28.04.2009 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  111

Mill Məclisin  iclas  salonu.
28  aprel  2009-cu  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

F. Əsədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi.
A. Həmzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maliyyə İdarəsi rəisinin müavini.

* * *

H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M. Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
F. İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Rumıniya və Bolqarıstan Respublikasının Avropa İttifaqına qəbul olunması ilə əlaqədar, bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birlikləri və onların üzvü olan dövlətlər arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” Sazişə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Rumıniya və Bolqarıstan Respublikasının Avropa İttifaqına qəbul olunması ilə əlaqədar, bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birlikləri və onların üzvü olan dövlətlər arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” Sazişə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
9. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28  aprel  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.04 dəq.)
İştirak edir  96
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.05 dəq.)

Lehinə  95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəlikdə 14 məsələ – 7 saziş və qanunlara dəyişikliklər, eləcə də Hesablama Palatasının hesabatı var. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, gündəlik ətrafında polemika açmayaq. Buyurun, yazılın. İqbal Ağazadə, buyurun.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən çox aktual olan iki məsələyə toxunmaq istərdim. Birincisi, bu günlərdə Prezidentin yanında keçirilən müşavirədə Bakı şəhərinin yaşıllaşdırılması məsələlərinə münasibət bildirildi, ağac kəsilməsi və şəhərdə yaşıllıqların məhv olması ilə bağlı mövqe ifadə olundu. Qəti şəkildə tapşırıldı ki, bu məsələlərə son qoyulsun. Hər halda mən hesab edirəm ki, yaşıllıq hər bir Azərbaycan sakini üçün çox vacibdir. Amma çox təəssüflər olsun ki, bu tapşırıqdan sonra məktəblərin hamısına göstəriş veriblər, ağac almaq və yaşıllaşdırma üçün şagirdlərdən pul yığılır. Niyə bu tipli tədbirlərin hamısını qeyriqanuni yollarla və sərəncamlara, göstərişlərə uyğun olmayaraq, əslində, hər hansı bir adamın istəyinə uyğun həyata keçirirlər? Mən hesab edirəm ki, həm Milli Məclisin rəhbərliyi, həm də səlahiyyətli qurumlar bu məsələyə ciddi münasibət bildirməlidirlər. Hesab edirəm, tapşırıq buna görə verilməyib ki, ağac alınması üçün, – çox baha qiymətə də ağaclar alınır, – orta məktəb şagirdlərindən pul yığılsın. Oqtay müəllim, Siz Milli Məclisin rəhbəri kimi bu məsələyə müdaxilə etməlisiniz. Səlahiyyətli qurumlar bu məsələnin qarşısından geri çəkilməli və üzərlərinə düşən vəzifəni qanun çərçivəsində yerinə yetirməlidirlər.
İkinci məsələ son günlər pensiyaçıların və büdcə təşkilatlarında çalışanların böyük əksəriyyətinin uzun müddətdir təqaüd və maaş almaması ilə bağlıdır. Xeyli müddətdir, ayrı-ayrı büdcə təşkilatlarında çalışan adamlar maaşlarını ala bilmirlər. Başa düşürəm, ola bilsin ki, çətinlik var. Amma maaş almaq üçün müraciət edən adamlara işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gəlinməsi nə dərəcədə qanunauyğundur? Mən ad çəkmək istəmirəm, amma israr edərlərsə, həmin müəssisələrin adlarını da deyərəm. Adamlar artıq neçə aydır maaşlarını ala bilmirlər, nəticə etibarilə də qorxudulur, işdən çıxarılmaq təhlükəsi ilə hədələnirlər. Mən hesab edirəm, bu məsələyə də ciddi şəkildə aydınlıq gətirilməli, maaşların bu və ya digər şəkildə verilməsi üçün tədbirlər görülməlidir. Vətəndaşların üzərinə bu şəkildə heç kim getməməli, iş yerlərinin itirilməsi ilə bağlı onlarda hər hansı bir qorxu yaradılmamalıdır. Çox sağ olun.
Sədrlik edən. İqbal bəy, birinci, büdcə təşkilatlarında maaş verilməməsi məsələsi yoxdur. Bizim büdcədə nə kəsirimiz var, nə də problemimiz. Ona görə haradasa müəyyən səbəblərdən baş verən bir hadisəni ümumiləşdirmək düzgün deyil. Əgər belə bir məsələ varsa, deyin, məşğul olsunlar. Deyirsiniz ki, “büdcə təşkilatlarında maaşlar verilmir, insanları işdən çıxarırlar”. Bu, mümkün deyil. Zahid Oruc.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sizin diqqətinizi 24 apreldə Amerika Birləşmiş Ştatları Prezidentinin erməni xalqına müraciəti ilə bağlı bir sıra məsələlərə cəlb eləmək istəyirəm. Bilirsiniz ki, həmin müraciətdə 1,5 milyon erməninin qəddarlıqla qətlə yetirilməsindən, həmçinin Amerika Prezidentinin bu tarixə münasibətinin dəyişmədiyindən, erməni xalqının istedadından, dinamikliyindən və başqa məsələlərdən söhbət açılır. Düşünürəm ki, bununla bağlı bizim ümumi siyasətimizə təsir edəcək məqamlar var. Əlbəttə, səbəblər bizə bəllidir, bu, türk dünyasını, türk cəmiyyətini daim təsir altında saxlamaq vasitəsidir. Ermənilər üçün də bu, dövlət quruculuğunun mühüm bir ideologiyasıdır. Amma mənə elə gəlir, ayrı-ayrı dairələr daha çox ona çalışırlar ki, Ermənistanı maddi baxımdan Türkiyənin boğazına bağlasınlar. Bu fəaliyyətin hədəfi ondan ibarətdir.
Mənim aləmimdə bu məsələdə bizim siyasətimizə zərər gələn iki istiqamət var. Birinci, bizim rəsmi, elmi, tarixi istiqamətimiz ondan ibarətdir ki, ermənilərin bu bölgəyə gəlməsi onun Birinci dünya müharibəsində Rusiyanın beşinci koloniyası olması kimi fəaliyyətindən qaynaqlanıb. Amma indi Barak Obamanın müraciətində isə ermənilərin köçürülməsinin ağırlıqlarından və onların faciəsindən danışılır. Bu məsələ Ermənistanın, ermənilərin Qarabağ məsələsində də mövqeyini gücləndirir. Kimsə düşünməsin ki, bu, təkcə Türkiyəyə yönəli bir addımdır. Sonrakı günlərdə, cənab Sədr, ermənilər Ağ evin elektron poçtuna, konkret olaraq Amerika Prezidentinə minlərcə müraciət göndəriblər. Düşünürəm ki, Azərbaycan cəmiyyətində də gözləmə mövqeyi tutulmamalıdır. Türkiyə siyasi iqtidarının siyasəti fonunda kimlərinsə bu problemin varmı-yoxmu qarşılığı olaraq Azərbaycan cəmiyyətinin bu məsələdə türk cəmiyyəti ilə bərabər olduğunu göstərməsinə və Amerika rəhbərliyinə minlərcə müraciət göndərməsinə ehtiyac var. Mən bütün qeyri-hökumət təşkilatlarına, media mənsublarına, Azərbaycanın xaricdə yerləşən diasporlarına müraciət edirəm. Biz düşünməliyik. 1992-ci ildən bu yana Amerika rəhbərləri ermənilərə ona görə müraciət edirlər ki, onlar bunu qazandılar. Biz, gəlin, fəaliyyətimizlə gələn il fevralın 26-da Amerika Prezidentinin Azərbaycan xalqına Azərbaycan dilində müraciət etməsinə nail olaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc, biz burada danışmaqla Amerika Prezidentinin fikirlərini dəyişə bilmərik. O öz fikrini dedi, hamı da buna münasibətini bildirdi. Türkiyənin Baş naziri də, Türkiyənin Prezidenti də – hamı öz fikrini bildirdi.
O ki qaldı ermənilərin fəallığına, bəli, bu belədir, gəlin, bunu boynumuza alaq. Onlar işləyirlər, biz işləmirik. Onların xaricdə diasporları da yaxşı işləyirlər. Bunun üçün özümüzü qınamalıyıq. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Bir ifadə işlətsəm, yəqin ki, məni bağışlayarsınız. Dünyada siyasi proseslərdə atılan addımlarda siyasi ləyaqətsizliklər çoxdur. Tamamilə doğru deyirsiniz, burada müzakirə eləməklə onun qarşısını almaq mümkün deyil. Sadəcə olaraq, Azərbaycanın özünün uğurları, nailiyyətləri, ölkə rəhbəri tərəfindən sosial-iqtisadi problemlərə göstərilən diqqət, müəyyən siyasi proseslərə verilən mesajlar, necə deyərlər, istər Türkiyə–Ermənistan, istərsə də Amerika–Türkiyə münasibətlərinə, ümumiyyətlə, Rusiyanın, Amerikanın, İranın dünya siyasətindəki roluna baxışlar göz qabağındadır. İndi bir vacib məsələ var ki, Azərbaycan qlobal iqtisadi böhran şəraitində tarazlığını, durumunu necə saxlayır? Biz dəfələrlə Milli Məclisdə, mətbuatda bu barədə fikirlərimizi söyləmişik. Dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda sosial-iqtisadi problemlərin həllində və imzalanan sosial-iqtisadi proqramların həyata keçirilməsində lənglik, yubanmalar yoxdur. Mən hesab edirəm, bu, Allahın bizə bəxşişi, mükafatıdır.
Cənab Sədr, burada mənim həmkarlarım tərəfindən dəyərli fikirlər səslənir. Mən bizə ayrılan yarım saat vaxtın əleyhinə deyiləm, çox sağ olun. Amma bəzən bizim hörmətli mətbuat işçiləri tərəfindən burada səslənən fikirlər bir az başqa, hər kəsin özünün düşündüyü mənada dərc olunur. Bəzən bizim dediklərimiz təhrif edilir. Mən bunun şahidi olmuşam, parlamentdəki çıxışım təhrif edilmişdi. Müraciət etmişəm və məhkəmə hədələrindən sonra düzəliş veriblər. Biz imkan verməməliyik ki, iqtisadçılar, siyasətçilər tərəfindən burada səsləndirilən qlobal, nəhəng fikirlər cəmiyyətə başqa formada çatdırılsın. Bizim çox mühüm qanun layihələrimiz var. Biz onlarla bağlı da danışa bilərik. Bəli, bəzi qanunlar qəbul olunub, amma digərləri qəbul olunmadığına görə qanunlar tam gücü ilə işləyə bilmir...
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən ilk öncə Sizə təşəkkür eləmək istəyirəm ki, parlamentdə təmsil olunan partiyaların nümayəndələrinin dəvəti ilə Türkiyədən təşrif buyurmuş millət vəkillərinin burada qarşılanmasında texniki məsələlərin həllində Milli Məclisin rəhbərliyi, o cümlədən Milli Məclisin Aparatı bizə lazımi köməklik etdi. Amma yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bizim mətbuat xidməti bir məsələni nəzərə almalıydı. Millət vəkilləri ilə “Space” televiziyasına getmişdik, Türkiyə–Ermənistan problemlərindən danışılırdı. “Space”-in aparıcısı qonaqların yanında Fəzail müəllimdən Türkiyənin və Ermənistanın xarici işlər nazirlərinin adlarını soruşurdu. Xahiş edirəm, bundan sonra bizim mətbuat xidməti televiziyaya çıxarkən bir az diqqətli olsun. Elə televiziyalar var ki, onların rəhbərləri öz məsuliyyətlərini dərk edirlər və bu tipli proqramlara aparıcılar seçərkən onların qabiliyyətini, peşəkarlığını nəzərə alırlar, kadrları başqa prinsiplərlə seçmirlər.
Yeri gəlmişkən, dünən eşitdim ki, ANS televiziyasının müxbirləri öz peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qalıblar. Bu, ölkənin imicinə xələl gətirən, ölkədə qanunun aliliyini pozan bir haldır. Ona görə istərdim ki, Milli Məclisin rəhbərliyi də bu məsələni diqqətdə saxlasın və həmin şəxslər cəzalarını alsınlar.
Oqtay müəllim, istəyirəm, daha bir məsələni millət vəkillərinin diqqətinə çatdıram. Sayın Ərdoğan deyir ki, Türkiyə ilə Azərbaycanın arasına fitnə salmaq istəyən qüvvələr var. Mən hesab edirəm ki, bu qüvvələr, doğrudan da, var və bu qüvvələr Türkiyə ilə Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə ilə Ermənistan sərhədini açmaq istəyənlərdir. Sayın Ərdoğan bizim millət vəkillərini, xüsusilə xanım millət vəkillərini təhqir elədi. Mən hesab edirəm ki, bizim Beynəlxalq şöbə əlaqə saxlamalıdır, Sayın Ərdoğan üzr istəməlidir. O, üzr istəməsə, dediyi sözlərin hamısını onun özünə aid eləmək lazım gələcək. Bir də, bizim Konstitusiyaya və Təhsil qanununa uyğun olaraq orta təhsil müəssisələrinə test yolu ilə şagird qəbulu qadağandır. Amma xarici ölkələrin vətəndaşlarının burada təsis elədikləri orta təhsil müəssisələrinə test üsulu ilə Azərbaycanın ən qabiliyyətli uşaqları seçilib, götürülür. Sonra da deyirlər ki, bizim məktəbi qurtaranların hamısı instituta qəbul olundu. Burada təhsil haqları da çox yüksəkdir. Dövlətimizin gələcəyi, o təhsil müəssisələrinin dinə meyilliyi nəzərə alınaraq belə təhsil müəssisələri dövlət tərəfindən milliləşdirilməlidir. Mən hesab edirəm ki, Milli Məclis bu məsələyə də xüsusi diqqət yetirməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət bəy, birincisi, Milli Məclisin mətbuat xidməti hər hansı bir televiziyanı seçmir, televiziyaların özləri dəvət edirlər. İkincisi, Ərdoğanın çıxışına mən də qulaq asmışam, amma belə şey eşitməmişəm. Ərdoğan heç də Azərbaycanın qadın millət vəkillərini təhqir eləməyib. Bu məsələləri qızışdırmaq lazım deyil.
Ərdoğan öz fikrini dedi. Deyildi ki, Türkiyədən Azərbaycana gələnlərin və Azərbaycandan Türkiyəyə gedənlərin bəziləri başqa hərəkətlər eləyir. Bizim millət vəkilləri Türkiyədə olublar, öz fikirlərini deyiblər və onlar haqqında bir dənə artıq söz deyilməyib. Ona görə hər deyilən sözü millət vəkillərinə aid etmək düzgün deyil. Xahiş edirəm, belə şeyləri kənara qoyun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Qarşıdan 1 may gəlir, mən bu münasibətlə bütün dünya zəhmətkeşlərini, o cümlədən Azərbaycan fəhlələrini, kəndlilərini təbrik edirəm. Bununla bağlı hazırladığım qanun layihəsi Milli Məclisə təqdim olunub və bu gün Sosial siyasət daimi komitəsində baxılacaq. Hesab edirəm ki, Azərbaycan fəhlələrinin və ümumiyyətlə, muzdlu işçilərin hüquqlarının qorunması çox böyük əhəmiyyətə malik hadisədir. İqbal bəy bu məsələnin bir tərəfinə toxundu. Qeyd edim ki, Sabirabadda fəaliyyət göstərən “Qafqaz Holdinq”in fəhlələrinin əksəriyyəti əmək haqqı ödənilmədən məcburi qaydada məzuniyyətə göndəriliblər. Onlar faktiki olaraq çox pis vəziyyətdədirlər. Bizim müraciətlərimizə də hökumət və konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç bir cavab verilmir.
İkinci, hörmətli Sədr, mən Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətlə bağlı Milli Məclisin Prezidentə müraciət layihəsinin (qərar layihəsinin) mətnini hazırlayıb, Sizə təqdim eləmişəm. Xahiş edirəm ki, həmin mətnin deputatlara paylanmasını və Milli Məclisdə müzakirəsini təmin edəsiniz. Çünki yaranmış vəziyyətdə Azərbaycan özünün bütün imkanlarından, resurslarından, o cümlədən silahlı qüvvələrindən istifadə edərək işğal faktının, ərazi bütövlüyümüzün pozulmasının aradan qaldırılması üçün ciddi addımlar atmaq məcburiyyətindədir.
Nəhayət, bir məsələyə də toxunmağı vacib bilirəm. Bu yenə Türkiyə–Azərbaycan münasibətləri ilə bağlıdır. Təsadüfən üst-üstə düşsə də, “Şəhidlər xiyabanı”ndakı məscidin təmirə dayandırılması ətrafında istər Türkiyədə, istərsə də Azərbaycanda çox xoş olmayan söz-söhbətlər yayılıb. Biz tarixdə məscidlərin qapılarının bağlanmasını çox görmüşük. Məscidlərin qapısı əvvəl-axır açılıb. Sökülən məscidlər də olub, amma onlar sonra tikilib. Amma məscid qapısını bağlayanların və məscid sökənlərin qapıları elə bağlanıb, tifaqları elə sökülüb-dağılıb ki, qiyamətə qədər düzəlməz. Bəzi adamlar ağıllarını başlarına yığsınlar və bu məsələdə təxribat xarakterli addımlar atmasınlar. İctimaiyyətə, o cümlədən dindarlara bu məsələ barədə doğru-dürüst məlumat versinlər ki, onların həyəcanları aradan qalxsın.
Sonda mən də həmkarımız Qüdrət Həsənquliyevin dediyi rüsvayçı olaya, yəni polis rəisinin tapşırığı ilə öz vəzifə borcunu yerinə yetirən ANS-in müxbirinin döyülməsi faktına çox ciddi reaksiya verilməsini tələb edirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələni araşdıracaq, cəmiyyətə, Milli Məclis deputatlarına, kütləvi informasiya vasitələrinə məlumat verəcək və bu cür hadisələrin təkrarlanmaması üçün lazım olan addımları atacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, qanun layihəsi vermisiniz, komitədə buna baxacaqlar. 1 may haqqında qanun layihəsi barədə dediniz. 1 mayı siz hakimiyyətə gələndə özünüz ləğv eləmişdiniz. Amma qanun layihəsinə komitədə baxılacaqdır.
Məscidlərin bağlanması haqqında danışdılar. “Şəhidlər xiyabanı”ndakı məscid bağlanmayıb. Dünən televiziyada Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri çıxış elədi və dedi ki, məscid təmirə dayanıb.
Siz millət vəkillərisiniz. Hər birimiz danışığımıza cavabdeh olmalı, dediyimiz sözlərin qədir-qiymətini bilməliyik. Bu, mediaya da aiddir. Kim bu saat Türkiyə–Azərbaycan münasibətlərində ara qızışdırırsa, o həm türk, həm də Azərbaycan xalqının düşmənidir. Bu məsələləri kənara qoymalı, populizmdən əl çəkməliyik. Bəziləri sensasiya axtarır, nəsə danışır. Keçən dəfə də dedim, heç kim Azərbaycan və türk xalqlarının arasına girə bilməz. Belə məsələlərdə bir az diqqətli olaq. Bəxtiyar Sadıqov.
B. Sadıqov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan sürətli inkişaf yolundadır, qarşıdakı problemlər çox uğurla həll olunur, iqtisadi yüksəlişimiz ilbəil fərəh doğurur. Bizim həll edə bilmədiyimiz yeganə bir problem var. O da Dağlıq Qarabağ problemidir. Bu sahədə də həm dövlət başçısı möhtərəm İlham Əliyev, həm Milli Məclis, həm də digər qurumlar var gücləri ilə mübarizə aparırlar. Biz bu mübarizənin səmərəsini, yəqin ki, yaxın vaxtlarda görəcəyik.
Bütün bunlarla bərabər, qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin və güzəranının yaxşılaşdırılması istiqamətində də ardıcıl işlər gedir. Son dövrdə Ağdamda çox böyük işlər görülür. Bu günlərdə biz – bir qrup millət vəkili o bölgəyə səfər elədik. Həqiqətən, torpaqlar əkilib-biçilir. İnsanlar ələbaxımlıqdan qurtarıblar, hər kəs öz ruzisini özü qazanmağa çalışır.
