həmkarlarımız burada televiziya proqramlarında həm dil məsələlərinə, həm verilişlərin səviyyəsinə, həm də reklam məsələlərinə geniş toxundular. Bəli, biz parlament üzvləri olaraq belə narahatçılıqları daim bölüşürük. Bilirik ki, teleradio qəhrəmanları sonradan cəmiyyət qəhrəmanlarına çevrilirlər. Cəmiyyəti əks etdirməli olan qurumlar, dördkünc çərçivələr cəmiyyətin özünə təsir edir və həyatda öz obrazlarını yaradırlar. Bu mənada televiziya qəhrəmanlarını elə müəyyənləşdirməliyik ki, sonradan cəmiyyətdə həmin insanlarla, simvollarla qarşılaşanda bizi qorxunc düşüncələr bürüməsin. Hesab edirəm ki, Milli Televiziya və Radio Şurası yarandığı dövrdən keçən müddət ərzində, həqiqətən də, bu tələblərin yerinə yetirilməsi üçün xeyli işlər görüb. Yeri gəlmişkən, ötən dəfə biz cari məsələlər sırasında bundan çox bəhs etdik.
Əslində, xarici radio və televiziya kanallarının yayımlanması ilə bağlı məsələdə qanunvericiliyin tələblərinin üstün tutulması və müvafiq şura tərəfindən bu məsələnin ciddi qoyulması da kifayət qədər qəbul olunandır. Bir daha təkrar edirəm, RTR bağlananda deyirdilər ki, özündə rus şovinizmini, rus mədəniyyətini, onun tarixini ifadə edən mərkəz, nəhayət, bizdən getdi. Bəs həmin məsələni başqa televiziya və radio kanallarına da şamil edəndə bu, dərhal azadlığın, yaxud demokratiyanın tapdalanması kimi niyə qəbul olunur? Mən hesab edirəm ki, bunlar ayaq tutublar, cəmiyyətdə müəyyən tərəfdarlar toplayıblar. Hamı gileylənir ki, belə şou qəhrəmanları və onların əsasında formalaşan cəmiyyətin halı, durumu ciddi düşüncə, mənəviyyat sahiblərinin olmasına bu və ya digər formada mane olur. Ötən dəfə parlament üzvləri də bununla bağlı müraciətlər etmişdilər. Mən hesab edirəm ki, bu, adbaad proqramlar üzrə qoyulmalıdır.
Televiziya, əlbəttə, Azərbaycanın tarixinin çox mühüm bir hissəsini özündə daşıyır. Onlarda çalışan çoxsaylı jurnalist ordusunun zəhmətini yerə vurmaq olmaz. Bu da inkar olunmazdır ki, bütövlükdə televiziya siyasətini teleticarətə çevirmək və ya insanları yüngül əyləncəyə yönəldən proqramlarla cəlb etmək də bir iş deyil. Yaradıcı proqramları hazırlamağı çətin saymaq, bunun yerini bu cür əyləncəli verilişlərlə doldurmaq, mənə elə gəlir ki, düzgün deyil. Burada səslənən fikirləri tamamlayaraq söyləyirəm ki, teleradio şurasının qanunvericiliyə uyğun proqramlar üzərinə qoyduğu tələblərə əməl etmək üçün bizdə real imkanlar var. Televiziya və radiolarda dediyimiz tələblər gözlənilməlidir.
Reklamlarla bağlı məsələyə də toxunmaq istəyirəm. Əlbəttə, efirdə bir sıra hallarda tərbiyə və əxlaq dəyərlərini gözləmirlər, amma reklamlarda buna ikiqat əməl olunmur. Əvvəla, burada təklif olunur ki, reklam 123 dəqiqədən çox ola bilməz. Hesab eləsək ki, bir saatda hərəsi bir dəqiqə olan reklamlar 5 dəqiqədən bir filan qədər eləyir. İstənilən halda süjetin pozulması tamaşaçının bütün hallarda psixologiyasına, əsəbinə toxunur. Bir yandan da onların dili tərbiyə sarıdan kifayət qədər aşağıdır. Mən bir neçəsini xatırladıram. Məsələn, “Snikers” şokoladı ilə bağlı nümayiş olunan reklamda, yaddaşı yaxşı olanlar bilirlər – onu yeyən şəxsin dişinin möhkəmliyini harada yoxladığı adamda ikrah doğurur. Yaxud südlə bağlı reklamda bu məhsulları uşaqlara sevdirmək üçün kiminsə ağlının xoşagəlməz ideyasından yaranan süjetə baxmalı oluruq. Reklamların üzərindəki əxlaqi dəyərlər və ya əxlaqi tələblər məsələsi, mənə elə gəlir ki, bu sahədə nəzarət funksiyasını həyata keçirən şuranın hədəfində olmalıdır. Bütövlükdə mən bu dəyişikliklərə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də vacib olan dəyişikliklərə səs verəcəyəm və bunların tərəfdarıyam. Burada deputat həmkarlarım öz fikirlərini söylədilər, müəyyən məsələlərə toxundular. Bir neçə kəlmə ilə teleradio və onların fəaliyyəti barədə məsələlərə münasibətimi bildirmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda cəmiyyətin əsas informasiya mənbələrindən biri televiziya və ya radiodur. Bütün insanlar informasiya mənbəyindən maksimum dərəcədə, istər istirahət, istər əyləncə, istərsə də digər yonümdə istifadə etməyə çalışırlar. Mənə elə gəlir ki, düzdür, bunlar televiziyaların özünün daxili məsələsi olsa da, eyni zamanda, qanunvericiliklə, teleradio şurasının inzibati metodları tətbiq etməsi yolu ilə tənzimlənməlidir. Mən təklif edərdim ki, televiziyalara müraciət qəbul olunsun və verilişlərin keyfiyyətini yaxşılaşdırmaq, milli əxlaqı qorumaq, verilişləri milli-mənəvi dəyərlərə uyğunlaşdırmaq baxımından bu sahədə islahatlar aparılsın.
Televiziyalarda dil baxımından nəzərə çarpan problemlər barədə həmkarlarım yaxşı fikirlər söylədilər. Qərar qəbul olunub ki, filmlər və seriallar Azərbaycan dilinə tərcümə olunsun. Ancaq belə filmlərə diqqətlə qulaq asanda Azərbaycan dilinə aidiyyəti olan bir şey görmürsən. Elə məsələlər var ki, onları tamamilə hərfi mənada tərcümə eləyib çatdırırlar. Bəzi kinofilmlər var ki, biz onlara əvvəllər rus dilində baxmışıq, ancaq indi Azərbaycan dilində qulaq asırıq, görürük ki, filmi tamamilə heç edib qoyurlar, adamın heç onlara baxmağı gəlmir. Dil mütəxəssisləri olmalıdır. Başa düşürəm, buna pul, vəsait lazımdır.
İkinci, bu serialların nə dərəcədə Azərbaycan həyatına yaxınlığı məsələsinə toxunmaq istəyirəm. Cənubi Amerikanın filmlərini tərcümə edib göstərirlər. Elə türk seriallarını tərcümə elə də. Yaxşı qərar qəbul olunub ki, türk filmləri olsun, amma bunlar tərcümə edilsin. Mən də onun tərəfdarıyam ki, bizim məişətimizə, əxlaqımıza, mənəviyyatımıza yaxın olan serialları göstərək. Bizə yad olan Braziliyanın, yaxud başqa ölkələrin seriallarının Azərbaycan televiziyasına, onun tamaşaçısına nə aidiyyətı var? Avropadan da olsun, ancaq özümüzə uyğunlarını seçək. Rusiya, Türkiyə kanallarında hansı veriliş efirə çıxır, səhər onu bayağı şəkildə hazırlayıb başlayırlar göstərməyə.
Biz özümüzün dünyagörüşümüzə, milli-mənəvi dəyərlərimizə uyğun verilişlər sistemini qura bilərik. Beynəlxalq televiziya kanallarından bizdə də istifadə olunurdu. Ümumilikdə bu, ləğv olundu. Gələcəkdə, hesab edirəm ki, ikitərəfli razılıq əsasında bir neçə beynəlxalq kanalın Azərbaycanda göstərilməsini təmin etmək lazımdır. Mən elə bilirəm ki, insanların informasiya almaq, həmçinin müəyyən gənclərin dil öyrənməsi, xarici dilə qulaq asması baxımından bunun əhəmiyyəti çoxdur. Axı, hər kəsin peyk antenası vasitəsilə başqa kanallara baxmağa imkanı yoxdur. Yaxud pullu kanallar var ki, siz də bilirsiniz, ödəniş olmadan onlara baxmaq mümkün deyil. İnsanların müxtəlif xarici dilləri öyrənmələrini nəzərə alıb gələcəkdə qarşılıqlı razılıq əsasında ya SNN-nin, ya da BBC-nin yayımlanması məsələsini qanunvericiliklə həll etmək lazımdır. Bu, elə hesab edirəm ki, məqsədəuyğundur.
