24.03.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ
PROTOKOLU № 12
Mill Məclisin iclas salonu.
24 mart 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 94 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
R. Rəhimov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
M. Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi məsələləri şöbəsinin müdiri.
A. Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Z. Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
V. Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
A. Səfixanov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini - Elmi-analitik sektorunun müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
İclasda qəbul edilmişdir:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
24 mart 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 63
Yetərsay 83
63 nəfər ola bilməz. Xahiş edirəm, bir də səsvermə keçirək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 72
Yetərsay 83
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sayını deyin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 19 nəfər səsvermədə iştirak eləməyib. Yetərsay var. Monitoru işləməyən sırada biz əl qaldıranlara söz verərik. 91 nəfər iştirak edir. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bugünkü iclasın gündəliyi hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 66
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 69
Yetərsay yoxdur
Səsvermədə iştirak eləməyənlərin gündəliyə etirazı yoxdur? Hörmətli deputatlar, biz gündəliyin müzakirəsinə keçə bilərik. Hüseyn Abdullayev.
H. Abdullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu gün biz İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik hesabatını dinləməliyik. Mən bu hesabatla tanış olmuşam. Ombudsmanın 2005-ci il üçün insan haqlarının müdafiəsi istiqamətində fəaliyyətini müsbət qiymətləndirirəm. Bu hesabatın qəbul olunmasına səs verəcəyəm. Ona görə ki, insan hüquqlarının qorunması üzrə müvəkkil Elmira xanım 2005-ci ildə bu istiqamətdə çox dəyərli və müsbət fəaliyyət göstərmişdir. Əlbəttə, ombudsman bir il ərzində bir çox insan hüquqlarını bərpa etsə də, bu sahədə həllini tapmayan sosial yönümlü ciddi hüquq pozuntuları qalmaqdadır və məni də bir millət vəkili kimi bu məsələlər narahat eləyir.
Bildiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin ən böyük arzusu və məqsədi ölkəmizdə işsizliyin və yoxsulluğun aradan qaldırılmasıdır. Bütün xalqımız bilir ki, yeni iş yerlərinin açılması üçün cənab Prezidentimiz nə qədər əziyyət çəkir və hər açılan iş yeri üçün nə qədər sevinir. Çox təəssüf ki, mənim millət vəkili seçildiyim Nizami Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın...
Sədrlik edən. Hüseyn müəllim, mən üzr istəyirəm, bu gün beşinci gündür, gündəlik təzədir, biz gündəliyi müzakirə edirik. Cari məsələlərdən sonra çıxış edərsiniz. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Yaz sessiyasının ilk günündə yaz sessiyasının iş planı təsdiq olunarkən mən təklif etmişdim ki, 31 mart Soyqırım günü ilə bağlı Milli Məclisdə xüsusi müzakirələr təşkil olunsun, indiyə qədər Xocalı soyqırımına rəsmən soyqırım kimi qiymət verməyən, beynəlxalq qurumlara, o cümlədən dünya parlamentlərinə müraciət qəbul etməyən Azərbaycanın Milli Məclisi Xocalı soyqırımı ilə bağlı məsələni gündəliyə çıxarsın, müzakirə etsin, beynəlxalq hüquqa müvafiq olaraq elə bir sənəd qəbul etsin ki, o sənədlə Azərbaycanın artıq həm siyasi dairələri, həm iqtidar, həm parlament, həm də qeyri-hökumət təşkilatları ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımının məhz soyqırım kimi tanınması üçün ciddi bir fəaliyyətə başlaya bilsinlər.
Çox təəssüflər olsun ki, keçən illər ərzində bu sənədin qəbul olunmaması bir sıra parlamentlərdə, hətta bəzən qeyri-hökumət təşkilatlarında Xocalı soyqırımına münasibətdə fərqli mövqelərin ortaya çıxmasına səbəb olub. Mən 2002-ci il fevralın 26-da Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının müzakirəsi zamanı Türkiyə millət vəkillərinin verdiyi bir sorğunu bu gün səsləndirmək istəyirəm ki, Azərbaycandan, görəsən, parlamentlər və o cümlədən beynəlxalq məhkəmələr və digər qurumlar üçün daxil olan sənədlər varmı ki, biz bunu soyqırımı kimi tanıyaq.
Çox təəssüflər olsun ki, 2002-ci ilin aprel ayında Xocalı ilə bağlı müzakirələrə təqdim olunan sənəd qeyri-professional, hüquqdan kənar, əsasən, daxili auditoriya üçün hesablanmış bir sənəd idi və bu sənəd burada dəfələrlə səsə qoyulmasına baxmayaraq keçmədi. Biz o zaman alternativ sənəd təqdim etdik, millət vəkillərinə payladıq, İnsan hüquqları komissiyasında bu məsələnin müzakirəsinə çalışdıq. Çox təəssüflər olsun ki, nə işçi qrupunun təqdim etdiyi sənəd təkmilləşdirilərək yenidən bura qaytarıldı, nə də ki, bizim təqdim etdiyimiz alternativ sənəd müzakirəyə çıxarıldı. Həmin gündən, yəni aprel ayındakı müzakirədən bu günə qədər bu məsələnin üzərinə qayıdılmayıb.
İqtidardan olan həmkarlarımız qeyd edirlər ki, Milli Məclisin Xocalı ilə bağlı qərarı var və Milli Məclisin bu qərarı yetərlidir. Onda sual olunur, 2002-ci ildə əgər belə qərar var idisə, bu niyə yenidən müzakirəyə çıxarılmışdı və niyə belə bir sənəd təqdim olunmuşdu?
Buna görə də mən xahiş edirəm, 31 mart - Azərbaycanlıların soyqırımı günündə keçiriləcək növbəti iclasda Xocalı soyqırımı ilə bağlı məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın. Məqsədəmüvafiqdir ki, bir işçi qrupu yaradılsın, o işçi qrupu beynəlxalq hüquqdan irəli gələn bir sənəd ortaya qoyaraq Xocalı soyqırımının tanınması ilə bağlı...
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Hesab edirəm ki, qurultayın hazırlanmasında və keçirilməsindəki müəyyən nöqsanlara baxmayaraq, bu, dünya azərbaycanlılarının həyatında böyük bir hadisə idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.
Amma çox təəssüf ki, Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtinin qurultaydakı çıxışı İranın səfiri tərəfindən diplomatik etiket qaydalarına uyğun olmayan formada sərt bir nota ilə qarşılanmışdır. Cavad Derəxti həmin çıxışda bildirmişdi ki, İranda azərbaycanlıların hüquqları pozulur, onların ana dilində yazıb-oxumasına imkan verilmir, onların elementar hüquqları tapdalanır. Mən təəssüf edirəm ki, bizim Azərbaycan hökuməti həmin notadan sonra İran səfirini persona non-qrata elan eləyib Azərbaycandan qovmadı. O, açıqlamasında bildirir ki, Şimali Azərbaycan İran torpaqları olub. Azərbaycan hökumətinə müəyyən hədə-qorxu gəlir, bildirir ki, qurultayda bu cür çıxışların olması guya Qarabağ probleminin həllinə də mənfi təsir göstərə bilər. Arada dolayısı ilə vurğulayır ki, onlar bu cür çıxışlar edənləri başa salmağa hazırdırlar. Yəni burada başa salmaq dedikdə, dolayısı ilə onların, ola bilsin ki, fiziki məhvini nəzərdə tutur, yəni terrorla hədələyir.
Mən hesab edirəm ki, bu cür sətiraltı formada insanları hədələyən səfir Azərbaycan ərazisində fəaliyyət göstərməməlidir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələyə sərt münasibətini bildirməlidir. Səfir özü də azərbaycanlıdır, o da bilir ki, bu gün Cənubi Azərbaycanda 30 milyondan çox azərbaycanlı yaşayır və onların bütün beynəlxalq qanunlarda, hətta İranın Konstitusiyasında nəzərdə tutulmuş hüquqları tapdalanır. Azərbaycan hökumətindən də, Xarici İşlər Nazirliyindən də tələb etməliyik ki, səfir haqqında çox ciddi ölçü götürülsün. O ya üzr istəməlidir, ya da dərhal Azərbaycan Respublikasından çıxarılmalıdır.
Bundan başqa, bir məsələyə də qısaca münasibət bildirmək istəyirəm. Bu da İraqdakı vəziyyətlə bağlıdır. Oqtay müəllim, vaxtilə mən parlamentdə bizim ora qoşun göndərməyimizin əleyhinə çıxış eləmişdim. Bildirmişdim ki, əgər bir xalq demokratiyaya hazır deyilsə, o xalqa tankla, topla demokratiya gətirmək olmaz. İndi də orada onlarla insan terrorun qurbanı olur, partlayışlar baş verir, ölkə az qala vətəndaş müharibəsi ərəfəsindədir. Mən təklif edirəm ki, parlamentdə qoşunlarımızın oradan çıxarılmasını müzakirə edək. Amerika Birləşmiş Ştatlarına antiterror koalisiyasının üzvü kimi təklifimizi verək ki, nə qədər gec deyil, məğlub olmamış İraqdan könüllü olaraq öz qoşunlarını çıxarsın və o xalqa sərbəstlik versin. Sağ olun.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Oqtay müəllim, mən ombudsmanla əlaqədar danışacağam.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də elə hesab edirəm ki, 16 martda Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi dövlətçiliyimizin həyatında mühüm bir tarixi hadisəyə çevrildi və bu qurultayda qəbul olunmuş qətnamə, qərarlar millətimizin bütün beynəlxalq arealda daha sıx birləşməsinə, səfərbər olmasına kömək edəcək.
Lakin qeyd olunduğu kimi, təəssüflər olsun ki, əslində, Azərbaycanın rəsmi orqanlarının bu qurultayda hər hansı bir ölkəyə qarşı kampaniya aparmamaq, hər hansı diplomatik jest belə etməmək yönündə mövqeyinə baxmayaraq, İran səfiri media orqanları qarşısında, yumşaq desəm, özünü çox emosional, amma bir az da o yana desəm, tamamilə standartlardan, beynəlxalq Konvensiyada nəzərdə tutulan prinsiplərdən uzaq və anormal şəkildə apardı. Saxta bəyanat verərək bildirdi ki, guya o, notanı əlinə götürüb Xarici İşlər Nazirliyinə gedib. Halbuki sonra bəlli oldu ki, Xələf Xələfov onu bu məsələ ilə bağlı müəyyən aydınlaşdırmalar üçün nazirliyə dəvət eləyib. Mən burada onun ayrı-ayrı fikirlərini şərh eləmək fikrində deyiləm, hərçənd hər kəsə bəllidir ki, Məhəmməd Hüseyn Şəhriyar da, Nizami Gəncəvi də hansı dildə yazmasından asılı olmayaraq azərbaycanlıdır və Azərbaycan adı ilə bağlıdırlar. O cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan insanlar var ki, hansı dildə yazmağından asılı olmayaraq milli mənsubiyyətini aşağılamır.
50 milyonluq azərbaycanlı məfhumu onları narahat edirsə, İran istər monarxiya olsun, istər avtokratiya olsun, teokratiya olsun, nə rejimi olur-olsun, o insanlar öz milli mənsubiyyətlərindən çıxmırlar, onlar azərbaycanlıqlarını saxlayırlar. Mən bu məsələ üzərində səfirin isterik bəyanat verməsini orada deyilən fikirlərə adekvat saymıram. Mən düşünürəm ki, bu, Azərbaycana qarşı hər hansı başqa planlardan xəbər verir. Azərbaycanın rəsmi orqanının davranışlarını mən tamam yerində sayıram. Amma bircə fikrə mütləq cavab verməliyəm. O bir az rişxəndlə, bir az ritorika ilə deyir ki, Şimali və Cənubi Azərbaycanın birləşməsini siz yuxuda görərsiniz. Amma mən, doğrusu, hərdənbir yuxumda iki Azərbaycanın birləşməsini görürəm. Bu, İranın səfirini narahat eləmir ki? Birdən millətimiz kütləvi olaraq bunu yuxuda görməyə başladı. Bu, İranı narahat eləməzmi? Buna görə də Azərbaycana nota düşmür ki? Mən düşünürəm ki, onlar problemi Azərbaycanın içərisində, dünya azərbaycanlılarının Azərbaycan ətrafında birləşməsində yox, İranın daxilində və rejimin xarakterində axtarsalar, daha yaxşı olar. Sağ olun.
Sədrlik edən. Mən görürəm, bu məsələni çox şərh eləyənlər var. İran səfiri, dediyiniz kimi, bir az tələskən hərəkət eləmişdir. Bununla bizim diplomatik kanallar, Xarici İşlər Nazirliyi məşğuldurlar. Səfir də dəvət olunubdur. Bu məsələni belə şişirtmək, mən hesab edirəm, düzgün deyil. Subyektiv fikirlərimizi də gərək bir balaca saxlayaq. Xahiş edirəm, bu məsələdə bir balaca diqqətli olasınız. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan təbiətinə, Azərbaycanın qızıl mənbələrinə əl uzatmış ermənilərin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb. Düşünürəm ki, Azərbaycan parlamenti də bu məsələ ilə bağlı dünyanın bütün demokratik ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara, Azərbaycanın üzv olduğu MDB Parlament Assambleyasından başlayaraq ATƏT-in Parlament Assambleyasına qədər öz müraciətlərini eləməlidir.
Bir şeyi də xatırlatmaq istərdim. Xocalı soyqırımından neçə il keçdiyinə baxmayaraq, Azərbaycanın hüquq mühafizə orqanları hələ də heç bir cinayət işini yekunlaşdırıb məhkəməyə təqdim etmədiyindən beynəlxalq tribunallara müraciət eləyə bilməmişik. Bu gün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında təbiəti viran qoyur. Zəngilan rayonunun unikal meşələri məhv edilir, Kəlbəcər rayonunda Azərbaycanın sərvətləri talan olunur. Yenə də mi susmalıyıq? Məncə, biz bu parlamentdə, nəhayət, müvafiq bir sənəd qəbul edərək, üzv olduğumuz bütün beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan ərazisində törədilən hərbi cinayətlərlə bağlı müvafiq müraciətləri Beynəlxalq Tribunala çatdırmalıyıq. Düşünürəm ki, biz indiyə qədər etdiyimiz kimi, hadisələrin ardınca getməklə Azərbaycan xalqının və dövlətinin hüquqlarını yetərincə qoruya bilməyəcəyik.
Burada İran səfirinin hərəkətləri ilə bağlı çıxışlar oldu. Lakin İran səfirinin bu çıxışından təqribən bir həftə qabaq İran səfiri Bakının mərkəzində kütləvi aksiya təşkil eləyərək, Azərbaycana dost olan ölkələrin bayraqlarını yandırıb. Nə üçün Azərbaycanın müvafiq orqanları bununla bağlı diplomatik fəaliyyətdən xaric olan hərəkətlərə görə ona xəbərdarlıq eləmədilər? Çox təəssüf ki, yenə də Xarici İşlər Nazirliyi səfirin hərəkətlərinin müqabilində çox yumşaq bir bəyanat verdi.
Bilirsiniz, biz öz hüquqlarımızı müdafiə eləyə bilməsək, bu, Azərbaycan dövlətinə dost münasibətdə olmayan hansısa qüvvələri təhrik edəcək ki, Azərbaycanı alçaltsın, Azərbaycanın mənafeyinə toxunsun.
Ərazimizi işğal eləyiblər. İşğal olunmuş ərazimizdə hər şeyi talan eləyirlər, biz susuruq. Çox xahiş edirəm, hörmətli cənab Sədr, parlamentin müvafiq sənədlərə əsaslanan müraciətləri...
Sədrlik edən. Asim müəllim, verdiyiniz birinci təklif gözəl təklifdir. Çox gözəl olardı ki, Siz bu məsələni İnsan hüquqları komissiyasında hazırlayasınız, biz ona baxaq. Beynəlxalq komissiya da baxa bilər. Verilən təklifləri yazılı surətdə verin, baxaq.
A. Mollazadə. (Eşidilmir.)
Sədrlik edən. Partiya olaraq göndərmisiniz, millət vəkili kimi verin, təkliflərinizə baxaq. Buyurun, Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən məndən öncə çıxış eləyən həmkarlarımın bir sıra fikirlərinə qatılıram. Hesab edirəm ki, Azərbaycan bir sıra məsələlərdə ciddi addımlar atmalıdır. 2002-ci ildə Xocalı soyqırımı ilə bağlı müzakirə son dərəcə müəmmalı şəkildə qırıldı və biz normal bir sənəd qəbul eləyə bilmədik. Amma üstündən bu qədər vaxt keçəndən sonra bu dəqiqə dünyadan tələb edirik ki, bu məsələdə Azərbaycanın səsini eşitsinlər. Biz əvvəl özümüz öz səsimizi eşitməliyik, özümüz özümüzə hörmət eləməliyik ki, başqaları da bizə hörmət eləsinlər.
31 mart Soyqırımı günü yaxınlaşır. Mənim yadıma hörmətli yazıçımız Anarın bu Məclisdə bir çıxışı düşür. Anar təklif eləmişdi ki, - çox böyük axtarış aparmaq lazım deyil, əlavə yer də lazım deyil, - burada “Drujba” restoranının yerində, vaxtikən mənfur Kirovun heykəli qoyulan yerdə, Şəhidlər xiyabanının böyründə bir Soyqırımı muzeyi yaradaq, gələn qonaqlara göstərək ki, Azərbaycan xalqının başına son əsrdə bu müsibətlər gətirilib. Sənədlər itməmiş, tarix unudulmamış belə bir muzeyə ehtiyac var. Azərbaycanda belə bir muzey yoxdur. Nə Tarix muzeyimizdə bu şeylər göstərilir, nə xüsusi bir muzey var, nə də bu işlə məşğul olan dövlət idarəsi var. Biz də deyirik ki, dünya bizə hörmət eləsin. Sən ona həqiqəti göstərmirsənsə, o sənin həqiqətini haradan bilməlidir? Ona görə mən təklif edirəm, 31 mart Soyqırımı günü ərəfəsində müvafiq qərar qəbul eləyib hökumətə ünvanlayaq ki, Şəhidlər xiyabanının yanında belə bir muzeyin yaranmasına kömək eləsin.
İkincisi, Asim bəy Dağlıq Qarabağda ermənilərin bizim təbiətimizə vurduğu yaralardan danışır. Bu barədə hamımız eşidirik. Doğrudan da, Zəngilanda, Kəlbəcərdə unikal təbiət abidələrimiz məhv edilir. Amma gəlin görək özümüz öz abidələrimizi necə qoruyuruq. Erməni düşməndir, o işi görür. Biz hansı şəkildə özümüzə hörmət edirik?
Abşeron üçün badam bağları Zəngilanın çinar meşəsi qədər qiymətlidir. Abşeronda zeytun bağları 20-30 ilə başa gəlir. Naziri dindirirsən, deyir, vallah, qarşısını almaq olmur, Baş nazirə deyirsən, deyir, qarşısını ala bilmirik. Azərbaycanda elə bir dövlət orqanı varmı ki, illər uzunu əkilmiş bu təbii sərvəti qoruyub saxlaya bilsin? Vəhşicəsinə hektarlarla sahəni alırlar hasara, bilmirsən, kimə məxsusdur.
Ceyranbatan gölü ən böyük içməli su mənbələrimizdən biridir. Vaxtikən burada məsələ qaldırmışdım ki, Ceyranbatan gölünün ətrafındakı yamaclarda ev tikintisinə icazə vermək olmaz. Onsuz da Xırdalanın da bir vaxtlar kanalizasiyası ora axırdı. İndi təsəvvür edin, gölün ətrafındakı torpaq sahələrinin hamısı satılıb, artıq universitetin yanındakı torpaqlar paylanır. Bunun kanalizasiyası olmadığından çirkab sular o yamaclardan axıb bizim içdiyimiz suya töküləcək. Mən başa düşə bilmirəm, dünyada elə bir millət varmı ki, özünə, öz tarixinə, öz təbiətinə, yediyinə, içdiyinə bu qədər hörmətsiz yanaşsın? Biz bunun qarşısını almayana qədər dünya bizə hörmət eləməz. Çox xahiş edirəm, Milli Məclisdə qaldırılan məsələlər yalnız söz olaraq qalmasın, millət vəkillərinin dediyi təkliflər hökmən 2-3 həftədən sonra müəyyən idarələrdən cavablandırılsın və biz bunun nəticəsini eşidək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ceyranbatan gölü Sizi çox maraqlandırırdı, bu məsələni düz deyirsiniz. Orada çoxlu evlər tikilmişdi, ancaq bir il qabaq hökumət tərəfindən ora çox böyük maliyyə yardımı ayrıldı, Ceyranbatan gölünün həmin yerlərində kanalizasiya xətləri çəkilib qurtarmaq üzrədir. Orada elə bir təhlükə olmayacaq. Pənah bəy.
P. Hüseyn. Demək, ilanın zəhləsi yarpızdan gedər, o da gəlib bitər onun gözünün qabağında. Bizim Azərbaycanın demokratik müxalifətinin də Azərbaycan iqtidarında bəlkə də ən pis münasibət bəslədiyi vətəndaş Ramiz Mehdiyevdir. Onun da kitabını, bilmirəm, hansı səbəbə görə və hansı əsasla gətirib...
Sədrlik edən. Pənah bəy, bu söhbətləri saxlayın öz iclaslarınıza. Mən yenə deyirəm, burada bu məsələləri qoyun kənara, gündəliyə aid konkret sözünüz varsa, danışın. Şəxsi sözünüz varsa, başqa yerdə danışarsınız. Əks təqdirdə mən Sizin sözünüzü kəsəcəyəm. Aydın oldu?
P. Hüseyn. Mən bilirəm, nə danışıram.
Sədrlik edən. Mən hesab edirəm, nədən başladığınızı bilmədiniz. Burada, Milli Məclisdə belə məsələlər olmayacaq. Xahiş edirəm, gündəliyə dair danışın. Ayağa durma. Mikrofon var, otur, danış.
P. Hüseyn. Niyə? Belə olmaz ki?
Sədrlik edən. O vərdiş köhnə vərdişdir. Mikrofonla danışmaq lazımdır. Pis eşidilir.
P. Hüseyn. Mən çalışaram, yaxşı eşidilsin. Mən burada ona görə bu sözü dedim ki, Milli Məclisin əməkdaşlarını bu cür işlərə cəlb eləmək əvəzinə Milli Məclisin deputatlarının hüquqlarına əməl olunsun. O cümlədən iclasda, çünki keçən səfər, hökumətin hesabat verdiyi gün də, mən hesab edirəm ki, Azərbaycan hökumətinin hesabatı haqqında Azərbaycan müxalifətinin fikirlərinin səsləndirilməsinə imkan verməmək üçün bizə qəsdən söz verilmədi. İkincisi, burada Daxili Nizamnamənin 11-ci maddəsi həmişə pozularaq ən mühüm məsələlərdə Sədrin təklifi ilə 10 dəqiqəlik çıxış 5 dəqiqəyə endirilir və səsə qoyulur. Bu, qanuna ziddir. Çünki Sədrin protokol qaydasında səsvermə yolu ilə həmin çıxışların müddətini dəyişmək hüququ olsa da, qanun bunu yalnız artırmaq istiqamətində müəyyən eləmişdir. Bu qanun nə qədər ki dəyişməmişdir, buna əməl eləmək lazımdır.
Hörmətli Sədr, hörmətli deputatlar, mən təsadüfən Prezident Aparatının hörmətli rəhbəri barədə bu kitaba toxunmadım. Çünki yerlərdə Prezident Aparatının bilavasitə göstərişi ilə müxalifətdən olan deputatların deputatlıqla əlaqədar fəaliyyətinə ciddi maneçilik törədilməyə başlanmışdır. Mən konkret olaraq özümün seçildiyim 63 saylı Sabirabad seçki dairəsində rayon icra hakimiyyətinə, rayon mədəniyyət şöbəsinə, əlaqədar orqanlara müraciət eləyərək seçicilərimlə bir görüşün keçirilməsi üçün kömək edilməsi barədə müraciət eləmişəm. Nəinki kömək edilmədi, əksinə, Prezident Aparatına istinad olunaraq, rayon mədəniyyət sarayının bu iş üçün həmişə istifadə olunan iclas zalının seçicilərlə görüş üçün ayrılmasına qadağa qoyulması barədə məlumat verildi. Yenə də rayon icra hakimiyyəti yerlərdə Prezident Aparatına və rəhbərliyə istinad eləyərək müxalifətdə olan deputatlara qarşı ayrı-seçkiliyə yol verdiyinə görə biz...
Sədrlik edən. Bəsdir. Siz vaxtdan da çox danışdınız. Biz burada gündəliyi müzakirə eləyirik. Siz yenə öz məsələlərinizə keçdiniz. Bu, şəxsi kabinet deyil ki, öz məsələnə keçəsən. Bu, Milli Məclisdir, Milli Məclisin iclasının gündəliyi var. Xahiş edirəm, gündəliyə dair danışın. Sizin çıxışınızdan belə çıxdı ki, bu qədər millət vəkilləri içində müxalifət təkcə Sizsiniz? Hökumətin hesabatında müxalifətdən çoxlu sayda millət vəkilləri çıxış elədilər. Siz isə düyməni vaxtında basmamışdınız. Ona görə də xahiş edirəm, bu söhbətləri təzədən qaldırmayasınız. Gündəlik ətrafında danışmaq üçün Sizə bir dəqiqə söz verilir.
P. Hüseyn. Yəni belə bir hala heç cür dözmək olmaz ki, dövlətin hesabına kəndlərə yol çəkilir və müəyyən hissələr dayandırılır ki, bu hissə müxalifətin yaşadığı ərazidir, gəlsin, onu cənab Hüseyn çəksin. Mən millət vəkili olaraq həm Milli Məclisin iclasında, həm də ondan kənarda müxalifətdən olan millət vəkillərinin fəaliyyəti üçün təşkil olunmuş şəkildə maneçilik yaradılmasına etiraz eləyirəm. Şübhəsiz ki, Sizin dediyiniz kimi, bu məsələnin öhdəsindən bizim özümüz də gəlməyə çalışacağıq. Amma arzumuz və niyyətimiz budur ki, bu məsələlər qanuna müvafiq olaraq həqiqətən deyilən və tez-tez danışılan kimi konstruktiv və əməkdaşlıq şəraitində həll edilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Əgər Sizə o mədəniyyət evinin müdiri elə cavab veribsə, o çox savadsız adamdır. Biz də çalışarıq, bunu aydınlaşdıraq və icra hakimi ilə danışaq. Siz dediniz, mədəniyyət evinin müdiri dedi ki, Prezident Aparatı tapşırıb. Prezident Aparatının işi-gücü qurtarıb, tapşırsın ki, Pənah Hüseynova orada iclas keçirməyə vaxt verməyin. Biz icra başçısı ilə danışarıq, aydınlaşdırarıq.