Burada yaşayan insanların üzləşdikləri əsas problem energetika ilə bağlıdır. Ağdama bir litr su təbii axarı ilə gəlmir. Sərsəng su anbarının qabağını düşmən bağlayıb. Burada ancaq artezian sularından istifadə olunur. İşğala qədər əgər Ağdamda 300 artezian quyusu vurulmuşdusa, indi bunların sayı 700-ə çatıb. İnsanlar növbəlilik əsasında əkib-becərdikləri bitkiləri sulayırlar. Ancaq təəssüf ki, Ağdamda enerji təchizatında çox böyük fasilələrə yol verilir. Bununla bağlı dəfələrlə həm “Azərenerji”nin, həm də Ağdam rayonunun rəhbərliyinə deputatlar tərəfindən müraciət olunub. Onlar arada bu məsələni düzəldiblər, bir az vaxtı uzadıblar. Bu gün Ağdama sutka ərzində 8–10 saat işıq verilir. Bu isə iki böyük problem yaradır. Birincisi, gecə saat 1-dən səhər saat 7-yə qədər o ərazidə işıq olmur. O tərəfdə yoxsul Ermənistanın işıqları yanır, amma Ağdam zülmətə qərq olunur. Bu, özü heç xoşagələn hal deyil. Digər tərəfdən isə insanlar əkin sahələrini sulaya bilmirlər. Əgər yerli sakinlər 100 faiz ödəniş eləyərlərsə, onlar enerji ilə təmin olunarlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Azərenerji” arasında ödəmədə bir problem varsa, bunun yerli sakinlərə nə dəxli var? Əgər büdcə təşkilatları enerji haqqını vaxtlı-vaxtında ödəyə bilmirlərsə, digər insanlar nə etsinlər? Oqtay müəllim, bizim cəhdlərimiz bir səmərə verməyib, xahiş edirəm, Siz öz nüfuzunuzdan istifadə edəsiniz və bu məsələ tezliklə öz həllini tapsın. Çünki suvarma gecikəndə məhsul itkisi çox olur. Bunun da əziyyətini yenə məcburi köçkünlər və qaçqınlar çəkəcəklər. Mən istəyirəm, hamı Prezidentdən nümunə götürsün, qaçqına, məcburi köçkünə onun kimi münasibət bəsləsin. Sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, Azərbaycan dövlətinin strateji istiqamətlərindən biri təhsilin inkişafından ibarətdir. Dövlət büdcəsindən təhsil sahəsinə milyard manatdan artıq vəsait yönəldilib. Bu aydındır, hər hansı bir dövlət güclü olmaq istəyirsə, gənc nəsli savadlı və peşəkar yetişdirməlidir. Son illər Azərbaycanda tikilən məktəblərin sayı sovet dövründə tikilənlərdən çoxdur. Bu, düşünürəm, düzgün siyasətdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanın ali təhsil sisteminin Bolonya sisteminə qoşulması təhsilimizin perspektivliyini nümayiş etdirir. Ancaq bu siyasətə zidd olaraq, çox təəssüf ki, Azərbaycanın bir çox universitetlərində, – bunların arasında özəl universitetlər də var, – köhnə sovet ənənələrinə uyğun olaraq biliyə görə deyil, rüşvətə görə diplomlar verilir. Bununla mübarizə aparanlar çox ciddi təzyiqlərə məruz qalırlar. Bunu mətbuata çıxaran tələbələr, demək olar ki, Siciliya mafiyasının omerta qaydalarına uyğun olaraq universitetlərdən qovulurlar.
Lənkəran Dövlət Universitetinin yaxşı oxuyan dördüncü kurs tələbəsi Pərviz Əzimovu məhz universitetdəki xoşagəlməz hallar barəsində mətbuata məlumat verdiyinə görə dövlət imtahanına bir ay qalmış universitetdən xaric ediblər. Düşünürəm, bu cür addımlar Azərbaycanın dövlət siyasətinə ziddir. Bununla bağlı təklif edərdim ki, Azərbaycan parlamenti Təhsil Nazirliyi ilə birgə müvafiq işçi qrupu yaratsın və universitetlərin vəziyyətini yoxlasın. Bоlonya kredit sisteminə qarşı ölkədə çox ciddi müqavimət var. Hazırda cəmi bir dövlət universiteti bu sistemə keçib. Digər universitetlərdə görülən işlər, çox təəssüf ki, bu sistemin mahiyyətinə uyğun deyil.
Dövlət büdcəsindən orta təhsil sahəsinə böyük vəsaitlər ayrılsa da, istədiyimiz nailiyyətləri əldə edə bilmirik. Mən çox istərdim ki, hörmətli Şəmsəddin müəllim Milli Məclisin yaxın iclaslarında Təhsil haqqında qanunu üçüncü oxunuşda təqdim eləsin. Bu qanun qəbul olunandan sonra biz orta və ali təhsillə, elmlə bağlı müvafiq qanunvericilik sistemində islahatlar həyata keçirməliyik, qanunlar qəbul etməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, mən çıxışımı Sizə təşəkkürümlə başlamaq istəyirəm. Qüdrət Həsənquliyev bununla bağlı fikrini söylədi. Mən də o fikrə qoşuluram ki, aprel ayının 15 və 16-da Türkiyə millət vəkillərinin iştirakı ilə Azərbaycanda bir tədbir, toplantı keçirildi. Bu, Milli Məclisin divarları arasında reallaşdı və buna, əlbəttə, Siz şərait və imkan yaratdınız. Buna görə Sizə öz təşəkkürümü bildirirəm. Hörmətli millət vəkilləri, Oqtay müəllimlə aparmış olduğumuz söhbətlərdə mən bir daha onun şahidi oldum ki, Milli Məclisin spikeri bu məsələdə kifayət qədər prinsipial və hər iki dövlətin maraqlarına uyğun olan bir xətti, – əlbəttə, bu, ölkə Prezidentinin xəttinə uyğun olan bir xətdir, – davam etdirməkdədir. Biz elə sonda bunun müsbət nəticələrini gördük, xüsusi bir bəyanatla çıxış etdik. O bəyanatı Azərbaycanın Milli Məclisində təmsil olunan partiyalarla bərabər Türkiyədən gələn iki partiyanın millət vəkilləri də imzaladılar. Bəyanatda bir daha qeyd olundu ki, Dağlıq Qarabağ problemi həll olunmadan, Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən Türkiyə və Ermənistan sərhədlərinin açılması yolverilməzdir. Bir daha təkrar edirəm, bu, siyasi partiyalar və millət vəkillərinin fikirlərinin, siyasi iradəsinin məntiqi kimi ortalığa qoyuldu.
Mən hörmətli millət vəkillərinə bir məsələni söyləmək istəyərdim və düşünürəm ki, məni düzgün başa düşərlər. Millət vəkilləri, əlbəttə, sıradan olan insanlar deyillər. Onların söyləmiş olduğu hər bir fikir, bəyanat cəmiyyətdə ciddi rezonans doğurur və biz bu gün kifayət qədər həssas bir zamanda yaşayırıq. Söhbət işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı yaranmış situasiyadan gedir. Bu situasiyada ölkə Prezidenti çox dəqiq, ölçülüb-biçilmiş xarici siyasət aparmaqla bərabər, həm də Azərbaycanın dövlət və milli maraqlarına söykənərək çox prinsipiallıq göstərir, qətiyyətli mövqe ortalığa qoyur və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı ardıcıl siyasəti davam etdirir. Mən hörmətli millət vəkillərinə təklif edərdim, gəlin, siyasi mövqeyimizdən asılı olmayaraq ölkə Prezidentinin yanında olaq, onun mövqeyini müdafiə edək və Türkiyə–Azərbaycan dostluğuna, qardaşlığına, strateji əməkdaşlığına xələl gətirə biləcək hər hansı bəyanatlardan, fikirlərdən və açıqlamalardan uzaq olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri! Milli Məclisin, o cümlədən cəmiyyətin problemlərini işıqlandıran mətbuata qarşı zorakılıqların, nəhayət, qarşısının alınması ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var. Mən də həmkarlarım kimi, ANS televiziyasının müxbirinə olan basqıları pisləyirəm. Ümumiyyətlə, Azərbaycanda mətbuat nümayəndələrinə olan təpkilərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinə ehtiyac var.
Hörmətli Oqtay müəllim, bilirsiniz, qarşıdan bələdiyyə seçkiləri gəlir. Amma biz həmişə bütün görüləcək işləri seçkilərə bir az qalmış həyata keçiririk və bu da çox vaxt effekt vermir. Mən düşünürəm ki, bütün cəmiyyətin iştirak edəcəyi bir seçkinin keçirilməsini təmin etmək üçün Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməlidir. Azərbaycanda fəaliyyət göstərən müxalifətin hakimiyyətlə, iqtidarla bir yerdə seçki komissiyalarında təmsilçiliyini təmin etmək lazımdır ki, seçkilərdə xalqımızın və cəmiyyətimizin gözlədiyi nəticələri əldə edə bilək. Ona görə mən düşünürəm ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə böyük ehtiyac var.
Oqtay müəllim, mən bir dəfə də burada Sumqayıtda bütün müəssisələrin dayanması barədə fikirlərimi səsləndirmişdim. Təəssüflər olsun ki, hökumət tərəfindən bu günə qədər bu müəssisələrin fəaliyyət göstərməsi üçün heç bir addım atılmayıb. Heç olmasa, 3 ay əmək haqqı ala bilməyən insanlara əmək haqlarının verilməsi istiqamətində də heç bir tədbir görülməyib.
Son 2–3 gündə cəmiyyəti maraqlandıran və mətbuatın diqqətdə saxladığı məsələ Sumqayıtda yüzlərcə insanın işsiz qalmasına səbəb olan maşın bazarının bağlanması olub. Mən düşünürəm ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də monopoliyanın gündəliyə gəlməsi Sumqayıtda fəaliyyət göstərən maşın bazarının bağlanmasına səbəb olub. Ümid edirəm ki, Milli Məclisin rəhbərliyi Sumqayıtdakı gərgin ictimai-siyasi, sosial-iqtisadi problemləri diqqətə alıb, hökumət və dövlət başçısı qarşısında bu məsələləri qaldıracaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirəni yekunlaşdırırıq. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Küveyt dövləti ilə əlaqədar üç saziş var. İcazə versəniz, mən onları birlikdə təqdim edərdim, sonra ayrılıqda səsverməyə qoyardıq.
Sədrlik edən. Buyurun.
Z. Səmədzadə. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin əsas məqsədi Azərbaycanın və Küveytin hüquqi və fiziki şəxslərinə münasibətdə ikiqat vergitutmanın, yəni həm Azərbaycanda, həm də Küveytdə eyni və ya oxşar vergilərin tutulmasının aradan qaldırılmasıdır. Sazişin digər məqsədi Küveytin Azərbaycanda və Azərbaycanın Küveytdə fəaliyyət göstərən və ya fəaliyyət göstərmək istəyən vergi ödəyiciləri üçün vergitutmanın ümumi prinsiplərinin dəyişməzliyi təminatının verilməsidir. Başqa bir məqsəd isə vergidən yayınma hallarının qarşısının alınması üçün Azərbaycanın və Küveytin vergi orqanları arasında səmərəli informasiya mübadiləsinin aparılmasının hüquqi əsaslarının yaranmasına xidmət edir. Bu saziş olmadan belə mübadiləni aparmaq mümkün deyildir. Hesab edirəm ki, millət vəkilləri ikiqat vergitutma barədə kifayət qədər məlumatlıdırlar. Millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edərdim.
İkinci məsələ “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişdir. Bu sazişin də məqsədi ondan ibarətdir ki, hər iki dövlətdə qarşı tərəfin sərmayəçilərinə sərmayə qoymasına lazımi şərait yaradılsın. Bu da iki dövlət arasında iqtisadi münasibətlərin inkişafına və dövlətlərin iqtisadiyyatının güclənməsinə zəmin yaradır. Bu saziş sərmayələrin təşviqi və qorunması üçün hər iki dövlətin üzərinə beynəlxalq hüquq normalarına uyğun öhdəliklər qoyur. Mən onları açıqlamaq istəmirəm, yəqin ki, sizin bu barədə kifayət qədər məlumatınız vardır.
Hörmətli millət vəkilləri, gündəlikdəki üçüncü məsələ Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişinin təsdiq edilməsi barədədir. Bu saziş hər iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, gücləndirmək, habelə əmtəə və xidmətlər mübadiləsini təşviq etmək məqsədi ilə bağlanmışdır. Razılığa gələn tərəflər öz aralarında ticarət əlaqələrini inkişaf etdirmək və gücləndirmək üçün qanunvericiliyə uyğun olaraq bir-birinə ən əlverişli rejim və şərtlər tətbiq edəcəklər. Bu saziş 5 il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən qüvvəyə minir. Millət vəkillərindən bu sazişlərə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu sazişlərin təsdiq edilməsinin tərəfdarıyam və hesab edirəm ki, imzalanan bu mühüm sənədlər Azərbaycan dövləti ilə Küveyt dövləti arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. İcazə versəniz, bir məsələ ilə bağlı xüsusi bir məlumat verərdim. Ötən həftə Milli Məclisin bir qrup deputatı cəbhə xəttinə səfər etdi. Müdafiə Nazirliyi ilə razılaşdırılmış bu səfərdə millət vəkillərindən başqa, qeyri-hökumət təşkilatlarının və eyni zamanda, Azərbaycanın tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər. Ümumən, məqsədimiz ordu quruculuğu, yerlərdə, ilk növbədə cəbhə xəttində aparılan işlər və yeni qaydalarla orduya çağırışın tətbiqi ilə bağlı məlumatlı olmaqdan ibarət idi. Ağdam bölgəsinə etdiyimiz səfər bizdə çox böyük təəssürat yaratdı. Çox təəssüf ki, “hərbi sirr” deyilən bir anlayış var, o baxımdan biz bir çox şeyləri göstərə və deyə bilmirik. Ancaq Azərbaycan ordusunun bu günü, möhtəşəmliyi, ordunun ən müasir silahlarla təchiz edilməsi və professional, öz işini bilən, vətənpərvərlikdə hər bir kəsə nümunə olan zabit korpusunun formalaşması barəsində tam təəssüratımız oldu. Bu gün Ağdam bölgəsində xidmət edən hərbi hissələrimiz həm düşmənin hücumunu dəf etməyə, həm də Ali baş komandanın istənilən an verəcəyi tapşırığı yerinə yetirməyə hazırdırlar.
Səfər ərəfəsində bir müddət əvvəl işğal edilmiş zonada ermənilərin təxribat xarakterli hərbi təlimlər keçməsi barəsində də məlumat almışdıq. Məlum oldu ki, bu hərbi təlimlər, əslində, bir görüntüdür, teatr tamaşasıdır və hər hansı bir hərbi təlimdən söhbət belə gedə bilməz. Burada məqsəd yalnız öz ölkəsinə təsir etmək və Azərbaycan cəmiyyətində bir xof yaratmaqdan ibarətdir. Aydın məsələdir ki, bu teatr tamaşasının məqsədini Azərbaycan zabitləri çox gözəl bilirlər.
Bu gün cəbhə xəttində xidmət edən əsgərlərimiz öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Ordu sıralarına çağırışda edilən dəyişikliklərdən sonra artıq bütün hərbi hissələr günün tələblərinə cavab verən yeni əsgərlərlə təmin edilməyə başlayıblar. Məsələn, mənim üçün olduqca xoş oldu ki, getdiyimiz hərbi hissədə Milli Məclis deputatlarından birinin oğlu qulluq edirdi. Eyni zamanda, Azərbaycanın nüfuzlu ali məktəblərindən birinin rektorunun oğlu da bu günlərdə həmin hərbi hissəyə düşmüşdür. Bunun özü onu göstərir ki, bu gün Azərbaycanda vətəndaşlar arasında statusuna görə fərq yoxdur və vətən hamı üçün birdir. Bu baxımdan hər bir kəs hər bir anda vətəni və torpağı qorumağa hazırdır. Ümumən, səfərimiz çox səmərəli keçdi, mətbuatda işıqlandırıldı. Bundan sonra da belə səfərlər tez-tez olacaqdır. Ordu ilə cəmiyyət, ordu ilə parlament arasında əlaqələrin bundan sonra da genişləndirilməsi üçün bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, gündəlikdəki birinci sazişə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.42 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.43 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, üçüncü məsələyə, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişinin təsdiq edilməsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri  (saat 12.43 dəq.)
Lehinə  95
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  2
İştirak edir  99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Dördüncü məsələ. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İcazə versəydiniz, iki məsələni birləşdirərdim.
Sədrlik edən. Buyurun, birləşdirin, amma səsverməni ayrı-ayrı apararıq.
Z. Səmədzadə. Mən artıq məlumat verdim ki, ikiqat vergitutmanın aradan qaldırılmasının müsbət cəhətləri nədən ibarətdir. İqtisadi siyasət komitəsi belə bir sazişin İran  İslam Respublikası ilə də təsdiq olunmasını məqsədəuyğun hesab edir. Ona görə də millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edərdim.
İkinci məsələ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair Protokolun təsdiq edilməsi barədədir. Bu sənəd hər iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək və gücləndirmək, habelə əmtəə və xidmətlərin mübadiləsini təşviq etmək məqsədilə imzalanmışdır. Burada deyilir ki, Tərəflər investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində bu Protokol çərçivəsində həyata keçiriləcək layihələr üzrə, həmçinin bu layihələrin icrası üçün beynəlxalq maliyyə mənbələrinin cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Hər iki tərəf ölkələrinin hüquqi və fiziki şəxslərinin ticarət firmaları və birgə müəssisələr yaratmasını təşviq edəcəkdir. Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı gündən qüvvəyə minir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Əlbəttə, bu qanun layihələrinin əleyhinə çıxmaq məntiqsiz olardı. Çünki dövlət maraqları tələb edir ki, qonşu dövlət olan İran İslam Respublikası ilə bu tipli sənədlər imzalansın, bu tipli müqavilələr bağlansın. Amma bu həmin İrandır ki, orada bu vaxta qədər antiazərbaycan kampaniyası davam edir. Bu həmin ölkədir ki, hətta 2006-cı ildə türklüyü təhqir edən o karikatura məsələsindən sonra...
Sədrlik edən. Nəsib müəllim, üzr istəyirəm, biz burada İranın Azərbaycana münasibətini yox, konkret sənədləri müzakirə edirik. Çox xahiş edirəm, bu sənədlərlə bağlı fikrinizi bildirəsiniz. Buyurun, davam edin.
N. Nəsibli. Mən hörmətli həmkarlarımın bu qanun layihələrinə bitərəf qalmalarını təklif edirəm. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif problemlərin olması hamıya məlumdur. Orada milli azadlıq hərəkatı nümayəndələri, milli hüquqlar uğrunda, bizim varlığımızın qorunması uğrunda hərəkat nümayəndələri zindandadırlar. Son günlərdə bir nəfər də həbs olunub. Şimali Azərbaycan ədəbiyyatının orada alovlu təbliğatçısı yazıçı Əhməd Azər yenidən tutulub və zindana salınıb. Mənə elə gəlir ki, biz bu qanun layihələrinə bitərəf qalmağımızla İran hökumətinə simvolik etirazımızı bildirərdik. Təşəkkür edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Məndən öncə həmkarım Nəsib bəy çıxış etdi və millət vəkillərini bu məsələdə bitərəf mövqe tutmağa çağırdı. Mən isə bizim hörmətli millət vəkillərini bu sənədlərin əleyhinə səs verməyə çağırıram. Niyə bunun əleyhinə səs vermək lazımdır? Əvvəla, ona görə ki, İran İslam Respublikası dəfələrlə müsəlman qardaşlığından, İslam birliyindən danışsa da, öz qonşusu olan müsəlman Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanla hər cür ticari-iqtisadi əlaqələr qurub. Bu yaxınlarda da Ermənistanla İran arasında 5 milyard dollar dəyərində bir dəmiryol xəttinin çəkilməsinə dair sənəd imzalandı. Ermənistandakı sonuncu seçkilər zamanı isə bəlli oldu ki, İran Ermənistanın bizim torpaqlarımızı işğal etməsində böyük rol oynayan ölkələrdən biri olub. Onlar Mehridən olan yolu xilas yolu adlandırdılar. Hətta Köçəryanla Ter-Petrosyan bir-birini ittiham edirdilər ki, guya onlardan biri hansısa danışıqların nəticəsi olaraq həmin dəhlizi Azərbaycana verməyə hazırlaşırmış.