Bir məsələyə də toxunmaq istəyirəm. Təbii ki, televiziyanın qazandığı vəsait daha çox reklamdan gəlir. Amma reklamlar televiziyanı elə günə salıb ki, adam bir filmə yox, eyni zamanda, 4 filmə baxa bilər. Burada reklam başlasa, keçir o birinə, bu birində başlasa, keçir o birinə. Bir saatda 12 dəqiqənin özü də çoxdur. Bütün müddəti hesablayanda, 6–8 saat televiziya vaxtının təxminən iki saatında reklama baxmalısan. Ona görə bu məsələnin tənzimlənməsinə diqqət yetirmək vacibdir. Mən deputat həmkarlarımın hamısını qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Saat artıq ikidir, əgər etiraz yoxdursa, tənəffüssüz davam edək, bundan sonra bir məsə- ləmiz qalır. Etiraz yoxdur ki? Yoxdur. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Həmkarlarım xeyli ciddi məsələyə toxundular, qüsurlar deyildi, arzular ifadə olundu. Onların bir qismi bu qanundakı əlavə və dəyişikliklərlə, bəziləri də həyatımızda çox mühüm rol oynayan televiziyanın indiki peşəkarlıq səviyyəsi ilə bağlıdır. Mən də bəzi fikirlərimi bildirmək istəyirəm.
Hesab edirəm, ümumiyyətlə, təklif olunan düzəlişlərdə televiziya üçün təhlükə yaradan elə ciddi bir məsələ yoxdur, amma bir fakt çox narahatçılıq doğurur. Bu da ondan ibarətdir ki, burada özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranırsa, dövlət televiziyası kimi bu özəl kanal xüsusi dövlət orqanı ilə bəzi məsələləri razılaşdırmalıdır. Bizim ali məktəblər də belədir. Vaxtilə özəl ali məktəblər yarandı, hər ali məktəb tələbəni özü qəbul edirdi. Sonra tədricən bu ixtiyar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi və özəl adlanan müəssisələrlə dövlət müəssisələri arasındakı fərq getdikcə silinməyə başladı. Bir halda ki özəl televiziyamdır, mən bunun pay bölgüsünü də, təsisçiliyini də nəyə görə teleradio şurası ilə məsləhətləşməliyəm? Nəyə görə hökmən onun razılığı olmalıdır? Onda özəl müəssisənin özəlliyi nədən ibarət olur? Məni narahat eləyən budur. Hesab edirəm ki, biz televiziyaların, xüsusən özəl müəssisələrin səlahiyyətlərini əlindən alırıq, fəaliyyətini məhdudlaşdırırıq. Bu mənada həmin məsələni geriyə doğru addım sayıram. Əksinə, başqa sahələr var, bunu eləmək hökmən vacibdir, orada bəzən yaddan çıxır.
Televiziyaların peşəkarlığına tələbkarlığı artırmaq vacibdir. Azərbaycanda, bilirsiniz ki, 20-dən çox, – bəlkə sayda bir az səhv edirəm, indi dəyişilib, –bölgə televiziyaları var. Bölgə televiziyalarında toylardan başlamış, bölgədəki nüfuz sahiblərinin müxtəlif tədbirlərinə qədər hamısı verilir. Bu kanallar bizim baxdığımız respublika televiziyalarından beşqat zəifdir. Onların bölgələrdə dilimizi, mədəniyyətimizi nə şəkildə təqdim etmələrinə nəzarət yoxdur. Bu, çox ciddi bir məsələdir. Məncə, əslində, bu məsələ ilə daha ciddi şəkildə məşğul olmalıyıq. Peşəkarlıq, bilirsiniz ki, dildən başlamış, bütün verilişlərin hazırlanma tələblərini, təsir dairəsini və sairi əhatə edir. Burada haqlı olaraq televiziyanın özündən yox, müəyyən proqramların məhkəməyə verilməsindən söhbət gedir. Mən hesab edirəm ki, ilk növbədə Azərbaycan ruhuna heç bir aidiyyəti olmayan məsələlər nəzərə alınmalıdır.
Bir məsələyə diqqət yetirək. Azərbaycanda meyxana deyilən bir sənət var ki, vaxtilə Bakının ətrafında 2–3 kənddə yayılırdı. Həmin kəndlərdə o belə də ciddi sayılmazdı. Bu gün bütün Azərbaycan televiziyaları meyxana deməklə məşğuldur və onu bizdə az qala kütləvi bir sənətə çeviriblər. Bunun nə dili dil, nə şeiri şeir, nə də musiqisi musiqi deyil. Bu, yad ölkədən gəlmiş bir şeydir. Bir yandan türk televiziyalarını qadağan edirik, bir yandan da fars dilinin və fars mədəniyyətinin quyruğu olan, deyək ki, haradasa onun təsiri ilə yaranan meyxanaları Azərbaycanın bir möhkəm, həm də məna kəsb edən sənətinə çeviririk. Özü də deyirlər ki, bura 15 şair yığışıb. Meyxanaçı nə vaxtdan şair olub? Şair şairdir, meyxanaçı meyxanaçı, aşıq da aşıqdır. Hər kəsə öz adını deyərlər. SMS xəstəliyi, millətin cibinə girmək televiziyanın əsas işlərindən birinə çevrilib. Mobil telefon sahiblərini, bütün dünyanı SMS xəstəliyinə düçar ediblər. Qəpik-qəpik camaatın pulunu yığırlar. Televiziya rəhbərləri ilə gizli danışıqlar vasitəsilə bu SMS yarışları efirə çıxır. Burada yüz minlərlə pulun söhbəti gedir. Kim haqq verir, sənətimizi, onun keyfiyyətini aşağı salsınlar? Millətimə dəxli olmayan məsələ bütün ölkədə təbliğ olunur, üstəlik bunu camaatın pulu ilə edirlər. Mən hesab edirəm ki, bu, quldurluqdur. Bunun qarşısı alınmalıdır.
Əslində, bizdə 300 ildən bəri gedən bir antitürk düşmənçiliyi var. Bu gün də o məsələ Azərbaycanda davam edir. Mənim dilimdə, türk dilində danışan filmlər qadağan olunur. Halbuki o dili bütün millət başa düşür. Bunu hətta tərcümə eləmək gülünc bir yerə gətirib çıxarar. Bu, çox gülüncdür. Siz götürün Şəki ləhcəsini tərcümə edin Bakı danışığına. Nə deyərlər buna? Dünya söyər bizi. Deməli, türk düşmənçiliyi yenə davam edir, üstəlik bizə dəxli olmayan başqa peşələr Azərbaycanda təbliğ olunur. Bunun arxasında nə dayanır, hansı güc sahibləri dayanır, buna bizi kimlər məcbur edir? Teleradio şurası belə qərarı çıxarmazdan öncə millətin fikrini soruşsun. Millətin rəyi Azərbaycanda nəzərə alınmalıdır, yoxsa alınmamalıdır? Nuşrəvan bəy öz ətrafındakı beş-altı adamla mənim fikrimi, bütün millətimin fikrini nə cür ifadə edə bilər? Kim ona bu haqqı verir?
Dövlət müəssisəsi özü üçün deyil, dövlət müəssisəsi xalq üçündür. Sən xalqın fikrini nəzərə almadan heç vaxt bir qərar çıxara bilməzsən. Çıxarsan, bu, gülünc bir şey olar. 5 ildən, 10 ildən sonra da olsa, onu söyəcəklər və həmin qərarını ləğv edəcəklər. Xahiş edirəm, Siz bu məsələdə bizim milləti aşağı tutmayın. Burada dilimiz ayaq altına atılır, özümüz təhqir olunuruq, türklüyümüz, tarix təhrif olunur və üstəlik də mənə meyxanalar sırıyırsınız, sonra da bunu dövlətin siyasəti kimi qəbul etdirirsiniz. Mən SMS yarışı barədə də dedim. Bu, dövlətin siyasəti deyil, Azərbaycan dövləti bu yolla getmir.