Müzakirələrə ayrılan yarım saat vaxt qurtardı. Hətta 10 dəqiqə artıq vaxt keçib. Xocalı soyqırımı barədə suallar oldu. O komissiyanın sədri Ziyafət müəllim olmuşdur. Ziyafət müəllim, xahiş edirəm, o suallara cavab verəsiniz.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri .
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bilavasitə bu məsələyə keçməzdən əvvəl bir şeyi qeyd etmək istərdim. Burada Pənah Hüseyn bir məsələ qaldırdı. Guya bunların vaxtını kəsir, bunlara vaxt vermirlər. Keçən dəfə də bu məsələni qaldırmışdınız. Mən xahiş edirəm, zəhmət çəkin, götürün, bizim Daxili Nizamnamənin 11-ci maddəsini oxuyun. Pənah Hüseyn, Sizə müraciət eləyirəm. Orada yazılır ki, Milli Məclisin iclasına sədrlik edən protokol qaydasında qəbul edilmiş qərar əsasında bu Daxili Nizamnamədə çıxışlar üçün müəyyən edilmiş müddəti dəyişdirə bilər, yaxud artıra bilər. Bu yazılıb da burada.
P. Hüseyn. (Eşidilmir.)
Z. Əsgərov. Nə uzadırsan sən? Vergül var, yəni ki, azalda bilər, çoxalda bilər. Azərbaycan qrammatikasını az-çox bilən adamın bundan başı çıxmalıdır.
P. Hüseyn. (Eşidilmir.)
Z. Əsgərov. Mən çox gözəl bilirəm, nə deməkdir. Pənah müəllim, gedin, öyrənin. Bilmədiyinizi danışmayın.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Sual verdiniz, cavabınızı verdilər. Söz alın, danışın. Bura bazar deyil, durub ayaq üstə danışasınız. Qurtarın bu söhbəti. Yerdən durub danışmaq yeri deyil bura. Siz danışanda sözünüzə müdaxilə eləyən olmadı.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Mən müdaxilə eləyirəm, çünki gündəlikdən kənar danışırdınız. Nə vaxt sədr olub oturarsan burada, onda danışarsan.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Sözün yoxdur, onda otur, özünü düz apar. Hər dəfə iclasda gərək şou yaratsınlar. Olmaz belə.
Z. Əsgərov. İkinci məsələ. Xocalı soyqırımı ilə bağlı. Bəli, 2002-ci ildə belə bir layihə hazırlanmışdı. Amma mən sizə açığını deyim, biz araşdırdıq, - komissiya 5 nəfərdən ibarət idi, - məlum oldu ki, 1994-cü il fevral ayının 24-də bu məsələ ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin Xocalı soyqırımı barədə qərarı olub. Orada da göstərilib ki, Xocalı hadisələri soyqırımı kimi təsdiq edilsin. Və elə həmin gün bütün dünya ictimaiyyətinə bəyanat qəbul olunubdur. Bəyanat yenə Milli Məclisdə qərar formasında təsdiq olunub və belə bir soyqırımın olması ilə əlaqədar bütün dünya ictimaiyyətinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət olunub.
2002-ci ildə buna hüquqi qiymət verilib-verilməməsi məsələsinə gəlincə, əlbəttə, buna hüquqi qiyməti hüquq mühafizə orqanları verməlidir. Bu birmənalıdır. Milli Məclis buna siyasi qiymətini 1994-cü ildə verib. Mənim bildiyimə görə, Azərbaycan Respublikası Prokurorluğunda bununla əlaqədar işlər gedir və güman edirəm ki, lazımi nəticələr əldə olunandan sonra artıq beynəlxalq məhkəmələrə, beynəlxalq təşkilatlara müraciət etmək imkanı olacaq. Sağ olun.
Sədrlik edən. Qalan sualları, xahiş edərdim, millət vəkilləri yazılı surətdə versinlər. Gələn iclasda çalışarıq, o məsələyə cavab verək. Xahiş edirəm, gündəliyə qayıdaq. Bu iclasın gündəliyinə təklif olunan məsələlərdən hamınızın xəbəri var. Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira xanım və onun aparatının işçiləri iştirak eləyirlər. Gündəliyin birinci məsələsinə keçək. Elmira xanım, buyurun. Sizə nə qədər vaxt lazımdır, Elmira xanım?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 45 dəqiqə. İldə bir dəfə olan məruzədir. Buyurun.
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli Sədr, hörmətli millət vəkilləri! İcazə verin, ilk öncə sizi millət vəkili seçilməyiniz münasibəti ilə təbrik edim və milli qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə, demokratik hüquqi dövlətin inkişafına yönəlmiş fəaliyyətinizdə hamınıza uğurlar arzulayım!
2005-ci il üzrə məruzəni diqqətinizə təqdim edərək qeyd etmək istərdim ki, ölkəmizdə son dövrlərdə iqtisadi və sosial sahədə müşahidə olunan uğurlarla yanaşı, insan hüquqlarının təmin olunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bir sıra digər əhəmiyyətli hadisələrlə yanaşı, Milli Məclisə seçkilərlə yadda qalmış 2005-ci ildə vətəndaşların seçki hüququnun müdafiəsi Müvəkkilin diqqət mərkəzində olmuşdur. Seçki hüququnun daha etibarlı olması və seçki praktikasının təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr tarixli sərəncamları yerlərdə təbliğ olunmuş və onların tətbiqinə xüsusi diqqət yetirilmişdir.
Ayrı-ayrı rayonlarda qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində demokratik, azad və şəffaf seçkilərin keçirilməsinə xidmət edəcək maarifləndirmə işi, maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Seçkilərə hazırlıq vəziyyətinin öyrənilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının əməkdaşları ilə birgə sentyabr-oktyabr aylarında Bakı, Quba, Cəlilabad, Sumqayıt, Şəki, Sabirabad, Ağsu və Gəncə şəhərlərində ətraf 52 rayonu əhatə etməklə dairə seçki komissiyalarının, habelə ərazisi zəbt olunmuş rayonların məntəqə seçki komissiyalarının sədrlərinin, yerli icra hakimiyyəti, bələdiyyələr, polis, prokurorluq və məhkəmə orqanlarının əməkdaşlarının iştirakı ilə regional seminar-treninqlər keçirilmiş və bu tədbirlər müzakirə olunmuşdur.
Əməkdaşlarımla birgə müstəqil müşahidəçilər qismində 46 seçki dairəsinin 86 məntəqəsində səsvermə prosesini müşahidə etmişik. Həmçinin 18 hərbi hissənin səs verdiyi bir neçə məntəqədə, 10 cəzaçəkmə məntəqəsində, məcburi köçkünlərin səs verdiyi ayrı-ayrı seçki məntəqələrində müşahidələr aparılmışdır. Bunun nəticəsi kimi qeyd olunmalıdır ki, seçkilərin demokratik, şəffaf, ədalətli şəraitdə keçirilməsində irəliləyiş olmuş, vətəndaşlara müstəqil seçim etmək, qeyri-hökumət təşkilatları da daxil olmaqla müşahidəçilərə sərbəst müşahidə etmək imkanı yaradılmış, ekzitpolun keçirilməsi üçün zəruri şərait təmin edilmişdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu seçkilərlə bağlı yekun hesabatında bütövlüklə seçkilərin demokratik tərzdə keçirilməsi qeyd edilmiş, eyni zamanda, yol verilmiş nöqsan və qüsurlar göstərilmişdir.
Aşkar edilmiş nöqsanlarla bağlı Müvəkkil dərhal dairə və mərkəzi seçki komissiyalarına müraciət edərək Seçki Məcəlləsinin tələblərini pozan şəxslərin cəzalandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təklif etmişdir. Məlum olduğu kimi, seçkilərin nəticələrinin yoxlanılması prosesində MSK tərəfindən 4, Konstitusiya Məhkəməsi tərəfindən 6 dairədə seçkinin nəticələri ləğv olunmuşdur və həmin dairələrdə yeni seçkilər keçiriləcəkdir. Yeri gəlmişkən, ölkə Prezidentinin müvafiq sərəncamlarının tələblərinə əməl etmədiklərinə, habelə seçkilər zamanı səslərin sayılmasına müdaxilə etdiklərinə görə, bildiyiniz kimi, Suraxanı, Sabirabad, Zaqatala rayonlarının icra hakimiyyəti başçıları tutduqları vəzifədən azad edilmişlər. MSK tərəfindən seçkilər zamanı aşkar edilmiş nöqsanların 2006-cı il 13 may seçkilərində təkrar olunmaması üçün xeyli tədbirlər görülür və mən inanıram ki, bu seçkilərdə daha bir irəliləyiş olacaqdır.
Seçkilərə hazırlıq dövründə istifadə müddəti bitməkdə olan keçmiş SSRİ pasportlarının dəyişdirilməsi prosesində polis orqanlarında, qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələrində vətəndaşlardan dövlət rüsumundan artıq məbləğdə rüşvət şəklində pul tələb edilməsi kütləvi hal almışdır. Seçkiqabağı monitorinqin nəticəsində bir çox rayonlarda əhalinin təxminən yarısının şəxsiyyət vəsiqəsinin olmadığı təsdiqlənmişdir. Bu da bir həqiqətdir ki, seçkilərdən əvvəl Daxili İşlər Nazirliyinin bütün bölmələrinin çox gərgin işi nəticəsində şəhərlərdə, kənd rayonlarında, ucqar kəndlərdə, yerlərdə şəkil çəkdirmək, qan qrupu müəyyən etməklə ona nail olmuşlar ki, qısa müddətdə əhalinin 95 faizi şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Eyni zamanda, seçici vəsiqəsi ilə də bunlar təmin olunmuşlar. Odur ki, hazırda belə şikayətlərin, yəni şəxsiyyət vəsiqələrinin verilməsində hüquq pozuntuları, qanun pozuntuları ilə bağlı şikayətlərin sayı kəskin şəkildə azalmışdır.
Milli Məclisə seçkilərlə bağlı təbliğat kampaniyası dövründə keçirilən icazəsiz aksiyalar bəzən qarşıdurmasız ötüşməmişdir. Müvəkkil icazəsiz aksiyalar zamanı polis əməkdaşları tərəfindən zərər çəkmiş mitinq iştirakçıları, eləcə də xəsarət almış polis əməkdaşları ilə xəstəxanalarda, həmçinin saxlanılmış və ya həbs edilmiş mitinq iştirakçıları ilə müvəqqəti saxlanılma təcridxanalarında görüşmüş, onların vəziyyətini, həmçinin saxlanılma şəraitini araşdırmış, nəzarətə götürmüşdür. Aşkar edilmiş pozuntularla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmuş, ciddi araşdırma aparılmış, lüzumsuz güc tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılması və belə halların qarşısının alınması üçün lazımi tədbirlər görülməsi təklif edilmişdir. Bununla yanaşı, bəzi belə aksiyalar zamanı zorakılıq halları qeydə alınmamışdır.
Müvəkkil ötən dövrdə ictimai və kütləvi informasiya vasitələri ilə əlaqələrə mühüm yer vermişdir. Seçki kampaniyası dövründə kütləvi informasiya vasitələrində jurnalistlər tərəfindən fikir plüralizminə əməl edilməsi ilə yanaşı, cəmiyyətə qərəzsiz, obyektiv informasiya çatdırılması zəruriliyi vurğulanmış və bunun üçün xüsusi seminarlar keçirilmişdir. Seçkilərin işıqlandırılması prosesinə qatılan jurnalistlərin hüquqlarının müdafiəsi məsələsi də diqqət mərkəzində olmuşdur.
Seçkilərlə bağlı keçirilmiş aksiyaların işıqlandırılması zamanı öz peşə borcunu yerinə yetirən jurnalistlərə vəzifəsini yerinə yetirmək üçün normal şərait yaradılmasının zəruri olmasına baxmayaraq, bəzi KİV nümayəndələrinin hüquqları pozulmuşdur. Belə ki, “Zerkalo”, “Yeni Müsavat”, “Aydınlıq” qəzetlərinin, Azərpress İnformasiya Agentliyinin və ANS telekanalının əməkdaşlarına qarşı kobud rəftar və əsassız güc tətbiq etmə hallarına yol verilmişdir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətimdən sonra həmin hərəkətlərə yol vermiş polis əməkdaşları xidmətdən xaric edilmişlər.
Mətbuatın üzləşdiyi iqtisadi problemlərin həllində dövlətin qayğısı da qeyd olunmalıdır. Qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında ölkə Prezidentinin 2006-cı il 8 fevral tarixli sərəncamı bu baxımdan təqdirəlayiqdir.
Tutulan, həbsə alınan və cinayətin törədilməsində ittiham edilənlərin hüquqları ilə bağlı məsələlər daim diqqət mərkəzində olmuşdur. Həmin hüquqların bəzən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən pozulması narahatlıq doğurur. Ötən dövrdə Müvəkkil insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, yoxlanılması, araşdırılması məqsədi ilə müntəzəm olaraq şəhər və rayon polis idarə şöbələrinin, habelə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanılması təcridxanalarında, həmçinin istintaq təcridxanalarında ümumilikdə 220 dəfədən çox baxışlar keçirmişdir. Bu baxışlar zamanı Müvəkkil orada saxlanılan şəxsləri görmüş, təkbətək görüşmüş, ərizələrini almış, şikayətlərini dinləmiş, saxlanılan şəxslərin vəkillə təmin olunması, qidalanması, onlara göstərilən tibbi xidmət və sairlə yaxından tanış olmuş, saxlanma şəraitlərinin təkmilləşdirilməsi üzrə müvafiq orqanlara öz təkliflərini vermişdir. Həmin görüşlərdə, bir qayda olaraq, saxlanılan şəxslər şəraitdən şikayətlərinin olmadığını, onlara qarşı işgəncə və zorakılıq hallarına yol verilmədiyini bildirmişlər.
Bütövlükdə cari ildə ölkə üzrə müvəqqəti saxlanma təcridxanalarında saxlanılma şəraitinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə bütün ölkə üzrə böyük işlər aparılmışdır. Bu sahədə bəlkə bir-iki rayonda vəziyyət istədiyimiz kimi deyil. Amma o rayonlarda da, məsələn, Qubada yeni MST tikilir və mən inanıram ki, yaxın müddətdə bunların hamısı standartlara uyğunlaşdırılacaqdır.
Müvəqqəti saxlama təcridxanalarına baxışlar zamanı bəzi hallarda polis idarələrinin şöbə və bölmə rəisləri tərəfindən işimizə maneçilik də törədilmişdir. Məsələn, aparatın əməkdaşları Suraxanı 31-ci polis bölməsində olarkən orada saxlanılan vətəndaşla görüşməyə və saxlanılma şəraitini öyrənmək və müvafiq sənədlərlə tanış olmaq məqsədi ilə bölmə rəisi Abid Sadıqova müraciət etmiş, lakin o elə prokurorun müavini Azər Mustafayevin yanında bundan qəti imtina etmişdir. Bu hal haqqında Daxili İşlər Nazirliyinə dərhal məlumat verilmiş və Abid Sadıqov intizam məsuliyyətinə cəlb edilmişdir. Nəsimi rayon 22-ci polis bölməsində monitorinq zamanı vətəndaşın qanunsuz saxlanılması aşkar edilmiş və bu haqda tutma protokolunun və ya hər hansı bir sənədin olmaması müşahidə olunmuşdur. Bu haqda da Daxili İşlər Nazirliyinə müraciət olunmuş və əməliyyat müvəkkili Yolçuyev intizam məsuliyyətinə cəlb edilmişdir. Nəsimi rayon Polis İdarəsinin əməkdaşı tərəfindən vətəndaşın saxlanılması və döyülməsi haqqında şikayətin araşdırılması məqsədi ilə isə Müvəkkil aparatının əməkdaşları həmin idarənin müvəqqəti saxlanma təcridxanasında baxışlar keçirən zaman təcridxananın rəisi Kazımov və onun tabeliyində olan əməkdaşı Əliyev tərəfindən araşdırma üçün şərait yaradılmamış, müvafiq sənədlər Müvəkkilə təqdim edilməmişdir. Məsələ ilə bağlı daxili işlər nazirinə müraciətdən sonra təcridxananın rəisi Kazımovun və onun əməkdaşı Əliyevin barəsində intizam tənbehi tətbiq edilmişdir.
Qeyd edilənlərlə yanaşı, bəzən şəhər və rayon polis idarə və şöbələrinin rəislərinin öz səlahiyyət həddini aşaraq müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxsin qanunvericiliyə zidd olaraq müddətdən artıq saxlanması ilə bağlı göstəriş verməsi halları da aşkar edilmiş və bu barədə də tədbir görülmüşdür. Baxışlar keçirərkən Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxslərin kameralarda nəzərdə tutulmuş saydan artıq saxlanılması və eyni zamanda, burada inzibati qaydada həbs edilmiş şəxslə təqsirləndirilən şəxsin birgə saxlanılması halları aşkar edilmişdir. Belə hallarda polis şöbələrinin rəhbərlərinə və rayon prokurorluğuna iradlar bildirilmiş, tədbirlər görülmüşdür.
İl ərzində 24 saat qaynar xətt fəaliyyət göstərmişdir. Ölkənin bütün polis idarə və şöbələrində müvafiq elanlar vurulmuşdur ki, bu da işimizdə yardımçı olur. Aşkar olunmuş qanun pozuntuları və çatışmazlıqlarla bağlı irad və təkliflər müntəzəm olaraq polis idarə və şöbələrinin rəhbərlərinə, baş prokurorluğa, Daxili İşlər Nazirliyinə təqdim olunmuş və təqsirkar şəxslər cəzalandırılmışdır.
Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi vaxtdan ölkəmizdə dini dözümlülük müsbət hal kimi qeyd edilir. Lakin dinlə bağlı bir sıra hallar narahatlıq doğurur. Belə ki, istər Bakı şəhərində, istərsə də ölkənin digər yerlərində məktəb yaşlı uşaqların dini ayinlərin icrasına, müxtəlif dini sektaların fəaliyyətinə cəlb edilməsi, bu sahədə ölkə qanunvericiliyinin tələblərinin pozulması uşaqların milli-mənəvi dəyərlərə zidd tərbiyə olunmasına şərait yaradır. Bəzi dini təşkilatlar və icmalar tərəfindən ölkəyə dini nifaq salınmasına yönəlmiş ədəbiyyat gətirilir və yayımlanır. Avropa miqyasında artıq məktəblərdə dinin tədrisi problem kimi qoyulur. Avropa Şurası yanında yaradılması planlaşdırılan xüsusi institutda dinin məktəblərdə tədrisini həyata keçirən mütəxəssislərin hazırlanması məsələsi qoyulmuşdur. Avropa Şurasına üzv olan ölkəmiz də bu proseslərə hazır olmalıdır.
Vətəndaşların müraciət hüququnun təmin edilməsi ilə bağlı xeyli irəliləyiş olsa da, vəziyyət hələ də qənaətbəxş deyil. Ölkə Konstitusiyasının müvafiq qanunvericiliyinin tələblərinə bəzi məmurlar tərəfindən yetərincə əməl edilmir. Məmur özbaşınalığı, etinasızlıq, Müvəkkilə formal və həqiqətə uyğun olmayan məlumatların, sorğulara başdansovdu cavabların verilməsi, yaxud gecikdirilməsi, ya verilməməsi kimi hallar pozulmuş insan hüquqlarının bərpası sahəsində Müvəkkilin işində də çətinliklər törədir.
Məhkəmə sistemi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində əsas hüquqi mexanizm kimi çıxış etməlidir. Ədalət mühakiməsinin səmərəliyinin artırılması və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması sahəsində tədbirlər həyata keçirilir. Bir çox vətəndaşlardan məhkəmələrdə süründürməçilik, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə yuxarı instansiyaya qəbul olunmaması və ya iddia ərizələri iddiaçıya geri qaytarılarkən bəzən müvafiq qərarların verilməməsi, müraciətlərin cavabsız qalması ilə bağlı şikayətlər daxil olur. Qeyd edilən hallar barədə həm Məhkəmə-Hüquq Şurasına, həm də Ədliyyə Nazirliyinə müraciət edilmiş və bu məsələlərə xüsusi baxılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən bir sıra hakimlər barəsində intizam icraatı başlanaraq araşdırmalar aparılmış, əmək və icra intizamını pozan hakimlər cəzalandırılmış, bəzi hakimlərə, o cümlədən Nərimanov rayon məhkəməsi hakiminin müavininə töhmət verilmiş, Nizami rayon məhkəməsi hakimi Vilayət Nadirovun səlahiyyətlərinə xitam verilmişdir.
Məhkəmə qərarlarının surətlərinin vaxtında verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməməsi, həmçinin yuxarı məhkəmə orqanlarına müraciət hüququnun təmin edilməməsi, apellyasiya məhkəməsinin, Bakının Yasamal, Nərimanov rayon məhkəmələri, Astara, Şəki və bir sıra digər rayonların məhkəmələri tərəfindən məhkəmə qərarlarının surətlərinin vətəndaşlara göndərilməməsi ilə bağlı onlarca hüquq pozuntusu tərəfimizdən müdaxilə ilə aradan qaldırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı ilə bağlı tərəflərin məlumatlandırılmaması halları onların işlərinə düzgün baxılmasına maneçilik törədir.
Məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar daxil olmuş şikayətlərin təhlili göstərir ki, bunların bir hissəsi bəzi məhkəmə və icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl edilməməsi nəticəsində, digər hissəsi isə obyektiv səbəblərdən icrasız qalır. Məhkəmə orqanları qərarlarının icrasının uzun müddət ləngidildiyi və tam icra edilmədiyi hallar da vardır. Bu hallarla bağlı şikayətlərdə əsas etibarilə alimentin tutulması, əmək haqqının ödənilməsi, borcun qaytarılması, zəbt olunmuş mənzilin və ya zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair məhkəmə qətnamələrinin icrasındakı çətinliklər daha çox əksini tapır. Bununla belə, bəzən borclunu tapmağın mümkün olmadığı, yaxud onun borcu ödəmək imkanına malik olmadığı səbəbindən həmin qərarlar yerinə yetirilmir. Bir sıra hallarda məhkəmə qərarlarının icrası yalnız Müvəkkilin müdaxiləsindən sonra mümkün olmuş və vətəndaşların hüquqları bərpa olunmuşdur.
Ötən dövr ərzində daxil olmuş şikayətlərin araşdırılması məqsədi ilə prokurorluq və polis orqanlarına çoxsaylı müraciətlər göndərilmiş, lakin bəzi hallarda bunlara vaxtında və ya ümumiyyətlə, cavab verilməmişdir. Bu da vətəndaşların narazılığına səbəb olur. Şikayətlərin təhlili göstərir ki, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları bəzən öz üzərinə düşən vəzifələri yetərincə icra etmirlər. Digər tərəfdən, son vaxtlar Müvəkkilin Baş prokurora müraciətlərinə cavab olaraq prokurorluq tərəfindən bir sıra hallarda istintaq orqanlarının qəbul etdiyi qərarların ləğv edilməsi, işin əlavə araşdırma aparılması üçün təhqiqata, yaxud əlavə istintaqa göndərilməsi bildirilmişdir. Belə halların qarşısını almaq məqsədi ilə həmin qərarları qəbul etmiş vəzifəli şəxslər barəsində zəruri tədbirlər görülmür ki, bu da yeni pozuntulara səbəb olmasın. Bundan başqa, şəxslərin müvəqqəti saxlanma təcridxanalarında qanunvericiliklə müəyyən edilmiş müddətlərdən artıq saxlanılmasının əsas səbəblərindən biri də qeyd edilən sahəyə nəzarəti həyata keçirməli olan bəzi yerli prokurorluq orqanlarının bu məsələyə sərt yanaşmasıdır.
Bir sıra şikayətlərdə vətəndaşlar polis orqanlarının fəaliyyətindən, polis əməkdaşlarının qanunazidd hərəkətlərindən narazılıqlarını bildirirlər. Təhqiqat və ya istintaq işi sahəsində çalışan bəzi polis əməkdaşlarının qeyri-peşəkarlığı və cinayətin üstünü bilərəkdən ört-basdır etmə cəhdləri, habelə toplanmış materiallar üzrə yoxlamanı natamam aparması, prosessual pozuntulara yol verməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur. Müvəkkil belə hallarda aşkar etdiyi hüquq pozuntusunun qarşısını almaq məqsədi ilə prokurorluq orqanlarına müraciət etmiş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar ləğv edilmişdir.
Vətəndaşların evindən məişət əşyalarının oğurlanması ilə bağlı təhqiqatın qeyri-obyektiv aparılması barədə şikayət ərizəsi ilə əlaqədar olaraq Baş prokurora və daxili işlər nazirinə müraciətimizdən sonra Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Alxasovun qəbul etdiyi qərar əsassız olduğundan ləğv edilmişdir. Yol verdikləri nöqsanlara görə müstəntiq Alxasov, habelə 12-ci polis bölməsinin təhqiqatçısı Süleymanlı və baş əməliyyat müvəkkili daxili işlər nazirinin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunmuşlar. Polis əməkdaşlarının təhqiqat və istintaq prosesində törədilmiş cinayətin şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən öz üzərinə götürməsi məqsədi ilə zorakılıq və ya ləyaqəti alçaldan hərəkətlərə yol verməsi halları xüsusi narahatlıq doğurur. Bildiyiniz kimi, Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Koroğlu Qasımovun oğurluqda şübhəli bilinən şəxsə və onun anasına qarşı peşə etikasına sığmayan hərəkətləri həmin şəxslərin hüquqlarının pozulması ilə, ləyaqətinin alçaldılması ilə nəticələnmişdir. Bu barədə daxili işlər nazirinə müraciət etmişik. Ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarından xaric edilmişdir. Şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədi ilə Müvəkkil tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmiş müraciətlər nəticəsində bir sıra polis əməkdaşları cəzalandırılmışlar.
Ölkəmizdə son dövrlərdə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Korrupsiya və rüşvətxorluğun mövcudluğu insan hüquqları və azadlıqlarının pozulması ilə müşahidə olunur. Bu həm də vətəndaşlar tərəfindən demokratik islahatların dərk edilməsinə mənfi təsir göstərməkdədir. Odur ki, korrupsiya ilə mübarizə mexanizmləri və üsulları işlənilməli və daim təkmilləşdirilməlidir. Qanun yalnız bütün müddəalarına əməl edildikdə korrupsiyaya qarşı təsirli mübarizə vasitəsi ola bilər. Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə komissiyasının hesabatında göstərilir ki, Daxili İşlər Nazirliyinin rüşvət almağa cəhd göstərdiklərinə görə 7 əməkdaşının daxili işlər orqanlarından xaric edilməsi, - 12 əməkdaşı vəzifədən artıq azad olunub, - məhkəmə qərarlarını icra etmədiyinə görə 400-dən çox şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb olunması məsələsi qaldırılmış, 20 hakim barədə intizam icraatı başlanmış, icra sənədləri üzrə dövlət büdcəsinə 32 milyard manatdan çox vəsait ödənilmiş, bu xidmətin bir sıra işçiləri fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ciddi intizam məsuliyyətinə cəlb edilmişlər. Bundan başqa, rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda, sənədləri saxtalaşdırmaqda günahlandırılan 18 hərbi qulluqçuya Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin qərarına əsasən müvafiq cəzalar verilmişdir.
Dövlət tərəfindən məmurun ehtiyaclarının ödənilməsi, onun sosial- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə yanaşı, korrupsiya və rüşvətxorluq hallarına yol verilməsinin səbəbləri təhlil edilərək onların qarşısının alınması və aradan qaldırılması üçün ardıcıl tədbirlərin davam etdirilməsi vacibdir.
Korrupsiya ilə əlaqədar Müvəkkilin ünvanına daxil olmuş çoxsaylı şikayətlər müvafiq səlahiyyətli dövlət qurumlarına göndərilmiş, bu şikayətlərin araşdırılmasının nəticəsi ilə bağlı alınmış cavablarda bir çox hallarda korrupsiya faktının təsdiq edilmədiyi bildirilsə də, müvafiq şikayətlər təmin olunmuşdur.
İnsan alveri və adam oğurluğuna qarşı mübarizəyə gəlincə, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində Hacı Məmmədovun başçılıq etdiyi dəstənin ifşa edilərək zərərsizləşdirilməsi, həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi mühüm, diqqətəlayiq nəticə olmuşdur.
Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə şəxsin evlənmək məqsədi ilə qızın öz razılığı ilə qaçırmasına baxmayaraq, onun adam oğurluğunda ittiham edilərək Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi halları böyük narahatlıq doğurur. Odur ki, qüvvədə olan Cinayət Məcəlləsində qadının evlənmək məqsədi ilə oğurlanması məsələsinə yenidən baxılmalı və Məcəlləyə müvafiq əlavə və dəyişikliklər olunmalıdır.
Vətəndaşlar tərəfindən əmək hüquqlarının həyata keçirilməsi mülkiyyət formasının dəyişdiyi, müxtəlif təsərrüfat subyektlərinin yarandığı bir dövrdə və şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Dövlət müəssisə və təşkilatlarında əmək haqları vaxtında ödənilir. Bunun əksinə, özəl sektorda, yaxud özəlləşmə prosesində xüsusi mülkiyyətə verilən bir çox müəssisələrdə işçilərə əmək haqları vaxtında ödənilmir.
Əmək haqlarının artırılması yönümündə dövlətin yeritdiyi siyasət vəziyyətin sabitləşməsinə xidmət edir. Məlumdur ki, artıq 2005-ci il oktyabrın 1-dən minimum əmək haqqı 150 min manata çatdırılmışdır. Lakin bu məbləğin minimum yaşayış xərclərini ödəmək səviyyəsinə qədər artırılması zəruridir və nəzərdə tutulmuşdur. Müvəkkilin müdaxiləsi nəticəsində əmək haqqı üzrə borcların ödənilməsinə köməklik göstərilmiş və nəticədə vətəndaşların pozulmuş əmək hüquqları bərpa olunmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məlumatlarına əsasən ölkəmizdə fəaliyyət göstərən xarici və birgə müəssisələrdə, xüsusilə “Bi-Pi”, “Koka-kola” və başqalarında həmkarlar ittifaqlarının yaradılmasına və fəaliyyətinə maneçilik törədilir. Bundan başqa, Azersell və digər təşkilatlarda da həmkarlar ittifaqının yaradılması hələ həll olunmamışdır.
Neft sənayesində fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin əksəriyyətində əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərlə qısamüddətli, hətta bir-iki aylıq əmək müqavilələri bağlanır və müqavilənin müddəti bitdikdən sonra həmin işçilər işdən azad edilirlər. İşə götürənlər işçiləri istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən mütləq icbari şəxsi sığorta etməlidirlər. Lakin həmin sığorta şərtləri bir çox hallarda istər qanunvericiliyin tələblərinə, istərsə də işçilərin maraqlarına cavab vermir.
Xarici vətəndaşlara nisbətən yerli işçilərə uzadılmış iş gününün tətbiqi, ödənişli əmək məzuniyyətinin verilməməsi, müvəqqəti əmək qabiliyyətini itirən işçilərə müavinət, peşə xəstəliklərinə tutulanlara, istehsalatda xəsarət alanlara dəyən zərərin ödənilməməsi azmış kimi, bəzən işçilərin milli heysiyyətinə toxunan hərəkətlərə də yol verilir. Biz buna Xocalı faciəsinin ildönümü ərəfəsində “McDermott” şirkətində şahid olduq.
Əmək hüquqları pozulmuş işçilər müdiriyyətə ciddi etirazlarını bildirmək məqsədi ilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada öz tətil hüquqlarından istifadə edirlər. “McDermott” şirkəti işçilərinin əmək haqlarının artırılması və xarici işçilərlə yerli işçilərin əmək haqları arasında fərqin aradan qaldırılması tələbi ilə tətilindən sonra “McDermott”, “PCH” və “Bos-Şelf” neft şirkətlərində həmkarlar ittifaqı komitələri yaradılmışdır. Biz xarici və birgə müəssisələrdə həmkarlar ittifaqlarının yaradılması ilə bağlı məsələləri diqqətdə saxlamış, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri ilə birlikdə “McDermott” şirkətinin həmkarlar ittifaqının təsis yığıncağında iştirak edərək öz tövsiyələrimizi vermişik.
Bir sıra hallarda vətəndaşlar əmək hüquqlarının tələbi ilə məhkəmələrə üz tutmalı olurlar, lakin bu da onların ümidlərini doğrultmur. Bir çox hallarda məhkəmələr bu məsələləri sahibkarın xeyrinə həll edirlər. Əmək Məcəlləsinə zidd olaraq hamilə qadınların, 3 yaşına qədər körpəsi olan qadınların işdən çıxarılması halları da müşahidə olunmuşdur. Bəzi hallarda buna yardımçı olmaq mümkün olur.
Ölkədə işsizliyin azaldılması və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər öz nəticələrini verməkdədir. Bilirsiniz ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən 600 min iş yeri açılması nəzərdə tutulmuşdur. Bu gün artıq 340 mindən çox yeni iş yeri yaradılmış, ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə düşmüşdür. Bu dinamika özlüyündə çox diqqətəlayiqdir. Ölkə Prezidentinin sərəncamına əsasən təsdiq edilmiş Azərbaycan Respublikasının məşğulluq strategiyası və onun əsasında hazırlanan dövlət proqramı bu sahədə ciddi müsbət dəyişikliklər əldə edilməsinə imkan yaradacaqdır.
Vətəndaşların sosial hüquqlarının təmin edilməsi ölkəmiz qarşısında duran ən mühüm məsələlərdəndir. “Əmək pensiyası haqqında”, “Sosial müavinətlər haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunların qəbul edilməsi ölkənin sosial təminat sisteminin yenidən qurulması yolunda olduqca əhəmiyyətli addımlardır. Lakin burada da qanunların icra mexanizmlərinə və bunların vaxtlı-vaxtında sırf qanun çərçivəsində həyata keçirilməsinə nəzər salınmalıdır. Bu günlərdə həmin məsələləri müzakirə etmişik. Dövlət müəssisələrinin özəlləşdirilməsi və kənar idarəetməyə verilməsindən sonra həmin müəssisələrdə işləyənlərə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət edən əksər vətəndaşların Müvəkkilə müraciətindən sonra həmin şöbələr tərəfindən problemləri həll olunmuşdur. Müvəkkilin müdaxiləsindən sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən Nazirlər Kabinetinə müraciət edilmiş və həmin işçilərin işlədikləri müddətin onların ümumi iş stajına daxil edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Nəticədə bu problemlə bağlı çoxsaylı şikayətlər öz həllini tapmışdır.
Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı daxil olmuş şikayətlərdə ərizəçilər tibbi, sosial ekspert komissiyalarında onlara qarşı yol verilən süründürməçilikdən, özbaşınalıqdan, heç bir əsas olmadan sənədlərin qəbul edilməməsindən, əlillik dərəcəsinin müəyyən edilməsi üçün pul tələb edilməsindən şikayətlənirlər. Ötən müddət ərzində müdaxiləmiz nəticəsində bir sıra vətəndaşlara əlillik dərəcəsi müəyyən edilmişdir. Lakin bu istiqamətdə müntəzəm şəkildə iş aparılması yeni seçilmiş əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən də dəstəklənir və iş aparılacaqdır.
Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Hazırda ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində müəyyən addımlar atılır. Lakin Xəzər dənizinin ekoloji durumu və əhalinin yüksək sıxlıq şəraitində yaşadığı Bakı şəhərinin bir çox ərazilərinin sanitar vəziyyəti böyük narahatlıq doğurur. Sənaye-məişət tullantıları üçün, demək olar ki, müvafiq yerlər müəyyən edilməmişdir. Lakin bu tullantıların emalı üzrə tədbirlər uzun illər boyu müzakirə olunsa da, həyata keçirilməməsi əlavə problemlər yaradır. Ayrı-ayrı yerlərdə ağac emalı və mebel sənayesi üçün qiymətli ağacların qırılması adi hal alıb. Hətta meşə zolaqları məhv edilir. Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi ilə əlaqədar, hətta bəzən səbəb olmadan özbaşına ağaclar qırılır və yeri hamarlanır, elə bil, heç burada ağaclar yox idi. Kimin yolu Mirzə Fətəli Axundov bağının yanından keçirsə, bunu müşahidə edə bilər. Srağagün heç kəsə maneçilik törətməyən 4 dənə böyük akasiya ağacı bir gecənin içərisində qırılıb, heç kəs harayımıza səs vermir. Kür çayının daşması...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, iclasa müdaxilə etməyin. Çıxış üçün 45 dəqiqə vaxt verildi. Soruşduq, dedilər 45 dəqiqə. Dedik buyursun, çıxış etsin. İndi çıxış edir. Siz yarım saatdan sonra ayılırsınız ki, reqlament harada qaldı.
E. Süleymanova. Mən xahiş edirəm, hörmətlə yanaşın. Mən sizə çox hörmətlə yanaşıram və sizin hər bir sualınıza cavab verməyə hazıram. Amma xahiş edirəm, mənə verilmiş vaxta riayət edin.
Yerdən. (Eşidilmir.)
E. Süleymanova. Səhiyyə Nazirliyində vəziyyəti bilirsiniz. Eşitmək istəmirsinizsə, oxumusunuzsa, daha yaxşı. Orta ümumtəhsil məktəblərində vəziyyət hamınıza tanış olsa da, lazımi tədbirlər görülmür və burada olan nöqsanlar yenə özünə yer tapır. Lakin onu da bilməliyik ki, 2005-ci il ərzində ölkədə 200-dən artıq yeni məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 130-dan çox məktəb binası tikilmişdir. Lakin yenə də elə kəndlər var ki, uşaqlar məktəbədək 3 kilometrə qədər yol getməli olurlar, çətinliklər müşahidə olunur. Mən elə bilirəm ki, buna diqqət yetirmək mütləqdir.
Mənzil məsələsində olan böyük çətinliklər sizə bəllidir, amma yenə də diqqətinizi tələb edir. Burada nəinki mənzillərin alınması imkansız təbəqə üçün əl çatan deyil, qaçqınların zəbt etdiyi binaların uzun illər boyu boşaldılmaması da problemlər yaradır.
Nəhayət, torpaq məsələsi və böyük massivlərin yaranması. Rəsmi adı olmayan Südçülük sovxozu, Vorovski, Xutor, Alatava, Çermet və başqa yerlərdə minlərlə insan yaşayır. Biz dəfələrlə müraciət etmişik. İnanıram ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın tətbiqi nəticəsində bu məsələlər öz həllini tapacaq. Bunların sırasında ən ağırı torpaq məsələsidir. Bəzi rayonlarda uzun illər davam edən problemlər var idi. Məsələn, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndinin 212 ailəsinə torpaq payının verilməməsi məsələsi illər boyu həll edilmirdi. 2005-ci ildə müraciətimizlə Nazirlər Kabineti tərəfindən qərar çıxarılmış, bunlara 690 hektar torpaq verilmiş və həmin ailələr təmin olunmuşlar.
Bələdiyyələr haqqında istərdim, bir neçə kəlmə deyim. Amma görürəm, darıxırsınız. Hər halda mən istərdim ki, buna diqqət yetirəsiniz. Bələdiyyələr özünüidarəetmə orqanları olaraq bizdən bu gün dəstək istəyir. Belə başa düşürəm ki, bunlarla sıx işləmək və baş verən pozuntulara vaxtında münasibət bildirmək, tədbirlər görmək lazımdır. Belə ki, indiyə qədər Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsində ikihakimiyyətlilik hökm sürür, həm köhnə bələdiyyə sədri, həm də təzəsi işləyir, hərəsinin də öz möhürü var. İnsanlar isə çaşqınlıq içindədirlər. Buzovnada seçilməmiş bələdiyyə üzvlərinin fəaliyyət göstərməsi də bu işə diqqət göstərilməsini tələb edir.
Nəhayət, bilirsiniz ki, bələdiyyələrin hamısının torpaq sərhədləri də dəqiq göstərilməmişdir. Bu da çətinliklər törədir. Bundan başqa, bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında yaranmış səlahiyyət mübahisələri əhali üçün əlavə problemlər yaradır. Məsələn, kimsə icra hakimiyyətindən mənzil ala bilmirsə, müraciət edir ki, ən azı bələdiyyədən torpaq alsın. O zaman yenə də məmur özbaşınalığı, yenə də rüşvətxorluğa rast gəlir və öz problemlərini həll edə bilmir. Ötən dövrdə bələdiyyələrdə aparılmış təftişlər zamanı bir sıra ciddi qanun pozuntuları, o cümlədən 2,6 milyard manat məbləğində maliyyə pozuntuları aşkar edilmişdir. Beləliklə, böyük imkanları olan bu orqanların işinin tənzimlənməsinə hamımız birlikdə təkan verməliyik.
Zəbt olunmuş rayonların əhalisi məcburi köçkünlərə çevrilmişdir. Bunların icra başçılarının fəaliyyəti də diqqəti cəlb edir. Keçən il Füzuli rayonunun icra başçısı Nəbi Muxtarovun fəaliyyəti ilə bağlı arayış hazırlayıb vermişdik. Bu il də Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevlə əlaqədar səlahiyyətli orqanlara müraciət edilmişdir. Əgər suallarınız olarsa, mən izah edərəm, obyektiv arayışlar nəyin əsasında və necə tərtib olunur.
Ölkə Prezidentinin sərəncamı ilə ötən dövrdə bir sıra rayonların, o cümlədən Laçın, Beyləqan, Zərdab, İsmayıllı, Oğuz, Tərtər, Xızı rayonlarının, həmçinin Mingəçevir şəhərinin icra hakimiyyətinin başçıları öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə tutduqları vəzifədən azad edilmişlər. İl ərzində həmin başçıların bəzilərinin fəaliyyəti haqqında çoxsaylı şikayətlər almış və bununla bağlı müvafiq səlahiyyətli orqanlara müraciətlər etmişik. Bu məsələ hər zaman diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ildönümündə çıxış edən ölkə Prezidenti demişdir: “Yerli hakimiyyət orqanlarının üzərinə böyük vəzifələr düşür. İndi bölgələrdə kadr dəyişikliyi davam edir. Bu da təbii prosesdir, çünki yeniləşmə getməlidir. Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi, öz zəhməti ilə ümumi işimizə öz töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin”. Bu günlərdə İmişli və Əli Bayramlı şəhərlərində olarkən də ölkə Prezidenti bunu təkrarlamış və iqtisadiyyatla məşğul olanlara daha fəal olmağı, daha səmərəli işləməyi tövsiyə etmişdir.
Konstitusiya qanunu əsasında 7 il müddətinə seçilmiş ölkənin Müvəkkili artıq bu müddətin yarısına yekun vurmuşdur. Bu konstitusion institutun hər bir şəxs üçün əlçatan olması, Müvəkkilə müraciətlərin asanlaşdırılması məqsədi ilə onun nəinki ölkəmizin paytaxtında, eləcə də regionlarda möhkəmlənməsi zəruridir. Vaxtı ilə Naxçıvanda, Gəncədə və daha 3 regionda belə mərkəzlərin yaranması təklif olunmuş və BMT-nin dəstəyi ilə Qubada, Şəkidə, Cəlilabadda artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Bu, əhali tərəfindən böyük razılıqla qarşılanır. Ölkə Prezidentinin təklifi ilə siz səs verməklə bunu dəstəklədiniz. İnanıram ki, insanlar bunun xeyrini görəcəklər.
Statistika dili ilə desək, bu vaxta qədər Müvəkkilin ünvanına 18 min 260, 2005-ci ildə 7 min 560 şikayət daxil olmuşdur. Bu şikayətlərin, müraciətlərin sayı il-ildən artır. Ombudsman haqqında qanuna uyğun olaraq həmin müraciətlərin 50,6 faizinə baxılmasından imtina edilmiş, 31-32 faizə yaxın hissəsi qismən təmin olunmuşdur.
İnsan hüquq və azadlıqları ilə bağlı olan və Milli Məclisin müzakirəsinə çıxarılması nəzərdə tutulmuş qanun layihələrinin insan hüquqları baxımından təhlil edilməsi, habelə həmin layihələrlə bağlı müvafiq rəy və təkliflər verilməsi məqsədi ilə bu imkandan istifadə edib mən Milli Məclisə müraciət edirəm. Əvvəlki illə müqayisədə insan hüquq və azadlıqlarının daha da səmərəli təmin edilməsi, müdafiəsi, pozulmuş hüquqların bərpası istiqamətində dövlət qurumları ilə, vətəndaş cəmiyyəti ilə, qeyri-hökumət təşkilatları ilə, kütləvi informasiya vasitələri ilə əməkdaşlığımız sıx olmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, öz hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Müvəkkilə müraciət edən bəzi vətəndaşlar bu səbəbdən bəzi məmurlar tərəfindən təqiblərə məruz qalmışlar. Bu isə yolverilməzdir. Bununla belə, Müvəkkil əmindir ki, hər bir vəzifəli şəxs öz fəaliyyətini təhlil edərək müvafiq nəticələr çıxaracaqdır. Vətəndaşlar da öz hüquqlarını, habelə vəzifələrini, onların hüdudlarını bilməli, dövlət və ictimai institutlar vasitəsi ilə onları müdafiə etməyi bacarmalı, eyni zamanda, məsuliyyətlərini də dərk etməlidirlər. Buna görə biz regionlarda böyük maarifləndirmə işi aparırıq və bu hamımızın vəzifəsidir.
Müvəkkil öz fəaliyyətində həmçinin qanunvericiliyin təkmilləşdirilməsinə, əhalinin müvafiq qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların, məhbusların, uşaqların, qadınların, ahılların, əlillərin hüquqlarının müdafiəsinə, habelə insan hüquqları sahəsində təhsil və maarifləndirmə işinə, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrə, eyni zamanda, beynəlxalq əməkdaşlığa çox böyük diqqət yetirmişdir.
Beləliklə, istər vətəndaşların daxil olan müraciətlərini, istərsə də geniş ictimaiyyətin, habelə çoxsaylı beynəlxalq ekspertlərin rəylərini ümumiləşdirərək qeyd etmək olar ki, 2005-ci ildə Müvəkkilin həm şikayətlərə baxılması, həm də pozulmuş insan hüquqlarının bərpası sahəsində fəaliyyətində hansısa irəliləyiş əldə edilmişdir. Bütün diqqət və imkanlar yenə də bu məsələyə cəlb olunmalıdır. Müvəkkilin fəaliyyəti həmişə ictimaiyyətin diqqətində olmuşdur.
Bu gün ölkəmizdə Müvəkkillə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş prokurorluq və bir sıra digər dövlət qurumları nəzdində insan hüquqları ilə məşğul olan struktur bölmələr təşkil edilmiş, insan hüquqlarının müxtəlif istiqamətləri, o cümlədən ailə, qadın və sair hüquqları üzrə komissiyalar və işçi qrupları yaradılmışdır. Nəhayət, ölkəmizdə ATƏT və Avropa Şurası ilə yanaşı, yeni qurumlar yaranır və onların nümayəndəlikləri açılır. Məsələn, son zamanlar Azərbaycanda BMT-nin İnsan Hüquqları Şurasının insan hüquqları üzrə Baş komissarının, Avropa Evinin, Avropa Komissiyasının nümayəndəlikləri açılmışdır. Mən elə başa düşürəm ki, bu gün bizim əlaqələndirilmiş işimizə ehtiyac var, milli strategiyanın müəyyən edilməsinə, onun əsasında milli prioritetlərin həllinə yönəlmiş milli fəaliyyət planının hazırlanmasına ehtiyac var və böyük əhəmiyyət kəsb edəcək bu sənədlər Prezident Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının məntiqi davamı olacaqdır.
Bir daha əminliklə bildirirəm ki, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müdafiə edilməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən səmərəli tədbirlər sabitliyin, əməkdaşlığın davamlı inkişaf və tərəqqisinin rəhninə çevrilmişdir və ombudsman da öz səlahiyyətlərinə və andına uyğun olaraq qərəzsiz, ədalətli fəaliyyətini uğurla davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Təbii ki, ədalət üstündə, qanun üstündə qurulmuş bu qurumun yeni, daha böyük uğurlara nail olması üçün sizinlə əməkdaşlığa böyük ehtiyacı var. Mən sizin hamınızı tərəfdaşlığa dəvət edirəm. Birgə iş, əməkdaşlıq nəticəsində biz ümumi məqsədlərə daha asan çatarıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Hörmətli millət vəkilləri, çıxışa 25 nəfər yazılıb. Reqlamentin neçə dəqiqə olmasını təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə. Xahiş edirəm, bu təklifə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 52
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 2
İştirak edir 59
Yetərsay yoxdur
Bizdə bir sırada sistem işləmir. Xahiş edirəm, bir daha səs verin.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 66
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 2
İştirak edir 72
Yetərsay yoxdur
M. Həsənova, Milli Məclisin Hesablayıcı komissiyasının sədri.
Bir nəfər – Zabelin çıxıbdır. Bu cərgədə 20 nəfərdir.
Sədrlik edən. Çox sağ olun. Yetərsay var. Qəbul edildi. Hüseyn Abdullayev.
H. Abdullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu gün biz ombudsmanın illik hesabatını dinlədik və bu hesabatın qəbul olunmasına səs verməliyik. Mən bu hesabata müsbət qiymət verirəm və sənədin qəbul olunmasına səs verəcəyəm. Ona görə ki, İnsan hüquqlarının qorunması üzrə müvəkkil hörmətli Elmira xanım 2005-ci ildə bu istiqamətdə çox dəyərli və müsbət fəaliyyət göstərmişdir. Əlbəttə, ombudsman bir il ərzində insan hüquqlarını bərpa etsə də, bu sahədə sosial yönümdə həllini tapmayan olduqca ciddi problemlər qalmaqdadır. Məni də bir millət vəkili kimi bu çox narahat edir.
Bildiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin ən böyük arzusu və məqsədi ölkəmizdə işsizliyin və yoxsulluğun aradan qaldırılmasıdır. Bütün xalqımız bilir ki, yeni iş yerlərinin açılması üçün cənab Prezidentimiz nə qədər əziyyət çəkir və açılan iş yerləri üçün nə qədər sevinir. Çox təəssüf ki, mənim millət vəkili seçildiyim Nizami rayonu İcra Hakimiyyətinin başçısı xalqımızın ən dəyərli bayramı olan Novruz bayramı ərəfəsində 300-ə yaxın ailənin hüquqlarını kobud şəkildə pozaraq, onları dövlətdən narazı saldıq.
Bakı Şəhər Nizami rayonunun ərazisində Naxçıvanski küçəsi 38 ünvanında açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən Ticarət mərkəzində 230 nəfərdən artıq səhmdar tamamilə qanuni şəkildə ticarətlə məşğul olub öz ailəsini dolandırırdı. Bu insanların çoxu həmin mərkəzdə 15 ilə yaxındır ki, əziyyət çəkib işləyirdi. Ona görə işləyirdi deyirəm ki, indi artıq işləmirlər. Çünki Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev bu insanların yeganə çörək ağacını onlara çox gördü. Seçicilərim mənə bildirirlər ki, Mehbalı Əliyev çoxdan oranı dağıtmaq istəyirmiş. O, birinci müavin işləyərkən, yəni 2001-ci ildə qeyri-qanuni şəkildə sərəncam imzalayaraq mərkəzin dağıdılmasını və onun ərazisinin Nizami rayonunun bələdiyyəsinə bazar yeri kimi verilməsini qərara alıbmış. Lakin o vaxtın icra başçısı Eldar Əzizov bundan xəbər tutub həmin qanunsuz sərəncamı ləğv edibmiş.
Ancaq Mehbalı Əliyev icra başçısı təyin olunandan sonra öz köhnə planını həyata keçirməyə başlamışdır. Belə ki, bu Ticarət mərkəzi bu il martın 7-də icra başçısının göstərişi ilə tamamilə dağıdılmışdır. Mehbalı Əliyev nə Nizami Rayon Məhkəməsinin 2006-cı il 7 mart tarixli qərarına, nə Apellyasiya Məhkəməsinin, nə Ali Məhkəmənin qərarına, nə də Bakı Şəhər İcra Hakimiyyətinin 2003-cü il 22 iyul tarixli qərarına məhəl qoymadan insanları narazı salmışdır. Mən başa düşə bilmirəm, iş yerləri əllərindən zorla alınmış insanların hüquqları məhkəmə qərarı ilə bərpa olunursa, Apellyasiya Məhkəməsi bu insanların haqlarını bərpa edirsə və biz demokratik hüquqi dövlətdə yaşayırıqsa, belə məmurlara insanların haqlarını pozmağa kim ixtiyar verib? Bu, yolverilməzdir.
Şübhəsiz ki, mən hüququ pozulmuş seçicilərimin hüquqlarının bərpası naminə bu gün hörmətli Milli Məclisin Sədrinə, respublikanın Baş prokuroruna və hörmətli ombudsman Elmira xanıma yazılı müraciət göndərirəm. Nəhayət, demək istəyirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətdə ona mane olan saxta məmurlara qarşı mübarizə aparmağıma söz verirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən, təbii ki, ombudsman institutu kimi orqanın Azərbaycanda fəaliyyət göstərməsini çox yüksək dəyərləndirirəm. Bizə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi haqqında ombudsmanın hesabatını təqdim eləyəndə çox sevindim ki, bu qədər geniş hesabat verilib. Cədvəllərə fikir verməzdən əvvəl hesabatı oxumaq istəyirdim, nə isə, təsadüfən bu cədvəllərə fikir verdim və sadaladığım faktları aşkar etdim. Çox istərdim ki, bunlar hörmətli millət vəkilləri tərəfindən diqqətlə dinlənilsin.
Cədvəl 4-də göstərilir ki, 2005-ci il fevralın 27-dən martın 6-na qədər Elmira xanım Süleymanova Nyu-York şəhərində olub. Cədvəl 5-də göstərilir ki, 2005-ci il fevralin 28-dən martın 4-nə qədər Elmira Süleymanova Suraxanı Rayon Polis İdarəsində, Əzizbəyov Rayon Polis İdarəsində, Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində, Nəqliyyatda Baş Polis İdarəsində, Binəqədi Rayon Polis İdarəsində baxışda olub. Mən başa düşə bilmirəm, bunları Nyu-Yorka köçürmüşdülər, yoxsa Elmira xanım hansı şəkildə buna baxıb.
Cədvəl 4-ə görə 10-16 may tarixlərində Elmira Süleymanova Çexiyanın Karlovı-Varı şəhərində olub, cədvəl 5-də isə göstərilir ki, 13-16 may tarixlərində Elmira xanım Süleymanova Səbail Rayon Polis İdarəsinin 8, 9, 39, Nizami Rayon Polis İdarəsinin 23, Xətai Rayon Polis İdarəsində, Nərimanov rayonunda 16, 17, 18-ci polis bölmələrində olub.
Cədvəl 4-də göstərilir ki, Elmira xanım Süleymanova 27-30 iyul tarixlərində Daşkənddə olub, cədvəl 5-də isə göstərilir ki, Elmira xanım Süleymanova həmin tarixlərdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsində olub. Cədvəl 4-də göstərilir ki, 10 iyuldan 15 iyuladək Elmira xanım Rumıniyada olub, cədvəl 5-də göstərilir ki, Elmira Süleymanova 11-13 iyul tarixlərində Nərimanov Rayon Polis İdarəsinin 16-cı, 17-ci bölmələrinin müvəqqəti saxlanma təcridxanalarında, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsində, Bakı Şəhər Baş Polis İdarəsində, Sumqayıt Şəhər Polis İdarəsində, Suraxanı və Əzizbəyov rayonlarında baxış keçirib. Cədvəl 4-də göstərilir ki, 2-8 sentyabr tarixlərində Elmira Süleymanova Strasburqda olub. Cədvəl 5-də isə göstərilir ki, Elmira Süleymanova həmin günlərdə Nərimanov Rayon Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Yasamalda, Göyçay, Ucar, Ağdaş, Qəbələ, Şəki və Oğuzda olub.
Cədvəl 5-də göstərilir ki, 13-15 sentyabr tarixlərində Elmira Süleymanova Fransada, Parisdə olub. Cədvəl 5-də isə qeyd olunub ki, 14 sentyabrda Elmira Süleymanova Sumqayıt və Abşeron polis idarələrində olub. Cədvəl 4-ə görə, 23-25 sentyabr tarixlərində Elmira xanım Süleymanova Litvada olub, cədvəl 5-ə görə isə Elmira xanım Süleymanova həmin tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində baxış keçirib. Cədvəl 4-ə inansaq, 2005-ci il oktyabrın 22-dən 26-na qədər Elmira Süleymanova Parisdə olub, amma cədvəl 5-ə görə Elmira Süleymanova Kürdəmirdə və cədvəl 7-yə görə Gəncədə olub, cədvəl 1-də isə qeyd olunur ki, həmin tarixdə Elmira Süleymanova kütləvi informasiya vasitələri və seçkilər mövzusunda seminar keçirib. Cədvəl 4-də deyilir ki, 2005-ci il oktyabrın 26-dan noyabrın 3-dək Elmira Süleymanova Honq-Konqda olub. Cədvəl 5-də isə göstərilir ki, Salyan, Biləsuvar və Zaqatalada olub. Cədvəl 6-ya görə Elmira Süleymanova həmin tarixdə Ahılların Resurs Mərkəzinin ofisində olub, cədvəl 7-yə görə isə Biləsuvarda seminar keçirib.
Bu faktları sadalamağımın bircə səbəbi var. Hələ hökumətin hesabatı bura gələndə mən hörmətli millət vəkillərindən hesabata çox ciddi münasibət bildirməyi xahiş etmişdim. Kimin əlinə hansı informasiya gəlir, yalan-doğru yazıb hörmətli millət vəkillərinə təqdim edir. Mən Milli Məclisin bu qədər aşağılanmasının, millət vəkillərinə bu qədər sayğısızlıqla yanaşılmasının yolverilməz olduğunu bildirmişdim. Bu gün bu hesabatın bura təqdim olunması bir daha sübut edir ki, Milli Məclisə həm ombudsman institutu, həm hökumət nümayəndələri, həm də hesabat verməli olan kimlərsə çox yuxarıdan aşağı, əlavə bir struktur kimi baxır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çox istərdim ki, ombudsmanın hesabatı burada sadalanan faktlara görə, millət vəkillərinə bu hörmətsizliyə görə geri qaytarılsın. Bunun heç bir izahı yoxdur, nə texniki, nə filan, dərhal geri qaytarılsın, millət vəkillərindən üzr istənilsin və ombudsmanın hesabatı növbəti iclasların birinə keçirilsin. Millət vəkillərinə bu cür hörmətsizlik yaramaz. Çünki bu millət vəkilləri xalq tərəfindən seçilib, burada əyləşiblər. Çox sağ olun.
Sədrlik edən. Müzakirələrə başlamazdan əvvəl, xahiş edirəm, Elmira xanım, izahat verin.
E. Süleymanova. Çox sağ olun. Mən demək istəyirəm ki, ombudsmanın rayonlarda, regionlarda olması hər zaman televiziya ilə də yayımlanır, ertəsi gün bu haqda qəzetlərdə də mütləq müvafiq materiallar verilir. Burada cədvəllərin bəzilərində yazılıb ki, ombudsmanın və əməkdaşlarının. Təbii ki, ombudsman 220 dəfə cəzaçəkmə müəssisələrində ola bilməz, 200 dəfə MSK-da ola bilməz. O cədvəllərin bəzilərində Müvəkkil və onun əməkdaşları yazılıb. Amma siz deyən cədvəldə bu yazılmayıb. Demək istəyirəm ki, bu fəaliyyət tam göz qabağındadır. Mən xaricdə də olanda heç zaman heç bir tədbirə sadəcə gedib-gəlməmişəm. Hər zaman çıxışlarım olub, məruzələrim olub. Bu, gizli şey deyil ki, şübhə altına alınsın. Çox sağ olun.
Sədrlik edən. Buyurun.
İ. Ağazadə. Çox sağ olun, Oqtay müəllim, mən hörmətli Elmira xanımın arayışını dinlədim. Mən burada yalnız o yerləri qeyd etmişəm ki, Elmira xanım şəxsən özü iştirak edib, şəxsən özü baxış keçirib. Yazılıb ki, ombudsman Elmira Süleymanova. Mən üzvləri, əməkdaşları qətiyyən qeyd eləməmişəm. Cədvəl 5-də başlıqda yazılıb: “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) cəzaçəkmə müəssisələrində, istintaq və müvəqqəti saxlanma təcridxanalarında keçirdiyi baxışlar və hərbi hissələrdə görüşləri”. Burada əməkdaşlardan söhbət getmir.
Sədrlik edən. Başlıqda “və əməkdaşları” yazılıb. Başlığını oxuyun.
İ. Ağazadə. Yazılmayıb, xahiş edirəm, cədvəl 5-ə baxın. Cədvəl 5-də “İnsan haqları üzrə müvəkkilin (ombudsmanın) cəzaçəkmə müəssisələrində...”, xahiş edirəm, cədvəl 4-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə...
Sədrlik edən. Xahiş edirəm, diqqətli olun, siz 5-ci cədvəllə 4-cü cədvəli müqayisə edirsiniz, 4-cü cədvəlin əvvəlində yazılıb ki, aparatın əməkdaşları ilə.
İ. Ağazadə. (Eşidilmir.)
Sədrlik edən. İqbal müəllim, Milli Məclis özünə hörmət eləyir, kim özünə hörmət eləmirsə, özü bilər. Niyə hamının adından danışırsınız? Milli Məclis özünə hörmət eləyir. Siz sual verdiniz, biz aydınlaşdırırıq. Burada biz məhkəmə qurmamışıq.
E. Süleymanova. Bircə onu demək istəyirəm ki, mən İqbal müəllimə və hər bir millət vəkilinə bu faktları təsdiqləyən sənədləri təqdim etməyə hazıram. Əgər hansısa cədvəldə “ombudsmanın və onun aparat əməkdaşlarının” sözləri yazılmayıbsa, bu, həqiqətən, səhvdir və oraya düzəliş etmək lazımdır. Bəzilərində yazılıb, birində yazılmayıb, texniki səhvdir.
Sədrlik edən. Bir dəqiqə, tələsməyin. Elmira xanım, 4-cü cədvəldə yazılıb: “Aparatın əməkdaşları”, 5-ci cədvəldə bu yoxdur. Burada bəzi yerlərdə ancaq Sizin adınız yazılıb. Bunu izah eləyin, xahiş edirəm.
E. Süleymanova. Bu bir texniki səhvdir, bunun sübutu çox asandır, yəni hər bir tədbirin sənədləri var, hər şeyin təsdiqi var. İqbal müəllim özü də inkar edə bilməz ki, mən dəfələrlə onlarla görüş keçirmişəm. Bu, şübhə altına alınası fakt deyil.
Sədrlik edən. Mən şübhə altına almıram. Yəni Siz dediniz, burada texniki səhv var. Xahiş edirəm, Milli Məclisə sənəd hazırlayanda bir az diqqətli olasınız. Burada Sizin aparat əyləşib. Millət vəkillərinin irad tutmağa ixtiyarları var. Siz ayın əvvəlində hesabat verməyə hazırlaşırdınız, ayın 24-nə saxladılar. Çox xahiş edirəm, bundan sonra bu məsələyə diqqət yetirəsiniz. Davam eləyirik. Əkrəm Abdullayev.
Ə. Abdullayev. Çox sağ olun, təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də bu fikirlərlə razıyam ki, Milli Məclisə hər hansı bir sənəd təqdim olunmamışdan əvvəl strukturlarda süzgəcdən keçirilməli və buraya tam mükəmməl bir sənəd təqdim olunmalıdır. Dinlədiyimiz hesabatdan da məlum oldu ki, ilbəil ombudsmana daxil olan şikayətlər artır. Bu da respublikamızda vətəndaşlarımızın, insanlarımızın hüquqlarının pozulmasının çoxalması ilə əlaqədardır. Çox ciddi həyəcan təbili çalmaq lazımdır ki, bizim müxtəlif strukturlarda, hüquq mühafizə orqanlarında bəzi məmurlar tərəfindən insanlarımızın hüquqları pozulur və onların hüquqlarının bərpası çətinliklər bahasına başa gəlir.
İkinci bir məsələ. Mən yazılı hesabatla tanış oldum. Hesabatda vəzifəli şəxslərin öz vəzifə borclarına qeyri-peşəkarcasına yanaşmaları, Müvəkkilin müraciətlərini, sorğularını cavabsız qoymaları və bəzi hallarda Müvəkkilə etinasızlıq göstərmələri qeyd olunub. Bunlar çox ciddi məsələlərdir. Millət vəkillərinin də sorğularına belə cavablar olur və bu belə nəticəyə gəlməyə əsas verir ki, İnsan hüquqları üzrə müvəkkilin və eyni zamanda, millət vəkillərinin də hüquqları pozulur. Bəs bu hüquqları kim bərpa edəcək? Bu bilinmir.
Başqa bir məsələ, - Elmira xanım qeyd elədi, - xarici şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının müxtəlif səviyyələrdə pozulması ilə bağlıdır. Düzdür, son zamanlar bu şirkətlərdə həmkarlar ittifaqları yaranır və vətəndaşlarımızın hüquqları az da olsa, müdafiə olunur. Amma bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bu istiqamətdə İnsan hüquqları üzrə müvəkkil və onun aparatının da üzərinə böyük məsuliyyət düşür.
Növbəti məsələ. Bu məsələ bir neçə dəfə əvvəlki parlamentin iclaslarında da müzakirə edilib və bununla bağlı mənə də dəfələrlə müraciət olunub. Mən hesabatda qadınlarla bağlı bölmədə buna rast gəlmədim. Bu məsələ bizim dindar qadınların, başlarını örtən qadınların şəxsiyyət vəsiqələri və pasportlar üçün şəkillərinin çəkilməsinə problemlərin yaradılmasıdır. Rusiyada islam dininə etiqad eləyən insanlar azlıq təşkil eləsə də, Konstitusiya Məhkəməsinə müraciət eləyərək, iki il bundan qabaq müsbət qərar qəbul edilməsinə nail olmuşlar. İndi Rusiyada başıbağlı qadınlar başıbağlı şəkil çəkdirə bilərlər. Fransada bu var, başqa ölkələrdə var, amma Azərbaycanda əhalinin 90 faizindən çoxunun islam dininə etiqad eləməsinə baxmayaraq, bu problem hələ ki qalır. Çox təəssüf edirəm ki, bu istiqamətdə ya ombudsmana müraciətlər olmayıb, ya da mən bu müraciətləri görmədim. Ola bilər ki, qanunvericilikdə bununla bağlı boşluq var və ona görə də qanunda müəyyən düzəlişlər eləməliyik.
Sonuncu məsələ. Bilirsiniz, keçən ilin sonunda bir qrup gənc aclıq aksiyası keçirmişdi və hesabatda göstərilib ki, bu gənclər ombudsmanın müraciəti əsasında istisna şəklində ali məktəblərə bərpa olunublar. Mənə elə gəlir ki, təhsildə, elmdə heç bir güzəştə yol verilməməlidir. Əks təqdirdə bu bir ənənə halını ala bilər. Sözsüz ki, mən ombudsmanın vəzifəsini başa düşürəm. Onun borcu insanların hüquqlarını müdafiə eləməkdir. Amma bu məsələyə ciddi fikir verilməlidir. Təhsil müəssisəsinin özünün nüfuzuna da xələl gətirir ki, bir tələbə 3 dəfə qovulur və 3 dəfə də bərpa olunur. Mən təşəkkür edirəm, diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Təqdirəlayiq haldır ki, burada səsləndirilmiş ciddi uyğunsuzluqlara həm Milli Məclisin Sədri, həm də ombudsman tərəfindən münasibət bildirildi. Mən hesab edirəm ki, bu, Elmira xanıma qarşı yönəldilmiş təxribat da ola bilər. Buna görə onun Elmira xanım tərəfindən ciddi araşdırılmasına ehtiyac var. Mən çox istərdim ki, bu barədə o, Milli Məclisə də məlumat versin.
Hesabatla bağlı mən nəyi qeyd eləmək istəyirəm. Sözsüz ki, ombudsmanın fəaliyyəti göz qabağındadır. Amma hesabatda bəzi məqamlar var. Bu məqamlara münasibət bildirməmək mümkün deyil. Elmira xanım hesabatda göstərir ki, onun ombudsman olaraq göndərdiyi 100-dən artıq müraciətə, xüsusilə məhkəmə sistemi, məhkəmə qərarlarının yerinə yetirilməsi və polis orqanları ilə bağlı müraciətlərinə müvafiq orqanlar tərəfindən cavab verilməyib. Sonda Elmira xanım Milli Məclisə müraciətində təklif edir ki, ombudsmanın müvafiq araşdırmalar aparmaq üçün səlahiyyətləri genişləndirilsin. Elmira xanım, Ombudsman haqqında qanunun 13-cü maddəsində ombudsmanın səlahiyyətləri müəyyənləşib. Orada ombudsmana kifayət qədər geniş səlahiyyətlər verilir. Mən hesab edirəm ki, ombudsman institutu bu səlahiyyətlərdən lazımınca istifadə eləmir. Axı, ombudsmana səlahiyyət verilir ki, onun müraciətlərinə cavab verməyən məmur haqqında tədbir görülməsi üçün məhkəməyə, Milli Məclisə, hətta Prezidentə müraciət eləsin.
Bəzən məruzədə çox kiçik faktlara yer verilir. Məsələn, hansısa sahə müvəkkili qəbul etdiyi qərarın surətini şikayətçiyə verməyib, ombudsman müdaxilə eləyəndən sonra verib. Amma ciddi məsələlər məruzədə öz əksini tapmayıb. Məsələn, hesabatın 27-ci səhifəsində həm ölkəmizdə son dövrlərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən bir sıra mühüm tədbirlər, həm də insan alveri və adam oğurluğuna qarşı mübarizə barədə məlumat verilir. Burada Hacı Məmmədovun cinayətkar dəstəsinin ifşa olunması müsbət bir hadisə kimi qeyd olunur. Amma korrupsiya ilə bağlı heç Hacı Məmmədovun dəstəsindən az rezonans doğurmamış Rəsul Quliyevin rəhbərlik etdiyi qrupun – bəzi hökumət üzvlərinin və hökumətdən kənar bir sıra şirkət rəhbərlərinin kifayət qədər ciddi korrupsiya faktlarında ifşa olunması barədə bir kəlmə də olsun deyilməyib. Bu, hökuməti müdafiə etməkdən irəli gəlir, yoxsa başqa səbəblərdən? İstərdim, Elmira xanım bu məsələyə də öz münasibətini bildirsin.
Bir də mən çox istərdim ki, ombudsman qanunun 13-cü maddəsində nəzərdə tutulan hüquqlarından istifadə eləsin. Ombudsman qapalı təcridxanalarda, hərbi hissələrdə bəzən qanunvericiliyin vəziyyətini öyrənmək üçün gizli rəy sorğuları keçirsin və bu yolla orada qanunun aliliyinin necə təmin olunması ilə bağlı vəziyyəti öyrənsin.
Sonda mən millət vəkili kimi ombudsmana şəxsən öz hüquqlarımızla, millət vəkilinin hüququ ilə bağlı müraciət eləyirəm. Bizim Deputat statusu haqqında qanuna görə millət vəkillərinə silah verilməlidir. Siz bilirsiniz ki, Azərbaycanda bu yaxınlarda Elmar Hüseynovun qətli oldu. Jurnalist sırf siyasi motivlərlə qətlə yetirilmiş, dövlətin imicinə böyük zərbə vurulmuşdu. Bunu Prezident də, dövlət rəsmiləri də, siyasi partiyalar da qeyd eləmişdilər. Sonra millət vəkillərinə qarşı da belə qəsdlər ola bilər. Niyə millət vəkillərinə silah verilmir? Bu barədə müraciət eləmişik, müraciətə cavab verilmir. Ombudsman kimi millət vəkillərinin də hüquqları ilə bağlı məsələyə aydınlıq gətirin. Xahiş edirəm ki, bu məsələni də aydınlaşdırıb sonra bizə məlumat verəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Bu gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) Elmira xanım Süleymanovanın məruzəsini dinlədik. Hesabat əvvəlcədən də bizə paylanmışdı, oxumuşuq. Belə qənaətə gəlmək olar ki, istər hesabat ilində və istərsə də bütövlükdə son illər bu institutun apardığı işi yüksək qiymətləndirmək və dövlətçiliyimizin inkişafında mühüm addım hesab etmək olar.
Mən hesab edirəm ki, bu qurumun yaradılması hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində atılmış mühüm addım olmuşdur. Bu qurumun yaranmasında bizim əsas məqsədimiz vətəndaş cəmiyyətinin formalaşmasından ibarətdir. Yəni bu qurum bu gün Azərbaycanda güclü, dünyəvi vətəndaş cəmiyyətinin formalaşması üçün təməl olan insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atır. Doğrudan da, hiss olunur ki, bu qurum müəyyən nailiyyətlər əldə edib.
Bu gün Azərbaycanda, eləcə də bütün dünyada insan hüquqlarının qorunması istiqamətində prosessual məsələlərlə bərabər, həm də qeyri-prosessual mexanizmlər hərəkətdədir. Mən hesab edirəm ki, xüsusilə bir ictimai-iqtisadi formasiyadan digər ictimai-iqtisadi formasiyaya keçən, bazar iqtisadiyyatına keçid dövrünü yaşayan bir dövlətdə belə qurumların, belə institutların fəaliyyət göstərməsi çox təqdirəlayiqdir. Yəni dövlət qurumları ilə yanaşı, xüsusən qanunvericiliklə müəyyən olunmuş icra və məhkəmə hakimiyyəti ilə yanaşı, qeyri-dövlət strukturu olan bu cür institutların fəaliyyət göstərməsi olduqca vacibdir.
Mən hesabatı oxumuşam. Hesabat bütövlükdə yaxşı yazılıb. Görülən işlər barədə ətraflı məlumat verilib. İnsan hüquqları və azadlıqlarının qorunması istiqamətində ən öncül məsələlərdən biri insanların bu istiqamətdə maarifləndirilməsidir. Mən hesab edirəm ki, bu institut həmin vəzifəni layiqincə yerinə yetirib. İstər ayrı-ayrı fərdi söhbətlər aparılması, istərsə də hüquq klinikalarının yaradılması səmərəli addımlardır. Mən hesab edirəm ki, bir neçə ali məktəbdə, o cümlədən Bakı Dövlət Universitetində bu klinikalar vasitəsi ilə insanlar arasında, gənclər arasında böyük maarifləndirmə işləri gedir. Buna fikir verməliyik. Bir sözlə, cəmiyyət həyatının bütün sahələrində, mən hesab edirəm ki, bu institutun fəaliyyəti görünür.
Bununla bərabər, bir-iki məsələyə dair fikrimi demək istərdim. Birincisi, hesabatda verilir ki, 2004-cü illə müqayisədə 2005-ci ildə bu instituta müraciət eləyənlərin sayı artaraq 6300-dən 7400-ə çatmışdır. Yəni təqribən artıq 1100 nəfər müraciət etmişdir. Belə görünür ki, bu bizi sevindirməlidir. Lakin digər prizmadan baxsaq, bu bizi narahat etməlidir. Yəni bu nə deməkdir? Mən bayaq dedim ki, insan azadlıqlarının qorunmasında dövlət strukturu ilə bərabər qeyri-dövlət strukturu, yəni bu institut çalışır. Onda belə çıxır ki, dövlət institutları, yəni qanunvericilik, icra və məhkəmə hakimiyyəti bu məsələlərə yaxşı baxmır ki, insanlar ombudsmana müraciət edirlər, yaxud əksinə, onlara müraciət etmirlər və ya edirlərsə, cavab ala bilmirlər, ona görə ombudsmana müraciət edirlər. Mən hesab edirəm ki, bu məsələyə analitik müqayisə şəklində yanaşmaq lazımdır.
Son olaraq mən bir şeyi qeyd etmək istəyirəm. Mən hesab edirəm ki, Elmira xanım bu vəzifənin öhdəsindən gələn yeganə insandır. Bu gün Azərbaycanda o vəzifəni ondan yaxşı icra edən ikinci bir adam yoxdur. O bütün fəaliyyəti ilə Azərbaycan cəmiyyətində özünü təsdiqləmiş bir adamdır. Ona müraciət edərkən, replika atarkən müəyyən etik normaları gözləmək lazımdır, bir işləyənimizi tapmışıq, onu da başlayaq replikalarla yolundan çıxarmağa. Hörmətli həmkarlar, işləyən adama imkan yaratmaq lazımdır. Bir də təkrar edirəm, professor Elmira Süleymanova Azərbaycan cəmiyyətində işinə görə, səviyyəsinə görə, nəinki Azərbaycan cəmiyyətində...
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz, müzakirələri davam eləyək. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Bu gün təqdim olunmuş sənəddə, hörmətli Elmira xanımın hesabatında həm ombudsmanın bir il ərzində gördüyü işlər, qarşılaşdığı problemlər, həm də onun bu problemləri həll etmək gücündə olub-olmaması bütün millət vəkillərinə bəlli oldu.
Buna keçməmişdən əvvəl hörmətli Elmira xanımın və onun aparatının diqqətinə çatdırmaq istərdim ki, təqdim edilmiş hesabatın mündəricatı ilə bütövlükdə mətni arasında da böyük anlaşılmazlıq və qeyri-dəqiqlik var. Yəni mündəricatda 57 səhifə göstərilib, lakin bütövlükdə hesabat 87 səhifədən ibarətdir. Bu o deməkdir ki, hörmətli Elmira xanım özünün aparatı haqqında düşünməlidir. Həm İqbal Ağazadənin söylədiyi təkzibolunmaz arqumentlər, həm də mənim göstərdiyim texniki məqamlar onu deyir ki, Elmira xanım aparatı haqqında düşünməlidir. Görünür, aparat məsələyə yetərincə məsuliyyətli yanaşmayıb, peşəkarlıq nümayiş etdirməyib, mükəmməl hazırlanmamış bir sənədi millət vəkillərinin müzakirəsinə verib. Təbii ki, bu, təəssüf doğurur.
Əslində, ombudsmanın vəzifəsi nədən ibarətdir? Ombudsmanın vəzifəsi insanlarla, vətəndaşlarla hakimiyyət arasında yaranan problemlərin qanunvericilik çərçivəsində tənzimlənməsindən ibarətdir. Əgər, doğrudan da, bu belədirsə, - əslində, həqiqətən də, bu belədir, - onda hörmətli xanım Süleymanova bu meyarı əsas götürərək öz fəaliyyətində daha prinsipial mövqe nümayiş etdirməli idi. Hesabatda ancaq insan haqlarının pozulması ilə bağlı faktlar söylənilir və ayrı-ayrı rayonlarda polis, məhkəmə və sair hüquq mühafizə orqanlarının fəaliyyətindəki nöqsanlar sadalanılır. Lakin millət vəkillərini düşündürən həm də odur ki, insan haqlarını pozan bu insanlara hansı cəzalar verilib. Onlar sadəcə olaraq, töhmət almaqla yenə də öz vəzifələrini davam etdiriblər və bu töhmət bəlkə də onlara mükafat qədər əhəmiyyətli olubdur. Əgər insan haqlarını, vətəndaşların hüquqlarını məmurlar pozursa, artıq o məmurların indiki dəyərlər, prinsiplər çərçivəsində nə polis işçisi, məmur işləməyə haqqı var, nə də ümumiyyətlə, bu və ya digər səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsinə ehtiyac var.
Hörmətli Elmira xanımdan sual edərdim ki, bütün bunları həyata keçirmək üçün o, prinsipiallıq nümayiş etdiribmi? Çox təəssüf ki, yox. Elmira xanım, əslində, hüquqları pozulmuş olan vətəndaşlarla onların hüququnu pozan məmurlar arasında bir orbitr rolunu oynayıb, barışdırıcı roluna daha çox əhəmiyyət və diqqət veribdir. Mən çox arzulayardım ki, Elmira xanım bu tənqidi qeydlərə səmimi yanaşsın və növbəti fəaliyyəti dövründə buna diqqət yetirsin.
Qaçqınlarla, məcburi köçkünlərlə bağlı beynəlxalq səviyyədə hansı seminarlar keçirilib? Hansı təşəbbüslərlə çıxış edilib? Onların pozulmuş hüquqları barədə məsələ hansı beynəlxalq seminarlara, beynəlxalq simpoziumlara, beynəlxalq konfranslara çıxarılıb? Təəssüf ki, bu da yoxdur. Elmira xanımın bu və ya digər ölkələrə səfərləri, bu və ya digər beynəlxalq təşkilatlarla görüşləri ifadə olunubdur. Lakin hüquqları pozulmuş olan və Ermənistandan deportasiya olunan qaçqınların hüquqları heç zaman Elmira xanımın özünün təşəbbüsü ilə müzakirə predmetinə çevrilməyibdir. Məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı heç bir məsələ Elmira xanım tərəfindən gündəmə xüsusi olaraq gətirilməyibdir. Xahiş və arzu eləyərdim ki, növbəti il ərzində Elmira xanım bunları həyata keçirməyə çalışsın. Arzulayardım ki, o, cəsarətli olsun. Çünki onun cəsarətinin arxasında demokratik dəyərlərə söykənən prinsiplər dayanır, onun arxasında hüquqları pozulmuş olan Azərbaycan xalqı dayanır və onun yanında Azərbaycanın Prezidenti, Milli Məclisi dayanır. Ona görə də Elmira xanımdan xahiş edərdim ki, hüquqları pozulmuş olan vətəndaşların hüquqlarını qorumaq üçün daha cəsarətli hərəkət etməkdən çəkinməsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Əvvəla, məruzənin məzmunu ilə bağlı deyim ki, ombudsmanın fəaliyyəti haqqında mətbuatdan aldığımız informasiyalar bu məruzədən daha geniş və sanballı təsəvvür yaradır. Ədalət naminə deməliyəm ki, ombudsmanın fəaliyyətində bir neçə müsbət məqam var və bunları təqdirlə qarşılayıram. Məsələn, ombudsmanın bir qadın, ziyalı və mədəni insan kimi bir çox məsələlərə cəsarətli müdaxilə edə bilməsini təqdir etmək lazımdır. Xüsusi ilə də son vaxtlar həbsxanada baş verən hadisələrdə onun atdığı addım müsbət qarşılanmalıdır. Digər tərəfdən QHT və mətbuatla, beynəlxalq təşkilatlarla, digər ölkələrin ombudsmanları ilə əlaqələrin qurulmasında, hesab edirəm ki, müsbət fəaliyyəti var.
Bununla belə, bizə bu gün təqdim olunan sənəd illik məruzə xarakterində olan sənəd deyil. Bu sənəd daha çox ombudsmanın fəaliyyəti ilə bağlı sənəddir və qanunun belə bir tələbi yoxdur ki, biz bu gün ombudsmanın fəaliyyətini müzakirə eləyək. Həmin sənəddə bir cəhət də diqqətdən qaçıb. Sənədin adına inansaq, o, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” illik məruzədən ibarətdir. Halbuki burada II fəsil tamamilə beynəlxalq görüşlərə, tədbirlərə, həbsxanalardakı görüşlərə, sovqat paylamağa və başqa məsələlərə həsr olunub. Bunlar, təbii ki, xeyirxah işlərdir. Amma bunun bizə nə aidiyyəti? Biz millət vəkilləri burada daha çox başqa forma, başqa strukturda sənəd əldə eləməli idik. Bunun məzmunu, məncə, mütəxəssislər tərəfindən işlənməli, - təbii ki, bu bir nəfərin işi deyil, - aparatın mütəxəssisləri tərəfindən ağıllı şəkildə hazırlanmalı idi.
Konstitusiyanın III fəslində 25-ci maddədən 70-ci maddəyə qədər insan hüquq və azadlıqları göstərilibdir. Bu məruzədə də Konstitusiyanın 25-ci maddəsındən - bərabərlik hüququndan başlayaraq 70-ci maddəyə - siyasi sığınacaq hüququna qədər bir-bir sadalanmalı və buna ombudsmanın münasibəti bildirilməlidir. Halbuki bu məruzədə bunun diqqətdən qaçdığını görürük. Doğrudur, ayrı-ayrı hüquqlara toxunulub. Amma bu, kifayət sayılmaz. Bəzi məsələlərə münasibətdə sanki hansısa bir polis işçisinin mövqeyi ilə tanış oluruq. Halbuki bu bizi düşündürməməlidir. Bizi burada başqa şeylər düşündürməlidir. Məsələn, Amerika Birləşmiş Ştatları departamentinin qəbul elədiyi yaşamaq hüququ ilə bağlı sənəddə deyilir ki, bir ildə həbsxanada 178 nəfər insan ölüb. Halbuki ölüm hökmü olanda ildə 5-6 nəfəri güllələyirdilər, bununla yekunlaşırdı. Bu, fəlakətli bir vəziyyətdir.
Məruzənin önündə ideoloji aspektdə bəzi məsələlər var, sanki bir dövlət orqanının nümayəndəsi bunu yazıb. Qeyd olunur ki, sosial rifahın hökm sürdüyü bir cəmiyyətdə... Bu necə sosial rifahın hökm sürdüyü cəmiyyətdir ki, minimum əmək haqqı 30 yeni Azərbaycan manatı həcmindədir, - bunu ölkə Prezidenti də, rəsmilər də qeyd eləyirlər, - bunu kim təsbit eləyib ki, Azərbaycanda 30 manatla sosial rifah hökm sürür? Hələ belə bir vəziyyət yoxdur axı.
Digər tərəfdən burada bir çox məsələlərə toxunulmalı idi. Məncə, giley daha çox yer alıb. Həmkarlar ittifaqları yaradılmır. Yaradılmır, bununla bağlı təkliflər irəli sürülməlidir. Qeyd olunur ki, ombudsmanın qanunvericilik təşəbbüsü hüququ yoxdur. Amma qanunla nəzərdə tutulan qaydada hər hansı bir qanuna əlavə və dəyişikliklər edilməsi, yeni qanunun qəbul olunması ilə bağlı insan haqları sahəsində ombudsmanın təkliflər vermək hüququ var. Bu istiqamətdə hansısa təklif verilibmi? Mən hesab edirəm ki, biz bu kimi məsələlərə ciddi diqqət yetirməliyik. Məsələn, burada görüşlərdən söhbət gedir. Halbuki burada ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olan monitorinqdən söhbət getməlidir. Həbsxanada görüşün nə əhəmiyyəti var? Valideynlər də gedib görüşürlər, QHT-lər də gedib görüşürlər.
Burada bir faktı diqqətə çatdırmaq istəyirəm. Qeyd olunur ki, ombudsmanın müraciət etdiyi 115 sorğuya cavab verməyiblər. 220 sorğuya isə gec cavab verilibdir. Siz təsəvvür eləyin ki, ombudsman artıq millət vəkilindən də aşağı statusda olan bir vəziyyətə gəlib düşüb. Millət vəkilini saymırlar, başa düşdük. Bu ombudsmanı Prezident birbaşa təyin eləyir. Onu da saymırlarsa, onun da bu ölkədə kimi isə cəzalandırmağa gücü çatmırsa, bununla bağlı təqdimat verə bilmirsə, bu qədər məruzənin içində yüksək rütbəli bir məmurun, bir nəfər nazirin adı çəkilmirsə, bu nə fəaliyyətdir? Mən məsələni kiminsə şəxsiyyəti üzərinə yönəltmək istəmirəm. Hər halda fəaliyyəti təqdir də eləyirəm. Amma bu institutun fəaliyyəti dirçəlməlidir. Bu, Azərbaycan dövlətinin simasıdır və dövlət özü də dəstək verməlidir ki, ombudsman bu cür, bu vəziyyətdə bizim qarşımıza gəlib çıxmasın.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanın Milli Məclisə təqdim etdiyi illik məruzə insan hüquqları və demokratik prinsiplərin cəmiyyətimiz üçün prioritet olduğunu bir daha təsdiq edir. Bildiyimiz kimi, bu təsisatın özünü də demokratik dəyərlərə münasibətimiz yaratmışdır.
Məruzədən göründüyü kimi, ötən il müvəkkilə 7 min 460 müraciət daxil olmuşdur. Bu rəqəm ölkə əhalisinin 0,1 faizindən azını əks etdirsə də, özlüyündə az deyil. Amma nəzərə alsaq ki, ombudsman institutu cəmiyyətimiz üçün yeni bir qurumdur və yenicə populyarlıq qazanır, bu rəqəmin ciddiliyi daha çox nəzərə çarpır. Qurumun missiyası belədir - dövlət və özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa olunması məqsədi ilə təsbit olunmuş məhkəmədənkənar hüquq müdafiə orqanı.
Elmira xanımın məruzəsini dinlədik. Çox yaxşı. Hansısa vətəndaşlarımızın şəxsiyyət vəsiqəsi alması və sair məsələlərin həll edilməsində, adamların pozulmuş mənzil və əmək hüquqlarının bərpasında yaxından iştirak ediblər. Bütün bunlar çox yaxşı. Biz bunları ətraflı şəkildə dinləyə bildik və məruzədən oxuduq. Amma yaxşı olardı ki, daha çox qlobal məsələlərin həlli haqqında danışılaydı. Elmira xanım məruzədə adı çəkilən BP, ŞEL, Koka-Kola, Azərsell, Baksell kimi nəhəng şirkətlərdə həmkarlar ittifaqının fəaliyyətinə qarşı əngəllər haqqında danışdı. Lakin bu işdə hansı konkret nəticəyə nail olunduğu barədə məlumat verilmədi. Əcnəbi şirkətlər onu heç vaxt yaddan çıxarmamalıdırlar ki, onlar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərir və bu ölkənin qanunlarına, həmin qanunların qoruduğu vətəndaş hüquqlarına hörmət etməyə borcludurlar. Həmkarlar ittifaqı təşkilatlarında birləşmək də həmin vətəndaşların müstəsna hüququdur və bunu heç kim poza bilməz. Lakin bir çox xarici şirkət Azərbaycan Respublikasının qanunlarına əməl etmir və onu kobud surətdə pozur. Hörmətli ombudsmanımız belə məsələlərdə ardıcıl və prinsipial olmalıdır.
Məruzədə qaçqın və məcburi köçkün statusunda olan bir milyona yaxın soydaşımızın taleyi ilə bağlı görülmüş işlərdən söhbət açılarkən daha çox qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komissiyasının adı çəkildi. Sözsüz ki, adı çəkilən komitə qaçqın və məcburi köçkünlərin ümid yeridir. Ölkə Prezidentinin onlara qayğısı və diqqəti ümidi daha da artırır. Mən istərdim ki, ombudsmanın sonrakı fəaliyyətində həmin məsələ ilə bağlı daha çox beynəlxalq və regional təşkilatlarla aparılan iş xüsusi yer tutsun.
Dünya azərbaycanlılarının mart ayının 16-da keçirilən II qurultayı hamımıza qürur verməklə bərabər qarşımızda vəzifələr də qoyur. Bu kontekstdən çıxış edərək bildirmək istərdim ki, bu illik məruzədə xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı heç nə yoxdur. İnsan hüquqları üzrə müvəkkil institutu bütün demokratik ölkələrdə var. Mən istərdim ki, həmin ölkələrdə müvəqqəti yaşayan soydaşlarımızın haqlarının qorunması ombudsmanımızın beynəlxalq fəaliyyətində prioritet olsun. Miqrasiya və emiqrasiya insanın beynəlxalq hüquq normaları ilə tanınmış hüququdur. Buna baxmayaraq, bəzi ölkələrdə, xüsusi ilə 200 illik müştərək tariximiz olan ölkələrdə azərbaycanlıların etnik və irqi mənsubiyyətinə görə hüquqlarının pozulması ilə bağlı xəbərlər cəmiyyətimizdə tez-tez eşidilməkdədir. Ombudsman institutu həmin ölkələrdə də var və gələcək fəaliyyətində Elmira xanım həmin ölkələrin insan haqları üzrə müvəkkilləri ilə əməkdaşlığı bu istiqamətdə qursa, oradakı Azərbaycan vətəndaşlarının pozulan hüquqlarına diqqəti cəlb etsə, bu, sözsüz ki, təsirsiz qalmaz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də İnsan hüquqları üzrə müvəkkilin verdiyi illik hesabatla tanış oldum. Məndən əvvəl səslənən bir sıra tənqidi qeydlərlə mən də razıyam. Amma öncə onu deyim ki, doğrudan da, Elmira Süleymanova bu işə seçilmiş layiqli bir namizəddir. Hələ bu işdən çox-çox əvvəl o, Azərbaycanda haqqın, ədalətin, demokratiyanın müdafiəçisi kimi cəmiyyətdə kifayət qədər tanınan bir insandır. Ona görə də bu vəzifədə, güman edirəm ki, o, əvvəldən başladığı bir yolu davam etdirir və təbii olaraq onun şəxsiyyətinə olan münasibət həm də bu quruma olan münasibəti müəyyənləşdirir.
Amma hesabatla tanış olanda mən də təəssüfləndim və elə hesab elədim ki, hesabat bir az tələsik hazırlanıb. Əvvəl elə bu qurum özü bizim Konstitusiyaya və qurumla bağlı sənədlərə hörmətlə yanaşmalıdır. Ombudsman haqqında qanunun 14.1-ci maddəsinə görə müvəkkil illik hesabatı yeni ilin ilk iki ayı ərzində Prezidentə təqdim eləməli və Milli Məclisdə müzakirə aparılmalıdır. İndi üçüncü ay qurtarır. Xırda bir şeydir deyə bilərlər. Amma mənə elə gəlir ki, qanunda xırda şey yoxdur. İki ay yazılıbsa, o iki aya əməl edilməlidir.
Sonra mən baxdım, burada insan hüquqlarını pozan, qanunu pozan dövlət orqanlarının vəzifəli şəxsləri haqqında danışılanda adı çəkilən ən yüksək vəzifəli şəxs polis rəisidir. Polis rəisindən yuxarı bir vəzifəli şəxsin adı çəkilmir. Mənə elə gəlir ki, Azərbaycanda insan hüquqlarını pozmaq sahəsində ən aşağı vəzifəli şəxs polis rəisidir. İnsan haqlarının pozulması elə həmin mərtəbədən üzüyuxarı başlayır. Əgər ombudsman bu işə girişə bilmirsə və açıq-aşkar məsələlərin mahiyyətini ortaya qoya bilmirsə, bu, cəmiyyətimiz üçün ağır bir vəziyyətdir. Ombudsman il ərzində əgər vəzifəli şəxslərdən bir nəfər haqqında belə cinayət işi başlamayıbsa, bu özü də Azərbaycanda bu vəzifəyə münasibəti göstərən bir haldır. Ümumiyyətlə, mən hesab edirəm ki, bir cəmiyyətdə başdan-ayağa bütün sahələrdə ən kiçik vəzifədən başlamış ən yüksək vəzifəyə qədər məmurlar, - ümumiləşdirmək istəmirəm, - əksər idarələrdə müraciət edənlərə hörmətsiz yanaşırlarsa, insanları vaxtında qəbul eləmirlərsə, onların ərizələrinə baxmırlarsa, xahişlərini yerinə yetirmirlərsə, insanın yaşamaq hüququnun adi təminatı ödənilmirsə, onda İnsan hüquqları üzrə müvəkkil Allahın bacısı qızı da olsa, orada heç bir şey eləyə bilməz. Bu hüquqlar bütün cəmiyyət tərəfindən qorunmalıdır və ona görə də məncə, çalışmaq lazımdır, cəmiyyətdə bu məsələlərin ümumi mənzərəsi bir az dəyişilsin.
Rəqəmlərdən görünür ki, 2005-ci ildə müvəkkil daxil olmuş 7460 müraciətdən 48 faizini icraata qəbul etmiş, onlardan yalnız 31 faizində hüquq pozuntusu aşkar edilmişdir. Bunun da cəmi 25 faizinin, yəni 349 nəfər ərizəçinin şikayəti təmin edilmişdir. 7500 nəfərlə 340 nəfər arasında çox böyük bir fərq var. Bəs yerdə qalan ərizələr necə oldu? Bu da diqqəti cəlb eləyən bir rəqəmdir.
Burada qaçqınlar və köçkünlərlə bağlı, mənə elə gəldi ki, hətta bu sənədi hazırlayanlar, ümumiyyətlə, qaçqın, köçkün anlayışları arasındakı fərqi bilmirlər. Azərbaycanda yanlış siyasət ucbatından 1998-ci ildə Ermənistandan köçürülmüş soydaşlarımızın qaçqın statusu onların əlindən alınıb. Onlar artıq qaçqın deyil. Guya bu insanlara yaxşılıq elədilər, o statusu aldılar, vətəndaşlıq verildi və bununla bitdi. Amma indi bu sənədlərdə biz hər yerdə bunları qaçqın göstəririk. Hansı əsasla? Burada bir aydınlıq yaradılmalıdır. Ən azı onların sabah Ermənistan torpağına qayıtmaq hüquqlarını qorumaq üçün bu yanlış addımdan geri çəkilmək lazımdır. Mən bilmirəm, bunu hansı yolla eləmək olar. Amma hər halda bu iş görülməlidir.
Burada insan hüquqları məsələsi. Ölkədə müəyyən mənada adi məişət hüquqları, dustaqların hüquqları sahəsində müəyyən iş görülübsə də, siyasi hüquqlar - mətbuat azadlığı, insanların kütləvi etiraz aksiyaları keçirməsi, partiyaların sərbəst fəaliyyəti və sair məsələlər sahəsində müəyyən hüquq pozuntuları var ki, bunların həyata keçirilməsi sahəsində ombudsman daha yaxşı fəaliyyət göstərə bilərdi.
Azərbaycanda xaricdən - İrandan, Əfqanıstandan, Çeçenistandan gəlmə 10 minə yaxın əcnəbi vətəndaş var. Bu insanlar 10 ildir gözləyirlər ki, bunların ölkədən çıxıb getməsi haqqında da bir sənəd olsun. Gəlirlər bura, amma getmələri üçün heç bir hüquqi norma yoxdur. Güman edirəm, bu məsələ də qaldırılmalıdır. Çünki onların bir hissəsi bura ancaq tranzit kimi gəlir, amma sonra hüquq imkan vermədiyinə görə burada qalır və sonra da bir hissəsi cinayətkar ünsürə çevrilir. Bu sahədə də məncə ombudsman müəyyən iş görməlidir.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Cənab sədr, mən birinci növbədə Sizə təşəkkür edirəm. Parlamentin yeni dönəmində artıq biz ikinci hesabatdır ki dinləyirik. Lakin bu hesabatlarda özünü göstərən bir ciddi məqam var. O da ondan ibarətdir ki, nə hökumətin hesabatı dövründə, nə də indi deputatlar başqa qurumlar qarşısında nəinki aşağılanmır, nəinki hörmətsiz sifətə salınmır, əksinə, Sədr tərəfindən sözün yaxşı mənasında aksent və ton verilir ki, normal diskussiyalar olsun. Çünki burada Azərbaycan dövlətçiliyinə düşmənlər əyləşməyiblər və burada söylənilən hər hansı bir problem barədə fikir, əlbəttə, şəxsi qərəzdən və siyasi qərəzdən uzaq olmalı, mövcud problemlər barədə yalnız obyektiv fikirlər deyilməlidir. Mən həmişə hesab eləmişəm ki, müxalifətə qarşı mübarizənin son dərəcə sadə yolu mövcud problemlərə qarşı mübarizədir. Harada problem var, orada müxalifət var. Parlamentdə yaranan müəyyən gərginliklərdə sizin yaxşı mənada yanaşmalar etməyiniz bugünkü diskussiyaya da çox ciddi təsir eləyir və biz çox əminik ki, parlamentin gələcək dönəmində də bu parlamentin normal bir çəkiyə malik olmağında öz təsirini göstərəcək.
Bir məqamı istərdim, qarışdırmayaq, baza şərtlərini müəyyənləşdirək. Biz Elmira xanım Süleymanovanın fəaliyyətinə münasibət bildirmirik. Azərbaycanda İnsan haqları üzrə müvəkkilin fəaliyyətindən söhbət gedirsə, onun xanım və ya kişi olmasının önəmi çox azdır. Burada baza şərtlərinin ikincisi də ondan ibarətdir ki, bu təyinatı alan şəxsi son dərəcə böyük komfort şərait gözləmirdi. Hər kəsə bəlli olmalı idi ki, bu qurumun rəhbəri olmağın özünə məxsus tələbləri var. Bu tələblər də çox sadə bir düsturla deyilsə, ondan ibarət idi ki, gərək məmurlarla pis olasan ki, vətəndaş üçün yaxşı olasan. Bu bəlkə beynəlxalq aləmdə də belədir. Çünki kiminsə oğlu haradasa işləyəndə, kiminsə qızı haradasa işləyəndə, qardaşı haradasa işləyəndə istər-istəməz reallığımız ondan ibarətdir ki, biz o qurumu tənqid eləməyəcəyik. Ombudsmandan tələb olunurdu ki, onun doğma və qohumları, - mən Elmira xanımın həyatı, onun doğmalarının, qohumlarının həyatı ilə bağlı heç bir informasiyaya malik deyiləm, - sırf nəzəriyyə üçün deyirəm ki, əgər belə olursa, avtomatik adlar da çəkilməyəcək, yumşaq keçiləcək və sair.
Parlament müxtəlif qurumların, Hesablama Palatasının və həm də bu qurumun, bələdiyyələrin hesabatlarını dinləyən bir təsisatdır. Biz özümüz üçün müəyyənləşdirməliyik, biz hesabatları dinləyib nə eləyirik? Keçən dəfə də ombudsmanı tənqid elədik, mən də tənqid elədim. Amma onun nəticəsi nədən ibarət oldu? Bu hesabatda mövcud nöqsan və çatışmazlıqlar hətta ən tünd boyalarla təsvir olunsa və Elmira xanım bizim istədiyimizi yazsa, biz deputatlar, özümüz bir diş göstərib hansısa addımlar atacağıqmı? Söhbət bundan gedir. Bu məsələlər indi də açıqdır. Bir azdan Hesablama Palatası gələcək. Yenə də Hesablama Palatasına hücum çəkəcəyik ki, filan orqana niyə daxil olub orada yoxlama aparmayıb? Halbuki deputatların bir həftə bundan əvvəl imkanları vardı ki, hökumətin ayrı-ayrı sahələrdə olan nöqsanlarına münasibət bildirsinlər. Bu, bütövlükdə ölkə başçısının, birinci şəxsin iradəsinə tamamilə uyğun bir məsələdir. Çünki o özü bəyan eləyir ki, Azərbaycanda hər bir problemin aradan qaldırılması uğrunda mübarizə aparır.
Vaxtımın əsas hissəsini bu nəzəriyyəyə sərf etdim. Heç olmasa, bircə dənə praktiki məsələ demək istəyirəm. İnsan haqları üzrə müvəkkilin məruzəsi hər bir ölkədə, o cümlədən Azərbaycanda insan haqları üzrə vəziyyətin şkalası, əsas barometridir. İndi burada ABŞ-ın dövlət departamentinin, ya başqa qurumların hesabatlarından danışırlar. Azərbaycanın adını beynəlxalq aləmdə ən qara rənglərlə təsvir eləyən qurumlara ən yaxşı cavab İnsan haqları üzrə müvəkkilin hesabatları olmalıdır. Bu hesabatlar bəzən o qədər istədiyimiz səviyyədə olmur ki, biz bunu beynəlxalq aləmə bir sənəd kimi çıxara bilmirik. Mən demirəm ki, Azərbaycanla bağlı o məruzələrə məxsusi olaraq Elmira xanım cavab verməlidir. Amma başqa cür də mümkün deyil. Millət vəkilinin rəyi bir rəydir, amma müvəkkil təsisatının yeri, rolu tamamilə fərqlidir. Mən reqlamentə əməl elədim, heyif ki, fikirlərimin çoxu qaldı və bundan ən çox sevinən İmamverdi müəllim olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bu gün biz Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin hesabatını dinləsək də, mənə elə gəlir ki, biz bu şəxsin yox, ümumilikdə, müvəkkil təsisatının işinə qiymət veririk. Mənə elə gəlir ki, bu gün diqqəti daha çox Elmira xanım Süleymanovanın şəxsiyyəti üzərinə yönəltmək bir o qədər düzgün deyil. Çünki biz bir dövlət orqanı olaraq insan hüquqlarını müdafiə edən strukturun Konstitusiya ilə onun üzərinə qoyulmuş vəzifələri nə dərəcədə yerinə yetirdiyinə qiymət veririk. Düzdür, Azərbaycanın birinci ombudsmanının Elmira xanım Süleymanova kimi ziyalı, nüfuzlu bir adam olması bu təsisatın da nüfuzlu bir təsisat kimi formalaşmasına böyük təsir göstərib, amma ümumilikdə, mən bu gün aparatın özünün iş fəaliyyətinə qiymət verilməsinin tərəfdarıyam.
Belə hesab edirəm ki, bir il ərzində müvəkkillik öz işinin öhdəsindən gəlib. Fəaliyyətində müsbət çalarlar kifayət qədər çoxdur. Nəzərə alsaq ki, bu, boş yerdə birinci dəfə yaradılır və Elmira xanımı, eləcə də onun aparatını müqayisə eləməyə bir nümunə yoxdur. Bu baxımdan hər il bu təsisatın gördüyü müsbət işlərin çoxluğunu qeyd edirik.
Bununla belə, mən təkliflərimi və iradlarımı da bildirmək istəyirəm. İlk növbədə deputat həmkarım Fazil Mustafayevin təklifi ilə tamamilə razıyam ki, bizə təqdim edilən hesabatda ayrı-ayrı təbəqələr üzrə görülən işlər yox, Konstitusiyada insan hüquqları ilə bağlı maddələr üzrə görülən işlər öz əksini tapmalıdır. Ardıcıllıq bu cür olmalıdır. Biz ilk növbədə insan hüquqlarının Konstitusiyada təsbit edilmiş müddəalarının nə cür yerinə yetirilməsinə və bu istiqamətdə ombudsmanın və onun aparatının gördüyü işlərə qiymət verməliyik.
İkincisi, çox yaxşı olardı ki, Azərbaycanda ombudsmanın bülleteni buraxılaydı. Bu bülleten ayrıca olacaq. Bu bülleten rəsmi dövlət qəzetlərinin və aparıcı qəzetlərin içində bir əlavə kimi olacaq. Bu artıq texniki məsələdir. Amma ümumilikdə vaxtaşırı, rübdə bir dəfəmi, yarım ildə bir dəfəmi Azərbaycan ictimaiyyəti ombudsmanın və onun aparatının gördüyü işlə tanış olmalıdır. Bu, ildə bir dəfə deyilir, ümumilikdə, mətbuat konfransında deyilir. Amma hesab edirəm ki, hesabat formasında olması daha məqsədəuyğun olardı.
Sonra, mən istərdim ki, bizə təqdim edilən hesabatda, ümumən, hesabatdan başqa ayrı-ayrı dövlət strukturları və ayrı-ayrı regionlar üzrə daxil olan ərizə və şikayətlərin rəqəmləri göstəriləydi və onlar ötən illərlə müqayisə olunaydı. Konkret olaraq mən biləydim ki, seçildiyim Mingəçevir şəhərində keçən illə bu il arasında şikayət ərizələrinin fərqi nədən ibarətdir. Mən bu fərqi bilmək və şübhəsiz ki, bu istiqamətdə öz töhfəmi vermək istərdim.
Mən Elmira xanımın aparatında işləyən adamlarla da yaxından tanış olmaq istərdim. Çünki insan hüquqları ilə, onların problemləri ilə məşğul olan şəxslərin kimliyinin cəmiyyətdə tanınmasına çox böyük ehtiyac var. Bu istiqamətə də Elmira xanımın diqqət etməsini arzu edirəm.
Ümumilikdə, İnsan hüquqları üzrə müvəkkilliyin bir il ərzində fəaliyyətinə müsbət qiymət verirəm. Təklif edilən irad və təkliflərin də nəzərə alınmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Çox sağ olun, cənab Sədr. İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsində onun 2005-ci ildə həyata keçirdiyi tədbirlərin əsas istiqamətlərinin təhlili, ölkəmizdə ombudsman institutunun inkişaf perspektivləri, müvəkkilin fəaliyyəti müddətində qazandığı təcrübə çox aydın, hərtərəfli və obyektiv şəkildə biz deputatların nəzərinə çatdırıldı.
Müvəkkilin məruzəsində ictimai-siyasi həyatın elə bir sahəsi qalmamışdır ki, o barədə görülmüş işlərə aydınlıq gətirilməsin. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili tərəfindən təşkil olunmuş tədbirlərin geniş, əhatəli olması, xüsusi ilə ötən il müvəkkilin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər və rəsmi görüşlər, cəzaçəkmə müəssisələrində istintaq və müvəqqəti saxlanma təcridxanalarında və hərbi hissələrdə baxış və görüşlərin təşkili, regionlarda hüquqi maarifləndirmə tədbirlərinin, treninq, seminarların keçirilməsi və müzakirəyə çıxarılan mövzuların aktuallığı onu deməyə əsas verir ki, dövlətimizin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində apardığı məqsədyönlü siyasətdə müvəkkilin özünəməxsus əhəmiyyətli rolu vətəndaşlarımız tərəfindən dərin razılıq və minnətdarlıqla qarşılanır.
Məruzədə əhatə olunan dövr ərzində müvəkkilin ünvanına daxil olan müraciətlərin sayının artması onu göstərir ki, insanlar pozulmuş hüquq və azadlıqlarının bərpasının təmin edilməsi sahəsində bu konstitusion təsisatın fəaliyyətinə dərindən inanırlar, problemlərinin ədalətli və qanunamüvafiq həllinə tam əmindirlər. Bu həm də insan haqları üzrə müvəkkilin dövlət idarəçiliyi qaydalarını pozan, qanunla müəyyən edilmiş həddi aşan bəzi məmurları hüquqa və qanunlara hörmətlə yanaşmağa dəvət etməsidir.
Məruzə ilə tanışlıq bizə onu deməyə əsas verir ki, müvəkkilin fəaliyyəti Konstitusiya qanunu ilə müəyyən edilmiş tələblər çərçivəsində həyata keçirilmiş, insan hüquq və azadlıqlarının qorunması işində şəffaflıq təmin edilmişdir. Vətəndaş və siyasi hüquqların, iqtisadi-sosial və mədəni hüquqların müdafiəsi sahəsində müvəkkil tərəfindən həyata keçirilən tədbirlər məruzədə real faktlar, statistik rəqəmlər və konkret nəticələr göstərilməklə əksini tapmışdır. Bütün fəaliyyəti boyu vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan, insanların problemlərinin həlli zamanı intellektual səviyyə və qabiliyyət, qətiyyət və iradə nümayiş etdirən müvəkkil Elmira xanım Süleymanovanın ötən hesabat ilində gördüyü işlər səmərəli və məhsuldar olmuş, humanizm və ədalət prinsiplərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə söykənmişdir.
Qısa müddətdə yüzlərlə vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsinə köməklik göstərilməsi, vətəndaşların təhsil, əmək, sosial, mədəni hüquqlarının qorunması, azadlıq, şərəf və ləyaqətinin müdafiəsi, bir sözlə, insanların üzləşdiyi bir sıra problem və çətinliklərin həlli, onlara imkan daxilində hüquqi və mənəvi yardım göstərilməsi insanlara olan diqqət və qayğının bariz nümunəsidir.
Uzun müddət öz həllini gözləyən və çoxsaylı şikayətlərə səbəb olan bir sıra problemlər müvəkkilin ciddi nəzarət və köməyi sayəsində öz ədalətli həllini tapmışdır. Təqdirəlayiq haldır ki, məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq müvəkkil müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasına müraciətlər etmiş, çoxsaylı vəsatətlər qaldırmış və bunun nəticəsində 255 məhkum əfv edilmişdir.
Müvəkkilin fəaliyyətində qaçqınların və məcburi köçkünlərin, uşaq, qadın və ahılların hüquqlarının müdafiəsinə xüsusi önəm verilməsi diqqətəlayiqdir. Mən dəfələrlə Elmira xanım Süleymanovanın qaçqın və məcburi köçkünlərin məskunlaşdığı rayonlarda olmasının, çadır düşərgələrini gəzməsinin, məcburi köçkünlərlə keçirdiyi görüşlərin, onların sosial-məişət şəraiti ilə, vəziyyəti ilə yaxından maraqlanaraq köməklik göstərməsinin və əlaqədar dövlət orqanlarına faydalı təkliflər verməsinin şahidi olmuşam.
Sizə deyə bilərəm ki, müvəkkilin bölgələrə səfərlərinin və əhali ilə keçirdiyi görüşlərin çox böyük səmərəsi olmuşdur. Müvəkkil qadın, uşaq və ahılların problemləri ilə də həmişə yaxından tanış olmuş, qadın hüquqlarının təmin edilməsinə diqqətlə yanaşmış, tənha və əlil ahılların ehtiyaclarının ödənməsinə yardımçı olmuşdur.
Demokratik və hüquqi dövlət quruculuğu prosesində insan hüquqları sahəsində müvəkkil tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyətə malikdir.
Məruzə ilə tanışlıqdan aydın olur ki, müvəkkil tərəfindən bir sıra mövcud qanun və məcəllələrə dəyişikliklər edilməsi barədə irəli sürülən təkliflər vacib olmaqla yanaşı, zamanın bizə diktə etdiyi tələblərdir. Ona görə mən deputat həmkarlarımdan xahiş edirəm ki, müvəkkillik tərəfindən irəli sürülən həmin təkliflərin həyata keçirilməsinə, yəni müvafiq qanun və məcəllələrə dəyişiklik edilməsinə köməklik göstərsinlər. Sonda deputat həmkarlarımı ombudsmanın illik hesabatına müsbət səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Hörmətli millət vəkilləri! Bu gün bizim müzakirəmizə verilən hesabat Azərbaycanın tarixi üçün son dərəcə məsul, özü də bizim həyatımız üçün yeni olan bir strukturun hesabatıdır. Mən elə hesab edirəm ki, biz bu məsələni müzakirə edib, ona qiymət verəndə reallığı nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, ötən dövrdə ölkəmizdə Azərbaycan üçün yeni olan, amma bizi beynəlxalq aləmə çıxara bilən mühüm bir struktur formalaşıb. O struktur uğurla formalaşdırılıb və Azərbaycanı, demək olar ki, dünya miqyasına çıxarıb. Onun rəhbəri ötən dövr ərzində iştirak etdiyi bütün məclislərdə Azərbaycanı uğurla təmsil edib. Biz onu Gürcüstanda haqqı pozulan soydaşlarımız arasında görmüşük, beynəlxalq məclislərdə görmüşük. Şəxsən mən bir millət vəkili kimi bildirmək istəyirəm ki, 2004-cü ildə ağır bir qasırğa – sel fəlakəti olanda o, xəstə-xəstə mənimlə birlikdə camaatımızla birlikdə, bütün o çaylaqları gəzib, fəlakət içində olan insanların haqqını qorumaq üçün həftələrlə orada qalıb. Ona görə də mən bu imkandan istifadə edib, camaatın da minnətdarlığını Elmira xanıma yetirmək istəyirəm.
Eyni zamanda, bildirmək istəyirəm ki, burada söhbət təkcə Elmira xanımdan getmir. Biz bu məsələlərə ümumi Azərbaycan mövqeyindən yanaşmalıyıq. Bu baxımdan elə hesab edirəm ki, ötən müddət ərzində görülən iş bu strukturun Azərbaycan üçün layiqli struktur olduğunu sübut elədi. Mən gələcək fəaliyyətində də Elmira xanıma uğurlar arzulayıram.
Lakin mən müzakirənin gedişində meydana çıxan bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm. Biz bütün məsələlərdə qüsurların hamısını Azərbaycanın daxilində axtarmağa çalışırıq. İnsan haqları ilə əlaqədar məsələlərdə də Azərbaycanın daxilində kimlərinsə qınaq obyekti olmasına çalışırıq və sair. Fikrimcə, biz bu istiqaməti dəyişməliyik, o cümlədən də bu strukturla bağlı dəyişməliyik.
Mənim fikrimcə, Azərbaycanda insan haqlarının pozulmasında ən başlıca müqəssir insan haqlarını təbliğ eləyə-eləyə Azərbaycana gələn müəyyən Qərb strukturlarıdır. Bu istiqamətdə mən arzu edirəm ki, ombudsman gələcək fəaliyyətində dönüş yaratsın. Mən hesab edirəm ki, böyük coğrafi kəşflər dövründə Afrikaya, Cənub-Şərqi Asiyaya, Amerikaya necə baxırdılarsa, Qərbdən gələn müəyyən şirkətlər də Azərbaycana o cür baxırlar. Ona görə ombudsman da bizim hamımız kimi diqqətini ona yönəltməlidir. Azərbaycanda fəaliyyət göstərən şirkətlər Azərbaycan qanunlarına, bizim insanlarımıza hörmət eləsinlər. Bu şirkətlər tərəfindən adamlarımıza, demək olar ki, cüzi əmək haqqı verilir, vətəndaşlarımızın hüquqları tapdalanır. Burada Həmkarlar İttifaqı Konfederasiyasının çox hörmətli sədri millət vəkili Səttar müəllim əyləşib. O, süngü davasına çıxır ki, bizim camaatımıza həmkarlar təşkilatı yaratmaq ixtiyarı verilsin, camaatımızın hüququ tapdanmasın. Gələcəkdə biz işlərimizi bu istiqamətdə qurmalı və ombudsmanın da bu sahədə işinin canlandırılmasına çalışmalıyıq.
Mən çox məmnunam ki, məruzədə dinlə bağlı narahatlıq da öz əksini tapıb. Hamımız bilməliyik ki, bizim üçün ən böyük təhlükələrdən biri ölkəmizi içərisindən dağıtmaqdan ötrü Azərbaycanın yalandan xristianlıq keçmişi olan ölkə kimi qələmə verilməsidir. Bundan ötrü təzə-təzə kitablar yazılır, gizli kitablar çap olunur, bir sözlə, Azərbaycanda böyük iş aparılır. Özü də bir sıra ölkələrin səfirləri, məsələn, Norveçin səfiri bu işdə çox böyük rol oynayır. Azərbaycanın ayrı-ayrı yerlərində insanların çətin vəziyyətindən istifadə eləyib uşaqlar arasında xristianlığı təbliğ edirlər. Məruzədə bununla bağlı narahatlıq bildirilir. Mən arzu edərdim ki, gələcəkdə bu məsələyə xüsusi diqqət yetirilsin.
İnsan haqlarından danışılır. Biz yaddan çıxarırıq ki, ikili standartlar dünyasında bir milyon qaçqınımızın haqqı pozulur. Bu haqları kim pozur, içəridənmi pozuruq? Bunu xaricdən pozurlar, o ölkələrdən pozurlar ki, onlar bizə insan haqları dərsi keçirlər. Ona görə də biz bu məsələdə bir-birimizi qınamaqdan yayınmalı və hamımız bir nöqtədə birləşməliyik. Təbii ki, ombudsman aparatının da diqqəti o məsələyə yönəlməlidir. Qarşılıqlı inteqrasiya getməli, biz Avropanın əlavəsinə çevrilməli deyilik. Mən narahatam. Yubka geyinən kişilərin başından bir tükü əskik olur, dünya ayağa durur. Amma bizim bir milyon qaçqınımızdan söhbət getmir. Bu baxımdan Elmira xanıma gələcək işlərində uğurlar arzu edirəm. Gələcəkdə bu iri məsələlərə diqqətini cəlb eləsin. Sonda millət vəkillərinə də məni diqqətlə dinlədikləri üçün təşəkkürümü bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən əvvəlcə bu məruzədə qeyd edilən iki konkret məsələyə toxunmaq istəyirəm. Bunlardan biri son dövrdə dünyada genişlənən və Azərbaycana da sirayət eləyən islamafobiyanın təsiridir. Mənə elə gəlir ki, konkret olaraq İslam dini ilə bağlı çox da ciddi qorxular yaratmağa ehtiyac yoxdur. Bununla əlaqədar bir məsələyə diqqəti cəlb eləyim. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1-ci protokolunun ikinci hissəsinə Azərbaycan Respublikası xüsusi bəyanatla qoşulub. Bu, “Təhsil haqqında” olan maddədir və burada valideynlərin öz övladlarına, özlərinin təcrübəsinə və dini etiqadına görə təhsil vermək hüququ təsbit olunur. Bununla əlaqədar son illərdə Azərbaycanda valideynlərin bu hüquqlarının pozulmasına diqqəti cəlb edirəm. Düşünürəm ki, heç şübhəsiz, dövlət bəyanatda deyildiyi kimi, bu məsələdə hər hansı bir maliyyə xərcini öz üzərinə götürməkdən imtina edib. Lakin biz Azərbaycan dindarları qarşısında və islami dəyərlər qarşısında borcluyuq və şübhəsiz ki, dövlət dünyəvi dəyərləri qorumaqla yanaşı, hər halda bu istiqamətdə də diqqəti artırmalıdır.
İkincisi, burada məndən əvvəl bir sıra deputatların toxunduqları məsələnin, yəni Azərbaycanda baş örtüyü məsələsinin müsbət həllinin mən də tərəfdarıyam və bu məsələnin Türkiyədə olduğu kimi, xüsusi bir siyasi, dini ayrı-seçkilik motivinə çevrilməsinin qarşısını almalıyıq.
Hörmətli deputatlar, mənə çox qəribə gələn məsələ o olub ki, iqtidaryönlü deputatlar da məruzənin konkret məsələlərə toxunmamasını, konkret məsələləri əks etdirməməsini qeyd elədilər. Bilirsiniz, Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında konkret məsələlər üzrə məruzə yazmaq çətin məsələdir. Çünki əgər biz konkret olaraq Konstitusiyada və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunan insan hüquq və azadlıqlarına bizdə necə əməl edilməsi məsələsinə toxunsaq, o halda mən sizi inandırıram ki, vəziyyətin heç də ürəkaçan olmadığını, hətta xüsusən siyasi azadlıqlar sahəsində bərbad vəziyyətdə qalmaqda davam eləməsini göstərməliyik. Çünki bu məsələyə toxunan kimi hörmətli ombudsman həqiqəti təhrif eləməyə məcbur olmuşdur. Məsələn, orada yazılmışdır ki, guya ATƏT-in İnsan haqları bürosu Azərbaycanda keçirilmiş seçkiləri “ümumən demokratik” dəyərləndirmişdir. Mən həmin o maddəni sizin nəzərinizə çatdırıram: “Ümumiyyətlə, Azərbaycanda 6 noyabr parlament seçkiləri ATƏT-in bir sıra öhdəliklərinə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara cavab vermədi. Azərbaycan hakimiyyəti özünün 90-cı il Kopenhagen sənədi ilə bağlı götürdüyü öhdəlikləri, xüsusən seçki ilə bağlı öhdəlikləri yerinə yetirmədi və bu məsələlərə əməl olunmadı”. Konkret olaraq rəsmən paylanmış məruzənin bəndi budur. Bizim ombudsman bu məsələdə, sadəcə olaraq, məcbur olub, saxtakarlığa yol vermişdir. Əgər Azərbaycanda azad və ədalətli seçki hüququ təmin olunsa idi, o halda Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, 300 min səs almış “Azadlıq” bloku burada yalnız 5 nəfərlə təmsil olunmazdı. Yenə Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmlərinə görə, cəmisi 520 min səs almış Yeni Azərbaycan Partiyası 56 səslə təmsil olunmazdı.
Bu məsələlərlə əlaqədar sərbəst toplaşma azadlığı sahəsində vəziyyətin olduqca ağır vəziyyətdə qalmasına diqqətinizi cəlb eləmək istəyirəm. Faktiki olaraq bu gün Azərbaycanda 26 noyabrdan sonra sərbəst toplaşma azadlığı həm Bakı şəhərində, həm də bütün digər rayonlarda qadağan edilmişdir. İş o yerə gəlib çatmışdır ki, hər hansı bir icra hakimiyyətinin İctimai-siyasi şöbəsinin hər hansı bir instruktoru ölkənin milli təhlükəsizliyini və sair mənafeyini nəzərə alaraq özünü bütün müraciətlərə rədd cavabı verməkdə səlahiyyətli bilir. Belə bir vəziyyətdə, şübhəsiz ki, hansısa bir sərbəst toplaşma azadlığından danışmaq ən azı gülməlidir.
Nəhayət, mən digər siyasi hüquqa - söz azadlığı məsələsinə toxunmaq istəyirəm. Bu, dəfələrlə qeyd olunub. Son illərdə jurnalistlərə, xüsusən müxalifətdən olan jurnalistlərə qarşı törədilmiş 6 cinayətin üstünün açılmaması və bu işdə hüquq mühafizə orqanlarının münasibətinin səhlənkar olması, mənə elə gəlir ki, söz azadlığı ətrafında da qorxu mühitinin yaradılmasına xidmət edir.
Sözümü yekunlaşdırıram. Şübhəsiz, ombudsmanın fəaliyyətinə bir qiymət verilməlidir. Azərbaycanda insan azadlıqları məsələsinə bir qiymət verilməlidir. Birinci məsələni mən birmənalı şəkildə mənfi qiymətləndirirəm. Amma Elmira xanımın...
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir az başqa istiqamətdə çıxış eləmək istəyirdim, amma görünür, fikirlərimə yeni elementlər də əlavə etməli olacağam. Bizim bəzi insanlarda elə bir təsəvvür yaranıb ki, əgər xaricdən kimsə Azərbaycan haqqında qərəzli şəkildə ağlına gələn nəyisə deyəcəksə, bizim Azərbaycanda olan bəzi adamlar, əgər bu onların mənafeyinə və istəklərinə uyğun olarsa, bunu əllərində bayraq edib hər yerə car çəkəcəklər ki, bilirsiniz, filan kağızın filan qırağında filan şey yazmışdılar. Gəlin, Azərbaycanda gözümüzlə gördüyümüz nələr varsa, bunların heç birinə inanmayaq, ancaq kimin nə məqsədlə isə yalan-doğru yazdığı və Azərbaycanın reallığını əks etdirməyən və müəyyən məqsədlər güdən yazılarına, yaxud hansısa hesabatlarına gözümüzü yumub inanaq. Mən elə hesab edirəm ki, həqiqət kiminsə hansısa məqsədlə dediyi qərəzli fikirlərdə deyil. Həqiqət müxtəlif baxışların, müxtəlif fikirlərin, müxtəlif düşüncələrin məhsulu olan araşdırmaları ortaya qoyub, öz gözünlə gördüyünü də buna əlavə edib, gəldiyin nəticədir.
Mən bu gün Azərbaycanda insan hüquqları üzrə müvəkkilin bizim müzakirəmizə təqdim elədiyi hesabata qiymət verərkən, hər şeydən əvvəl, bu konsepsiyadan, bu tezisdən, bu məntiqdən çıxış eləmək istəyirəm. Azərbaycanda insan haqları və hüquqları ilə əlaqədar, ümumiyyətlə, bizi narahat eləyən məsələ ondan ibarətdir ki, təəssüflər olsun, bu məsələyə Azərbaycanın daxilində qiymət verməkdən daha çox Azərbaycandan kənardakı hansısa mərkəzlərin və yaxud hansısa qüvvələrin qiymət verməsinə üstünlük verməyə səy göstərənlər və meyil eləyənlər var. Mən burada bəzi çıxışları da qeyd edirəm. Bu mənada Azərbaycanda ombudsman institutunun həm yaranmasını, həm də fəaliyyət göstərməsini, o cümlədən bu gün bizə təqdim olunan hesabatı həmin qərəzli və bəzi hallarda düzgün və əsaslı olmayan baxışlara bir cavab kimi qiymətləndirirəm.
Əlbəttə ki, ombudsmanın bizə təqdim elədiyi məruzə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə əlaqədar hazırlanmış bir məruzədir. Etiraf eləmək lazımdır ki, Azərbaycanda insanların hüquqlarının və azadlıqlarının qorunması istiqamətində son illərdə məqsədli şəkildə əhəmiyyətli tədbirlər görülür və Azərbaycan hökumətinin, Azərbaycan Prezidentinin apardığı siyasət də insanların hüquqlarının daha etibarlı şəkildə təmin edilməsinə yönəlib. 300-350 mindən yuxarı iş yerinin açılması insanların əmək hüquqlarının təmin edilməsi, onların yaşayışının yaxşılaşdırılması ilə əlaqədar atılan addımlar deyilmi? Əlbəttə, digər sahələrdə görülən işləri də bura əlavə etmək olar.
Azərbaycanda insan hüquqları ilə əlaqədar müvəkkilin (ombudsmanın) yaranması Azərbaycanda insan haqlarının qorunmasının əlavə bir mexanizmini formalaşdırıb. Bu mexanizmə rəhbərlik edən hörmətli Elmira xanım, mən güman edirəm ki, səmərəli fəaliyyət göstərir. Amma eyni zamanda, hesab edirəm ki, ombudsmanın fəaliyyəti yalnız hansısa ərizələrə, şikayətlərə müsbət şəkildə baxılmasından, onların mütləq şəkildə təmin edilməsindən ibarət olmamalıdır. Hesabatdan göründüyü kimi, 2004-cü illə müqayisədə 2005-ci ildə ombudsman idarəsinə daxil olan müraciətlərin, şikayətlərin sayı çoxalıb. Əlbəttə, bunu ombudsman idarəsinə olan inamın artması ilə əlaqələndirmək olar. Amma digər tərəfdən mən güman edirəm ki, ombudsmanın fəaliyyəti nəticəsində potensial olaraq daxil ola biləcək şikayətlər və ərizələr azalmalı idi. Mən elə hesab edirəm ki, bundan sonra insan hüquq və azadlıqlarının pozulması hallarının qeyd olunduğu yerlərdə həmin hüquq və azadlıqların pozulmasının qarşısının alınması üçün profilaktik tədbirlər görmək yolu ilə 2006-cı, 2007-ci illərdə ombudsmanın hesabatı müzakirə olunarkən ərizə və şikayətlərin azalması faktını qeyd edəcəyik.
Mən güman edirəm ki, biz bu gün bütövlükdə ombudsmanın aparatının, o cümlədən Elmira xanım Süleymanovanın fəaliyyətini müsbət qiymətləndirməliyik. Azərbaycanda insan, vətəndaş azadlıq və hüquqlarının vəziyyətinin və mühafizəsinin normal olmasını etiraf etməli və buna qiymət verməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Yevda Abramov.
Y. Abramov. Çox sağ olun, cənab spiker. Hörmətli Sədr, dəyərli millət vəkilləri! Ombudsman institutu ölkədə demokratiyanın özü qədər cavandır və fəaliyyət göstərdiyi dövrdə insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət edilməsi cəmiyyətin ən ali məqsədinə çevrilmişdir. Düzdür, bu gün ombudsman institutu haqqında tənqidi fikirlər də deyildi və onların bəziləri ilə razılaşmaq olar. Amma yaxşı oldu ki, hörmətli Əli müəllim bu stereotipi bir az pozdu.
Gəlin, məsələyə insafla baxaq. Tale elə gətirib ki, mən Elmira xanımın rəhbərliyi ilə iki dəfə zona regional müşavirədə, iki dəfə xaricdə, iki dəfə də Bakı şəhərində tədbirlərdə iştirak etmişəm. Gözümlə görmüşəm ki, Azərbaycanda gedən proseslər haqqında, insanların siyasi, əmək hüquqları haqqında, qaçqın və köçkünlərin hüquqları haqqında, məhbusların hüquqları haqqında cəsarətlə çıxış etmiş, Avropa Şurasının siyasi yetkililərinə, ayrı-ayrı ombudsmanlara, dünyanın bir sıra siyasi xadimlərinə ingilis dilində sərbəst cavab vermişdir.
Burada səsləndi ki, biz, ümumiyyətlə, Elmira xanıma xanım kimi qiymət vermirik, ona bir ombudsman, müvəkkil kimi qiymət veririk. Bilirsiniz, bu vəzifəyə Elmira xanım elə özü də belə yanaşır. Bu bizim tale qismətimizdir ki, həm ombudsmanımız qadındır, həm də bizim Milli Məclisdə İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım qadındır. Bu insanlar həm cəmiyyətdə xüsusi mövqe sahibləridirlər, kifayət qədər tanınmış insanlardırlar, həm də bu qadınlarda, ümumiyyətlə, bir Həcər təbiəti var, milli təəssübkeşlik var, xalqını sevmək qabiliyyəti çox güclüdür.
Mən məruzəni axıra qədər oxumuşam, məruzə çox gözəl yazılıb. Onun başlıqlarında bir az texniki qüsurlar olsa da, bu, ümumiyyətlə, məruzənin mahiyyətinə heç bir mənfi təsir göstərmir. Amma bəzi iradlar da var. Yaxşı olar ki, Elmira xanım bundan sonra bizimlə, İnsan hüquqları daimi komissiyası ilə əlbir işləsin, bu əlbir işləmə, ümumiyyətlə, Azərbaycan xalqı üçün, Azərbaycan dövlətində vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Biz bir-birimizdən xəbərdar olacağıq. Ayrı-ayrı qanunların yaradılmasında əlbir iştirak edəcəyik və bu, gələcəkdə böyük effekt verəcəkdir. Mən istərdim ki, məruzədə, doğrudan da, ən yüksək vəzifəli şəxs kimi polis rəisi yox, deyək ki, Ali Məhkəmənin hansısa mühüm bir insanı tənqid oluna və yaxud vəzifədən kənar ediləydi.
Bu yaxınlarda, cənab Sədr, Quba rayonunun Birinci Nüvədi kəndində çox böyük əks-səda doğuran bir hadisə olub. Bununla bağlı hələ seçkilər ərəfəsində mənə müraciət etmişdilər. Orada bir yol qəza hadisəsi baş vermişdi, insan ölümü olmuşdu. Amma inanın, bu kəndin ağsaqqalı da, ağbirçəyi də, rayon rəhbərliyi də, hamı bilir ki, bu gün həbsxanada yatan insanın heç bir günahı yoxdur. Bu insana 10 il iş veriblər, balaları atasız qalıblar. İnsanlar xahiş edirlər ki, heç olmasa, cinayətkar bizim gözümüzün qarşısında gəzməsin. Biz onu görəndə bu vəziyyətə görə vicdan əzabı çəkirik. Mən bütün instansiyalara müraciət etmiş, bu işlə məşğul olmuşam. Deyirlər ki, Abramov, bizə təsir edən vasitələr var, bəzi insanlar təsir edirlər, ümumiyyətlə, o adamı tutub basmaq olmur. Biz də bunu basmışıq.
Bundan əlavə, yenə həmin kənddə, - burada 10 minə qədər insan yaşayır, - Elçin Əmiraslanovun cinayət törətdiyi illərdə “razborka”da mebel mağazasının bir işçisi qətlə yetirilib. Sonra məlum olub ki, bu qətlə yetirilən adamın heç bir günahı yoxdur. Onun balaları da atasız qalıblar. Onun mağazasına dəyən ziyanın məbləği 10 min ABŞ dollarıdır. Neçə illərdir, onun atası, o yazıq insan Nəsimi Rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinə gedib-gəlir, bu pulu ala bilmir. Həm oğlunu itirib, həm də pulunu ala bilməyib.
O insanlar, yəqin ki, Elmira xanıma da müraciət ediblər. Yaxşı olardı ki, həqiqət üzə çıxaydı, ən yüksək vəzifəli şəxslər bunun cəzasını çəkəydilər. Məhkəmələr qanuna tabedir, müstəqildir, hakimiyyətin bir qanadıdır. Bu insanlar bizə müraciət edirlər. Biz öz səlahiyyətimiz daxilində...
Sədrlik edən. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən də bu gün hörmətli Elmira xanımın parlamentə təqdim elədiyi illik məruzə ilə bağlı dediyi fikirlərin böyük əksəriyyətini qiymətləndirməklə bərabər bəzi iradlarını bildirmək istərdim. İstər 2005-ci ildə, istərsə də ondan əvvəlki dövrlərdə, ümumiyyətlə, ombudsman institutu yaranandan sonra Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin düzəlməməsi, bununla bağlı hər hansı bir irəliləyişin olmaması heç kəsdə şübhə doğurmur. Xüsusən bu, bölgələrdə daha çox aktualdır. 2005-ci il parlament seçkilərində yol verilən qanun pozuntularının Sumqayıtda iki dairənin ləğv olunması ilə nəticələnməsi, yəqin ki, Elmira xanımın nəzərindən qaçmayıb. Bu dairələrin hər birində müxalifətin nümayəndələri qələbə çalmışdılar. Hörmətli Flora xanımın əlində yekun protokollar olmasına baxmayaraq, onun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olundu. Ancaq hörmətli Elmira xanım, heç olmasa, Flora xanımın da qadın olmasını nəzərə alaraq bu məsələlərə şəxsi münasibətini bildirmədi. Əlbəttə, bu bizdə çox təəssüf doğurdu.
Hörmətli millət vəkilləri, hesabatda xüsusən siyasi azadlıqlarla bağlı məsələyə Elmira xanımın çox səthi yanaşması diqqəti cəlb edir. O göstərir ki, Azərbaycanda 2005-ci ildə keçirilən kütləvi aksiyalarda və xüsusən 26 noyabr aksiyasında insanlara qarşı vəhşiliklər müxalifətin günahı ucbatından, yəni icazəsiz aksiyaların keçirilməsinə cəhd göstərilməsi səbəbindən baş vermişdir. Ancaq mən Elmira xanıma yenə Konstitusiyanın 49-cu maddəsini xatırlatmaq istərdim. Ona görə ki, Elmira xanım bu məsələlərə ən azı polis rəisi kimi, polis naziri kimi yox, ən azı insan haqları ilə məşğul olan bir institutun rəhbəri kimi yanaşmalıdır. Mən ümid edirəm ki, Elmira xanım növbəti fəaliyyəti dövründə bu məsələlərə hakimiyyət prizmasından yox, ən azı qərəzsiz, bitərəf hüquq müdafiəçisi kimi, insan haqlarının qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların bir təmsilçisi kimi Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq bütün tərəflərin haqlarının, hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Hörmətli Oqtay müəllim, millət vəkilləri, mən fürsətdən istifadə edib sizə müraciət edir və Elmira xanımdan xahiş edirəm, bunu xüsusi diqqətdə saxlasın ki, aprelin 5-də Sumqayıt şəhərində böyük məhkəmə başlayacaq. Həmin məhkəmədə yüzlərlə insanın taleyi həll olunacaq. Vaxtı ilə Sumqayıt Avtonəqliyyat Açıq Tipli Səhmdar Cəmiyyətinin yüzlərlə üzvünün xəbəri olmadan o müəssisə özəlləşdirilib. O insanların 100 nəfərinin imzası ilə mənə müraciət olunub ki, o özəlləşmə qeyri-qanunidir, onlardan xəbərsiz aparılıb. Bütün əmlak mənimsənilib, satılıb və bu gün də mənim aldığım məlumata görə, həmin müəssisə təqribən 3 milyon dollara başqa bir adama satılır. Bu gün şikayətçilər həmin müəssisənin əvvəlki iqtisadi inkişaf naziri Fərhad Əliyevin vaxtında özəlləşdirilməsinin nəzərə alınmasını xahiş edirlər. Xahiş edirlər ki, bu məsələ ombudsmanın və parlament rəhbərliyinin diqqətindən kənarda qalmasın. Yüzlərlə insan işsiz qalıb, onların 15-20 il sürdükləri maşınlar əllərindən alınıb, başqalarına nağd pullara satılır. Bu çox ciddi narahatçılıqlara səbəb olur.
Fürsətdən istifadə edib, daha bir məsələni diqqətinizə çatdırmaq istərdim. Sumqayıtda Şəhidlər Xiyabanının 10 metrliyində bir həftədir ki, əyləncə mərkəzinin tikilməsi üçün bünövrə qazılır. Millət vəkilləri hər halda “Spase” televiziyasından bunu izlədilər. Sumqayıtın o ərazidə yaşayan əhalisi, Qarabağ veteranları, şəhid ailələri bununla bağlı çox ciddi narazılıq edir və bunun qarşısını almaq üçün parlament rəhbərliyindən bu məsələyə müdaxilə etməsini xahiş edirlər. Minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova.
B. Muradova, Milli Məclis Sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Bu gün müzakirəsini keçirdiyimiz ombudsmanın bir illik fəaliyyəti ilə bağlı müzakirələr bir daha göstərir ki, Azərbaycanda bu institut özünə getdikcə daha geniş yer almaqda və möhkəmlənməkdədir. Burada yaxşı qeyd olundu ki, bizim hər birimizin fəaliyyətini özümüzdən əvvəlki, yaxud özümüzün əvvəlki fəaliyyətimizlə müqayisə etmək, ayrı-ayrı qurumların bundan əvvəlki fəaliyyət tarixinə nəzər salaraq qiymət vermək imkanı var. Amma Azərbaycanda ombudsman institutunun fəaliyyətini bu cür müqayisəli şəkildə təhlil etmək mümkün deyil. Ona görə ki, bu institut Azərbaycanda yeni yaranıb və Azərbaycanın bütün sahələrində mərhələ-mərhələ əldə olunan uğurlar bu sahədə də, ombudsmanın fəaliyyətində də əldə olunmaqdadır.
Mən məruzənin ayrı-ayrı məqamları üzərində durub, onlara dair fikrimi bildirməyəcəyəm. Sadəcə, burada səslənən bir sıra məsələlərlə bağlı fikrimi bildirmək istəyirəm. Elmira xanımın rəhbərlik etdiyi bu qurum Azərbaycandakı mövcud imkanlar, bu qurumun özünün imkanları çərçivəsində kifayət qədər ciddi fəaliyyət göstərir və bu fəaliyyətin konkret nəticələri var. Bu və ya digər problemlərin mövcudluğunu da inkar etmək mümkün deyil. Bu problemlərin həlli, görünür, cəmiyyətdə həmin problemlərin həlli üçün kifayət qədər imkanlar yarandığı halda mümkün olacaqdır. Odur ki, hesab edirəm, ümumiyyətlə, fəaliyyətə qiymət vermək lazımdır. Fəaliyyətin ayrı-ayrı məqamları üzərində dayanaraq bütövlükdə bu institutun gördüyü işi şübhə altına almağa mən lüzum görmürəm.
Yevda Abramova çox təşəkkür edirəm ki, Azərbaycan qadınlarının bir sıra nümayəndələrinin fəaliyyətinə belə yüksək qiymət verdi. Bu da məni bir az həvəsləndirdi ki, mən də fikrimi bildirim. Amma hər halda mənim sizdən tərif eşitmək həvəsim yoxdur. Sadəcə, məsələlərə münasibət bildirmək istəyirəm.
Doğrudan da, ayrı-ayrı sahələrə kimlərin seçilməsinin və kimlərin rəhbərlik etməsinin də məsələnin mahiyyətinə böyük təsiri var. Yəni kimsə deyir ki, bu konkret şəxsin onun şəxsiyyəti ilə əlaqəsi yoxdur və sonra da tələb edir ki, Flora xanımın əlində protokol ola-ola, nəticələrin ləğv olunması məsələsinə Elmira xanım özü şəxsən münasibət bildirməli idi. Onda bu fikirlərin səslənməsində ziddiyyət yaranır. Bir tərəfdən biz ombudsmandan şəxsi münasibətləri əldə rəhbər tutmamasını, məsələyə obyektiv və qərəzsiz, özünün səlahiyyətləri çərçivəsində münasibət bildirməsini tələb edirik, amma digər tərəfdən özümüzün marağımız olanda istəyirik ki, öz şəxsi mövqeyini ortaya qoysun. Ona görə də biz prinsipləri düzgün müəyyənləşdirməliyik ki, biz ombudsmandan nə tələb edirik. O, şəxsi mövqelərini nümayiş etdirməlidir, yoxsa səlahiyyətləri çərçivəsində və gördüyü işlərin konkret mahiyyətinə uyğun münasibət bildirməlidir? Mən hesab edirəm, ikinci prinsip əsas götürülməlidir.
Ombudsmanın ünvanına bundan əvvəl bölgələrdə bölmələrin yaradılması ilə bağlı məsələ müzakirə olunanda da bəzi tənqidi fikirlər səslənmişdi. Onun da kifayət qədər əsası yox idi. Bu gün də həmin tənqidi söyləyən Fazil Mustafayevin ombudsmanı millət vəkili ilə müqayisə edib, onun millət vəkilinin nüfuzundan da aşağı səviyyədə nüfuza malik olduğunu söyləməsi heç bir etik normalara və çərçivəyə sığmır. Bu ən azı millət vəkili titulunu daşıyan şəxsin özünün özünə hörmətsizliyi kimi qəbul edilməlidir. Azərbaycanda millət vəkilinin kifayət qədər nüfuzu var və hər kəs bu adı özünün qabiliyyətinə, özünün fəaliyyətinə görə ucaldır. Kim bunu aşağı səviyyədə hiss edirsə, mən xahiş edərdim, bunu öz adından söyləsin.
Pənah Hüseynin söylədiyi fikrə münasibət bildirməyə bilmərəm. Çünki o, bilavasitə ATƏT-in Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. Biz də ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olduğumuz üçün mən bunu söyləməliyəm. O söylədi ki, ATƏT-in hesabatında göstərilib ki, bu, öhdəliklərə uyğun gəlməyib. Bəli, göstərilir ki, bir sıra öhdəliklərə uyğun gəlməyib. Biz bunu inkar etmirik. Dərhal da Azərbaycan hakimiyyəti və mövcud qurumlar buna öz qiymətini verirlər.
Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Biz ATƏT-in qış sessiyasında iştirak edərkən ATƏT-in Parlament Assambleyasının hazırkı sədri öz çıxışında son vaxtlar keçirilən seçkilərə və konkret olaraq Azərbaycanda keçirilmiş son seçkilərə münasibət bildirərkən bir neçə cümlə ilə fikrini ifadə etdi. Söylədi ki, Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun şəkildə keçirilib, orada bəzi nöqsanlar baş versə də, qısa şəkildə onu qeyd etməliyəm ki, Azərbaycanda bu istiqamətdə çox böyük irəliləyiş əldə olunub, müsbət nəticələr var və biz qarşıdakı təkrar may seçkilərindən də bu müsbət nəticələrin davamını gözləyirik. ATƏT də bu istiqamətdə öz müşahidəsini aparacaqdır. Biz Azərbaycanda keçirilən seçkilərə son olaraq, güman edirəm ki, müsbət qiymət verə biləcəyik.
Ona görə də hesab edirəm ki, burada ayrı-ayrı təşkilatların hesabatlarındakı bəzi tənqidi məqamlardan istifadə edərək bütövlükdə seçkilərin nəticələrinə kölgə salmaq, müxalifətin burada cəmi 5 nəfərlə, yaxud 15 nəfərlə təmsil olunmasını seçkilərin qeyri-demokratik keçirilməsi kimi qələmə vermək açıq-aydın öz məqsədlərinizə çatmadığınızdan doğan bir narahatlığın ifadəsi kimi qəbul olundu. Ona görə də istərdim ki, hər kəs bu məsələyə qiymət verərkən özünün maraqlarını önə çəkməsin.
Sərbəst toplaşmaq azadlığı ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. İstənilən məsələ ilə bağlı fikir ifadə etmək üçün Azərbaycan qanunvericiliyinin müddəalarına uyğun şəkildə bu azadlığı həyata keçirmək mümkündür. Kimlərsə, bəli, Elmira xanımdan 26 noyabr mitinqinə və yaxud da orada baş verənlərə konkret qiymət verilməsini tələb edir. Amma gəlin, digər tərəfi də eşidək. Bu məsələdə Elmira xanımdan mən də narazıyam. Ona görə narazıyam ki, Elmira xanım orada insanları icazəsiz aksiyaya sürükləyənlərə, nəzərdə tutulmayan hərəkətlərə təhrik edənlərə də konkret qiymət verməyib. Mən tələb edirəm, Elmira xanım, bundan sonra Siz Azərbaycanda bu və ya digər insanların haqları ilə bağlı müvafiq hökumət qurumlarının, ayrı-ayrı məmurların fəaliyyətinə münasibət bildirdiyiniz kimi, elə müxalifət nümayəndələrinin də, partiya rəhbərlərinin də insanları məhz hüquq pozuntusuna çağıran, Azərbaycanda dövlət hakimiyyətinin əsaslarını sarsıtmağa, konstitusion əsasları sarsıtmağa yönəlmiş fəaliyyətinə də bir qiymət verin. Biz bunu Sizdən tələb edirik.
Ombudsman təkcə müxalifətin, yaxud da ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəçisi deyil. Ombudsman Azərbaycanda fəaliyyət göstərir və bizim hər birimizin, bütün institutların fəaliyyətinin əsas məqsədi Azərbaycanda dövlətçiliyin, insan haqlarının qorunmasıdır. Əgər biz bunu dövlətin və dövlətçiliyin maraqlarından kənar götürəcəyiksə, hesab edirəm ki, bu bizi ümumi məqsədimizə çatdırmayacaqdır. Mən son olaraq ombudsmanın ötən illik fəaliyyətinə müsbət qiymət verilməsinin tərəfdarıyam və millət vəkillərindən də bu istiqamətdə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bundan əvvəl, keçən çağırış parlamentdə də biz müvəkkilin hesabatına qulaq asdıq. İndi də məndə belə təəssürat yaranır ki, biz insan hüquqları ilə bağlı meydana çıxan bütün problemlərin həllini müvəkkilə yönəldir və ondan tələb edirik. Əlbəttə, belə olmamalıdır. Çünki Konstitusiyaya görə insan hüquqlarını gözləmək və qorumaq icra, qanunvericilik və məhkəmə hakimiyyətinin borcudur. Kimisə qınayanda özümüzü də nəzərdə tutmalıyıq.
Dövlətin ali məqsədi insan hüquqlarının qorunmasıdır. Müvəkkilin hüquqları, səlahiyyətləri Konstitusiya qanununda çox dəqiq göstərilib. Müvəkkilin məcburedici qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Əgər biz müvəkkilin səlahiyyətindən, gücündən, silahından danışırıqsa, onun yeganə silahı parlamentin tribunasıdır, qanunun 14-cü maddəsinin verdiyi səlahiyyətdir. İllik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və qeyri-dövlət orqanlarının, vəzifəli şəxslərin adları çəkilməlidir. Müvəkkilin gücü onun ictimailiyindədir. Başqa heç nə tələb etməyə ehtiyac yoxdur. Müvəkkil hər hansı bir qərarın qəbul edilməməsinə görə məsuliyyət daşımır. Bu baxımdan hesab edirəm ki, biz qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində də müvəkkildən nəyi isə soruşub, nəyi isə tələb edə bilərik.
Bu gün hesabatda bu cədvəllərlə bağlı məsələyə bir neçə dəfə diqqət yetirildi. Texniki bir məsələdir, təbii ki, müvəkkilin iradəsindən kənarda olub, bəlkə də aparatın hansısa bir işçisinin diqqətsizliyi üzündən olub. Amma Elmira xanım, onu demək istəyirəm ki, bəzən belə olur. Məhkəmədə iclas katibi diqqətsizlik edir, insan hüququ pozulur, polisdə də o cür. Belə hallar olur. Buna çox ciddi və diqqətlə yanaşmaq lazımdır.
Mən burada hesabatla bağlı bir məsələyə diqqət yetirmək istəyirəm. Mən həmişə səlahiyyətlərlə bağlı bir fikri vurğulamışam. Oqtay müəllim, vaxtikən bu qanun parlamentdə işlənib hazırlanarkən işçi qrupumuza Səfa müəllim rəhbərlik edirdi. Avropa Şurası bu Konstitusiya qanununu MDB dövlətləri içərisində qəbul olunmuş qanunlar sırasında ən müsbət qanun kimi qeyd etdi. Bu, həqiqətən də, belədir, çox lakonik bir qanundur və burada müvəkkilin kifayət qədər səlahiyyətləri var. Bir dediyim səlahiyyət nəyə desəniz dəyər. Vəzifəli şəxsin adını tribunadan səsləndirmək. Şərt deyil ki, mütləq sabah onunla bağlı bir qərar qəbul olunsun. Demokratik cəmiyyətdə vəzifəli şəxs üçün onun nüfuzunun özü böyük əhəmiyyət kəsb edir. Bu baxımdan mən Qüdrət Həsənquliyevin fikri ilə razıyam ki, müvəkkilə qanunvericiliklə bağlı hansısa digər səlahiyyətlərin verilməsinə ehtiyac yoxdur.
Məlumat üçün bildirmək istəyirəm ki, günün birinci yarısında hesabatla bağlı mübahisəyə səbəb olan məsələni fasilədə müvəkkilin aparatındakı hüquqşünaslarla birlikdə müzakirə etmişik. Burada texniki redaktə xarakterli müəyyən düzəlişlər olacaq ki, onları da parlamentin müzakirəsinə təqdim edəcəyik. Bu baxımdan mən müvəkkilin hesabatına çox normal yanaşıram. Güman edirəm ki, hesabatı səsə qoyub qəbul etmək olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxışlarda təkid edən varmı? Lalə xanım.
L. Abbasova. Çox sağ olun. Hörmətli cənab Sədr, əziz həmkarlar! Mən öz çıxışıma başlamazdan əvvəl sizə bir neçə kəlmə ilə müraciət etmək istəyirəm. Mənim bir millət vəkili kimi hüquqlarım tapdalanır. Mən istərdim ki, daxili işlər naziri Ramil Usubov haqqında bir neçə kəlmə söz deyim. 22 martda saat 7-nin yarısında onun qəbulunda olarkən Xaçmaz rayonunda bir qadının küçəyə atılması və Xaçmaz Rayon Polis İdarəsinin rəisi Cavad Şıxəliyevin bu məsələ ilə bağlı qeyri-etik davranışı barədə şikayət edəndə Ramil müəllim çox əsəbi halda mənə dedi ki, mən müxalifətəm. Bununla əlaqədar mən cavab verdim ki, mən heç bir partiyanın üzvü deyiləm, mən məhz Prezidentimizə və xalqımıza xidmət edirəm. Niyə məhz Prezidentə? Çünki o da xalqa xidmət edir. Bizim söhbətimiz alınmadı. O, əlini kobudcasına qapıya tuşlayıb dedi, buyurun, çıxa bilərsiniz. Mən getdim, ancaq qapıya çatanda çevrilib ona dedim ki, hərəkətinizə görə minnətdaram, ancaq yadınızdan çıxmasın ki, dəvədən böyük fil var. Bu məsələ belədir və bu gün də, əlbəttə, siz bilirsiniz ki, nazirin gücü çoxdur, bəlkə mənim kimi qadından artıq gücü var. Mən istərdim, mənim təhlükəsizliyim qorunsun.
İndi mən bir neçə kəlmə istərdim, müəyyən hüquq mühafizə orqanları tərəfindən insan hüquqlarının pozulması barədə danışım. Statistikaya görə, Azərbaycanın şimal zonasında insanlar özlərinə daha çox qəsd edirlər. Bu hallar ondan irəli gəlir ki, hüquq mühafizə orqanları, icra strukturları insanları incidirlər. İradəsi olmayan insanlar cana gəlib özlərini asırlar. İşlər polisin əlində olduğundan işlərdə yazılır ki, həmin insanlar ailə münaqişəsinə görə özlərini öldürüblər.
Bir neçə kəlmə də polis işçiləri barədə. Gənclər arasında xırda mübahisələr şantaj vasitəsi ilə böyük işə çevrilir, onların valideynlərindən külli miqdarda pul alıb buraxırlar. Əks təqdirdə bu uşaqların ciblərinə narkotik vasitə atıb polis işçiləri işi dərinləşdirirlər. Bu zaman insanlar hazırdırlar ki, evlərini satıb övladlarını “qanun qoruyucularının” əlindən alsınlar.
Üçüncü, məhkəmə icraçıları haqqında bir neçə söz demək istəyirəm. İcraçılar məhkəmənin qəbul etdiyi qərarları icra etdikləri zaman insanları çox incidirlər, vaxtında icra etmirlər. Bu hallar daha çox kasıb insanlara qarşı yönəldilir.
Bəzi hakimlər, - özüm müşahidə etmişəm, - məhkəmə prosesində mobil telefonu ilə danışır, biri qulağını qaşıyır, biri başını. Belə hərəkətlər sübut edir ki, hakimlər öz işlərinə laqeyd yanaşırlar. Elə çıxır ki, siz nə danışırsınız danışın, onsuz da mənim qərarım hazırdır.
Bəyan etmək istəyirəm ki, vəkillər hal-hazırda, əslində, makler rolunda çıxış edirlər. Bu təzahürün qarşısını almaq üçün qanunvericiliyə müəyyən əlavələr olunmalıdır. Biz hamımız bilirik ki, hakimlər müstəqildir, ancaq onların bəziləri unudurlar ki, müstəqil olmaqla bərabər hakimlər həm də qanuna tabedirlər. Əfsuslar olsun ki, bu qanunu qanun icraçıları unudurlar. Bu gün etiraf etmək lazımdır ki, insan hüquqları müdafiə...
Sədrlik edən. Lalə xanım, biz burada ombudsmanın fəaliyyətindən danışırıq, Siz hamını mühakimə etməyə başladınız. Biz buna görə yığılmamışıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli Pənah Hüseyn, Siz deyəsən, çox hövsələsizsiniz. Mənim səsim səndən də güclüdür. Mən bilirəm, nə deyirəm. Xahiş edirəm, yerinizdə sakit əyləşin. Səsə qoymamışdan əvvəl hörmətli ombudsmana söz verəcəyik. Sonra səsə qoyarıq. Çıxış üçün təkid edən var, ya yox?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda biz gərək çıxışları davam etdirək, təkid edən adam çoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoymaq istəyən adamlar da çoxdur. Onda gərək səsə qoyaq. Bir Astan müəllimə, bir də Nəsib müəllimə söz verəcəyəm, bununla bitəcək. Başqa təkid edən yoxdur ki? Nəsib müəllim, buyurun.
N. Nəsibli. Oqtay müəllim, təşəkkür edirəm. Çalışacağam, deyilənləri təkrar etməyim. Əvvəlcə prinsipial hesab etdiyim bir neçə məqama toxunmaq istəyirdim. Birinci, Qərb təsisatları ölkəyə gələrkən, daha doğrusu, Avropaya inteqrasiyanı bəyan etmiş ölkəmizə gətirilərkən yolda öz keyfiyyətini xeyli dərəcədə itirir. Bir sıra Avropa dəyərləri fiksiyaya çevrilir. Məsələn, bir neçə il bundan əvvəl yaradılmış bələdiyyələr yerli hakimiyyət orqanı kimi artıq tamamilə gözdən düşüb. Səbəblərini deməyəcəyəm. Vaxtdan səmərəli istifadə etmək üçün Azərbaycana gətirilən belə təsisatları sadalamayacağam. Ombudsman da Azərbaycan üçün yeni təsisatdır. Avropa Şurasının tövsiyəsi ilə yarandığına baxmayaraq daha çox Azərbaycana lazımdır. Bu institutun oturuşmasında iqtidarı, müxalifəti və bütün cəmiyyəti ilə Azərbaycan maraqlı olmalıdır.
İkinci məqam, mən hesab edirəm ki, bu da əhəmiyyətlidir, insan haqlarının qorunması məsələsi daha çox humanitar aksiyadır. Onu siyasiləşdirmək, daha dəqiq desək, firqələşdirmək doğru deyil. İqtidar nümayəndələrinin ombudsmanın fəaliyyətini hər vəchlə tərifləmək və müxalifətin tənqidlərindən qorumaq cəhdi, yumşaq desək, təəccüblüdür. Çünki ombudsman və ombudsman aparatının daha fəal işləməsində ilk növbədə elə iqtidar özü maraqlı olmalıdır. Çünki ombudsmanın fəaliyyəti hər şeydən əvvəl nifrətötürücüdür. Ombudsman sosial-siyasi funksiyasına görə vətəndaşı məmur hikkəsindən, özbaşınalığından, təzyiqindən qorumaqdır.
Üçüncü, insan haqlarını qorumaq sahəsində ixtisaslaşmış QHT-lərlə iş birliyi haqqında məruzədə məlumatın olmaması bizə əsas verir deyək ki, bu sahədə ciddi əməkdaşlıq olmayıb. Məruzənin nəticələr və tövsiyələr hissəsində əməkdaşlığın qurulacağı haqqında fikirlər var. Məncə, bu, normal hal hesab edilməməlidir. Çünki həm Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, həm də insan haqlarını müdafiə təşkilatları eyni işi görürlər. Onlar arasında iş birliyinin olması təbii və zəruridir. Əslində, ombudsman insan haqları hərəkatına liderlik etməli bir şəxsdir.
Bir neçə konkret qeydimi də bildirmək istərdim. Aparatın internet səhifəsinin olmasını arzu edərdim. Eyni zamanda, rüblük, daha sonra aylıq bülletenlərin çapı faydalı olardı. Onu internet səhifəsində yerləşdirmək olar və lazımdır. İsraildə aylıq bülletenlər çap olunur. Bu sənəddə dünyanın istənilən ölkəsində yəhudilərə qarşı hüquq pozuntusu olursa, hansısa yəhudinin burnu qanayırsa, bu fakt mütləq bülletendə öz əksini tapır.
Noyabrın 26-da olan mitinqlər, ATƏT-in yeni rəyi və bu məruzədə onun təhrif olunması barədə danışıldı. Mən bunun üstündən keçirəm.
Yekun olaraq Elmira Süleymanovanın yaxşı insan, ziyalı insan olmasını bildirirlər. Məmnuniyyətlə razılaşıram. Amma yaxşı ombudsman üçün bu keyfiyyət yetmir. Hamı bilir ki, insan haqlarının qorunması ilə məşğul olmaq Azərbaycanda böyük cəsarət tələb edir.
YAP əksəriyyəti hesabatın və yaxud da bu məruzənin qəbul olunmasına, çox güman ki, səs verəcək. Mən Elmira xanımın daha müstəqil və qətiyyətli olmasını arzu edərdim. Nəhayət, arzu edərdim ki, ombudsman Süleymanovanın fəaliyyəti nəticəsində bu Avropa təsisatı digər təsisatlar kimi nüfuzdan düşməsin.
Ən sonda bir nəzəri fikri diqqətinizə çatdırmaq istəyirəm. Həqiqi ziyalı həmişə - bütün hakimiyyətlər və rejimlər dövründə hər bir pisliyə qarşı hər yerdə müxalifətdə olub və olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Astan müəllim, buyurun.
A. Şahverdiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan hesabata əvvəlcədən deyim ki, müsbət qiymət verirəm və onun lehinə səs verəcəyəm. Ancaq bəzi məqamları da qeyd etməyi özümə lüzum bilirəm. Açıq deyim ki, bu institut təsis olunanda şəxsən məndə belə bir fikir oyanmışdı ki, bu qurum Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünlərinin beynəlxalq aləmdə müdafiəsi ilə daha çox məşğul olacaq, nəinki yerlərdə xırda məsələlərlə bağlı. Bəlkə də bu sahədə müəyyən işlər görülüb, amma onlar yerinə yetirilməyib. Mən bunu sizin nəzərinizə, eyni zamanda, qurumun başçısı hörmətli Elmira xanıma çatdırmaq istəyirəm.
Bu hesabatda 51-ci səhifədən 55-ci səhifəyə kimi əhatə olunan bölüm “Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi” adlanır. Bu insanların məskunlaşma problemi Bakı şəhərində də, Sumqayıtda da, ölkənin digər böyük şəhərlərində və bəzi regionlarda da vardır. Burada əsas məsələ onların mülkiyyətinin toxunulmazlığı məsələsidir. Hesab edirəm ki, hesabatın bu hissəsi “nə şiş yansın, nə də kabab” mövqeyindən yazılıb. Yaxşı olardı ki, Elmira xanım bu məsələdə də öz mövqeyini qətiyyətlə bildirsin.
Digər bir məsələ. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır. Özünüz də gördünüz ki, Rusiya mətbuatının verdiyi informasiyalara görə onların elementar hüquqları pozulur. Bu baxımdan da bu qurum öz işində bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.
İndi daha incə bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ Macarıstanda bu gün məhkəməsi gedən Ramil Səfərovla bağlıdır. Bilirsiniz ki, hələ məhkəmə prosesi başa çatmayıb. Ramil Səfərovun cinayətkar olması hələ sübuta yetirilməyib. O bu günə kimi Azərbaycan vətəndaşıdır. Nədənsə Elmira xanım və onun aparatı bu prosesi də diqqətdən kənarda qoyubdur.
Məruzədən görünür ki, Elmira xanımın və onun aparatının işçilərinin çoxsaylı xarici səfərləri olub. Bu səfərlərin, ola bilsin ki, çox faydası var. Amma bəzi hallarda, görünür ki, bunlar turist xarakteri daşıyır. Mən arzu edərdim ki, belə hallara da gələcəkdə yol verilməsin.
Onu da qeyd edim ki, burada qaçqın və məcburi köçkünlərin adları yerli-yersiz çox tez-tez hallanır. Məcburi köçkünləri təmsil edən bir millət vəkili kimi, xahiş edərdim ki, məcburi köçkün və qaçqınların adına istinad edəndə diqqətli olasınız. Hamıya bəllidir ki, Azərbaycan cəmiyyətində kimlər qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolunda hansı tədbirləri həyata keçirir, hansı problemləri həll edir. Bayaq mənzil məsələsində qeyd etdiyim kimi, hər bir vətəndaşın mülkiyyət hüququ vardır. Möhtərəm Prezidentimizin 2004-cü il 1 iyul tarixli sərəncamı da vardır ki, məcburi köçkünlər doğma torpaqlarına, yurd-yuvalarına qayıdana qədər müvəqqəti yerləşdiyi yerlərdə onlara toxunmaq olmaz. Bunu da Azərbaycan cəmiyyəti nəzərə alsın. Mən hesab edirəm ki, Prezidentin sərəncamına həm ombudsman, həm də mərkəzi və yerli icra hakimiyyətləri hörmətlə yanaşmalıdır. Sonda bir daha deyirəm ki, mən bu məruzənin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən istərdim ki, Elmira xanım qısaca bir yekun çıxış eləsin.
E. Süleymanova. Bir neçə söz demək istərdim. Mən əvvəlcədən sizə səmimi minnətdarlığımı bildirirəm, çünki fəaliyyətimiz barədə sizin söylədiyiniz fikirlər, tövsiyələr işimizin təkmilləşməsi üçün faydalıdır. Eyni zamanda, istərdim ki, bu problemlərə reallıqdan yanaşaq. Birincisi, istərdim, bildirim ki, 57 səhifədən ibarət məruzə niyə 87 səhifədə təqdim olunub. Biz onu 57 səhifədə təqdim etmişdik. Sonra dedilər ki, hörmətli deputatlarımız materialları 16-lıq şriftlə tələb edir. Bu material 16-lıq şriftlə çap olunduğuna görə 87 səhifə oldu. Burada heç bir səhvə yol verilməmişdir.
İkincisi, mən Beynəlxalq əlaqələr və Protokol şöbələrinin əməkdaşlarını yığıb bunu müəyyən etdim ki, hesabat məruzəsindəki tarixlərdə üst-üstə düşmə, demək olar ki, yoxdur. Məsələn, bunlar beynəlxalq tədbirin ayın 12-dən 19-na qədər Amerikada keçirilməsini yazıblar. Mən sizə tam məsuliyyətlə deyirəm. Mən xaricdə keçirilən heç bir tədbirdə əvvəlindən axırınadək olmuram. Çünki burada iş çoxdur. Xaricdə ən çox olduğum müddət 2 gündür. O da nə üçün? Məsələn, indi Avstriyaya gedirəm, 31 mart - Azərbaycanlıların soyqırımı günü və 4 aprel Kəlbəcərin süqutu ilə bağlı gələn həftə orada iclas keçiriləcək, soydaşlarımız toplanacaqlar. Keçən dəfə də Xocalı soyqırımı ilə bağlı orada tədbir keçirdik. Yerli xadimlər, yerli KİV-lər gəlir və belə tədbirlər böyük əks-səda tapır. Materialın başqa bir yerində olan yanlışlıq isə yalnız texniki səhvlə bağlıdır. Çünki mənim əlimdə olan variantda hər iki bölmənin başlığında “müvəkkil və onun aparatının əməkdaşları” yazılmışdır. Bu qədər. Kim maraqlanarsa, böyük məmnuniyyətlə o sənədlərlə tanış edə bilərik.
İstərdim ki, sondan, Astan müəllimin dediklərindən başlayım. Bilirsiniz ki, həqiqətən, Ramil Səfərovun məhkəmə günü yaxınlaşır. Dünən lazımi materialları Macarıstana çatdırmışıq. Orada ermənilər tərəfindən Ramilin başına 125 min dollar qiymət qoyulmuşdur. Bu özü-özlüyündə vəhşiliyin, terrorçuluğun əlamətidir. Bu sənədlərin dünən böyük toplusunu 3 dildə - ingilis, rus və Azərbaycan dillərində Macarıstana göndərmişik. Mən orada olanda Ramillə şəxsən görüşmüşəm. Mənə qədər heç kəs həmyerlimizin yanında əyləşib onunla təkbətək söhbət etməmiş, ona ürək-dirək verməmişdi. Məhkəmənin işinə qarışa bilmədiyimdən yalnız oranın ombudsmanları ilə ünsiyyətdə olmuşam. Son məhkəmə iclaslarında oranın ombudsmanının nümayəndəsi iştirak edib. Yəni o da prosesi müşahidə edir. O da mənim kimi, qərarlar qəbul etmək səlahiyyətində deyil.
Rusiyaya gəlincə, biz yalnız Rusiyada yox, bütün dünyada, hansı ölkəyə gəliriksə, orada diasporu tapırıq. Qabaqcadan onlara xəbərdarlıq edirik, gün təyin eləyirlər və mən orada 6 saat da olsam, o 6 saatdan 3 saatını soydaşlarımızla görüşüb böyük tədbir keçiririk. Belə tədbirlərə kütləvi informasiya vasitələrinin, dövlət qurumlarının nümayəndələrini dəvət edirik. Məsələn, keçən il Rusiyada Azərbaycan ili keçirildi. Biz orada Azərbaycan səfirliyində Rusiya ombudsmanının iştirakı ilə çox böyük tədbir keçirdik. O gedəndə bildirdi ki, mən Rusiyada sizin bu qədər ziyalı diasporu olduğunu bilmirdim.
Hansı konkret şikayətlər olursa, biz o dəqiqə yalnız Rusiyanın yox, eyni zamanda, Rusiyanın ayrı-ayrı subyektlərinin ombudsmanlarına müraciət edirik. Bizim onlarla da əməkdaşlıq müqavilələrimiz var. Məsələn, Yekaterinburq ombudsmanı ilə əlaqələrimiz yaxşıdır. Orada bizim iki uşaq yiyəsiz qalmışdı, pis vəziyyətdə idilər. Onları Azərbaycana gətirib ailələrinə qovuşdurduq. Saratovda, cəzaçəkmə müəssisəsində azərbaycanlılar var. Bununla bağlı müvafiq iş aparmışıq. Gürcüstanda görürsünüz, ombudsman azərbaycanlılarla bağlı necə bəyanatlar verir. Belə misalları çox gətirə bilərdim. Amma istəmirəm, indi daha bir məruzə ilə çıxış edim. Sadəcə olaraq, bizə tez-tez görüşmək lazımdır. Nə barədə hesabat, hansı işimiz barədə məruzə istəyirsinizsə, sizin xidmətinizdə hazırıq.
Sonra, bizim qaçqın və məcburi köçkünlər haqqında. Bu mənim ürəyimin ən böyük ağrısıdır. Mən 1988-ci ildən qaşqın və köçkün düşərgələrində tez-tez olsam da, bəzi deputatları orada heç vaxt görməmişəm. Amma Gülhüseyn müəllimin dediyi kimi, mən Saatlı, Sabirabad, İmişli rayonlarındakı bu düşərgələrdə məskunlaşan qaçqın və köçkünlərimizlə hər bayram günü, hər bir şikayət olanda və ya dəvət olunanda mütləq gedib görüşmüşəm. Füzuli əhli indi onlar üçün salınmış yeni qəsəbələrə köçüb. Onlar mənə deyirlər ki, Füzuliyə köçəndə sizə fəxri Füzuli vətəndaşı adı verəcəyik. Mən bunu bütün mükafatlarımdan üstün tuturam. İnşallah, o günü də görərik.
Qaçqın və köçkünlərin ehtiyaclarına gəlincə, bəli, onların mənzil ehtiyacı, işsizlik, təhsil, infrastruktur və sairlə bağlı problemləri var. Son vaxtlarda o rayonlarda onlar üçün gözəl qəsəbələr salınıb, müasir tələblərə cavab verən məktəb binaları, uşaq bağçaları tikilib. Lakin məktəb binaları bomboşdur. Orada təhsil lazımi səviyyədə deyil. Orada kitabxanalar bomboşdur. Biz oralara mindən artıq kitab aparmış, 8 qəsəbənin 8 məktəbində kitabxanalar yaratmışıq. Uşaqlarla dərslər keçirir, böyüklərlə söhbətlər aparırıq. O qəsəbələrdə bir problem də var. Onun həllinə bəlkə siz də yardımçı olasınız. Orada açılmış bağçalarda ilk gündən bu günə qədər artıq neçə ildir, uşaqların qidalanması maliyyələşdirilmir. O da bizim məmurlarımızın bürokratikliyi və ləng işləməsi ilə bağlıdır, çünki dövlət büdcəsində bu məbləğ nəzərdə tutulmuşdur. Bu günə qədər bu məsələ öz həllini gözləyir.
Burada zəbt olunmuş mənzillər məsələsinə də toxunuldu. Prezidentin fərmanlarına, Milli Məclisin qəbul etdiyi qanunlara bizim də hörmətimiz var. Amma onu bilin ki, həmin sənədlərdən sui-istifadə edən insanlar da az deyil. Məsələn, Yasamalda olan kooperativ evdə bir qaçqın ailəsi 3 mənzil tutub. İki 2 otaqlı, bir də 3 otaqlı. Amma həmin o 3 otaqlı mənzilin qanuni sahibi öz uşaqları ilə küçələrdə qalıb. Vaxtı ilə həyat yoldaşı olub, qazancı olub, kirayənişin pulunu ödəyiblər. İndi isə bu ailə küçələrdə qalır. Ona görə də belə hallara, məncə, fərdi yanaşmaq lazımdır. Əlbəttə, biz məcburi köçkünümüzə hörmətlə yanaşmalıyıq. Amma onu bilməlisiniz ki, belə hallar da olur. Buna da reallıqla yanaşmaq lazımdır.
İnternet məsələsi və bülleten. Biz artıq bülletenimizi çap etdirməyə başlamışıq. Amma hələ ki internet səhifəmizdədir, çünki onu çap etməyə vəsait yoxdur. İnternet ünvanımız belədir: “www.ombudsman gov. az.” Orada hər zaman fəaliyyətimiz haqda müntəzəm məlumat tapa bilərsiniz.
QHT-lərlə əməkdaşlığımız haqqında. İlk gündən bizdə müstəqil ekspertlər şurası yaradılmışdır. Çox məsələləri orada həm müxalifəti, həm də iqtidarı təmsil edən qeyri-hökumət təşkilatları ilə birgə müzakirəyə çıxarır və o müzakirələrin nəticələrini parlamentə, komissiyalara gətiririk. Elə QHT-lərin özlərinin qeydiyyatdan keçməsi məsələsi də bu cür öz həllini tapdı.
İnsan haqlarının müdafiəsində ombudsmanın ən mühüm təsir vasitəsi, silahı nədir? Ombudsmanın silahı həmin bu illik məruzədir. Bu məruzəyə siz qiymət verdiniz, kimsə müsbət, kimsə mənfi. Xahiş edirəm, bunu ombudsman silahı kimi qəbul edin. Məsələn, ombudsman qanun pozuntularına dair onun müraciətlərinə məhəl qoymayan icra hakimiyyəti başçılarına hansı vasitələrlə təsir göstərə bilər? Keçən il də deyildi, bəziləri haqqında tədbir görüldü, bəziləri haqqında yox. Bu, cənab Prezidentin səlahiyyətidir ki, icra başçısının fəaliyyətinə qiymət verməklə onu ya vəzifəsində saxlasın, ya da işdən çıxarsın.
Deyirsiniz ki, ombudsman kimlərinsə haqqında iş qaldırsın. Ombudsman prokuror deyil ki, iş qaldırsın. Amma ombudsman bir ərizəyə də laqeyd qalmır, istər müxalifətdən, istərsə də iqtidardan olsun. Dərhal o haqda Daxili İşlər Nazirliyinə və prokurorluğa məlumat verir. Prokurorluq araşdırma aparır. Araşdırma nəticəsində ombudsmana bildirir ki, ya təsdiqləndi və icraatdadır, ya da ki təsdiqlənmədi, bu, böhtan xarakterli məlumatdır.
Burada cəsarətdən danışıldı. Mən elə oktyabr hadisələri ilə bağlı da dərhal elə burada etiraz eləyən bəzi nümayəndələrlə gedib, təcridxanalarda saxlanılanlarla görüşmüşəm. Cənab Prezidentə müraciət də etmişəm ki, onlar barədə amnistiya aktı tətbiq olunsun, onlar əfv olunsunlar. Eynilə də OMON-çulara və Qazax hadisələrində iştirak edənlərə ünvanlanmış amnistiya və əfv istəmişəm. Çox minnətdaram ki, bunlar təmin olunmuşdur. Bir ombudsman sizə deyə bilməz ki, qısa müddət ərzində 155 nəfərin əfvinə nail olmuşdur. Onların içində hər növ saxlanılmış və məhkum insanlar olmuşdur.
İcazə verin, burada bunların hamısına cavab verməyim. Çox uzun məsələ olardı. Amma bir prinsipial məsələyə istərdim, sizin diqqətinizi cəlb eləyim. O da dinlərarası dialoqdur. Son 3 ay ərzində bu məsələ ilə bağlı mən 3 dəfə səfərdə olmuşam. Hər birində 2 gün. Tədbirin cədvəlinə baxaraq ya əvvəlində gedib-gəlmişəm, ya da axırında. Hansı dialoqlardır bu? Kazan şəhərində Avropa Şurasının İnsan hüquqları komissarı dinlərarası dialoq keçirirdi. İslam dinini orada 3 nəfər təmsil edirdi. Bir məruzə də mənimki idi. Mən orada bizdəki vəziyyət haqqında tam məlumat vermişəm. Həmin məruzə internetdə vardır. İkinci, İstanbulda mədəniyyətlərarası dialoq olub. Bu da çox güclü bir tədbir idi. Orada da mən gün yarım olub, məruzəni edib, sənədləri bura gətirmişəm, burada tədbir keçirmişik. Üçüncü, Rumıniyada olub. Bu, üç ayın tədbirləridir. Mən bunlara turist səfərləri deyən adamların yerinə xəcalət çəkirəm. Bir gəlib görsünlər ki, ombudsman hüququ ola-ola, bir dəfə biznesklasa bilet alıb? Almayıb. Nə üçün? Mən istəyirəm, mənim işçilərim də xaricə getsinlər. Cavandırlar, getsinlər, təcrübə toplasınlar. Onlar da görsünlər ki, ombudsman bir gündən artıq orada hansısa bir oteldə qalmır, bir gün orada özünə yarım saat sərf etməyi rəva bilmir. Gələndə də yanımda işim olur. Mən çox utanıram o kəslərə görə ki, belə səfərləri turizm səfəri adlandırırlar. Çox istərdim, onlar, heç olmasa, bir dəfə mənə qoşulsunlar, o səfərlərin əzabını, əziyyətini görsünlər, gedib onlar da dövlətin, xalqın mənafeyini müdafiə etsinlər.
Bir çox ölkələrdə diasporlarımızla yaxşı əlaqələr yaratmışıq. Məsələn, Norveçdə Azərbaycan evi açılmışdır. Onu biz gedib orada açmışıq. Danimarkada diasporumuz böyük işlər aparıb. Bəzi ölkələrə öz təşəbbüsümüzlə dərsliklər aparmış, istəmişik ki, soydaşlarımızın övladları orada Azərbaycan dilini öyrənsinlər. Bu yaxında Kazanda keçirilən mühüm bir konfransa getmişdik. Orada iki qrupdan ibarət diasporumuz var. Onlara Xocalı soyqırımı ilə bağlı bütün sənədləri verib, orada tədbirlər təşkil etmişik.
Əlbəttə, azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımının törədilməsi dünya ölkələrinə çatdırılmalı və tanıtdırılmalıdır. Biz bunun üçün müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara müvafiq bəyanatlar göndərmişik. Amma istərdim, bir bəyanat da göndərək, dünya ictimaiyyətinə çatdıraq ki, Ermənistan gündə atəşkəsi pozur. Bu gün də Qusardan olan bir gəncimiz, - Allah rəhmət eləsin, - öldürülmüşdür. Biz indi gərək hamımız müəyyən dövlətlərə və beynəlxalq təşkilatlara bununla bağlı bəyanat göndərək. İndi bu çox vacibdir. Ermənistan atəşkəsi pozmaqla müntəzəm şəkildə insanların yaşamaq hüququnu pozur. Kim buna icazə verib? Bunu bilən yoxdur. Ona görə mən istərdim ki, bu tədbiri də birgə həyata keçirək.
Ümumiyyətlə, burada deyiləsi sözlər çoxdur. Bir də bunu deyim ki, iki tələbə - Namiq Feyziyev və Turan Əliyev ali məktəbdən xaric olunduqlarına görə aclıq elan etmişdilər. Bunlar yenə də dərsə gəlmirlər. Mən onların institutda necə oxuduqları ilə maraqlanmışam. Rektorlarla da görüşmüşəm, nazirlə də görüşmüşəm. Bunlar 4 il ərzində bir dəfə 4 qiyməti almayıblar. Hamısı kafi, üç dəfə imtahan verib, dördüncüdə kafi alıb. Uzun müddət dərslərə gəlməyiblər. Amma buna siyasi don geyindirmək istəyirlər. Bu da ədalətli deyil. Mən indi onun atasına məktub yazmışam: ”Hörmətli Feyziyev, dur gəl, sənin oğlun ali məktəbə bərpa olunsa da, universitetə nə bir sənəd verir, nə də dərsə gəlir. Bunun axırı nə olacaq? ” Yenə də bir hay-küy, yenə də bir şou.
Ona görə mən sizə bir şeyi demək istəyirəm. Bu ombudsman sizin ombudsmanınızdır, dövlətin ombudsmanıdır, xalqın, millətin ombudsmanıdır. Belə yanaşın buna. Hansı nöqsan, qüsur varsa, biz çox səbirlə, çox diqqətlə hər birinizin təklifini hər gün birgə müzakirə etməyə, ondan istifadə etməyə hazırıq. Cənab Hadi Rəcəbli deyə bilər ki, biz necə faydalı görüşlər keçiririk. Bu da tənqid olunur - filan iclas keçirilir, bəhmən keçirilir. Bəli, keçirilir, saat yarımlıq iclas. O saat yarım ərzində mütləq konkret tövsiyələr verilir, konkret sənədlər verilir. Bizim tədbirlərdə Əli Hüseynov da tez-tez iştirak eləyir.
İnsan hüquqlarının müdafiəsində bizə nə lazımdır? Ümumi strategiya, ümumi konsepsiya lazımdır. Neçə idarədə, neçə nöqtədə insan hüquqları müdafiəçiləri varsa, bunların hərəsi bir səpkidə, bəzən də öz maraqları çərçivəsində xarici qurumlara məlumatlar gətirəcək. Ona görə ümumi strategiya və konseptual yanaşma lazımdır. Məsələn, uşaq alveri tez-tez müzakirə olunur. Litvada konseptual əsası belədir. Litvalı balası ölkədən kənara yalnız litvalıya verilə bilər. Pis deyil ki? Başqa millətə verilmir o uşaq. Dövlət onu hər zaman nəzarət altında saxlayır, bilir ki, soydaşı onun qayğısına qalacaqdır. Beləliklə, söz-söhbət də olmur ki, bunu satdılar, istismar etdilər, nə etdilər.
Qanunlarda boşluqlar var. Bunu heç kəs inkar etməz. Gəlin, birgə işləyək, birgə təkliflər verək. Siz də bizə dəstək olun. Şübhəsiz ki, bu halda insan hüquqlarını daha yüksək səviyyədə təmin etmək olar. Minnətdaram sizə. Sağ olun.
Sədrlik edən. Sağ olun. İcazə verin, bir neçə kəlmə də mən deyim. Elmira xanım çıxışının axırında çox gözəl dedi, biz birgə işləməliyik. Burada oturan hər bir millət vəkili ayrılıqda bir ombudsmandır. Öz seçicilərinin müvəkkilidir, vəkilidir. Ona görə də burada belə bir təsəvvür yaranmamalıdır ki, biz ombudsmanın hesabatını bir imtahan kimi qəbul eləyirik, məruzəçidən imtahan götürürük və ya onu mühakimə eləyirik. Biz ombudsmanın məruzəsinə qiymət verməklə onu nəzərə alırıq. Bu məruzədir. Konstitusiyamız var, qaydası var. Ən əsası odur ki, biz bu məruzəni təhlil edib öz fikirlərimizi deyirik. Deyirik ki, birgə işləyək, bu işdən bizim xalqımız, millətimiz xeyir görsün.
Bu gün ombudsmanın məruzəsinin müzakirəsində çıxış edən millət vəkilləri çox səmərəli fikirlər dedilər. Tənqidlər də oldu, konstruktiv tənqid də oldu, qərəzli tənqid də oldu. Bunlar hamısı var. Ancaq mən çox arzu edərdim ki, ombudsman millət vəkillərinin bu gün verdiyi tövsiyələrə, təkliflərə gələn məruzədə öz münasibətini bildirsin. Bu da bizim elə birgə işləməyimizin başlanğıcı olacaq. Hər hansı bir qanun boşluğu varsa, biz hər zaman sizinlə bir yerdə çalışmağa, yenə bir yerdə işləməyə hazırıq. Bu bizim millətimiz, xalqımız naminədir.
Həmkarlarım kimi mən də təklif edirəm, ombudsmanın illik məruzəsi nəzərə alınsın. Bizim bir millət vəkilimiz, “Ədalət” qəzetinin redaktoru deyir ki, ombudsman təsisatının qəzetini “Ədalət”in əlavəsi kimi öz maliyyəmiz hesabına hər ay dərc etməyə hazırıq. Millət vəkilləri də hər məsələdə sizinlə bir yerdə işləməyə, çalışmağa, sizə yardım eləməyə hazırdırlar. Çox sağ olun.
Əgər etiraz yoxdursa, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.51 dəq.)
Lehinə 80
Əleyhinə 9
Bitərəf 0
Səs verməd 2
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Məhsuldar müzakirəyə görə hamınıza təşəkkürümü bildirirəm. Gündəliyin qalan məsələlərinə gələn iclasda baxacağıq. Sağ olun.