İran da, biz də müqəddəs kitabımız olan Qurana inanc gətirmişik və mən əminəm, bu müsəlman birliyini pozan, buna xəyanət edən, İslam pərdəsi altında gizlənmiş İrandakı müəyyən siyasi dairələrə Quran qənim olacaq. İranın bu gün Azərbaycana qarşı yürütdüyü siyasət dostluq siyasəti deyil. Ona görə də mən bütün millət vəkillərinə təklif edirəm ki, bu məsələnin müzakirəsi zamanı fəal olsunlar, İranın siyasətini pisləsinlər və bildirsinlər ki, işğalçı dövlətlə bu cür münasibətlər quran ölkə ilə biz bu sənədlərin imzalanmasının əleyhinəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hörmətli deputatlar, mən heç bir deputatın çıxışına şərh vermək niyyətində deyiləm. Amma onu da deməyi özümə borc hesab edirəm ki, bu cür çıxışlar İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına xidmət etmir. Xahiş edirəm, çıxışlarımızda dəqiq olaq. Bu imzalanmış sənədlər cənab Prezidentdən daxil olub. Çox gözəl də sənədlərdir. İranın da milli mənafelərinə cavab verir, Azərbaycanın da. Bu gün İranla Azərbaycan arasında münasibətlər çox yaxşı inkişaf edir. Mehriban qonşuluq münasibətlərimiz var. İndi gəlin, burada başlayaq İran əleyhinə... Yaramaz belə şeylər. Çıxış üçün təkid edən varmı? Buyurun, dördüncü məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə  91
Əleyhinə  7
Bitərəf  1
Səs vermədi  5
İştirak edir  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında. Ziyad müəllim bu məsələ barədə də məlumat verdi. Bu qanun layihəsinə də, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri  (saat 12.52 dəq.)
Lehinə  93
Əleyhinə  6
Bitərəf  2
Səs vermədi  1
İştirak edir  102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verir.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu Çərçivə Sazişi Avropa Birlikləri Komissiyası və Azərbaycan Respublikası Hökuməti tərəfindən 1994-cü il 3 fevral tarixində imzalanmış “Maliyyələşdirmə haqqında Memoranduma tətbiq edilən ümumi qaydalar”ı əvəz edir. Bu Saziş Birlik tərəfindən tam və ya qismən maliyyələşdirilən fəaliyyətin həyata keçirilməsi üçün tətbiq edilən qaydaların müddəalarını, xüsusilə xarici valyuta, vergi və gömrük rüsumlarına dair müddəaları müəyyən edir.
Bu Sazişin müddəaları xüsusi maliyyələşdirmə sazişi ilə əhatə olunmayan fəaliyyətlərə də tətbiq edilir. Sazişə görə, Birlik tərəfindən maliyyələşdirilən fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş xarici ekspertlər benefisiar ölkədə, yəni Azərbaycanda Birliyin maliyyələşdirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə münasibətdə gəlir və ya mənfəət vergisinə, hər hansı bir digər vergiyə cəlb edilmirlər. Sazişin icrası ilə bağlı yaranan mübahisələr məsləhətləşmələr və ya digər diplomatik yollarla həll edilir. Bu Saziş onun qüvvəyə minməsi üçün lazımi ölkədaxili prosedurların benefisiar ölkə tərəfindən tamamlanmasını təsdiq edən sonuncu bildiriş sənədinin təqdim edildiyi tarixdən qüvvəyə minəcəkdir. Millət vəkillərindən bu sazişə də münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Nəsib müəllim, danışmaq istəyirdiniz? Buyurun.
N. Nəsibli. Ziyafət müəllim, mən, sadəcə, diqqətinizi bir daha tərcüməyə cəlb etmək istəyirəm. Hörmətli millət vəkilləri bu son 3 il yarımda tərcümələrin, bir qayda olaraq, yarıtmazlığına şahid olublar. Burada da belədir. Sənədin hətta bəzi bəndlərində anlamaq olmur ki, söhbət nədən gedir. Avropa Birlikləri Komissiyası nə olan şeydir? Bir cümlədə Avropa Birliyi, başqa cümlədə Avropa İttifaqı yazılıb. 2-ci maddədə mən beş səhv tapdım. Əgər Nizami Xudiyev bunu oxusa, bəlkə on beş səhv tapar. Məncə, bu, dövlət dilinə hörmətsizlikdir. Bu şəkildə tərcümə etmək olmaz. Məsələn, başlıqda yazılıb “sazişə protokol”, mətndə yazılıb “sazişə əlavə olunmuş protokol”. İkinci daha doğrudur. Bunu imzalayanda bir baxmazlar ki, nəyə imza atırlar? Heç olmasa, orada dövlət dilini yaxşı bilən bir adam olmalıdır ki, bu, imzalanmadan əvvəl ona baxsın, sonra Milli Məclisə ratifikasiyaya göndərsinlər. Mənə elə gəlir ki, bir dəfə bu sənədlərdən birini geri göndərsəniz, onlar buna daha ciddi yanaşarlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib müəllim, mən Sizin iradınızı qəbul edirəm. Siz düz deyirsiniz, qüsurlar var. Amma bu, Azərbaycan dilinə hörmətsizlikdən irəli gəlmir. Sadəcə olaraq, bu sənəd birbaşa orijinaldan tərcümə olunub. İngilis dilindən tərcümədə isə, doğrudan da, böyük çətinliklər var. Amma biz Xarici İşlər Nazirliyi ilə danışmışıq və mən inanıram ki, bundan sonra bu sahədə vəziyyət xeyli yaxşılaşacaqdır. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Rumıniya və Bolqarıstan Respublikasının Avropa İttifaqına qəbul olunması ilə əlaqədar bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birlikləri və onların üzvü olan dövlətlər arasında bağlanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov. Aydın müəllim, buyurun.
A. Abbasov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Rumıniya və Bolqarıstan Respublikasının Avropa İttifaqına qəbul olunması ilə əlaqədar bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onların üzvü olan dövlətlər arasında bağlanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişə Protokol təsdiq edilmək üçün müzakirəmizə təqdim olunmuşdur. Protokola əsasən, tərəflər 1996-cı il 22 aprel tarixində Azərbaycan Respublikası ilə Avropa Birlikləri və onların üzv dövlətləri arasında imzalanmış Tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişə qoşulurlar.
Son bir neçə il ərzində Azərbaycan ilə Avropa arasında əməkdaşlıq get-gedə güclənir, Azərbaycan Avropanın ayrılmaz bir hissəsinə çevrilir. Xəzər dənizi Asiya ilə Avropa arasında dəhlizə çevrilib. Yeni neft, qaz nəqli layihələri Azərbaycanın Avropada tutduğu yeri daha da möhkəmləndirir.
Yuxarıda göstərilən sazişin 1-ci maddəsinə əsasən, Tərəflər arasında siyasi əlaqələrin inkişafına kömək edən siyasi dialoq üçün müvafiq çərçivənin təmin edilməsi, demokratiyanın möhkəmləndirilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında Azərbaycan Respublikasının səylərinin müdafiə edilməsi, davamlı iqtisadi inkişafa nail olmaq məqsədi ilə Tərəflər arasında ticarətin genişləndirilməsinə sərmayə qoyuluşunun və ahəngdar iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində, iqtisadi, ictimai sahələrdə, maliyyə, vətəndaşlıq, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın əsaslarının təmin edilməsi tərəfdaşlığın məqsədləri kimi nəzərdə tutulur.
Əlbəttə, bütün bunlar ölkəmizin Avropaya inteqrasiyasını daha da sürətləndirir. Rumıniya və Bolqarıstanın Avropa İttifaqının üzv dövlətləri sırasına daxil olması isə Azərbaycan Respublikası üçün yeni imkanların əldə edilməsi deməkdir. Buna görə də adı gedən Protokolun təsdiq edilməsi zəruridir. Mən hörmətli həmkarlarımdan xahiş edərdim, bu Protokola müsbət münasibət bildirsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.00 dəq.)
Lehinə  104
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  106
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Hörmətli deputatlar, icazə versəniz, bu barədə mən sizə məlumat verərdim.
“Yanğın təhlükəsizliyi haqqında” Qanun 1997-ci ildə qəbul edilibdir. O dövrdən bu günə qədər xeyli vaxt keçibdir. Təbii ki, yeni münasibətlər meydana gəlibdir və həmin münasibətlərin tənzim olunması nöqteyi-nəzərindən bu Qanuna əlavələrin və dəyişikliklərin edilməsi zəruridir.
Siz bilirsiniz ki, yanğın təhlükəsizliyi qurumları vaxtilə Daxili İşlər Nazirliyinin tərkibində idi. Sonradan Fövqəladə Hallar Nazirliyi yaradıldı və bir sıra qurumlarla bərabər yanğın təhlükəsizliyi qurumları da Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil edildi. Məlumdur ki, Fövqəladə Hallar Nazirliyinin tərkibində bir sıra qurumlar fəaliyyət göstərir. Onların fəaliyyətini tənzimləmək üçün Milli Məclisdə bir sıra sənədlər qəbul olunubdur. Hazırda yanğın təhlükəsizliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin tərkibində əsas iki qurum – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti fəaliyyət göstərir. Dövlət Yanğından Mühafizə Xidməti ilə bağlı Əsasnamə var və bununla əlaqədar olaraq “Yanğın təhlükəsizliyi haqqında” Qanunda da müəyyən dəyişikliklər aparılıb. Amma nisbətən gənc qurum olan Yanğın Nəzarəti Xidməti ilə bağlı Qanuna edilən dəyişikliklər və əlavələr, əsasən, bu qanun layihəsində göstərilənlərdən ibarətdir.
Yanğın Nəzarəti Xidməti ilə bağlı maliyyə məsələləri və digər məsələlər bizim Təhlükəsizlik və müdafiə komitəsində geniş müzakirə olundu. Yeri gəlmişkən deyim ki, Fövqəladə Hallar Nazirliyinin üç idarə rəisi bizim komitəmizin işində iştirak edirdi. Çox gözəl də izahat verdilər. Mən onlara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar bu gün də buradadırlar.
Mən hesab edirəm ki, bu edilən dəyişikliklər, əlavələr tamamilə məntiqidir, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun mahiyyətinə uyğundur və bu qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi nöqteyi-nəzərindən olduqca vacibdir. Onu da qeyd edim ki, komitə iclasında bir sıra təkliflər də səsləndi. Bununla əlaqədar biz qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə danışıqlar apardıq və bu qanun layihəsinə müəyyən əlavələr, təkmilləşdirmələr də edildi. Əgər sualınız yoxdursa... Aydın müəllim, çıxış etmək istəyirdiniz? Buyurun.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Respublikamızda sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Müxtəlif sahələrdə inkişaf və tərəqqi özünü bariz şəkildə büruzə verir. Xüsusilə Fövqəladə Hallar Nazirliyi yaradılandan bu orqanın nəzarətində olan sahələr yüksək səviyyədə inkişaf edib. Fövqəladə Hallar Nazirliyinin digər tabe təşkilatları kimi Dövlət Yanğından Mühafizə Xidməti də, demək olar ki, yenidən quruldu. Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini həyata keçirən mühüm əhəmiyyətli dövlət orqanıdır. Əvvəllər bu dövlət orqanının maddi-texniki vəziyyəti yaxşı deyildi. Lakin Dövlət Yanğından Mühafizə Xidməti Fövqəladə Hallar Nazirliyinin balansına veriləndən sonra onun maddi-texniki bazası ən müasir texnika və avadanlıqlarla gücləndirildi.
Zaman keçdikcə və maddi-texniki baza inkişaf etdikcə qanunvericilik bazasının da təkmilləşdirilməsinə zərurət yaranır. Bu baxımdan “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin və əlavələrin edilməsi zərurətə çevrilib. Sənədin mahiyyətindən göründüyü kimi, bu qanun ölkə ərazisində insanların həyatının və sağlamlığının, sərvətin və mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədi ilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını müəyyən edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti yanğınların törənməsi və yayılması səbəblərini araşdıran, yanğın hadisələrinin başvermə səbəblərinin aradan qaldırılmasına çalışan, mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların, eləcə də vətəndaşların əmlaklarını, digər mülkiyyətləri, həmçinin təbii sərvətləri yanğından qorumaq kimi mühüm əhəmiyyətli fəaliyyəti həyata keçirən bir təsisatdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin daha bir önəmli funksiyası təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin həyata keçirilməsidir. Başqa sözlə, Dövlət Yanğından Mühafizə Xidməti bu cür maarifləndirmə işləri aparmaqla təsərrüfat sahələrinin və obyektlərin, binaların, qurğuların, inzibati ərazi vahidlərinin, yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini təmin etməyə, yanğınların törəməsi və yayılması imkanlarını, onların insanlara və ətraf mühitə təsirini aradan qaldırmağa, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməyə çalışır.
Qeyd etdiyim kimi, zaman keçdikcə və yanğın təhlükəsizliyi istiqamətində tədbirlər görüldükcə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun da təkmilləşdirilməsinə zərurət yaranıb. Mən Milli Məclisin iclasına tövsiyə olunmuş “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin mətni ilə tanış olmuşam. Hesab edirəm ki, 1997-ci ildə qəbul edilmiş “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər və əlavələr məqsədəuyğundur. Biz, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri qanun layihəsinə əlavə və dəyişiklikləri keyfiyyətli təhlil etmiş və bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsini qərara almışıq.
Mən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin kollektivinə şərəfli peşələrində uğurlar arzulayır və həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Abel Məhərrəmov.
A. Məhərrəmov. Çox sağ olun, Ziyafət müəllim. Mən də bütün həmkarlarım kimi “Yanğın təhlükəsizliyi haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə səs verəcəyəm və hər bir həmkarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Ancaq bu gün burada bəzi çıxışlar oldu. Onlar da bu yanğın təhlükəsizliyinə aiddir. Məsələn, Asim Mollazadə öz çıxışı ilə bu gün burada yanğın yaratmaq istəyirdi. Mən onun ali və orta təhsil haqqında dediklərini qəbul etmirəm.
Bir misal çəkəcəyəm. Biri Maştağada oturur, o biri ilə söhbət edir. Deyir, mən Bakıdan belə bütün dünyanı gəzmişəm, belə şey ola bilməz. Dünyanı salır Bakı ilə Maştağanın arasına. İndi həmkarım Asim Mollazadə də Lənkəran Dövlət Universitetindən bir tələbənin xaric olunması faktına əsaslanıb ölkənin bütün ali təhsilinə qara yaxır. Mən ona etirazımı bildirir və hər bir həmkarımdan xahiş edirəm ki, çıxış edəndə ehtiyatlı olsunlar, yanğın yaratmasınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun, Abel müəllim. Buyurun, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət arxiv fondunun xüsusi hissəsi” adlanan 8-ci maddəsinə bir əlavə edilir. Bilirsiniz ki, bizim arxiv materiallarımızın ümumi hissəsi Milli Arxiv Fondunda saxlanılır. Amma xüsusi sahələr də var. Yəni bizim bir sıra dövlət idarəçilik orqanlarının nəzarətində olan özünəməxsus arxivləri var. Milli Arxiv Fondunun xüsusi hissəsinə indiyə qədər Azərbaycan Respublikasının milli təhlükəsizlik, sərhəd xidməti, penitensiar xidmət, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondları daxil idi. Onlar xüsusi olaraq məhz həmin orqanların özləri tərəfindən yaradılır və nəzarət olunurdu. İndi bura Xarici İşlər Nazirliyi də əlavə olunur. Xarici işlər sahəsində bizim artıq böyük təcrübəmiz var. Azərbaycan dünyaya inteqrasiya olunur, dünyanın müxtəlif dövlətləri ilə, ölkələri ilə bizim münasibətlərin elə sahələri var ki, onlar spesifik sahələrdir. Həmin məlumatların yığılması, işlənməsi xüsusi nəzarət altında olmalıdır. Ona görə də 8-ci maddənin son cümləsi bu şəkildə veriləcək: “Azərbaycan Respublikasının milli təhlükəsizlik, sərhəd xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir”. Yəni bura Xarici İşlər Nazirliyi, yəni xarici işlər sahəsindəki arxiv fondu da bu sistemin xüsusi hissəsinə daxil edilir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
Lehinə  102
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
 Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr, ilk növbədə, ticarət qaydaları əleyhinə olan inzibati xətaların sanksiyalarının artırılmasını nəzərdə tutur. İki maddəyə – 317 və 323-cü maddələrə əlavələr edilir, yəni dispozisiya əlavə olunur. Əlavələrin olması dövlət standartları tələblərinə riayət edilməməsinə görə yeni bir dispozisiya müəyyənləşdirilməsindən ibarətdir və istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edən əlavə və dəyişikliklərdir.
Son dövrlər dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində bu sahədə qanun pozuntularına yol vermiş təsərrüfat subyektlərinə qarşı çoxlu sayda iradnamələr, tələbnamələr tərtib olunmuşdur. Təkcə 2009-cu ilin birinci rübü ərzində protokollar tərtib olunaraq, 3300 manat məbləğində cərimələr tətbiq olunmuşdur. Amma siz özünüz də İnzibati Xətalar Məcəlləsindəki bu maddələrə və sanksiyalara nəzər yetirsəniz, görərsiniz ki, bu sanksiyalar bütövlükdə bizim İnzibati Xətalar Məcəlləsində iqtisadi baxımdan həyata keçirdiyimiz dəyişikliklərə uyğun deyil, yəni həddindən artıq azdır. Digər tərəfdən də hazırda bu cərimələrin məbləğləri pozuntulara qarşı səmərəli mübarizə aparılması üçün kifayət deyil. Əlavə və dəyişikliklər bu məqsədi daşıyır. Hesab edirik ki, məsələ tamamilə düzgün qaldırılmışdır. Millət vəkillərindən bu əlavə və dəyişikliklərə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.16 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədədir. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, buyurun.
N. Cəfərov. Sağ olun, Ziyafət müəllim. Bilirsiniz ki, bizdə bu sahə ilə bağlı iki qanun var. Biri “Şəhərsalmanın əsasları haqqında” Qanundur, digəri isə Mənzil Məcəlləsidir. Tikinti ilə əlaqədar olaraq bunların üzərində iş gedir. Son zamanlar artıq bizim həyatımızın gerçəkliyidir ki, tikilən binalar bəzən lazımi keyfiyyətdə olmur, yaxud sonradan müəyyən problemlər ortaya çıxır. Ona görə də bu inkişafla əlaqədar bizdə qanunvericiliyi müəyyən qədər təkmilləşdirməyə ehtiyac yaranır.
“Şəhərsalmanın əsasları haqqında” Qanunun 25-ci maddəsinə, yəni “Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət” adlı maddəsinə əlavə və dəyişikliklər olunur. Bu əlavə və dəyişikliklərin xarakteri ondan ibarətdir ki, hansı sahələrdə qanunvericilik pozulursa, həmin sahələr dəqiq müəyyənləşdirilir. Bu sahədə baş verən nöqsanlar artıq bizə məlumdur. Konkret pozulmalara görə müəyyən məsuliyyət tələb olunur. Bunlar da, əsasən, inzibati və mülki məsuliyyətlərdir. Hansı pozuntular cinayət xarakterlidirsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq müəyyənləşdirilir.
Dəyişikliklər nədən ibarətdir? Xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda; baş planlarda müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə; mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə; mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda; tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda. Sonuncu xüsusilə ciddi məsələdir. Çünki son zamanlar təcrübə göstərir ki, binalar lazımi şəkildə hazırlanmadan satılır, yaxud hazırlanmadan sahibinə verilir. Nəticədə də böyük problemlər əmələ gəlir.
Nəhayət, belə bir bölmə də əlavə olunur ki, tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törədildikdə və həmin orqanın göstərişlərinə əməl edilmədikdə məsuliyyət nəzərdə tutulur. Yəni həm pozuntulara qarşı müvafiq icra orqanının nəzarəti konkretləşdirilir, həm də həmin orqanın işinə, fəaliyyətinə hər hansı bir şəkildə maneçilik törədilirsə, bu, məsuliyyət yaradır. Biz yaxşı bilirik ki, həm Mənzil Məcəlləsi ilə, həm də şəhərsalma ilə, tikinti ilə bağlı Milli Məclisdə yeni qanunvericilik bazası yaradılır. Görünür, bunlar gələcəkdə ümumiləşdiriləcək. Hər halda indiki vəziyyətdə, yəni tikinti bumunun mövcud olduğu bir dövrdə bu cür konkretləşdirmə xüsusilə vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Qanun layihəsi ilə bağlı çıxışa yazılanlar var. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hörmətli Nizami müəllimin dediyi kimi, bu gün Bakı şəhərində tikinti sahəsində böyük problemlər yaşanmaqdadır. Təbii ki, qanuna edilən əlavə və dəyişikliklərin tərəfdarıyam. Sadəcə olaraq, mən bir təklif vermək istəyirdim. Bilmirəm, bu təklif “Şəhərsalmanın əsasları haqqında” Qanuna, yoxsa üzərində iş gedən tikinti haqqında qanuna salınmalıdır. Düşünürəm ki, vətəndaşlarımızın bu sahədə hüquqlarının pozulmasının qarşısını almaq üçün qanunlarımızda mütləq belə bir əlavəyə ehtiyac var.