Dövlət dili Azərbaycan türkcəsidir və buna da hörmət göstərilməlidir. Hesab edirəm ki, dəyişikliklər qəbul olunmalıdır, amma mənim bir az təcrübəm var, həm də dünya televiziyalarını izləyirik. Mənə elə gəlir ki, heç bir dünya televiziyasında bir saatda 6–7 dəqiqədən artıq reklam yoxdur. 12 dəqiqə həddindən artıq çoxdur və bu reklama da hökmən müəyyən məhdudiyyətlər qoyulmalıdır və reklamların keyfiyyətinə fikir vermək lazımdır. Reklamların, eyni zamanda, bizim televiziya aparıcılarının dili çox bərbaddır. Aparıcılar hansı ləhcələrlə danışırlar, bilinmir. Bunlar Azərbaycan dilində peşəkar bir məktəb keçməyiblər, jurnalistikanı, dili son dərəcə pis bilirlər. Onlar pis bildikləri dili gecə-gündüz bizim millətimizə eşitdirir və insanları bu cür də tərbiyə edirlər. Bəzən kitab satmır, gedir televiziyaya, ora da bütün qapıları onun üzünə açır.
Xahiş edirəm, bizim teleradio şurası türk dilini bu cür məhdudlaşdırmaq əvəzinə televiziya işçiləri üçün kurslar açsın, ora mütəxəssisləri, peşəkarları dəvət etsin, onlara dilimizi öyrətsinlər, başa salsınlar ki, siz ana dilimizi, bizim qanunlarımızı bilməlisiniz. Küçədə nə danışıq varsa, o danışığı da gətirirlər televiziyaya. Küçədə birinin qarşısını kəsir, sorur ki, sənin filan məsələyə münasibətin necədir? Bu adam Azərbaycan dilində danışa bilmir, fikirlərini yarı rusca, yarı azərbaycanca deyir. Ola bilər ki, bizim həyatımızda var, rus məktəbini qurtarıb, təmiz danışa bilmir. Amma sən niyə məcbur qalıb, bunu televiziyada səsləndirirsən? Bu, hansı ölkədə belədir? Məsələn, İngiltərəyə gedəsən, biri küçədə sənin sorğuna yarı ingiliscə, yarı fransızca cavab versin, sən də götürüb onu televiziyada yayasan. Addımbaşı hər saat, bütün verilişlər boyu insanların əsəbləri ilə oynayırlar. Ona görə mən xahiş edirəm, bu cür dəyişikliklərin bir istiqaməti peşəkarlığa yönəlsin və televiziyalarımızı indiki səviyyədə Azərbaycanın dövlət siyasətinə və bizim millətimizin səviyyəsinə uyğunlaşdıraq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Sağ olun, Oqtay müəllim, mənim qanun layihəsinə heç bir iradım yoxdur və ona səs verəcəyəm. Ancaq teleradio şurasının türk teleseriallarının Azərbaycan dilinə tərcümə edilməsi haqqında qərarı ilə əlaqədar mən də fikrimi bildirmək istəyirəm. Mən uzun-uzadı danışmayacağam. Sabir müəllim məsələni belə qoydu ki, televiziya və radio Azərbaycan dövlətinin siyasətini gərək aparsın, nümayiş etdirsin. Mən də Sabir müəllimlə tamamilə razıyam. Teleradio şurasının türk kinolarının Azərbaycan dilinə tərcümə edilməsinin müdafiəsi üçün yalnız bir arqument gətirəcəyəm.
Bizim Konstitusiyada yazılıbdır ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Nə Azərbaycan türkcəsi, nə də başqa bir şey yazılıb. Konstitusiya qəbul olunanda da bu məsələ ətrafında geniş mübahisələr getdi, hətta bizim bəzi yazıçılarımız, dilşünaslarımız məsələni belə qoyurdular. Son redaksiyada nəzərdə tutulubdur ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” yazılsın. Odur ki, mən teleradio şurasının bu qərarını tamamilə düzgün sayıram. Dövlət siyasətini irəli aparırıqsa, seriallar, ümumiyyətlə, Türkiyə kinoları mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır.
Mən Sabir müəllimlə o mənada da tamamilə razıyam ki, teleradio verilişlərində danışanları bir çox hallarda başa düşmək olmur. Bilmirsən ki, onlar hansı intonasiya ilə, Azərbaycan dilinin hansı ədəbi normaları çərçivəsində danışırlar. Elə bunun özü də, mən hesab edirəm, Azərbaycanda türk dilində kinoların verilməsinin bir təsiridir. Bir də, elə kanallar var ki, orada verilən kinoların tərcüməsini başa düşmək olmur. Bilmirsən, Azərbaycan dilində danışır, yoxsa türk dilində. Bütün intonasiyalarda türk ləhcəsini tətbiq edirlər. Açığını deyim, elə bizim həmkarlarımızın da bəziləri bilmirəm, bunu yüksək bir şərəf, ya nə hesab edib, o cür danışmağa can atırlar və görürük ki, onlar türk dilinə çox meyillidirlər. Mən bu fikrimi qısaca çatdırmaq istəyirdim və hesab edirəm ki, teleradio şurasının bu qərarı tamamilə yerində və düzgündür. Mən hesab ediram ki, bu məsələ ətrafında mübahisələrimizi gərək daha davam etdirməyək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Burada qanunla bağlı bir məqamı nəzərə çatdırmaq istəyərdim. Reklamla məşğul olan insanlar bilirlər ki, ümumiyyətlə, dünyanın hər yerində insanların psixologiyası ilə bağlı bu məsələdə 25-ci kadr məqamı var. Həmin kadr məqamı hansı ana qədər insanın beynində özünə yer tapa bilirsə, vaxt da onunla hesablanır. 25-ci kadr anlayışı baxımından 12 dəqiqə çox normal vaxtdır. Dünyanın bəzi ölkələrində bu vaxtı gətirib 14–15 dəqiqəyə də çatdıra bilirlər. Ona görə mən bu məsələyə düzgün yanaşır, hesab edirəm ki, 25-ci kadr baxımından 12 dəqiqə normal vaxtdır.
Mən başqa bir məqamı da demək istəyirəm. Psixologiyada belə bir fənd var. Əgər hər hansı şəxsin daxilində çox ciddi stres yaşanırsa, çox böyük gərginlik olursa, o şəxsə məsləhət görürlər ki, ürəkləri istəmədiyi halda belə gülüş doğuran bir ifadə işlətsinlər və yaxud hər hansı bir mahnını zümzümə etsinlər. Bununla üzdə olan əzələlərlə beyində neyronları hərəkətə gətirər və xoşagələn bir ab-hava yaratmış olarlar. Bu da insanın stresdən, çətin psixoloji vəziyyətdən çıxması üçün normal və sağlam bir mühit deməkdir. Bu, təkcə fərdlərə deyil, eyni zamanda, topluma da aiddir. Bu, çoxsaylı insanlar üçün uzun illərdən bəri nəzərdə tutulan bir priyomdur. Mən çox istəyərdim ki, bizim televiziyalarımızda bu məsələlər nəzərə alınsın.
Bir çox hallarda, hətta deyərdim ki, əksər hallarda televiziyalarda yalnız mənfi enerji ilə yüklənmiş xəbərlər verilir. Yanğınlar, qətllər, intiharlar və sairi əks etdirən materiallara daha çox yer verilir. Prezidentə dair bütün materialların 90 faizində bu cür neqativ enerji ilə yüklənmiş informasiyalar ötürülür. Mən bu məqamı bugünkü çağdaş, müasir dövrümüzdə dünyanı bürüyən böyük iqtisadi böhranla əlaqələndirirəm. Belə bir məqamda Azərbaycanda, Allaha min şükürlər olsun ki, çox normal və sağlam addımlar atılır. Cəmiyyətimizdə bütün işlər hələ ki öz yolu ilə gedir. Bu dövrdə biz efiri, – hökumət tərəfindən, dövlət tərəfindən insanların hər hansı bir çətin psixoloji duruma düşməməsi üçün bu qədər işlər görülürsə, – süni surətdə intiharlar, qətllər və digər məsələlərlə bağlı xəbərlərlə yükləməməliyik. Mənə belə gəlir ki, buna ehtiyac da yoxdur.
Rusiya televiziyalarında bundan çox yaxşı çıxış yolu tapıblar. Onlar belə xəbərlərin alternativi olaraq başqa müsbət, məsələn, maarifçiliyə, mədəniyyətə dair materiallara çox yer verirlər. Mən bilirəm ki, hər kəs bu xəbərlərə baxır. Çox az adam deyə bilər ki, mənim əsəblərim o dərəcədə güclüdür ki, nə bu qətllər, nə də bu intiharlar mənim əsəblərimə təsir edir, məndə hər hansı bir mənfi emosiyalar yaradır. Xahiş edərdim ki, Milli Televiziya və Radio Şurası bu məsələlərlə bağlı televiziya kanalları qarşısında öz tələblərini qoysun. Doğrudan da, psixoloji sağlamlığı olmayan əhalinin fiziki sağlamlığına da ümid bəsləmək olmaz. Ümumiyyətlə, insanın sağlamlığı üçün bu, çox vacib şərtdir. Televiziyalarda, belə demək mümkünsə, bir ailənin dərd-sərini digər ailəyə çatdırmağın mənfi təsiri də az deyildir. Hər halda bunların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Mən bu məsələni bir daha əlaqədar orqanın qarşısında qaldırır və bununla bağlı hər hansı tədbirlərin görülməsini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov, buyurun.
F. Heydərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Müzakirə olunan məsələ millət vəkillərini, bütün ictimaiyyətimizi, xüsusilə Azərbaycan dövlətinin müstəqilliyi, gələcəyi, inkişafı haqqında düşünən hər bir kəsi düşündürməyə bilməz. Çox müsbət haldır ki, burada səslənən fikirlərin əksəriyyəti bir nöqtəyə yönəlir.
Azərbaycan mətbuatı, xüsusilə radio və televiziya verilişləri bizim dövlətçiliyimizə, müstəqilliyimizə xidmət eləməlidir. Müstəqillik təkcə dövlət strukturlarına aid olan məsələ deyil, müstəqillik bütün xalqa, Azərbaycanın hər bir vətəndaşına aiddir. Buna görə də bu məsələlərdə biz bir az gərək mübahisələri azaldaq. Çox haqlı olaraq bu gün belə dəyişiklikləri edirik və mən bunların hamısını təqdir edirəm. Ancaq deyilən fikirlərin içərisində gərək verilişin hansı dildə getməsi barədə mübahisə getməsin. Çox doğru qeyd olundu ki, Konstitusiyada artıq yazılıb və dəfələrlə də deyilibdir ki, Azərbaycan dili dövlət dilidir. Bizim tarixi nailiyyətimiz olan bu dil müstəqil Azərbaycanımıza mərhələ-mərhələ inkişaf yolu keçərək gəlib çatmışdır. Sovetlər ittifaqı dövründə Azərbaycan dilinin elmi qrammatikasının yazılması, onun, demək olar ki, səlisləşdirilməsi, mətbuatda müstəqil şəkildə işlədilməsi və zənginləşməsi sahəsində çox böyük işlər görülübdür. Bizim indiki müasir Azərbaycan dilimiz belə çətinliklərlə təşəkkül tapıbdır. Bunu indi də inkişaf etdirmək, qorumaq, saxlamaq lazımdır.
Xoşagəlməz ənənələr indi hər kəsi narahat edir və onlardan uzaqlaşmaq üçün, – mən özüm də çox fikirləşmişəm, – nə etmək olar? Bizim radioteleviziya şuramız var, Mətbuat Şuramız var. Eyni zamanda dövlət orqanlarında bu sahələrlə əlaqədar işləyən qurumlar var. Bunların hamısının vahid konsepsiyası bir məqsədə yönəlməlidir. Azərbaycan dili bütün sahələrdə, həm ərazi bütövlüyümüz, həm iqtisadiyyatımız, həm də beynəlxalq siyasətimiz, müstəqilliyimiz naminə digər sahələrdə olduğu kimi, burada da qorunub saxlanmalıdır. Burada deyilən iradlar, əlbəttə, hər birimizi narahat edir. Biz nəyə görə şivələrlə mətbuatda çıxış eləməliyik? Şivələr yerlərə aid olan məsələlərdir və bunu heç kəsin əlindən ala bilməyəcəyik. Şivələr ola bilər, amma onun ədəbi dilə aidiyyəti yoxdur. Bizim müstəqil Azərbaycan dilinin qrammatikası var və bizim alimlərimiz çox böyük zəhmət sərf edərək, orfoqrafik, izahlı, tərcümə lüğətlərini yaratmışlar. Onların hər birində sözün həm birbaşa, həm də ikili və sair mənaları izah olunubdur. İzahlı lüğətimiz, dil, söz fondumuz var. Bunlardan dilin tələblərinə uyğun istifadə olunmalıdır və Azərbaycan dili qorunub saxlanmalıdır. Dil bizim müstəqilliyimizin ən möhkəm sütunlarından biridir.  
Digər məsələlər barədə də söhbət getdi. Bəli, televiziya və digər verilişlərdə xalqın adət-ənənəsinin qorunub saxlanmasına çox ciddi diqqət vermək lazımdır. Bu da bizim müstəqilliyimizin bir göstəricisidir. Biz xalqımızın müsbət, yaxşı keyfiyyətlərinə, uğurlarına nə qədər çox diqqət yetirsək, o qədər yaxşıdır. Televiziyanın artıq sərhədi, məkanı yoxdur. Televiziya, demək olar ki, bütün evlərə, bütün qapılara, bütün millətlərin dairəsinə yol tapır. Ona görə də biz gərək bu xalqı alçaltmayaq. Xalqın mənfi, qüsurlu cəhətlərini hər gün göstərməklə, göz önünə gətirməklə, necə deyərlər, müstəqilliyimizə zərər gətiririk. Bu məsələlərə ciddi diqqət verilməlidir.
Mən sizin vaxtınızı çox almaq istəmirəm, ürək sözlərimi həmişə danışmıram. Amma burada şəxsən özüm də həyəcanla danışıram, çünki bunlar məni həmişə düşündürən məsələlərdən biridir. Bu dəyişikliyi qəbul edək. Burada millət vəkillərinin, hörmətli həmkarlarımın müsbət fikirləri, xüsusilə real fəaliyyətimiz nəzərə alınsa, çox yaxşı olardı. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Biz bu gün çox önəmli qanun layihəsini müzakirə edirik. Mən televiziya reklamları, eləcə də televiziya haqqında onu demək istərdim ki, bu sahə, ümumiyyətlə, xalqımıza, millətimizə, bütövlüklə ədalətliliyin, mübarizliyin, saflığın, səmimiliyin, sadəliyin, ziyalılığın inkişafına, islam əxlaqının, milli dəyərlərin təbliğinə xidmət etməlidir.
Biz övladlarımıza həmişə tövsiyə edirik ki, elm öyrənsinlər, müasir texnologiyalara, dünyəvi dəyərlərə yiyələnsinlər, halal zəhmətlə yaşasınlar, halal işlə məşğul olmağı öyrənsinlər. Birdən televiziyada elə bir reklam gedir ki, orada uşaq deyir: “Ata, sən mənə filan yerdə mağaza aldınmı?” Məgər belə reklamı televiziyaya buraxmaq olarmı? Bu, qətiyyən bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil. Mən elə fikirləşirəm ki, müvafiq qurumlara rəhbərlik edən insanlar belə məsələlərə ciddi nəzarət etməlidirlər. Müzakirə olunan qanun layihəsinə mən də səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mən Nuşirəvan müəllimə söz верÑcÑйÑм. Əvvəlcə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu, dəqiq bir məsələdir. Əvvəllər bizim televiziyada aparıcıların işləməsi çox böyük fəxr idi. Bu işə çox hazırlıqlı adamları götürərdilər. Onların həm xarici görünüşü, həm də diksiyası, danışığı efirə uyğun gəlməli idi. Razıyam ki, bu gün belə məsələlərə çox da diqqət yetirilmir.
Milli Televiziya və Radio Şurasının bu istiqamətdə fikirləşib iş görməsinə ehtiyac var. Şura ya attestasiya keçirməli, ya da nə isə kurslar olmalıdır. Bu işdə hazırlıqlı adamlar çalışmalıdırlar. Həqiqətən də, televiziya hər birimizin evində var, efirdə diktor Azərbaycanın ədəbi dilində, yüksək nitq mədəniyyəti ilə danışmalıdır. Onun danışığı insanlara xoş təsir bağışlamalıdır. Bunun üçün gələcəkdə müəyyən işlər görmək lazımdır. Buyurun.
N. Məhərrəmov, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Televiziya yayımı cəmiyyətimizin mühüm bir sahəsini təşkil etdiyi üçün mən belə fəal müzakirənin keçirilməsini təbii qarşılayıram. Dünyada ən çox müzakirə olunan sahənin, həm də bizim teleradio şurasının dünyadakı eyni qurumlar kimi belə tənqid olunmasını təbii sayıram. Onu da bilirəm ki, televiziya və radio elə bir sahədir ki, uşaqdan böyüyə qədər hər kəs bu məsələlərlə maraqlanır.
Mən burada “Televiziya və radio yayımı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında danışmaq istəyirəm. Qanuna əlavə və dəyişikliklər təcrübədə bizim rastlaşdığımız hallardan sonra bir zərurət kimi meydana gəlib. Bir sıra millət vəkillərinin, mən bunu təəssüflə deyirəm, teleradio şurasının səlahiyyətləri ilə bağlı məsələlər barədə təsəvvürləri tam deyil. Bizə verilən səlahiyyətlər Milli Məclis tərəfindən hazırlanıb təsdiq edilmiş qanun nəticəsində həyata keçirilir. Deyilən məsələlərin çoxu teleradio şurasının səlahiyyətlərindən xaricdədir. Mən bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm.
Birinci, bu maddələrdə nəyə görə dəyişiklik edilir? Bəzi millət vəkilləri bildirdilər ki, özəl yayımçılar əgər öz əmlakını satırsa, nəyə görə bizimlə məsləhətləşməlidirlər? Qanunda müəyyən hal var ki, əgər bu, alğı-satqı obyekti olursa və bizə gəlib deyirsə ki, mən bu televiziya kanalının sahibiyəm, təsisçisiyəm, belə bir iş görmək istəyirəm. Biz ona deyirik ki, sənin məhkumluğun varmı? Deyir ki, bilmirəm. Onda deyirik ki, necə yəni bilmirsən? Deyir ki, bunu siz müəyyənləşdirin. Deməli, biz təzədən Daxili İşlər Nazirliyinə məlumat göndərməliyik. Bu da bir ay çəkir ki, bunun əvvəllər məhkumluğu olub, ya olmayıb. Bunun fəaliyyət qabiliyyətsizliyi əvvəllər məhkəmə tərəfindən müəyyənləşdirilib, yoxsa müəyyənləşdirilməyib. Bu, Azərbaycan vətəndaşıdır, yoxsa Azərbaycan vətəndaşı deyil. Siyasi partiyalarla, dini qurumlarla bağlı şəxsdir, yoxsa yox. Yəni bunu bizdən qanun tələb edir. Çox təəssüf edirəm ki, bəzi millət vəkilləri özlərinin qəbul etdiyi qanunvericiliklə bizə verilən hüquqlara bu cür yanaşırlar. Bunlar zərurətdən yaranan, daha çox texniki xarakterli əlavələrdir.
İkinci, peyk yayımı ilə bağlı məsələ. Burada da bunun dəqiqliyini başa düşmürlər. Xarici ölkə rəhbərlərinin Azərbaycana səfərləri, beynəlxalq idman turnirləri zamanı bəzi xarici ölkələrin radio və televiziya kanalları bizdən, Azərbaycandan birbaşa yayım üçün müvəqqəti icazə istəyirlər. Onlar öz maşınları üzərində avadanlıqlar qoyaraq Azərbaycan ərazisinə daxil olur və müvəqqəti, 5–10 gün ərzində yayım aparırlar. Buradakı bir dəyişiklik də həmin faktla bağlı, sırf texniki xarakterli bir məsələdir.
Üçüncü, proqram xarakterli bir əlavədir. Bizdə bəzi televiziya kanalları eyni gündə, eyni vaxtda, eyni tezlikdə iki proqramla çıxış edirlər. Proqram dedikdə, bəzi millət vəkilləri bunu başa düşməlidirlər. Proqram, ümumiyyətlə, bütün verilişlərin toplusuna deyilir. Yəni Bakıda bir kanalla, tutaq ki, futbol yarışını göstərirlər, rayonlarda isə həmin vaxtda xəbərlər verilir. Bu, faktiki iki televiziya kanalı deməkdir. Bunun qarşısını almaq üçün dəqiqləşdirməyə ehtiyac duyulur.
Burada qaldırılan bütün məsələlər, əsasən, texniki xarakterlidir. Bəzi millət vəkilləri qanunun ayrı-ayrı maddələrinə uyğun göstərirlər ki, nəyə görə 1 ay müddəti müvəqqəti sayılır, yaxud 1 il ərzində ən azı 3 dəfə sanksiya tətbiq etmək məsələsi olur. Bunlar da sırf texniki xarakterli məsələlərdir. Ola bilər ki, teleradio şurası televiziya kanalına sanksiyanı 1 il ərzində cəmi 1 dəfə, ya 10 dəfə tətbiq etsin. Bir dəfə üçün, təbii ki, onun məhkəməyə müraciət etmək hüququ yoxdur. Qanunda da onu göstərirlər ki, əgər 3 dəfə olarsa, deməli o, artıq məhkəməyə müraciət edə bilər. Bu da hüquqi baxımdan texniki xarakterli bir məsələdir.
Mən nəyə görə özəl televiziya yayımçıları ilə bağlı qaldırılan məsələdə 3 aylıq vaxt məsələsinə aydınlıq gətirmək istəyirəm? Həmin özəl yayımçı lisenziyanın sahibi olarsa, onu araşdırmaq üçün təqribən 2 ay vaxt lazımdır. Biz bununla bağlı rəsmi surətdə müvafiq dövlət orqanına, məsələn, Daxili İşlər Nazirliyinə məktub göndərməli oluruq. Yenə də onun əvvəllər məhkumluq məsələsi, fəaliyyət qabiliyyətsizliyi ilə bağlı məsələləri öyrənirik. Bundan sonra biz deyirik ki, buyurun, işlərinizi davam etdirin.
Qənirə xanımın burada sosial reklamla bağlı dediyi fikirlə mən tam razıyam. Bu çox ciddi məsələdir və son zamanlarda meydana çıxıbdır. Bizim ayrı-ayrı müvafiq dövlət orqanları televiziya kanallarına sosial reklam adı ilə çoxlu müraciətlər edirlər. Televiziya kanalları da bununla bağlı bizə sorğu edirlər ki, bunları biz necə hesab edək, reklamın içərisində verək, yoxsa ona ayrıca yer ayıraq? Bu məsələ də qanunvericilikdə öz həllini tapmalıdır. Əlaqədar təşkilatları ciddi düşündürməlidir. Bu barədə son dərəcə dəqiq qərar verilməlidir.
Reklamla bağlı burada çox danışıldı. 12 dəqiqə məsələsi, əslində Azərbaycanın mövcud qanunvericiliyində öz həllini tapıbdır. Yəni gün ərzində verilişlərin 20 faizi reklama verilir. 20 faizi də 1 saatda 12 dəqiqə deməkdir. Amma çox təəssüf ki, bizim televiziya kanallarının bəziləri bu məsələdən sui-istifadə edirlər. Onlar elə hesab edirlər ki, gün ərzində əgər 20 faizdirsə, ondan gündüz yox, axşam vaxtı istifadə etsinlər. Bu məsələnin konkretləşdirilməsinə ehtiyac olduğuna görə biz onu qaldırdıq.
Bəzi məsələlər var, Oqtay müəllim, bilmirəm, onlara da mən münasibət bildirim, yoxsa yox? Türk dili ilə bağlı məsələni deyirəm. Biz Azərbaycanda hüquqi dövlət qururuq. Biz bütün qərarlarımızı hüquqi qanunvericiliyə uyğunlaşdırırıq. Hamınız oxumusunuz, bilirsiniz ki, biz verilişlərin Azərbaycan dilinin qayda və normalarına uyğun olması haqqında qərar vermişik. Bu addım da Azərbaycan qanunvericiliyinə əsasən atılıbdır. Bu məsələlərdə biz hər hansı bir emosional fikri doğru hesab etmirik və onların da qaldırdığı məsələdə bunları bölüşürük. Ola bilsin ki, gələcəkdə bu məsələdə hüquqi cəhətdən hər hansı dəyişiklik olarsa, biz onu o cür də edə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Nuşirəvan müəllim, Siz Milli Məclisə gəlmisiniz və bizdən danışırsınız. Mən indi görürəm ki, nə üçün bizim televiziyada bəzi aparıcıların danışıqları zəifdir. Bu, elə teleradio şurasına da aiddir. Siz deyirsiniz ki, millət vəkilləri başa düşmürlər. Bir balaca, xahiş edirəm, ifadələrinizə fikir verin. Bura Milli Məclisdir və belə səhvlər buraxmayın. Burada oturanların hər biri dediklərinizi bəlkə Sizdən yaxşı başa düşür. Danışanda sözlərinizə bir az diqqətlə yanaşın.
Mən hesab edirəm ki, layihəni kifayət qədər müzakirə etdik. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.31 dəq.)

Lehinə 91
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 2
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Keçirik növbəti məsələyə. Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında. Rövşən Rzayev, buyurun.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə çıxarılan qanun layihəsi üzərində uzun müddətdir ki, parlamentin Aparatının əməkdaşları Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ilə birlikdə iş aparıblar. Bu istiqamətdə bizə ATƏT-in Bakı ofisi və ofis tərəfindən yaradılan müstəqil ekspert qrupu yardım göstəribdir. Qeyd etməliyəm ki, ekspert qrupu qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı əhəmiyyətli tövsiyələr təqdim etmişdir. Bugünkü plenar iclasa layihənin yeni, təkmilləşdirilmiş variantı təqdim edilir. Bu variantda müstəqil ekspert qrupunun əsas tövsiyələri ilə bərabər Prezident Aparatından, ədliyyə, prokurorluq, milli təhlükəsizlik, daxili işlər və digər hüquq mühafizə orqanlarından olan təkliflər də nəzərə alınıbdır. Bütün əlavə və dəyişikliklərin həyata keçirilməsində Milli Məclis Aparatının böyük zəhməti vardır.
Birinci oxunuşda qanunun məqsədi və sistemi haqqında çox müzakirələr aparılıbdır. Ona görə qanun layihəsinin əsas konsepsiyasının təqdimatına ehtiyac yoxdur. Ancaq qeyd etmək istərdim ki, qanun layihəsi tək cinayət prosesi sahəsində məhkəməyə qədər azadlıqları məhdudlaşmış şəxslərin saxlanılmasının qaydalarını deyil, həmçinin tutulmuş və həbs edilmiş şəxslərin hüquq və vəzifələrini, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlama qaydalarını, tutulmuş və həbs edilmiş şəxslərlə rəftar qaydalarını, həbsdə saxlama yerlərində vəkil və həkimlə təminat məsələlərini və sair müəyyən edir.
Qanunun gələcəkdə səmərəli tətbiqini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinin və Respublika Prokurorluğunun tövsiyələri xüsusilə nəzərdən keçirilib və qanun layihəsinin hüquqi texnikası cinayət-prosessual qanunvericiliyimizə uyğun təkmilləşdirilib. Layihə sistem və terminoloji cəhətdən mükəmməl formada hazırlanıb. Bununla bərabər qanun layihəsinə edilən əsas əlavə və dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim.
Birincisi, qanun layihəsinin adı hüquqi baxımdan daha aydın və dəqiq – “Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” Qanun kimi ifadə edilib.
İkincisi, qanun layihəsinin predmeti və əsas subyektlərinə görə, “şübhəli” və “təqsirləndirilən şəxslər” terminləri müvafiq olaraq “tutulmuş şəxs” və “həbs edilmiş şəxs” terminləri ilə əvəz edilib. Bununla bərabər, təcridxanalarda saxlanılan şəxslərin dairəsini nəzərə alaraq, layihəyə yeni subyekt əlavə edilib – “məhkum olunmuş şəxs”. Bu terminlər qanunvericilikdə yeni olduğuna görə layihənin 1-ci maddəsində onların definisiyaları verilir.
Layihənin yeni variantının 5-ci maddəsində şəxsin tutulması və həbs edilməsi əsasları Cinayət-Prosessual Məcəlləyə uyğunlaşdırılıb. Ona görə qanun layihəsinin 5-ci maddəsi yeni redaksiyada verilib.
Layihənin yeni variantında istintaq təcridxanaları və müvəqqəti saxlama təcridxanalarının təsnifatı verilir. Bu maddələrin yeni redaksiyasında saxlanılan şəxslərin dairəsi göstərilir. Məsələn, layihənin “Müvəqqəti saxlama təcridxanaları” adlanan 8-ci maddəsində Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq 48 saat ərzində saxlanılan şəxslərin kateqoriyası qeyd edilir.
Tövsiyələr nəzərə alınaraq, layihənin yeni variantında tutulmuş və həbs edilmiş şəxslərin vəkil və həkimlə təminat qaydaları təkmilləşdirilibdir. 13-cü maddədə göstərilən həbs yerlərində daxili intizam qaydaları beynəlxalq standartlara uyğunlaşdırılıbdır. Azərbaycanda bu istiqamətdə çoxsaylı, faydalı işlər həyata keçirilib. Müvəqqəti təcridxananın tikintisi də müəyyən standartlara uyğunlaşdırılır. Beləliklə, belə yerlərin 4 kvadratdan 7 kvadrata qədər tikilib hazırlanması qaydası bu gün mövcuddur. Biz layihə ilə bağlı İngiltərədə olarkən həmin yerləri gəzmişik, görmüşük. Orada da müvəqqəti təcridxana üçün 4 kvadratdan 7 kvadrata qədər sahənin müəyyən qədər normal şərait sayıldığının şahidi olmuşuq.
Fikrimcə, bu gün təqdim olunan qanun layihəsi Azərbaycanda insan hüquqlarının təminatına, bu hüquqların səmərəli müdafiəsinə xidmət edəcəkdir. Təklif edirəm, layihəni ikinci oxunuşda qəbul edəsiniz və səs verəsiniz.
Eyni zamanda, bildirmək istəyirəm ki, bu qanun layihəsi çoxlu maraq kəsb edir. Biz hesab edirik ki, bunun üzərində bir az da işləməliyik. Hörmətli millət vəkillərinə müraciət edərək bildirmək istəyirəm ki, yeni təkliflər, fikirlər varsa, biz onların hamısını qəbul etməyə hazırıq. Layihə üzərində işləyib üçüncü oxunuşa daha mükəmməl sənəd təqdim etməyə çalışacağıq.
Biz ATƏT-in Bakı ofisinə müraciət etmişik. Avropadan ekspert də dəvət olunub. Onunla da biz bu layihə üzərində işimizi davam etdiririk. Təkliflər olarsa, biz bunların hamısına geniş şəkildə baxıb üçüncü oxunuşa daha təkmil variant təqdim etməyə hazırıq. Bütün millət vəkillərindən xahiş edirəm, təqdim olunan layihənin ikinci oxunuşda qəbul edilməsinə müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə minnətdaram.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin V. Ələsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm, Rövşən müəllim. Qanun layihəsini səsə qoyub əsas kimi qəbul edək, sonra, Elmira xanım, Sizə söz verilər. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.38 dəq.)

Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Mənə elə gəlir ki, bu çox aktual qanundur, layihə də müfəssəl işlənilib, əhatəlidir. Həbs və məhkum olunmuş şəxslərin hüquqlarını, eyni zamanda, vəzifələrini əhatə edir, dəqiqləşdirir. Mən bu qanun layihəsini müsbət dəyərləndirirəm. Bununla belə bir sıra təkliflərimi vermək istərdim.
 17-ci maddədə deyilir ki, tutulmuş və ya həbs edilmiş şəxslər “1 saatdan az olmayan müddətə gündəlik gəzintidən istifadə etmək” hüququna malikdirlər. Təklif edirəm, buraya “idmanla məşğul olmaq” sözləri də əlavə edilsin. Yetkinlik yaşına çatmayanların hüquqlarından bəhs edilən 31-ci maddədə idman məşqləri haqqında bənd var, lakin digər yaş kateqoriyasından olan məhbuslar bu qanun layihəsinə görə idman məşqlərindən məhrum ola bilərlər. Ona görə də idmanla məşğul olmaq hüququ mütləq qanun layihəsində öz əksin     tapmalıdır. Bilirsiniz ki, sovet vaxtından fərqli olaraq indi məhbusların çoxu işləmir, islah-əmək müəssisələrində yerləşən sexlərin və istehsalatın çoxu bağlanıb. Belə olan halda məhbusların asudə vaxtlarını keçirdikləri yeganə vasitə televiziya və idmandır. Ədalət naminə deməliyik ki, islah-əmək müəssisələrinin rəhbərlikləri idmanla məşğul olmaq üçün məhbuslara şərait yaradır. Yerlərdə açıq meydançalar, bağlı zallar quraşdırılır və sair. Həmin bəndi qanuna salsaq, bu proses daha da sürətlənəcək və idmanla məşğul olmaq məhkumları zərərli vərdişlərdən, siqaretdən, narkotikdən uzaqlaşdıracaq.
Bundan başqa, mən 17-ci maddəyə mütləq işləmək hüququnu da daxil edərdim. Düzdür, başqa maddədə deyilir ki, islah-əmək müəssisələrində işləmək könüllüdür. Lakin bu hüquq hər halda məhbuslara verilməlidir. Mən Əfv komissiyasının üzvü kimi, həm respublikada yerləşən, həm də xaricdəki islah-əmək müəssisələrində olmuşam, vəziyyəti bilirəm.
Bizim məhbuslarımızın çoxu işsizlikdən bezib, işləmək istəyir. 1970–1980-ci illərdə koloniyalarda mebel sexləri, məişət avadanlığı düzəldən sexlər fəaliyyət göstərirdi. Məhbuslar orada işləyib evə pul da göndərə bilirdilər, öz tələbatları üçün vəsait əldə edirdilər. İndi hökumətimiz işsizliyi aradan qaldırmaq kimi problemi uğurla həll edir. İstərdim ki, 10, bəlkə də 100 minlərlə azadlıqdan məhrum edilmiş və işləmək həvəsi, işləmək qabiliyyəti olan insanların işlə təmin olunması problemi də tədricən həll edilsin. Bu mənada Avropa ölkələrinin təcrübəsindən bəhrələnmək olardı. Bir çox Qərb ölkələrində islah-əmək müəssisələrində iş yerlərini açmaq özəl sektora həvalə olunur, icazə verilir. Buna xüsusilə açıq tipli məntəqələrdə, ümumi rejimli koloniyalarda daha çox yol verilir. Bu halda iş adamlarına müəyyən güzəştlər edilir, onlardan alınan vergi azaldılır və sair. Bizdə də belə üsula əl atmaq olardı. Hər halda belə yerlərdə işsizlik problemi, inanın, ən çətin və aktual problemdir. Asudə vaxtın çoxluğu bir çox hallarda məhbuslar tərəfindən təkrar cinayət törədilməsinə gətirib çıxarır.
 17.2.5-ci maddədə məhbusun ayda bir dəfə telefon danı-şıqlarından istifadə etməsinə icazə verilir. Mən təklif edərdim ki, bu bəndə yenidən baxılsın və heç olmasa, ayda 2-3 dəfə icazə verilsin, çünki məhbusluğun ən ağır nəticələri ailə ilə tellərin qırılmasıdır. Ona görə də bu telləri mümkün qədər qorumaq və saxlamaq lazımdır.
Ən əsas iradım ondan ibarətdir ki, bu qanun layihəsi, mənə elə gəlir, yenə də yetkinlik yaşına çatanlara orta və ali təhsil almaq hüququ vermir. Bu çox qüsurlu bir cəhətdir. Yalnız 17.1.17-ci maddədə yazılır ki, məhbuslara “müstəqil təhsilalma ilə məşğul olmaq və bu məqsədlə xüsusi ədəbiyyatlardan istifadə etmək” hüququ verilir. Halbuki inkişaf etmiş ölkələrin hamısında, həmçinin Rusiyada məhbusların orta və hətta ali təhsil almaq hüququ var. Ona görə biz də mütləq bu bəndi əlavə etməliyik. Biz bu bəndi əlavə etməklə məhbuslara istisna kimi yox, bir qayda olaraq, təhsil almaq hüququ verməliyik. Bu bəndi salmasaq, qanun yarımçıq olacaq və Avropa standartlarına cavab verməyəcək. Bir-iki il keçəcək, təhsillə bağlı bəndi qanuna əlavə edəcəyik. Gəlin bu əlavəni edək və onda bu qanun, doğrudan, Avropa standartlarına cavab vermiş olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Elmira xanım. Elmira xanım, Sizdən də, çıxış edən digər deputatlardan da bir xahişim var. Təkliflərinizi, iradlarınızı yazılı şəkildə təqdim etsəniz, komissiya və müvafiq şöbələr öz işlərində bundan düzgün istifadə edər, verdiyiniz təklifləri yaddan çıxara bilməzlər. Xahiş edirəm, təkliflərinizi yazılı şəkildə təqdim edəsiniz. Söz verilir deputat İltizam Əkbərliyə.
İ. Əkbərli. Təşəkkür edirəm, Valeh müəllim. Hörmətli deputatlar! Mən də hesab edirəm ki, bu gün müzakirəmizə həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının və azadlıqlarının təmin olunması ilə bağlı müfəssəl hazırlanmış qanun layihəsi çıxarılmışdır. Bu qanun layihəsində saxlama yerlərinin hüquqi rejimi, saxlanılan şəxslərin hüquqlarının, o cümlədən mülki hüquqlarının müdafiəsi ən arzuolunan formada yazılmışdır. Mənim bir sıra təkliflərim vardır. Mən də bu təklifləri nəzərinizə çatdırmaq istəyirəm.
Toxunacağım birinci məsələ tibbi yardımla bağlıdır. Qeyd etmək istəyirəm ki, rayon polis şöbələrinin müvəqqəti saxlama kameralarında saxlanılan şəxslərin zəruri tibbi yardım almaq imkanları xeyli məhduddur. Belə ki, iş saatlarından sonra gecə saatları və xüsusilə istirahət vaxtlarında zəruri tibbi müayinəyə və müalicəyə ehtiyac yarananda rayon xəstəxanalarından tibb personallarının dəvət olunması çətinləşir və nəticədə saxlanılan şəxslərin müayinəyə və müalicəyə ehtiyacı olduğu halda onları kamera şəraitində müalicə, müayinə etmək mümkün olmur. Eyni zamanda, onların xəstəxanaya köçürülməsinə də yol verilmir. Mənə elə gəlir ki, bu məsələyə aydınlıq gətirilməlidir.
Rayon polis şöbələrinin müvəqqəti kameralarında saxlanılan şəxslərin qohumları ilə görüşmələri üçün heç bir şəraitin yaradılmaması, onların hüquqi müdafiə ilə təmin olunmaları üçün lazımi tədbirlərin görülməməsi nəzərdən qaçırılmamalıdır. Bu problemləri həll etmək üçün layihədə müvafiq maddələr olmalıdır.
Mənim toxunacağım ikinci məsələ müvəqqəti saxlama yerlərində xüsusi yerlərin ayrılması ilə bağlıdır. Təbii, tutulan və təqsirləndirilən şəxslərin qanuni nümayəndələri ilə və yaxud müdafiəçiləri ilə görüşmələri üçün saxlama yerlərinin müdiriyyəti tərəfindən həmin yerlərdə xüsusi yerlər ayrılmalıdır. Hal-hazırda ayrı-ayrı müvəqqəti saxlama yerlərində bu yerlər ayrılır. Hesab edirəm ki, bu müddəa qanunda da öz əksini tapmalıdır. Əgər bu müddəa qanunda olmasa, onda ayrılan həmin yerlər qanunsuz sayıla bilər.
Toxunacağım digər məsələ müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin məruz qaldıqları təsirlərlə, təzyiqlərlə, zorakılıq halları ilə bağlıdır. Məlumdur ki, tutulan və təqsirləndirilən şəxslərin müvəqqəti saxlama yerlərində ən çox rastlaşdıqları neqativ hallardan biri ondan ibarətdir ki, onlar həmin yerlərdə məruz qaldıqları zorakılıq halları barədə istintaqa, prosessual rəhbərliyi həyata keçirən prokurora vaxtında operativ məlumat vermək imkanından məhrumdurlar. Praktika göstərir ki, əgər saxlanılan və tutulan şəxslər belə zorakılıq halları ilə rastlaşıblarsa və onların müdafiəçiləri yoxdursa, onlar bu haqda məlumatı ancaq məhkəmədə vermək imkanı qazanırlar. Heç kimə də sirr deyil ki, zaman etibarilə məhkəməyə qədər bu zorakılıq əlamətləri saxlanılan və tutulan şəxsin bədənindən silinib gedir və əksər vaxtlarda bunları sübut etmək mümkün olmur.
Düzdür, yeni layihədə poçt rabitəsinin yaradılması haqda müvafiq bənd vardır. Ancaq mən hesab etmirəm ki, bu bənd mənim qaldırdığım problemin müsbət həll olunmasına kömək edəcəkdir. Ona görə də hesab edirəm ki, layihədə müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin rastlaşdıqları zorakılıq halları ilə bağlı operativ və vaxtında prokurora məlumat vermək imkanlarını təmin edən müvafiq bənd olmalıdır. Məsələn, müvəqqəti saxlama yerlərində ancaq prokurorluq orqanlarının aça biləcəyi poçt qutusunun qoyula bilməsi və sair formada, elə bilirəm ki, bu məsələni həll etmək mümkündür. Mən hesab edirəm ki, ümumiyyətlə, 20-ci maddə yenidən işlənməlidir.
Burada 20.1-ci bənd vardır. Qeyd etmək istəyirəm ki, bu bəndə uyğun olaraq ərizə və şikayətlərin müvəqqəti saxlama məntəqələrinin müdiriyyəti tərəfindən göndərilməsi şəxslərin hüquqlarının pozulması barədə məlumatların obyektiv və vaxtında çatdırılmasını təmin etməyəcək. Bu maddənin məzmunu qaneedici deyildir. Eyni sözləri 20.2-ci maddə haqqında da demək olar, kim zəmanət verə bilər ki, bu maddə işləyəcəkdir? Ümumiyyətlə, bu maddədə göstərilənlərin real təminatı yoxdur.
20.5-ci maddəni misal gətirmək istəyirəm. Mənim üçün aydın deyil ki, niyə təkliflərə, ərizə və şikayətlərə verilən cavablar tutulan və təqsirləndirilən şəxslərə iltizam alınmaqla elan olunmalıdır? Mən hesab edirəm ki, verilən cavablar istisnasız olaraq tutulan və müvəqqəti saxlanılan şəxslərə, özü də cavabların surətləri yox, əsli verilməlidir. Əgər belə olmayacaqsa, şübhə etmirəm ki, bundan sui-istifadə halları mütləq olacaqdır. Nəhayət, bir təklifim də 50.2-ci maddə ilə bağlıdır. Hesab edirəm ki, bu maddədə ictimai nəzarətin mahiyyəti açıq göstərilməli, ictimai nəzarəti həyata keçirə biləcək şəxslərin dairəsi konkret müəyyənləşməlidir. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Hörmətli Rövşən müəllimin çox yüksək səviyyədə təqdim etdiyi bu qanun layihəsi Azərbaycan qanunvericiliyi üçün xüsusi əhəmiyyət daşımaqla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tərkib hissəsi ola biləcək, habelə Cinayət-Prosessual Məcəlləsində insan hüquqları baxımından nəzərdə tutulmuş bir sıra məsələlərin daha da dəqiqləşdirilməsi və təkmilləşdirilməsi baxımından çox mühüm bir əhəmiyyət kəsb edəcəkdir. Birinci oxunuşdan sonra bu layihə üzərində çox böyük iş aparılıb və layihə daha da təkmilləşdirilib. İkinci oxunuşa hazırlanması ilə bağlı görülən bütün işlər hörmətli Rövşən müəllimin təqdimatında geniş şərh olundu.
Mən çıxışımın əvvəlində qeyd etmək istəyirəm, hörmətli Elmira xanım da irad tutdu ki, məhbusların əmək hüquqları ilə əlaqədar onlara işləmək imkanı yaradılmalıdır. Bununla bağlı məsələlər Cəzaların Çəkilməsi Məcəlləsinin predmetinə aid olan məsələlərdir və bunlar bizim qanunvericilikdə var. Burada prosessual baxımdan təqsirləndirilən şəxslərdən söhbət gedir.
Komissiyada bu məsələ müzakirə olunanda hətta alternativ layihələrə də baxdıq. Mən əminəm ki, 14.2.17-ci maddədə bir balaca texniki qüsur var. Burada yazılır: “həbs yerlərində vəfat etmiş şəxslərin cəsədinin verilməsi”. Mən layihə ikinci oxunuşa hazırlanarkən komissiyanın iclasında da bunu demişdim. Cinayət-Prosessual Məcəlləsində olduğu kimi, “meyit” sözündən istifadə etmək lazımdır. Söhbət ruhsuz insan bədənindən gedirsə, onun “cəsəd” adlandırılması düzgün deyil. Təəssüf ki, bir sıra kütləvi informasiya vasitələrində də “cəsəd” sözündən istifadə olunur. Amma ruhsuz insan bədəni nəzərdə tutularkən “meyit” sözündən istifadə etmək daha düzgündür. Cinayət-prosessual qanunvericiliyində də “meyit” sözündən istifadə edilir. Müzakirə zamanı layihədə “meyit” sözü yazılmışdı. Bu texniki yanlışlığı, düşünürəm, hörmətli Rövşən müəllim nəzərə alacaq.
Bundan başqa, əgər hörmətli həmkarlarımın yadındadırsa, keçən ilin yaz sessiyasında biz Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edən zaman təqsirləndirilən şəxslərə və məhkumlara aktiv seçki hüququnun verilməsi barədə Seçki Məcəlləsinə müddəalar əlavə etdik, yəni onlara seçmək hüququ verdik. Ona görə də mən düşünürəm ki, təqsirləndirilən şəxslərin hüquqlarına dair 17-ci maddədə onların aktiv seçmək hüququna malik olmalarına dair müddəa bu qanun layihəsində öz əksini tapmalıdır. Eyni zamanda, obyektiv, şəffaf seçkilərin keçirilməsinə, daha doğrusu, bu seçkilərin təşkil olunmasına dair müddəa azadlıqdan məhrumetmə yerlərinin müdiriyyətinin vəzifələri sırasında öz əksini tapmalıdır. Mən çıxışımın sonunda hörmətli həmkarlarından xahiş edirəm ki, bu qanun layihəsinin xüsusi əhəmiyyətini nəzərə alaraq onun qəbul olunmasına səs versinlər. Hörmətli Sədr, əgər hörmətli həmkarlarım etiraz etmirlərsə, layihəni səsə qoymaq daha düzgün olardı.
Sədrlik edən. Çıxışa yazılanlardan təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gövhər xanım təkid edir. Buyurun, Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Hörmətli həmkarlarım kimi mən də hesab edirəm ki, bu qanun layihəsi çox yüksək səviyyədə hazırlanıbdır. Demək olar ki, bu məsələyə aid bütün xırdalıqlar əhatə olunubdur. Mən vaxtınızı çox almaq istəmirəm, lakin məni narahat edən bir məsələ haqqında danışmaq istərdim. Bu da 30-cu maddədə əksini tapmış tutulmuş və ya həbs edilmiş qadınların həbs yerlərində saxlanılmasının xüsusiyyətləri barədədir. 30.3-cü bənddə yazılıbdır: “Tutulmuş və ya həbs edilmiş qadın həbs yerinin rejimini müntəzəm və ya qəsdən pozduqda...” Bu məsələ bir qədər sual doğurur. Qadın bu rejimi hansı hallarda müntəzəm və qəsdən pozur? Yəni məhkum qadına çox asanlıqla sübut oluna bilər ki, sən məhz bu qaydaları pozdun. Mən hesab edirəm ki, qadına münasibətdə bütün qanunlarımız daha mərhəmətli olmalıdır. Bütün bu işlər son dərəcə aşkarlıq şəraitində görülməlidir. Təcrübə göstərir ki, qadınlar çox az hallarda cinayət törədirlər, amma adətən bunlar ağır cinayətlər olurlar. Mən hesab edirəm ki, bizim qanunvericilik qadına münasibətdə mərhəmət göstərməlidir. Mənimlə razılaşarsınız ki, əksər hallarda qadın cinayəti törətməyə məcbur edilir. Ağır həyat şəraiti, ailə, məişət zəminində bir çox cinayətlər törədilir, cana doymuş qadın bu cinayətlərə əl atır. Xüsusən anaya, körpə uşaqları olan qadına bu məsələlərdə dövlət daha çox mərhəmət göstərməlidir.
Oqtay müəllim, ümumiyyətlə, seçicilərlə görüşlərdə bir məsələ də qalxır. Seçicilər etiraf edirlər ki, Milli Məclis çox yüksək səviyyədə qanunlar qəbul edir. Lakin bu qanunların işləmə mexanizmləri barədə bir çox şikayətlər var. Hesab edirəm ki, təqdim olunmuş qanun layihəsi də çox yüksək səviyyədə hazırlanıb. Amma bu qanun mütləq işləməlidir. Biz elə bir mexanizm yaratmalıyıq ki, bu qanun tam aşkarlıq şəraitində tətbiq oluna bilsin.
Burada hörmətli Rafael müəllim dedi ki, “cəsəd” sözünün yerinə “meyit” sözü işlənilsin. Mən hesab edirəm, bu, düzgün deyil. Rus dili ilə müqayisə etsək, “cəsəd”–“тело”, “выдать тело”, yəni “rəhmətə getmiş şəxsin cəsədini vermək” kimi deyilə bilər. Burada məhz “cəsəd” sözü yerində işlədilmişdir, “meyit” sözü burada yerinə düşmür.
Elmira xanım dedi ki, məhkumlar və tutulmuş şəxslər ailələrindən ayrı düşürlər. Ayda bir dəfə zəng etmək, telefonla danışmaq çox azdır. Əlbəttə, biz gərək humanizm nöqteyi-nəzərindən çıxış edək. Onlara ayda iki-üç dəfə ailəsi ilə əlaqə saxlamaq hüququ vermək çox yaxşı olardı. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gövhər xanım, Siz gördünüz ki, Milli Məclis tərəfindən Mehriban xanımın təşəbbüsü ilə qəbul olunan amnistiya aktı həbsdə olan qadınların 63 faizinə şamil edildi. Yəni bunlara da diqqət verilir.
Bildiyiniz kimi, bu, qanun layihəsinin ikinci oxunuşudur, ona görə də fəsillər ayrı-ayrı səsə qoyulub qəbul edilməlidir. Qanun layihəsi 5 fəsildən ibarətdir. Xahiş edirəm, I, II fəsillərə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.58 dəq.)

Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: qəbul edildi

Çox sağ olun. III, IV fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.59 dəq.)

Lehinə  102
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  104
Nəticə: qəbul edildi

Çox sağ olun. V fəslə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.59 dəq.)

Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  98
Nəticə: qəbul edildi

Çox sağ olun.
Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 15.00 dəq.)

Lehinə 100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Fasiləsiz işləmisiniz, bilirəm, yorulmusunuz, çox sağ olun. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU