13.05.2009 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ
PROTOKOLU № 113
Mill Məclisin iclas salonu.
13 may 2009-cu il. Saat 16.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasa dəvət olunmuşlar:
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının Baş naziri.
Türkiyə Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri.
İclasda iştirak etmişlər:
Oqtay Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.
Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini.
Valeh Ələsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri və auditorları.
Səfa Mirzəyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Firudin Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri.
Azərbaycan Respublikası Milli Məclisi Aparatının və İşlər İdarəsinin şöbə müdirləri və məsul əməkdaşları.
* * *
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı dinlənilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 may 2009-cu il. Saat 16.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli millət vəkilləri! Hörmətli qonaqlar! Xanımlar və cənablar! Azərbaycanda səfərdə olan dost və qardaş Türkiyə Cümhuriyyətinin Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan bu gün Milli Məclisə təşrif buyurmuşdur.
Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətləri bizim eyni köklü xalqlar olmağımıza əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.
Bu gün dünyada da, regionda da elə qüvvələr var ki, bizim bu əlaqələrimizə qısqanclıqla yanaşır, dostluq və qardaşlıq münasibətlərimizə xələl gətirməyə çalışırlar. Lakin biz əminik ki, Azərbaycan – Türkiyə münasibətləri bu cür cəhdlərdən çox-çox yüksəkdə dayanır, çünki Türkiyə – Azərbaycan dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. (Alqışlar.)
Azərbaycan özünün bütün çətin anlarında Türkiyənin dost və qardaş çiynini hiss etmişdir. Azərbaycanın qəlbində də Türkiyənin xüsusi yeri vardır. Biz Türkiyənin çətinliklərini öz çətinliklərimiz, uğurlarını da öz uğurlarımız saymışıq. Türkiyə və Azərbaycan həmişə bir-birinə güvənmişlər, güvənirlər və güvənəcəklər. (Alqışlar.)
İndi isə söz verilir Türkiyə Cümhuriyyətinin Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğana. (Alqışlar.)
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ
RƏCƏB TAYYİB ƏRDOĞANIN ÇIXIŞI
Cənab Sədr, Azərbaycan Milli Məclisinin dəyərli üzvləri, can qardaşlarım! Azərbaycan millətinin uca məclisində sizlərə xitab etməkdən məmnuniyyət duyuram. Burada özümü öz evimdə, öz məclisimdə danışırmış kimi hiss edirəm. Burada yabançı bir ölkədə deyil, qardaşlarımın arasında olduğumu bilirəm.
Bakıya ayaq basdığımız andan etibarən mənə və heyətimə göstərdiyiniz səmimi münasibət və qonaqpərvərlik bunun isbatıdır. Başda hörmətli Prezident qardaşım İlham Əliyev olmaqla Azərbaycanın bütün səlahiyyətli şəxslərinə və Azərbaycan xalqına bizi mehribanlıqla və gülər üzlə qəbul etdiklərinə görə ürək dolusu təşəkkürlərimi bildirirəm. Biz də sizlərə Türkiyədən yetmiş bir milyon yarım qardaşınızın ürək dolusu salam və sevgilərini gətirdik. (Alqışlar).
Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun! (Alqışlar.)
Türk və Azərbaycan xalqları arasındakı qardaşlıq gerçək bir qardaşlıqdır. Aramızdakı həmrəylik ruhu yaxşı gündə olduğu kimi, pis gündə də, barışda olduğu kimi, savaşda da davam etmişdir. Xalqlarımız birlikdə sevinmiş, birlikdə kədərlənmiş və lazım gəldikdə birlikdə savaşmışlar. Azərbaycanın istiqlalı, hürriyyəti, rifahı və rahatlığı bizim öz istiqlalımız, hürriyyətimiz, rifahımız və rahatlığımız qədər önəmlidir. Bizim aramızda sarsılmaz bağlar var. Bizim dilimiz, inanclarımız, adətlərimiz, mədəniyyət təsəvvürümüz birdir. Biz tarix boyu eyni nağılları dinlədik, eyni bayatılarla böyüdük, eyni musiqi ilə, eyni ritmlərlə duyğulandıq, eyni oyunları oynayıb əyləndik.
Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün 1920-ci ildə Azərbaycan bolşeviklərin əlinə düşəndə söylədiyi kimi, “Azərbaycanın qəmi bizi qəmimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir”. (Alqışlar). Azərbaycanın banisi Məmməd Əmin Rəsulzadənin qəbri Ankaradadır.
Bu qardaşlıq hissiyyatımı Türkiyənin və Azərbaycanın böyük şairlərinin misraları ilə də ifadə etmək istəyirəm. Mərhum Bəxtiyar Vahabzadə nə gözəl söyləmişdir:
Dinimiz bir, dilimiz bir, ruhumuz bir,
eşqimiz bir, yolumuz bir,
Azərbaycan – Türkiyə, bir millətik, iki dövlət,
eyni arzu, eyni niyyət!
(Alqışlar.)
Eyni şəkildə şairimiz Yavuz Bülənd Bakilər də hissiyyatımıza tərcüman olur:
Keçən zaman üstünə, tökülən qan üstünə,
Qılınc-qalxan üstünə və ağzı köpüklənən
yallı atlar üstünə
Mənim bir andım var – Azərbaycan ürəyimdə
bir şah damar,
Mən Yaqub kimiyəm uzun illərdir,
onda Yusifimin qoxusu var.
Can azərbaycanlı qardaşlarım! (Alqışlar.) Bizim siyasi münasibətlərimizin mənşəyi ortaq hissiyyatımızdır. Türkiyə Azərbaycan Cümhuriyyətinin istiqlalını tanıyan ilk dövlətdir. Türkiyə – Azərbaycan münasibətləri o gündən bəri tarixi və mədəni köklərimiz üzərində daim inkişaf etmişdir. Bu münasibətlərin dünyada başqa iki ölkə arasındakı münasibətlərlə müqayisə edilə bilməyək qədər bir yaxınlığı və dərinliyi olduğunu yalnız biz deyil, bütün aləm bilir. Azərbaycanla Türkiyənin yaxınlığını, iki ölkənin tale birliyini kimsənin müzakirə mövzusuna çevirməsinə izin vermərik. (Alqışlar.)
Beynəlxalq birlikdə bir-birinin hüququnu qorumaq ölkələrimizin ən böyük hədəfidir. Mənim beynəlxalq toplantılarda Azərbaycanla bağlı nə düşündüyümü, nə danışdığımı o ölkələrin liderləri çox yaxşı bilirlər. Hətta aranızda bir çox toplantılarda mənim də, nazir yoldaşlarımın da, deputat yoldaşlarımın da Avropa Parlamentində, Avropa Şurasında Azərbaycanla bağlı özümüzü nə cür apardığımızı çox yaxşı bilirsiniz, çox yaxşı bilirlər. Elə isə bizim aramızda fitnəyə, fəsada əsla yer olmamalıdır.
Əgər birisi bizim aramıza nəsə gətirirsə, ona biz bunu söyləməliyik: «Xeyr! Türkiyədən bizim əleyhimizə olacaq bir söz gəlməz. Türkiyədən bizim əleyhimizə olacaq bir söz çıxmaz. Çünki biz bir-birimizə o dərəcədə güvənirik, bir-birimizə o dərəcədə bağlıyıq. Tarixi yürüşümüzü bir-birimizin hüququnu qoruyaraq, ümumdünya dəyərləri ilə bütünləşərək davam etdirəcəyimizdən kimsənin şübhəsi olmasın”.
Baxın, sadəcə 2008-ci ildə iki ölkə arasında prezidentlər və baş nazirlər səviyyəsində 10, müxtəlif nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfərlər edilmişdir. Bu gerçəklik də iki ölkə arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. İqtisadi münasibətlərimiz də xüsusən son bir neçə ildə siyasi münasibətlərə paralel inkişaf edir. İkitərəfli ticarətimizin həcmi son 4 ildir orta hesabla 40 faiz artaraq, 2008-ci il sentyabr ayının sonunda 2 milyard dolları ötmüşdür və daha da artacaqdır. Azərbaycanın qeyri-neft sektoruna sərmayələrimiz 3 milyard dollar səviyyəsinə çatmışdır. Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük sərmayəçi mövqeyinə gəlib çıxmışdır. Ölkələrimiz arasındakı iş birliyinin digər bir önəmli ortaq hədəfi də bölgəmizdə sülh, təhlükəsizlik, rifaha və sabitliyə töhfə verməkdir. Ona görə də enerji və nəqliyyat sahələrində qardaş Azərbaycanla birlikdə təməllərini atdığımız ortaq regional layihələri bu cəhəti ilə də son dərəcə anlamlı və önəmli sayıram. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft boru xətti layihəsini həyata keçirdik, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti layihəsini də bu dövrdə gerçəkləşdirdik. Bu çərçivədə üzərində durulmasında fayda gördüyüm digər önəmli bir regional əməkdaşlıq layihəsi də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Buna da çox əhəmiyyət veririk. Bu layihələrlə, inşallah, tarixi İpək yolunun canlandırılmasına çalışırıq. İnanıram ki, bütün bu layihələr hər iki ölkə xalqlarının rifahına töhfə verməklə yanaşı, bölgənin sabitliyə qovuşmasına və beynəlxalq miqyasda strateji önəm qazanmasına vəsilə olmuşdur.
Hörmətli Sədr, dəyərli millət vəkilləri!
Çox təəssüf ki, son vaxtlar spekulyativ və yalan xəbərlər vasitəsilə bu qardaşlığımıza kölgə salmaq cəhdlərinin şahidi olduq. Az qala bir stəkan suda fırtınalar qoparıldı. Bunlara səbəb olan hadisə isə ötən fevral ayının əvvəllərində bir internet saytının ermənicə bölümündə yayımlanan uydurma bir xəbər idi. Bu xəbərdə nə deyildiyini burada təkrarən xatırlatmaq istəyirəm. Xəbər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün Qarabağdan vaz keçdiyini iddia edirdi. Özü də qabaqcadan şərt qoyulmadan. O gündən bəri dost və düşmən bütün ölkələrin ictimai rəyinin diqqəti tamamilə bu mövzuya yönəldi.
Can qardaşlarım, hər şeydən öncə Türkiyənin Qarabağdan vaz keçməsi kimi bir keyfiyyətin dilə gətirilməsi belə bizlərə böyük bir böhtandır. Bu iftiranı bir daha hüzurunuzda açıq rədd edirəm. Bu yalan xəbərlərlə bağlı biz bəzi açıqlamalar verdik. Mən öz parlamentimdə, parlament divarları arasında öz partiya qrupumun qarşısındakı çıxışlarımda, – bunlar hamısı mediyaya açıq yapılmışdır, – G-20 qrupunun İngiltərədə keçirilən zirvə görüşünə getdiyimdə oradakı bir vətəndaş cəmiyyəti təşkilatında söylədiyim nitqdə, mediyanın, beynəlxalq mediyanın hüzurunda bunu açıqlamışam. Amma bütün bu açıqlamalara baxmayaraq, xəbərlər davam etdi, az qala Türkiyə əleyhinə bir kampaniyaya çevrildi.
Diplomatiyada hamımızın bildiyi bir qayda vardır – aparılmaqda olan müzakirələr nəticə vermədən və ya ən azı müəyyən bir nöqtəyə gəlmədən ictimaiyyətə məhdud səviyyədə açıqlanır. Bundan əsla nəyinsə ictimai rəydən gizlədilməsi nəticəsi çıxarılmamalıdır. Bir ölkənin Baş nazirinin söylədiyinəmi diqqət yetirilir və ya hörmət bəslənir, yoxsa hər hansı İnternet saytının söylədiyinəmi?
Eyni şəkildə Prezidentimiz də bu ifadələri dilə gətirmişdir. Belə ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi ilə bağlı aparılan Minsk prosesi çərçivəsində görüşlərin təfsilatı ictimaiyyətə açıqlanmadı. 18 ildir bu, davam edir. Orta Şərqdə, Balkanlarda və dünyanın digər bölgələrində ixtilafların nizama salınması mexanizmlərində də bənzər siyasətlər həyata keçirildi və həyata keçirilməkdədir. Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması ilə əlaqədar aparılan müzakirələrdə də əslində fərqli bir durum yoxdur.
Baxın, çox açıq və aydın söyləyirəm. Burada bir səbəb və nəticə əlaqəsi vardır. Türkiyə – Ermənistan qapısı nə zaman bağlanmışdır? Nə zaman ki, Dağlıq Qarabağ tamamilə Ermənistanın işğalı altına düşmüşdür, ondan sonra qapılar bağlanmışdır. Nəticə etibarilə bu, ortadan qalxdıqda qapılar açılacaqdır. Yaxud da biz azərbaycanlı qardaşlarımızla razılaşdırmadan bu nöqtədə bir addım ata bilmərik. Bunlar bir-biri ilə bağlıdır. Ayrı düşüncə ola bilməz.
Necə ki, bir az öncə Prezidentimizlə birlikdə mətbuata verdiyimiz bəyanatda da mən bunu təkrar ifadə etdim. Bu səbəbdən hələ zamanı gəlmədiyinə görə biz bu görüşlərlə əlaqədar ictimaiyyətə məlumat vermədik. Buna baxmayaraq, ictimaiyyətdəki yanlış təsəvvürləri tamamilə aradan qaldırmaq üçün məndən başqa da, dövlətimizin ən yüksək səviyyəli nümayəndələri tərəfindən çoxsaylı açıqlamalar verildi.
Eyni şəkildə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-də verilən bir açıqlamada Türkiyənin Dağlıq Qarabağla bağlı rəsmi siyasətində bir dəyişiklik olmadığı vurğulandı. Bu da söyləndi. Mən də mətbuata verdiyim bəyanatlarda bunları təkrarən ifadə etdim. Təbii, bütün bunlarla bərabər, biz vəzifəyə gəldiyimizdə nə düşünürdüksə, bu gün də eyni şeyləri düşünürük. Çünki biz bir millətik, iki dövlətik. Bizim bu anlayışımız bir təməldir. Bu təməldə bir dəyişiklik yoxdur, ola bilməz.
Dəyərli qardaşlarım, Qafqaz bölgəsi dünya xəritəsində tutduğu sahə ilə müqayisə edilə bilməyəcək bir önəmə malikdir. Bölgədə böyük ixtilaflar və çox ciddi problemlər vardır. Bunlar illər uzunu bölgəni məşğul edən və son dərəcə önəmli riskləri də içində saxlayan problemlərdir. Xüsusən, ötən avqust ayında Rusiya ilə Gürcüstan arasında çıxan toqquşma bu ixtilafların həll edilmədikcə nə cür qaynar toqquşmalara çevrilə bildiyini açıq göstərmişdir. Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin tam anlamı ilə bərqərar olmasının və davam etməsinin təmin olunması baxımından irəli sürdüyümüz, Sizin də bildiyiniz kimi, Qafqaz sabitlik və işbirliyi platformasının bu çərçivədə önəm daşıdığını düşünürük. Bu sülh təşəbbüsünə qardaş Azərbaycanın da güclü dəstək verməsindən duyduğumuz məmnunluğu ayrıca ifadə etmək istəyirəm.
Türkiyə olaraq, bizim bölgəyə və bölgədəki problemlərə baxışımız Azərbaycanın baxışından fərqli deyildir. Hədəfimiz Cənubi Qafqazda qarşılıqlı anlaşmaya və mehriban qonşuluq əlaqələrinə əsaslanan normal münasibətlərin yaradılmasıdır. Ancaq donmuş ixtilafların və problemlərin səbəb olduğu şərait və təhlükəsizlik hissi bölgə ölkələri arasında yaxşı münasibətlərin qurulmasına əngəl təşkil etmişdir və təəssüf ki, etməkdə davam edir.
Bu problemlərin ən böyüyü və ən önəmlisi, bizə görə, Dağlıq Qarabağ məsələsidir. Türkiyənin Dağlıq Qarabağ barəsində siyasəti açıq və aydındır. Siyasətimizdə bu günədək əsla bir sapıntı olmamışdır. Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinin zəruriliyini dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik.
Ermənistanla Azərbaycan arasındakı ən önəmli problem Azərbaycan torpaqlarının indiki faktiki vəziyyətidir. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarında da təsbit edilən, beynəlxalq hüquqa zidd olduğu şübhə altına alınmayan bir həqiqətdir. Azərbaycan torpaqlarının 20 faizi, təəssüf ki, işğal altındadır. 1 milyon azərbaycanlı qardaşımız öz ölkəsində, təəssüf ki, qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Digər tərəfdən, problemlərin həll edilməməsi heç kəsin xeyrinə deyildir. Bu problemlərin həlli isə səy göstərilməsini zəruri edir.
Biz Ermənistanla aramızdakı problemlərin nizama salınması üçün müzakirələr apararkən məhz bu düşüncədən hərəkət edirik. Bu prosesdə sadəcə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin düzəldilməsini deyil, Azərbaycan ilə birlikdə bütün bölgədə sülhə, sabitliyə və rifaha töhfə verməyi qarşımıza məqsəd qoyduq. Bir yandan da Ermənistanla apardığımız müzakirələrin çərçivəsi haqqında Azərbaycana məlumat verdik.
Bildiyiniz kimi, hörmətli Prezidentimiz sentyabrın 6-da Ermənistan və Türkiyə milli komandaları matça getdikdən 4 gün sonra Azərbaycanı ziyarət etdi. Xarici işlər nazirimiz Münhendə Ermənistan tərəfi ilə keçirilən görüşlər haqqında məlumat vermək üçün fevralın 9-da Ankaraya da dönmədən birbaşa Bakıya gələrək, prosesə dair ilk əldən məlumat verdi. Çünki bunun müxtəlif vasitəçilər tərəfindən çatdırılmasını doğru hesab etmirik. Lakin burada fikir mübadiləsində hər halda bir çətinlik olmuşdur ki, bu məqamın üzərinə gəlinər. İndi isə bundan sonrakı proseslə bağlı demək istəyirəm ki, xüsusən Türkiyə olaraq biz hər vasitə ilə bütün təməl problemləri ilk əldən müzakirə etməyə səy göstərəcəyik, çünki bu əlaqəni mediya vasitəsi ilə qura bilmərik, bu, yanlış olar. Mediyanın harada nələr etdiyini görürsünüz. Ona görə bu mövzularda çox həssas olmağa məcburuq. Və bizlər birbaşa danışmağa məcburuq, çünki bunlar birbaşa danışılacaq qədər önəmli məsələlərdir. Hər hansı bir görüş qanuni bir mətn halına gəlmədikdə ona etibar etmək mümkün deyildir.
Dəyərli qardaşlarım, başqa sözə deyilərsə, xüsusən, vəzifəsinə yeni başlayan Prezident Obama ilə hörmətli Prezidentimizin və mənim İstanbulda keçirdiyimiz görüşdə gündəliyin ilk maddəsi Türkiyə – Amerika Birləşmiş Ştatları münasibətləri deyil, Azərbaycan – Ermənistan münasibətləri və Dağlıq Qarabağ problemi olmuşdur. Bu mövzuda baxışlarımızı həmsöhbətlərimizə təfsilatı ilə çatdırdıq və problemlərin həlli üçün dəstək gözlədiyimizi onlara da vurğuladıq. Beləliklə, Dağlıq Qarabağ mövzusu Amerika Birləşmiş Ştatlarının da yaxın dövrdəki xarici siyasət gündəliyinə girmiş oldu.
Burada bir cəhəti xüsusi qeyd etmək istəyirəm – biz bu prosesin gedişində heç vaxt Azərbaycanın milli mənafeyinə xələl gətirəcək addımlar atmadıq, bundan sonra da atmayacağıq. (Alqışlar.) Biz bu zamana qədər Azərbaycan xalqının maraqlarına və xeyrinə etinasızlıq göstərmədik, bundan sonra da göstərməyəcəyik. Yenə söyləyirəm, Azərbaycanın üzüntüsü bizim üzüntümüz, sevinci bizim sevincimizdir. Hər kəs sakit olsun: Azərbaycan torpaqlarının işğalı sona çatmadan bölgədə arzu edilən normal münasibətlərin qurulmasının mümkün olmadığını bütün bölgə ölkələri bilirlər. Qaldı ki, Dağlıq Qarabağla bağlı bir irəliləyişin təmin edilə bilməyəcəyi təqdirdə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi də mümkün deyildir. Biz bunu bütün həmsöhbətlərimizə söylədik, söyləyirik. Bu mövzunu beynəlxalq ictimaiyyətin gündəliyinə daxil edə bildiyimiz üçün də ayrıca məmnunuq.
Bir az öncə də bəhs etdim, aprelin 22-də Xarici İşlər Nazirliyimiz bir açıqlama verdi. Bu açıqlamada İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərini normallaşdırmaq, bu yolla bütün bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi irəliyə aparmaq məqsədi ilə böyük səylər göstərdiklərini vurğuladı. Razılaşdırılmış bu zəmin davam edən proses üçün əlverişli perspektivi təmin etmişdir və bu, Azərbaycanın da lehinədir. Türkiyə tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ ixtilafının törətdiyi nəticələrə bu prosesdə heç vaxt etinasızlıq göstərilməmişdir, göstərilməyəcəkdir. Yeganə qayəmiz budur – bir tərəfdən, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş qeyd edərkən, digər tərəfdən, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında nizama salınması üçün uyğun şərtlərin yaradılmasıdır. Və bu proseslər bərabər gedərsə, biz varıq, əks təqdirdə biz yoxuq. Birbaşa mənim və hökumətimizin dəfələrlə vurğuladığı bu cəhətin artıq ictimaiyyət tərəfindən doğru-düzgün qavranılacağına ümid edirik.
Türkiyə ilə Ermənistan və Azərbaycanla Ermənistan arasında problemlərin nizama salınacağı təqdirdə bu, sadəcə, üç ölkənin deyil, bütün Avrasiya bölgəsinin mənafeyinə uyğun olacaqdır. Bu baxımdan Bakıdan Naxçıvana və Türkiyəyə qədər uzanan kommunikasiya xətlərindən hamımız istifadə edəcəyik. Regional iqtisadi inkişaf bütün xalqların rifah səviyyəsini yüksəldəcəkdir. Ancaq bütün bunların təmin edilə bilməsi üçün Azərbaycan torpaqlarının bu andakı işğalına son qoyulmasının zəruriliyini bir daha burada bütün dünyaya xatırlatmaq istəyirəm. (Alqışlar.)
Sülh və sabitlik yaradılması, sadəcə, sözlə və istəməklə olmaz. Bunun üçün canla-başla çalışmaq, səy göstərmək gərəkdir. Bu çağırışım xüsusən Azərbaycan – Ermənistan ixtilafının həllində müsbət iştirakı ola biləcək ölkələrədir; başda Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa olmaqla. Beynəlxalq hüququn nüfuzunu qorumaq üçün mümkün qədər tezliklə bu addım atılmalı və burada bir nəticə əldə edilməlidir.
Hörmətli Sədr, dəyərli millət vəkilləri! Çıxışımın bu hissəsində bir çox yerlərdə istifadə etdiyim “qardaş” ifadəsi üzərində bir az dayanmaq istəyirəm. Bu qardaşlıq münasibətlərini, çıxışımın əvvəlində ifadə etdiyim kimi, “bir millət, iki dövlət” kəlamı ilə ən yaxşı şəkildə rəhmətlik Heydər Əliyev izah etmişdir.
İki ölkə arasındakı münasibətlər gerçək bir qardaşlıq münasibətləridir. Azərbaycanın canı bizim canımız, onun varlığı bizim varlığımız, xoşbəxtliyi isə bizim xoşbəxtliyimizdir. Diqqət edin: beynəlxalq münasibətlərdə “qardaşlıq” adlı bir anlayışın yeri yoxdur. Bu anlayış dünyada, sadəcə, bizlər arasında vardır və bizim aramızda bu anlayışın yeri zirvə olaraq ifadə edilə bilər. Biz daim istəyirik ki, ölkəmizin varlığı Azərbaycan türkünə dayaq versin. Bununla əlaqədar iki qardaş ölkə olaraq üzərimizə düşən vəzifə yaxın məsləhətləşmələrimizi davam etdirmək, dosta-düşmənə bir olduğumuz mesajını güclü bir şəkildə vermək və ölkələrimizi taqətdən sala biləcək fəaliyyətlərə – iqtidarı ilə, müxalifəti ilə – parlamentlərimizdə əsla izin verməməkdir.
Sözlərimi hər iki ölkənin əslində öz xalqları ilə birlikdə bir-birinə də xitam edən milli himnlərindən parçalarla bitirmək istəyirəm.
Dalgalan sen de şafaklar gibi ey nazlı hilal,
Sizin bayrağınızda da hilal var, bizdə də var. Sizin bayrağınızda da ulduz var, bizdə də var.
Olsun artık dökülen kanlarımın hepsi helal.
Ebediyen sana yok, ırkıma yok izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyet;
Hakkıdır, Hakk'a tapan, milletimin istiklal!
(Alqışlar.)
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
(Alqışlar.)
Sizləri sevgi və hörmətlə salamlayıram. (Alqışlar.)
Sədrlik edən. Hörmətli cənab Baş nazir, çox maraqlı və dərin məzmunlu çıxışınıza görə Sizə minnətdarlığımızı bildirir, dost və qardaş Türkiyə Cümhuriyyətinin inkişafı naminə dəyərli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq! (Alqışlar.)