Siz bilirsiniz ki, Bakı şəhərində çoxlu sayda binalar tikilməkdədir. Düşünürəm ki, bu binaların tikintisinə başlananda onun layihəsi ilə yanaşı, bir iş planı da olur. Həmin iş planında binanın tikintisinə başlandığı və təhvil veriləcəyi tarix aydın şəkildə göstərilir. Amma çox təəssüflər olsun ki, bəzi tikinti sahələrində iş illərlə uzanır. Vətəndaşlar öz pulunu ödəsə də, bəzən 7–8 il mənzillərinə köçəcəkləri günü gözləyirlər. Amma bu, illərlə uzanır. Nəticədə insanlara həm maddi, həm də psixoloji ziyan dəyir. İnsanlar illərlə kirayələrdə yaşamağa məcbur olurlar və öz mənzillərinin nə vaxt tikiləcəyi günü gözləyirlər. O baxımdan düşünürəm, mütləq biz qanunlarımıza əlavə etməliyik ki, hər hansı bir sahibkar əgər bina tikmək üçün yer alırsa, müvafiq dövlət strukturlarının icazəsi ilə tikintiyə başlayırsa, nəzərdə tutulmuş müddətdə həmin binanı təhvil versin. Əks halda vətəndaşlarımızın hüquqları ciddi şəkildə pozulur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, şəhərsalma bu gün Azərbaycanda tikinti işlərinin belə ciddi sürətlə getdiyi bir vaxtda vacib bir məsələdir. Ümumən, bu məsələlərin həllində bir nizamsızlıq var. Bu nizamsızlıq nəticəsində Bakı şəhərində şəhərsalma sahəsində ciddi problemlər mövcuddur.
Mən Mİlli Məclisin iclasında bir dəfə də qeyd etmişdim. Bakıda tikilən mənzillərin böyük əksəriyyəti təhlükəsizlik qaydalarına riayət olunmadan tikilir. Sağı-solu, girişi-çıxışı bəlli deyil. Maşın dayanacağından tutmuş yanğın təhlükəsinədək, yaxud hər hansı fövqəladə hal olduqda yaxınlaşmaq imkanı olmur. Bu da nəticə etibarilə göstərir ki, şəhərsalma özü plansız şəkildə həyata keçirilir.
Mən bu gün edilən dəyişikliklərlə bağlı onu qeyd etmək istəyirəm ki, şəhərsalma ciddi şəkildə şərtlər daxilində kateqoriyalara bölünməlidir. Tutaq ki, Səbail rayonunda aparılacaq tikinti işləri birinci, ikinci və üçüncü kateqoriyalara bölünməlidir. Başqa rayonlarda da bu şəkildə bölgü aparmaqla mahiyyət etibarilə şəhərsalmanın əsaslarını bütövlükdə tənzimləmək mümkündür.
Diqqət edin, sovet dönəmində çox qədim arxitekturaya malik bir beşmərtəbəli bina tikilib. Yaxud dənizə yaxın məsafədə doqquzmərtəbəli bina tikilib. Bir nəfər sahibkar qısa zamanda sənədlərini hazırlayır, həmin beşmərtəbəli və ya doqquzmərtəbəli binaların az qala fasadına söykənən bir bina tikir və onun ətraf mühitlə əlaqəsini kəsir. Nəticə etibarilə orada yaşayan adamlar yeni tikilən binanın divarlarından başqa heç nə görmür. Bu, şəhərsalmaya nə dərəcədə uyğundur? Niyə indiyə qədər bu məsələlərə ciddi şəkildə diqqət yetirilməyib? Xüsusi razılığın alınması, lisenziyaların verilməsi və digər ciddi məsələlər var.
Tutaq ki, mərkəzdən çox-çox uzaqlarda, Bakının kəndlərində həyətyanı sahələrdə ev tikir. Təbii ki, şərtlər daxilində iki mərtəbədən çox olduqda təkcə Fövqəladə Hallar Nazirliyindən yox, bütün strukturlardan icazə almaq mümkündür. Amma öz həyətində ikimərtəbəli, yaxud birmərtəbəli yaşayış binası tikirsə, bundan ötrü gedib icazə almağa, kiminsə qapısını döyməyə, kiməsə rüşvət verməyə, vəzifəsindən sui-istifadə edərək kiminsə bu məsələdə vətəndaşı süründürməçiliyə məruz qoymasına nə lüzum var? Mən hesab edirəm ki, sadəcə olaraq, vətəndaş evi tikəndən sonra layihəni müvafiq icra strukturlarına təqdim etməlidir.
Burada tikilən binalardan və vətəndaşların hüquqlarının qorunmasından danışıldı. Bəli, bu, ciddi problemlərdən biridir. Banklardan kredit götürülür, qısa müddət ərzində əldə olunan xırda vəsaitlə torpaq alır, lisenziya alır, binanın fundament hissəsini başlayır. Fundament hissəsini başlayandan sonra vətəndaşlardan pul yığmağa başlayırlar. Fərz edək ki, vətəndaşlar pulunu ödədi və 12 mərtəbəli bina tikildi. 12 mərtəbəli bina tikilib qurtarandan sonra müvafiq strukturlar görəndə ki həmin bina standartlara uyğun deyil, yaşayış üçün yararlı deyil, amma vətəndaş artıq binanın pulunu ödəyib, onda vətəndaşın hüququ hansı şəkildə qorunacaq, necə tənzimlənəcək? Həmin bina isə yararsızdır, uçmalıdır. Bu, şəhərsalmaya birbaşa aid olan məsələdir.
Tikintini həyata keçirən, bunları tikən şirkətlər, ayrı-ayrı fiziki şəxslər dövlətə və yaxud ayrı-ayrı strukturlara rəsmi qaydada girov qoymalıdırlar və kvota müəyyən olunmalıdır. Əgər bina tikilib qurtarandan sonra, doğrudan da, onun yararsız olduğunu səlahiyyətli qurumlar müəyyən etdiyi təqdirdə vətəndaşın haqqı necə ödəniləcək? Ona görə də əvvəlcədən pul, girov qoymalıdır ki, tikdiyi bina yaşayış üçün yararlı olmayacaqsa, qoyduğu girovun müqabilində vətəndaşın əvvəlcədən ödəniş etdiyi pul geri qaytarılsın. Yaxud bu və ya digər şəkildə əvvəlcədən ödəniş qadağan edilməlidir. Yalnız öz hesabına tikintini maliyyələşdirməlidir. Hesab edirəm, bu, ciddi məsələlərdir. Bu gün vətəndaşların böyük əksəriyyətinin hüquqları məhz bu istiqamətdə pozulur.
Millət vəkili seçildiyim Xətai rayonunun ərazisində üç bina var. Biri Gəncə prospektində, ikisi isə Şıxlinski küçəsindədir. Vətəndaşlar hələ indiyə qədər orada qeydiyyata düşə bilməyiblər. On ildən çoxdur, orada yaşayırlar. Bina istismara qəbul olunmadığına görə qaz çəkilməyib. Vətəndaşlar elektrik enerjisindən istifadə edirlər. Məsuliyyəti heç kim öz üzərinə götürmür. Hətta lift xarab olanda onun təmirini heç kəs üzərinə götürmür ki, bina istismara qəbul olunmayıb. Əgər orada hər hansı bir təmir işi aparsaq, lift düzəltsək, yaxud vətəndaşı qeydiyyata alsaq, sabah orada baş verən hər hansı bir xoşagəlməz hadisəyə görə biz cəzalandırılacağıq. Ona görə də bu məsələlərdə vətəndaşın hüququnu müdafiə edə bilmirik.
Hesab edirəm ki, bu məsələlərə ciddi şəkildə yenidən qayıtmaq lazımdır. Xüsusən şəhərsalma ilə bağlı Bakının rayonları kateqoriyalara bölünməlidir. Hansı ərazidə hansı ölçüdə, yaxud hansı üslubda bina tikilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Tutaq ki, sabah biri gəldi, özəlləşdirilmiş yeri aldı. Necə ki, indi İçərişəhərdə bu sahədə ciddi problemlər var. İstənilən memarlıq üslubunda bina, yaxud yaşayış evi tikilir. Bunun standartlarını müəyyən etmək lazımdır. Yeri gəlmişkən, buna aid deyil, amma şəhərsalmaya birbaşa aiddir. Mən İçərişəhərin yaxınlığında, o cür qədim memarlıq üslubunun yanında elə bir Fransadakı metro stansiyalarından birini əcayib şəkildə yamsılayan “İçərişəhər” metro stansiyasının tikintisinin qəti şəkildə əleyhinəyəm. Heç olmasa, buna şəhərsalma ilə məşğul olan təşkilatlar ciddi şəkildə əməl eləməlidirlər. İçərişəhər kimi qədim kompleksin yanında Fransadakı metro stansiyalarından birinin eyni ilə surətini çıxarıb orada quraşdırmağın heç bir mənası yox idi. Ona İçərişəhərin dizaynına uyğun gözəl bir dizayn vermək mümkün idi. Çox sağ olun.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Deputat həmkarlarımdan üzr istəyirəm, biz bu gün “Şəhərsalmanın əsasları haqqında” Qanuna əlavə və dəyişiklikləri müzakirə edirik. Bunun ətrafında insanların hüquqlarını qorumaqdan, vətəndaşları sevməkdən danışmağın, yəqin ki, yeri deyil. Gəlin, bu qanun layihəsinə təklif olunmuş dəyişikliklərə, əlavələrə səs verək. İnanıram ki, deputatlarımız, doğrudan da, vətəndaşlarımızı canından artıq sevir. Yeni Şəhərsalma Məcəlləsi müzakirə olunanda deputatlar yazılı şəkildə müvafiq komitəyə hüquqi dildə yazılmış müvafiq yazını verəcəklər. Məsələdən istifadə edib bunun ətrafında hər dəfə danışaraq, birinci növbədə, özümüzü hörmətdən salırıq.
Yerdən. (Eşidilmir.)
V. Ələsgərov. Üzr istəyirəm, İqbal müəllim, Siz danışdınız. Mən heç bir adamın sözünü kəsmirəm.
Yerdən. (Eşidilmir.)
V. Ələsgərov. Üzr istəyirəm, Siz danışığınıza diqqət edin. Söhbət nədən gedir? Gəlin, onun haqqında danışaq. Bu əlavə və dəyişikliyə təklifiniz varmı? Bəsdir, Milli Məclisdə oturmuşuq, buranı sirkə döndərməyin. Bu binadan çıxandan sonra həmin sözləri təkrar edərsən, onda danışarıq. Mən xahiş edirəm, “Şəhərsalmanın əsasları haqqında” Qanuna təklif olunan dəyişikliklərə və əlavələrə səs verək. Burada işimiz yüngülləşər.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.33 dəq.)

Lehinə 93
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Komitə sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əgər icazə versəniz, 12-ci və 13-cü məsələlər “Dövlət qulluğu haqqında” Qanunla bağlı olduğuna görə hər ikisini məruzə edərdim. Hörmətli millət vəkilləri, “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliklər və əlavələrin mahiyyəti haqqında qısaca məlumat vermək istəyirəm.
Bilirsiniz ki, dövlət qulluğuna qəbul müsabiqə və müsahibə yolu ilə, iki mərhələdə həyata keçirilir. Hazırda bu prosesi Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir. Fürsətdən istifadə edib məlumat üçün bildirmək istəyirəm ki, sonuncu dəfə 25 aprel tarixində dövlət qulluğuna test yolu ilə imtahanlar keçirilib. Qeydə alınmış 2862 namizəddən 532-si uğur əldə edib. Hesab edirik, müsbət haldır ki, dövlət qulluğuna qəbul prosesi şəffaf üsullarla həyata keçirilir.
Bu sahədə bir qanunvericilik problemi mövcuddur. Məsələ burasındadır ki, qanunvericiliyin bugünkü mənasına görə dövlət qulluğunda, yəni hər hansı bir nazirlikdə, komitədə və yaxud yerli icra hakimiyyəti orqanında çalışan dövlət qulluqçusunun elə çalışdığı həmin təşkilatda vakans ştat yarandıqda və həmin ştata müsabiqə elan olunduqda üstünlük əldə etmək hüququ yoxdur. Təklif olunan dəyişikliklərin və əlavələrin ilk növbədə mahiyyəti ondan ibarətdir ki, inzibati vəzifələrin 6–9-cu təsnifatlarına uyğun, – söhbət yerli təşkilatlardan gedir,– inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsabiqə keçirilə bilsin. Yəni həmin təşkilatda çalışan dövlət qulluqçusunun müsabiqədə iştirak edə bilməsi üçün imkan yaradılsın. Məncə, bu çox düzgün bir yanaşmadır, çünki dövlət qulluqçusu həmin təşkilatda, idarədə çalışırsa, deməli, təcrübəsi daha çoxdur. Əgər belə bir qərar qəbul olunarsa, həmin dövlət qulluqçusunun müsabiqədə iştirak etmək üçün üstün hüququ yaranır.
Onu da vurğulamaq istəyirəm, burada qeyd olunub ki, müsahibə keçirilə bilər və heç bir halda digərlərinin hüquqları pozulmur, digərləri də, təbii, bu müsabiqədə iştirak edə bilərlər. Bu əlavədən irəli gələn texniki düzəliş isə 29.4-cü və 29.6-cı maddələrdə öz əksini tapmışdır.
13-cü məsələ ilə bağlı da məlumat vermək istərdim. 13-cü məsələ “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi ilə bağlıdır. Söhbət nədən gedir? 2008-ci il 2 iyun tarixində “Dövlət qulluğu haqqında” Qanunun 38 bəndində düzəlişlər etmişik. 27-ci maddədə “dövlət qulluğuna girmək” sözləri “dövlət qulluğuna qəbul edilmək” sözləri ilə əvəz olundu. “Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən” sözləri əlavə olundu, “dinə münasibətdən” sözləri çıxarıldı, Konstitusiyaya uyğun olaraq “milliyyətindən” sözündən sonra isə “dinindən” sözü əlavə edildi.
Demək istəyirəm ki, 2008-ci il 2 iyun tarixində biz “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər və əlavələr etdik. Onları mən sadaladım. İndi həmin dəyişikliklər və əlavələr spesifik qanunlara, o cümlədən Əmək Məcəlləsinə, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında” qanunlara köçürülür.
“Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı etdiyimiz bu dəyişikliklər texniki xarakter daşıyır, qanunvericiliyin dəqiqləşdirilməsinə xidmət edir. Burada yeni və mürəkkəb bir məsələ yoxdur və ona görə də millət vəkillərindən həm 12-ci, həm də 13-cü məsələyə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələri ilə bağlı çıxış etmək istəyənlər var. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən iki məsələyə toxunmaq istəyirəm. Birinci təklifim ondan ibarətdir ki, imkan varsa, fasiləsiz işləyək, çünki bu məsələlərdən sonra Hesablama Palatasının hesabatını dinləməliyik. Bunu da dinləyək.
Sədrlik edən. Siyavuş müəllimin təklifi qəbul olunsun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda fasiləsiz işləyirik. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov. İkinci, doğrudan da, təklif olunan dəyişikliklər çox düzgündür. Mən xüsusilə qeyd etmək istəyirəm ki, dövlət qulluğu ilə bağlı son dövrdə ölkəmizdə çox böyük işlər görülüb. Dövlət qulluğuna götürülməsi ilə əlaqədar həm müsahibənin, həm müsabiqənin keçirilməsi, həm də test imtahanlarının verilməsi xeyli dərəcədə insanların dövlət qulluğunda çalışması üçün yollar açıb. Əvvəllər institutu bitirən bəzi adamlar hansısa yollarla dövlət qulluğuna düşürdülər, nəinki öz təhsili, ümumilikdə dünyagörüşü və təfəkkürü baxımından da onların dövlət qulluğunda çalışmağa heç bir ixtiyarı yox idi. Bu normanın ortaya qoyulması belə düşünməyə əsas verir ki, indi insanlar diplom arxasınca deyil, əsl təhsil arxasınca gedəcəklər, birinci növbədə öz ixtisaslarına layiqincə yiyələnməyə çalışacaqlar. Sosializmdə belə bir fikir formalaşmışdı, bir diplom alan hesab edirdi ki, ali təhsillidir və istədiyi idarədə işləyə bilər. Lakin tətbiq olunan imtahanlar artıq diplomların həmin insanlara necə verilməsinin bariz nümunəsidir. Əli müəllim məruzəsində nə qədər insanın imtahandan keçdiyini göstərdi. Çox düzgündür, əgər keçməyibsə, növbəti imtahanlara hazırlaşsın.
Bu haqda digər qanunlara da dəyişikliklər edilir. Məhkəmə sistemində də artıq test imtahanlarının tətbiqi, imtahanın bir neçə mərhələdə aparılması həmin sistemdə təmizlənməyə səbəb olub. Savadlı gənc hüquqşünaslar, gənc kadrlar artıq məhkəmə sistemində də çalışmağa başlayıblar, hakim seçilirlər və məhkəmələrə rəhbərlik edirlər.
Bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Doğrudan da, vacib olan amillərdən biridir ki, iki eyni miqdarda bal toplayan insanın peşə fəaliyyəti nəzərə alınır. Topladıqları bal üst-üstə düşərsə, təcrübəsi olan şəxsə üstünlük vermək təqdirəlayiqdir, çünki həmin insan artıq uzun müddətdir bu sahədə fəaliyyət göstərir və gələcək fəaliyyəti üçün də stimul yaranır. Keçmişdə də belə şeylər var idi. Dərəcələrə görə üstünlüklər verilirdi. Mən hesab edirəm ki, bunun tətiq olunması vacib elementlərdən biridir, dövlət qulluğu sahəsində atılan əsaslı addımdır. Millət vəkillərindən xahiş edirəm ki, hər iki qanun layihəsinə səs versinlər, qəbul edək. İmkan varsa, layihələri səsə qoyaq.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Təklif var, layihələri səsə qoyaq. Çıxış üçün təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim təkid edir. Buyurun, Fəzail müəllim.
F. Ağamalı. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Əlbəttə, son vaxtlar “Dövlət qulluğu haqqında” Qanunun təkmilləşdirilməsi ilə bağlı atılan addımlar çox təqdirəlayiqdir. Əlbəttə, bu, cəmiyyətin mühüm bir sahəsini tənzimləyən “Dövlət qulluğu haqqında” Qanunun müasir inkişaf səviyyəsi ilə uyğunlaşdırılması məntiqindən irəli gəlir, əlbəttə, müdafiə olunmalıdır, dəyərləndirilməlidir və alqışlanmalıdır.
Təqdim edilmiş qanun layihəsində bir məqamın və elementin üzərində xüsusi dayanmaq istərdim. Bu da ayrı-ayrı sahələrdə çalışan və dövlət qulluğuna cəlb edilən insanların Azərbaycan dilini mükəmməl bilmələri ilə bağlı qanun layihəsinə edilən əlavədir. Bu çox vacibdir, əhəmiyyətlidir. Mən, xatırlayırsınızsa, hörmətli millət vəkilləri, bir neçə müddət bundan öncə Milli Məclisin yığıncaqlarından birində söyləmişdim ki, Bakı şəhərində, ayrı-ayrı yerlərdə Azərbaycan dilindən imtina və Azərbaycan dilindən istifadəyə qarşı bir laqeydlik halları ifadə olunmaqdadır. Düşünürəm ki, bu bir daha təsdiq edir ki, ölkədə həmin sahəyə xüsusi diqqətə hələ də ehtiyac var. Lakin mən düşünürəm ki, təkcə qanun layihəsində göstərildiyi kimi, polis, prokurorluq, vergi və ədliyyə orqanlarında deyil, dövlət qulluğuna cəlb edilən bütün nazirliklərdə və qurumlarda tətbiq olunmalıdır.
Məntiqi bir sual doğur. Nəyə görə polisə qəbul edilən Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir, belə deyək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qəbul edilən məmur bilməli deyil? Digər dövlət qulluğuna qəbul edilən şəxslərə bu qayda şamil edilməli deyil. Mənə elə gəlir ki, hörmətli Əli müəllim, gələcəkdə bu məsələlər də nəzərə alınmalıdır. Ümumiyyətlə, bu tələb “Dövlət qulluğu haqqında” Qanunun əhatə etdiyi bütün sahələrə aid edilməlidir. Mən düşünürəm ki, bu çox vacib məsələdir. Digər tərəfdən, mən demək istərdim ki, təqdim edilmiş qanun layihəsinin qəbulu Azərbaycan dilinə diqqətin və qayğının ifadə forması kimi reallaşacaqdır. Çox əhəmiyyətli məsələlərdir və ona görə mən də bu qanun layihəsinə müsbət yanaşıram. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Fəzail müəllim. Buyurun, Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun. Əslində, Fəzail müəllim çıxış etməsə idi, heç mən də çıxış etməyəcəkdim, amma məsələ, həqiqətən, vacibdir. Bu dəyişikliyin qəbulu ilə əlaqədar bəzi qanunlara əlavələrdə Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilmək tələbinin qoyulması şərtdir. İndi Fəzail müəllim “mükəmməl bilmək” sözlərini işlətdi. Mükəmməl bilmək, təbii ki, hüquqi termin deyil. Azərbaycanlıların özləri də bəzən öz dillərini mükəmməl bilmirlər. “Mükəmməl” sözü işlədildikdə məsələ böyüyür, amma “dövlət dilini sərbəst bilmək” artıq həm dilçilik termini, həm də hüquqi termin kimi anlaşıla bilər. Yəni dilin ədəbi, qrammatik əsaslarını mənimsəmək tələb olunur və dilin ümumi leksikonunu təxminən 50–60 faiz bilmək tələb olunur. Cümlənin bu şəkildə verilməsi, əlbəttə, tamamilə təbiidir.
Bir də, üçüncü bir şərt var, çünki bunlar sahə üzrə qanunlara əlavə olunur. Deyək ki, polis, prokurorluq, məhkəmə orqanlarının spesifik leksikonu vardır. Burada hüquqi terminologiyadan istifadə edilir. Bundan sonra, həmin sahəyə aid sintaksis var, yəni qanunlarımızın dili bizim danışıq dilimiz deyil və ya bədii, publisistik dilimiz deyil. Bax, bu mənada spesifiklik gözlənilir. Layihədə olan “sərbəst bilmək” sözləri ilə ixtisas dil materialını yaxşı bilmək və ondan rahat istifadə etmək nəzərdə tutulur. Mən də Fəzail müəllimlə razıyam ki, bu şərt mümkün qədər bütün sahələrə aid edilməlidir. Bəzən dövlətlərin hüquqi göstərişləri ilə rastlaşırıq. Məsələn, İngiltərənin vətəndaşı olmaqdan ötrü ingilis dilində sərbəst danışmaq şərti qoyulur. Biz bu həddə qədər hələ gəlib çıxmamışıq, amma prinsipcə gəlib çıxacağıq və bunu alqışlamaq lazımdır.
Mən deyim ki, bizim prokurorluq, məhkəmə orqanlarımızda dilimizi yüksək səviyyədə bilən insanlar işləyirlər. Bəzən bunlar diqqətdən kənarda qalır, biz bunları heç dilçilik mədəniyyəti səviyyəsində təhlillərə də cəlb etməmişik, əsasən, yazıçının, şairin dilini nümunəvi dil hesab etmişik. Bu isə doğru deyil. Bu gün xüsusilə dövlət quruculuğunda, dövlət işində dilimizi mükəmməl bilən şəxslərə ehtiyac var. Təkcə sərbəst bilənlərə yox, həm də yaradıcı şəkildə bilənlərə ehtiyac var. Bu mənada layihədə göstərilən qanunlara dövlət dilini sərbəst bilmək tələbinin daxil edilməsi çox uğurlu haldır və bizim milli inkişafımızın göstəricisidir.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Ardıcıl olaraq səsə qoymaq təklifləri gəlir. Yazılanlar, təkid etmirsiniz? Gülər xanım təkid edir, bayaq da çıxış etməyib, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz təkid etmədiniz axı. Təkid edən varsa, biz ona söz verməliyik. Aydın müəllim, əgər təkid edirsinizsə, Siz də danışın. Danışmaq istəmirsinizsə, başqasına niyə maneçilik törədirsiniz? Buyurun, Gülər xanım.
G. Əhmədova. Təşəkkür edirəm, Bahar xanım. Qanıma qəltan etsəniz də, bir məsələni mütləq deməliyəm, çünki bu günümüzlə bağlı bir məsələdir. Bayaq şəhərsalma ilə bağlı, təəssüf ki, deyə bilmədim. Bu məsələnin nəzərə alınması ilə bağlı müəyyən konkret orqanların, yəqin ki, bir fikri olacaq. Bilirsiniz ki, bu gün bizə mayın 10-da gül bayramının keçirilməsi ilə bağlı dəvətnamələr gəldi. Bir müddət bundan öncə cənab Prezidentin keçirdiyi yığıncaqda Bakı şəhərində və ümumiyyətlə, Azərbaycanda yaşıllıqlarla bağlı konkret qərarlar qəbul edildi. Keçən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etdi ki, gül bayramının keçirilməsinə 15 milyona yaxın vəsait xərclənib. Cənab Prezidentin bu cür konkret qoyduğu mövqe, xahiş edərdim, nəzərə alınsın. Bakı Şəhər İcra Hakimiyyəti cəmi 1–2 gün ömrü olan güllərə bu qədər vəsaiti xərcləməsin. Həmin vəsaiti konkret olaraq Bakı şəhərində çox böyük bir parkın salınmasına sərf etsin, biz də bu tədbirdə iştirak edək. Mənə belə gəlir ki, 15 milyon vəsaitə, doğrudan da, ulu öndərin adına layiq çox gözəl bir park salmaq olar və bu da illər uzunu həm xalqımıza, həm də dövlətçiliyimizə xidmət edər. Amma birgünlük güllərə görə bu qədər vəsaiti, məncə, xərcləmək mənasız bir işdir. Təşəkkür edirəm, sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Aydın Həsənov. Aydın müəllim, danışmaq istəmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif edirsiniz, səsə qoyaq? Sizin bu təklifinizə Qüdrət müəllim və Məlahət xanım da qoşulur. Onda, buyurun, layihəyə münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 13.51 dəq.)

Lehinə  98
Əleyhinə 1
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Əli müəllim, Siz iki layihə haqqında məruzə etmişdiniz, bunları ayrı-ayrı səsə qoymalıyıq. 13-cü məsələyə də münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 13.51 dəq.)

Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, sonuncu məsələ Azərbaycan Respublikası Hesablama Palatasının hesabatıdır. Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov. Heydər müəllim, buyurun.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! İqtisad tariximizdə, yaxud iqtisadi həyatımızda, belə demək mümkünsə, özünəməxsus bir xarakteri ilə yadda qalan 2008-ci ilin yekunları ölkə iqtisadiyyatının, həqiqətən də, dayanıqlı xarakter daşıdığını və möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut etdi. Eyni zamanda, sübut olundu ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və iqtisadi islahatlar uzunmüddətli iqtisadi strategiyaya söykənir və bu strategiya beynəlxalq risklərdən, demək olar ki, kifayət qədər sığortalanmışdır. Hal-hazırda dünyanı bürüyən qlobal iqtisadi böhranın Azərbaycana təsirinin minimal olması təbiidir. Azərbaycan dünya iqtisad sisteminə, iqtisadiyyat təsərrüfatına inteqrasiya olunmuş bir ölkədir və bu və ya digər dərəcədə böhranın buraya da təsiri olmalıdır. Amma bunun belə az olması özü də Azərbaycanda, həqiqətən, bu sahədə uzunmüddətli dəqiq strategiya hazırlanıb həyata keçirildiyini bir daha sübut edir. Hətta xarici mütəxəssislər Azərbaycan iqtisadiyyatını hal-hazırda dalğalı okeanda sakit bir əraziyə bənzədirlər. Bu mənim sözüm deyil, dünya iqtisadçılarının bizə verdikləri o memorandumlarda siz bu cümləyə rast gələ bilərsiniz.
Belə bir şəraitdə bir arayış da vermək istərdim. Bəzən bu irəliləyişlər Azərbaycanda qiymətli kağızlar bazarının olmaması və yaxud digər amillərlə daha çox əlaqələndirilir. Amma mən onu da bildirmək istərdim ki, düzdür, bu böhran qiymətli kağızlar, daşınmaz əmlak bazarından başlasa da, hal-hazırda hamınıza bəllidir ki, dünyada real sektorun bütün dərinliklərinə qədər sirayət etmişdir. Bu haqda yazanların nəzərinə çatdırmaq istəyirəm ki, əslində, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının optimal bir səviyyədə saxlanılması özü də bir strategiyadır. Azərbaycan hökuməti kifayət qədər valyuta ehtiyatlarına malikdir. Mən Maliyyə Nazirliyində işləyən dövrlərdə də bir sıra dövlətlərdən, iri korporasiyalardan bu vəsaitlərin çox cəlbedici şərtlərlə qiymətli kağızlara yerləşməsi barədə təkliflər alırdıq. Yadınızdadırsa, dövlətdaxili borcların limitləşdirilməsi, xarici borcların həddinə limit qoyulması özü qiymətli kağızlar bazarının inkişafında bir strategiya idi. Ona görə də burada hər hansı bir müvəffəqiyyət varsa, o da dövlətin uzunmüddətli strategiyasının tərkib elementidir və mən hesab edirəm, bunu belə qiymətləndirmək lazımdır.
Hörmətli millət vəkilləri, hər birinizə məlum olduğu və yaxud sizin özünüzün də dəfələrlə burada vurğuladığınız kimi, dövlətin iqtisadi qüdrətindən, onun malik olduğu valyuta ehtiyatlarından, resurslarının həcmindən asılı olmayaraq dövlət vəsaitinin üzərində nəzarət həmişə aktual olub və bu gün də aktualdır. Amma bu gün aktuallıq xüsusi bir xarakter kəsb edir. Nazirlər Kabinetində 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarının müzakirəsi zamanı möhtərəm Prezidentimiz də qeyd etdi ki, maliyyə intizamı, maliyyə resurslarından istifadəyə nəzarət həmişə aktual olub. Amma buna bu gün daha böyük ehtiyac duyulur. Həqiqətən də, bu gün dünyada iqtisadi tənzimlənmə proseslərinin pozulduğu, büdcə kəsirinin, dövlət xarici borclarının həcminin artdığı bir dövrdə maliyyə nəzarətinin gücləndirilməsi həmin sahədə böhranın aradan qaldırılmasına xüsusi bir töhfə olur.
Təsadüfi deyil ki, Londonda iyirmiliyin iqtisadi böhrana həsr edilmiş iclasında da beynəlxalq maliyyə nəzarəti orqanlarının güclərinin konsolidasiya edilməsi – birləşdirilməsi yekun qərarda öz əksini tapmışdır. Mən bununla qeyd etmək istəyirəm ki, həqiqətən də, bu gün Hesablama Palatasının rolu əvvəlkindən daha artıq olmalıdır. Hesablama Palatası korrupsiyanın və digər faktların, maliyyə pozuntularının araşdırılmasında və eləcə də ayrılmış vəsaitlərin səmərəliliyinin daha çox yüksəldilməsi, yüksək nəticələrin əldə edilməsində xüsusi rol oynamalıdır. Beynəlxalq təcrübədən fərqli olaraq bizim palatanın cəmi 8-9 yaşı var. Hesablama Palatası özünün kadr potensialı imkanları daxilində bu istiqamətdə öz töhfəsini verməyə çalışır. Bizim ilkin funksional vəzifəmiz, siz bilirsiniz, büdcə layihəsi, büdcə layihəsinə dəyişikliklər, Büdcənin icrası haqqında qanun layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi haqqında rəy verməkdən ibarətdir və bu rəylər verilibdir. Hər bir rəy həmişə sizə paylanıb və bu haqda mən əlavə məlumat verməyəcəyəm. Sadəcə, burada il ərzində həyata keçirilmiş nəzarət tədbirləri haqqında azacıq məlumat verəcəyəm, çünki sizə paylanmış hesabatda hər bir nəzarət tədbiri, həmin nəzarət tədbiri nəticəsində müəyyən edilmiş nöqsanlar, onların xarakteri ayrı-ayrılıqda əks olunub. Buna görə də hər birinin mahiyyətinə varmadan ümumi rəqəmləri bildirmək istəyirəm.
Yadınızdadırsa, biz keçən il 3 audit yoxlaması, 21 analitik təhlil keçirmişdiksə, hesabat ilində biz artıq 23 audit yoxlamasını və 20 analitik təhlil işini başa çatdırmışıq. Bu analitik təhlillər və eləcə də auditlər nəticəsində bir sıra xarakterik nöqsanlar müəyyən olunur. Yenə deyirəm, onların hər birinin xarakteri hesabatda ayrı-ayrılıqda göstərilib. Maliyyə pozuntularından tutmuş, hətta cinayət xarakterli bir neçə fakt da aşkar edilib. Yoxlamalarımızın nəticəsində 2 belə iş Respublika Prokurorluğuna göndərilmişdir.
Audit vaxtı əsas diqqətimiz, qeyd etdiyim kimi, təkcə faktları araşdırmağa yox, daha çox səmərəlilik auditinin həyata keçirilməsinə, ayrılmış puldan necə istifadə olunmasına və gələcəkdə lüzumsuz xərclərin aradan qaldırılmasına, səmərəsiz xərclərə yol verilməməsinə yönəlmişdir. Təkcə bir faktı deyim ki, 3 rayonda apardığımız yoxlamalar nəticəsində 214 qrup təkcə audit dövründə ixtisara salınıb. Əsassız siniflərə bölünərək qrup yaradılması hesabına belə qruplar artmışdı. Yalnız 3 rayonda apardığımız yoxlamalar nəticəsində xəstəxanada çarpayıların sayı 235 ədəd azaldılıb. Yəni belə faktlar digər rayonlarda da var.
Arxiv idarələrində apardığımız yoxlamalar zamanı kolxoz, sovxoz dövrünə aid saxta sənədlərin verilməsi hesabına əsassız pensiyaların təyin edilməsi halları müəyyən olunub. Söhbət bunun yerli miqyasda, lokal səviyyədə aşkar edilməsindən getmir. Hesablama Palatası arxivlərdə müəyyən edilmiş nöqsanı bütün arxiv idarələrinə göndərmiş, Baş Arxiv İdarəsi, Dövlət Sosial Müdafiə Fondu ilə müzakirə etmiş, ümumilikdə pensiya sisteminin əmək haqqına görə dəyişdirilməsi təklifi ilə çıxış etmişdir. Bu günlərdə yəqin ki, həmin layihə Maliyyə Nazirliyi ilə razılaşdırılıb parlamentdə müzakirəyə çıxarılacaqdır. Yəni bir faktı müəyyən etməklə kifayətlənmirik. Ümumiyyətlə, arxiv işində bu sistemin aradan qaldırılmasına və məktublar göndərilərək, belə xərclərə yol verilməməsinə nail olmuşuq. Respublika təhsil müəssisələrinə müraciət olunaraq belə yarımqrupların yaradılmaması, xəstəxanalardan isə artıq çarpayı fondunun yaradılmaması tələb olunmuş və bir sıra nazirliklər də buna çox müsbət reaksiya vermişlər.
Bu rəqəmləri bir daha sadalamaq istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, ümumilikdə bizim auditlər zamanı 569 min vəsait nağd qaydada kassaya ödənilib, 1 milyon 18 min vəsait köçürmə yolu ilə banka qaytarılıb. 434 min dəyərində verilməmiş avadanlıq və inventarlar nağd qaydada anbarlara mədaxil olunub və istifadəyə verilib. Onlara kompyuter avadanlıqları, disklər, avadanlıqlar, xəstəxana avadanlıqları, inventarları və sair uçota və mədaxilə götürülərək bərpa olunub. Yüzlərlə, minlərlə adam sosial sığortaya cəlb olunub. Bunlar hamısı hesabatda öz əksini tapıb. Ümumilikdə 7 milyondan artıq vəsaitin təyinatı üzrə xərclənməsi təmin edilib. Əgər bunun üzərinə gələcək xərclərin qarşısının alınmasını da gəlsək, bu rəqəmlər daha böyük olar.
Onu da qeyd etməliyəm ki, hesablama palatalarının fəaliyyəti qiymətləndirilərkən, adətən, belə hallara yol verilir. Hesablama Palatasının saxlanması xərcləri ilə onun bərpa etdiyi və yaxud qarşısını aldığı xərclər müqayisə edilir. Belə bir müqayisə metodu vardır. Müqayisə üçün deyə bilərəm ki, keçən il də bizim istifadəsini təmin etdiyimiz vəsaitin həcmi xərclədiyimiz vəsaitin həcmindən 3,9 dəfə artıq olmuşdur. Artıq biz bu meyarlara yaxınlaşmağa başlamışıq. Biz keçən il aparılmış auditlərin nəticəsini elə-belə buraxmamışıq. Bu il “Aqrolizinq”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə iş aparılıb. Bunun nəticəsində “Aqrolizinq”də yığım 10,2 dəfə artıb. Hər ay bu işlər nəzarətdə saxlanılır və hər bir rayondan hesabat alınır.
Görülmüş tədbirlər nəticəsində aşkar edilmiş nöqsanlarla bağlı 2 iş Respublika Prokurorluğuna göndərilib, 87 nəfər, o cümlədən 6 rəhbər işçi barəsində inzibati tədbirlər görülüb, 2 müavin, 3 sektor müdiri, cəmi 12 nəfər işdən azad olunub. Bu hesabatı hazırlayarkən “Hesablama Palatası haqqında” Qanuna görə yalnız kollegiyamızda müzakirə olunmuş rəqəmləri buraya salmışıq. Hələ bu günə qədər də inzibati və digər qaydada cəzalandırma tədbirləri davam edir. Bu gün mən buraya gələndə iki nəfərin işdən çıxarıldığı barədə məktub almışam. Yəni bizim bu tədbirlər davam edir. Biz növbəti ildə çalışacağıq ki, kadr potensialı formalaşdıqca, auditlərin təsirini artıraq və siz burada daha ciddi audit tədbirlərinin şahidi olacaqsınız.
Qısaca bəzi məsələləri demək istərdim. Bizim beynəlxalq təşkilatla əlaqələrimiz normal səviyyədədir. Bizim yeni binamız tikilir, bəlkə bir çoxunuz görmüsünüz, artıq bir neçə ay ərzində biz oraya köçəcəyik. Orada bizim xarici əlaqələrimizə xüsusi təkan veriləcək. Xüsusi proqramlarla işləyirik. Beynəlxalq təşkilatlardan iki milyona yaxın qrant almaq haqqında razılıq əldə edilmişdir. Həmin qrant çərçivəsində müəyyən proqramların həyata keçirilməsi və hesabatların avtomatik işlənərək sərf edilmiş vəsaitlərə səmərəlilik və digər meyarlar aspektindən qiymət verilməsi məsələsi də həll olunacaq.
Hesablama Palatasının fəaliyyətini tənzimləyən 16-dan artıq qayda işlənib hazırlanıb. Bütün hesablama palataları haqqında ilk dəfə olaraq tərəfimizdən Azərbaycanca, indi də ingiliscə kitab hazırlanıb. Bu kitab bütün ölkələrə göndəriləcəkdir. Ümumiyyətlə, hesablama palatalarına aid Lima Bəyannaməsi var. Bu bəyannamənin prinsiplərinə uyğun olaraq Hesablama Palatası öz fəaliyyətini genişləndirməyə çalışır.
Məlumat üçün bildirirəm ki, bizim yeni veb-saytımız yaradılıb. Veb-saytımızda həyata keçirilmiş nəzarət tədbirləri ilə yanaşı, bütün fəaliyyətlimiz, işlərimiz haqqında çox geniş məlumat verilib. Oradan da istənilən məlumatı əldə etmək olar. Bunu da qeyd etmək istəyirəm ki, Hesablama Palatası təsdiq etdiyi iş planından əlavə heç bir yoxlama, audit aparmayıb, lakin kadr potensialı ilə əlaqədar bir neçə auditimizi keçirmişik. Eyni zamanda, yalnız yerdəyişmələrlə kifayətlənmişik, iş planına salınmış heç bir audit ləğv edilməyib. Yəni bu bizim üçün xüsusi bir göstəricidir. Hesablama Palatasının iş planında nəyi isə ləğv etmək, dəyişmək o qədər də normal hesab edilmir. Yəni iş planında belə dəyişiklik edilməyib. Növbəti il üçün yeni iş planımız hazırdır. Artıq burada da yoxlamaların sayı 23 deyil, artıq bundan iki dəfə çox yoxlama aparılması nəzərdə tutulub. Qeyd etdiyim kimi, yeni ildə daha təsirli tədbirlər görməyə çalışacağıq.
Bizim digər nazirliklərlə əlaqələrimiz möhkəmlənib. Prokurorluq orqanları ilə, Maliyyə Nazirliyi ilə, Vergilər Nazirliyi ilə əməkdaşlıq haqqında ikitərəfli memorandumlar imzalanıb. Bir sıra xarici tədbirlərdə birgə iştirak etmişik və artıq müştərək yoxlamalara cəlb olunmuşuq. Ümumiyyətlə, çalışmışıq ki, bu il ərzində, qeyd etdiyim kimi, imkanlarımız daxilində vəzifəmizin icrasında əlimizdən gələni əsirgəməyək.
Mən çıxışımı çox uzatmadan hörmətli millət vəkillərini əmin etmək istəyirəm ki, sizin köməyinizi, dəstəyinizi həmişə hiss etmişəm. Bunu açıq bildirirəm. Mən Hesablama Palatasının sədri olandan sonra millət vəkillərinin əksəriyyətinin böyük dəstəyini hiss etmişəm. Mən hesab edirəm ki, biz növbəti ildə də bu siyasəti davam etdirərək, cənab Prezidentin korrupsiyaya qarşı mübarizə, şəffaflığın yüksəldilməsi, vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması istiqamətində bütün tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Heydər müəllim. Buyurun, əyləşin. Müzakirəyə başlayırıq. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Dünyada qlobal maliyyə böhranı gedir. Azərbaycan da bu böhrandan kənarda qalmayıb. Artıq həmin qlobal maliyyə böhranı bir sıra strukturlara müdaxilə etməkdədir. Ona görə də Azərbaycandakı maliyyə vəziyyətinin qorunub saxlanması üçün nəzarətin çox böyük əhəmiyyəti var. Maliyyə nəzarəti haqqında qanun layihəsi qəbul edilməsə də, bildiyiniz kimi, 2008-ci ildə biz “Hesablama Palatası haqqında” Qanuna əlavə və dəyişikliklər etdik və bir sıra nəzarət səlahiyyətlərini Hesablama Palatasına verdik. Məhz onun nəticəsidir ki, 2008-ci ildə Hesablama Palatasının yoxlamaları aşkarlıq səviyyəsində keçirilmişdir. Yəni əgər 2007-ci ildə cəmi 3 audit və 20 ekspert-analitik tədbir həyata keçirilmişdisə, 2008-ci ildə 23 audit və 20 ekspert–analitik tədbir həyata keçirilmişdir. Ekspert-analitik tədbirlər barədə mən danışmaq istəmirəm. Çünki biz dövlət büdcəsini müzakirə edəndə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edəndə bu məsələlərə toxunmuşuq və fikirlərimizi demişik.
Mən Hesablama Palatasının apardığı audit yoxlamalarla əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm. Birincisi, hesabatdan görünür ki, Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində Hesablama Palatası böyük bir yoxlama aparıb və 2006-2007-ci illərdə bu sistemdə baş verən əyintiləri aşkara çıxarıb. Demək olar ki, burada böyük məbləğdə verginin dövlət büdcəsinə ödənilməməsi və digər hallar aşkar edilib. Bu barədə Hesablama Palatasının hesabatında çox geniş məlumat verilib. Düzdür, sonradan müəyyən tədbirlər görülüb, yəni Vergilər Nazirliyi ilə bir yerdə müzakirələr olub, kimsə məsuliyyətə cəlb olunub. Amma mən belə hesab edirəm ki, Hesablama Palatasının əsas məqsədi həmin vergilərin dövlət büdcəsinə cəlb edilməsinə nail olmaqdan ibarətdir. Bu məbləği də hesabatda göstərmək lazımdır ki, millət vəkilləri hansı idarələrdə nöqsanların aşkar edildiyini bilsin.
Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm. Hesablama Palatasının hesabatında göstərilir ki, bütün yoxlamalar barədə, o cümlədən 2 saylı Ərazi Vergilər İdarəsində aparılan yoxlama barədə Milli Məclisə hesabat verilir. Amma mən İqtisadi siyasət komitəsinin üzvü olaraq bu hesabatı görməmişəm. Niyə bu hesabat Milli Məclisin İqtisadi siyasət komitəsinə təqdim olunmur? Milli Məclis rəhbərliyindən soruşmaq istərdim ki, niyə biz hesabatla tanış deyilik? Millət vəkilləri bu hesabatlarla tanış olmalıdır. Bu digər yoxlamalara da aiddir.
İkinci audit yoxlaması Bakı Şəhər Ticarət və Xidmət Departamentində aparılıb. Ümumiyyətlə, bu departamentin nə ilə məşğul olduğu bizə aydın deyil. Hesabatda göstərilir ki, ikinci belə bir orqan İqtisadi İnkişaf Nazirliyinin tərkibində var. Faktiki olaraq, bu iki orqan bir-birini təkrar edir. Bunların ikisinin də fəaliyyət göstərməsinə baxmayaraq, həddən artıq çoxlu rüsumun ödənilməməsi, icarə haqlarının düzgün müəyyən edilməməsi, əlavə haqların yığılması kimi faktlar Hesablama Palatası tərəfindən üzə çıxarılmışdır. Nəzərə almaq lazımdır ki, bundan başqa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi var. Mənə elə gəlir ki, bütün yoxlamaları onlara həvalə etmək lazımdır. Ümumiyyətlə, bu iki orqanın saxlanıb-saxlanılmaması sual altındadır.
Analitik təhlillərlə əlaqədar bir neçə məsələyə toxunmaq istərdim. Ümumiyyətlə, burada dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi və büdcəyə daxilolmalar arasındakı fərqlər Hesablama Palatasının hesabatında özünü göstərir. Təsəvvür edin, Hesablama Palatasının hesabatına diqqət yetirəndə görürük ki, Vergilər Nazirliyi ilə yerli icra orqanları arasında nə qədər fərq var. Əgər Vergilər Nazirliyində 490 min hektar göstərilirsə, yerli icra orqanlarında 850 min hektar torpaq sahəsindən söhbət gedir. Yəni dövlət büdcəsinə nə qədər ziyanın dəydiyi artıq bu rəqəmlərdən aydın olur.
Ümumiyyətlə, belə götürəndə hesab edirəm ki, Hesablama Palatası 2008-ci ildə müəyyən üstünlüklərə nail olmuş və müəyyən yoxlamaları müsbət istiqamətdə aparmışdır. Amma Palatanın fəaliyyətində aşkarlıqla əlaqədar bir məqama toxunmaq istəyirəm. Çünki bu, hazırda Azərbaycan üçün çox əhəmiyyətli bir problemdir. Düzdür, Palatanın internetdə veb-saytı yaradılıb, orada müəyyən məlumatlar var. Əsas məlumatlar Palatanın strukturu, ştat vahidi ilə əlaqədardır. Mən tövsiyə edərdim ki, yaxın vaxtlarda həmin saytda Palatanın apardığı yoxlamaların nəticələri verilsin və insanlar da bilsinlər ki, belə bir orqan tərəfindən çox güclü yoxlamalar aparılır.
Palatanın beynəlxalq əlaqələrini mən yüksək qiymətləndirirəm. Həm MDB daxilində, həm də Avropa dövlətləri arasında audit təşkilatları ilə ciddi ikitərəfli əlaqələri var və bu əlaqələrin audit işinin mükəmməl öyrənilməsi baxımından çox böyük əhəmiyyəti var. Ümumi götürəndə mən Palatanın 2008-ci il hesabatını müsbət qarşılayıram və millət vəkillərini ona səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim müəllim, sualınız var? Buyurun.
N. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Təbii ki, analitik təhlillə bağlı bizim heç bir problemimiz yoxdur. Mənim bir sualım var. Hesablama Palatasının hesabatının “Ümumi məlumatlar” bölməsində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən hər hansı bir tapşırıq, sorğu və təklif daxil olmamışdır. Mən istərdim ki, Hesablama Palatasının sədri hörmətli Heydər müəllim məlumat versin. Bu nə ilə bağlı ola bilər? Burada qanunvericilik baxımından biz “Hesablama Palatası haqqında” Qanuna dəyişiklikmi etməliyik? Çünki şəffaflıq təkcə mərkəzi icra hakimiyyəti orqanlarında yox, həm də bölgələrdə lazımdır. Bizim hər birimiz bölgələrdən seçilmiş insanlarıq. Təbii ki, orada gedən proseslərlə bağlı bizim sorğu və tapşırıq vermək hüququmuz tanınmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Yola saldığımız 2008-ci ildə respublikanın sosial-iqtisadi inkişafında, o cümlədən dövlət proqramlarının və layihələrin həyata keçirilməsində çox böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, 2008-ci il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalsa da, Azərbaycan iqtisadiyyatında növbəti uğurlu il olmuşdur.
Hörmətli həmkarlarım, məlumdur ki, 2008-ci ildə dövlət büdcəsinin gəlirləri və xərcləri əvvəlki illərə nisbətən artmış, nəzərdə tutulmuş tədbirlərin, o cümlədən dövlət proqramlarının maliyyə təminatı tam həyata keçirilmişdir. Büdcənin gəlirlərinin və xərclərinin artması öz növbəsində büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə olunmasını, maliyyə nəzarəti sisteminin təşkil olunmasını mühüm bir vəzifə kimi qarşıya qoymuşdur.
Mən çıxışımın əvvəlində qeyd etmək istəyirəm ki, Hesablama Palatası 2008-ci ildə bu vəzifələrin öhdəsindən çox müvəffəqiyyətlə gəlmişdir. Hesablama Palatasının 2008-ci ildə fəaliyyəti haqqında hesabatdan göründüyü kimi, Palata tərəfindən büdcə vəsaitlərinin ayrı-ayrı büdcə təşkilatları tərəfindən istifadəsinin səmərəliliyini artırmaq üçün kifayət qədər maliyyə nəzarəti tədbirləri həyata keçirilmişdir. Göründüyü kimi, 2008-ci ildə aparılmış nəzarət tədbirləri kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən daha da fərqlənir. Diqqətinizə çatdırmaq istəyirəm ki, respublikanın ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının 2008-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər cəlb edilmiş, həmçinin büdcə ilində ayrılmış vəsaitlərin düzgün və təyinatı üzrə istifadə olunmamasında aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmüşdür.
Hesabatdan göründüyü kimi, respublikanın üç rayonunda, o cümlədən Biləsuvar, Salyan və Qazax rayonlarında dövlət büdcəsinin yerli xərclərindən büdcə təşkilatlarına, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, habelə Təhsil Nazirliyinə 4 proqram üzrə ayrılmış vəsaitlərin istifadəsinin auditi keçirilmişdir. Hesabatdan göründüyü kimi, keçirilmiş audit tədbirləri nəticəsində bəzi sahələrdə müəyyən maliyyə pozuntuları aşkarlanmış və onların aradan qaldırılması üçün Palata tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Nəticədə böyük məbləğdə vəsait dövlət büdcəsinə qaytarılmış, yerli təşkilatlara ayrılmış vəsait müqabilində inventar və avadanlıqların təhvil verilməsi, əlavə təmir-tikinti işlərinin yerinə yetirilməsi və bu kimi tədbirlərin icrası təmin edilmişdir.
Hörmətli həmkarlarım, baş vermiş nöqsanların aradan qaldırılması istiqamətində Palatanın təqdimat məktublarına əsasən yerlərdə nöqsanlara yol vermiş büdcə təşkilatlarının rəhbərləri və işçiləri barədə (burada təxminən 49 nəfər nəzərdə tutulub) müvafiq icra strukturları tərəfindən inzibati tənbeh tədbirləri görülmüş, bir neçə nəfər tutduğu vəzifədən azad olunmuşdur. Mən hesab edirəm ki, maliyyə intizamının möhkəmləndirilməsi üçün bu cür tədbirlərin görülməsi çox vacib şərtlərdən biridir və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəmüvafiqdir.
Qeyd etmək lazımdır ki, Hesablama Palatası 2008-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin seçiminə də xüsusi diqqət yetirmişdir. Bildiyiniz kimi, son illərdə dövlət büdcəsinin konkret proqramlar və layihələr üzrə tərtib olunması və icrası ölkə rəhbərliyi tərəfindən hökumət qarşısında bir vəzifə kimi qoyulmuşdur. Hesabatdan göründüyü kimi, proqramların icrası üzrə təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulmuş bir sıra tapşırıqlar icra olunmamışdır. Bununla yanaşı, auditin nəticələri onu deməyə əsas verir ki, konkret proqramlar üzrə ayrılmış vəsaitin istifadəsində də maliyyə pozuntuları aşkar edilmişdir.
Hörmətli həmkarlarım, Hesablama Palatası 2008-ci ildə öz işini maliyyə nəzarəti tədbirləri ilə məhdudlaşdırmamış, öz fəaliyyətində beynəlxalq audit qurumları ilə, MDB iştirakçıları olan dövlətlərin ali maliyyə nəzarəti orqanları ilə, digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində kompleks işlərin aparılmasına üstünlük vermiş, ali audit standartlarından istifadə olunması istiqamətində müəyyən işlər görmüşdür. Bunlarla yanaşı, Palata Azərbaycan Respublikasının Baş Prokurorluğu, Maliyyə və Vergilər nazirlikləri ilə qarşılıqlı əməkdaşlıq barədə razılaşma memorandumu imzalamışdır. Bu kimi tədbirlərin həyata keçirilməsi növbəti illərdə Palatanın qarşısında duran vəzifələrin icrasına əlverişli şərait yaratmışdır.
Çıxışımın sonunda bildirmək istəyirəm ki, Hesablama Palatası 2008-ci ildə öz fəaliyyətində, xüsusilə maliyyə nəzarəti tədbirləri sahəsində çox böyük işlər görmüşdür. Əminəm ki, bunlar nəzarət tədbirləri aparılmayan digər büdcə təşkilatlarına da öz müsbət təsirini göstərəcək, nəticədə dövlət büdcəsinin vəsaitinin səmərəli və təyinatı üzrə istifadə olunması üçün büdcə təşkilatlarının rəhbərlərinin məsuliyyətini bir daha artıracaqdır. Eyni zamanda, millət vəkillərinin seçildiyi rayonlar üzrə bu sahədə müvafiq bilgilər almağa çox əlverişli şərait yaranıb. Bütün bunlara görə Hesablama Palatasının sədrinə və onun kollektivinə cari ildə müvəffəqiyyətlər arzulayır, Hesablama Palatasının 2008-ci ildəki fəaliyyətini müsbət qiymətləndirir və deputat həmkarlarımı hesabatın təqdim olunmuş formada qəbul olunmasına səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Əli müəllim, buyurun. Təkid edənlər var. Buyurun, Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Hesablama Palatasının 2008-ci il üçün hesabatı bir neçə cəhətdən diqqət çəkir. Birincisi, əvvəlki illə müqayisədə tədqiqatların genişləndirilməsi, ikincisi, Hesablama Palatasının digər hökumət təşkilatları ilə əlaqəsinin daha da genişləndirilməsi, üçüncüsü, Hesablama Palatasının ortaya çıxardığı çatışmazlıqların mahiyyət tutumunun Hesablama Palatasının saxlanılması xərclərinə nisbətən xeyli dərəcədə artması. Dördüncü, Hesablama Palatası bu il çox maraqlı, vacib bir cəhəti də ortaya çıxarıb. Qabaqlar biz ikili mühasibatdan danışırdıq. Amma Hesablama Palatasının builki hesabatı göstərir ki, Azərbaycanda ikili statistika da var. İkili statistika Dövlət Statistika Komitəsinin məlumatları ilə nazirliklərin və yerli təşkilatların məlumatları arasında nəzərəçarpacaq dərəcədə fərqlərin olmasını ortaya çıxarır. Bu da vergidən yayınmalar, kölgə iqtisadiyyatının artması istiqamətində xeyli problemlərin olmasını göstərir.
Qlobal maliyyə böhranı Azərbaycanda neftdən gələn gəlirləri azaltmaqla yanaşı, eyni zamanda, xaricdən investisiya qoyuluşunu, həm də ucuz kreditlərin verilməsini də məhdudlaşdırıb. Ona görə də yerli resursların səfərbər edilməsinə böyük ehtiyac var. Bununla əlaqədar artıq Hesablama Palatasının səlahiyyətlərinin artırılması istiqamətində addımların atılması, eyni zamanda, “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli Prezident fərmanı ilə dövlət maliyyə nəzarəti xidmətinin yaradılması istiqamətində addımların atılması onu göstərir ki, biz artıq öz maliyyə vəsaitlərimizdən həm səmərəli istifadə edilməsi, həm də daha çox maliyyə vəsaitinin büdcəyə cəlb edilməsi istiqamətində səmərəli bir mexanizmin yaradılmasına çalışırıq.
Hesablama Palatasının hesabatında göstərilir ki, Palatanın saxlanılma xərcləri 1,8 milyon manat, Palatanın fəaliyyəti nəticəsində ortaya çıxan fayda isə 7,3 milyon manatdır. Bu da Palatanın saxlanma xərclərindən 4 dəfə çoxdur. Bu isə o deməkdir ki, Palatanın saxlanmasına yönəldilən hər manat Palatanın fəaliyyəti nəticəsində əlavə 4 manatı ortaya çıxarır. Əgər bu istiqamətdə səylər artırılsa, bu nisbət hətta 40 dəfə arta bilər. Hətta hələ bundan da böyük rəqəmlər ortaya çıxa bilər.
Hesablama Palatasının bu il apardığı həmin tədqiqatları, nəzarət sahəsində, audit sahəsində gördüyü işləri vacib hesab edirəm. Hesablama Palatasının fəaliyyəti məqbul hesab olunmalıdır. Onun fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi məqamları da qeyd etmək istəyirəm. Qlobal maliyyə böhranı məcbur edir ki, biz neftdən yox, əlavə mənbələrdən büdcəyə daha çox vəsait cəlb edək. Bununla əlaqədar Hesablama Palatasının ötənilki hesabatında çox ciddi bir tədqiqat aparılmışdı. Həmin tədqiqatların nəticəsi göstərirdi ki, vergi sahəsində 9 iri vergi ödəyicisi üzrə yığılan vəsait 43,4 faiz səviyyəsindədir. Söhbət dövlət mülkiyyətində olan vergi ödəyicilərindən gedir. Xüsusi mülkiyyət üzrə yığılan vergi vəsaiti 30,5 faiz səviyyəsindədir.
Hesablama Palatası bu il həmin istiqamətdə daha bir addım atıb. 2008-ci ilin hesabatında göstərilir ki, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin vergi və digər məcburi ödənişlər üzrə borc qalıqları 2 dəfə artmış, dövlət mülkiyyətində olan bir sıra iri vergi ödəyiciləri üzrə borc qalıqlarının həcminin artması prosesi isə davam etmişdir. Bu gün Hesablama Palatası 7,3 milyon manat həcmində faydalı bir rəqəmi ortaya çıxarıb. Mən bunu müsbət qiymətləndirirəm. Amma mənim fikrimcə, artıq 7,3 milyon manatdan yox, milyardlarla əlavə vəsaitin dövlət büdcəsinə cəlb edilməsindən söhbət gedir.
Hesablama Palatasının iki ildə qaldırdığı məsələlər Nazirlər Kabinetinə təqdim olunmalı, Nazirlər Kabinetində müşavirə keçirilməli və resurslardan istifadə edərək, neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə büdcəni doldurmaq istiqamətində çox ciddi addım ata bilərik.
İkinci bir vacib məsələni Hesablama Palatasının keçən dəfəki iclasında mən qaldırmışdım. Bu, qarşılıqlı borclarla bağlı məsələ idi. Burada qarşılıqlı borcların süni surətdə artırılması yüz milyonlarla vəsaitin mənimsənilməsinə gətirib çıxarır ki, bu da son nəticədə vergi yığımının aşağı düşməsini səciyyələndirir. Yüz milyonlarla vəsaitin büdcəyə cəlb edilməsi üçün əsaslı olaraq qarşılıqlı borcların şişirdilməsinə nəzarətin gücləndirilməsi istiqamətində ciddi işlərin görülməsinə ehtiyac var. Bu sahədə əlavə tədbirləri görməklə büdcəyə xeyli dərəcədə vəsait cəlb etmək olar. Maliyyə Nazirliyində artıq dövlət maliyyə nəzarəti ilə məşğul olan qurum formalaşıb, Hesablama Palatasının səlahiyyətləri artıb. Hüquqi müstəvidə daha sərbəst işləmək üçün Dövlət maliyyə nəzarəti haqqında qanunun da tezliklə qəbul edilməsini vacib hesab edirəm.
Belə bir sualı yenə də mən qaldırmaq istəyirəm ki, keçən dəfə hesabatda Hesablama Palatasının rəhbəri bildirmişdi ki, artıq qanun hazırdır və onun qəbul edilməsində heç bir problem yoxdur. Məsələ qaldırıram, hansı problem ucbatından bu məsələ gecikdirilir? Bu qanunun qəbul edilməsi dövlət maliyyə nəzarətinin gücləndirilməsi üçün çox vacibdir.
Başqa bir məsələ. Ünvanlı sosial yardımla bağlı keçən dəfə maraqlı tədqiqatlar aparılmışdı. Ötən il qaldırılan məsələlərlə bağlı, yaxşı olar ki, Hesablama Palatasının hesabatı olanda aidiyyəti təşkilatlar varsa, həmin təşkilatların nümayəndələri bu iclasda iştirak etsinlər, Hesablama Palatasının qaldırdığı məsələlərə, problemlərə aydınlıq gətirsinlər. Bu, ümumi işin xeyrinə olar. Bu istiqamətdə atılan addımlar həmin təşkilatların fəaliyyətinin yaxşılaşmasına da kömək etmiş olar.
Eyni zamanda, Hesablama Palatası ilə bağlı burada qaldırılan bir sualı da inkişaf etdirmək istərdim. Nazim müəllim həmin məsələni qaldırdı. Birinci bölmədə qeyd olunur ki, Milli Məclisdən, komitələrdən, deputatlardan təkliflər daxil olmayıb. Ola bilər, prosedurla bağlı burada problem var. Hesablama Palatasının Milli Məclisin komitələrində, plenar iclaslarında deputatlar tərəfindən qaldırılan ciddi məsələləri sistemləşdirərək növbəti ildə iş planına daxil etməsi çox vacibdir. Hesablama Palatası qarşılıqlı borclarla bağlı bir neçə istiqamətdə prioritetlərini müəyyənləşdirməlidir. Onun üzərinə bir il yox, dalbadal bir neçə il getmək lazımdır. Çünki həmin borclar bir ildə yaranmayıb, 18-20 ildə yaranıb. 18-20 ildə yaranan bir məsələ hansısa bir tədqiqat nəticəsində aradan qalxmaz. Onun üzərinə ən azı 2-3 il dalbadal getmək lazımdır ki, həmin problem təkcə bu divarlar arasında qalmasın, Nazirlər Kabinetinin iclasında, digər iclaslarda da səsləndirilsin və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atılsın. Hesablama Palatasının fəaliyyətinin ictimailəşdirilməsi istiqamətində tədbirlər görməkdən ötrü onun saytının təkmilləşdirilməsini, hesabatların saytda yerləşdirilməsini və ictimaiyyət üçün açıq olmasını da vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, Hesablama Palatasının sədri Heydər müəllim çox gözəl çıxış etdi və bizə təqdim olunan sənəd yetkin və hərtərəfli bir sənəddir. Ona görə də burada deyilən fikirlərin əksəriyyəti hesabatda öz əksini tapıb. Əgər etiraz etmirsinizsə, vaxta qənaət məqsədi ilə çıxışlara 5 dəqiqə vaxt verilsin. Bu, sadəcə olaraq, təklifdir. Kim istəsə, 10 dəqiqə danışar. Amma mən təklif edirəm, vaxta qənaət məqsədi ilə çıxışlarımızı bir az qısa edək. Astan müəllim, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Açığı, deputat həmkarlarıma əziyyət verib vaxtlarını çox almaq istəmirəm, qısaca fikrimi bildirəcəyəm. Hesabatı mən də bəyənirəm. Çox müsbət haldır ki, Hesablama Palatasının işi hər il daha da təkmilləşir. İstər hesabatın məzmunu olsun, istərsə də onun forması və sair. Burada səhər iclasında hörmətli həmkarım Bəxtiyar müəllim də həmin məsələni qaldırdı. Bu, qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrin elektrik enerjisinin təchizatı məsələsidir. Həqiqətən də, bu gün dünyada baş verən maliyyə və iqtisadi böhranın nəticəsi kimi elektrik enerjisinin həmin qəsəbələrə verilməsində problemlər ortaya çıxıb. Elektrik enerjisi qış aylarında 8 saat verilirdi. Allaha şükür, indi onlar abad qəsəbələrdə yaşayırlar və cənab Prezidentin onların üzərində qayğısı var. Elektrik enerjisi olmayanda soyuducuların işləməsində böyük problem yaranır.
Mən bir misal gətirmək istəyirəm. Biləsuvar rayonunun ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün 11 qəsəbə salınıb. Həmin qəsəbələrin açılışında cənab Prezident İlham Əliyev də iştirak etmişdi. Həmin qəsəbələrdə elektrik enerjisinin sərfini hesablamaq üçün evlərə sayğac qoyulub. İşıq daim verilir, elektrik enerjisi ilə təchiz olunur. Bilirsiniz ki, bu gün qaçqın və məcburi köçkünlər üçün, istər qaz olsun, istərsə də elektrik enerjisi, müəyyən norma var. Həmin normadan artıq işlənən enerjinin haqqını sakinin özü ödəməlidir. Bu baxımdan gələcəkdə həm “Azərenerji”, həm “Azəriqaz”, həm də müvafiq orqanlar həmin qəsəbələri sayğaclarla təmin etsə, yəqin ki, bu problem ortadan çıxacaqdır.
Bundan başqa, məcburi köçkünlərlə bağlı bir sıra məsələləri hörmətli Heydər müəllim çıxışında qeyd etmədi. Analitik təhlil aparılanda Dövlət Statistika Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, habelə digər aidiyyəti təşkilatların məlumatlarında müəyyən fərqlər yaranır. Ulu öndərin birbaşa qayğısı altında olan “Qaçqınkom”da son 10 ildə bir sistem yaradılıb. Onların məişət şəraitlərinin yaxşılaşdırılması, problemlərin həll olunması sistem şəklini alıb. Həmin komitə möhtərəm İlham Əliyevin rəhbərliyi altında bu işin öhdəsindən gəlir. Burada araşdırmalar aparılmalıdır. Bəlkə Dövlət Statistika Komitəsində, yaxud “Azərenerji”də, “Azəriqaz”da və digər icra hakimiyyəti orqanlarında müəyyən problemlər var. Təklifim bundan ibarətdir ki, gələcəkdə hörmətli Heydər müəllim bunları nəzərə alsın. Təklif edirəm ki, əgər yazılan həmkarlarım inciməsə, bununla da hesabatı səsə qoyaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Aydın Həsənov, buyurun.
A. Həsənov. Hamımız yazılı şəkildə təklifləri verək və səsə qoyaq.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Hər halda vacib saydığım problemlər var, onları səsləndirməyi lazım bilirəm. Əvvəla, hörmətli professor Astan müəllimin toxunduğu məsələdən başlamaq istəyirəm. Sabirabadda sayğaclaşma işi başa çatıbdır. Hətta indi kart sistemi, yəni əvvəlcədən ödəmə sistemli elektron sayğaclar qoyulubdur. Amma qış qurtarandan sonra yenidən işıqları bir sıra kəndlərdə 12, 14 saat, bəzilərində isə hətta 10 saat verməyə başlayıblar. Hörmətli professor bilsin ki, bu, qətiyyən sayğac məsələsi ilə bağlı olmayan məsələdir. Məndə olan informasiyaya görə “Azərenerji” məlumat verir ki, guya həmin yaşayış məntəqələri 24 saat fasiləsiz işıqla təmin olunur. Burada enerji şirkətinin fəaliyyəti ilə bağlı açıq-aydın çox ciddi problemlər vardır. Mən bilmirəm, hər halda siyasi rəhbərlik elektrik enerjisinin kəsilməsi haqqında göstəriş verməz. Bu məsələlər aydınlaşdırılmalıdır.
Hörmətli deputatlar, sayğac məsələsinin konkret bizim müzakirə etdiyimiz məsələ ilə birbaşa əlaqəsi var. Bilirsiniz ki, Prezidentin müvafiq sərəncamına görə əvvəllər abonentlər dövlət hesabına, dövlət büdcəsi vəsaiti hesabına sayğaclarla təmin olunurdular. Ölkəyə milyona qədər, bəlkə də bir az artıq su, qaz və elektrik sayğacları gətirilib və quraşdırılıb. Bunlar dünyada ən bahalı sayğaclar kimi qiymətləndirilmişdir. Konkret olaraq bizim rayonda sayğaclaşma 300 manata başa gəlir. Bu, rəsmi rəqəmdir, yəni “Azərenerji”nin təqdim etdiyi rəqəmdir. Bunun 165 manatı sayğacın qiymətidir. Bir daha təkrar edirəm, dünyada çox az yerdə bu bahalıqda sayğac quraşdırılıb. Bu, şişirdilmiş bir rəqəmdir. Bu, məsələnin bir tərəfi.
Mən Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin təqdim etdiyi sənədləri araşdırdım. Son illərdə bu sayğacların respublikaya necə daxil olması haqqında hər hansı bir məlumat yoxdur və yaxud qarışıq məlumatlardır. Ayrı-ayrı malların içərisində itib-batıb. Bu, sayğaclaşmaya ayrılan təxminən yüz milyonlarla vəsaitin taleyi məsələsidir. Bilinmir, Çindən gəlib, bəziləri deyir, İngiltərədən gəlib, bəziləri deyir, Almaniyadan gəlib. Mən maraqlandım, dedilər, özümüzdə istehsal olunub hətta. Ən azı onların komplekt hissələri gəlib bura çıxmalı idi. Bundan sonra da həmin kampaniya davam etdirilir. Burada 100 milyonların taleyi araşdırılmalıdır. Xahiş edirəm, bu məsələni Hesablama Palatası nəzarətə götürsün.
İkincisi, hörmətli deputatlar, Hesablama Palatası müəyyən audit yoxlamalar aparıb. Amma mən bir neçə faktı sizin diqqətinizə çatdırıram. Bu, birbaşa dövlət büdcəsinin gəlirləri ilə bağlı olan məsələdir. Hansı məsələdir? 2008-ci ildə respublikaya təxminən 50 min avtomobil daxil olub və dövlət büdcəsinə müvafiq rüsumlar köçürülüb. 50-60 min arasında avtomobil daxil olub. 6 milyon abonenti olan ölkəyə isə cəmi 57 min mobil telefon gətirilib. Ümumiyyətlə, təsəvvür edin, təxminən 5-6 milyon abonenti olan ölkəyə guya son 5 ildə cəmi 400 mindən bir qədər artıq mobil telefon gətirilibdir. Bəs istifadədə olan 2-3 milyon telefon haradandır? Bundan hansı rüsumlar tutulubdur? Dövlət büdcəsinə niyə daxil olmayıbdır?
Başqa bir fakt da var. 2008-ci il istisna olmaqla, bu il sənədləşdirilən 50-60 min telefon aparatı, bilirsiniz, respublikaya neçəyə gətirilibdir? 10 dollara. Təkrar edirəm, bu, rəsmi dövlət orqanlarının yaydığı sənəddir. Ölkəyə gətirilən noutbukların haradan, necə gəlməsi haqqında heç bir qeydiyyat yoxdur. Kompüterlərin necə sənədləşməsi haqqında heç bir qeydiyyat yoxdur. Deməli, bunların hamısı dövlət vəsaitinin, dövlət büdcəsinə daxil olan gəlirlərin kənara çıxmasıdır.
Mən yenə də avtomobilin üzərinə qayıdıram. Bir neçə ölkə üzrə bunu sınamaq olar. Burada Cənubi Koreya Respublikasının avtomobillərinə diqqətinizi cəlb edirəm. Bilirsiniz, onlar neçəyə sənədləşir? Təxminən 15 min avtomobil sənədləşdirilib. Burada mənfəətlə bağlı, rüsumla bağlı xərclər var və sair. Bu rəqəmlər fantastik dərəcədə, daha doğrusu, əcaib dərəcədə azaldılıb və deməli, gizlədilib. Mətbuatda bu barədə xeyli məlumat gedib.
Digər bir sahəyə də diqqətinizi cəlb edim və Hesablama Palatası bu sahənin də auditini aparsın. Son beş ildə Azərbaycana cəmi 15 milyon qiymətli metal və qiymətli metalabənzər məmulatlar gətirilibdir. 2007-ci ildə 2 milyona yaxın gətirilibdir. Bu, Mərkəzi univermağın bir piştaxtasının qiyməti deyil. Xaricdən gətirilmiş məmulatları nəzərdə tuturam. Respublikada bunun 100 dəfə azaldılmasını sübut etmək üçün elə də böyük ağıl yiyəsi olmaq lazım deyil. Deməli, bu sahə də ciddi monopoliyada olduğuna görə dövlət rüsumları gizlədilir və mənimsənilir. Bir məsələni də deyim. Bu monopoliyalardan qəpiyinə qədər vergilər və rüsumlar toplanıb alınır. Bunlar respublikaya qaçaqmalçılıq yolu ilə daxil olmur. Həqiqətən, bu gün sərhədlər olduqca qapalıdır. Buraya kənardan başqa bir şey daxil ola bilməz. Hamısı alınır, amma təkrar edirəm, dövlət büdcəsinə həmin gəlirlər daxil edilmir.
Digər bir sahəyə də sizin diqqətinizi cəlb etmək istəyirəm. Keçən il ölkədə qiymətlər bir qədər düşdü. Ölkəyə təxminən min tonlarla kərə yağı gətirilib və kiloqramı 5 manata, 6 manata, 7 manata satılır. Burada izahı mümkün olmayan fərqlər var. Bunlar respublikaya təxminən 90 sentə, 1 dollar 10 sentə gətirilib. Ticarətlə, rüsumla, vergi ilə bağlı xərcləri 2 dəfə artsın, 2 dollar, 2 dollar yarım olsun. Amma qalan 3-4 dollar hara gedir? Bu əcaib rəqəmlər haradan meydana gəlir? Un da belədir, bitki yağları da belədir, tikinti sahəsində də eyni vəziyyətdir. Bir daha təkrar edirəm, bunlar, sadəcə, söhbətlər deyil, Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin tərtib etdiyi rəsmi sənədlərin nəticələridir.
Mən başqa bir sahəyə də diqqətinizi cəlb etmək istəyirəm. Mən də daxil olmaqla bir neçə deputat hörmətli Hesablama Palatasının sədrindən xahiş etmişik ki, bu il sosial yardım məsələsi ilə maraqlansın. O da söz vermişdi. Burada deyilir ki, guya deputatlar müraciət etməyiblər. Mən bir neçə dəfə müraciət etmişəm. Hətta rəsmən müraciət etmişəm. Bu il ünvanlı sosial yardıma 125 milyon manat pul ayrılıbdır. Bu çox nəhəng dövlət vəsaitidir. On il qabaq bu, dövlət büdcəsinin yarısı idi, yaxud üçdən biri idi. Bu vəsait hara gedir? Mən iki ildir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sabirabadda bu vəsaitin kimlərə verilməsi haqqında sənəd ala bilmirəm. Rəsmən ala bilmirəm. Əgər oğurluq yoxdursa, bu siyahını niyə gizlədirlər? Çünki bunun ən az yarısı mənimsənilir, oğurlanılır. Burada da dəfələrlə məsələ qaldırılıb. Belə çıxır ki, onların bəzilərinin işçilərinin dediyi kimi, burada siyasi rəhbərliyin marağı var. Mən, açığı, buna inanmıram. Çünki başqa nəhəng sahələr var. İnanmıram ki, onlar yetim-yesirə ayrılan pula göz diksinlər. Amma bilmək olmur. Sözün doğrusu, adam şübhəyə düşür ki, bəlkə doğrudan da var. Konkret olaraq bu sahədə bizim ekspertlərin çox ciddi sənədləri hazırlanıbdır. Dövlət büdcəsinə baxılarkən bu məsələləri biz əvvəlcədən yazılı şəkildə təqdim edəcəyik. Bir daha təkrar edirəm, olduqca fantastik məsələlər var.
Hesablama Palatası bizim burada qoyduğumuz bir çox suallara aydınlıq gətirməlidir. Maliyyə Nazirliyi Milli Məclisə rüblükdə dövlət büdcəsinin yerinə yetirilməsi haqqında məlumat verməlidir və Milli Məclisdə müzakirə olunmalıdır. Oqtay müəllimə, hətta Ziyad müəllimə də onlar məlumat vermirlər. Vahid müəllim dedi. Xüsusən, xərclər sahəsində iri obyektlərə, layihələrə ayrılan pullar göstərilməklə sənəd təqdim olunmalıdır. Məsələn, Sumqayıtda alüminium zavodu havanı çirkləndirdiyi üçün ekologiyanın yaxşılaşdırılmasına 18 milyon manat pul ayrılıbdır. Hörmətli İkram müəllim məndən xahiş edir, deyim ki, heç bilmirik, həmin pullar hara gedir. Çünki alüminium zavodu artıq bağlanıbdır.
Bir çox başqa layihələr sahəsində də vəziyyət belədir. Təkrar edirəm, heç şübhəsiz, Hesablama Palatası bu məsələyə aydınlıq gətirməlidir. Ümumiyyətlə, Hesablama Palatasının ictimai rəyə təsiri çox zəifdir. Mən bir daha təkrar edirəm, Heydər müəllimi çoxdan tanıyıram, onu layiqli sədr hesab edirəm. Amma ola bilsin, ümumi siyasi vəziyyətlə bağlı olan bir məsələdir. Palatanın işinin gücləndirilməsinə, onun Milli Məclisə mütəmadi hesabat verməsinə, hörmətli Vahid müəllimin də dediyi kimi, apardığı audit haqqında ildə bir dəfə yox, hər auditin sonunda Milli Məclisdə müzakirəsinə nail olsaq, mənə elə gəlir ki, ümumi sahədə müəyyən irəliləyişlərə nail ola bilərik. Mən də bu sahədəki problemləri bilirəm və hesab edirəm ki, sədr başda olmaqla, hörmətli Hesablama Palatasının mütəxəssisləri deyilən problemlərin aradan qaldırılması üçün addımlar atacaqlar. Təşəkkür edirəm.
Sədrlik edən. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Hesab edirəm ki, Hesablama Palatasının ötən il ərzində büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti, bu sahədə həyata keçirdiyi tədbirlər normal və qənaətbəxşdir. Bu sənəd həmin büdcə vəsaitlərinin xərclənməsi barədə parlamentin tam təsəvvürünün formalaşmasına imkan verir. İndiyədək büdcə vəsaitlərinin tam ünvanına qədər gedib çatmasına, şəffaf xərclənməsinə nəzarət Azərbaycan parlamentində, cəmiyyətdə ən ciddi problem kimi vurğulanırdı. Rəy həmin vəziyyəti özündə tam dolğun əks elətdirir. Bu mənada mən hörmətli Heydər Əsədovun ünvanına deyilən xoş sözləri düzgün fakt kimi dəyərləndirirəm. Bu həm də onunla bağlıdır ki, maliyyə vəsaitlərinin xərclənməsi və müxtəlif şəbəkələrdə onların hansısa it-bata salınması, ünvanına çatmaması problemlərinə kifayət qədər yaxşı nəzarət imkanı vardır.
Mən burada nəyi vurğulamaq istəyirəm? Əlbəttə, problemlər deyildi, amma nəticə məsələsində burada qeyd olunan ayrı-ayrı narahatçılıqlara mən də toxunmaq istəyirəm. Məsələn, Hesablama Palatası bizə müxtəlif hökumət strukturlarında, o cümlədən Bakı Şəhər Ticarət və Xidmət Departamentində olan problemləri sadaladı. Açığı, bu, bir məhkəmə hökmünə bənzər problemdir, hamısı, mən düşünürəm ki, cinayət məsuliyyəti yaradır. Bu cür problemlərin böyük hissəsinə təhsil müəssisələrində, o cümlədən səfirliklərdə də rast gəlinir. Nəticə ondan ibarətdir ki, bunlar parlamentə təqdim olunmuş, həmin müvafiq strukturlarla danışıqlarda yoluna qoyulmuşdur. Bu cür həyata keçirilmiş nəzarət tədbirləri baş verən hər hansı bir cinayəti, yaxud inzibati xətaları örtmək üçün adekvat sayıla bilməz. Buna görə alternativ vasitələr işə salınmalıdır.
Burada məndən əvvəl hörmətli Vahid müəllim Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adını çəkdi. Mən də çox arzulayırdım ki, Hesablama Palatasının bu hesabatında müxtəlif struktur islahatlara dair, o cümlədən ayrı-ayrı hökumət strukturlarında biri digərinin funksiyalarını təkrarlayan sahələrin eyni nazirlik, idarə tərkibində birləşdirilməsi ilə əlaqədar təkliflər olsun. Bu, elə dediyimiz quruma da aiddir.
Görün həmin qurumun fəaliyyətini nə cür qurduğunu. Əlbəttə, xüsusi nəzərə çatdırmaq istəyirəm. Burada normativ metodiki sənədlərin tələblərinə əməl olunmayıbdır. Sonra, gəlirləri xərclərə aid edib siliblər. 10 hektar torpaq sahəsini icarəyə veriblər, lakin ondan pulu yığmayıblar. Səyyar ticarət xidməti yerlərində vəsaitlər yığılsa da, təyinatına gedib çatmayıb. Lisenziyaların müddəti mövsümə görə müəyyənləşdiyi halda, bunlar az qala daimi obyektlər kimi fəaliyyət göstəriblər. O cümlədən 43 lisenziyanın vaxtı bitmiş, ancaq onların sahibləri fəaliyyətlərini davam edirlər. İndi bu boyda ittihamları olan qurum barədə təklifə baxanda, adam heyrətlənir. Hesab edirəm ki, sonluq yaxşı olmalıdır.
Mən, doğrusu, bu misalı deməyi düşünməmişdim, amma yerinə düşür, Əmir Teymur türklər haqqında deyir ki, onlar çox gözəl millətdirlər, igiddirlər, yaxşı başlayırlar, amma çox pis qurtarırlar. Yeganə qüsurları varsa, o da budur. Bu hesabatın nəticəsi də, mən istəyərdim, adekvat olsun.
Burada hörmətli həmkarım Pənah bəy bir neçə problemdən bəhs etdi. Açığı, ya müvafiq dövlət qurumları, ya da hökumət strukturları buna cavab verməliydilər. Məsələn, xatırlayıram ki, birinə cavab verib, lakin ötən dəfə deyilən digər məsələlər bu gün yenə də vurğulandı. Müxtəlif ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsindəki fərqlər Dövlət Gömrük Komitəsinin problemi kimi dəfələrlə burada deyilir. Ötən dəfə, mənim bildiyimə görə, komitənin rəhbərliyi məsələyə aydınlıq gətirdi.
Telefon məsələsi. Bu, qabarıq deyildiyi üçün ona aydınlıq gətirmək istəyirəm. Qeyd olundu ki, 3 milyon yarım, az qala 4 milyona qədər insan mobil telefonların sahibidir, amma göstərilən rəqəmlər həddindən artıq aşağı, yəni 40 mindir. Fərq böyükdür və bu, mənimsəmə predmeti kimi göstərildi. 3 milyon, 3 milyon yarım, əvvəla, bir ilin rəqəmi kimi meydana çıxmayıb. Bu proses illərlə gedibdir. İkinci, minlərlə insan bunları eyni zamanda fərdi olaraq xaricdən də gətirir. Onların çoxu qeydiyyata alınmır və sonra ictimai həyatımıza daxil olur. Mən bunların da bir çoxunu kriminal hadisələr kimi qiymətləndirmirəm.
Bütövlükdə götürəndə, düşünürəm ki, Hesablama Palatasının fəaliyyəti ölkədə maliyyə şəffaflığının artırılmasına xidmət edir. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq və bununla qurtarmaq istəyirəm. Biz hər il Ombudsmanın burada hesabatlarını dinləyəndən sonra qeyd edirik ki, insan haqlarının vəziyyətinə ciddi yanaşmayan beynəlxalq və daxili təşkilatlara ən yaxşı cavab verən qurumun çox mühüm sənədidir. Mən bu sözləri Hesablama Palatası üçün də demək istəyirəm. Hər gün, demək olar ki, müxtəlif media səhifələrində bir sıra hökumət strukturlarında müxtəlif yeyintilərdən və sairdən bəhs eləyən materiallar görürük. Həmin materialların böyük bir hissəsi icraata qəbul olunmalıdır. Əsaslıdırsa, sözügedən qurum cəzalandırılmalıdır, yox, əsassızdırsa, hökumət strukturuna mənfi obraz yaradan, pis imic gətirən, onların işgüzar fəaliyyətini zədələyənlər barədə inzibati tədbirlər görülməlidir. Ona görə də yeganə barometr, ən yaxşı sənəd Hesablama Palatasının rəyləri olmalıdır. Biz harada yeyinti varsa, yoxsa, məlumat almalı və hökumətin fəaliyyətini qiymətləndirmək üçün bundan əsaslı sənəd kimi həmişə faydalanmalıyıq. Mən bu sənədin lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Burada həmkarlarım Hesablama Palatasının hesabatı ilə bağlı kifayət qədər öz fikirlərini qeyd etdilər. Mən də demək istəyirəm ki, bu, çox mükəmməl hazırlanmış bir sənəddir, yaxşı hazırlanıbdır. Biz ilbəil görürük ki, Hesablama Palatası öz əhatə dairəsini daha da genişləndirir. Yoxlamalar istər keyfiyyət, istər kəmiyyət, istərsə də ayrı-ayrı deputatları maraqlandıran sahələr baxımından yüksək səviyyədə aparılır. Ona görə həmkarlarımı hesabata səs verməyə çağırıram.
Qeyd edim ki, qısa müddət ərzində Hesablama Palatası çox böyük işlər görüb. Arzular, istəklər çoxdur. Hər bir sahəni istəyirik ki, yoxlasınlar, oradan bir məlumat versinlər. Burada insan potensialını da nəzərə almaq lazımdır. Bütövlükdə bütün dövlət strukturlarını eyni vaxtda yoxlamaq mümkün deyil və bu cür işin keyfiyyəti də ola bilməz. Əgər məsələyə bu səpkidə yanaşsaq, onda gərək gömrüyü də, vergini də, səhiyyəni də, sosial təminatı da yoxlasınlar. Buna ölkədə böyük bir aparat təşkil eləmək lazımdır ki, düşə hər bir sahəyə, bu işləri apara. Yaxud da yerli icra hakimiyyətlərinin işıq sayğaclarından tutmuş, su sayğaclarına qədər olan sahələrin hamısını Hesablama Palatası bir dəfəyə yoxlayıb ortaya qoya bilməz. Hesablama Palatası, əsasən, gərginlik olan sahələrdə nöqsanların aradan qaldırılması, dövlət vəsaitinin mənimsənilməsinin qarşısını almaq üçün addımlar atır və digərlərinə də mesaj göndərir ki, baxın, artıq bu obyektlərdə yoxlamalar aparılıbdır.
Dövlət vəsaitlərinin mənimsənildiyi sahələrdə cavabdeh insanların cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciətlər daxil olur, müvafiq tədbirlər görülür. Bundan digər orqanlar da ibrət dərsi götürməlidirlər. Mən bir fikrin tərəfdarı deyiləm ki, dövlət sosial qurumlara kifayət qədər yardımlar ayırmır. Dövlətin nə marağı var ki, imkanlar olan yerdə bunu eləməsin? Hesab edirəm, bu, düzgün düşüncə tərzi, fikir deyil ki, siyasi rəhbərlik haqqında burada hər hansı formada danışılsın və başqa sözlər səsləndirilsin. Həmişə aydın olub ki, bu siyasi rəhbərliyin vaxtında Azərbaycanın dövlət büdcəsi on dəfələrlə artıb, sosial qurumlara yardımlar ayrılıbdır. Özünüz də etiraf edirsiniz ki, 125 milyon manat kiçik bir vəsait deyil və dövlət büdcəsinin böyük bir hissəsidir. Aztəminatlı ailələrə bu məbləğ ayrılıb, indi ya zəlzələdən, ya vəlvələdən o sənədi kimlər ala bilmirsə, bunun günahını başqa yerlərdə axtarmaq lazım deyil. Bunun aydınlaşdırılmasını Hesablama Palatası gələcəkdə nəzərə alar.
Digər məsələlərlə bağlı fikirlər söylənildi. Mətbuat orqanlarında gündə on cür fikir yazılır. On adamın milli mənsubluğu haqqında, insanların işi, səhhəti ilə bağlı yazıların şahidi oluruq. Mətbuatda hər yazılan məsələnin nəticəsini götürüb araşdırmaq, nəyi isə yoxlamaq olmaz. Birdən yazırlar ki, filankəs qaçıb. Zəng edirsən, görürsən ki, oturub otağında. Qəzetdə isə şəklini də verib yazırlar ki, 10 milyon manat pul da götürüb qaçıbdır. Bu da mətbuatın yazdığı və oxucularına təqdim etdiyi material. Yaxud da yazırlar ki, maşın bu qiymətədir, onu baha veriblər. Mağazalara, əlbəttə, maşınlar qoyulur, alanda hər bir vətəndaşa sənəd də verilir. Vətəndaşın savadı, bacarığı var, görür ki, aldığı kağızda nə yazılıb, hansı qiymət qeydə alınıb.
İkinci məsələ. Hörmətli həmkarım Zahid Orucun bu fikirləri ilə razıyam ki, hər kəs özü telefon alır, sonra verir dövriyyəyə. Kompüter məsələsi. Mətbuatdan və televiziyadan görübsünüz ki, Azərbaycanda bir neçə kompüter zavodu açılıb. Azərbaycanın özündə müasir kompüterlər yığılır. Mingəçevirdə də var. Azərbaycan dükanlarında satılan əksər kompüterlər, sayın məsələyə dəxli yoxdur, cihaz, hissə şəklində gətirilir, burada yığılır və satışa buraxılır. Müəyyən şeylər var ki, onun göstərilməsi heç də qəbahət deyil, çünki Azərbaycanda onun özünün istehsalı var. Mən hesab edirəm ki, bəli, biz problemləri qaldırmalı, Hesablama Palatasına sorğu verməliyik. Onlar da növbəti iclaslarında həmin gərgin məqamları əks etdirməlidirlər. Ümumilikdə götürüldükdə, doğrudan da, bu qurum ötən dövr ərzində çox yaxşı işləyibdir. Hesablama Palatasının üzvlərinin, onların Aparatının bu məsələlərdə gərgin əməkləri olubdur. Sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Milli Məclis! Mən də hesabatı gözdən keçirmişəm. Bu, kifayət qədər səriştə ilə, peşəkarlıqla hazırlanmış sənəddir və ötən dövr ərzində görülmüş işlər haqqında dəqiq məlumat verir. Bu barədə kifayət qədər geniş danışıldı və mən əlavə vaxt almaq istəmirəm.
Şübhəsiz, Azərbaycanda bir sıra sahələrə – həm dövlət, həm də özəl sektora nəzarət artırılsa, büdcəyə əlavə gəlirlər daxil ola bilər, əhalinin vəziyyəti yaxşılaşar, qiymətlərdəki süni bahalaşmanın qarşısı alınar. Bu cəhətdən millətin, xalqın xeyrinə olan bütün imkanlardan istifadə olunmalıdır. Odur ki, mən Pənah Hüseynin çıxışındakı bəzi iradların qulaqardı edilməsinin əleyhinəyəm. Kifayət qədər dəqiq faktları əks etdirən o fikirlər nəzərə alınmalıdır. Bu, heç kimin ziyanına deyil. Dövlətin, hər kəsin diqqəti yönələn həmin məsələləri araşdırsınlar, baxsınlar ki, doğrudur, yaxud yalandır. Araşdırmaqdan, axtarmaqdan, nəzarəti gücləndirməkdən ziyan yoxdur.
Mən burada başqa bir mühüm məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda bir sıra qiymətlər əhalinin maaşına, həyat şəraitinə uyğun gəlmir. Kimlər bu qiymətləri müəyyənləşdirir, onu demək də olmur. Bunun bir hissəsi özəl sektorla bağlı olduğuna görə, ora nəzarət də çətindir. Biz hər halda bu haqda fikirləşməliyik. Mən maraq üçün Hesablama Palatasına birbaşa aidiyyəti olmasa da, bir məsələni qeyd etmək istəyirəm. Maraq üçün internetdən dünyada mobil rabitənin qiymətləri haqqında məlumatı çıxarmışam. Görün, Azərbaycan digər ölkələrlə bu cəhətdən necə müqayisə oluna bilər?
Əvvəla, mobil rabitə ilə məşğul olan müəssisələrin sayı, deyək ki, Qırğızıstanda bizdən iki-üç dəfə balaca olmağına baxmayaraq, iki dəfə artıqdır. Gürcüstanda da bizdən qat-qat artıq, sayca çox müəssisələr var. Qiymətlər isə təəccüblüdür. Bu, demək olar ki, köhnə SSRİ-dən qopan respublikalar içərisində bizdə xeyli fərqlidir və ən baha qiymət Azərbaycandadır. Mən başa düşmürəm, biz hamıdan yaxşı yaşayırıq, yoxsa pulumuzun o qədər dəyəri yoxdur ki, hökmən cibimizin vəsaitini müəyyən şirkətlərə “hədiyyə” eləməliyik? Azərbaycanda danışıq qiyməti də bahadır. Məsələn, bizdə 7 manat, Ermənistanda 1 manat 71 qəpik, 2 manat 21 qəpik, 3 manat 96 qəpikdir. Müxtəlif şirkətlər ayrı-ayrı qiymətlər qoyurlar. Qonşu respublikalarla müqayisə edəndə görürük ki, Qazaxıstanda 3 manat 10 qəpik, 2 manat 24 qəpik, 4 manat 10 qəpik, Gürcüstanda 1 manat 68 qəpik, 2 manat 90 qəpik, 2 manat 41 qəpik, 2 manat 24 qəpikdir. Bundan yuxarı qiymət yoxdur. Qiymətlərdə bu qədər fərq var. Yaxşı, həmin telefondur, həmin rabitədir, həmin məsafələrdir, həmin insanlardır. Nə cür olur ki, bu qədər ciddi fərq qoyulur? Nəyə görə Azərbaycanda belə olmalıdır? Hələ üstəlik SMS-i deyək. Telefonu açırsan, onlarla bir-birinə dəxli olmayan mesajlar gəlir. Niyə gəlir? Düyməni basırsan, sənin hesabından nəsə silinir. Bu, xuliqanlıqdır. Bəli, telefon xuliqanlığı Azərbaycanda baş alıb gedir. Hələ televiziyaları demirəm, onlar da bundan yararlanırlar. Qiymətlərə nəzarət edilməlidir və bunlar Azercell-dən, Bakcell-dən tələb olunmalıdır. Onlar ölkə əhalisinin vəziyyətini nəzərə alıb, qiymət qoymalıdırlar. Kim necə istəyir, ölkədə o qiyməti qoya bilməz. Bu hələ bir sahədir, başqa yerləri götürsək, onlarda da buna bənzər hərcmərclik, camaatın cibinə girmək var. Xahiş edirəm, Hesablama Palatasının birbaşa işi olmasa da, respublikada hər halda bu işlərə bir nəzarət mexanizmi düşünülüb tapılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, çıxışlarınıza görə hamınıza təşəkkür edirəm! Heydər müəllim, mən Sizə söz verəcəyəm, deyilən təklifləri, iradları əks etdirən suallara cavab verərsiniz.
Bir-iki məsələyə mən də münasibətimi bildirmək üçün Sabir müəllimin çıxışından başlamaq istəyirəm. Sabir müəllim, Siz də bilirsiniz ki, rabitə və informasiya texnologiyaları naziri dəfələrlə bəyan edib ki, internet, beynəlxalq danışıq qiymətləri hər altı aydan bir, kvartallarda aşağı düşür. İyunda internet qiymətlərinin yenidən aşağı düşməsi gözlənir. Belə bir proses gedir, burada problem yoxdur.
Pənah bəy mobil telefonlarla bağlı çox pafosla danışdı. Mən onu deyim ki, əgər statistikanıza görə 40 mindirsə, hesab edirəm ki, 40 min çoxdur. Təsəvvür edin ki, 11 il ərzində Azərbaycana 3 milyondan bir qədər çox mobil telefon gətirilib. Bu mobil telefonlar gündə dəyişilmir ki, ondan milyonlarca daxil olsun. Mən Ziyafət Əsgərov bu mobil telefonumu, Siyavuş müəllim də Allah şahididir, 9 ildir daşıyıram. Yəni bu belə də olmalıdır. Mağazalar mobil telefonlarla doludur, onlar qurtarmır ki, dalınca yenə milyonlarca gətirilsin. Hərənin bir telefonu var, o da onu ən azı 5-6 il işlədir, vəssalam.
Başqa cür ola da bilməz. Doğrudan da, həddi aşan alver onda olar ki, Azərbaycana milyonlarca telefon daxil olsun. Bu gün alıram, sabah atıram. Bu necə ola bilər? Bu nə deməkdir? Əlbəttə, inandırıcı deyil. Pənah bəy. Ona görə, mən bilmirəm, məlumatları haradan götürübsünüz, açığını deyim, gətirdiyiniz rəqəmlərə böyük şübhələrim var. Yəqin ki, dəqiq dəqiqləşdirmələri bizim Palatanın hörmətli sədri verəcək. Buyurun, Heydər müəllim.
H. Əsədov. Çox sağ olun, Ziyafət müəllim. Hər şeydən əvvəl, çıxış edən və etməyən bütün millət vəkillərinə ünvanımıza, qurumumuza dediyi xoş sözlərə görə təşəkkür edirəm. Hesab edirəm ki, biz son ildə nə qazanmışıqsa, nailiyyətlərimizdə hörmətli millət vəkillərimizin bu isti münasibətinin, dəstəyinin çox böyük rolu olmuşdur. Bugünkü dəstəkdən sonra biz işimizdə daha diqqətli olacağıq.
Bir neçə məsələ barədə çox qısa arayış vermək istəyirəm. Mən çıxışımda da qeyd etdim ki, uzun vaxt almamaq üçün əsas məsələlərin, müddəaların üzərində dayanıram. İndi də bir neçə hörmətli millət vəkilinin suallarına cavab vermək istəyirəm. Nəticə məsələsi bir neçə hörmətli millət vəkili tərəfindən qaldırıldı. Xüsusilə Zahid Oruc bildirdi ki, bunun nəticəsi belə olmamalıdır. Qeyd edim ki, bizim qaldırdığımız bütün məsələlər Nazirlər Kabineti, aidiyyəti qurumlarla müzakirə olunur və əksər hallarda öz təsdiqini tapır. Büdcə sisteminə, onun vahid təsnifatının təkmilləşdirilməsinə aid verdiyimiz 15-ə yaxın, o cümlədən səfirlikdəki yoxlamalar, xərclərin təsnifatının dəyişdirilməsi haqqındakı təkliflər Nazirlər Kabinetinin son qərarlarında öz əksini tapıb və büdcənin tərtibi, icrası zamanı nəzərə alınıbdır. Aşkarlanan bütün nöqsanlar bizim tərəfimizdən ümumiləşdirilir, qanunumuza görə müzakirədən keçir, təsdiq edildikdən sonra ümumilikdə Nazirlər Kabinetinə təqdim olunur. Bu dəfə də büdcənin icrasından sonra bütün təkliflərimiz ümumiləşdiriləcək, hökumətə təqdim olunacaq, onların həyata keçirilməsi və yaxud nöqsanların aradan qaldırılması üçün tədbirlər görüləcəkdir. Mən çıxışımda qeyd elədim ki, biz pensiya sisteminin dəyişdirilməsinə nail olmuşuq. Arxiv sistemində olan stajlar məsələsi, əmək haqqı sisteminin ortadan götürülməsi, pensiya hesablama qaydalarının sadələşdirilməsi artıq reallaşıbdır.
Bir sıra digər suallara da aydınlıq gətirmək istəyirəm. Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturunun funksiyalarının eyni olması barədə Vahid müəllimin qeyd elədiyi məsələ ilə əlaqədar danışıqlar gedir. Onlardan birinin ləğv olunması baş tutacaqdır.
Tütün məmulatının satışında aşkarlanan nöqsanlar, rüsumların dəyişdirilməsi məsələsi, qarşılıqlı borcların siyahısının hökumət tərəfindən dəqiqləşdirilməsi və sairi bir növ təvazökarlıqdan uzaq olsa da, reklamdan qaçaraq, qeyd etmədim. Həqiqətdə siz o faktların hamısını görəcəksiniz və biz bunlarla məşğuluq.
Pənah Hüseyn tərəfindən ünvanlı sosial yardım məsələsi keçən dəfə də qaldırılmışdı. Biz analitik tədbir aparmışıq və növbəti iş planımıza bir neçə yerdə ünvanlı sosial yardımın yoxlanılmasını daxil etmişik. Mən bilmirəm, Pənah bəy xüsusi bir üstünlük istəyirmi ki, onun tərəfindən qaldırılan məsələ il başa çatmamış, iş planı tərtib olunmamış yoxlanılsın? Bizdə belə prosedur yoxdur və iş qaydalarımızda da nəzərdə tutulmayıbdır. Onun qaldırdığı digər məsələlərə bir-bir cavab vermək istəmirəm. Sadəcə, fəaliyyətimizə sıfır qiyməti verəndə, – özü həmişə insafdan, ədalətdən danışır, –düşünmək lazımdır. O özü, doğrudanmı, ədalətli adamdır? Bir daha hamınıza söz verirəm ki, qaldırdığınız məsələlər gələcək fəaliyyətimizdə nəzərə alınacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Heydər müəllim. Mən hesab edirəm, Heydər müəllim məsələyə kifayət qədər aydınlıq gətirdi. “Hesablama Palatası haqqında” Qanuna görə biz Palata sədrinin hesabatının nəzərə alınıb-alınmaması ilə bağlı ona münasibət bildirməliyik. Hesab edirəm ki, bu hesabatı nəzərə almaq olar. Ona görə xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.11 dəq.)

Lehinə  102
Əleyhinə  1
Bitərəf  4
Səs vermədi  0
İştirak edir  107
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU